Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycandan Osmanlıya edilən köçlər və daşınmış kültürlər...

Tarix:11-12-2016, 21:11 Baxış Sayı:414 Kateqoriya:Manşet, Tarix

Azərbaycandan Osmanlıya edilən köçlər və daşınmış kültürlər...

Uzaq olmayan tarixi keçmişimizdə baş vermiş Osmanlı-Teymur, Osmanlı-Ağqoyunlu, Osmanlı-Səfəvi müharibələri iki türk dövlətinin zəifləməsinə, Avropada və Asiyada öz siyasətlərinin yayımının dayanmasına gətirib çıxarmışdır.

İki qardaş dövlətin hərb meydanlarında bir-birinə cəng etməsi qardaşlıq münasibətlərinə kölgə salsa da, münasibətlərin qədimliliyi, möhkəmliyi qırılmaz formada davam etmişdir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə əlaqələrinin hər bir sahəsində mövcud olan qardaşlıq münasibətləri tarixi sınaqlardan keçərək günmüzə qədər mürəkkəb və kəşməkəşli bir yol keçmişdir. Xüsusən bu yolda çəkilən bütün cəfalar inkişaf etmiş elmi, elmi-dini mərkəzlərin üzərinə düşmüşdür. Belə ki, o dövrün mədəni inkişafını elm və din xadimləri qarşılıqlı olaraq təriqətlər halında Azərbaycandan Osmanlıya, Osmanlıdan isə Azərbaycana daşıyaraq kültür əlaqələrini yaşatmışlar. Bu haqda çox mülahizələr və yazılar olsa da, əslən Qazaxdan olan tanınmış tibb professoru İbrahım Yıldırım öz araşdırmalarında göstərir ki, ilk zamanlar elmi köç Azərbaycandan Türkiyəyə ixrac edilmişdir.

Şirvan və Amasya – türk-islam dünyasının elm mərkəzləri

Türkiyədə Amasya bölgəsi, Azərbaycanda isə Şirvan bölgəsi ilk vaxtlar islam dininin möhkəmlənməsində, mədəni-maarif əlaqələrinin inkişafında baza rolunu oynamışdır. Şirvan Azərbaycanın şimal-şərqində geniş bir coğrafi ərazi olsa da Şirvan bölgəsiylə Amasyanın kültür əlaqələri 13-cü əsrə qədər gedib çıxır. Belə ki, 13-cü əsrdən Şirvanın bir kültür bölgəsi olduğu bizə məlumdur. Həmin illərdə Şirvanda çoxlu sayda elmi, dini mərkəzlər açılmışdır. Amasyadan ilk olaraq Pir İlyas Amasi təhsil üçün Şirvana gəlmiş və 8 il (1398-1406) burada oxumuşdur. Şirvanda Şeyx Sədrəddin Şirvanidən dərs almış və Halvəti təriqətinin Amasyada yayıcısı olmuşdur.

Türklər islamiyyəti qəbul etdikdən sonra bir çox səbəbdən “Şamanizm”dən ayrıla bilməmişdilər. Öz ənənələrini və mədəniyyətlərini qorumaq, toplumu öz yolunda saxlamaq məqsədiylə yeni yollar axtarmışdılar. Beləcə mənası “yol” anlamına gələn təriqətlər yaranmış, daha sonra isə müxtəlif istiqamətlər fonunda Xəlvəti, Hüseyniyə və Xalidi kimi alt qruplar əmələ gələrək Amasyaya da gətirilərək Osmanlıya yayılmışdır. Bu və ya digər təriqətlər həmin məktəblərin müridləri tərəfindən Amasyadan Şirvana – Quba, Şamaxı, Kürdəmir, Şəki kimi şəhərlərə, Gəncəbasara – Qazax, Göyçə, Borçalı bölgəsi və Ahıskaya, Tiflis və digər bölgələrə (Həmədan və Təbrizə) və əksinə olaraq bu bölgələrdən Amasyaya daşınaraq qarşılıqlı sürətdə yayılmışdır. Həmin təriqət daşıyıcıları olan elm və din xadimi olmuş müridlərin Amasyada və yuxarıda adı çəkilən Azərbaycan şəhərlərdə türbələri və qəbirləri günmüzə kimi gəlib çıxmışdır.

Türk dünyasının bir kültür xəzinəsi olmuş şahzadələr şəhəri Amasya çoxlu sayda elm və kültür insanı yetişdirmişdir. Anadolunun türkləşməsində isə Amasyanın özünəməxsus bir yeri vardır. Türk toplumlarının əsrlər boyu baş verən köçlərindən Amasya öz yükünü almış, müxtəlif bölgələrdən gələn Türk boyları bu tarixi şəhərdə şərəf duyulacaq bir bütövləşmə yaradaraq kültür zənginliyinə də rəng qatmışdılar. Amasya və ətraf ərazilərinə baxılarsa burada Balkandan, Qafqazdan və Kırımdan gəlmiş köçlərin mədəni və kültürəl izlərni görərik. Köçlər əsasən, ya savaşlar səbəbindən, ya da yaşam durumunun ağır olması səbəbindən baş verirdi. Yaşayış yerinin seçimi isə çox çeşidli və sərbəstliklə, bəzən isə məcburiyyətdən olmuşdur. Azərbaycanın Şirvan və Qarabağ bölgəsindən köç edənlər mərkəz Amasya olmaqla Niksar, Zile, Turxal, Erbağ kəndlərinə, Qazax və Göyçə mahalından gələnlər isə daha çox yenə mərkəz Amasya olmaqla Suluova, Uzunoba, Merzifon, Zile, Göynücək, Mecitözü və Havza kəndlərinə yerləşmişdilər. Danışdıqları Azərbaycan türkçəsini ləhcələrinə kimi, adət-ənənələri isə olduğu kimi yaşatmağı bacarmışdılar. Amasyanın bugünkü toplumunun yarısından çoxu müxtəlif zamanlarda və müxtəlif bölgələrdən köç edənlərdən ibarətdir. Belə ki, 90 min əhalisi olan Amasya bolgəsinin yarıdan çoxu Azərbaycan əsillilərdir, bunun da əksəriyyətini Qazax bölgəsindən gedənlər təşkil edir. Onlar gəldikləri yerlərə yenilik və mədəniyyət gətirərək bölgənin çalışqan əhalisi ilə qaynayıb qarışmışdılar.

Azərbaycandan köç edənlərə nədən “Şirvanlı”lar deyilib?

Çox maraqlı haldır ki, Osmanlıda Amasyaya və ətraf ərazilərə müxtəlif zamanlarda köç etmiş Azərbaycan türklərinə bütünlüklə “Şirvanlı” adını vermişlər. “Şirvanlı” adının etmioloji izahını bir çox variantda müxtəlif cür izah edirlər. Bu adın daha inandırıcı izahı və haradan qaynaqlandığını professor İbrahım Yıldırım öz araşdırmalarına əsasən belə bir fikir söyləyir: “Əslində “Şirvanlı” sözü Azərbaycandan ilk gələn göçmənlərə Amasyalıların sorduğu “nerelisiniz” sorusuna verilən cavabdır. Daha sonra Azərbaycanın harasından gəlirlərsə gəlsinlər, hamısına bu ad verilmişdir. Bu göçmənlərdən gəldiklərində başlarına geyindikləri papaqlar səbəbiylə bəzən “Papaklılar” deyə də bahsedilir. Gerçəkdə isə “Tərəkəmə”, “Qarapapak”, “Qaraqoyunlu”, “Ayrım”, “Avşar”, “Bayat”, “Kəsəmən” kimi Türk boylarından oluşurlar”. Azərbaycandan Amasya və ətraf bölgəyə köç edən insanların marşrut xətlərinin necə ağır və uzun zaman çəkdiyini İbrahim bəy araşdırmalarında belə təsvir edir: “Bu insanlar batıya doğru Qars, Ərzurum quru yoluyla ulaşarkən, Amasya və çevrəsinə köçərkən daha dəyişik bir yol izləməkdəyik. Öncə öz bölgələrindən yenə quru yoluyla Tiflisə, oradan Batuma, oradan da gəmiylə Trabzon və Samsuna gəlib Amasya və yaxın bölgələrə yaylı arabalarla yetişmişdilər”.

Türkiyə ictimai həyatında və siyası çevrəsində tanınmış simalar

Yuxarıda barəsində geniş bir aydınlıq gətirdiyim Amasya bölgəsindəki Azərbaycan türkləri haqqında bilgi əldə etmək marağı məni həmin şəhərə kimi müşayiət etmişdi. Belə ki, ilk dəfə 2008-ci ilin avqust ayında Türkiyəyə 20 günlük elmi ezamiyyətim və araşdırma imkanlarım daxilində qardaş ölkəni qarış-qarış gəzdim desəm yanılmaram. Azərbaycan türklərinin kompakt yaşadığı Amasya şəhərində, həmçinin Suluoba mahalının Uzunoba kəndində oldum. Uzunoba kəndində olarkən sanki mənə elə gəldi ki, ya Qazaxın Yuxarı Salahlı kəndindəyəm, ya da Daş Salahlıdayam. Kəndin yuxarı dağlıq səmtinə getdikdə isə bir anlıq düşündüm ki, İncə dərəsindəyəm. Orada da incəlilər təpəlik, dağlıq ərazilərdə məskən salıblar. Bir daha aydın görsənir ki, Azərbaycandan köç edənlər burada da eynən köç etmiş olduqları bölgənin relyefinə uyğun yerləşmə seçimi etmişlər. Amasyadakı böyük bir qəbiristnlıqda məzarları ziyarət edərək Azərbaycandan apardığım torpaqdan bir ovuc bəzi tanıdığımız məzarların üstünə səpdik. Buradakı qəbirlər ailə məzarlığı adı altında arakəsmələrə alınaraq hörülüb. Hansı səviyyədə tanınmış insan olmasından, harada yaşamasından asılı olmayaraq, rəhmətə gedərsə öz doğmalarının yanında dəfn edilməsini vəsiyyət edirlər. Qəbirlərin üstündə çox sadə bir başdaşı qoyulmuşdur (başdaşı üstündə isə qısaca “Şahvalet Kazak, Ruhuna Fatihə, D. 1899, Ö.1990” yazılıb).

Sonrakı dönəmlərdə Azərbaycandan köç edən türklərin niyə məhz Amasyada qərar tutduqlarına yuxarıda göstərmiş olduğum faktlar içindən izah tapa bilərik. Azərbaycan türklərinin Amasya bölgəsində minlərlə hektar torpaq sahələrinin olması bölgədə böyük nüfuz sahibi olmalarından xəbər verir. Burada Mədəd Karayazının, Alı İşıklının, Mehmet Kazakın, Yusif Almalının, Pənah ağa Vəkilovun, Daşdəmirlərin, Laçinların, Sarıların övladlarına məxsus yüzlərcə hektar torpaq sahələri vardır. Təkcə 300 hektardan çox torpaq sahəsi Əfəndiliyə məxsusdur. Bu şəxsi torpaq sahələri hazırda Hacı Mahmud Əfəndi Qaranizadənin övladlarına məxsusdur.

Osmanlıda böyük nüfuz sahibi olan şəxslərdən Mir Həmzə Seyyid Nigari və Hacı Mahmud Əfəndi haqqında bəzi bilgiləri sızlərlə bölüşmək yerinə düşərdi.
Həmzə Seyyid Nigari 1797-ci ildə (bəzi mənbələrə görə 1805) Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kənində anadan olmuşdur. Mir Həmzə təhsilini Şəkinin Kiçik Dəhnə kəndində tamamladıqdan bir müddət sonra, Nəqşibəndi mənsublarının Sivasda toplanmış olmaları səbəbiylə bu şəhərə getmişdir. Krım müharibəsi isə onun həmişəlik Osmanlı dövlətinə mühacirət etməsinə səbəb olmuşdu. Həmzə Seyyid Nigari bir müddət Ərzurumda yaşayıb və orada dərs deyib. Ərzurumdan İstanbula, oradan da Amasyaya gəlmiş, burada məskunlaşaraq təfsir və hədis dərsləri demklə yanaşı, təsəvvüf fəaliyytilə də məşğul olmuşdur. Lakin onun fəaliyytindən xoşlanmayan, çox sayda müridinin olması və ətrafının durmadan genişlənməsindən qıcıqlanan Sultan Əbdülhəmid Mir Həmzə Nigarinin Xarputa sürgün edilməsi haqqında fərman imzalamışdı. O, 1886-cı ildə orada vəfat etmiş və Amasyaya gətirilərək dəfn edilmişdir. Seyid Nigari eyni zamanda, ruhani bir şair olub. Həyat yoldaşı Nigar dünyasını erkən dəyişdiyinə görə adının sonuna “Nigari” təxəllüsü götürmüşdür.

Mir Həmzə Seyyid Nigarinin Amasyaya gətirdiyi iki müridindən biri olan Hacı Mahmud Əfəndi (1835-1891) Qazax rayonunun “İncə Dərəsi” adlanan elin Aslanbəyli kəndində anadan olub. (İncə dərəsindən gələrək Amasyaya yerləşən bir qisim ailələr “İncəli” soyadını almışlar). Hacı Mahmud Əfəndi ilk təhsilini atası Veysəl Qaranidən almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdi. O, müəyyən müddət Şəkidə təhsil almışdır. Hacı Mahmud Əfəndi təhsilini tamamladıqdan sonra yenidən Aslanbəyliyə qayıdır. Burada elmi bilikləri tədris etmək üçün hücrə tikdirir. Onun ətrafına yaxın və uzaq yerlərdən çoxlu sayda tələbələr toplaşır. 1863-cü ilin rəsmi rus hərbi sənədində incəli Mahmud Əfəndinin adı Tiflis quberniyasının müridləri içərisində qeyd olunur. Amasya-Azərbaycan mədəniyyəti öncülləri arasında Hacı Mahmud Əfəndidən də qabaq “İncə Dərəsi”ndən Amasyaya getmiş elm insanları da olmuşdur. Amasyada Azərbaycan türklərinə məxsus “Şirvanlılar Camisi” Hacı Mahmud Əfəndinin Azərbaycandan, xüsusən qazaxlı ağa və bəylərdən topladığı paralarla Mir Hasan Əfəndinin (Həmzə Nigarinin oğlu) nəzarətində inşa edilmişdir. Hacı Mahmud Əfəndinin Şeyx Şamillə də çox yaxın münasibətləri olub. Belə ki, hər ikisi də Mövlana İsmayıl Səracəddin Əfəndinin (1782-1853) müridi olaraq Nəqşibəndi təriqətinin “Xalidi” qolunun yayıcısı olmuşlar. Hacı Mahmud Əfəndi Amasyada və Azərbaycanda çox sayılıb seçilən, dini dərindən bilən övliyya kimi qəbul edilib. Amasyada yaşayan həmyerlilərinin demək olar ki bütün problemlərini həll etməyə qadir insan olub. Mahmud Əfəndi uşaqlarını Amasyada təhsil üçün saxlamış və özü Aslanbəyli kəndinə dönmüş və bir müddət sonra Həcc ziyartinə getmişdir. Hacı Mahmud Əfəndi 1891-ci ildə vəfat etmişdir. Vəfatından az əvvəl rus məmurları tərəfindən ona yenidən Osmanlı dövlətinə köçmək tövsiyə olunmuşdur. Hacı Mahmud Əfəndi Aslanbəyli kəndində dəfn olunmuş, müridəlrinin vəsaiti və köməkliyi hesabına qəbri üzərində türbə ucaldılmışdır. Türbənin içərisində iki qəbir vardır. İkinci qəbir Seyid Yasin adlı sufiyə məxsusdur. O, bu kəndə gəlmə olmuş, Hacı Mahmud Əfəndi tərəfindən hörmət görmüşdür. Hacı Mahmud Əfəndinin məzar daşında “Ya Allah, Ya Seyyid Nigari, Ya Hz. Mövlanə” və şeyxin öz adı yazılmışdır.

Professor İbrahim Yıldırım öz araşdırmalarında qeyd edir ki, Amasyada bələdiyə strukturunun yaradılmasına 1864-cü ildən başlanılsa da bələdiyyənin yaradılması 1881-ci ildə baş tutmuşdur. Ancaq ilk bələdiyyə başqanı 1894-cü ildə vəzifə ala bilmişdir. İlk bələdiyyə başqanı isə azərbaycanlı Şirvanizadə Abdurrahim Əfəndi olmuşdur (1894-1895). Sonrakı illərdə Azərbaycan əsilli Amasya Bələdiyyə başqanları M.Şevket Laçın (1940-1942, 1943-1946), Hüseyin Özbay (1955-1956, 1957-1958), Şərafettin Dağıstanlı (1980-1984), Süleyman Taşdemir (1991-1994).

Amasyada olan vaxt şəxsi görüşlərim zamanı məlum oldu ki, Mehmet Şevket Laçın əslən Qazağın Daş Salahlı kəndindən olan Laçınlar soyundandır. Çox təəssüf ki, onun övladları və nəsil davamçılarının 90 %-i Qazaxdakı soylarının kimlər olduğunu unudublar. Süleyman Taşdemir isə Yuxarı Salahlıdakı eyni adlı Daşdəmirlər soyundandır.

Müxtəlif dönəmlərdə Türkiyə Böyük Millət Məclisinə seçilmiş Azərbaycan əsilli Amasya millət vəkillərini də qeyd etsək azərbycanlıların Türkiyənin siyası həyatındakı rolunun önəmini görmüş olarıq: Əsat Uras (1924-1945), Hamit Koray (1950-1960), Hüseyin Özbay (1957-1960), M.Kemal Karan (1961-1965), Ahmet Demiray (1965-1969), Orxan Kayıhan (1975-1977).

Ümumiyyətlə, Türkiyədə olarkən Amasya, Samsun da daxil olmaqla İzmir, Ankara, Adana və Antalyada oldum. Köklu Azərbaycan türklərinin bir qayda olaraq Amasyada ilində yasadıqlarının şahidi oldum. Onlar ailə qurarkən öz qohum-əqrabalarının içərisindən seçimə üstünlük vermişlər. Bu cür əhəmiyyətli məsələlərə ağsaqqallar xüsusi diqqət yetirərək bu yolda gənclərə çoxlu məsləhətlər verərmişlər. Amasyadan ayrılaraq təhsil, iş və digər səbəblər üzündən başqa şəhərlərə “səpələnən” azərbaycanlılar burada evlənərək bir çox hallarda öz mədəni kültüründən və ənənələrindən uzaqlaşaraq yerli etnos içində ərimişlər. Türkiyəyə sonrakı səfərlərimin hər birində onlarla görüşlərim çox maraqlı və yaddaqalan olmuşdur.

Osmanlıya Azərbaycan türklərinin birinci köç dalğası

Osmanlı dövlətində Amasya tarixən şahzadələr şəhəri adlanmışdır. Yəni Osmanlı sultanının varisi elan edilən şəxs ilk öncə Amasya şahzadəsi olaraq Amasya ilini idarə etməli idi. Məlumdur ki, müəyyən səbəblərdən Osmanlı İmperiyasında islamçılıq ideologiyası türkçülük ideologiyasından güclü olmuşdur. Yəni Osmanlı İmperiyasının yaşam boyu Amasya şəhəri daha çox xilafətin dini mərkəz rolunu oynayıb. Bu səbəbdən də Rusiya imperiyası altında yaşayan sünni-məzhəb (hətta bəzən şiyə-məzhəblər də) insanlar dini sıxıntılardan və siyasi təqiblərdən can qurtarmaq yolunu Amasya şəhərinə üz tutmaqda görmüşlər. Məsələn, 1863-cü ildən başlayaraq çar imperiyası Qafqazda siyasi üsul-idarəni həddən artıq sərtləşdirdiyindən, Qafqazda yeni torpaq islahatları adı altında müsəlman türklərin sıxışdırılması zamanı Amasyaya Azərbaycandan böyük miqyaslı köçlər getmişdir. O zaman Amasyada olan dini mərkəz, həmçinin belə narazı kütləyə öz təriqətlərini qəbul etdirərək onların Amasyada yerləşməsini və yaşamasını təmin etməyi öz üzərinə götürmüşdür. Amasyada “Şirvanlılar Camisi” də daxil olmaqla bütün məscidlərin hər birinin geniş həyəti, böyük yeməkxanası və gecələmə otaqları olduğundan bura tək ibadət ocağı deyildi. Burada Azərbaycandan və digər müsəlman bölgələrindən pənah gətirmiş türk-müsəlmanların Amasyada daimi yerləşənə kimi yaşaması və qidalanması ucun böyük yataqxanalar və yeməkxanalar tikilib istifadəyə verilmişdir.

1863-1875-ci illər köçü zamanı Qazaxdan (əsasən də İncə dərəsi kəndləri, Daş Salahlı, Yuxarı Salahlı) və Borcalıdan 300-ə yaxın ailə Amasyaya köç etmişlər. 1874-cü ilə aid sənədlərdə Qazax qəzasındakı üç kəndin (İncə dərəsindəki kəndlər nəzərdə tutulur) sakinlərinin tamamilə Osmanlı dövlətinə köçmək istəyindən bəhs olunur. Görünür, bu kütləvi köç həmin illərdə Amasiyada yaşayan Hacı Mahmud Əfəndinin Mir Həmzə Seyid Nigari ilə olan münasibətlərindən qaynaqlanır.

Çar üsul-idarəsinin dini sıxıntılarından yaranan ikinci köç dalğası

Azərbaycan türklərinin Amasyaya ikinci köçü 1890-1925-ci illəri əhatə edir ki, məhz bu köçün də Qafqazda dini üsul-idarənin sərtləşməsi ilə əlaqələndirmək olar. Bu köç zamanı Amasyaya və ətrafına Azərbaycandan yüzlərcə ailə köçmüşdür.

1918-ci ildə Osmanlı İmperiyasının Birinci Cahan savaşında məğlub olması ilə ölkəyə girən yadelli düşmənlər hərəkətə gələrək Türkiyənin bütün bölgələrində nahaq qanlar axıdaraq “parçala və hökm sür” siyasətini həyata keçirirdilər. Samsun, Amasya, Suluoba və Merzifonda yunan quldurları xalqı qanına qaltan edərək məhv edirdilər... Məhz belə bir zamanlarda Amasyada yaşayan əslən Azərbaycan türklərindən bir neçə nəfər Qazaxa gələrək dəhşətli olayları buradakı əmizadələrinə anlatmışlar. Bu olaydan xəbardar olan yüzə yaxın atlı dəstə Amasyaya tərəf yol tutmuşdular. Onlar Amasyanın Qarağac kəndinə çatarkən kənd camaatının bir hissəsinin qılıncdan keçirilərək öldürüldüyünü, körpə uşaqların doğrandığını və meyidlərin insanlığa sığmayan təhqirlərə məruz qoyulması səhnəsindən dəhşətə gəmişdilər. Bu səhnədən sarsılan Mücahidlər düşməndən qisas alacaqlarına and içirlər. Gecəykən düşmənin yığışdığı məkanı mühasirəyə almış və orada olan 70-ə yaxın düşmən quldurunu ələ keçirərək onları qisas hissi ilə öldürərək, meyidləri düşmənlərin hərəkət etdiyi yollara atmışdılar. Səhər tezdən bu səhnəni görən düşmənlərin canlarına vəlvələ düşərək pərən-pərən düşmüşdülər. Sağ qalan quldur dətəsinin üzvləri isə yoldaşlarına bildirmişlər ki, qisas almağa gəlmiş silahlılar o qədər güclü və hirslidirlər ki hətta bizim ətimizi belə yeyə bilərlər. Bu hadisədən sonra bölgədə bir daha düşmən izi görsənməmişdir.

Cümhuriyyətin süqutu və faciələrlə burulğanından doğn üçüncü köç dalğası

Türkiyəyə, əsasən də Amasyaya Azərbaycan türklərinin üçüncü – sonuncu köçü 1920-1945-ci illərə təsadüf edir. Çar Rusiyası dağıldıqdan sonra Azərbaycan türkləri öz dövlətinin sahibi olmaq üçün mübarizə aparıb müstəqillik əldə edərək Şərqdə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikasını qurdular. Osmanlı dövlətinin çətin durumu olsa belə qardaşlıq borcuna sadiq qalaraq Azərbaycana hərbi yardımını əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu istiqlalını yenicə qazanmış, çətin durumda olan Azərbaycanı düşmən əlində olan paytaxtı Bakı ilə qovuşdurdu. Lakin 23 ay yaşayan Cümhuriyyət süqut etdikdən dərhal sonra cümhuriyyət qurucuları təqib edilərək repressiya məngənəsinə salındılar. Baş verə biləcək müammalı və ucuz ölümdən can qurtarmaq üçün yeganə gizli yol Türkiyəyə mühacirətə getmək idi. Beləliklə Türkiyəyə üçüncü köç dalğası başladı. Bu köç əvvəlki köçlərdən çox faciəviliyi və dramatikliyi ilə fərqlənmişdir. Çünki bu köç gözlənilmədən ortaya çıxmışdır. Öncədən hazırlığı getməyən köçdə ata baladan ayrı düşmüşdü, oğul anadan, qardas bacıdan xəbərsiz qalmışdı. Dağlarda qaçaq düşən, min bir əziyyət ilə yollarda vuruşa-vuruşa Türkiyəyə pənah aparan Cümhuriyyət fədailəri ilk vaxtlar Qarsda, İğdırda məskən salsalar da bir çoxu burada çox tab gətirə bilməmişlər. Keçmiş Cümhuriyyət zabiti, sonra isə Türkiyə ordusunda xidmətə qəbul olmuş Gülməmməd ağa Gülməmmədovun (Mehmet Kazak) köməyi sayəsində tezliklə buranı tərk edərək “müvəqqəti olaraq” Amasyaya qohumlarının yanına getmişdilər. Burada onlar sözün əsl mənasında qan ağlayaraq istirablar içərisində yaşamışlar. Oğlunun, qızının, ailəsinin onun ucbatından Azərbaycanda zülümlər çəkdiyinə dözə bilmirdilər. “Vətən xaininin” ailə üzvü olması səbəbiylə sorğu-sualsız güllələnmə, ən yaxşı halda ilan mələşən düzlərə sürgün edilmə xəbəri ildırım sürəti ilə Amasyaya çatırdı. Göz yaşları tökərək "Ay Vətən, ay balam, ay anam sənə qurban" söyləyərək ağılar deyərmiş dağ əzəmətli kişilər.

Danışan canlı şahidlər

Həmin zülmü yaşayan kişilərdən biri də Qazaxın Yuxarı Salahlı kəndindən qaçaq düşərək İğdıra, oradan da Amasyanın Uzunoba kəndinə köç etmiş Şahvələt Kazak olmuşdur. Onun oğlu Amasya Bələdiyyə Məclisinin üzvü, mühəndis Türker Kazakın evində qonaq olarkən atasının 1976-cı ildə lentə alınmış səs yazısına qulaq asdıqca sanki ürəyin bu dəqiqə dayanacaq düşünürsən. Vətən həsrəti, ana yanğısı, qardaş sevgisi, yurd nailəsi bir-birinə qarşıbdır bu səsdə. Öz dilindən qopan bir bayatını da sizinlə bölüşürəm:

Əzizinəm qarayazı,
Ağ kağızda qara yazı,
Cənnətin bir guşəsidir
Kür üstündə Qarayazı.


Türker bəy danışırdı ki, onlar hər gün qulaqları səsdə, gözləri yolda yaşadılar ki, Şura hökuməti yıxılacaq qapılar acılacaq və onlar yaxınlarına qovuşacaqlar. Çox maraqlıdır ki həmin insanların əksəriyyəti 80-90 yaşa kimi yaşadılar (yəqin onları vətən həsrəti yaşadırmış). Ən üzücüsü isə odur ki, onlar 1990-ci ildə sərhədlər açılanda artıq çox qocalmışdılar, Azərbaycana gələ biləcək durumda deyildilər. Ölməmişdən öncə vəsiyət edərək Azərbaycandan torpaq gətirilməsini və ölərkən gözlərinin vətən torpağı ilə yumulmasını istəyirmişlər. Həmin kişilərin övladları da Azərbaycana çox bağlılıqraı ilə seçilirlər. Orxan Kayıhanın, Alparslan İşıklının, İbrahim Yıldırımın, Türker Kazakın və digərlərinin Azərbaycanı necə bir coşqu ilə sevmələrinin şahidi oldum.

Əslən Qazağın Daş Salahlı kəndindən, Türkiyə Böyük Millət Məclisinin millət vəkili olmuş, hüquqşünas Orxan Kayıhanla (Nəsib bəy Miralayevin oğlu) maraqlı söhbətlərim olurdu. (Orxan bəyin mənsub olduğu Miralyevlər soyuna ruslar Azərbycanda faciələr yaşatmışdı). O söylədi ki, Türkiyədə yaşadıqlarına görə azərbaycanlılar Azərbaycanda yaşayan əqrabaları ilə əlaqə saxlamaqla onlara əziyyət vermək istəmirdilər. 1940-60-cı illər arasında Sovet ÇK-ları tərəfindən onlarca Azərbaycan türkü qətlə yetirilmişdi. Buna görə də Sovet Xüsusi Kəşfiyyat orqanlarının əməkdaşları tapa bilməsin deyə Amasyaya gedən Azərbaycan mühacirlərindən çoxu orada müxtəlif vasitələrlə öz ad və soyadlarını dəyişdirmişdilər. Tanınmalarından ehtiyat edərək Azərbaycanda qalan əqrabaları haqqında isə heç yerdə danışmırdılar. Son nəticədə isə onlar öz soy-kökündən uzaq düşərək qarşılıqlı olaraq unudulurdular. “Evdə bizə tapşırmışdılar ki, məktəbdə, yeməkxanada, evdə pəncərə qarşısında oturmayın. Gecələr küçəyə çıxmayın. Və bu kimi qorxudan xəstəlik gətirən yüzlərcə qadağalı tapşırıqlar verirdilər. Bu buna görə də Azərbaycandakı qohumlarına da məktub yaza bilmirdilər ki, orada da onları incidəcəklər”, - deyə Orxan bəy söylədi.

İstanbul Universiteti Cərrah Paşa Tibb fakültəsinin professoru, plastik cərrah İbrahim Yıldırım Amasyada və Türkiyədə yaşayan Azərbaycan əsilli türklərin əksəriyyətinin keçmişi haqqında çoxlu məlumata sahibdir. Cümhuriyyətimizin qurucularına dair çoxlu sayda araşdırmaları və kitabları çap olunub. Bu sahədə olan araşdırmaları ilə tanış olduqca bu zəka sahibi haqqında düşüncələrim daha dərinlərə işləyirdi. Bu tarixi bilgilərin sehrindən çıxmaq üçün İbrahim bəy söhbətdə daha çox uşaqlıq xatirələrindən danışdı. İ.Yıldırım “mən körpə uşaq olan zaman nənəmin yanğılı bayatıları məni öz ovsununa salırdı, nənəm Azərbaycan şifahi xalq ədəbiyyatını yaxşı bilirdi. Mənə ilk dəfə öyrətmiş olduğu şeirlər və bayatıları hələ də unutmamışam” söyləyir.

İkinci Dunya savaşında döyüşən cəbhədən və ya əsir düşərəgələrindən Amasyaya qaçmış azərbaycanlılar da müəyyən say təşkil edirlər. Hətta əsir düşmüş, lakin müharibədən sonra Azərbaycana geri qayıtmaqdan imtina etmiş, Avropada yaşayan Azərbaycan türklərindən bəzisi 1947-1949-cu illərdə Türkiyəyə keçərək Amsyadakı qohumlarına qovuşmuşlar.

Bu gün müstəqil və suveren Azərbaycanmızda yaşadığımıza, qardaş Türkiyə ilə əlaqələrin və gediş-gəlişin asan olmasına görə Ulu Tanrıya çox minnətdarıq. Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında və bügünkü sağlam formaya gətirilməsində yuxarıda haqqında oxuduğumuz o, cəfakeş insanların misilsiz əməkləri isə unudula bilməz. Onların ölməz ruhları qarşısında hər bir Türk övladının ən azından bir mənəvi borcu vardır.

Yusif Alı AFŞAR,
Fəlsəfə doktoru, dosent




SON XƏBƏRLƏR
Bakıda xüsusi zolaqlardan istifadə ilə bağlı sərəncam verildi
“Dəli şeytan” azadlığın özüdür…
Gəncədə qatar 58 yaşlı kişinin üstündən keçdi - VİDEO
Daşkəsən polisi mənşəyi məlum olmayan 1 ton ət aşkarlayıb
Şabranın ən ağır seyidi haqqında bilinməyənlər (II HİSSƏ)
“DÇ-2018-də video hakim funksiyasından istifadə olunacaq”
Peşəkar kikboksçu: "Ölkəmizin uğurları idmançılara böyük stimuldur"
Bakı şəhərinə yeni prokuror təyin edilib
Cəbhədə vəziyyət gərgindir - Nazirlik məlumat yaydı
Artıq texniki nasaz avtomobillər qeydiyyata alınmayacaq
Camaatın beynini gəmirən beş sual
AVRO-2017-də beş medal qazanan Azərbaycan cüdo yığması Vətənə dönüb
Rusiya XİN Dilqəm Əsgərovun girov götürülməsinə münasibət bildirdi
II Dünya müharibəsi iştirakçılarına 1000 manat birdəfəlik maddi yardım veriləcək
Kəlbəcər girovları ilə görüş olacaq
Taliblərin hərbi bazaya hücumunda ölənlərin sayı 200-ə çatır
Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub
Azərbaycanda ən çox heykəl ucaldılan rayon
Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda TNT və TNT4 telekanallarının yayımı dayandırıldı
Mirzə Bala Məmmədzadə və Türk dünyası
“Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı olub
Müsəlman geriliyinin 5 səbəbi – Qulu Məhərrəmli yazır
Kamal Xudaverdiyevin anım günüdür
Ermənistanda rusiyalı hərbçi qətlə yetirilib - VİDEO
Şəhriyar Məmmədyarov: "Dünya çempionluğu uğrunda yarışmaq istəyirəm"
Azərbaycanın 4 əsas iqtisadi rayonu açıqlanıb
Yollardakı sarı zolaqlarda hərəkətin qadağan olunacağı vaxt açıqlanıb
Milli Qəhrəman Qorxmaz Eyvazovun xatirəsi anılıb - FOTOLAR
Vətənin dar günündə