Qarabag Media
Haqqımızda Əlaqə

Roma Papasına diz çökdürən `Tanrının qırmancı` –Hun imperatoru Atilla

Tarix:22-12-2016, 10:04 Baxış Sayı:746 Kateqoriya:Manşet, Türk dünyası, Tarix

Roma Papasına diz çökdürən `Tanrının qırmancı` –Hun imperatoru Atilla

Eramızın 452-ci ilində Avropanın dini və siyasi mərkəzi olan Romada min illərlə unudulmayacaq hadisə baş verdi. Bütün Avropa Hun qoşunlarının bircə zərbəsi ilə çökməyə hazır durumda idi.

Roma böyük təlaş içində vurnuxurdu və çox gərgin anlar yaşayırdı. İmperator və saray əhli tir-tir əsərək, sonlarını gözləyirdilər. Bütün saray əhli çözüm yolu axtarırdı. Onların üzərinə gələn ordu dünyanın ən güclü və döyüşkən ordusu idi. Qoşunun başçısı isə məğlubedilməz qəhrəman sayılırdı. Roma sarayının başbilənləri və Xristian din xadimləri rəhbərləri uzun və gərgin müzakirələrdən sonra çözüm yolunu tapdılar: “Türklər hər kəsin dini inancına sayğıyla yanaşır, din böyüklərinə və ibadət yerlərinə toxunmurlar. Deməli, dünyanın ən güclü ordusunun başçısının qarşısına dini lideri çıxarmaq lazımdı. O, dini liderə toxunmayacaq”.

Beləcə, Romanı mühasirəyə alan hun qoşunlarının qarşısına Roma papası çıxdı.

Tarixi qaynaqlarda yer alan məlumatlara görə, Roma papası hun qoşunlarına başçılıq edən qəhrəman savaşçının önünə çıxaraq belə deyib: "Ey yoxsulların qoruyucusu! Ey zalımların qorxusu! Ey böyük türk sərkərdəsi! Mən, bütün Xristianların təmsilçisi olan papa, önününüzdə diz çökərək yalvarıram: Romaya girməyin! Dünya Xristianları adından sizdən xahiş edirəm, bizə rəhm edin!"

Deyilənlərə görə, “yoxsulların qoruyucusu” və “zalımların qorxusu” olan hun qoşunlarının sərkərdəsi isə papaya belə cavab verib:"Qalxın! Din böyüyünün önümüzdə əyilməsinə könlümüz razı deyil. Qalxın, Romanı sizlərə bağışlayıram. Barış və qardaşlıq içərisində yaşadığınız müddətdə məndən sizə zərər gəlməyəcək. İmperatorunuz romalıları ədalətlə idarə etdiyi müddətdə sizdən uzaq duracam. Əks halda yenidən yanınızda olacam…"

“Bütün dünya xristianları” adına diz çökən şəxs Papa 1-ci Leo, papanın qarşısında diz çökdüyü hun sərkərdəsi isə hələ sağlığında “Tanrının qırmancı” kimi tanınan böyük türk bahadırı Atilla idi.

Atillaya qədər

Əski Çin qaynaqlarının "Hiungnu" adlandırdığı Hunların tarix səhnəsinə gəlməsi miladdan min il öncəyə təsadüf edir. Həmin dönəmdə Hunlar indiki Monqolustan torpaqlarında, Çinin quzey və batı ərazilərində yaşayırdılar. Hunların əski yaşam tərzi, dünyagörüşləri, inancları və sair haqqında yetərincə bilgi yoxdur. Tarixə bəlli olan ilk imperatorları Teoman, ən ünlü imperatorları isə Mete olub. Hazırda dünyada Çin səddi kimi tanınan müdafiə divarı da məhz bu sərkərdələrin əzəməti qarşısında duruş gətirə bilmək üçün qurulub.

Mete hakimiyyətdə olduğu illərdə Çini məğlub edərək, imperatorluğu illik xərac verməyə razılaşdırmışdı. Metenin zamanında Hun İmperatorluğu Yapon dənizindən Xəzər dənizinə qədər olan ərazini əhatə edirdi.

Metenin ölümündən sonra İmperatorluğun qüdrəti getdikcə zəiflədi. Nəticədə, Batı Hun dövləti və Doğu Hun dövləti olmaqla 2 yerə parçalandı.

Eramızın I yüzilliyinin ortalarında Doğu Hun dövlətinin özü də 2 yerə parçalandı. Bu parçalanmadan Quzey Hun dövləti və Güney Hun dövləti meydana gəldi.

Sonralar Avropa Hun İmperiyası və Ağ Hun İmperiyası tarix səhnəsinə çıxdı.

Roma Papasına diz çökdürən `Tanrının qırmancı` –Hun imperatoru Atilla

Avropa Hun İmperiyasının yaranması

Bu dövlət Hunların qurmuş olduğu dövlətlərdən biridir. Avropa qitəsində yarandığı üçün tarixdə daha çox Avropa Hun dövləti kimi haqqında bəhs edilir. Bəzən Batı Hun dövləti də adlandırılır.

Haqqında söhbət açacağımız “Tanrının qırmancı” Atilla da məhz bu dövlətin liderlərindən biri olub.

Avopa Hun İmperiyasının qurulma tarixinin 352-ci il olduğu qəbul edilir. Qurucusu və ilk başçısı Kama Tarxandır. Dövləti Xəzər dənizi ətrafında yaşayan ayrı-ayrı türk boyları birlikdə qurmuşdular. Bu boylar oğurlar, tunquzlar, sarmatlar, iskitlər və digərləri idi.

Kama Tarxan 370-ci ildə öldü. O, hakimiyyətdə olduğu 18 il ərzində əsasən dövlət quruculuğu ilə məşğul oldu. 370-ci ildə dövlətin başına Kama Tarxanın oğlu olduğu deyilən Balamir keçdi. Balamir İtil (Volqa) çayını keçərək dövlətin sərhədlərini Avropaya doğru xeyli genişləndirdi. 375-ci ildə qot tayfalarını məğlub elədi. O, 378-ci ilə – ölümünə qədər imperiyaya başçılıq elədi.

378-ci ildə dövlətin başına avropalıların "Baltazar" dediyi Alipbi gəldi. Alipbinin dönəmində Hunlar Avropanın içərilərinə doğru irəliləyərək Dunay çayını keçdilər. Bu zaman Roma yönətimindən narazı olan etnoslar da Hunlara yardımçı oldular.

390-cı ildə Uldız taxta çıxdı. Uldızın zamanında dövlətin ərazisi daha da genişləndi. Bu zaman Roma İmperiyası xeyli zəifləmiş, 395-ci ildə isə 2 yerə parçalanmışdı. Bu da Uldızın qarşısında dövlətin gücünü artırmaq üçün yeni imkanlar yaratmışdı. 395-ci ildə türklər Anadoluya daxil oldular və Hun İmperiyasının ərazisini Aralıq dənizinə qədər genişləndirdilər. Lakin bir müddət sonra buralardan geri çəkildilər. Uldızın hakimiyyət illərində dövlətin xarici siyasəti formalaşdı, ölkə xeyli inkişaf etdi və gücləndi. Qaynaqlar onun Roma elçisinə “Günəşin batdığı yerə qədər hər yeri ala bilərəm” – dediyini yazır.

412-ci ildə hakimiyyətə Qaradon gəldi. 422-ci ilə qədər dövləti idarə edən Qaradon daha çox Uldızın zamanında əldə edilmiş uğurları qoruyub-saxlamağa çalışdı.

Qaradon öləndən sonra Rua hakimiyyətə gəldi. O, dövləti qardaşları olan Muncuq, Aybars və Oktarla birgə idarə edirdi. Qısa müddət sonra Muncuq öldü. Roma ilə Uldız dönəmində mövcud olan münasibətlər Rua zamanında gərginləşdi. Hunlarla Doğu Roma imperiyası arasında müharibə baş verdi. Nəticədə, Roma məğlub oldu və Hun dövlətinə xərac vermək məcburiyyətində qaldı.

434-cü ildə Rua öldü. Hun İmperiyasının başına Ruanın qardaşı Muncuğun oğlu Atilla gəldi…

Atillanın kimliyi

Atilla 395-ci ildə anadan olub. Hun dövlətinin qurucularından olan Muncuk Xanın oğludur. 434-cü ildən başlayaraq qardaşı Bledu ilə birgə Hun İmperatorluğunu yönətməyə başlayır. Bir neçə il sonra qardaşı öldürülür. Bundan sonra Atilla imperatorluğun yeganə başçısı olur. O, nəhəng torpaqlarla birgə 750 minlik qoşun birləşmələrinə və 50-dən artıq tayfa birliyinə rəhbərlik edən qüdrətli imperatora çevrilir. Atilla ana dili ilə bərabər, latın dilini də yaxşı bilirdi. Üstəlik, bir neçə il Bizansda yaşamışdı. Odur ki, Roma və bütövlükdə Avropa mühitini də çox yaxşı tanıyırdı. Liderlik qabiliyyəti, savaş məharəti və ağıllı siyasəti nəticəsində Bizansdan xərac alır, indiki Rumıniya, Bolqarıstan, Fransa ərazilərinin böyük hissəsini fəth edir. Az qala, bütün Avropa ona xərac verir və haqqında “Tanrının qırmancı” deyə danışılır.

Bir çox araşdırmaçıların ortaq fikrinə görə, "Hun" sözü tayfa birliklərinin adı idi. Atillanın mənsub olduğu soy da bu Hun tayfa ittifaqının tərkibinə daxil olan türk tayfalarından biri idi. Tanınmış azərbaycanlı araşdırmaçı Araz Qurbanov “Damğalar, rəmzlər… mənimsəmələr” monoqrafiyasında Tatarıstanda nəşr edilmiş “Bulqar xalqının xəzinəsi” kitabına əsasən yazır: “Atilla dulo tayfasındandır. Bu tayfanın törəmələri V-VII əsrlərdə Bulqar dövlətinin xanları olmuşlar. Onların arasından Kubrat, Bat-Boyan, Şambat və Asparux kimi hökmdarlar çıxmış, Qara Bulqar, Volqa Bulqar, Dunay Bulqar və Kiyev Rus dövləti kimi güclü türk-slavyan məmləkətlərini qurmuşlar”.

Araz Qurbanov həmin əsərində tanınmış qaraçay-balkar tarixçisi Nazir Budayevə istinadən bunu da yazır: “Atillanın bayrağını qızılı qurd başı təsviri bəzəyirdi”.

Qaynaqlara görə, Atilla orta boylu, məğrur duruşlu, enlikürək, seyrək saqqallı, yastı burunlu və nisbətən kiçikgözlü idi.

Atilla adının anlamı haqqında fərqli fikirlər var. Bu adın İtil (Volqa) çayının adından götürüldüyünü iddia edənlər var. Bəzi araşdırmaçlara görə, əski bolqar dilində “sözü bütün dünyaya keçən lider” anlamındadır. Eyni zamanda əski qot dilində "ata" mənasını verən "Atta" sözündən yarandığı da deyilir. Digər versiyaya görə, Atilla sözü əski türkcədə “məşhur, ünlü, sayğın” anlamını verən "Atlıq" sözündən meydana gəlib.

Avropa Hun İmperatorluğu Atilla dönəmində

İlk illər dövləti qardaşı Bledu ilə birgə yönətsə də, sonralar şəxsi keyfiyyətləri və qabiliyyətləri sayəsində Atilla İmperatorluğun yeganə başçısına çevrildi. Onun əsas istəyi bütün Bizansı – həm Doğu Roma, həm də Batı Roma İmperatorluğunu hakimiyyəti altına almaq və beləliklə, bütün Avropaya tam sahib olmaq idi.

Atillanın ilk hədəfi Doğu Roma İmperatorluğu oldu. Bu səbəblə Bizans üzərinə yürüş etdi. Doğu Roma imperatoru illik vergi qarşılığında xilas ola bildi. Sonralar Atilla Konstantinapolu almağa cəhd etsə də, imperator vergini ikiqat artırmaqla Atillanı bu fikrindən daşındıra bildi. Bu razılaşma tarixə Marqos Sülh Müqaviləsi kimi yazıldı.

Marqos Müqaviləsinə görə:

– Bizans vergini 2 dəfə artıracaq;

– Hunların hakimiyyəti altında olan heç bir etnosla görüşmə keçirməyəcək, razılaşma imzalamayacaq;

– Ticari əlaqələr yalnız sərhəd ərazilərdə aparılacaq;

– Bizans əlində olan bütün hun əsirlərini azad edəcək.

…Batı Roma imperatoru III Valentini daha ağır günlər gözləyirdi. Onun rahibə olaraq kilsəyə qapadılan bacısı Hanoriya Atillaya nişan üzüyü göndərir və onunla evlənmək istədiyini bildirir. Bu hadisədən sonra Atilla imperatora mesaj göndərərək, nişanlısının sərbəst buraxılmasını və Batı Roma İmperatorluğunun torpaqlarının tən yarısını cehiz olaraq verilməsini tələb edir. Bu zaman “Tanrının qırmancı” gözlənilmədən Romaya – Batı Roma İmperatorluğu üzərinə yürüş edir. Bütün Avropanın hələ də unuda bilmədiyi tarixi hadisə məhz bu yürüş zamanı baş verir: Atillanın qüdrəti qarşısında duruş gətirə bilməyəcəyini anlayan Roma, papa III Leonu Atillanın qarşısına çıxarır. Papanın yalvarışları qüdrətli və zəhmli olduğu qədər də mərhəmətli olan Atillanı yumşaldır. Roma beləcə xilas olur.

Atilla hakimiyyətdə olduğu dönəmdə 4 böyük səfər edib: onlardan ikisi Balkan, ikisi isə Roma üzərinə olub.

Birinci Balkan səfəri

Bu səfər 442-ci ildə gerçəkləşib. Bu zaman Atilla Doğu Trakyaya qədər irəliləyib, Dunay çayı üzərində yerləşən bir sıra mühüm qalaları ələ keçirib.

İkinci Balkan səfəri

Bu tarixi səfər isə 447-ci ildə olub. Bizans müqavilədə razılaşdırılmış bəzi şərtlərə ya əməl etmir, ya da şərtlərə çox ləng şəkildə əməl edirdi. Üstəlik Bizansın Hun İmperiyasında yaşayan German tayfalarını ayağa qaldırması Atillanın növbəti səfərinə nədən oldu. Bu səfərdə Atilla Yunanıstan ərazilərinə qədər irəlilədi. Bizans (Doğu Roma) imperatoru Teodos barış imzalamaq zorunda qaldı. Bu müqavilədə Atillanın cəzası ağır olur – Bizansın illik vergisi 3 dəfə artırılır.

Batı Roma (Qalya) səfəri

İmperator II Valentinin bacısı Hanoriyanın təklifi Roma üzərinə yürüş etmək üçün Atillaya yaxşı fürsət verir. 451-ci ildə o, Batı Roma üzərinə yeriyir. Bu zaman iki İmperatorluq arasında qızğın döyüş olur. Roma ordusu ağır itkilərlə üzləşir.


İkinci Batı Roma (İtaliya) səfəri

451-ci ildə ciddi nəticə əldə edə bilməyən Atilla 1 il sonra – 452-ci ildə 100 minlik ordu ilə yenidən Batı Roma üzərinə yeriyir. Bu dəfə Atillanın qüdrəti qarşısında duruş gətirə bilməyəcəyini kəsinliklə anlayan Roma Atillanın qarşısına papanı çıxarmalı olur. Yazının əvvəlində deyildiyi kimi, Atilla papanın yalvarışları qarşısında kübarca davranır və kimsəyə toxunmadan geri dönür.

Bu səfərdən sonra Atilla artıq Avropanın tək başçısı idi.

Lakin Atilla bununla yetinmədi. O, təkcə Avropanın deyil, bütün dünyanı hun-türk hakimiyyəti altında birləşdirməyə qərarlı idi. Növbəti hədəfi isə Sasani İmperiyası olacaqdı. Ancaq 453-cü ildə bu səfərdən geri dönərkən, bütün Avropanın yuxusunu qarışdıran “Tanrının qırmancı” gözlənilmədən dünyasını dəyişir…

Atillanın ölümü

Atillanın necə və nədən öldüyü bu günə qədər gizlin olaraq qalmaqdadır. "Öz əcəli iləmi öldü, yoxsa zəhərlənərək öldürüldü?" sualının hələ də dəqiq cavabı yoxdur. Bəlli olan odur ki, 453-cü ildə Roma səfərindən geri dönərkən milliyətcə german tayfalarından olan İldiko adlı qadınla evlənir. Səhər yatağından qan içində, ölmüş halda tapılır.

Bəzi qaynaqlara görə, Atillanın burnundakı damarlardan biri partlayıb və qanaxmadan ölüb. 58 yaşı olmasına baxmayaraq, olduqca qüvvətli və sağlam olan Atillanın qəfil ölümü gözlənilməz idi.

Səhərisi gün cənazəsi qızıl tabuta qoyulur. Qızıl tabutu isə öncə gümüş, sonra isə dəmir tabutun içərisinə yerləşdirilir. Çay qırağında gizli bir yerdə dəfn edildikdən sonra çayın axın istiqaməti dəyişdirilir və dəfndə iştirak edən hər kəs oxla vurularaq öldürülür.

Bəzi mülahizələrə görə, Atillanın dəfn olduğu yer Dunay çayının altı idi.

Atilladan sonra

Atilla Xəzər dənizindən Baltik dənizinə qədər geniş əraziləri nəzarətdə saxlamağı bacaran və bu torpaqlarda yaşayan yüzlərlə etnosu hakimiyyəti altında birləşdirmək qabiliyyətinə sahib olan tək lider idi. Atillanın ölümündən sonra İmperatorluq sürətlə zəifləməyə başladı. 453-cü ildə Atillanın taxta çıxan oğlu İlek birliyi və bütövlüyü qoruyub saxlaya bilmədi. Atillanın digər oğulları (bəzi qaynaqlarda ögey qardaşları) Dengizek və İrnək də bir-biri ilə yola getmirdi. 454-cü ildə tarixə Nedao savaşı kimi yazılan Hunların german tayfaları ilə qarşıdurmasında german tayfaları mütləq qələbə çaldı. Bu savaşdan sonra ayrı-ayrı etnoslar idarəolunmaz duruma gəldilər. Beləliklə, bir zaman bütün Avropaya ağalıq edən və hədəfi dünya hakimiyyəti olan bir İmperatorluq ildən-ilə zəiflədi.

Avropa Hun İmperiyasının son başçısı Dengizek oldu. 469-cu ildə onun ölümündən sonra İmperiya tamamilə dağıldı. Bu illərdə Avropanın içərilərinə doğru yayılmış hun-türk boyları Qara dənizin quzeyinə qədər geri çəkildilər.

Avropa Hun İmperatorluğunda idarəetmə

Bu İmperatorluqda əsas söz sahibi dövlətin başçısı idi. Lakin dövlət başçısına hansı adın verilməsi haqqında qaynaqlarda kəsin bilgi yoxdur. Digər əski türk boylarında olduğu kimi, hunlarda da dövlət başçısının Tanrı tərəfindən seçildiyinə inanılırdı. Dövlətin başında dayanan rəhbərlər seçkin insanlar sayılırdı. Dövlətə rəhbərlik etmək istəyən şəxs seçilmiş soydan gəlməli idi.

Dövlət Doğu və Batı qoluna bölünərək idarə edilirdi. Hər iki əraziyə rəhbərlik edən şəxs hökmdara tabe idi. Hökmdarın ətrafında ona yardımçı olan insanlar vardı. Yardımçılar nüfuzlu soylar və şəxslər arasından seçilərdi. Bu zaman onların bilgili və bacarıqlı olması da şərt idi.

Avropa Hun dövlətinin idarə olunmasında qadınlar da xüsusi söz sahibi idi. Ən əski türk boylarında min illər öncədən mövcud olan gələnəklər hunlarda da qorunub saxlanmaqdaydı. Bu gələnəyə görə dövlətin gələcək başçısı olacaq şəxsi Əsil Qandan gələn, təmiz türk soyundan olan qadın doğmalı idi. Bu üzdən Atillanın türk soyundan olan arvadı Arıkanın sarayda geniş səlahiyyətləri vardı. Gələnəyə görə, Atilladan sonra dövlətin başçısı Arıkandan olan övladları ola bilərdi. Atillanın arvadı Arıkanın ayrıca sarayı və qulluqçuları vardı. O, burada dövlətin adına elçiləri qəbul edə bilirdi.

Atillanın dediklərindən

Atilla təkcə savaşçı və dövlət başçısı deyildi. O, həm də müdrik lider və bacarıqlı siyasətçi idi. Atilla Tanrıya inanır və yaradılışın sirlərindən az-çox xəbərdar idi. Onun Romada ikən xristianlara söylədiyi “Siz şaşırmısınız, Tanrının oğlumu olur”? – söyləməsi onun tək Tanrıya sonsuz inancından xəbər verir.

“Mən və millətim Tanrının qırmancıyıq. Tanrı yoldan azmışları cəzalandırmaq üçün bizi göndərir” – deməsi onun Tanrı nizamına (İlahi nizama) bağlılığını və Tanrının ədalətinə olan sevgisini göstərirdi.

“Sərhədlərinizdə problem varsa, sərhədlərinizi genişləndirin” – deməsi isə, onun uzaqgörən siyasi lider olmasından xəbər verir. Atillanın liderlik özəlliklərini xarakterizə edən bəzi sözlərini birlikdə oxuyaq:

– Uğurlarınız nə qədər böyük olarsa, düşmənlərınız də o boyda hadisələrlə qarşınıza çıxacaq.

– Son dərəcə bacarıqlı olmalısız. Bu, hər zaman hazırlıqlı olmanıza və millətimizin yüksəlişinə yardımçı olacaq.

– Durumu bilmirsinizsə, qəzəblə irəli atılmayın.

– Necə varsınız, elə davranın, mövqeyinizdən gələn saxta qürura qapılmayın.

– Düşməninizin gələcəkdə sizə güvənməsini istəyirsinizsə, onlara verdiyiniz sözə əməl edin.

– Ən yaxşı ordu başçıları ən uyğun zamanda sual vermək qabiliyyəti olanlardır.

– Heç zaman qarşınızdakını kiçik görməyin.

– Razılaşma zamanı bəxtinizə güvənməyin. Görüşməyə getməzdən öncə, düşmənin güclü və zəif tərəfini yaxşı öyrənin.

– Bütün hunlar kor olsaydı, tək gözlü hun hökmdar olardı.

– Qalib gəlməyin təməli “Nə zaman?” və “Harada?” sualının cavabındadır…

Namiq Hacıheydərli

SON XƏBƏRLƏR
Məhkəmə Əli İnsanovun vəsatətini təmin etməyib
Rusiya ordusunun Xocalı töhfəsi
"Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yaranıb" - Elmar Həsənov
`Ermənilərin istənilən hərəkətlərinə cavab verilir və itkiləri daha çox olur` - MÜSAHİBƏ
`Qaçqın` statusunun verilməsi qaydası dəyişdi
Turan İmperiyasının tarixi və mahiyyəti - II Yazı
`Ərim leykoz olduğumu bilən kimi məni atdı` - 30 YAŞLI GÜNELİN DRAMI
Milli Qəhrəman Ərəstun Mahmudovun doğum günüdür
İrəvanın Rusiyadan nə qədər “İsgəndər” aldığı bilindi
Şəhid əsgərimiz dəfn edildi
”Xocalı soyqırımını Belçika Parlamentində müzakirəyə çıxarmaq mümkündür” - Belçikalı deputat
Azərbaycan Respublikasının Müstəqillik yolu: geoiqtisadi müstəvidən baxış
Cəbiş müəllimin qeyrətini çəkənlər
Ermənilər Laçın rayonunu minalardan təmizləyir - VİDEO
Ürəklərdə əbədi yaşayan şəhid-qəhrəman Rasim Şahsuvarov
Ermənistan Müdafiə Nazirliyində insident
Erməni əsgər öldürülüb
Türk pilotlar terrorçuların başına od yağdırdı: 56 ölü
İRANDA REPRESSİYA - 4 güneyli soydaşımız ana dilinə görə həbs edildi
Boris Nemtsovun qızı verdiyi suallarla erməni naziri çaş-baş saldı
Generallar cəbhəyə getdi - Foto
Cəbhə xəttində gərginlik davam edir
Ötən ildə dünya ticarətinin artım tempi son 8 ilin minimal səviyyəsində olub
Ukraynada Xocalı soyqırımı abidəsi ucaldılacaq
Tiflisdə Xocalı soyqırımına həsr olunan filmin təqdimatı keçirilib
“Dünya birliyi Xocalı soyqırımına hüquqi qiymət verməlidir” - Enes İbrahim
Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi
Ermənilər artilleriyadan atəş açdı: əsgərimiz şəhid oldu
"Kaş ki, türklərlə birlikdə Cənubi Avropanı ələ keçirsəydik." - Jirinovski
Lavrov və Tillerson ikitərəfli münasibətləri müzakirə ediblər