Qarabag Media
Haqqımızda Əlaqə

MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR


Tarix:6-10-2016, 01:14 Kateqoriya:Manşet / Yazarlar

QƏŞƏM ASLANOV


MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR



İndi, əziz dostlar, Göyçəlilər, Kəsəmənlilər, həmvətənlər, Ata-Anam və böyük qardaşım Mədədlə yanaşı, mənim şəxsi həyatımda böyük rol oynamış, ilk ədəbiyyat müəllimim, məktəb dövründən el-obasını, Vətənini sevməyi, onun tarixinə biganə qalmamağı, dərindən mənimsəməyi, ədəbiyyatını, incəsənətini, xüsusilə şeiriyyatını öyrənməyi, başa düşməyi aşılayıb, onun əsl vətəndaşı kimi formalaşmağımda böyük əmək qoymuş, həyatda mənə tək müəllim yox, çox yaxın dost olmuş, ürəyimdə xüsusi yeri olan nadir bir ŞƏXSİYYƏT, yaddaşımdan heç vaxt silinməyən mərhum QƏŞƏM ASLANOV haqqında xatirələrimi nəzərinizə çatdırmaq istərdim.
Qəşəm müəllimlə ilk əyani tanışlığım onun Qaraiman kənd məktəbindən öz doğma Kəsəmən kənd məktəbimizə ədəbiyyat müəllimi təyin olunduğu ilə təsadüf edir. Avqustun sonları idi. Bir gün məni məktəbə çağırdılar. Müəllimlər odasında məni gülər üzlə Qəşəm müəllim qarşıladı.
– Məni sizin sinfə ədəbiyyat müəllimi və sinif rəhbəri təyin ediblər. İstədim sinfinizlə tanış olum.
Qarşısında sinif şagirdlərimizin siyahısı var idi. Sinifdən kimlərin yaxşı oxuduğunu soruşdu. Mən Ənvər Mehdiyevin, İsrafil Cabbarovun, Əziz Xudiyevin va b. adını çəkdim. Ayrı-ayrı fənləri necə mənimsəməyimiz haqda, məktəb həyatında baş verən hadisələrə münasibətim barədə suallar verir, cavabıma diqqətlə qulaq asırdı. Sonra o mənim şeir yazmağımla maraqlandı. Şeirə və ilk şeir yazmağa həvəsi məndə gözəl insan, folklorumuzu, şifahi xalq ədəbiyyatımızı dərindən bilən istedadlı şair, məktəbimizin ədəbiyyat müəllimi, qəlbimdə isti xatirələri yaşayan mərhum Musa Kərimov olmuşdur. Hələ 4-cü sinifdə oxuyarkən rayonumuzun “Bolluq uğrunda” qəzetində mənim “Yaxşı oxuyaq” adlı ilk “şeirim” çap olunmuşdu. Qəşəm müəllimin də vaxtaşırı rayon qəzetində dərc olunan şeirlərilə tanışlığım var idi. O mənə gələn dəfə məktəbə gələndə özümlə bərabər şeirlərimi də gətirməyi tapşırdı. Bu səmimi görüşün xoş təəssüratı məndə ona qarşı daxili bir yaxınlıq yaratdı, ona etibarımın və inamımın təməlini, rüşeymini qoydu. Həmin gün Qəşəm müəllimlə mənim müəllim-şagird dostluğunun, müəllimlik məsuliyyətini hiss edən, bilik və bacarığını şagirdinə əsirgəmyən ağıllı bir insanla, daima öyrənməyə səy edən, hər şeyi kökündən bilməyə can atan, çalışan bir gəncin uzun müddətli qarşılıqlı xoş münasibətlərinin, ünsiyyətlərinin başlanğıcı oldu.
Qəşəm müəllim Sovet ədəbiyyatını, Azərbaycan ədəbiyyatını, xüsusilə Azərbaycan Sovet poeziyasını olduqca dərindən bilirdi. O çox vaxt dərs zamanı tədris proqramına daxil olan bu və ya digər yazıçının, şairin yaradıcılığından söhbət açarkən proqramdan kənara çıxaraq onların həyatından və əsərlərindən bizə maraqlı, nadir təfərrüatları böyük bir çılğınlıq, coşqunluq hissi ilə çatdırardı. Bir neçə il dalbadal eyni sinifdə qalıb oxuyan uşaqlar da onun dərsi olan günü məktəbə gələrdilər. O bizdən bir sinif yuxarıda oxuyan uşaqlarla mütəmadi “yarış” keçirməyi çox sevərdi. Bu yarışlarda biz şagirdlər bir-birimizə bu və ya digər şairin, yazıçının, dramaturqun həyatına dair suallar verər, əsərlərindən parçalar oxuyar, kimə və hansı əsərə aid olduğunu, onların başqa əsərlərindən nümunələr gətirməyi təklif və təkid edərdik. Bu yarışlarla Qəşəm müəllim bizdə proqdamdan əlavə sərbəst ədəbiyyat mütaliə etmək vərdişini və bacarığını aşılayırdı.
Onun məktəbimizə gəlişindən sonra məndə şeirə və şeir yazmağa həvəs daha da artdı. Çünki onun yazdığım şeirlərə tutduğu səmimi iradlar, verdiyi məsləhətlər və etdiyi düzəlişlər mənə təkan verir, ruhlandırırdı. Bu vaxtdan başlayaraq, mənim onun məsləhəti ilə müntəzəm olaraq rayon qəzetində şeirlərim dərc olunmağa başladı. O dəfələrlə mənə tövsiyə edirdi:
-Yaxşi şeir yazmaq üçün klassiklərimizin, tanınmış şairlərimizin şeirlərini daima mütaliə etmək lazımdır.
Məncə bu fikir bu gün də əlinə qələm alıb şeir yazan bütün gənclərə də dəyərli bir tövsiyədir.
Qəşəm müəllim sezdirmədən, yavaş-yavaş məni “ədəbi ictimaiyyətə göstərməyə” başladı. Rayon qəzetinin ədəbi şöbəsinin, onun rəhbəri Oruc Qarayevin təşəbbüsü ilə redaksiya nəzdində yaradılan Göyçə ədəbi məclisinə özüylə bərabər həmişə məni də aparardı. Həmin məclislərdə İsmixan Məmmədov (Didərgin), Haqverdi Ələsgərov, Qəşəm Aslanov, Oruc Qarayev, Qədir Aslanov və rayon kəndlərinin digər yazarları öz şeirlərini oxuyar, aralarında onları müzakirə edərdilər. Müzakirələrdə ən fəal iştirak edən Qəşəm müəllim olardı. O əsl peşəkarlıqla hər oxunan şeirə poetika, duyğu, hiss, məzmun, fikir dolğunluğu və s. nöqteyi-nəzərdən təhlil edər, hər bir şeiri öz “taxçasına” düzərdi. Yaxşı şeiri duymaq, hiss etmək, anlamaq qabiliyyətinə və ona qiymət vermək bacarığına görə Qəşəm müəllim bu yazarlar içində xüsusi nüfuza malik idi. Bu məclislərdə o mənim uğurlu hesab etdiyi şeirlərimi də oxumağımı təkid edər, yazarların müsbət, xeyirxah fikirlərini eşidəndə ləzzət alar, daxili qürur hissi keçirərdi. Gözəl şeirlər yazan və onu bacaran insanlar müqabilində təfəkkürü, yazıları hələ formalaşmamış 11-12 yaşlı bir məktəblinin belə tədbirlərdə iştirak etməsi Qəşəm müəllimin çox güclü pedaqoji və psixoloji intuisiyasının, hissiyyatının təcrübə sınağı idi. İndi gözəl başa düşürəm, bu sınaq bu gün ümidlər verən bir məktəblinin hərtərəfli biliyə, geniş dünyagörüşünə malik olmasını təmin etməyə, gələcəyin ləyaqətli insanı olmasına yönələn xeyirxah bir əməl idi!
Rayon qəzetinin növbəti saylarının birində Qəşəm müəllimin Göyçə yazarlarının yaradıcılığının təhlilinə həsr olunmuş tam bir səhifəlik məqaləsi dərc olunmuşdu. Bu məqalədə o əsl tənqidçi, peşəkar ədəbiyyatşünas kimi “düzü düz”, “əyrini əyri”, yaxşı şeiri söz yığımından ayıraraq hətta bəzi sanballı hesab edilən şairlərin redaksiyaya göndərdiyi zəif şeirləri tənqid etməkdən çəkinməmişdi. Bir neçə sətirlə mənim yazılarıma müsbət qiymət verib məndən 10-20 yaş böyük olan bəzi yazarlara nümunə göstərməsi məni həm utandırır, eyni zamanda ruhlandırır və şeir yazmaq marağıma məsuliyyəti gücləndirirdi. Qəşəm müəllimin də mənimlə bağlı əsl məqsədi məhz bu sondakılar idi. Ermənistan Yazıçılar İttifaqında Azərbaycan bölməsinin rəhbəri Əkbər İrəvanlının (Yerevanlı) iştirakı ilə rayon mədəniyyət evində keçirilən şeir festivalında Qəşəm müəllimin təklifi ilə mənim də “çıxışım” salınmışdı. Hətta, səhv etmirəmsə, Qoşabulaqdan olan bir yazar bu festivalın keçirilməsinə həsr etdiyi şeirində mənim adımı çəkərək “şeirin təzə açan çiçəyi” adlandırmışdı. Sözsüz ki, festivalda yeganə kiçik yaşlı məktəbli olduğumdan iştirakçılar mənim şeirimi xüsusi səmimiyyət və alqışlarla qarşılayıb ötürdülər. Çıxışdan sonra qayıdıb yanında oturanda Qəşəm müəllim məni bağrına basıb həyəcan və qürurla dedi:
– Gördün şeirini nə gözəl qarşıladılar? Yeni uğurlar sənə!
