Noyabrın 18-də İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Əl Gurairi ilə görüşüb.
2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan-BƏƏ ticarət əlaqələrinin 24% artdığını qeyd edən İqtisadiyyat naziri kənd təsərrüfatı, emal, turizm, yük daşımaları, neft-kimya sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Azərbaycan Prezidentinin islahatlar paketi çərçivəsində ökəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən nazir Şahin Mustafayev bu islahatların iş adamları arasında əlaqələrin genişləndirilməsinə əlavə imkanlar yaratdığını vurğulayıb. Dövlət başçısının tapşırığına əsasən, “Made in Azerbaijan” brendinin təşviqi tədbirləri çərçivəsində noyabr ayının sonunda Dubaya mineral sular, meyvə şirələri, ət və süd məhsulları, meyvə-tərəvəz, bal istehsalçılarından ibarət ixrac missiyası təşkil ediləcəkdir. Bundan başqa, qida sektorunda fəaliyyət göstərən Azərbaycan sahibkarları 29 noyabr-1 dekabr tarixlərində Dubayda keçiriləcək sərgidə iştirak edəcəklər.
BƏƏ investorlarının iştirakı ilə Azərbaycanda yeni emal müəssisələrinin yaradılması üçün potensial genişdir. BƏƏ şirkətləri ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında yaradılmış imkanlardan yararlana bilər. Xəzər Dəniz Limanının tikintisi layihəsi üzrə I mərhələnin başa çatması, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı istiqamətində işlərin davam etdirilməsi bu sahədə əlaqələrin genişləndirilməsinə, BƏƏ yüklərinin Azərbaycan üzərindən daşınmasına geniş imkanlar yaradır.
Karabakhmedia.az