Qarabag Media
Haqqımızda Əlaqə

Ucalıq, əyilməzlik rəmzi - Savalan dağı...


Tarix:29-01-2018, 01:40 Kateqoriya:Tarix

Ucalıq, əyilməzlik rəmzi - Savalan dağı...

Zirvəsi "ağ çalmalı" Savalan dağı əzəmətinə və möhtəşəm görünüşünə görə ucalıq, əyilməzlik rəmzinə çevrilib. Hər daşı, hər qayası tarixin canlı şahidi olan bu dağ özündə əsrlərin salnaməsini yaşadır. Onu Tanrıyla bəndə arasında ünsiyyət vasitəsi hesab edirlər. Hədisi-şəriflərdə adı çəkilən müqəddəs dağdır Savalan. O, tarixin özü qədər qoca və müdrik ağsaqqal - Dədə timsalı kimi rəmzləşdirilir.

Türk xalqlarının, eləcə də azərbaycanlıların mifik görüşlərində, folklorunda ulu, müqəddəs dağlaır ən ülvi ibadət yeri hesab olunub. Tanrı mərhəmətindən şəfa tapmaq məqsədilə dağlara, eyni zamanda, Savalan dağına pir kimi baxıblar, ona sitayiş ediblər. Dağın şəfa qüdrətinə "Tanrı ocağı" - deyə inanıblar.

Dünyaca məşhur alimlər Savalanın müqəddəsliyini Zərdüştlə də bağlayırlar. Deyirlər ki, dünyada xeyirxah qüvvələrin başlanğıcı, himayəçisi kimi tanınan Zərdüşt on il Savalanda məskunlaşıb. Burada qeybdən ilahi vəhy almış, peyğəmbərlik məqamına çatmış, təlimini təbliğ etməyə başlamışdır.
Zərdüşt öz təlimində insanları bu dünyada çalışmağa, əkib-becərməyə, faydalı heyvanlar bəsləməyə, quruculuq və abadlıq işləri görməyə, doğruluğa, yaxşılığa, xeyir işlərə, eyni zamanda, pis əməllərlə, şərlə mübarizə aparmağa çağırır. Bu, insanların mənəvi və daxili paklığa, kamilliyə çatması üçün düzgün yol göstərən qanundur. Bəzi mütəxəssislər Savalanın ətəyində yerləşən Ərdəbili də müqəddəs məkan adlandırmış və onun Zərdüşt dövründə bina edilməsi fikrini irəli sürmüşlər.

Savalan milyon-milyon insanın məbədgahı, ziyarət, and yeri, inanc qaynağıdır. Savalanın qayalıqlarında yerləşən qədim ibadətgahlara, təbii sitayiş və etiqad məbədlərinə bu gün də gəlirlər. İlin, həyatın təzələnməsi, nəslin artması, azar-bezarın candan çıxması, arzu və niyyətlərin yerinə yetirilməsi diləyi ilə burada ayinlər, mərasimlər icra edilir, qurbanlar kəsirlər.

Azərbaycanın dahi mütəfəkkir şairi və orta əsr Şərq intibahının "Zöhrə ulduzu" sayılan Xaqani Şirvani (1120-1199) 1151-ci ildə Xorasan ziyarətinə gedərkən Ərdəbildə olmuş, şəhərin yaxınlığındakı Savalan dağı öz təbii gözəlliyi və əzəməti ilə onu heyrətə salmışdır. Müqəddəs dağın məbəd və məskənlərinə, qeyri-adi möhtəşəmliyinə, cazibədar təbii mənzərələrinə məftun olan şair "Savalan dağının tərifi" şeirində Savalanı haqq yolu, səadət, ədalət qibləsi, ən ülvi, ən pak arzular, diləklər məkanı kimi təsvir etmişdir!

Səadət qibləsi Savalan dağı,
Kamalda Kəbə tək qazanıb şöhrət.
Kəbə yaşıl geyinər, ağ bürünər o,
Çünki eyham tutan geyər ağ xələt.
Bir yerdə oxudum fəzilətindən,
Üç ildir çəkirəm görməyə həsrət.
Getdim ki, başına dolanım onun,
Dağlar anasıdır, çünki o afət...