Etiraf edirəm, o anlarda mənə təmənnasız vaxt, əmək sərf edən, uğurlarıma qəlbən sevinən sevimli müəllimimin ümidlərini doğrultmağıma səy etməyimə, əzmlə çalışmağıma görə mən də sevinir, daxili fərəh hissi keçirirdim.
Bir məktəbli kimi rayon qəzetində şeirlərimin müntəzəm dərc olunmasıyla bağlı bəzi insanlarda bu şeirlərin özümün yazmağıma şübhə kimi skeptik fikir gəzdiyinin bir gün əyani şahidi oldum. Redaksiyada ədəbi məclisin növbəti yığıncağı qurtaranda Qəşəm müəllim mənə mətbəəyə gedib qəzetin növbəti nömrəsində hər ikimizin gedəcəyi şeirlərin düzgün yığılmasını yoxlayıb əmin olmağı tapşırdı. Əvvəllər mətbəədə yazılar qurğuşun şrıftlərlə bir-bir əllə yığıldığından qəzetdəki yazılarda çoxlu səhvlər gedərdi. Mətbəəyə gəlib işçilərə nə məqsədlə göndərildiyimi bildirdim. Hamısı məni başdan ayağa maraqla süzərək müəmmayla qımışdılar. Onlardan biri mənə yaxınlaşdı, əllərini çiynimə qoyub gözümün düz içinə baxaraq dedi:
– Deməli tez-tez şeirini yığdığımız o şair uşaq sənsən? Düzünü de, şeiri özün yazırsan, yoxsa sənin əvəzinə yazırlar?
Qəflətən verilmiş bu sualdan özümü bir qədər itirsəm də, mənə yönəlmiş “ittihama” dözə bilməyib suala sualla cavab verdim:
– Niyə, özümə nə olub ki, başqa bir adam əvəzimə şeir yazsın?
– İndi bir mövzu versək yanımızda şeir yaza bilərsən?
Belə bir işin çətinliyini və məsuliyyətini dərk etmədən, fikirləşmədən çılğınlıq və qəzəb hissiylə dedim:
– Buyurun, mövzunuzu deyin!
Hərə bir mövzu dedi, nəhayət qərara gəldilər, qoy Vətən haqda bir şeir yazsın. Üstünə şriftlər səpələnmiş bir masanı az-çox səliqəyə salıb əlimə kağız-qələm verdilər. Ömrümdə ilk və axırıncı dəfə “sifarişlə” şeir yazmağa başladım. İlk anlar həyəcanlı olsam da yavaş-yavaş fikrimi toplayıb, məktəbdə müəllimlərin, xüsusilə Qəşəm müəllimin şagirdlərə aşıladığı Vətən, el-oba, torpaq məfhumlarının ətrafında 15-20 dəqiqəyə üç bəndlik bir “şeir” yazdım. Gözləri qarşısında yazdığım şeiri onlara oxuyanda mətbəə işçiləri razılıq hissi və səs-küylə əl çalıb məni bir-bir qucaqladılar, mühasirəyə alıb xeyirxahlıqla mənə cürbəcür suallar verməyə başladılar. Bu vaxt arxamca gələn Qəşəm müəllim belə bir səhnəni görüb çox təəccübləndi. Bir az qabaq məndən “şeiri özünmü yazırsan” soruşan şəxs (səhv etmirəmsə o Qanlı kəndindən olan Xıdır adlı bir nəfər idi) irəli çıxıb Qəşəm müəllimlə əl verib görüşdü və burda olan əhvalatı ona olduğu kimi danışdı. Qəşəm müəllim əvvəlcə şeiri məndən alıb oxudu, üzündə təbəssüm yarandı, razılıq hissi ilə məni qucaqlayıb, onlara müraciətlə dedi:
– Görəcəksiniz, bu insan sizi gələcəkdə hələ çox təəcübləndirəcək!
