Qarabag Media
Haqqımızda Əlaqə

1890-1920-ci illərdə ermənilərin Türkiyədə törətdikləri qırğınlar


Tarix:21-12-2016, 18:30 Baxış Sayı:4600 Kateqoriya:Manşet / Araşdırma

1890-1920-ci illərdə ermənilərin Türkiyədə törətdikləri qırğınlar

Ermənilərin Osmanlı imperiyasının ərazisində türklərə qarşı törətdikləri qırğınların ilk mərhələsi XIX əsrin 90-cı illərinə təsadüf edir. 1877-1878-ci illər rus-türk müharibəsindən sonra Osmanlı imperiyasını bölüşdürmək istəyən dövlətlər tərəfindən ortaya atılan “erməni məsələsi” gündəliyə gəlmiş, erməni siyasi partiyaları və onların silahlı dəstələri formalaşmışdı.

1885-ci ildə “Armenakan”, 1887-ci ildə “Hnçak” və 1890-cı ildə “Daşnaksutyun” partiyasının meydana çıxmasından sonra erməni separatizmı güclənmiş, ermənilər xarici dövlətlərin və onların Türkiyədə qurduqları missioner təşkilatlarının dəstəyi ilə “erməni muxtariyyəti” məsələsinı silah gücünə əldə etmək yolunu tutmuşdular. Ermənilər Türkiyənin bütün vilayətlərində azlıq təşkil etmələrinə baxmayaraq Osmanlı sarayında yüksək vəzifələr tutur, dövlətin “sadiq təbəəsi” kimi hər cür imtiyazlardan istifadə edirdilər. Lakin xəyanət yolunu tutan ermənilər, Rusiyanın onları silahlandımasından istifadə edərək üsyanlara qalxmışdılar.

Türk tarixçisi Esat Urasın verdiyi məlumata görə, ilk erməni üsyanı 1890-cı il aprelin 20-də Ərzurumda baş vermişdir. Şəhərdəki erməni məktəbləri və kilsələri silah-sursat anbarına çevrilmişdi. Valinin erməni kilsəsində axtarış aparmaq istəməsinə qarşı çıxan ermənilər üsyana qalxmış və bu zaman “Daşnaksutyun” partiyasının tapşırığı ilə bir erməni öldürülmüşdü. Bundan fürsət kimi istifadə edən erməni separatçılarının yaratdıqları Vətəndaşları Müdafiə Dərnəyinin qurucuları erməniləri üsyana təhrik edir. Üsyana qatılmayan ermənilər döyülür. İğtişaşlar zamanı hər iki tərəfdən 100 nəfərdən artıq insan ölür və 200-300 nəfər yaralanır. Bununla ermənilər ümid edirdilər ki, şəhərdəki xarici dövlətlərin konsulluqları Ərzurum hadisələrini öz hökumətlərinə böyük fəlakət şəklində çatdıracaqlar. (Esat Uras. Tarihte Ermeniler, s.459)

15 iyun 1890-cı ildə “Hnçak” partiyasının çağırışı ilə İstanbulun Qumqapı səmtində ermənilər etiraz nümayışlərinə başlayırlar. Oradan Sultan sarayına yürüş edən ermənilərin qarşısını əsgərlər kəsirlər. Toqquşma zamanı iki türk əsgəri öldürülür. İğtişaşların təşkilatçısı həbs edilir və məhkəmə ona ölüm cəzası kəssə də, sonradan Sultan Əbdülhəmid onu əfv edir. 1891-ci ilin əvvəlində isə Sultan Əbdülhəmid cinayət törədən bütün ermənilərə ümumi amnistiya fərmanı imzalayır.

XIX əsrin sonlarında Türkiyədəki erməni kilsələrinin fəaliyyətini təhlil edən Rusiyanın Ərzurumdakı konsulu V.Mayevski yazır ki, erməni kilsələrinin dini fəaliyyətləri cüzidir, keşişlər Allahın kəlamlarını vəz etməkdən daha çox, müsəlmanlarla xristianlar arasında milli ədavətin qızışmasına çalışırlar.

1892-1893-cü illərdə “Hnçak” partiyasının təhriki ilə erməni silahlı dəstələri Merzifonda, Kayseridə, Yozqatda və digər yerlərdə iğtişaşlar törətmiş və terror aktları həyata keçirmişdilər. 1894-cü ildə erməni silahlı dəstələri Muş ətrafındakı kəndlərə basqın edərək əllərinə keçənləri öldürmüş sonra isə Vanı ələ keçirmək istəsələr də türk ordusunun cavab tədbirləri ələ almasından sonra dağlara çəkilmişdilər.

1895-ci ilin sentyabr ayında xarici ölkələrin diqqətini çəkmək üçün erməni komitəçilərinin təhriki ilə İstanbuldakı Qumqapı erməni kilsəsinin önünə toplaşan 3-4 min erməni Osmanlı hökumətinin yerləşdiyi binanın üzərinə silahlı hücuma keçmişdi. Jandarma və polisin üzərinə atəş açan ermənilərin hücumunun qarşısı alındıqdan sonra üsyançılar dağılaraq kilsələrdə gizlənmişdilər. Həmin ilin sentyabrında müasir silahlarla təchiz edilmiş 4000 erməni Zeytun qəsəbəsinə hücum etmiş, qaymaqamla birlikdə 50 zabit və 600 türk əsgərini əsir götürmüşdülər. Osmanlı ordusunun əsgərləri qiyamçılara qarşı hərəkətə keçdikdən sonra ermənilər ələ keçirdikləri əsirləri azad etmiş və Zeytuna sığınmışdılar. Bu zaman altı dövlətin Türkiyədəki konsulları “vasitəçilik” missiyası adı altında erməniləri himayə etmişdilər. 1895-ci ildə erməni komitəçilərinin təhriki ilə ermənilər Trabzonda, Gümüşxanədə, Bayburtda, Ərzurumda, Xınısda, Muş və Bitlisdə qiyam qaldıraraq iğtişaşlar törətmiş, minlərlə günahsız insanın ölümünə səbəb olmuşdular.

1. 1896-cı ilin iyun ayında Avropa dövlətlərinin diqqətini “erməni muxtariyyəti” məsələsinə çəkmək üçün rus silahları ilə silahlanmış 600-ə yaxın erməni Van şəhərində iğtişaşlar törətmişdi. Üsyanın yatırılmasından sonra quldurların bir qismi dağlara çəkilmiş, bir qismi də qiyafətini dəyişdirərək şəhərdə qalmışdı.

Erməni komitəçiləri onlara pul verməyən həm varlı, həm də vəzifəli ermənilərə qarşı terror həyata keçirirdilər. Bununla kifayətlənməyən, silah və bomba ilə təchiz edilmiş terrorçu dəstə 1896-cı il avqustun 14-də Osmanlı bankının qarşısında bomba partlatdıqdan sonra binanın içərisindəkiləri girov götürmüş və hökumət qarşısında bir sıra siyasi tələblər irəli sürmüşdülər. “Daşnaksutyun” partiyasının üzvü olan terrorçular tələblərinin yerinə yetirilmədiyi təqdirdə bank binasını göyə sovuracaqları ilə hökuməti hədələmişdilər. Osmanlı bankının müdiri Edqar Vincent ilə rus səfirliyinin baş tərcüməçisi Maksimov padşah sarayına gedərək II Sultan Əbdülhəmidlə görüşmüşdülər. Uzun sürən danışıqdan sonra terrorçular Maksimovla birlikdə bankdan çıxmış, buxtadakı xarici bir gəmiyə minərək Türkiyəni sağ-salamat tərk etmişdilər. Lakin bu hadisəni erməni mətbuatı və ermənipərəst xarici mətbuat türklər tərəfindən ermənilərin kütləvi qırğını kimi dünyaya çatdırmışdılar.

1898-ci ildən etibarən “Daşnaksutyun” partiyası Türkiyədəki fəaliyyətinin ağırlıq mərkəzini Sasuna keçirmişdi. 1901-ci ildə türk ordusu bu bölgədə qayda-qanun yaratmaq istəsə də, Anrdanik Ozanyanın başçılığı ilə quldur dəstəsinin törətdiyi fasiləsiz iğtişaşlar buna imkan verməmişdi. Sonra isə Andranikin dəstəsi Muş bölgəsindəki bir monastıra sığınmış və quldurluğu davam etdirmişdi. 1904-cü ilin aprel-iyul aylarında hökumət qüvvələri Andranikin dəstəsini tərksilah etməyə çalışsa da buna müvəffəq olmamışdı. Quldurbaşı əvvəlcə Tatavanda, sonra isə Van gölündəki Axtamar adasında gizlənmişdi. Daha sonra Andranik bir müddət Vanda gizlənmiş və oradan Cənubi Qafqaza qaçaraq canını qurtarmışdı.

Osmanlı sultanı II Sultanhəmid dəfələrlə erməni qiyamçılarını əfv etməsinə, onlara qarşı həddindən artıq humanist münasibət bəsləməsinə baxmayaraq, ermənilər 21 iyul 1905-ci ildə ona qarşı terror aktı həyata keçirmişdilər. Belə ki, məsciddən çıxan zaman ermənilərin bir faytonda quraşdırdıqları 120 kiloqramlıq saatlı bomba partlamış, bir neçə nəfər ölmüş və yaralanmışdı. Sultanın məsciddən çıxarkən ayaq saxlayıb bir neçə dəqiqə söhbət etməsi onu labüd ölümdən xilas etmişdi. Qəribə orası idi ki, sultan həbs edilən sui-qəsdçiləri yenə də əfv etmişdi.

1909-cu ilin aprelində erməni siyasi partiyalarının və missioner təşkilatların təhriki ilə Adana şəhərində ermənilər terror aktları və iğtişaşlar törətmişdilər ki, xarici dövlətlərin diqqətini çəksinlər və Kilikiyada ermənilər üçün muxtariyyət statusu əldə edə bilsinlər.

Birinci Dünya müharibəsi zamanı Almaniya ilə müttəfiq kimi çıxış edən Türkiyənin vəziyyəti ağırlaşmış, Rusiyanın boğazlara və İstanbula yiyələnmək istəyi yenidən baş qaldırmışdı. Rus-türk müharibəsi fürsətindən faydalanan ermənilər Türkiyənin 6 vilayətində özlərinə müstəqil dövlət yaratmaq istəyirdilər. Müharibə başlanan kimi Eçmiədzin katolikosu V Gevorq Qafqazın canişini İ. Vorontsov-Daşkova məktubla müraciət edərək “erməni məsələsini” həll etməyin vaxtı çatdığını bildirmişdi. Canişin də onu əmin etmişdi ki, şərait yaranan kimi bu məsələ həll ediləcək.

2. Müharibə başlayan kimi “Daşnaksutyun” partiyasının üzvlərindən ibarət Tiflisdəki Erməni Milli bürosunun təşkilatçılığı ilə Qafqazda yaşayan və xarici ölkələrdən gələn ermənilərdən ibarət könüllü silahlı drujinalar təşkil edilmişdi. 1914-cü ilin sonunda Qafqaz canişinliyinin silahlandırdığı, tərkibində 10 min könüllünü birləşdirən dörd drujina yaradılmış və onlar Eçmiədzin katolikosunun xeyir-duası ilə aşağıdakı istiqamətlərdən Türkiyə üzərinə hücuma keçmişdilər: Andranikin komandanlığında I drujina 1914-cü il oktyabrın 23-də Culfadan keçərək Xoy-Başqala-Van istiqamətində, Dronun komandanlığında II drujina oktyabrın 24-də İqdır-Bəyazid-Berkri-Van istiqamətində, Hamazaspın komandanlığında III drujina noyabrın 1-də Qağızman-Ələşkert-Manazkert-Bitlis istiqamətində, Kerinin komandanlığında IV drujina noyabrın 6-da Sarıqamış-Qaracaörən-Körpüköy-Ərzurum istiqamətində. Bu drujinaların rus ordusunun generallarının tabeçiliyində döyüşlərdə iştirakı nəzərdə tutulsa da, onlar çox zaman özbaşına fəaliyyət göstərirdilər. Türkiyə ərazisinə daxil olduqdan sonra bu drujinalara minlərlə yerli erməni quldurları qoşulmuşdu. Andranikin drujinasından başqa, qalan drujinalar Türkiyədə terror dəstələri yaratmaqda məşhur olan Vartanın komandanlığı altına keçmişdilər. Bu drujinalardan əlavə erməni könüllülərindən ibarət daha iki drujina – biri Sarıqamışda Qafqaz ordusunun baş komandanlığının icazəsi ilə “Hnçak” partiyasının üzvlərindən ibarət kapitan Canpoladyanın komandanlığı altında, digəri Vanda quldurbaşı Aramın komandanlığı altında təşkil edilmişdi.

Qafqaz ordusunun baş qərargah rəisi general-mayor Bolxovitinovun verdiyi məlumata görə, drujinaların başçıları öz aralarında intriqa aparır, çox zaman özbaşına fəaliyyət göstərir, işğal edilmiş yaşayış məntəqələrində dinc müsəlmanlara qarşı zorakılıqlar edir, quldurluq və talançılıqla məşğul olurlar.

3. 1915-ci ilin mayında Osmanlı dövlətinin vəziyyəti daha da ağırlaşmışdı. Rus qoşunları Şərqi Anadolunun içərilərinə doğru irəliləyir, fransızlar və ingilislər Çanaqqalanı işğal etmiş, Zeytunda, Vanda və Muşda ermənilər üsyan qaldırmış, qırğınlar törətmişdilər. Ermənilərin Vanda üsyana qalxmaları rus qoşunlarının şəhəri işğal etməsinə şərait yaratmışdı.

Bütün cəbhə boyu Osmanlı ordusunda xidmət edən erməni əsgər və zabitləri də silahları ilə rus ordusunun və erməni drujinalarının tərkibinə qatılır, silah anbarlarını, körpüləri, yolları partladırdılar.

Amerika tarixçisi Stenford C.Şou yazır: “Erməni könüllülərinin köməyi ilə rus ordusu Van istiqamətində hücuma keçərək mayın 14-də (1915-ci il) oranı tutan kimi, 2 gün ərzində yerli müsəlman əhalisini kütləvi surətdə qırmağa başladılar… Rusların himayəsi altında Vanda erməni hökuməti qurulmuşdu… İyulun ortalarında hər tərəfdən 250 min erməni Vanda toplanmışdı.” Halbuki müharibənin əvvəlində Van vilayətində ermənilər əhalinin 42,3 faizini, yəni 33789 nəfər təşkil edirdi.

Ermənilərin türk ordusuna arxadan zərbə vurmasının qarşısını almaq üçün Türkiyə hökuməti məcburiyyət qarşısında qalıb müharibə rayonundan erməni əhalisini ölkənin içərilərinə köçürmək haqqında qərar qəbul etmişdi. Hər cür hazırlıqdan sonra, mühafizə dəstələrinin müşayiəti ilə mayın 28-dən etibarən ermənilərin Osmanlı imperiyasının müharibə regionundan uzaq əyalətlərinə köçürülməsi həyata keçirilmişdi.

4. 1914-1916-cı illərdə Rusiya, Fransa, İngiltərə arasında Türkiyəni bölüşdürmək haqqında gizli danışıqlar keçirilmişdi. 1916-cı ilin mayında bağlanan Sayks-Piko gizli müqaviləsinə əsasən Şərqi Anadolunun böyük bir hissəsi Rusiyanın tərkibinə daxil edilməsi nəzərdə tutulurdu və rus hökuməti həmin ərazilərə Don, Kuban və Sibir kazaklarını köçürmək, bununla da ermənilərin iddiasında olduqları “Türkiyə Ermənistanı”nı ruslaşdırmaq istəyirdi.

Ermənilərin gözlədiklərinin əksinə olaraq, 1916-cı il iyunun 8-də imperator II Nikolay Türkiyənin işğal edilmiş əraziləri haqqında əsasnaməni imzaladıqdan sonra həmin ərazilərdə yaradılmış 29 dairənin hərbi rəislərindən yalnız biri ermənilərdən təyin edilmişdi.

“Daşnaksutyun” partiyasının liderlərindən Kaçaznuni bu məsələyə münasibətində yazmışdır: “…ruslar bizi aldatdılar və satdılar. Ruslar Ermənistanı boşaltmaq və sonralar oraya kazakları yerləşdirmək xəttini tutdular. Knyaz Lobanov-Rostovskinin məşhur “Ermənisiz Ermənistan” layihəsi həyata keçirildi.

1917-ci ilin noyabrında Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsindən bir müddət sonra Şərqi Anadoludakı rus ordusunun əsgər və zabitləri mövqelərini özbaşına tərk edərək Rusiyaya qayıtmağa başlamışdılar və ordunun komandanlığını Cənubi Qafqaz Komissarlığı öz üzərinə götürmüşdü.

1918-ci il dekabrın 17-də Ərzincanda Qafqaz cəbhəsinin komandanlığı ilə türk ordusu arasında atəşkəs sazişi imzalanır. Sovet Rusiyası isə “Sülh haqqında dekret” qəbul etməsinə baxmayaraq, 1917-ci il dekabrın 29-da Xalq Komissarları Sovetinin sədri V.Leninin imzası ilə “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdi. Bu dekretlə Şərqi Anadoluda yaşayan 5 milyondan artıq müsəlman əhalinin və cəmisi neçə yüz min erməninin yaşadığı böyük bir ərazinin ermənilərin idarəçiliyinə verilməsi qərarlaşdırılmışdı. 1918-ci ilin yanvarında Sovet Rusiyası hökuməti bütün inqilab komitələrinə erməni könüllü dəstələri təşkil edərək, onları silahlandırıb, maneəsiz surətdə “Türkiyə Ermənistan”ına göndərmək haqqında təlimat göndərmişdi.

5. Rus ordusunun Ərzurum qalasındakı 2-ci artilleriya polkunun komandiri, türk ordusunun 12 mart 1918-ci ildə Ərzurumu azad etməsinin şahidi olan podpolkovnik Tvyordoxlebov “Oçerk”ində yazır ki, rus əsgərlərinin əksəriyyətinin ordunu tərk etməsindən sonra qalada 400 top və həmin toplara cavabdeh olan bir neçə rus zabiti qalmış, Ərzurum qarnizonuna Torkom adında Bolqarıstan ermənisi rəis təyin edilmişdi. Tvyordoxlebov yazır ki, polkovnik Torkom 1918-ci ilin yanvarında qoşunların komandanı general Odişelidzenin iştirakı ilə qarnizonda toplardan yaylım atəşi açılmaqla hərbi parad keçirmiş və erməni dilində nitq söyləmişdi. Sonradan məlum olmuşdu ki, Torkom özünün başçılığı ilə “erməni muxtariyyəti” yaradıldığını elan edibmiş. Qoşunların komandanlığı bunu biləndən sonra Torkomu Ərzurumdan qovmuşdu.

Tvyordoxlebov yazır ki, bizə məlumat çatırdı ki, ermənilər Ərzincanda hər cür vəhşiliklərlə dinc əhalini doğrayır və sonra əks hücum edən türk ordusunun önündən qaçırlar. Rus zabitlərinin verdiyi məlumatlara görə, ermənilər 800-ə qədər türkü doğramış, ermənilərdən isə bircə nəfər xəsarət almışdı. Həmçinin məlum olmuşdu ki, ermənilər Ərzurumun Ilıca kəndində silahsız dinc əhalini ucdantutma doğramışlar.

Cənubi Qafqaz Komissarlığının göndərişi ilə general Andranik 1918-ci il fevralın 18-də Ərzuruma gəlir. Onunla birlikdə Rusiya hökuməti tərəfindən işğal edilmiş ərazilər üzrə komissarın müavini təyin edilən doktor Yakov Zavriev (Hakop Zavaryan) də Ərzuruma gəlir. Tvyordoxlebov yazır ki, həmin gün ermənilər cinsi və yaşı arasında fərq qoymadan Təpəköy kəndinin bütün sakinlərini ucdantutma doğramışdılar. Ərzurumda mülki və hərbi idarəçiliyi ələ keçirən ermənilər, sözün həqiqi mənasında bu şəhərdə soyqırım törətmişdilər.

1918-ci il fevralın 13-də türk ordusu Ərzincanı erməni işğalından azad etmişdir. Birinci Qafqaz ordusunun komandanı Kazım Qarabəkir paşa Ərzincanda gördüklərini təsvir edərək yazır ki, Ərzincan qırğınlarının çox qorxunc olduğu təsbit edildi və türklərin quyulara doldurularaq öldürüldüyünü orada olan ruslar da təsdiq etdilər. Daha sonra K. Qarabəkir paşa yazır ki, fevralın 22-də əsgərlərimiz Mamaxatunu işğaldan azad etdilər, lakin burada kimsə sağ qalmamışdı. Hər tərəfdən yanan kəndin bütün əhalisi böyük bir çuxura doldurularaq öldürülmüşdü.

6. Martın 3-də Türkiyə ilə Sovet Rusiyası Brest-Litovsk müqaviləsini imzalayır. Bu müqavilə ilə Sovet Rusiyası nəinki 1914-cü il sərhədlərinə geri çəkilməyi, hətta 1878-ci il Berlin müqaviləsi ilə Türkiyədən qoparılan Üç Sancağı (Batum, Ərdahan, Qars vilayətlərini) qaytarmağı qərara almışdı. Brest-Litovsk müqaviləsinə əlavə Rusiya-Türkiyə müqaviləsinin 1-ci maddəsində deyilirdi ki, Rusiya türk ordusunun qeyd edilən ərazilərə qayıtmasınadək qarət və cinayətlərə yol verilməsinin qarşısını alacaq, erməni “çətə”lərini tərxis və tərksilah edib buraxacaq. Cənubi Qafqaz hökuməti martın 7-də Brest-Litovsk müqaviləsinin imzalanmasına etiraz etmişdisə də, rus qoşunlarının yerini tutmuş erməni silahlı qüvvələrinin türk ordusunun qarşısında duruş gətirmədiyini yəqin etmiş və nəhayət, aprelin 10-da bu müqaviləni qəbul etdiyini bildirmişdi.

7. Lakin heç bir komandanlığa tabe olmayan erməni silahlı dəstələri türk ordusunun önündən geri çəkildikcə şəhərləri, kəndləri yandırır, tarixdə görünməmiş ən vəhşi üsullarla müsəlmanları ucdantutma qətlə yetirirdilər. Kazım Qarabəkir paşa martın 10-da işğaldan azad etdikləri Alacaköydə gördüyü erməni vəhşiliyini belə təsvir edir: “Cənazələr insan ağlını yerindən oynadacaq bir halda idi. Bütün uşaqlar süngülənmiş, yaşlılar və qadınlar samanlığa doldurularaq yandırılmış, gənclər baltalarla parçalanmış, mismarlardan asılmış ciyər və ürəklər görünürdü”.

Amerika tədqiqatçıları Castin və Karolin Makkartilər yazırlar ki, Osmanlı əsgərləri Ərzincana daxil olduqda 1000-dən artıq ictimai və mədəniyyət abidələrinin dağıdıldığının, küçələrdə yüzlərlə türkün qətlə yetirildiyinin, meyitlərin nohurlara doldurulduğunun şahidi olmuşdular. Tercan yaşayış məntəqəsi dinamitlə tamamilə dağıdılmış, Ərzurumda isə 8000 türk qətlə yetirilmişdir.

8. Erməni quldur dəstələri Ərzincandan Qarsadək böyük bir ərazidə bütün türk-müsəlman kəndlərini darmadağın etmiş, əhalisini soyqırıma məruz qoymuşdu. Cənubi Qafqaz Seyminin müsəlman fraksiyaları aprelin 15-də Qars vilayətindəki hadisələr haqqında məsələ müzakirə etmişdir. Müzakirənin protokolunda yazılır: “Qaçqın yunanlar xəbər verirlər ki, hücum edən türk qoşunlarının qarşısından çəkilən erməni hərbi hissələri və silahlı fərariləri yollarda rast gəldikləri müsəlman kəndlərini tam məhv edir, hər şeyi yandırır, əhalini qılıncdan keçirir, təsvir edilməsi mümkün olmayan vəhşiliklər törədirlər. Onlar qadınları lüt-üryan edir, süngülərə keçirilmiş südəmər körpələri hərbi qənimət kimi aparan “qalib” erməni qoşunlarının keçməli olduğu böyük yolların kənarına düzürdülər”. Yunanlar deyirlər:” Gərək qeyri-insani əsəblərin ola ki, bu cəhənnəm əzabını, dəlilik dərəcəsinə çatdırılmış qadınların və uşaqların qəlbi dağlayan naləsini, köməksiz qocaların iniltilərini eşidə və dözə biləsən… Təxmini hesablamalara görə 82 kənd təsvirolunmaz dağıntılara məruz qalmışdır. Çiçəklənən Qars vilayəti kapitan Movsesyanın və general Areşovun dəstəsinin vəhşi tüğyanı sayəsində indi təəssüf ki, 1915-ci ilin əvvəlindəki dəhşətləri xatırladır. İndi bütün Qars vilayəti törədilmiş qəddar vəhşiliklərdən, həmişəlik insanlıq sifətini itirmiş ermənilərin riyakarlığından, vəhşiliyindən və alçaqlığından xəbər verən nəhəng qəbiristanlığa çevrilib”.

Kazım Qarabəkir paşanın komandanlığında türk ordusu aprelin 25-də Qars şəhərini erməni işğalından azad etmişdir. Qarabəkir paşa yazır ki, mayın 26-da Qarsı gəzdikdə hər tərəfin yandığının, 100-ə qədər türk əsirinin ermənilər tərəfindən Qars dəmiryol stansiyasında işgəncə ilə öldürüldüyünün şahidi olduq və Qars qalasına yaxın bir yerdəki kiçik su hövzəsində 50-yə qədər müsəlmanın cəsədini aşkar etdik.

Birinci Dünya müharibəsində Türkiyənin məğlubiyyəti nəticəsində bağlanan Mudros sazişinin (30 oktyabr 1918-ci il) şərtlərinə əsasən, Şərqi Anadoludakı türk qoşunları 1914-cü il sərhədlərinə geri çəkilməli olur, bölgəyə ingilis qoşunları nəzarət edir. Lakin ermənilər silah gücünə həmin ərazilərə sahib çıxmaq istəyirdilər. Bunun qarşısını almaq üçün 1918-ci il noyabrın 5-də Qars İslam Şurası təşkil edilir. Daha sonra Batumdan Naxçıvanadək əraziləri əhatə edən Qars Milli İslam Şurası hökuməti qurulur. 1919-cu il yanvarın 18-də Cənubi-Qərbi Qafqaz Hökuməti qurulur. 1919-cu il martın 25-də Cənubi-Qərbi Qafqaz hökuməti öz müstəqilliyini elan etmiş və özünü Cənubi-Qərbi Qafqaz Demokratik Respublikası və yaxud Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti adlandırır. Aprelin 12-də ingilislər Ermənistan hökumətinin arzusunu yerinə yetirərək Cənubi-Qərbi Qafqaz Cümhuriyyətini süquta yetirərək hakimiyyəti ermənilərə təslim etmişdilər. Bundan sonra Qars vilayətinin 12 bölgəsində yerli özünümüdafiə dəstələri Ermənistan ordusunun hücumlarına müqavimət göstərirlər. Lakin yerli özünümüdafiə dəstələri nizami erməni ordusu qarşısında duruş gətirə bilməmişdilər.

Qars Müsəlman Milli Şurasının verdiyi məlumata görə 1919-cu ilin avqust ayınadək ermənilər Qars ətrafındakı 70, Qağızman ətrafındakı 50, Gölə nahiyəsindəki 30 kəndi darmadağın etmiş, on minlərlə ölən və yaralananlar olmuşdur.

Ermənilər 1919-cu ilin may-sentyabr aylarında Şörəyel nahiyəsini tamamilə xaraba qoyduqdan sonra 1920-ci ilin yanvar-fevral aylarında Ağbaba, Çıldır və Zərşad nahiyələrinin kəndlərini toplardan atəşə tutmuş, əhalisini soyqırıma məruz qoymuş, kəndləri talan etmişdilər.

Ermənilər 1920-ci ilin aprelinədək Sarıqamışın 32 kəndini dağıtmış və talan etdikdən sonra həmin kəndlərdə erməniləri məskunlaşdırmağa başlamışdılar. Təkcə Katranlı kəndində üç böyük evə 800 nəfəri toplayaraq yandırmışdılar. Erməni quldurları Gölə nahiyəsinin Lavustan, Topdaş və Qelbikor kəndlərindən 800 nəfəri evlərə dolduraraq yandırmış, bu üç kənddən yalnız 4 nəfər qaçaraq canlarını qurtarmışdılar. Həmin ildə ermənilər Bardız nahiyəsinin 15 kəndinə hücum etmiş, 912 nəfəri öldürmüş, 150 evi yandırmış, sakinlərin mal-qarasını talan etmişdilər.

Ermənilərin Qars vilayətində türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlar türk ordusunun 1920-ci ilin oktyabr ayında bölgəni işğaldan azad etməsinədək davam etmişdir.

Şərqi Anadolunun bütün yaşayış məntəqələrində erməni vandalizminin, erməni vəhşiliyinin izləri mövcuddur. Bir çox ərazilərdə müsəlmanların toplu məzarları mövcuddur. Bu məzarların bir çoxu torpağa qarışmış, itib-batmış, bir çoxu isə unudulmuşdur. İndiyədək Şərqi Anadolunun müxtəlif yerlərində, o cümlədən xarici mütəxəssislərin də iştirakı ilə onlarla toplu məzarlıqlar aşkar edilmişdir. İqdırın Oba kəndində 1 mart 1986-cı ildə, Ərzurumun Alaca kəndində və Vanın Erciş ilcəsinin Çavuşoğlu samanlığında 1986-cı ilin iyul ayında, Ərzurumun Yeşilyayla kəndində 7 oktyabr 1988-ci ildə, Vanın Zeyzə kəndində 3-4 aprel 1990-cı ildə, Qarsın Subatan kəndində 20 iyun 1991-ci ildə, Ərzurumun Tımar kəndində 7 iyul 1993-cü ildə, İqdırın Hakmehmet kəndində 6-7 oktyabr 1999-cu ildə , Qarsın Dərəcik kəndində 2002-ci ilin sentyabr ayında, İqdırın Gədikli kəndində 27 may 2003-cü ildə toplu məzarlıqlar tədqiqatçıların iştirakı ilə, elmi toplantı təşkil etməklə, yerli və xarici mətbuat işçilərinin iştirakı ilə və yerli xalqın canlı şahidlərinin iştirakı ilə açılmışdır. Təkcə Ərzurum, Van, Qars və İqdır vilayətlərində yeri bəlli olan, lakin hələ ki, açılmayan 185 toplu məzarlıq mövcuddur. Bu məzarlıqlar özlərini dünyaya “mədəni” və “məzlum” xalq kimi təqdim edən ermənilərin əsl simasını əyani şəkildə göstərir.

Nazim Mustafa,
AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi




loading...




SON XƏBƏRLƏR
Məleykə Abbaszadə: “9-cu sinfi bitirənlərin 30 faizi 10-cu sinfə keçmir”
Şeyxin qudasının oğluna 4 il iş istədilər
Mehriban Əliyeva britaniyalı nazirlə görüşdü
Putin: Saakaşvili ukraynalıların üzündə tüpürcəkdir
Azərbaycanda xarici kəşfiyyatla əlaqə... - DSX
Netanyahudan İstanbuldakı Qüds qərarına - Reaksiya
Akop Badalyan: "Ermənistan kağız üzərində suveren dövlətdir"
Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş şahzadə - Feyzulla Mirzə Qacar
“Zərrab 2”: ABŞ daha bir türk iş adamını həbs etdi
Putin qocalıqdan şikayətləndi - Babay...
AZƏRBAYCAN ORDUSU ŞƏHİD VERDİ
Müsəlmanların Qüds fiaskosu - ŞƏRH
Kreml Ərdoğanın Qüds təklifinə qarşı çıxdı
Fazil Mustafa: "İran bu məsələdə Azərbaycana müsəlman dövləti kimi davranmır, daha çox erməni təəssüfkeşliyini çəkir"
İsrailin Bakıdakı səfirliyindən çağırış: “Məsul liderlər...”
Trampdan xüsusi tapşırıq: Rus proqramına qadağa
Səudiyyə Yəmənə hücuma keçdi: Onlarla ölən var
Ermənistan Türkiyə ilə razılaşmaları ləğv edir
“Məhəmməd peyğəmbər epilepsiya xəstəsi olmayıb” - QEYRİ-ADİ MÜSAHİBƏ
İlham Əliyev Qüds Zirvə toplantısında iştirak edir
Azərbaycanda birdən-birə varlanan adamın ŞOK CİNAYƏTLƏRİ - FAKTLAR
Ərdoğan dünyanı Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı
Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur
Müğənni Fədayə Məmmədova həbsdə qaldı - Yenilənib
İsrail qırıcıları Qəzzanı bombaladı
Günel onu tərk edən sevgilisi Rza Zərrabdan YAZDI: “Gülək, ya ağlayaq, kaş ki, məni...”
İstanbuldakı ermənilər və nə qədər gec deyil...
Türkiyə parlamentində dava - Foto
Bir günə məşhurlaşan ağdamlı müəllim-tələbə - Video
Bu qərarlar İsraili məhv edə bilər - Siyahı