Qarabag Media
Haqqımızda Əlaqə

Göydən üç alma düşdü...


Tarix:29-12-2016, 09:23 Baxış Sayı:201 Kateqoriya:Manşet, Yazarlar

Göydən üç alma düşdü...Düz dörd gündən sonra 2016-ya əlvida deyəcəyik. Fikirləşdim ki, bəlkə geridə qalmış ildə ölkəmizin sosial-iqtisadi və yaxud ictimai-siyasi həyatından bəhs edən bir yazı hazırlayım. Alınmadı.

Düzdür, yadımda bir-iki şey vardı. “Şərəfli” çekistlərimizin məhkəmələri, Xəzərdə qərq olmuş neftçilərimiz, ayağı bizə düşməyən idman yarışları, yeni tikilən yollarımız və binalarımız, kosmik sürətlə uçan ABŞ dolları və ilaxır və sair. Gördüm ki, oxucu kütləsi onsuz da bunlardan xəbərdardır. Həm də KİV-lər başa çatmaqda olan ili özləri mənsiz də “xırdalayacaqlar”. İstədim onları qabaqlayım. Birdən yadıma düşdü ki, 2017-ci ilin Novruz günlərində ATƏT-in Minsk Qrupunun yaradılmasının 25-ci ili tamam olur. Bu da sizin üçün gələn il gözləmədiyiniz bir “bayram”. Mən də düşündüm ki, bu ilə yox, 25 ilə baş vurum. Nə qədər əlləşdimsə də, önəmli və ciddi bir şey yadıma gəlmədi. Doğrudur, ATƏT bizə çox şey sırıyıb. Budapeşt, Lissabon, İstanbul sammitləri, Madrid, Kazan nə bilim daha hansı ölkənin paytaxtının prinsiplərini. Belə getsə xəritədə şəhər, qəsəbə və kənd qalmayacaq ki, orada yazılan cızma-qara prinsiplər siyasətçilərə soxuşdurulmasın. Onlar da hər dəfə qələm götürüb ATƏT-in Minsk Qrupu həmsədrlərinin yarı ayıq-yarı sərxoş başla işlətdikləri və siyasi lüğətdən köçürdükləri baş-ayaq cümlələri böyük həvəslə təhlil edirlər. Bu hələ harasıdır? Bir də görürsən ki, ya amerikalı, ya da rusiyalı həmsədr gecənin bir aləmində Tvitter səhifəsində Qarabağ münaqişəsindən heç özünün də baş açmadığı bir-iki cümlə yazdı. Ertəsi gün bu baş-ayaq cümlələr bizim bəzi qəzetlərin manşeti oldu. Avam kütlə də başladı müzakirəyə ki, bəs filan həmsədr xeyrimizə yazdı. Nə isə. Yadımda başqa məsələlər də qalıb. Bu ATƏT üç həmsədrini tabağa düşən qoz kimi salıb ortalığa. O ölkə sənin, bu ölkə mənim gəzirlər. Arabir unudulanda təmsil etdikləri ölkələrin rəhbərlərinin qulağına pıçıldayırlar ki, gərək mütləq Azərbaycan və Ermənistan prezidentləri görüşə. Beynəlxalq aləm görsün ki, biz də nəsə edirik. Onlar da xahiş filanla birtəhər prezidentləri gətirirlər bir araya. Adəti üzrə bu görüşdən öncə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov efirdə görünür. Məndən inciməsin, nə dediyini də bu günəcən başa düşməmişəm. Hər halda sonra mətbuatdan oxumuşam ki, xarici işlər naziri hər şeyin “OK” olduğunu deyir. Gözümüz zillənir prezidentlərin görüşünə. Nə edək? Məcburuq. İnsanın meymundan əmələ gəldiyini sübut edən Sarkisyanın sir-sifətinə və tülkü gözlərinə baxmağa. Heç olmasa ondan qabaqki prezident belə görüşlərdə bir-iki “xod” edirdi. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Parisin Rambuye qəsrində görüş vaxtı tualetə getmək adıyla aradan çıxmışdı. Zalım oğlu orada nə edibsə deyilənə görə, üstündən altı il keçməsinə baxmayaraq indi də içəri girənlər dəsmalla burunlarını tuturlar. O, hələ bu “xod”larla Serjin yanında pirəgetməli idi. Serj isə başqa üsula əl atıb. Görüşlərdən qayıdan kimi gurultulu müharibə bəyanatları verir. Sanki əlinin altında atom bombası var. Bir “priyom”da işlədir . Haçan düşmən televiziyasına və saytlarına baxırsan, bir qrup “vızbaş” erməni qadın vay-şüvənlə aksiya keçirir. Bir yekəqarın daşnak erməni polisi də neçə illərdir ki, onlardan birini yerdə sürüməklə məşğuldur. Guya əsgər analarıdır. Hər dəfə də eyni sifətlər, eyni sözlər. Serj də bu qurduğu şounu adlandırır Ermənistan demokratiyası. Hələ onu demirəm ki, iynəsinin dozasını artıranda dəlilik də edir. Necə ki, bir dəfə seçkilər zamanı Dağlıq Qarabağdan öz taylarını Yerevana gətirib dinc camaatı güllələtdirdi. Nə ATƏT-dən, nə də onun üç bacısından bir səs-soraq çıxmadı.

Deyəsən, mətləbdən uzaqlaşdım. Axı mən gələn il keçiriləcək “yubileydən” danışıram. Bu 25 ildə daha Amerikada, Rusiyada və Fransada nə qədər işsiz-gücsüz avara siyasətçi varsa dönüb olublar həmsədr. Bu illər ərzində yalnız aradagəzəliklə məşğuldurlar. Bilmirəm nədənsə erməni rəhbərləri ilə görüşəndə büzüşüb yaltaq sifəti alırlar. Qınamıram. Kilsədə yolları birləşir. Azərbaycanda isə eşitdikləri sərt sözlər, həqiqətlər keflərini pozur. Onda da gedirlər keflənməyə. Arabir gözləri axa-axa telekanallara müsahibə də verirlər. Hələ yanlarında biri də olur. Yəni 3+1. O da uzun illər parlamentdə qocalan bəzi deputatlarımıza oxşayır. Bu zalım Anjey Kaspirşik ATƏT sədrlərindən hansı yolla mandatı qopardırsa bilmək olmur. Hərdən adama elə gəlir ki, elə Azərbaycanda doğulub. Darıxanda da çıxır təmas xəttini seyr etməyə. Kefi lap yuxarı olanda, aşağılarını “üşütmə” tutanda keçir maşının dalına. Kameraya belə məhəl qoymadan maşını “yuyur...” Yarımçıq saqqallı bu bəndənin kimə işlədiyi bəlli deyil. Elə ki, Azərbaycanla Ermənistan arasında ara sakitləşir, maşınını sürdürür düz cəbhə xəttinə. Oradan da erməni dostlarına işarə verir ki, havaya bir-iki güllə atın. Qoy dünya görsün ki, ATƏT sədrinin şəxsi nümayəndəsi gülləbarandan canını güclə qurtardı. Biz belə hadisələri manşetlərə çıxarırıq. Elə Kasprşikə də bu lazımdır. Heç vaxt da konkret demir ki, güllə hansı tərəfdən atıldı. Sadəcə bığaltı gülümsəyir. Elə bilir ki, hamı ona inanır. Daha fikirləşmir ki, biz də nəsə qanırıq.

Bu 25 ildə çox şeylər olub. Mən hələ gurultulu sammitləri demirəm. Lissabon sammitindən sonra aşıqlarımız ortalığa düşüb elə çalıb-oxuyurdular ki, sanki Kəlbəcərin, Laçının, Şuşanın dağlarında saz çalırlar. Mən heç onları da qınamıram. Elə vaxtlar olub ki, özüm də inanmışam ki, bu sammitlərin bir faydası olar. Heç fikirləşməmişəm ki, indi Amerikanın yeni prezidenti D. Trampın dəyişmək istədiyi BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi haqqında dörd işləməyən qətnaməsi mövcuddur. Heç olmasa BMT-nin ordusu-zadı var. Hərdən bir dolana bilməyən muzdluları göndərirlər sülhməramlı adı ilə Afrikaya pul qazanmağa. Bu bədbəxt ATƏT-in nəyi var ki. Mənasız sammitlər, boş bəyanatlar, pulla satılan mandatlar və s. Baxaq bizim həmsədrlərə. Fransa Ermənistanın bacısıdır, Rusiya “dalında” durur, ABŞ isə hələlik Qafqazda “siyasi rəqs” edir. Belə də üçlük olar? BMT-nin, ATƏT-in və digər insan haqlarından dəm vuran Qərbin gözü qarşısında Rusiya Qafqazda Gürcüstanı parçalayaraq Cənubi Osetiya və Abxaziya adlı iki qondarma dövlət yaratdı. Beynəlxalq qurumların rəhbərləri yuxudan duranadək Kırımı işğal etdi. Ukraynanı da qoyub siyasi baxımdan yarıçılpaq vəziyyətdə. Kim səsini çıxarır ki? Bu da bizim ümid etdiyimiz ATƏT! Fransanın isə “erməni soyqırımı”ndan göz yaşları qurumaq bilmir. Hələ bir bu ölkədə “erməni soyqırımı”nı inkar etmək qadağan da olunub. Xanımlar və cənablar, nə vaxtdan danışmaq yasaqdır? Özü də o ölkədə ki, bizlərə az qala necə uşaq dünyaya gətirməyi, böyütməyi, danışmağı və s öyrədir. Hansın deyim, birdir, ikidir bəyəm? Hə, biri də yadıma düşdü. Elə ki, Azərbaycan rəhbərliyi beynəlxalq qurumların ünvanına Dağlıq Qarabağa görə sərt tənqidlər səsləndirir, bu həmsədrlər peyda olurlar Bakıda. Təcili gedirlər qaçqınların və məcburi köçkünlərin yaşadığı evlərə. Yalandan ciddi sifət alıb əllərindəki içi boş bloknotlara şəkillər çəkirlər. Millətimin bu bədbəxt və binəva qaçqınları və məcburi köçkünləri də başlayırlar dərd-sərlərini deməyə. Qınamıram. Onların yerində mən də olsaydım yəqin hər gələndən nəsə umardım.

Hərdən bu üç həmsədr “bacı” müxalifəti və QHT-ləri də yaddan çıxarmırlar. Guya Dağlıq Qarabağ münaqişəsi haqqında “qiymətli” fikirlərini öyrənirlər. Onların da bəzilərinin deməyə fərqli bir fikri yox. Ən yuxarısı deyirlər ki, işğal olunmuş torpaqlarımız müharibə yolu ilə qaytarılmalıdır. Nə olsun, bunu Azərbaycanın prezidenti İlham Əliyev də deyir də. Belədə üç bacı o saat başlayırlar hay-küy salmağa ki, cəmiyyəti sülhə hazırlamaq lazımdır. Özü də nədənsə bunu daha çox Azərbaycan ictimaiyyətindən umurlar. Sonra keçirlər ikinci mərhələyə. Bu da odur ki, guya hər şey iki ölkə prezidentinin iradəsindən asılıdır. Onlar razılaşarsa bunlar da hə deyəcəklər. Bir soruşan yoxdur ki, əgər iki prezident məsələni həll edə bilərsə siz nə düşmüsüz ortalığa? Nə bilim, deyirlər də. Nə az, nə çox, düz 25 ildir deyirlər. Hərdən də həmsədrlər təmsil etdikləri dövlətlərin siyasətlərinə uyğun Azərbaycan ictimaiyyətinə “dimedrol” da vururlar. Guya ki, yeddi rayon işğaldan azad olunacaq, vətənləri bilinməyən sülhməramlılar gələcək, xülasə, sülh və əmin-amanlıq olacaq. Yadıma bu ilin aprelində gedən döyüşlər düşdü. Azərbaycan əsgəri şücaət göstərib bəzi əraziləri azad edəndə bu üç bacını və onların təmsil etdikləri ölkələrin rəhbərlərini bərk qaşınma tutdu. Telefon zəngləri, bəyanatlar, Azərbaycan prezidentinə çağırışlar, xahişlər ara vermədi. Ay aman, müharibəni dayandırın. Ermənilər qırılır, müharibə mənasız prinsiplərimizə ziddir, nə bilim nə.

Deyəsən, çox uzun çıxdı. Neyləyim ki, 25 il də az müddət deyil. Təxminən üç aydan sonra Novruz bayramını qeyd edəcəyik. Həmin günlərdə bu həmsədrlik institutunun yaranmasının da 25 ili tamam olur. Bayram “bayrama” qarışır... Mən bilmirəm, həmsədrlər həmin günlərdə Bakıda olacaqlar, ya yox. Keçi və kosadan, bir də aşıqlardan xahiş edirəm ki, iki yeni həmsədr təyin olunub, işdi-şayət gəlsələr onlara sifət göstərməyin.

Bizim tərəflərdə bir adət var. Əgər kiminsə yaxını dünyasını dəyişirsə, bayram günləri camaat həmin şəxsin evinə gedir və başsağlığı verir. Adını da qoyublar qarabayram. Başqalarını deyə bilmərəm, mənim üçün bu ifadənin məntiqi yoxdur. Amma uzun illərin adətidir. ATƏT-in Mink Qrupunun yaradılmasını da qarabayram saymaq olar. Çünki bu 25 ildə həm də onların ucbatından igid-igid oğullarımızı itirmişik, torpaqlarımızın iyirmi faizi hələ də erməni daşnaklarının tapdağındadır. Onlarınsa vecinə deyil. İşğal olunmuş ərazilərdə Azərbaycan əsgərini görmək istəmirlər. Nəyin bahasına olursa-olsun millətin öz müqəddəratını təyin etmə hüququ kimi cəfəng və dünyaya münaqişə salan separatçı fikri ortalığa ataraq ikinci bir erməni dövləti yaratmaq istəyirlər. Vaxtı uzada-uzada, nə hərb, nə də sülh kimi sarsaq situasiya yaratmaqla.

ATƏT-in Minsk Qrupunun yaradılmasının 25 illiyindən danışarkən böyük yazıçımız və dramaturqumuz, mərhum Mirzə Cəlilin “Ölülər” dramı yadıma düşdü. Kefli İsgəndərin monoloqunu xatırladım. Sanki bunlara deyir: “Baxın! Baxın! Yaxşı baxın! Diqqәtnən baxın! Sizin tarixlәrinizin kitabında bu, qan ilә yazılmış bir sәhifәdir. Sizdәn sonra gәlәnlәr bu kitabı vәrәqlәyib, bu sәhifәni görәndә sizi yada salıb deyәcәk: (ucadan) tfu sizin üzünüzә!. ”
Bunu yazmaqda məni qınamayın.

Göydən üç alma düşdü...Göydən üç alma düşdü: Biri Amerikanın, biri Rusiyanın, biri də Fransanın. Bəs 25 ildir nağıla qulaq asanlar necə?

P.S: Mən ciddi bir siyasi məqalə yazmaq istəyirdim. Alınmadı. Çünki ATƏT-in Minsk Qrupu heç buna layiq də deyil. Bir də ki, müəyən ifadələrə görə oxuculardan üzr istəyirəm.

Müqəddəs Mehdiyev,
“Şimal xəbərləri” qəzetinin baş redaktoru




loading...




SON XƏBƏRLƏR
Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - MƏLEYKƏ ABBASZADƏ
”Qarabağ” dünya azərbaycanlılarının qürur yerinə çevrilib” - Belçikalı aktyor
Nüfuzlu “Football Times” jurnalı "Qarabağ" klubu barədə geniş məqalə dərc etdi
Füzuli və Cəbrayıl rayonlarının işğal etməsindən 24 il ötür - VİDEO
Səhiyyə Nazirliyi donorlar üçün qanvermə qaydalarını açıqlayıb
Türk qatili “Yəhudi ovçusu”na necə çevrildi?
Ən gözəl üz cizgilərinə sahib xalq
Azərbaycan Belarusdan çörək almağa başlayıb
Dahi casus, bakılı alman – Rixard Zorgenin mübarizə və ölüm hekayəti
ABŞ və Qətər birgə hərbi təlimlər keçirib
“Azərbaycanda çay sektorunun inkişafına töhfə verməyi planlaşdırırıq”
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Xalq artistinə qarşı dələduzluq - 70 min manatını aldılar
XX əsrin əvvəllərində şimali Azərbaycanda fəlsəfi-siyasi fikir
Misirdə Qafqaz Albaniyası haqda qədim mətnlər tapıldı
Ərdoğan Almaniya XİN rəhbərini kəskin tənqid edib
İstanbul Azərbaycan Teatrının ilk layihəsi olan ‘Adsız qadın‘ - FOTOLAR
Avtobus sürücüsünə silah çəkən şəxsin kimliyi müəyyənləşib
Laçınlar yurdunun köməksiz futbolu və ya torpaq meydançadan Londona gedən yol - FOTOLAR
Azərbaycanda oğurlanan nadir əşyalar tapıldı
Yüz yaşlı pedaqoq
Barselonada terror aktında şübhəli bilinən 4 nəfərin hamısı öldürülüb
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
"Məni öz həkimlərimiz bu hala saldı" - FAYTONÇU NAZİM
AŞIQ ƏLƏSGƏR FENOMENİNİN AÇILIŞINA, MÖCÜZƏLİ YARADICILIĞININ TƏHLİLİNƏ DÜZGÜN BAXIŞ
“23 avqustda “Qarabağ”a dəstək üçün stadionda olacağıq” - Danimarkalı siyasətçi
Avropa Birliyi Şimali Koreyaya qarşı sanksiyaları genişləndirdi
Koalisiya qüvvələri Suriyaya zərbə endirdi - 20-ə yaxın ölü
Qaxın Sarıbaş kəndindəki “Qədim məscid” bərpa olunur
Köçkünlərin yaşadıqları evin yanından neft çıxdı - VİDEO