Qarabag Media
Haqqımızda Əlaqə

Dili olsaydı, “getməyin, bura sizin yurdunuz, vətəninizdir” – deyərdi


Tarix:9-10-2015, 23:28 Kateqoriya:Yazarlar

Dili olsaydı, “getməyin, bura sizin yurdunuz, vətəninizdir” – deyərdi

Ramilə QARDAŞXANQIZI

Son illər anasına həsrət uşaqlar misalı, yalnız bir qoxunu arzulayıram. Yağış yağıb saralmış yarpaqları islatdıqca, nəm xəzanın altından yayılan torpaq qarışıq o qoxunu. O qoxu ki, səkkiz yaşımdan sonra bir daha duymadım, hiss etmədim.

Kəndimizdə keçən səkkiz illik ömrüm bu günə qədər dəfələrlə təkrarlanıb, elə çoxalıb ki, hələ yaşamadığım illər, tanımadığım ömür döngələrindəki ayaq izlərim zaman tanımayan həyat təcrübəsinə çevrilib. Çoxaldıqca da içimdə olan VƏTƏN mənimlə birlikdə böyüyüb. Həsrətimin ən az yüz yaşı var və mənə elə gəlir ki, hələ də doğulduğum torpaqlarda yaşayıram. Oralarda gəzirəm, yaşlanmışam, əllərim əsir və əsam yerə düşür. Torpaqla əsanın görüşündən bir çığırtı səsi meydana gəlir və səslədə əsil oyanış yaranır. Bircə o an məni gerçəyə qaytarır, o an…

“Mən də Qarabağı istəyirəm!” Bu sözü dediyim vaxtlar yadıma düşəndə göz yaşlarım uşaq baxışlarından yox, vətən həsrətindən çökələn qərib gözlərdən süzülüb hələ də körpə qalan arzularımı isladır. Harda olmaq istədiyimi deyənə qədər, harda dayandığımı anlayıram, gerçəklik məni sarsıdır. Bu nə qəribə həyatdır, nə amansız zamandır İlahi... İllər necə keçdi, hardan keçdi ki, xəbərim olmadı. Mən hələ də balaca uşaq kimi yerə sərilib ayaqlarımı torpağa çırpmaq, zıldır-zıldır göz yaşı axıtmaq istəyirdim ki, atamgil mənə də icazə versin. İcazə versinlər ki, mən də Qarabağa gedim. Dədəmgilin İmişlidəki qışlağına…

Həmin qışlaq mənim uşaqlığımdan boylanan Qarabağ idi. İşə bir bax, hər şey yalana oxşayır. Başımı qaldırıb görürəm ki, zaman ötüb, amma mən vaxt tapmamışam. Vaxt tapıb anamgillə köhnə davamı çəkməmişəm, heç böyüməmişəm də. Kinolardakı 20 il qədər tez keçib ömür, tez yaşanıb...

Sən mənim ən yüksək, ən ulu andım.
And içib ananda gözlərim dolur.
Bir udum su üçün üz tutduğum cam,
Sənsiz yurd həsrəti, kədərlə donur.
Laçın körpəliyin qocalıq anı,
Laçın, adın elə ucaldır ki adımı…

Xəyalım, xatirəm, ötən anlarım,
Ey mənim itginim, əsirganlarım,
Sizi taleyimin talanlarında,
Sizi tariximin dalanlarında,
Bir ömür axtarıb, arayacağam,
Ağarmış saçıma darayacağam.
Laçın körpəliyin qocalıq anı,
Laçın, adın elə ucaldır ki adımı…


Beləcə, davamı çəkə bilmədim, amma yurd həsrətiylə yaşamağı öyrənəndə yazmağı, yaratmağı da öyrəndim və şükürlər olsun ki, Tanrım bu şərəfi mənə lütf etdi. Yoxsa Laçın boyda həsrəti sinəmə çəkib yaşaya bilməz, ölənlərə qoşulub mən də gedərdim o dünyaya…

Xatirələr

İnsan çox hallarda öz-özünə sual verir. Məsələn, həsrətin də bu qədər yaşı olar? Olanda olurmuş.

O zaman altı yaşım vardı, elə bilirdim Qarabağ Kürün bu tayında, yəni aran bölgəsindədir. Qohumlarım İmişlidəki qışlağa köçəndə ağlayqr, mən də Qarabağı istəyirəm – deyərdim. Məni birtəhər sakitləşdirər, “böyüyəndə gedərsən” deyirdilər. Hava qaralar, xalamgilin köçü fermaya çatardı, mən də kiriyərdim. Sonra uşaq beynimlə hər şeyi unudar, başımı başıma gələnlərlıə qatardım.

Çünki atamgil köçəri həyat seçməmişdi, biz bütün fəsilləri doğma kəndimizdə qarşılayıb yola salardıq. Fermerliklə məşğul olan anamın atası, Bəylər dədəmin (anam dədə deyərdi, biz də anamızdan elə öyrənmişdik) İmişlidə yerləşən fermasına ancaq dayımgil, bir də xalamgil hər qış fəslində ailəlikcə köç edirdilər. Fermanı qışlaq, kəndimizi isə, yaylaq adlandırırdılar. Onlar da həyatlarını o cür, köçəri yaşayırdı. Yayda köçlər kəndimizə qayıdırdı, mən də xalam, dayım uşaqlarını görüb sevindiyimdən qanad açar, Qarabağın qoxusunu alardım onlardan. O vaxtlar çox şeyi bilmirdim, bir az böyüdükdən sonra anladım. Deməli aran rayonlarında bu cür həyat tərzinə tərəkəməçilik, dağ rayonlarında isə köçərilik deyirmişlər. O vaxt heç kim balaca kənləri böyük şəhərlərə dəyişmirdi, sadəcə müəyyən olunmuş vaxt çərçivəsində yurdlarını bölüşürdülər. Deməli, biz bu cür dostyana həyat yaşayan, mehriban xalqıq, amma çox təəssüf ki, Vətənimizin gözü, ürəyi olan Qarabağı, 20, hətta daha tarixi məqamlara söykənərək deyə bilərəm ki, 50% torpaqlarımızı itirdikdən sonra bax bu cür həyat tərzi yaşayan insanların da düzəni pozuldu, taleyi kökündən dəyişdi.

Xalamgilin kənddəki evi, bağ-bağçası indi villa adlandırılan evləri öz içində gizlədərdi. Qışlağa köç başlayanda həyətlərinə uzun qarqaraya bağlanmış Petalan (it) keşik çəkərdi. Xalamgil gələnə qədər də Petalanın yalını, suyunu anam hazırlayıb verərdi.

17 may 1992-ci ilin son gecəsiydi, biz kəndimizdən çıxanda həmin o it elə ağlayırdı, elə nalə çəkirdi ki, həyatımın sonuna qədər o anı unutmaram. Dili olsaydı, “getməyin, bura sizin yurdunuz, vətəninizdir” – deyərdi. Ancaq dili yox idi, anladığı ağzını göyə tutub ulamaq, zingildəmək, göz yaşı tökmək idi. Bəlkə də inanmırsız, amma doğrudan da ağlayırdı, mənim bu an ağladığım kimi, həqiqi göz yaşlarıyla ağlayırdı Petalan.

Qarabağ

İlk dəfə uşaq təxəyyülümdə canlandırdığım, arzusunda olduğum “Qarabağı” görəndə səkkiz yaşım vardı, kəndimizdən təzəcə qovulmuşduq. Heç vaxt görmədiyim yovşan qoxusu, artizan suyu, toz buğanağı xoşuma gəliri. Dübarə, hər yerin eyni tarazlıqda, düppə-düz olması məni heyran edirdi. Haramı düzənliyində yerləşən fermamızda bir xeyli yaşadıq və uşaq təxəyyülümdə hər şey, hətta kəndimiz belə unudulmuşdu. Təkcə yağtikanı ayağıma batanda o yerləri sevmədim və kəndimizi arzuladım. Ancaq zaman keçdikcə anladım ki, yox, bu ilanmələyən, tozlu düzəngah, yovşan qoxuyan düzəngah Qarabağ deyil. Kəndimiz isə məndən çox uzaqlarda bir yerlərdə, doğma insanlarına həsrətdir.

Düzdür, Azərbaycanımızın hər bir qarışı doğmadır, əzizdir, amma anadan doğulduğumuz, ilk dəfə dizimizi yerə qoyub iməklədiyimiz torpaq əlimizdən alınanda artıq fərq qoymağa başlayırsan. “Dizimi yerə qoyub filan şeyi edərəm” cümləsi əvbəs yerə deyilməyib. İnsan dizini ilk dəfə yeriməyi öyrənəndə yerə qoyar. “Bütün müqayisələr qüsurludur” deyiblər, haqlı da deyiblər. Axı vətən elə vətəndir.

O anlayan anladım ki, ömrümdən keçən daha yeddi il sadəcə məni böyütməklə məşğul olub, məni vətənimə qovuşdurmaqla yox...

Bir gün dözmədim, çovustan evimizin həyətində, tozun içində oturub ağlamağa başladım, “mən kəndimizi istəyirəm” – dedim və düz üç gün çörək yemədim. Sonra anam da göz yaşıma öz gözlərindən nur qatıb, “sənin istədiyin şey mənim əlimdə deyil, apara bilmərəm, oralara nəinki biz, heç kim gedə bilməz” – dedi. Beləcə, o zamandan bəri hələ də Qarabağı istəyirəm! Əsil, həqiqi, sinəsinə sığına bilmədiyimiz Dağlıq Qarabağı...

Sadəcə ayaqlarımı yerə çırparaq istəyə, ağlayıb hay-küy qoparda bilmirəm. Çünki dərdimlə birlikdə mən də böyümüşəm, daha səkkiz yaşlı qızcığaz deyiləm.

Bəzən adama elə gəlir ki, vaxt keçdikcə acılar unudulur. Hətta, “zaman hər şeyin əlacıdır” deyirik. Məncə zaman bəzi şeylərin əlacı ola bilər, ancaq uşaqlıqda alınan yaraların əsla əlacı deyil və o məqamlar heç də unudulmur. Necə ki, mən balaca olanda o müsibəti, bombar-dumanı, güllə yağışlarını, rayonun diri gözlü alışıb yanmasını, kəndimizi diri-gözlü unutdum sanmışdım.

Biz böyüdükcə yaşadığımız hər şey bizimlə birlikdə böyüyür, bütün adsız duyğulara ad da qoyulur.

Səbr

Deyirəm görəsən ümidimiz nə zaman öləcək, nə zaman daha yetər, səbr qalmadı deyib torpaqlarımızı hivs etməyə gedəcəyik? Axı qarı düşmən xoş niyyətimizi, sülh istəyimizi anlamır? Bir millətinki adı erməni ola, yurdu yuvası olmaya, kökü itib-batmış, naməlum məxluqatdan gələ, ondan nə gözləyirik? Bütün bu suallara cavab axtarmaq lazım deyil, cavabımız var. Biz doğma torpaqlarımızın, canımız, qanımız olan vətənimizin bu gözəl qoynunda yenidən qan tökülməyini istəmirik. Bəşəriyyətdə sülh adlı bir məfum, insanlıq, insaf, iman varkən, niyə qan tökülməlidir, niyə?! Ancaq millətimiz, yetişən gəncliyimiz müharibəyə hazırdır. Dövlət başcısı əmr etsə, müharibə başlansın, mən əminəm ki, hamımız bir nəfər kimi irəli yeriyəcəyik. Baş verən son hadisələrdən, atəşkəs pozuntuları zamanı xalqımızın reaksiyasından hər şey bəlli olur. Əslində bir növ səbr kasasının dolmasıdır bu, insanlar bir az daha gözləmək, həsrətin yaşını böyütmək fikrində deyil. Zaman keçdikcə yarımcan, yarımvətən olduğumuzu daha dərindən hiss edirik, bu da qəlbimizin dərinliklərinə qədər incidir bizi. Bizim millətimiz namuslu, qeyrətinə arxalanan, yurdsevər, vətənpərvər millətdir. Nə qədər anamıza nankor övlad ola biləriksə, bir o qədər də Vətənimizə qarşı namərdlik edərik. Ona görə də bu gün doğulan körpələrimizə ən böyük arzumuz, ilk qədəminin Qarabağ torpaqlarında açılacağını diləməkdir. Məncə səbr kasamız dolub, hətta daşmaq üzrədir.

Bu mövzuda heç vaxt son sözümü deməyəcəm, çünki yaşadığım müddətcə VƏTƏN mənim içimdə olacaq. Ona görə də zaman-zaman oxucularla belə söhbətlərim, mövzularım davam edəcək.

Doğrudan da gərək nəbzimiz VƏTƏNİN nəbzi ilə bir vursun, qəlbimiz VƏTƏNLƏ döyünsün ki, bu torpağın havasından udub, suyundan içməyə haqqımız çatsın. Əslində düşünə bilərsiz ki, çoxdur bu torpağa xainlik edib, sonra havasını, suyunu doya-doya nuş edənlər. Səbr edin, çünki vətənə xəyanət edənlərin torpağa üzüsulu qovuşmayacağı günə az qalıb. Məsələn mən, mən bu torpağı ən az kəndimizdə qalan Petalan qədər sevmək istəyirəm. Düşünün, bu cümləyə dırnaqarası da baxmayın. Çünki biz son dəfə kənddən çıxanda xalam Petalanın zəncirini açdı. Heç olmasa bağda qalmasın, başına çarə qılsın deyə, göz yaşına qərq olaraq etdi bunu. Amma bilirsiz nə oldu? Petalan yerindən tərpənmədi, eləcə arxamızca uladı. Göz yaşı axıtdı, amma yurdundan bircə addımda olsun kənara ayaq basmadı.

Əminəm ki, biz gələndən sonra Petalan yenə o evi, o torpağı qorumaqçün yağıların üstünə hürüb, qürurla hücum çəkib və onu da bir “gülləyə” susdurublar. Yuxarıda dediyim kimi, bütün müqayisələr qüsurludur. Ola bilsin mənim də bu balaca müqayisəm qusurlu oldu, üzürlü sayın, ancaq yenə də əmin olun: Vətəni ən azı o it qədər sevmək lazımdır, ən azı onun qədər doğma yurda sadiq olmaq gərəkdir. Sağ candan ümid kəsilməz. Səbrimiz var və nəbzimiz VƏTƏNLƏ döyünür.

QARABAĞ SİLSİLƏSİ VƏTƏN-1
(Ardı var)










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı