Qarabag Media
Haqqımızda Əlaqə

Yerinə yetirilməyən BMT qətnamələri


Tarix:16-10-2015, 03:11 Kateqoriya:Yazarlar

Yerinə yetirilməyən BMT qətnamələri

Zərəngül ƏLİZADƏ

Tarix 20-ci əsrin 80-ci illərində Azərbaycan səmalarını bürüməyə başlayan qara buludlara qanlı hərflərlə "erməni" sözünü yazıb.

Təəssüflər olsun ki, bu gün də həmin buludlar bizi kölgə kimi izləməyə davam edir. Çünki 1988-ci ildən Azərbaycana qarşı işğal siyasətini həyata keçirən mənfur qonşularımız zamanın ən qanlı faciələrindən biri olan Xocalı soyqırımını törətmək, torpaqlarımızı işğal altında saxlamaqla xalqımızın yaddaşında silinməz izlər buraxmağa nail olublar. Lakin işğalçı qüvvələr bu hadisələrin məsuliyyətini öz üzərindən atmağa çalışıb.

Əfsuslar olsun ki, dünya gücləri də ermənilərin bu oyununda "məharətlə" öz rolunu ifa etməyi bacarıb. Bunun müqabilində işğal prosesi davam etdirilib. 1993-cü il aprelin 2-də Kəlbəcərin işğalından sonra Azərbaycan dövləti daha ciddi addımlar atmağa başlayıb. Məqsəd, ölkəmizə qarşı həyata keçirilən düşmənçilik, işğal, soyqırım siyasətinə beynəlxalq arenada hüquqi qiymət verilməsi, təcavüzkarların cəzalandırılması və həll yolunun tapılmasına nail olmaq idi. Bütün bu məsələlər BMT səviyyəsində öz əksini tapmalı idi. Çünki Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) nəzdində fəaliyyətə başlayan Minsk Qrupunun Dağlıq Qarabağ məsələsi ilə bağlı apardığı danışıqlar nəticə etibari ilə effektsiz idi. ATƏM (oxu: 1995-ci ilin yanvarın 1-dən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlanır) səviyyəsində qərarlar konsensus formatında qəbul olunduğu və Ermənistanın da quruma üzv olduğu üçün işğalçı ölkə veto hüququndan istifadə etmək imkanına malik idi.

Ona görə də, İkinci Dünya Müharibəsindən sonra məsələləri hüquqi müstəvidə həll etmək üçün yaradılan BMT-nin daha konstruktiv mövqe sərgiləyəcəyinə ümidlər böyük idi. Bu baxımdan, Azərbaycan tərəfinin səyi nəticəsində 1993-cü ilin aprelin 27-də BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağ problemi ilə əlaqədar qeyri-rəsmi yığıncağı keçirilib. TŞ qəbul etdiyi qətnamə layihəsində bölgədəki münaqişəni pisləyərək, bunun digər region ölkələrinin təhlükəsizliyi üçün təhlükə olduğunu qeyd edib. Həmçinin hərbi əməliyyatların keçirilməsindən, eləcə də "etnik erməni qüvvələri"nin Kəlbəcərə hücumundan narahatlığını bildirib. Bundan əlavə qurum münaqişəyə cəlb olunan tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. 1993-cü ildə BMT-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat katibi Fərqan Abbaszadə isə bu yığıncağın qeyri-formal olduğunu və məsləhətləşmədən sonra qətnamə layihəsinin dəyişə biləcəyini vurğulayıb. Lakin elə də böyük dəyişikliklər olmadan 30 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi qəbul edilib. Ancaq bu qətnamə reallığı tam əks etdirməyib.

İşğalçı tərəfin "yerli ermənilər" olaraq qeyd edilməsi məsələyə düzgün qiymət verilməməsinin əsas göstəricisi idi. Qətnamədə 29 yanvar 1 və 6 aprel 2 tarixli bəyanatlara əsaslanaraq bildirilib ki, regionda gedən düşmənçilik münasibətləri, Ermənistanla Azərbaycan arasındakı gərginliyin artması, Kəlbəcər rayonunun işğalı ilə əlaqədar qaçqın və məcburi köçkünlərin sayının artması beynəlxalq birliyi narahat edir və qurum tərəfləri məsələni dinc yolla həll etməyə çağırır. Sənəddə həmçinin müntəzəm və qeyri müntəzəm xarici və yerli ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxarılması da diqqət mərkəzində olan məsələ kimi qeyd olunub. Lakin münaqişə ilə bağlı qəbul olunan qətnamələr bugünədək quru kağız parçası kimi qalmaqdadır. Çünki BMT və ATƏM-in fəaliyyəti, münaqişə tərəflərini dinc yolla bir araya gətirmə səyləri Ermənistan tərəfindən saymazyana qarşılanıb və işğal prosesi davam etdirilib.

Bütün bu hadisələr Azərbaycan tərəfinin kəskin etirazı ilə BMT-də yenidən müzakirəyə çıxarılıb. 1993-cü ilin 29 iyulunda 853 saylı qətnamə ilə BMT TŞ 822 saylı qətnaməni dəstəklədiyini bildirib. Bu qətnamədə də məsələ dəqiq şəkildə ortaya qoyulmasa da, öncəkindən daha obyektiv olması ilə seçilib. Xüsusilə, qurum Ağdam rayonunun işğalından narahatlıq keçirdiyini, digər ərazilərin işğalını pislədiyini, hər iki tərəfi atəşkəsə nail olmağa çağırdığını bəyan edib. Lakin 1993-cü ilin avqust ayında atəşkəs haqqında razılıq əldə olunmasına baxmayaraq, ermənilər yenə də ərazilərimizin işğalına davam ediblər. 1993-cü ilin 23 avqustunda Cəbrayıl və Füzuli, 31 avqustda isə Qubadlının işğalı ilə danışıqlar yeni mərhələyə keçib. Həmin ilin oktyabrın 14-ü BMT-də 874 saylı qətnamə yekdilliklə qəbul edilib.

Sənəddə yenə də əvvəlki qətnamələrin dəstəkləndiyi, münaqişə tərəflərinin danışıqlara başlamasının vacibliyi vurğulanıb. Bu qətnamədə artıq regiona ciddi fövqəladə humanitar yardım göstərilməsinin zəruriliyinin vurğulanması ilə məsələnin doğrudan da ağır fəsadlar verdiyi ortaya qoyulub. Hərçənd, mahiyyət etibarı ilə bu qətnamə əvvəlkilərdən fərqlənmirdi, əksinə, əgər əvvəlki qətnamələrdə işğal olunan rayonların adları sadalanırdısa, bu qətnamədə heç o barədə məlumat da verilməyib. Nəticədə, 1993-cü ilin 29 oktyabrında Zəngilan rayonunun işğal edilməsi ilə əlaqədar Azərbaycan rəhbərliyi BMT-yə növbəti dəfə müraciət etməyə məcbur olub. Qəbul edilən əvvəlki 3 qətnaməyə Ermənistanın məhəl qoymaması ilə bağlı BMT-də heç bir narahatlıq hiss olunmayıb. Beynəlxalq təşkilatın qəbul etdiyi qətnamələr Ermənistan tərəfi üçün əhəmiyyətsiz görünüb. Qəbul olunan 12 noyabr tarixli 884 nömrəli qətnamədə 822, 853, 874 saylı qətnamələri təsdiq edərək bildirilib ki, Azərbaycanın Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalçı qüvvələr tərəfindən işğalı qətiyyətlə pislənilir, işğalçıların bu ərazilərdən və eləcə də bu yaxınlarda işğal edilən digər ərazilərdən birtərəfli qaydada çıxarılmasını tələb edir, bu ərazilərdə, habelə Respublikanın cənub sərhədində zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsini Baş Katibdən xahiş edir. TŞ Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını bir daha qeyd edib, ərazi bütövlüyünü təsdiq edərək hər iki tərəfi qətiyyətli olmağa, daha səmərəli və daimi atəşkəs əldə etməyə çağırıb.

Ümumilikdə, BMT-nin qəbul etdiyi qətnamələr Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm və əhəmiyyətli rol oynasa da, sənədlərin heç biri nə Ermənistanın işğalçı ölkə olmasını təsdiq edib, nə də düşmən qoşunlarının zəbt etdiyi torpaqlardan çıxarılması ilə nəticələnib.

Hazırda torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan hələ də beynəlxalq aləmdən ədalətin bərpa olunmasını gözləyir. Lakin Qərb siyasi dairələri ölkəmizə qarşı tətbiq etdiyi ikili standartlar siyasətindən əl çəkmək fikrində deyil. Bu səbəbdən Azərbaycanın beynəlxalq səviyyədə ərazi bütövlüyünün tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağ və ətraf 7 rayonu hələ də Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında saxlanılır. Dünya birliyi bu müddət ərzində münaqişənin dinc yolla həll edilməsinə - Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə konkret dəstək göstərmək, BMT qətnamələrini icra etmədiyinə görə Ermənistana sanksiyalar tətbiq etmək əvəzinə, status-kvonu dondurulmuş vəziyyətdə saxlamağa və təcavüzkara haqq qazandırmağa çalışıb. Danışıqların heç bir nəticə vermədiyi halda, rəsmi Bakının qarşısında duran yeganə yol işğal olunan torpaqlarının müharibə variantı ilə geri qaytarılmasıdır. Düşmən isə güclü Azərbaycan əsgərinin qarşısında tab gətirmək əzmində deyil. Bu vəziyyətdə ikili standartlar da ermənilərə kömək etməyəcək. Artıq zaman Ermənistanın əleyhinə işləyir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”