Qədim və orta əsr yazılı qaynaqlarında bu dağın Səvalan, Səhalan, Savalan, Səyəlan, Səbəlan kimi müxtəlif adları mövcuddur. Ona Subolan da deyiblər. Su aydınlıqdır, xoşbəxtlikdir, paklıq və təmizliyə çıxmaqdır, həyat və dirilikdir, müqəddəslikdir.
Savalan dağı Arazın sağ qolunda, Güney Azərbaycanın mərkəzi hissəsində, Ərdəbil şəhəri yaxınlığında təbiətin əvəzsiz abidəsidir. Büzquş silsiləsi ilə birlikdə bu yerlərin əzəmətinin rəmzidir.

Savalan Azərbaycan ərazisində ən yüksək zirvədir. Uzunluğu qərbdən şərqə doğru 130 kilometrdən çoxdur. Savalan silsiləsi cənub-şərqdə Qaraca dağı (2875 m) vasitəsilə Kiəmki-Qaraca silsiləsinə birləşir. Savalan dağı cavan (pleystosen) vulkan lavalarından, vulkan küllərindən, tuflarından təşkil olunmuşdur. Yamacları Acıçay, Balıqçay, Qarasuçay çayları vasitəsilə parçalanmışdır. Burada sıldırım qayalar var, yanları dağ tirələri, dərələr və dərin dağarası çökəkliklər əmələ gətirmişdir. Ətraf dağarası çökəkliklərdən və düzənliklərdən təqribən 5000 metrə qədər ucalan Savalan dağı relyefdə öz vulkan konusu ilə çox qabarıq şəkildə görünür. Zirvədən radial şəkildə ətraf yamacların ətəklərinə doğru istiqamətlənən kiçik çay dərələri dağa xüsusi görkəm verir.

Savalan dağı ən qədim zamanlardan özünün faydalı qazıntıları ilə şöhrət tapmışdır. Ətrafda mis, qalay, qızıl, kükürd, neft yataqları, tikinti üçün yararlı təbii sərvətlər, daş karxanaları mövcuddur. Dağ təmiz suyu, büllur kimi duru bulaqları, şəfa qaynaqları ilə məşhur olan müalicə əhəmiyyətli mədən suları ilə zəngindir. Suyu da biri o birindən soyuq, biri o birindən dadlı, tamlı, dupduru, hərəsi də min bir dərdin dərmanı.

Tarixi qaynaqlardan məlum olur ki, həmişə bu müalicə əhəmiyyətli bulaq sularından bəhrələnib, onların şəfa qüdrətinə pənah aparıblar, ümid ediblər. XII əsr ərəb alimi Əbü Həmid əl-Qərnatinin və XIV əsr Azərbaycan səyyahı və tarixçisi Əbdürrəşid əl-Bakuvinin əsərlərindən məlum olur ki, göylərə yaxın olan ulu Savalan dağında behişt bulaqlar var. Bu dağın ətəklərindən çıxan müalicə əhəmiyyətli isti və soyuq mineral sulardan şəfa tapmaq üçün oraya adamlar gəlirlər. Bu bulaqların suyu neçə-neçə adamı vaxtsız ölümün pəncəsindən alıb, həyat fəaliyyətini, iş qabiliyyətini artırıb.
Ərdəbil və ətraf el-oba camaatı ta qədimdən dağın zirvəsindəki göl suyunu da müqəddəs hesab etmiş, arzu və niyyətlərini, dərdlərini suya söyləmişlər, onu hər cür natəmizlikdən qorumuşlar.

Maqmatik vulkanların püskürməsi nəticəsində yaranan effuziv və intruziv süxurlar üzərində əmələ gəlmiş Savalan dağının yamaclarındakı torpaqlar mikroelementlərlə zəngin olduğundan məhsuldarlığı və münbitliyi yüksəkdir.

Yayda havası ürəyəyatımlı və mülayimdir. Uzun gecələrdən ibarət qış aylarında təbiəti sərtdir. Savalan dağı loğman nəfəsliliyi ilə seçilir. Burada yamaclarında seyrək kolluqlar və yarımkof bitkilər geniş sahə tutur. Dağarası çökəkliklərdə və maili düzənliklərdə quru çöl və yarımsəhra bitkiləri üstünlük təşkil edir. Yamacların yuxarı hissələrində subalp və alp çəmənlikləri yayılmışdır. Burada yovşan, dağ nanəsi, xasa, kəklikotu, xəşəmbül, alp pişikquyruğu və s. bitir. Onlardan ədviyyatda, boyaqçılıqda, xalq təbabətində istifadə edirlər.

Savalan dağının təbii zənginlikləri ilk növbədə qədim ovçuların və maldarların diqqətini özünə cəlb etmişdir. Dağın güllü-çiçəkli, şərq, cənub-şərq ətəklərində, Ərdəbil mahalı ilə Qarasu çayı arasındakı ərazilərdə, Acıçay, Balıqçay çayları, həmçinin onların qolları boyunca çoxlu yaşayış məskənləri salınmış, məhsuldar və münbit torpaqlar, zəngin yaylaqlar və qışlaqlar mənimsənilmişdir. Tarixin bütün dövrlərində bu torpaqlar xalqın iqtisadi-mədəni həyatında müstəsna rol oynamış, əkin sahələri bu çayların suyu ilə suvarılmışdır. Ərazinin zəngin torpaqları və su ehtiyatları hələ qədim zamanlardan burada bol əkinçilik və bağçılıq məhsulları yetişdirilməsinə imkan vermişdir.

Ərdəbil mahalı ilə Qarasu çayı arasındakı məhsuldar və münbit torpaqlarda yerləşən kəndlərdə türk mənşəli Şahsevən tayfasının on beşdən artıq qol və tirələri məskən salmışlar.

Tarixdən məlumdur ki, Səfəvilər sülaləsindən olan İran şahı I Şah Abbas (1587-1629) hakimiyyətə gəldikdən sonra ölkədəki dağınıqlığa son qoymaq, vahid mərkəzləşmiş dövlət yaratmaq, güclü tayfa başçılarını mərkəzi dövlətə tabe etmək məqsədi ilə bir sıra islahatlar həyata keçirmişdi.
Deyilənə görə, Səfəvi hökmdarı müxtəlif vilayətlərdə, ayrı-ayrı tayfalar tərkibində yaşayan şah tərəfdarlarını öz ətrafında birləşdirmək və mərkəzi hakimiyyəti gücləndirmək məqsədilə bütün ölkədə "şahın mübarək başını sevənlər şah ətrafında toplaşsınlar" şüarını irəli sürmüşdü. Qısa bir müddətdə onun sayı 100.000-dən çox ailəyə çatdı. Beləliklə, Şah Abbas bəzi tayfaları (Əfşarlar, Qacarlar və b.) öz tərəfinə çəkərək, yeni bir tayfa - Şahsevənlər tayfasının əmələ gəlməsinə səbəb oldu.

Bəzi məlumatlara görə, Şah Abbas qızılbaşların qüdrətini azaltmaq üçün özünə arxa yaratmaq məqsədilə Şahsevənlərin əsas özəyi olan əfşar, qacar, cavanşir və b. türk ellərini Azərbaycanın şimalında (Muğanda) yerləşdirmişdi. Azərbaycanda yaşayan Şahsevənlər yerli əhali ilə qaynayıb qarışmışlar.

Nadir şahın ölümündən (1747) sonra Şahsevənlər tayfasıının başçıları mərkəzi qədim tarixə malik olan Ərdəbil xanlığını yaratdılar və yarımköçəri həyata son qoyaraq Savalan dağının ətəyində daimi və oturaq həyat keçirməyə başladılar. Səfəvilər dövlətinin əsas hərbi qüvvəsinə çevrilən bu ellərin nümayəndələri sonralar Azərbaycanın siyasi həyatında mühüm rol oynamışlar.

Qonaqsevər, mehriban, saf qəlbli olan bu türk mənşəli Şahsevən ellərinin özlərinə məxsus mədəniyyətləri, adət-ənənələri, ayin və mərasimləri, xalq yaradıcılığı nümunələri var. Bütün dövrlərdə Şahsevənlərdə hər nəslin, hər elin sözükeçəni, sayılanı, nurani-pirani ağsaqqalı-ağbirçəyi olur. Dara, çətinə düşənlər ağsaqqala müraciət edir, çıxış yolu diləyirlər. Xeyir-şəri ağsaqqalsız keçirmirlər. Səfərə çıxanlara xeyir-duanı ağsaqqal verir. Ehtiyacı olanlara təmənnasız yardım göstərirlər, arxa dururlar. Bütün əməllərində halallığı uca tuturlar. Allaha, onun peyğəmbərinə (s) və müqəddəs Qurani-Kərimə əsaslanıb ruzi qazanırlar, qismətlərinə də şükr edirlər.

Tədqiqatçıların fikrincə, şahsevənlərin öz xalq mahnıları, rəqsləri olub və bunlar Azərbaycanın ayrı-ayrı bölgələrində də geniş yayılıb. Məsələn, bu rəqslərdən biri Naxçıvanda məşhur olan "Şahsevəni" adlanır. Bu rəqs ağır tempdə, çevik, vüqarlı hərəkətlər düzümündə gedir və yalnız kişilər tərəfindən ifa olunur. Şah pərdə və ya "Misri kökü"ndə ifa olunan "Şahsevən" adlı aşıq havası ("Döşəmə Koroğlu" da deyilir) da onların adı ilə bağlıdır. Bu aşıq havasının poetik mətni gəraylıdır: gümrah xarakterli melodiyasının məqam əsası şurdur, musiqi ölçüsü 3\8, tempi mülayim-tezdir.
Savalan dağının ətəklərindən istər şərqə, istərsə də qərbə doğru aparan mühüm karvan yollarının keçməsi həm Ərdəbilin, həm də dağın yamaclarında yerləşən başqa yaşayış məntəqələrinin möhkəmlənməsinə, ticarət və sənətkarlığın inkişafına müsbət təsir göstərmişdir. Güney Azərbaycanın şimal-qərb hissəsi - Savalan dağının yamacları maldarlıq üçün bol yem ehtiyatı ilə zəngindir. Yamaclarda geniş təbii otlaqlar vardır və burada milyonlarla mal-qara saxlamaq mümkündür. Şahsevənlər xalq seleksiyası yolu ilə yüksək keyfiyyətli yun, süd və ət verən qoyun cinsləri, xüsusi Şahsevən qoyun cinsini yetişdirmişlər. Bu yerləri əzəldən özlərinə yurd seçmiş xallı marallar, dağ keçiləri, cüyür sürüləri, kəkliklər dağların yaraşığı, bəzəyidir.

Qoyun-quzu, mal-qara bu yerlərin camaatının qədim dolanacaq mənbəyidir. Yayda Savalan yaylaqlarında həyat bulaq kimi qaynayır. Naxır, davar örüşdən döndümü, inək-qoyun sağılır, sərniclər, badyalar köpüklənən südlə dolur. Hər tərəfdən süd qoxusu gəlir. Kəndinin ev-eşiyindən ağartı məhsulları - sulux, bulama, ayran, şor, qatıq, qaymaq, süzmə, qurut, yağ, pendir, dələmə, atlama, kətəməz... əskik olmur.

Ətdən müxtəlif xörəklər (bozartma, qovurma, bozbaş, şişlik və s.) bişirməklə yanaşı, qış ehtiyatı üçün qiymə, cızdaq, qaxac, qovurma hazırlayır, dağarcıqlarda, küplərdə, bəzən də yunu çox gödək kəsilmiş motalda saxlayırlar. Şahsevən elində maldarlığın, xüsusilə qoyunçuluğun inkişafı və xammalın bolluğu sənətkarlığın, ilk növbədə xalçaçılığın, toxuculuğun, dəriçiliyin inkişafına səbəb olmuşdur. Yun toxuculuqda başlıca xammal olmaqla yanaşı, yorğan, döşək, mütəkkə, döşəkcə kimi ev ləvazimatının hazırlanmasına sərf olunur.

Savalan dağının zəngin dağ-çəmən bitkiləri bu ərazilərdə ənənəvi təsərrüfat sahəsi olan arıçılığın da inkişafı üçün zəmin yaratmışdır. Savalan balı dadına, keyfiyyətinə və müalicə əhəmiyyətinə görə böyük şöhrət qazanmışdır.

Azərbaycan şairi, maarif xadimi Seyid Əzim Şirvani 1856-cı ilin axırlarında İraqa - Kərbəla və Nəcəf şəhərlərinə səyahət edərkən yenə Ərdəbildə olmuş, şəhərə xüsusi əzəmət və gözəllik verən Savalan dağını vəsf etmişdir:

Var Ərdəbilin xeyli gözəl torpağı,
Tər yoncası, göy səbzəsi, xürrəm bağı.
Hərdən ki, düşər yadıma həsrət çəkərəm,
Bali-Səbalan ilə gomuş qaymağı.

Boyaqçılıq da Savalan dağına sığınan ellərin qədim sənət sahələrindən biridir. Bu ellərdə sarı rəngi tut ağacının yarpağından, qantəpərdən, naz gülündən alırlar. Qırmızı rəngi boyaqkökü, badam ağacı, sumax, qaraağac qabığı və narıncı kolunun oduncağından, qızılıya çalan boyağı palıd qabığından, qara rəngi nar qabığından, qaraya çalan tünd qəhvəyi rəngi qoz qərzəyindən hazırlayırlar. Boyaq rənglərini nar, soğan, qoz ağacının yarpağından, meyvə ağaclarından, hətta zəfərandan da əldə edirlər. Boyanmış qırmızı, bənövşəyi, narıncı, sarı, qara, qəhvəyi, yaşıl və neçə rəngli iplər bir-birinin yanındaca üzü günə sərilib qurudulur. Qərinələr, yüzilliklər keçir, bu rənglər solmur.

Savalan dağı ətəklərində yaşayan ellərdə elə bir ev yoxdur ki, orada nəfis və gözəl xovlu xalı və xalçalar, gəbə, məfrəş, kilim, palaz, cecim, canamaz, çuval, zərif ilməkli, ipək xovlu heybə və xurcunlar, yun corablar toxunmasın. Toxuculuq, xüsusilə geniş çeşiddə yun və ipək parça məmulatı (şal, şahad, tirmə, qanovuz, çarşab, darayı, atlaz və s.) xalq sənətkarlığının aparıcı sahələrindən biri hesab olunur. Bunların içərisində əsas yeri müstəsna rəng ahəngi, mürəkkəb kompozisiya, zəngin naxış örtüyü ilə seçilən "Əfşari" adı ilə məşhur olan Ərdəbil xalçaları tutur.

Şahsevən ellərinin Təbriz və Ərdəbil mahallarının qız-gəlinlərinin, xalça ustalarının barmaqlarının təravətini hələ də özündə saxlamış "Şeyx Səfi" xalısı haqqında çox yazılmışdır. Xalqımızın milli iftixarı, ulu sənətimizin şah əsəri, nadir sənət incilərindən sayılan "Şeyx Səfi" xalısı 1539-cu ildə toxunmuşdur. Xalça Səfəvilər sülaləsinin banisi Şeyx Səfinin Ərdəbildəki türbəsi ətrafında yaranmış dini binalar kompleksindəki məscid üçün toxunulmuşdur. 350 ildən artıq Şeyx Səfi məscid-türbəsini bəzəyən bu xalı 1892/93-cü ildə dünyanın ən iri muzeylərindən olan Londonun "Viktoriya və Albert" muzeyinə satılmışdır.

Savalanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Tarixin bütün çağlarında bu dağ babalarımızın alınmaz-basılmaz yurd-yuvası, sığınacaq, söykənəcək yeri olmuşdur. Dünya mənim deyən ərənlər qayalı-yarğanlı dağlarda istehkam qalaları hörüb, el-obanın ağır günündə, dar günündə namus, qeyrət rəmzi olan bu tərlan oylaqlarında at minib, qılınc oynadıb, qalxan gəzdiriblər, arxa-dayaq olublar bu yerlərə. Yağıyla döş-döşə dayanıblar, yadlara baş əyməyiblər. Əzəmətli Savalan dağına, onun ətrafındakı bolluq-bərəkət diyarına göz dikənlərin həmişə gözlərinə ox batırılıb.

Tarixçi Həmdullah Qəzviniyə görə, Savalan silsiləsinin quşqonmaz qayalı-yarğanlı şimal zirvəsində uyumuş cəngavəri xatırladan Bəzz qalası ucalır. Orta əsr yazılı qaynaqlarından məlum olur ki, Bəzz qalası əvvəlcə Cavidanın, sonra isə Babəkin başçılıq etdiyi xürrəmilərin Azərbaycandakı mərkəzi idi. Dövrünün qaynaqlarında Bəzz qalasını "Babəkin yurdu" adlandırmışlar. İranın məşhur şərqşünas-ədəbiyyatşünası, tarixçi Səid Nəfisi Savalan dağının şimal hissəsinin Babəkin yaşadığı yer olduğunu və xürrəmilərin əvvəlcə İsfahan nahiyələrində araya çıxdığını, sonralar isə bütünlüklə Savalan dağlarına pənah gətirdiyini göstərir.

Ayrı-ayrı dövrlərin qələm sahiblərinin əlindən çıxan ilk yazılı qaynaqlar, tarixçilər, coğrafiyaşünas-səyyahlar Savalan dağının təbiətindən, qüdrətindən, şöhrətindən maraqlı və qiymətli məlumatlar vermişlər. Bu əsərlərdə onun güllü-çiçəkli, yamyaşıl ətəklərində salınmış yurd yerləri, şəhərlər, buradakı abidələr, qalalar, bürclər, behişt bulaqlar, müalicə əhəmiyyətli şəfa suları, bu yerlərin füsunkar gözəlliyi, əhalisinin həyat və məişəti, qonaqpərvərliyi, hörmətcil və səxavətli olması, ənənəvi təsərrüfat sahələri barədə məlumatlar vardır.

Əl-İstəxri, X yüzilliyin ərəbdilli coğrafiyaşünas-səyyahı: "...Azərbaycanın ən böyük şəhəri Ərdəbildir. Qoşun düşərgəsi və hökmdar evi buradadır... Ətrafında 3 darvazası olan divar (çəkilmişdir)... Şəhərin (torpağı) bərəkətli və münbitdir, ucuzluqdur. Ərdəbilin 2 fərsəxliyində (bir fərsəx təxminən 50 kilometrdir) Səbalan adlanan əzəmətli və yüksək dağ ucalır. Onun zirvəsindən nə qış, nə də yay qar əskik olmur.

Əl-Müqəddəsi, X yüzilliyin ərəb coğrafiyaşünas - səyyahı: "...Buradakı dağın (Savalan dağının) uzunluğu 140 fərsəxdir. Bu yerlər başdan-başa kənd və əkin sahələridir. Deyirlər ki, bu kəndlərdə 60 dildə danışırlar. Burada çoxlu meyvə bağları vardır. Ərdəbilə bir çox şeylər buradan gətirilir".
Əbü Həmid əl-Əndəlusi əl-Qərnati, XII yüzilliyin məşhur ərəb coğrafiyaşünas-səyyahı: "Bu dağda (Savalanda) behişt bulaqlar vardır. Peyğəmbərlərdən birinin qəbri buradadır... Bu dağın ətrafında müalicə əhəmiyyətli isti bulaqlar da var, buraya şəfa tapmaq üçün xəstələr gəlir. Dağın ətəyində çoxlu ağac bitir..."

Yaqut əl-Həməvi (1179-1229), ərəb filoloqu, coğrafiyaşünas və tarixçi: "Savalan Azərbaycan ərazisində Ərdəbil şəhəri üzərində ucalan hündür dağdır. Bu dağda bir neçə kənd, eləcə də bir çox mömin adamlara məxsus qəbirlər var. Dağın başı yay-qış qarla örtülüdür. İnsanlar inanırlar ki, bu, mömin adamların möcüzəsidir. Bu yer ən çox ziyarət edənlərin mübarək yerlərindən hesab olunur".

Fəzlüllah Rəşidəddin (1247-1318), İran alimi, həkim və tarixçi: "Oğuz xanın qoşunları bu vilayətlərin bütün yaylaqlarını, Səbəlan, Aladağ və Ağzıbəri dağlarına qədər bütün dağlıq yerləri tamamən ələ keçirdilər. Deyilənə görə, Aladağ və Savalan adını oğuzlar qoymuşlar. Hər ikisi də bir dağa aiddir". Türk dilində "meydana gələn", "dikələn", "uxalan", "yüksələn" bir şeyə Səbəlan deyilir".

Həmdullah Qəzvini, XIV əsr İran tarixçisi, coğrafiyaşünas: "Səbalan dağı Azərbaycandadır. Bu, məşhur dağlardan biridir. Ərdəbil, Sərab, Mişkin, Anaq, Əscəq və Xiyav şəhərləri onun ətəyində yerləşir. 50 fərsəx uzaqdan görünür, dağın dairəsi isə 30 fərsəxdir. Dağın başı həmişə qarla örtülüdür, şiddətli soyuğun təsirindən onun üstündəki bulaqdan axan su çox vaxt buz bağlayır. Səbalan dağının bulaq suyundan Ərdəbil şəhərinin su təchizatında istifadə edilir.
Səbalan dağından cənub-qərbdə yerləşən iki əyalət şəhəri - Anaq və Əscəq yaşayış yerləri dağdan axan çay suları ilə təchiz olunur. Çayın axarı boyu çoxlu gözəl meyvə bağları var; burada bol üzüm, yemiş və qoz yetişdirilir..."

Əbdürrəşid əl-Bakıvi, XIV-XV yüzilliyin Azərbaycan coğrafiyaşünas-səyyahı, tarixçi: "...Azərbaycan... orada çoxlu şəhərlər, kəndlər, dağlar, çaylar var... Ərdəbil yaxınlığında Savalan dağı ucalır, bu, dünyanın ən böyük dağlarındandır. O dağın zirvəsindən suyu soyuqluğundan donan böyük bir bulaq axır. Peyğəmbərin (Allah ondan razı qalıb onu salamlasın!) adından söyləyirlər ki, Savalan dağı Ərməniyə ilə Azərbaycan arasında yerləşir. Onun zirvəsindən cənnət bulaqlarından biri axır. Bundan başqa, orada peyğəmbərlərdən birinin qəbri var. Yaxınlığında isə üstünə xəstə adamlar gələn qaynar bulaqlar yerləşir. Dağın başı yayda da, qışda da qarla örtülü olur..."

XIV yüzilliyin Səfəvi tarixçisi Təvəkkül ibn Bəzzaz Səfəvilərin əcdadı Şeyx Səfiəddinin həyat və fəaliyyətinə həsr olunmuş "Səfvət üs-Səfa" ("Saflığın saflığı") əsərində Səbalan (Səvalan) dağının Allah məskəni olduğunu, oranın məbədə çevrildiyini və ziyarətçilərin gəldiyini yazır: Tarixçi "türk şeyxi", "türk piri" Səfiəddinin tez-tez Allah adamlarının olması ilə məşhurlaşmış Savalan dağına getməsini və o müqəddəs yerdən təbərrik olaraq su və torpaq götürməsini qələmə alır.

Bədr Şirvani (1387-1450), Azərbaycan şairi, Şirvanşahlar sarayında yazıb-yaratmış, məşhur qəsidələr və qəzəllər müəllifi. Şair şeirlərinin birində "Ərdəbildə Savalan dağı kimi dərd çəkərik" yazmışdır. Bu sətirdə, bu misrada şair öz dərdini, kədərini başı dumandan, çəndən əskik olmayan qəmli-qüssəli Savalana oxşadır.

Yazılı qaynaqlardan görünür ki, görkəmli dövlət xadimi, sərkərdə kimi böyük şöhrət qazanmış, dahi söz ustası Şah İsmayıl Xətai (1487-1524) dünya şöhrəti qazanmış şəfalı dağın - füsünkar Savalanın ətəyində yerləşən Ərdəbildə dünyaya gəlmiş, müqəddəs Savalanın döşündən axan büllur sulu, yarpızlı bulağın gözündən su içmiş, dəfələrlə və günlərlə Savalanın yaylaqlarında, xüsusilə Sorluq, Göytəpə yaylaqlarında dincələrək, yaradıcılıqla da məşğul olmuşdur. Tarixdən o da məlumdur ki, dahi şair Savalanın gədiyində xəstələnib, sonra dünyasını dəyişmişdir.
Evliya Çələbi, XVII yüzillikdə yaşayıb-yaratmış məşhur türk səyyahı və coğrafiyaşünası: "Qədim dövrlərdə Ərdəbil çox böyük bir şəhər olub, bir tərəfi Səhəlan (Savalan) dağına qədər idi... Şəhərdən Səhəlana bir günlük yoldur.

Ərdəbil məhsuldar, geniş bir düzənliyin ortasında yerləşib, bir tərəfində abi-həyatdan nişan verən bir göl vardır. Bu dağın - Savalanın ən yüksək zirvəsində daim qar olur. Ərdəbil şəhərinin bütün suları bu dağdan gəlir. Suyu təmiz və ləzzətlidir... Qışı çox soyuq olsa da, dənli bitkiləri çoxdur. Əldə edilən həmin məhsulun bir hissəsi gələn məhsul ilinə qalır. Bir gilə toxumdan 80 gilə dənli bitki götürürlər. Qışın çox soyuq olması üzündən bağ-bağçası, yemişləri olmaz. Amma çoxlu bostan və gülzarlıqları vardır. Şəhərin bir tərəfində suyu abi-həyat kimi şirin və tamlı göl vardır. Dörd tərəfdən gölə kiçikli-böyüklü 40-a qədər çay axır. Ən böyüyü Səhəlan çayıdır ki, Ərdəbili su ilə təmin etdikdən sonra, yenidən həmin gölə tökülür..."
Alman alimi Adam Oleari (1603-1671), 1635-39-cu illərdə səyahəti zamanı Səvəfilər dövlətində olmuşdur. Səyahətləri haqqında yazdığı xatirələrində iki aya yaxın Ərdəbildə qaldığından, bu yerlərin təbiətindən, məhsuldarlığından, həmişə qarla örtülü olan Savalan dağından, bu dağdakı "kəskin kükürd qoxusu verən müalicə əhəmiyyətli qaynar bulaqlardan", müxtəlif dəri xəstəliklərinin - qotur, sızanaq və s. müalicəsi üçün faydalı olan həmin bulaqların "ab qotur", yəni "qotur suyu" və ya "qotur bulaqları" adlandırılmasından bəhs etmişdir".

Savalan dağı barədə A.A.Bakıxanov, eləcə də digər alim, yazıçı və səyyahların qiymətli və maraqlı qeydləri də vardır. A.A.Bakıxanov Şərqə səyahəti zamanı (1846) bir neçə dəfə Ərdəbildə olmuş, Şeyx Səfi məqbərəsini, Şah İsmayıl Xətainin qəbrini ziyarət etmiş, şəhərin Savalan dağının yaxınlığındakı düzənlikdə, Qarasu çayının qolu üzərində yerləşdiyini yazmışdır. O, bu yerlərin təbii mənzərələrindən, füsunkar gözəlliyi və s. haqqında da maraqlı məlumatlar vermişdir.{nl}

Tofiq BABAYEV,
tarix üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
İlham Əliyev Ərdoğanı təbrik etdi
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Kofi Annan vəfat etdi
Tramp İrana hücum üçün XÜSUSİ QRUP yaratdı – MƏHVETMƏ ƏMƏLİYYATI
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
İmişlidə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib
"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib
350-yə qədər KİV Trampa qarşı aksiya keçirir - ABŞ-da
Dünyanı dolaşan səsin sahibi — Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu il bal yarmarkasının formatı dəyişdirilə bilər
ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
Bütün dünyanın axtardığı qarabağlı general kim idi? - ARAŞDIRMA
YPX 6 aya 34 milyon manatdan çox cərimə yazıb
Bakıda döyülən qardaşına köməyə gedən taksi sürücüsü qətlə yetirilib
Generalın anım mərasimi keçirilib
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR