Qarabag Media
Haqqımızda Əlaqə

Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir


Tarix:2-11-2016, 00:36 Kateqoriya:Manşet / İqtisadiyyat

Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament və icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar və KİV təmsilçiləri iştirak edib. Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfindən isə 300-ə yaxın olmaqla, ümumilikdə 600-ə yaxın iştirakçı qatılıb.

Tədbirdən əvvəl VII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Qonaqlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.

Sonra VII Azərbaycan-Rusiya Regionlararası Forumun rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Rusiya Federasiyası Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov dövlət başçılarının forum iştirakçılarına təbrik məktublarını oxuyublar.

VII Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev qonaqları salamlayaraq, forumun keçirilməsinin Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsü olduğunu və artıq ənənəyə çevrildiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın bu formatda tədbiri yalnız Rusiya ilə təşkil etməsi ölkələrimiz arasında uğurlu əməkdaşlığın göstəricisidir. Əminəm ki, bu ilki forum da əvvəlki illərdə keçirilmiş forumlar kimi Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına öz töhfəsini verəcəkdir.

Şahin Mustafayev qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu vurğulayıb. Bildirilib ki, dövlət başçıları ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verir və Azərbaycan və Rusiya Prezidentlərinın, dövlət rəsmilərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri bu böyük önəmin göstəricisidir. Son 10 ildə Prezident İlham Əliyev Rusiya Federasiyasına 30-dan çox, Prezident Vladimir Putin isə Azərbaycana 10-a yaxın səfər edib. Qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafına göstərilən böyük maraqdan xəbər verdiyini qeyd edən Şahin Mustafayev Rusiya nümayəndə heyətinin Azərbaycana növbəti səfərinin də əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Ölkələrimiz arasında yaradılmış möhkəm müqavilə-hüquqi baza ticarət-iqtisadi, kənd təsərrüfatı, yanacaq-energetika, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verir. Ümumiyyətlə, ölkələrimiz arasında 50-dən çoxu iqtisadi sahədə olmaqla, 170-dən artıq sənəd imzalanıb. İkitərəfli iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının, parlamentlərarası qrupların və səfirliklərin rolu də önəmlidir.

Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət əlaqələridir. Bu ilin yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilib. Hazırda Azərbaycanın ticarət dövriyyəsində Rusiya 3-cü, idxalda isə 1-ci yeri tutur. Ölkələrimiz arasında azad ticarət rejimi mövcuddur və bu, ticarət əlaqələrinin və iş adamları arasında əməkdaşlığın inkişafına əlavə imkan yaradır.

Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Son illər Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 3 mlrd. ABŞ dollarından çox investisiya qoyulub. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox birbaşa investisiya yönəldib. Azərbaycanın “Karat Holdinq” şirkəti bu il Yesentuki şəhərində 25 mln. dollar dəyərində Sanatoriya-Kurort Mərkəzini istifadəyə verib, “Azərsun Holdinq” şirkəti Krasnadar vilayətində 8 mln. dollar dəyərində meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 mln. dollar dəyərində çay fabriki tikib. “Karvan-L” şirkəti Kabardin-Balkar Respublikasında “Stalprom” şirkətinin tikintisi və təchizatı, Dağıstan Respublikasında isə təqribən 1,5 mln. dollar dəyərində “Anji” İdman Mərkəzinin tikintisi layihələrini reallaşdırıb. “Mətanət A” şirkəti Krasnodar vilayətində 33 mln. dollar dəyərində quru tikinti qarışıqları istehsalı zavodunun tikintisinə başlayıb. Noyabrın 2-də isə Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkətinin və Rusiyanın “R-Farm” şirkətinin iştirakı ilə investisiya dəyəri 74 mln. dollar olan əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyulacaq.

İnvestisiya sahəsində əməkdaşlığın inkişafında iş adamlarının iştirakı ilə keçirilən biznes forum və digər tədbirlərin əhəmiyyətini qeyd edən Şahin Mustafayev 2015-ci ildə keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumundan ötən müddətdə ölkəmizdə 10-a yaxın biznes forum, dəyirmi masa və işgüzar görüşün keçirildiyini, belə tədbirlərin həm də Azərbaycan və Rusiyada yaradılmış əlverişli investisiya mühitinin göstəricisi olduğunu bildirib.

Nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə qəbul edilmiş yeni islahatlar proqramı barədə forum iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, sahibkarlıq subyektlərində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırılmış fəaliyyət növlərinin sayı əhəmiyyətli dərəcədə azaldılıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, elektron xidmətlərdən istifadə imkanları genişləndirilib, investisiya qoyuluşu və qeyri-neft ixracı stimullaşdırılıb. Rusiyada da iqtisadiyyatın diversifikasiyası, özəl sektorun inkişafı, ixrac imkanlarının genişləndirilməsi istiqamətində islahatlar aparılır və bu, Azərbaycan sahibkarlarının bu ölkəyə marağını daha da artırır.

Azərbaycan-Rusiya əməkdaşlığının perspektivli istiqamətlərindən biri də tranzit yükdaşımalarıdır. Bu baxımdan, Şimal-Cənub nəqliyyat dəhlizi xüsusilə əhəmiyyətlidir. Azərbaycan, Rusiya və İran dövlət başçılarının 2016-cı ilin avqustunda keçirilən görüşü bu sahədə yeni layihələrin reallaşdırılmasına impuls verib. Hazırda İran sərhəddinə qədər olan dəmir yolunun qalan hissəsinin və dəmir yolu körpüsünün tikintisi davam etdirilir.

Təhsil, elm, səhiyyə, mədəniyyət, idman sahələrində də Azərbaycan-Rusiya əlaqələri genişlənib. 2008-ci ildən Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin, 2015-ci ildən isə İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Bakı Slavyan Universitetində azərbaycanlı gənclərin rus və digər slavyan dillərini öyrənməsi üçün hər çür imkan, 340 mindən çox şagirdin təhsil aldığı 320 məktəbdə isə rus dilində təhsil imkanı yaradılıb. Rusiyanın ali təhsil müəssisələrində 14 mindən çox Azərbaycan vətəndaşı təhsil alır.

Heydər Əliyev Fondu Azərbaycan-Rusiya humanitar əlaqələrinin genişləndirilməsinə mühüm töhfələr verir. Bu sahədə Rusiyada Azərbaycanlı Gənclər Biriliyinin (AMOR) önəmli fəaliyyəti də xüsusi qeyd edilməlidir.

Ölkəmizin Rusiya Federasiyasının subyektləri ilə uğurla əməkdaşlığından danışan Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin birgə təşəbbüsü ilə başlanmış regionlararası əməkdaşlıq çərçivəsində rəsmi şəxslər və iş adamları çoxsaylı qarşılıqlı səfərlər həyata keçirir. Son 2 ildə Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz, Tatarıstan, Dağıstan, Sankt-Peterburq, Həştərxan və Vladimir vilayətlərinin nümayəndələri Azərbaycanda səfərdə olub. Rusiya Federasiyasının 17 subyekti ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb, 4 subyekti ilə ölkəmiz arasında hökumətlərarası komissiya fəaliyyət göstərir. Ümumilikdə, Azərbaycan Rusiyanın 78 subyekti ilə ticarət-iqtisadi əməkdaşlıq edir.

Şahin Mustafayev forum çərçivəsində keçirilən dəyirmi masalarda müzakirə edilən məsələlərin, imzalanacaq sənədlərin sənaye, kənd təsərrüfatı, humanitar, turizm və s. sahələrdə əlaqələrin genişlənməsi üçün yeni imkanlar açacağına əminliyini vurğulayıb.

Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Aleksandr Sıbulski çıxışında forumun iki ölkənin dövlət və regional hakimiyyət orqanları arasında dialoq üçün səmərəli platforma olduğunu qeyd edib, tədbirin ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafında əhəmiyyətli olacağını, Azərbaycan-Rusiya işgüzar tərəfdaşlığı üçün yeni perspektivlər açacağını diqqətə çatdırıb. Aleksandr Sıbulski Azərbaycan və Rusiya arasında iqtisadi və ticarət sahəsində əməkdaşlıq barədə məlumat verib, Rusiya-Azərbyacan və Azərbaycan-Rusiya işgüzar şuralarının yaradılmasının təqdirəlayiq olduğunu bildirib. Qeyd olunub ki, Rusiyadakı sənaye parklarında əməkdaşlıq üçün geniş imkanlar var və artıq Azərbaycan iş adamları “Lotos” iqtisadi zonasına maraq göstərir. Bundan başqa, sənaye, energetika, nəqliyyat, xidmət, humanitar və s. sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün imkanlar genişdir.

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin çıxışlarında ölkələrimiz arasındakı əməkdaşlığın genişləndirilməsi istiqamətində diplomatik nümayəndəliklərin gördüyü işlər barədə məlumat veriblər.

Rusiya Federasiyasının Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov Azərbaycanın inkişaf etdiyini, müasir Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin fəaliyyətinin önəmini qeyd edib və hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ramazan Abdulatipov Rusiya-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunduğu üçün Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycanla əlaqələrin inkişafı baxımından Rusiyanın subyektləri arsasında Dağıstan Respublikası ilk yerlərdədir. Dağıstan Respublikasının iqtisadiyyatı barədə məlumat verən Ramazan Abdulatipov Azərbaycan iş adamlarının buradakı fəaliyyətini, Dağıstanın ixrac imkanlarını qeyd edib.

Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev və Arxangelsk vilayətinin qubernatoru İqor Arlov Rusiya və Azərbaycan regionları arasında müxtəlif sahələrdə mövcud əlaqələr və əməkdaşlığın inkişafı perspektivləri barədə danışıblar.

Bakı şəhərinin Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək, Azərbaycan regionları ilə Rusiyanın federal subyektləri arasındakı sıx əlaqələr və səmərəli əməkdaşlıq barədə çıxış ediblər.

Sonra Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair 12 sənəd – Qəbələ Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyasının Stavropol vilayətinin Kislovodsk kurort-şəhəri Administrasiyası arasında əməkdaşlığa və qardaşlaşmaya dair Saziş, Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq barədə Niyyət Protokolu, Rusiya Federasiyasının Həştərxan vilayətinin “Nərimanov rayonu” bələdiyyə təsisatı ərazisində yaradılmış sənaye-istehsal tipli Xüsusi İqtisadi Zonada sənaye-istehsal fəaliyyətinin həyata keçirilməsi haqqında Saziş, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Stavropol diyarının Ticarət-Sənaye Palatası arasında əməkdaşlığa dair Saziş, AZPROMO ilə Dağıstan Respublikasının Sahibkarlıq və İnvestisiya Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum, AZPROMO və Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlıq barədə Memorandum, Azərbaycan Tibb Universiteti ilə Stavropol Dövlət Tibb Universiteti arasında əməkdaşlığa Çərçivə Sazişi, Quba Turizm İnformasiya Mərkəzi ilə “Dərbənd 2000” Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında Saziş, Xaçmaz Turizm İnformasiya Mərkəzi ilə “Dərbənd 2000” Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında Saziş, Azərbaycanın Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Forum çərçivəsində həmçinin, “Bentonit” MMC, “ADY Exspress” MMC və “AzRosPromInvest” MMC arasında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın “Qlass Haus” şirkəti ilə Dağıstan Respublikasının “Xəzər Vərəqə Şüşə Zavodu” ASC arasında mallar təchizatı üzrə Niyyət Sazişi imzalanıb.

Bundan sonra VII Azərbaycan-Rusiya Regionlararası Forumunda mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətinə və xidmətlərinə görə təltif olunmuş Həştərxan vilayətində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirovaya “Tərəqqi” medalı təqdim olunub. Medalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim edib. Qeyd edək ki, Heydər Əliyev adına 11 nömrəli orta məktəb Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə açılıb və Fondun Həştərxan vilayətində həyata keçirdiyi layihələrdən biridir. Həştərxandakı fəaliyyətinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Rusiya Federasiyası Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərova Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəkkürnaməsini təqdim edib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı