Qarabag Media
Haqqımızda Əlaqə

Mustafa Çəmənli: “Rast”da yaşanan ömür - Şahmalı Kürdoğlu


Tarix:27-09-2015, 07:06 Kateqoriya:Yazarlar

Mustafa Çəmənli: “Rast”da yaşanan ömür - Şahmalı Kürdoğlu Neçə gündür duyğu-düşüncəm bir səsin avazına bələnib. O səsin sahibi Şahmalıdır!

Şahmalı Hacıyev (Kürdoğlu)! Yaşadığım bu anlarda onun səsi məni kövrəldir, halbahal eləyir. Şahmalının səsi məni məndən alıb Ağdama, Şuşaya aparır. Şahmalının doğulub boya-başa çatdığı Ağdamı, canı qədər sevdiyi Şuşanı küçə-küçə gəzirəm, sahibsiz evlərin önündə ayaq saxlayıram. Yarpaqlamış ağaclara, göynən uçan, bizsiz qəribsəmiş quşlara baxıram. Yox, o yerlərdən qayıtmaq istəmirəm. Yaddaşımda Şahmalı “Rast” oxuyur.

Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz,
Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bar verməz.
Töküb göz yaşını sənsiz həlakim istərəm, amma,
Əcəl peykinə seyli-əşk girdabı güzər verməz.


Bu səs bir ruh kimi məni aparır. Ağdamın həndəvərində qərar tutmuş, Şahmalının dünyaya göz açdığı Qiyaslı kəndinə gedirəm. Bu da Şahmalının uca barılı həyəti. Bu həyəti kim tanımır ki... Bu həyətdə kimlər olmayıb? Xan əmi, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə... Bir-birindən gözəl səs sahibləri, söz xiridarları. Bu ceyranlı-cüyürlü həyətin sorağı bütün Azərbaycana yayılmışdı. Görən də, görməyən də bu həyətin gözəlliyindən, cənnətməkanlığından danışırdı. Bu həyət-bağça ona görə hamıya əziz idi ki, onun sahibi gözəl səsli xanəndə, rəssam xəyallı, zərif ruhlu bir kişiydi – Şahmalı Kürdoğluydu.

Şahmalının atası Mirsəqulu kişi vaxtilə millətimizin əzəli torpaqlarından olan Dərələyəzdən köçüb bir müddət Xocalıda yaşamışdı. Sonra Ağdamın Qiyaslı kəndini özünə məskən seçmiş, burada Gülnisə Hacı qızı ilə evlənmiş, bu izdivacdan 1930-cu ilin aprelində Şahmalı dünyaya göz açmışdı. Şahmalı Ağdamın Qiyaslı kəndində böyüyüb, bu kənddə məktəbə getmişdi. Burdan əsgərliyə yola düşmüşdü. Aşqabadda əsgərlik etmişdi. Elə orada da ikiillik hüquq fakültəsini bitirmişdi. Amma ona hüquqşünas işləmək qismət olmadı. Çünki Şahmalının atasını Sovet hökuməti vaxtilə öz “kulak” siyahısına salmışdı. Buna görə də Sovet hökuməti ona hüquqşünas işləməyi “məsləhət” bilməmişdi. Şahmalı bu haqsızlıqdan sən deyən qədər də dilxor olmamışdı. Çünki Allah ona istedad verəndə hərtərəfli vermişdi. O, istəsə gözəl rəssam ola bilərdi. Rəssamlıq eləyirdi də, amma özü üçün çəkirdi. Müəllim işlədi. Amma əli bu işdən də soyudu. Xanəndəlik eşqinə düşdü. Axı Yaradanımız ona həm də gözəl səs bəxş etmişdi. Səsini gizlədə bilmədi. Axı, səsi ruhunun ifadəsi, qəlbinin döyüntüsüydü. Səsinin ardınca düşdü. O səs onu tanıtdı, o səs onu xoşbəxt elədi. Savadsızları, bəsitləri sevmirdi Şahmalı, buna görə Asəf Zeynallı adına Musiqi Texnikumunu da bitirdi. Ustad Seyid Şuşinskidən dərs aldı. Xan əmidən öyrəndi. Bir müddət – 1958–1959-cu illərdə Opera və Balet Teatrında işlədi. Burada “Leyli və Məcnun” operasında İbn Səlamı oynayırdı. O, 1958-ci ildə opera teatrının əlli illiyi münasibətilə oynanan tamaşada da bu rolda çox uğurla çıxış etmişdi. Lakin təbiətcə çılğın, müstəqil olan Şahmalı Opera Teatrında çox qalmadı. Filarmoniyanın solisti oldu. Ömründə bir dəfə də olsun yüngül söz oxumadı. Deyirdi, az oxu, amma qananlar üçün oxu. Ən çox Füzulinin qəzəllərini oxuyurdu. O, əsl Füzulişünas idi. Şahmalı olan məclisdə hər adam Füzulidən, onun şeir dünyasından danışmağa cəsarət etməzdi. Şahmalı qiyabi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini də bitirmişdi. Sözə o qədər həssasdı ki, toylarda, məclislərdə muğam oxuyanda ətrafındakıları belə unudardı. “Şur”, “Zabul-segah”, “Bayatı-Şiraz” oxuyardı. Amma elə ki “Rast”a keçərdi, sanki ilahiləşirdi. “Rast”ı məhəbbətlə, düşünə-düşünə, düşündürə-düşündürə oxuyardı. 1965-ci ildə, 35 yaşında öz “Rast”ını yazdırmışdı. Azərbaycan radiosu ilə Şahmalının “Rast”ını bütün ölkəmizdə eşitmişdilər. Onun “Rast”ı sevilmişdi.

Mən Şahmalını ilk dəfə 1965-ci ildə Mingəçevirdə, orta məktəbin on birinci sinfində oxuduğum dövrdə görmüşəm. O, Mingəçevirə konsert verməyə gəlmişdi. Onun konsert-afişaları şəhərin küçələrini bəzəmişdi. Yaz ayları idi. Bilet alıb dostlarımdan biri ilə onun konsertinə getdim. Aparıcının:
– “Rast” dəsgahı, oxuyur M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti Şahmalı Kürdoğlu, – elanından sonra alqış qopdu və bu sürəkli çəpik səsləri altında səhnəyə əlində sədəfi qaval, 30-35 yaşlı ucaboylu, qədd-qamətli, üz-gözündən nur yağan bir gənc çıxdı. O, elə ilk muğam nəfəsləriylə tamaşaçıları səsinin “ağuşuna” aldı. Əlbəttə, mən o gecə Şahmalının “Rast”ını təhlil edib qiymət verəsi yaşda deyildim, amma onun səsinin saflığına, məlahətinə heyran olmuşdum. İllər sonra mən Azərbaycan Dövlət Universitetinin tələbəsi olarkən ardıcıl olaraq filarmoniyaya muğam ifaçılarının, o cümlədən Şahmalı Kürdoğlunun konsertlərinə gedərdim. Doğrudan da, o muğam gecələri unudulmaz, ömrə-günə yazılan gecələr idi. İndi bir ağız oxuyandan sonra: “Əlləri görmürəm! Əllər, Əllər!..” – deyə tamaşaçıdan alqış uman “müğənniləri” görəndə, səsi, avazı ilə tufan qoparan, könüllər fəth edən, dinləyicini, sözün böyük anlamında, ovsunlayan sənətkarlarımızı və təbii ki, Şahmalı Kürdoğlunu, onun bənzərsiz ifasını nostalji hisslərlə xatırlayıram.
Şahmalı Kürdoğlu hər şeyə çəpik çalanlar üçün yox, düşünənlər, ariflər üçün oxuyurdu. O, dinləyicisini ifadan zövq ala-ala düşündürmək amacında olurdu. Mənə elə gəlirdi ki, o Füzulidən oxuyanda tamam bu aləmdən tədric olunub səsiylə, avazıyla Tanrıya qovuşurdu.

Şahmalının “Rast”ının radioda təzə-təzə səslənən vaxtlarıymış. Filarmoniyanın bağında onu bu münasibətlə sənət dostları təbrik edirmişlər. Cavan bir tarçalan xanəndəni təbrik edəndən sonra deyir ki, Şahmalı müəllim, gözəl oxumusunuz, amma seçdiyiniz qəzəllərin sözləri yaman qəlizdi, başa düşmədim.
Şahmalı halını pozmadan deyir:
– Sən başa düşməzsən.
– Niyə, mənim başım baş deyil?
– Baş olmağına, başdı ey, Füzulilik deyil, yumurtanı qabıqlı yeməmək üçündür.
Çox təəssüflənirəm ki, yetmiş-səksəninci illərdə filarmoniyadakı o canlı, unudulmaz muğam gecələri qədirbilməzlik üzündən lentə alınmayıb. Şahmalı Kürdoğlunun da o muğam gecələrindən yaddaşıma köçmüş səsini, misilsiz, təkrarsız bir ahənglə, aydın diksiya ilə oxuduğu Füzuli misralarını xatırladıqca lentə alınmadığı üçün heyfslənirəm. İlahi, o necə incə bir avazla oxuyurdu:

Pərişanhalın oldum, sormadın hali-pərişanım,
Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım,
Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl xanım!
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli soltanım!


Ömrü keşməkeşli keçdi Şahmalının. Sovet hökumətinin gül vaxtında bir erməni-daşnak qadının hiyləsi ucbatından dustaqlıq həyatı da yaşadı Şahmalı (1978–1984). Şuşa türməsində yatırdı. Ancaq o, türmədə də olsa, Vətəndəydi. Ömrünün altı ili də burda keçdi. Şahmalının özünü dustaq eləsələr də, səsini dustaq eləmək mümkün olmadı. Səsi azadlıqdaydı. Onun səsi yazılmış lentlər eldə-obadaydı. Şahmalı üzünü onlara tutub eşqli bir ürəklə oxuyurdu:

Eşitdim ol qəra göz dilbərim sağərpərəst olmuş,
Mey içmiş məclisi-əğyaridə bihuşi məst olmuş.
O, səngidil əlində, söylənir kim, sişə görmüşlər,
Bu mənadən pozulmuş xatirim, könlüm şikəst olmuş.


...Vaxt tamam oldu, Şahmalı azadlığa çıxdı. Ana nəfəsli, ata hənirli həyətlərinə qədəm qoyduğu anlarda dünyanın ən xoşbəxtiydi. Taleyi onun üzünə yenə güldü. Həyətini sahmana saldı Şahmalı. Bir oğlu da dünyaya gəldi, adını Şahiməli qoydu.
İllər keçdi, zəmanə dəyişdi. Qarabağ uğrunda ermənilərlə amansız döyüşlər başladı. Heç kəs evini, yurdunu tərk etmək istəmirdi. Gecələr səksəkəli, gündüzlər nigarançılıq içində keçirdi. Gündə neçə igid şəhid olurdu. Şahmalı evini, cənnətə çevirdiyi həyətini, bənzəri olmayan limon bağını tərk etməyi heç ağlına da gətirmirdi. Ölsəm də öz elimdə, öz evimdə ölüm – deyirdi. Bizim oğullarımız döyüşür, biz onlara mənəvi dayaq olmalıyıq.
1992-ci ilin noyabr ayının 6-sı idi. Şahmalının ömrünün son günü. Günorta üstü Şahmalı 8 yaşlı Şahiməlini də götürüb bağında nar yığırdı. Amma bu da bir növ özünü ovutmaq idi. Nar da bir bəhanə idi. Havadan ölüm xofu, qan qoxusu gəlirdi. Şahmalı oğlunun başını sığalladı:
– Mənim Şahiməlim, görürsən atan sənin üçün necə gözəl bağ salıb. Bu limon bağı, bu güllər-çiçəklər, bu zəfəranlıq harda var?! Hamısı sənindir.
Şahiməli fərəhlə cavab verdi:
– Heç harda belə bağ yoxdu, ata.
Şahmalı ona baxdı, köks ötürdü, “cavan olsaydım, gedib vuruşardım. Şuşasız nəyimə lazımdı bu bağ-bağça” – fikirləşdi.
Nar yığıb oturdular. Şahmalı Şuşanın dağlarına baxıb köks ötürdü. “Heyif səndən, ay Şuşa. Qədrini bilmədik!” qəlbi sıxıldı. Dağlarda qanlı döyüşlər gedirdi. Qəbirlər əvvəlcədən qazılır, tabutlar qabaqcadan hazırlanırdı. Ölüm labüd idi, ondan qaçmaq olmurdu. O gün, o anda ölüm qaşla-gözün, Şahmalıyla Şahiməlinin arasındaydı.
Birdən yer-göy elə bil lərzəyə gəldi. Atılan “Qrad” idi. Onun səsindən adamın bağrı yarılırdı. “Qrad”ın qəlpəsindən yayına bilmədi Şahmalı. Bircə kərə:
– Şahiməli!!! – dedi.
Şahiməli də qızıl qanına boyanmışdı. Qanları qovuşub zəfəranlığa çiləndi.
Yüz addım o tərəfdəkilər xəbərsizdi bu faciədən. Kimsə Şahmalının “Rast”ına qulaq asırdı. Şahmalı oxuyurdu:

Mən şairi biqədrü həzinəm əgər ölsəm,
Min təzkirə təhrir edəcəklər kəfənimdən.


Karabakhmedia.az










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi