Qarabag Media
Haqqımızda Əlaqə

"Yoldaşlarına yük olmasın deyə özünü qumbara ilə partlatmışdı..." — 772 saylı batalyonun döyüş salnaməsi


Tarix:23-03-2018, 17:03 Kateqoriya:Qarabağ / Müsahibə

"Yoldaşlarına yük olmasın deyə özünü qumbara ilə partlatmışdı..." — 772 saylı batalyonun döyüş salnaməsi

Birinci Qarabağ müharibəsinin qatı açılmayan səhfələrini vərəqləməkdəyəm. Qarabağ veteranları ilə işləmək həm qürur vericidir, həm də ağırdır. Veteranları dinləmək, onlara keçmiş günləri bir daha yaşatmaq və onlarla bu acını bərabər yaşamaq… Çox çətindir.
Bu gün Qarabağ müharibəsinə könüllü gedən döyüşçülərin bir qisminin doğma batayonunun yaradılış günüdür. Batalyonun komandir və əsgər kontingentinin xatirələrini qələmə alıb, oxucularımıza təqdim edirik. Onlarla bərabər batalyonun döyüş yolunu biz də addımlayacaq, onların yaşadıqlarını bərabərcə yaşayacağıq. Acılı-şirinli xatirələrlə şəhid olmuş dostlarını onlarla bərabər yad edəcəyik.
Allah Şəhidlərinizə rəhmət etsin, qazilərimizə can sağlığı versin!


Əvvəli burada
Həmsöhbətim 772-reyd dəstəsindən artıq oxucularımıza tanış olan döyüşçü Yalquzaqdır

– Kəlbəcərdən çıxdıqda nələr baş vermişdi, konfliktli situasiya olması haqqında söhbətlər danışılır. Və əlbəttə ki, 772-ci Xüsusi Təyinatlı batalyon necə yaradıldı?

– Qozlu körpü döyüşündən sonra İlqar Qəhrəmanovla Zaur Rzayev arasında kiçik konflikt yaşandı. Qəhrəmanov əməliyyatın aparılma strategiyası və sonradan dayandırılması ilə razı deyildi. O, hücumun dayandırılmasını düzgün hesab etmirdi və təklif etmişdi ki, təcili olaraq dağın üstündəki Vəng kəndi istiqamətində hücum davam edilsin. Məlum olmayan səbəblərdən bu təklifi rədd etmişdilər. Ermənilər panikadaydı (özləri tərəfindən çəkilən bunu təsdiqləyən kadrlar youtube-də var) və biz hücumu dayandırmasaydıq böyük uğurlara imza atmış olacaqdıq. Amma Tərtər çayının sol sahili tutulandan sonra atəşkəs elan edilmişdi.

Hücum əməliyyatları dayandırıldıqdan və Qozlu körpü əməliyyatından sonra şəxsi heyətimizin azalması ilə də bağlı biz geri, Bakıya qaytarıldıq. Siralarımızı yeniləməli və dincəlməli idik.

Biz ərazini tərk etdiyimizdə texnikanı Zaur Rzayevin briqadasına təhvil verdik.

Ermənilərin “ekspedisiya korpusu” vardı, biz Kəlbəcərdən çıxdıqdan sonra iyulun axırlarında gəlib, aldığımız əraziləri yenidən işğal etmişdi. Qəhrəmanov bunun ola biləcəyini gördüyü üçün hücumu dayandırmamaq və irəliləyərək, düçmənin nəfəsini kəsmək gərəkdiyini deyirdi. O, yetərincə savadlı və uzaqgörən hərbçi idi, Əfqan müharibəsini şərəflə keçmişdi və təcrübəsi böyük idi. Ümumiyyətlə isə Qəhrəmanov elə bir zabit idi ki, o, həm zabitinin, həm də hər bir əsgərinin ayrılıqda qayğısını çəkirdi. Sərt idi, amma bir o qədər də qayğıkeş idi. Biz onun hərbi hissə qarşısında etdiyi çıxışları çox sevirdik. Rusdilli idi, amma əsgər qarşısında səlist azərbaycan dilində və o qədər təsirli, mükəmməl danışırdı ki, ardından əsgər sakit ürəklə hər bir ağır döyüşə gedərdi. Əsgərə güvən verirdi, onu ruhlandırmağı bacarırdı… Gərçək ordu zabiti idi, bir kəliməylə.

Sonradan da nazirliklə aralarında narazılıq oldu, bu səbəbdən 93-cü il yanvarın ortalarında bizim hərbi hissədən onu uzaqlaşdırdılar. Biz narazılıq etdik, amma hərbdə başqadır, narazılıqla, etirazla iş düzəlmir…

Belə bir zabiti Azərbaycan Ordusu lazımınca qiymətləndirə bilmədi. O da həqiqəti üzə deməklə öz karyerasına zərbə vurmuş oldu. Onun kimi insanlar ümumiyyətlə karyera dalınca getmir, bilirsiniz, onlar həqiqəti heç nəyə qurban vermir! …

Nazirin səhvi isə ümumiyyətlə o qədər ağır dönəmdə könüllü dəstələri buraxmaq idi. Bizim reyd dəstəsini də formalaşdıranda könüllülərin bir çoxunu uzaqlaşdırdılar, nizami hərbi hissə yaratmaq arzusundaydılar və yeni şağrışçılara üstünlük verirdilər. Amma bu yanlış idi, biz müharibə apara-apara 18 yaşlı çağrışçılarla əməli iş görə bilməyəcəkdik. Reyd dəstəsi tamamilə Sovet ordusunda bu və ya digər formada xidmət keçmiş zabit və gizirlərdən ibarət idisə, artıq Xüsusi Təyinatlı batalyon əksərən yeni çağrışçılardan təşkil edilmişdi. Lakin biz onlara bütün bilik və bacarığımızı ötürməklə hərbi hissənin adına layiq təlim keçir və onları müharibəyə bacardığımız qədər hazırlayırdıq.

Uğurlu əməliyyatlara imza atmiş Bərşadlının MN-dən uzaqlaşdırılması da Ordunun uğurlarına tormuzverici təsir etdi. Gələcək də bunu göstərdi ki, yeni çağrışçıların Orduya cəlb edilməsi, könüllülərin buraxılması müharibənin gedişatına mənfi təsir göstərdi. Məğlubiyyətin səbəblərindən biri də elə bu idi.

– Maraqlı məqama toxundunuz. Könüllülərin buraxılması deyirsiniz, amma mən biləni məqsəd sadəcə qrupların vahid komandanlıq altında birləşməsi və özbaşınalığın, itaətsizliyin qarşısını almaq olub.

– Doğrudur, bəzi insanları ordudan təmizləmək vacibdi, amma könüllüləri əksərən saxlamaq lazım idi. Mən erməni tərəfdən 18-20 yaşlı meyid və ya əsirə heç rast gəlmədim, əsasən 30-50 yaş arasında olanlar döyüşürdü. Fərqli ölkələrdən və Ermənistandan gəlmələrlə bərabər. Bizimkilər isə könüllülərə orduda qalırsa hərbi mükəlləfiyyət (zabit, gizir olmaq kimi) təqdim edirdi. Könüllü vuruşanlar isə boyunlarına məsuliyyət götürmək istəmirdilər, bu səbəbdən bir çoxları silahı qoyub, getdi.

– Hərbi təlimlərdən söz açdınız, sizə türk hərbçilərinin təlimlər keçməsi iddiası var, bu, nə dərəcədə həqiqətdir?

– Biz təlimlər keçəndə bizə türk zabitləri təşrif buyururdu, lakin onların əsas məqsədi rus silahı ilə tanış olmaqdan ibarət idi. Təlimi əvvəl də olduğu kimi əsgərlərə biz – Sovet ordusundan tərxis olaraq Vətənə dönmüş və orada həqiqi hərbi xidmət keçmiş zabit və gizirlər keçirdik. Türklər bizdən rus silahı haqqında biliklərimizi mənimsəmək üçün gəlirdi, silahlarla şəkillər çəkdirirdilər…

– Siz reyd dəstəsi olduğunuz dönəmdə çevik hərbi hissə kimi uğurlar qazandığınız bir dövrdə batalyon kimi formalaşdırılmanıza nə gərək vardı?

– Tərkibi böyütmək məqsədi daşıyırdı hər halda. Dediyim kimi nizami ordu yaratmağa çalışırdılar. Biz əvvəl adi batalyon kimi formalaşdırılmağa başlamışdıq, daha sonra, yanvarda isə Xüsusi Təyinatlılar olacağımız qərarına gəlindi. Bu da məhz özəyi reyd dəstəsinin təcrübəli döyüşçülərinin təşkil etməsinə səbəb idi.

Əvvəl biz payız çağrışçılarını qəbul edib, təlimlərimizə start verdik. Bizim hissəyə avqustda sovet ordusunda xidmət keçmiş çavuşlar gəlirdi. Daha sonra oktyabr ayının 2-sində yeni çağrışçıları qəbul etdik. İlk olaraq üç bölük yaradıldı. Birinci bölüyün komandiri Rafiq Rzayev idi. Onu da qeyd edim ki, bizdə ştat həmişə yarımçıq olub, zabit qıtlığından onları gizirlər əvəz edirdi. Tağımlarda da beləydi, komandirlər zabit deyil, gizirlər idi. Birinci bölüyümüzdə tağım komandirləri Əjdər Qafarov, mən və snayper Fazil Qəribov, Rövşən Melikov idik. Mən həm də bölüyümüzdə komandirin siyasi işlər üzrə müavini vəzifəsini daşıyırdım. İkinci bölüyün komandiri Cəbrayıl Həbibov idi. Tağım komandirləri Robert Axunov, Said Xairbekov, Elçin Abbasov, Ağabəy Əliyev, Teymur (Sonbeşiy, soy adını xatırlaya bilmədik… ) idilər. Üçüncü bölüyün komandiri Araz Quliyev idi. Tağım komandirləri – Zahid Sultanov, Azər Umudov. Minaatan tağımın komandiri Tofiq Cəfərovdu, İlqar Məmmədov da orada idi. Tofiq haqqında deyə bilərəm ki, biraz davakar insan idi. Sovet dövründə hərbi artilleriya məktəbində oxumuşdu, amma davakarlığı səbəbindən məktəbdən çıxarılmışdı. Çox igid oğlan idi, qorxu bilməzdi. Bizdə havadan müdafiə tağımı da vardı, komandir Saşa Simon idi. Komandirin silahlar üzrə müavini Kostya Firsov idi. Rabitə tağımımız vardı, komandiri İdris (soy adını unutmuşam), müavini gizir Yaşar Qarayev idi. Bir də bizdə təminat dəstəsi vardı, orada Xanlar (soy adını unutmuşam), gizir İlham Əzizov idi.

Yeni çağrışçılarla təbii ki, iş sıfırdan başlamalıydı. Reyd dəstəsi yarandığında tərkibinə daxil olanlar artıq sovet ordusunda həqiqi hərbi xidmət keçmişdisə, bu dəfə tamamilə hərbi hazırlıqdan xəbərsiz çağırışçılarla işləməyə məcbur idik. Sira hazırlığından başladıq işimizə. Amma əsas önəm vermirdik buna, sabah bu uşaqlar bizimlə döyüşə girəcəkdi və buna görə də əsas fiziki və texniki hazırlığa üstünlük verirdik. Əsasən praktiki-əməli təlimlərə yer verdik, düşmənlə üz-üzə duracaqdılar tezliklə… “NZS” deyilən ərazidən bizi Qala qəsəbəsinə, sonda isə bizi “Nasosnuya” keçirdilər. Bura da noyabr ayının axırında gəldik və artıq gücləndirilmiş təlimlər keçirdik, yeni əsgərlərimizə. Bizə yanvara kimi yeni əsgərlər göndərirdilər. Novruz Kərimov gedib, Biləcəridən yeni çağrışçılar arasndan əsgərləri seçib gətirirdi. Onların fiziki hazırlığına baxır və söhbət aparırdı. Təlim müddəti boyunca bizdə əsgərlərin seçmə prosesi gedirdi. Xüsusi təyinatlılar olduğumuza görə bizim standarta yaramayan əsgərləri başqa hərbi hissələrə keçirirdik.

Onu da qeyd edim ki, Qəhrəmanovu hissədən uzaqlaşdırdıqda 10-15 əsgər etiraz əlaməti olaraq, hərbi hissəni tərk edərək, döyüş bölgəsinə yollanmışdı. Etiraz məktubu yazaraq, Fizuli istiqamətinə getmişdilər. Amma sonra biz onların bir hissəsini geri qaytardıq. Qayıtmayanlar da illər sonra rast gəldiyimdə bizim hissəni tərk edib, getdiklərinə peşman olduqlarını deyirdilər…

– Cəbhəyə nə zaman göndərildiniz?

– Bizi döyüş bölgəsinə 1993-cü il aprel ayının 3-ündə göndərdilər. Biz cəbhəyə göndərilmədən prezident Elçibəy də bizimlə görüşmüşdü. Prezidentin xüsusi nəzarətində idik və MN-nin səlahiyyətli nümayəndələri ilə birgə bizimlə görüşə gəlmişdi. Bakıdan qatarla çıxdıq və evvəl təlim mərkəzinə gəldik, ayın 5-i artıq Tərtər mərkəzinə yeləşdirildik, sonra isə Ağdərəyə keçirildik. Yerləşdirildiyimiz ərazilərdə həmişə bizə şübhəylə yanaşılır, göndərildiyimiz hər bir ərazidə də ilk öncə qisqanclıqla qarşılanırdıq. Reyd dəstəsi dövründə ilk Kəlbəcərə getməkləri haqqında uşaqlar sizə danışıb, onlara necə inanmırdılar və “rusun adamı” adlandırırdılar… İyun döyüşlərindən sonra bizə münasibət müsbət tərəfə dəyişməyə başladı.
Bizim keçirdiyimiz əməliyyatları Tərtər batalyonu öz adına çıxıb, 703-cü briqadanın Gərargah rəisi Qəniyev bizim keçırdiyimiz əməliyyatları öz adına çıxan batalyonlara iclasda etiraz etmişdi, onu orada incitdilər və sonradan onu Tərtər bölgəsindən uzaqlaşdırdılar. Həm də bizim komandir ciddi və peşəkar zabit idi, bizi qeyri hərbi qrumlardan və atmosferdən uzaq tuturdu. Keçirdiyimiz əməliyyyatlar haqqında danışmaq icazəmiz yox idi. Buna səbəbdir ki, ilk kəs hərbi hissəmiz və keçirdiyimiz əməliyyatlar haqqında 23 ildən sonra danışırıq. Bu zaman kəsiyində isə keçirdiyimiz bir çox əməliyyatar başqa yerli batalyon və hərbi hissələr tərəfindən özününküləşdirilərək, danışılıb… Bilirsiniz, biz belə haqqsızlıqlarla yaranann gündən üzləşmişik, məsələn, əşgərlərə təlimləri özümüz keçdiyimiz halda, görürsünüz ki, təlimlər türklərin adına yazılır…
Ağdərə şəhərində hospital vardı, orada yerləşdik.

Əraziyə gəldiyimiz gündən ərazini öyrənməyə başladıq. Qlobus istiqaməti, Çaylı, Talış kəndi, cəbhə boyu kəşfiyyatlar apardıq.
Biz Ağdərəyə təzə gəlmişdik, bir-iki gün olardı. Axşam deyildi ki, səhər hücum edəcəyik. Bu, artıq xarakterik hala çevrilmişdi. Təzə gələn hissəni isti-isti basırdılar gərəksiz hücum əməliyyatına, hərbi hissə relyefə və şəraitə uyğunlaşmadan girdiyi döyüşdə böyük itki verərək, siradan çıxırdı. Bizə də deyildi ki, Moxrataq kəndi istiqamətində hücum edəcəksiniz. Səhər həyəcan siqnalı ilə hamı hazır oldu. Axşamdan artıq bölüklərin döyüş tapşırığı müəyyənləşdirilmişdi. Lakin hücum əmri ləğv edildi. Mən dəqiq bilmirəm, ola bilsin ki, bu, bizim batalyon komandirinin xidməti idi, o, hər halda peşəkarlığıyla əməliyyatın əhəmiyyətsizliyini birilərinə sübut edə bilmişdi.

Sonradan isə əsasən iyun ayında olan böyük əməliyyata qədər kəşfiyyat və kiçik döyüşlər keçirdik. Biz Ortakənd və Dəmirçilər istiqamətində, Kasapet istiqamətində kəşfiyyat apardıq. Ortakənd neytral zona idi, onlar da, biz də oraya girib, çıxırdıq. Kiminsə nəzarətində deyildi. Erməni mövqelərini müəyyənləşdirmək istəyirdik.

– Bu, nə zaman idi?

– Təxmini aprelin axırları idi. Biz Qlobusda mövqedə dayananda onların bir PDM-i kəndə girərək sürətlə kəndi hərlənib, çıxdı, əlbət vurulmaqdan ehtiyat etdiyi üçün belə sürətlə hərəkət edirdi. Çardaxlıda kəşfiyyatda olmuşuq, orada əməliyyat da aparılıb. Orada Tonaşen adlı kənd var, 3 hissəyə bölünüb, biz Tonaşen 1 , … 2 və … 3 deyirdik. Mayda bu kəndə erməni hücumunun qarşısını almaq üçün bizi həyəcan siqnalı ilə qaldıraraq orada dayanan hərbi hissəyə köməyə aparmışdılar. 2-3 saat döyüş oldu, erməniləri geri oturtduq. Bir neçə gün orada mövqelərdə dayandıq və təhlükə sovuşduqdan sonra geri qaytarıldıq. Biz itki vermədik, ermənilər itki verərək geri çəkilməyə məcbur oldu, onlardan bir nəfər yaralı əsir götürmüşdük, sonradan öldü. Belə xirda kəşfiyyat əməliyyatları və döyüşlərdə iştirak etmək həm də yeni çağrışçılara bir növ əyanı dərs olurdu. Bizdə bekar qalmaq yox idi, dislokasiya yerində olan əsgərlər də daimi təlimlər keçirdi. Ümumiyyətlə isə Kəlbəcər işğal edildikdən sonra cəbhə boyu sakitlik idi.

Həmsöhbətim 772 saylı XTB-nin döyüşçüsü Mehdi Cavadovdur

– Batalyonun təlimləri planlı şəkildə, cox ciddi nəzarət altında aparılırdı, həftə ərzində elə yorulurduq ki, bazar günləri sanki bayram olurdu.
Kəlbəcərin işğalı ərəfəsində biz Ağdərəyə getdik.

Aprel ayında olan xırda döyüşlər zamanı bir şəhid vermişdik, Salmanov Zahid. O, 30 aprel, Ağdərədə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
13 iyun 1993-cü ildə Ağdama olan hücumla əlaqədar olaraq, biz Akop – Kamarini azad etdik, buna kimi isə kəşfiyyatla yanaşı bütün yüksəklikləri cığır-cığır gəzərək, şəraitə tam uyğunlaşmışdıq.

İyun ayının əvvəlində Keçəldağ istiqamətində aparılan kəşfiyyat zamanı ətrafı bürüyən texnika səsinin traktora aid olduğu müəyyən edilmişdi, həmin vaxt onlar bu istiamətdə traktorla yol acmaqla məşğul idilər. Texnikanın hərəkəti ücün. Akop – Kamari azad olunan gün biz 3-4 gün öncə bizim tərəfdən (Tərtər batalyonundan – M.C.) əsir düşmüş rus milliyətli döyüşçümüzü sağ-salamat azad edə bildik, pusquya düşmüş diğər qrup üzlərinin isə cəsədlərini götürə bildik.

Aleksey adlı kecəl , yekəpər rusun başına 20-dən cox güllə vurmaqla yanaşı, başının üzərindən yük maşını ilə keçmişdilər. Yaralı rusu biz maşına mindirəndə o, cəsədə baxaraq, Aleksey! -deyib, əlini gözünün üstünə qoydu, ona baxa bilmədi…

Həmin gün bizim qrup qarşıdakı erməni mövqeyinə yaxın olan yüksəkliyə göndərildi, biz orada 3 gün qaldıq, erməni mövqeyinə o qədər yaxın idik ki, onların danışığını belə eşidirdik. Nəhayət 17-si səhər üzü bizim qrup ermənilərin mövqelərimizə hücüma kecdiklərini müşahidə edərək, məlumatı öz mövqeylərimizə ötürdük. Yaxınlığımızdan kecən düşməni arxada olan qüvvələrimiz “qarşılamaq” ücün bütün tədbirləri gördü və hücumun qarşısı uğurla alındı.

Akop – Kamari

– Akop – Kamari döyüşünü təfsilatı ilə danışmanızı istəyəcəm. Mümükünsə…

– Biz 1993-cü il aprelin 3-ündən ordaydıq və bizim istiqamət sakitlik idi. Ağır döyüşlər getmirdi. Mövqe döyüşləri və artilleriya atəşləri olurdu, itkilər vardı. Konkret hücum əmri və əməliyyatı isə keçirilmirdi. Hücuma keçmək haqqında söz-söhbət də yox idi və qəfildən 13 iyun üçün hücum əmri gəldi. 12 iyun bir sutka ərzində hazırlaşdıq və 13 iyun Akop-Kamari istiqamətində hücuma keçdik. O vaxt Mərzili istiqamətində Ağdama geniş miqyaslı hücum olmuşdu. Çox güman ki, həmin istiqamətdən hücumları yayındırmaq üçün bu əməliyyat təşkil edildi. Vaxtımız az olduğu halda dərin kəşfiyyata imkan olmasa da hücum uğurlu alındı. Bu döyüş batalyonun yeni tərkibdə 93-cü ildə ilk döyüşü idi. Hələ döyüş görməyən əsgərlərimiz var idi. Amma iki aya yaxın idi batalyonda idilər, təlimlər keçmişdilər, bu hücum onların ilk döyüşü oldu. Hücuma keçdiyimizdə birinci bizim batalyon gedirdi və əməliyyatın əsas hissəsini biz həyata keçirdik. Minaatan tağımımız hücumun artilleriya əməliyyatı hissəsini yerinə yetirdi. Əlavə olaraq mayor Semyon Pavloviç ZİL131-in üzərində quraşdırılmış NURS-la işlədi. Dəqiq artilleriya zərbələrindən sonra biz hücuma keçdik. Əməliyyat doğru qurulduğundan hücum zamanı çətinlik çəkmədik. Bir döyüşçümüz yaralandı, sonradan yolda şəhid oldu: Ağcayev Azər, Balakən rayonundan.
Mövqeləri asanlıqla götürdük, qoyub qaçırdılar, ondan 2-3 gün öncə bizim bir kəşfiyyat dəstəsi, deyəsən Tərtərə aid idi, bu ərazidə pusquya düşmüşdülər. Cəsədləri orada qalmışdı. Belə danışıldı ki, ermənilər onları azərbaycan dilində çağırıblar ki, sizə köməyə gəlmişik. Onlardan birini də əsir götürmüşdülər, o, rus milliyyətindən idi. Həmin əsir götürdükləri rusu oturtmuşdular ağacın dibinə, əvvəl elə bildik ermənidir, sonra o, bizə danışdı ki, 3 gün əvvəl burada pusquya düşmüş kəşfiyyat dəstəmizin döyüşçüsüdür. Onu və orada qalan kəşfiyyatçılarımızın cəsədlərini götürdük və arxaya göndərdik…

Daha sonra bizim ordakı qüvvələri irəliyə göndərdilər. Mustafanın rəhbərliyi ilə minaatan tağım daha dəqiq zərbələr endirirdi, 13-ü axşam o mövqeləri də aldıq. Bizim dəstə orada post qurdu, artıq bura ermənilərin mövqelərinə daha yaxın idi. Orada iki gün oturduq. Hərəkət yox idi. Gündüzləri otların arasında uzanıqlı vəziyyətdə qalırdıq. 16 iyun gecə ermənilərin bizim mövqelərə tərəf hərəkət etdiyini müşahidə etdik. Rabitəylə batalyona xəbər verdik. Komandirdən əmr gəldi ki, sizə təhlükəli məsafədə yaxınlaşmasalar atəş açmayın, çünki olduğumuz ərazi əlverişli deyildi. Qaranlıq da olsa cox olduqlarını müsahidə edirdik və 17 iyunda Ağdərə istiqamətində hücum olmuşdu, o cümlədən bizim istiqamətdə də. Bizim batalyon əvvəldən buna hazır idi və tədbirlər görülmüşdü. Pusqular qurulmuşdu. Bizim istiqamətdə onlar irəliləyə bilmədilər. Böyük itkilərlə geri çəkildilər və bizim müşahidə məsafəmizdən öz mövqelərinə qayıtdılar. Lakin Ağdərə-Vaqauz deyilən yolda Televişka – Gödəkburun istiqamətində yüksəkliyi ermənilər həmin günü götürmüşdülər. Oranı, səhv etmirəmsə 703-ün bölmələri qoruyurdu.

Canyataq-Gülyataq / Qlobus-Papravənd

– İyunda daha bir ağır döyüşünüz olmuşdu…

– Biz, çıx! – əmri verildikdən sonra aldığımız mövqelərdən ermənilərin silahlarını da götürüb, çıxdıq. Bizə məlum deyildi, niyə geri çəkilirdik. Bu istiqamətdə hücumun qarşısı alınmışdı, mövqelər biz tərəfdən tutulmuşdu.

Neçə gün idi susuz idik, Levanaq kəndi yaxınlığında fermada su içdik və günorta saatlarından sonra Gödəkburun-Televışka istiqamətində yüksəklikləri geri qaytarmaq əmr edildi. O yüksəkliklərin düşmən əlində olması Ağdərənin itirilməsi demək idi. Biz istiqamət üzrə irəlilədik. Akop-Komari istiqamətində hücumun uğursuz olması nəticəsində onlar bu yülsəklikləri də boşaltmışdı. Biz qalxanda oralar boş və nəzarətsiz idi. Səhv etmirəmsə, Ural markalı maşının üzərində Zenit pulemyotu var idi və aparanda maşın sönüb dərənin içində qalmışdı. Bizim döyüşçülər sonradan onu təmir edib, geri qaytardılar. Biz mövqeni götürdükdən sonra bu mövqeni əvvəl qoruyan 703-ün əsgərləri də axşama doğru bizim yanımıza gəldilər. İki gün sonra oranı da onlara təhvil verib, hərəkət etdik. 19 iyunda bizim hissələri yenidən Akop-Komari istiqamətində kəşfiyyata göndərdilər. Qoyub çıxdığımız yüksəklik boş idi. Rabitəylə məlumat verdik ki, yüksəklik boşdur. Bizə geri qayıtmağı əmr etdilər və orada, əvvəl olduğumuzda, bizdən qalan konservləri də götürüb, geri qayıtdıq. Ağdam istiqamətində vəziyyət pisləşdiyinə görə, bizə oranı tərk edib, Ağdam-Papravənd istiqamətində hərəkət etmək əmri verildi. Həmin günlər Qalayçı istiqamətində bəzi mövqelər tutulmuşdu. O istiqamətdə itirilən mövqeləri iyunun 23-ü nəzarətə götürdük. Qlobus-Papravənd istiqamətində, oranı Daxili Qoşunlar qoruyurdu və çox az qüvvələri var idi. 25 iyun Canyataq-Gülyataq istiqamətində müşahidə etdik ki, düşmən texnikasını cəmləşdirir. Bilirdik ki, hücum olacaq, bu barədə məlumat da verilmişdi. 26-sı səhər saatlarında Qalayçı istiqamətində, səhv etmirəmsə, 791 yüksəkliyi var Boyəhmədliylə Paparavəndin arasında, bu istiqamətə ermənilər hücuma keçdi. Bizim qüvvələr orada güclü müqavimət göstərə bilmədi, texnikalarla ermənilər yüksəkliyi götürdü və bizim qüvvələr geri çəkildi. Boyəhmədlini girib yandırandan sonra Papravəndə tərəf irəlilədilər. Biz onları qarşılamağa hazırlaşdıq. Bizim yanımızda 15 Papravənd sakini var idi. Erməni Papravəndə daxil olduqda dedilər ki, biz ermənini kəndə buraxmayacayıq. Arxa tərəfdən yüksəklikdən kəndə endilər. Ermənilər kəndə girəndə, təxminən 10 dəqiqə atışdılar, amma onların müqavimət göstərməsi mənasiz idi, tanklara qarşı qoya bilməzdilər.

Erməni Papravəndə də daxil oldu, Ağdərə istiqamətinə kənddən çıxanda bir erməni tankı, çıxışda geniş yol var, orada dayandı. Biz Babayev Nadiri çağırdıq ki, tankı vursun. Onlar yüksəkliyin boş olduğunu güman edirdilər və bizdən xəbərləri yox idi. Nadir “Faqotla” tankın birini vurub, sıradan çıxardıqdan sonra bizdən xəbər tutdular. Ardınca PDM-2-lərlə üstümüzə hərəkət etməyə başladılar. Canyataq-Gülyataq istiqamətində güclü artilleriya atəşi başladı.

Həmin gün bizim batalyon itkilər versə də axşam saatlarına qədər müqavimət göstərib yüksəkliyi nəzarətdə saxladıq. Gecə saat 2-3:00 radələrində yüksəkliyi boşaltmağa əmr verildi. Güman ki, Papravəndlə Televişkanın tutulması bizim orada qalmamızı mənasız edirdi. Yüksəkliyi tərk etməmiz Ağdərənin və Ağdan istiqamətində beş kəndin itirilməsiylə nəticələndi. Bizim qüvvələr yüksəklikləri boşaldıb, Ağdərə istiqamətində kanalın kənarına doğru çəkildilər.

Paparavənd itiriləndə 4 şəhid verdik, onlarla da yaralımız oldu. Bu döyüşdə şəhid olanlar: leytenant Quliyev Araz, (Sabirabaddan) Əliyev Qoşqar, (Bakıdan) Dadaşov Elçin, İIbrahim.
17 iyun döyüşlərində Nuriyev Bəhruz Allahverdi oğlu (Bakıdan) şəhid olmuşdu, Azərbaycan Bayrağı ordeni ilə təltif olundu. Kənd alınan günü bir, qaytarılan günü bir şəhid verdik.

Karmiravan

Həmsöhbətim 772-reyd dəstəsindən artıq oxucularımıza tanış olan döyüşçü Yalquzaqdır

21 aprel saat 19:30-da Ağdərə-Qırmızıkənd istiqamətində avtomobil yolunun kənarı ilə ermənilərdən ibarət bir qrup bizim eyni istiqamətdə dayanan 772-ci xüsusi təyinatlı batalyonun (XTB) mövqeylərinə yaxınlaşır və bunu müşahidə edən bölük komandiri batalyon komandirinə məlumat verir…

<< Onlar yol qırağı ilə hərəkət edərkən, biz onları müəyyən etdik və müşahidə apardıq. Gəldilər və orada əvvəl trasserlərlə atəş açdılar, sonra sakitlik çökdü. Mən belə bir hala rast gəlməmişdim müharibə boyu.
Yolun sağ tərəfində mənim bölüyüm, solda isə bigər bizim batayon bölüyü mövqelərdə dayanırdıq. Biz 5-6 nəfər gördük. Nə qədər olduqlarını dəqiq bilmirdik>>


21 aprel gecə 772-ci XTB-nin iki kəşfiyyat qrupu: “Starik” və “Kobra” düşmən mövqeyinə tərəf irəliləyirdilər. Bu qrupların tapşırığı irəliyə soxulmuş ermənilərin kimliyini öyrənmək və ən ümdə məsələ onları məhv etmək, meyidləri öz tərəfimizə keçirmək idi…

<< Biz irəliyə soxulmuş ermənilər haqqında batalyon komandirinə xəbər verdikdən sonra, o, iki kəşfiyyat qrupunu irəli göndəribmiş, amma bizim bundan xəbərimiz yox idi. Biz yalnız səhər döyüş başlayanda bundan xəbər tutduq. Döyüş qızışanda bizim tank və PDM-lərə kəşfiyyatçılarımıza atəşlə dəstək verməsi əmr olundu. Onlar biraz irəliləyib, erməni mövqelərinə atəş açır və yerinə qayıdırdı. Döyüş gedən ərazi bizdən çox uzaq deyildi>>

– Bu kəşfiyyat qrupları haqqında çox eşitmişəm, onlar kimlər idi? “Starik” və “Kobra” haqqında məlumat vermənizi rica edirəm.

– Bu kəşfiyyat qruplarını batalyon komandiri daha təcrübəli, çox sayda döyüş keçmiş döyüşçülərdən təşkil etmişdi. Qrup yarı kəşfiyyat, yarı həmlə xarakteri daşıyırdı. Onların tapşırığı hər zaman daha çətin əməliyyatlar olurdu. Komandir onlara tam arxayın idi və onların əməliyyatlarından bizim yalnız əməliyyat başa çatdıqdan sonra xəbərimiz olurdu. Hər birinin tərkibi 12 nəfərdən ibarət idi, əsasən köhnə döyüşçülər olsa da tərkiblərində bir-iki yeni döyüşçülər də olurdu.

Danışmaq istədiyim bir məqam daha var. Atəşkəs dövründə (iyun ayıda), cəsədlər dəyişdirildikdə ermənilər Qenrix Ayrapetyan haqqında çox soruşurdular. O, qruplardan birinin komandiri idi. Niyə görəsə onun adı erməni mənbələrində “14 nəfər”in (http://beatok.ru/4/26) arasında yoxdur. Həm ermənilər o döyüşdən ancaq bir qrup və 14 nəfər üzvü haqqında məlumat verir, orada isə 2 və za 3 qrup olmuşdu. Onun, məhv edildikdən sonra, cibindən Azərbaycan pasportu tapmışdıq. Xatirimdə deyil pasportdakı ad və soy ad (pasportda ad Bayramov Allahverdi Şükür oğlu olub – K.S.), ola bilər ki, işğal edilmiş rayon və kəndlərdən qətlə yetirdikləri vətəndaşlarımızdan götürmüşdülər. Bakılı idi, bəlkə də o, azərbaycanca təmiz bilirdi və bu səbəbdən belə sənədi hər hansı fövqəladə hal üçün üzərində gəzdirirdi… Adı indi ermənilərin “14-lərinin” siyahısında olmasa da ermənilər canfəşanlıqla onu axtarırdılar. Qəribədir ki, ölüsünü, və ya dirisini soruşub dururdular. Həm cəsədlər dəyişərkən, sadəcə əldə olan meyitlər dəyişir, kimsə xüsusi olaraq, təsadüfi hallarda axtarılır…

– Siz onun meyidini verdinizmi ermənilərə?

– Elə maraqlısı da budur ki, biz onun meyitini də ermənilərə verdik, amma meyitlər qazılaraq, çıxarılıb verilmişdi, atəşkəsdən sonra, ola bilsin ki, onlar onu tanıya bilməmişdilər. Mən sonradan döyüşlər haqqında erməni mənbələrini oxuyurdum. Və onun itkin kimi getdiyini, axtardıqlarını gördüm erməni mənbələrdə.

– Siz necə bildiniz ki, söhbət məhz Genrixdən gedir?

– Söhbətlərimizdə demişdim sizə, məhv etdiyimizdə ermənilərin cibində bütün sənədləri olurdu. Bu haqqda geniş sonra danışarıq, sadəcə onu qeyd edim ki, onun da cibində arayış vardı, yazılırdı ki, << komandir razvedqruppı “Prizrak” >>. O, orta yaşlı idi. Erməni meyitləri arasında elə hamısı orta yaşlılar idi. Bir məqam da maraqlıdır ki, bu döyüşdən meydanda apara bilmıdikləri 17 meyit qalmışdı, amma ermənilər 14 itki verdiklərini yazır. Bizim uşaqlar onlardan 13 ya 14 nəfərini gətirmişdilər. Ortada 3-4 meyitləri qalmışdı. Bizə məlum deyil, onlar nə qədər yaralı və meyit daşıyıb, apara bilmişdilər.

– Məncə, burada bir məqam da maraqlıdır, onlar nə səbəbə trasserlərlə atəş açıb öz yerlərini aşkar etdirirdi sizə? Səbəb sizcə nə idi?

– Düşünmək olar ki, onlar bilərəkdən yerlərini bəlli edib, diqqət cəlb edib, hansısa əməliyyat keçirməyi düşünürlər, amma sonralar da o istiqamətdə onların heç bir əməliyyatı olmadı. Məncə, onlar sadəcə başıpozuq, qeyri peşəkar, bir yığın harınamış quldur idi və özlərini döyüşçü deyil, məhz quldur kimi aparırdılar.

– Aydındır.

– Erməni mənbələri onları çox şişirdir. Ola bilsin ki, onlar təcrübəli idilər, yaşlarına görə artıq müharibəni keçmiş olmalı idilər, amma hərəkətlərindən sadəcə quldur dəstəsi təəssüratı bağışlayırdılar…

Həmsöhbətim 772 saylı XTB-nin döyüşçüsü Mehdi Cavadovdur

– 1994-cü ilin Karmeravan döyüşləri haqqında danışmanızı rica edirəm?

– 1994-cü il bizim batalyonun şəxsi heyəti seyrəldikdən sonra 31 yanvarda batalyonu formalaşdırmaq üçün cəbhə bölgəsini tərk etmək əmri verildi. 1994-cü il yanvar çağrışçılarını mart ayında qəbul etdik və təlimlərə başladıq. Çağrişçılar 1976-cı il təvəllüdlü yanvar çağrışçıları idi. Təlim gedən ərəfədə, aprelin 12-si əmr gəldi və biz Ağdərə istiqamətinə yola düşdük. Aprelin 15-i bizim bir bölük Ağdərə Karmeravan cəbhəsində mövqe tutmuşdu. Bu istiqamətdə 17 aprel hücum olandan sonra batalyonun qalan hissələri də həmin istiqamətə gəldik. Biz ehtiyat qüvvə kimi orada dayandıq. Səhər tezdən, saat 8:00 radələrində hücum başladı. Qüvvələrimiz müqavimət göstərdi, amma artilleriya atəşi çox güclüydü. Yaralılarımız çox oldu. Qüvvəmiz azalırdı. Onlara kömər etmək istəsək də buna izin verilmədi. Biz ehtiyat qüvvə idik. Sonra ermənilər Güllücə kəndini tutduğuna görə bizi o istiqamətdə göndərdilər. Ağdərə istiqamətində olan bölüyümüzə günorta saatlarında texnika ilə güclü hücum başladı. Onlara çıxmaq üçün əmr verilmədi və son ana qədər vuruşdular. Döyüşün axrına 10-15 əsgər qalmışdı. Şəhid olan yoldaşlarımızın cəsədi döyüş ərazisində qalmışdı. Nağıyev Sədinın və başqalarının… Quliyev Ramiz düşmən PDM2-sindən açılan atəşlə mərmi partlayışından hər iki ayağını itirmişdi, yoldaşları onu çıxartmaq istəyəndə, onlara mənsiz çıxın -deyərək, yoldaşlarına yük olmasın deyə qumbarayla özünü partlatmışdı. Ərazidə bizim 7 şəhidimizin cəsədi qalmışdı. Sona qədər vuruşmuşdu bölüyümüz. Biz bu haqqda sonradan öyrəndik. Ermənilərin qrupunu məhv edib, meyitləri öz tərəfimizə keçirmək haqqında əmri alanda bunlardan hələ xəbərimiz yox idi…

Sonradan bizə Güllücə istiqamətini tərk etmək əmri verildi. Biz Karmiravan istiqamətində cəmləşdik. Təxminən 2 km geri çəkilərək yenidən mövqelər qurduq. Daha sonra bizi 24 nəfər kəşfiyyat üçün ayırdılar. Bir gün boyu kəşfiyyat apardıq və ikinci gün düşmənin qurduğu mövqeyə girmək üçün əmr verildi. Əsas məqsəd ermənilərdən əsir götürmək və ya öldürərək meyitlərini öz tərəfimizə gətirmək idi. Aprel ayının 21-ində sübh çağı, təxminən 4:00 radələrində düşmən mövqelərinə girdik. Hüseynov Hafiz, Cabbarov Yusif dozor idi, onlar düşməni müşahidə etdi və sonra tam düşmənin səngərinə qədər yaxınlaşdıq. Biz hücum cəhdi etdik, səngərdə erməni çox idi.

Bizimlə gedənlərdən 24 nəfərin 9-u yanvar ayında təzə hərbi xidmətə çağırılmış əsgər idi və döyüş görməmişdilər. Məndə olan məlumata görə ermnilər orada 38 nəfər olublar, hamısı da bizdən yaşca böyük və təcrübəli idilər. Əsir götürmək mümükün olmadı və qərara aldıq ki, səngərlərə girməliyik. Nəyin bahasına olursa olsun, erməni ələ keçirməli idik. Biz səngərə dolan kimi qaranlıqda ara qarışdı. Və biz səngərdə nəzarəti əlimizə alaraq, əməliyyatın sona catdıdılması ücün tədbirlər görməyə başladıq.

Artıq düşmən məğlub vəziyyətdə bizdən canını qurtarmağa calışsa da bu mümkünsüz idi, biz qəfil səngərlərə girməklə artıq döyüşü udmuşduq.
Mən xatırlayıram ki, biz qaçan düşmənə növbə ilə atəş açarkən, atəş növbəsini pozanlara irad edirdik… yəni o dərəcədə uğurlu əməliyyat oldu.
Bizim 18 yaşlı çağrışçımız Qədirov Emin (Xaçmaz rayonundan) düşmənlə əlbəayağa döyüşdüyündə erməni onunla bacarmadığını görərək, onun alt dodağını dişi ilə cənəsinə kimi dartıb qoparmışdı. Amma yenə Eminlə bacara bilməmişdi! O, həmin döyüşdə güllə yarası alıb, əlil oldu. Müzəffərov Eynulla (Şamaxı rayonundan) qaranlıq səngərdə qarşısına çıxan ermənini avtomatın qundağı ilə vurub, yerə sərmiş və güllələmişdi. Bu, ermənilərin az qala pəhləvana çevirib, qehrəman elan etdiyi Qambaryan idi.

Düşməni tam müşahidə edib, hədəfdə saxlasaq da əməliyyat planına uyğun olaraq atəş açmayıb əsir götürmək üçün əlverişli məqam gözlədik və sonda risk etməyərək, (kanalın içinə) qəfil basqınla əməliyyata başladıq.

Odeyalı ciyninə atıb dayanan ermənini 7 mertlikdən vurmaq problem olmasa da eyni zamanda 3 nəfər biz, onu hədəfə aldıq və eyni zamanda atəş açmaqla onların mövqelərinə girdik və şəraitə görə bizim üstünlüyümüz mövcud idi ki, planı icra etmək ücün əlimizdən gələni etdik.
Əməliyyat zamanı səngərdə olan ermənilərin bəziləri qaçmağa macal tapsa da, əksəriyəti səngərdə məhv edildi.

24 əsgər: sıramızda böyüyümüzün yaşı 20, kiçiyimizin yaşı 18 olmaqla düşmənin ən aşağı təvəllüdü 1968-ci il, bizdən yaşca çox böyük və uzun döyüş təcrübəsi olmasına baxmayaraq bu əməliyyatı uğurla başa vurduq. Bir şəhidimiz, dörd yaralımız oldu. Ermənilərin təxminən 16 – 17 meyidi qalmışdı ortalıqda. Yeddi şəhidimizə qarşı 17 erməni meyidi! Erməni meyidlərini geri apararaq, basdırdıq və atəşkəsdən sonra şəhidlərimizin cəsədləri ilə dəyişdik. Aprelin 24-ü Şotlanlı isrtiqamətində erməni irəliləyəndən sonra bizim dəstəyə həmin istiqamətdə mövqe tutmaq əmri verildi. Mövqelərimizi möhkəmləndirdik. O ərəfədə mən yaralandım (24 aprel) və 1 mayda Karmeravan uğrunda gedən amansız şiddətli döyüşlər oldu…
Həmin gün, 21-i döyüş səngiyəndən az sonra, günorta saatlarında ermənilər mühasirəyə saldığımız qüvvələrinə yardım etmək məqsədi ilə yenidən həmin mövqeylərə girmək istədi, amma biz hücumun qarşısını qətiyyətlə aldıq.

* * *
Əməliyyatda hər birində 12 əsgər olmaqla 2 qrup – “Starik” və “Kobra” qrupları iştirak etmişdir. “Starikdə” 6-sı gənc, “Kobrada” 3-ü yeni çağrışçı idi, qalanlar təcrübəli sayıla bilərdilər, artıq döyüşlərdə iştirak etmişdilər.
Kobra – Hafiz Hüseynov, Yusif Cabbarov, Müşfiq Cəfərov, Habil Məmmədov, Faiq Cəlilov, Qabil Xatiyev, Nəcməddin İsmayılov, Vəli Abdullayev, Osman Xəlilov, Mirzə İsrafilov, Adil Məmmədli. Kazımov Rövşən.

Starik – Eynulla Müzəffərov, Rahim Əliyev, Mehdi Cavadov, Mübariz Hacaliyev, Vaqif Dondolov, Yadigar Zeynalov, Emin Qədirov, Rahim Məmmədov, Samir Həsrərov, Kamil Məmmədov, Faiq Əsədullayev, Fədai Xudiyev.

Əməliyyatda Hacaliyev Mübariz, Dondolov Vaqif, Zeynalov Yadigar, Qədirov Emin yaralandı. Həsrətov Samir isə şəhid oldu.
Mübariz Hacaliyev əlil oldu, amma onun hərbi biletinə yazılmış hərbi xidmətlərə görə medalını vermədilər.

Həmsöhbətim 772 saylı XTB-nin döyüşçüsü Hafiz Hüseynovdur

– Siz məhşur kəşfiyyat dəstəsinin döyüşçülərindən birisiniz. Bizə 21 aprel döyüşünü təfsilatı ilə danışmanızı istərdim. Bir çox həqiqərtlər 21 il sonra nəhayət ki, işıq üzü görsün.


– Erməni sayt və forumlarında bu haqqda çox yazılır. Bu, artıq ermənilərin güclü texnika ilə hücuma keçdikləri dövr idi.

Biz yanvarın 31-də Bakıya komplektləşmək – itgilərimizin yerini doldurmaq üçün gətirilmişdik. Aprel ayının 12-si bizi Tərtərə göndərdilər. 13 Aprel bizi mövqeylərə apardılar. Eşitmiş olarsınız, Papravənd kəndi Ağdamla Ağdərənin birləşən ərazisidir.

Bir növ orduda vəziyyət qarışıq idi. Biz də bölgəyə hazırlıqsız getmişdik. Yeni qəbul etdiyimiz əsgərlər hazırlıq keçməmişdi. Onlara hələ təlimlər verilməmişdi. Bizim komandir, doğrusu, zabit kimi olduqca savadlı idi, indi də orduda xidmət edir, elə məhz onun zabit bilik və bacarıqlarının nəticəsi idi ki, bizim batalyon əsasən döyüşlərdən az itkiylə çıxırdı. Bu döyüşə göndərildiyimizdə, o, batalyonun hazır olmaması haqqında raport vermədi, əsgərlərin hazırlıqsız olması və batalyonun yeni komplektləşdirilməsini qabardaraq, etiraz edə bilərdi, amma etmədi. Bizi göndərdilər əməliyyata. Təsəvvür edin ki, ermənilər ancaq artilleriya və texnika ilə höcuma keçirdilər. Canlı qüvvəni sipər etmirdilər. O qədər çox texnikaları vardı… Ruslardan böyük dəstək alırdılar. Hər hücuma 10-12 texnikayla keçirdilər.

Bizim batalyonda “Kobra” və “Starik” qrupları yaradıldı. Əsas heyyət döyüş görmüş əsgərlər idi. Biz öz qrupumuzda 12 nəfər idik, 3 cavan əsgər vardı aramzıda. Orduda zabit qitlığı vardı. Bizlər isə 19-20 yaşında əsgərlər idik.

Komandir məni yanına çağırdı ki, özünlə 2 nəfər də götür, get müşahidə elə. Bizlə ermənilərin arasında məsafə 2-3 km olardı. Onlar meşədə idi. Bizim tapşırığımız onların yerini və sayını müəyyən etmək idi. Ermənilərlə aramızda üzüm sahələri, sahələrin başında su arxları, su arxlarının üstündə isə 3 ədəd söyüd agacları vardı. İki əsgər götürərək getdim və bu söyüdlərdən birinin başına çıxdım. İki-üç saat beləcə binoklla müşahidə etdik, heç bir nəticə olmadı. Xəritə üzrə qarşıda Mağalı yarımstansiyası var, sovet dövründə orada kənd təsərrüfatı texnikası yığılırdı, indi kimsəsizlik olan bir yer idi. Müşahidə zamanı biz də kimsənin hərəkətini müşahidə edə bilmədik. Bom-boş meşəlik idi qarşımızda. Geri dönərək məruzə etdik ki, müşahidə zamanı heç bir hərəkətə rast gəlmədik. Bu səbədən də tapşırıq aldıq ki, o yarımstansiyaya qədər hərəkət edək və qarşınıza çıxan nə olarsa məhv edərək, meyidləri gətirək. Qrupumuzda zabit yox idi, 12 nəfər – hamımız siravi əsgərdik. Əmri aldıq və hərəkətə keçdik. Meşəyə çatmağımıza 500-700 metr qalmış bizi güclü atəşə tutdular. Biri var boşuna açılan atəş, amma bu, məhz istiqamətlənmiş atəş idi. Güllələr başımızın üstündən keçirdi. Rabitə vasitəsi ilə komandirlə əlaqə yaratdıq, vəziyyəti məruzə etdik. Bizim orduda gecə görmə cihazı yox idi, o haqqda yalnız filmlərdən, kitablardan məlumatımız ola bilərdi. 19-20 yaşlı siravi-çağırışçı əsgər idik və ağlımıza da gəlmirdi ki, ermənilərin belə avadanlığı var. Komandir əmr etdi ki, geri qayıdaq. Qayıtdıq və səhər bir daha müşahidəyə getmək üçün əmr aldıq. Getdik və bu dəfə 3-4 saat o ağacların üstündə müşahidə apardıq. Yenə heç bir hərəkət müşahidə etmədik. Bu dəfə axşam getdik.

Diversiya dəstələri adətən 12 nəfərdən ibarət olur. Ikinci dəfə komandir “Starik” qrupunu da bizimlə bərabər göndərdi. İndi 24 nəfərdən ibarət tərkibdə meşəyə tərəf hərəkət edirdik. İki gün ərzində başında oturub, müşahidə apardığımız ağaclara çatanda yenidən atəş açıldı. Diversiya qruplarında əməliyyata gedərkən qarşıda həmişə 2 nəfərdən ibarət ön seyrçilər gedir. Onlar irəliyə getdikcə, təhlükəsizliyə əmin olduğunda geriyə xəbər verir və dəstə beləcə təhlükəsiz irəliləyir. Önseyrçi kimi mən və Cabbarov Yusif gedirdi (O, indi də orduda xidmət edir – H.H). İki gün ərzində müşahidə apardığım ağaca çatdığımda, gördüm ki, məndən sağ tərəfdə siqaret çəkə-çəkə kimsə gəlir. Gözlərimə inanmadım. Bizim batalyon, xüsusən də reyd dəstələri, polad qanunlar işləyən hərbi qurum idi və bizdə belə özbaşınalıq ola bilməzdi. Amma anlaya da bilmirəm ki, iki gün ərzində saatlarla müşahidə apardığım, heç bir hərəkət qeydə almadığım ərazidə erməni belə rahat gəzə bilər. Biraz duruxdum və ani olaraq vəziyyəti anlaya bilmədim. Bizim hesabımızla ermənilər olan əraziyə çatmaq üçün biz hələ bir kilometr getməliyik. İnana bilmədim ki, serjant öndə önseyirçi kimi getsin, əsgər də belə özbaşına arxamca siqaret çəkərək gəlsin!

Gecə saat 3 olardı. Demək ki, ermənilər bizdən öncə buraya gəlib və yoxlayıb, hərəkət görmədiyindən belə arxayın geri qayıdırmış. Bizim, döyüşlərin ugursuzluğu mənasında, vəziyyətimiz çox acınacaqlı idi. Amma onlar rusun texnika yardımı baxımından uğurla hərəkət edirdilər və demək olar ki, harnamış vəziyyətdə idilər. Mənim müşahidə apardığım ağacın ətrafında mövqe seçib, postlar qurmuş, arxayınlıqla yatmışdılar. Siqaret çəkən isə güman ki, postları yoxladıqdan, və ya ətrafı müşahidə etdikdən sonra tam arxayın geri dönürdü. Bunu anladım və həmən 15 mert kimi məsafədə geri çəkildik. Qrupda olan döyüşçülərlə məsləhət etdikdən sonra qərara gəldik ki, ilk açılan atəşdən sonra nə qədər güllə varsa istifadə edək və düşmən tam məhv edilsin. Bu an ağacın altında da canlanma baş verdi. Yeqin ki, hənirtini onlar da hiss etmişdi. Onlardan biri yanında olan palatkaya elini çırpdı və biz eyni anda onun tərəfinə atəş açdıq. Hələ alatoran idi, biz onları tam seçə bilmirdik, kölgə kimi görünürdülər. Biz bir qədər atəş açdıqdan sonra dayandıq, qarşıdan cavab yox idi, amma biz onların orada olduğunu dəqiq görmüşdük. Aramızda 15-18 metr məsafə ancaq olardı. Bunlar bizə niyə cavab verməsin – deyə, təəccüb içindəydik. Biraz atəşə ara verdikdən sonra heç bir reaksiya olmadığını gördükdə, irəliləməyə başladıq. Arxlar 1-1,5 metr derinliyində olardı və onlar buranı özlərinə səngər seçiblərmiş. İrəlilədikdə arxda bir erməni gördüm və Cabbarova dedim ki, sən o biri tərəfdən gəl. Amma hiss olunurdu ki, bu erməni özündə deyil, ehtimal ki, yaralı idi. Mən istədim, onu diri tutaq, amma Cabbarov onu kürəyindən vurmali oldu. Qarşıda qaçanların kölgəsini görürdük. Onların mövqeyini gəzdik və nə baş veridyini anlamadıq. Burada cəmi 2 meyit vardı, bəs bu qədər açılan atəş nə oldu?! Ölü hər halda çox olmalıydı. Hardasa 1 saat çəkmişdi bunlarla toqquşma. Artıq hava açılırdı.
Aprel ayında otun qalxan vaxtıdır, o yerlərdə ot hündür olur. Ermənilər də özlərini veriblər otluğa və yaralılarını dartirlar dallarıyca. Bizdən gizlənmək üçün sürünürlər, qaçmağa imkanları yoxdur…

İkinci, əsas əməliyyat bundan sonra başladı. Əl qumbarası elədir ki, atdığında, 3-4 metr qəlpə yuxarı paylanır. Onların çox olduğu yeri müəyyən etdikdə əl qumbarasını onlara tərəf atırdım və onlar da geri qumbara ataraq, cavab verirdilər. Mən arxın içindəydim, gizlənməyə imkanım vardı. Qumbaralarla bunlarlı, bir növ “daşlaşa-daşlaşa”, çıxardıq dözənliyə. Bu anda bizə bir dənə də dəstə köməyə gəldi. Biz isə bu ana qədər dəstəmizdən bir şəhid vermişdik. Mənim qrupumda əsgərlərimə heç nə olmamışdı, bizimlə gələn ikinci qrupdan bir şəhid vermişdik, iki döyüşçü də yaralanmışdı.
Erməniləri otluqdan çıxarandan sonra, ovçu arxayın ovunu nişan aldığı kimi, onları bir-bir aradan qaldırdıq. Bəziləri özünü üzümlüyə çatdıra bildi. Təsəvvür edin ki, məhv etdiyimiz erməni meydlərinin arasından keçib, girdik üzümlüyə. Bunları qovuruq… Bu vaxt arxadan, komandirdən əmr gəldi ki, olduğunuz yerdə qalın, qabağa getməyin. Bizə deyildi ki, tank göndərirəm, erməni meyidlərini yığıb gətirin. Bundan 5-6 gün öncə bizdən şəhid olanlar omuşdu. Məqsəd cəsədləri dəyişmək idi. Döyüşçülər cəsədləri yığanda birinə yaxınlaşırlar, bu, Vardanyan – erməni komandiri idi. Ermənilərin 17 meyidi ortada qalmışdı, biz onlardan 14 meyidi gətirib, basdırmışdıq, sonradan onlar bizim şəhidlərin cəsədləri ilə dəyişdirildi.

Döyüş isə onunla əlamətdar idi ki, bu döyüşdə biz ermənilərlə rusun texnika və artilleriya dəstəyi olmadan üz-üzə dayanmışdıq! Bizim onlarla üz-üzə dayandığımız heç bir döyüş bizim üçün uğursuz olmayıb. Ermənilər qarşımızda tab gətirə bilmirdi və dovşan kimi qaçırdılar! Onlar rusdan aldğı texnika və sursatın, rus ordusunun peşəkar artilleriyaçılarının atəşi dəstəyi hesabına bizi üstələyə bildilər. Amma hələ müharibə bitməyib! …

Könül SƏRDARLI










SON XƏBƏRLƏR
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı
Türkiyədə Əbülfəz Elçibəyin adına restoran açılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - V Yazı
Rusiya Dəməşqə yeni silahlar göndərib - FOTO
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
İrəvanı etiraz dalğası bürüdü — 100 min insan Fransa meydanına tərəf irəliləyir
Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili kim olub?
Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək
“Bu boyda kişini jurnalistlər öldürdü” – Ağacan Abiyev
İlham Əliyev Ramiz Mehdiyevə orden verdi
Ölüləri basdırmağa yer axtarıram...
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür
Şəhriyarın büstü dağıdıldı: etiraz başladı
Daha bir süpürgəçini maşın vurdu: Formasını çıxartdılar ki, bilinməsin
Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər
Türkiyə 2 şəhid verdi, 3 əsgər yaralandı
Mövlud Çavuşoğlu: “Suriyanı bu rejimdən xilas etmək lazımdır”
NATO Suriya üçün təcili toplanır
Türkiyə kiminlə olmalıdır? ABŞ-la, yoxsa Rusiyailə?..