Onun məni uşaq, məktəbli yox, adətən yaşlılara ünvanlanan insan kimi təqdim etməsində bir qürur, xeyirxahlıq, şagirdinin gələcəyinə ümid və inam hissi duyurdum! Bu hissləri qəlbən duymağım məni daha güclü səylə, məsuliyyətlə çalışmağa, gördüyüm hər işə olduqca ciddi yanaşmağa sövq edirdi.
Qəşəm müəllimdə gözəl bir xüsusiyyət də vardı. O heç vaxt şeirdə onu qane etməyən sözü, misranı, fikri özü düzəltməzdi. Fikrini, iradını deyər, şeiri gücləndirmək üçün hansı istiqamətdə işləməyin lazım olduğunu məsləhət bilərdi, amma özü heç nə əlavə etməzdi, çalışardı ki, şeir müəllifin öz qələmindən çıxsın. Bu məziyyətində də onun cavanlığına (bu dövrlərdə onun cəmi 22-25 yaşı olardı) məxsus olmayan bir müdriklik vardı: yaxşı bir iş görmək (məsələn, şeir yazmaq) üçün əziyyət çəkməlisən, yuxusuz gecələr keçirməlisən, tər tökməlisən. O ömrünün bütün dövrlərində əməyə, zəhmətə çox böyük dəyər verər, həmişə, o cümlədən mənə Moskvaya ünvanladığı məktublarının birində də (16.11.1970), XVl əsr alman şairi Peter Gileyə istinadən təkrar etməkdən doymazdı:
“Tər əməyin göz yaşıdır”
Yaddaşıma həkk olunmuş belə bir epizodu nəzərinizə çatdırmaq istərdim. Kənddə yaşayarkən yay tətili aylarında mən də şagirdlərin çoxusu kimi ot, süpürgə, təzək və s. yığmaqla ailəmizin qış tədarükünə imkanım daxilində kömək edərdim. Bir ili mütəmadi olaraq kolxozun qoruqçularından müxtəlif yollarla yayınaraq şələ ilə gündə 2-3 “gediş” edərək dağların döşündən bir tona yaxın əllərimlə ot yığıb, gətirib həyətimizə toplamışdım. Ot yolmaqdan əllərimin içi qabar olub, otun rəngi kimi yaşıla çalırdı. Sentyabrın 1-də ilk dərsdə Qəşəm müəllim məni lövhəyə çağırdı və dedi:
– Sənə jurnalda “5” yazıram.
Bütün sinif kimi mən də məəttəl qaldım. Bunu zarafat kimi qəbul edib (bütün dövrlərdə onun gözlənilməz zarafatları olardı) ondan soruşdum:
– Müəllim, axı biz hələ dərs keçməmişik, heç keçənlərdən sual da verməyibsiniz, nəyə görə “5” yazırsınız?
– Aç əllərini bizə göstər.
Qabarlı, yaşılı rəngə çalan əllərimi utandığımdan arxamda gizlətməyə çalışdım. Amma onun təkidi qarşısında əllərimi açmağa məcbur oldum. Əllərimi yuxarı qaldırıb içini göstərərək dedi:
– Bax, “5”-i buna görə, bütün yay boyu çəkdiyin əməyə, zəhmətə, əziyyətə görə verirəm. Yay boyu müşahidə edirdim, tətili çox səmərəli, faydalı əməklə keçirmisən. Çox sağ ol!
Əməkdən, onun qüdrətindən daima, yorulmadan danışan, biz məktəblilərə tövsiyələr edən Qəşəm müəllim mən Moskvada oxuduğum dövrdə də bu sevimli mövzusunu unutmazdı. Məktublarının birində Lev Tolstoya istinadən yazırdı:
“Adam əməksiz öz insan ləyaqətini qoruya bilməz. Buna görə də veyil adamlar xaricən böyük görünməyin qeydinə qalırlar.”
Qəşəm müəllimin olduqca güclü təşlkilatçılıq qabiliyyətinə malik olduğunu elə ilk günlərdən görür, açıq hiss edirdik. Onun məktəbimizə gəlişiylə məktəbin həyatında xeyli canlanma yarandı. Məktəbimizdə ilk özfəaliyyət dərnəyinin yaranmasının təşəbbüskarı və təşkilatçısı məhz o idi. Məktəbdə musiqi alətləri olmadığından o bu işə qavalda yaxşı çalan Abbasov Məmmədəli müəllimi (o vaxt o məktəbdə müəllim işləmirdi) və onlarda yaşayan kolxozun aqronomu, tarda gözəl mahnılar ifa edən şişqayalı Nəriman Allahverdiyevi cəlb etmişdi (Allah hər ikisinə rəhmət eləsin. Hər ikisi gözəl insan idi. Hər ikisiylə dünyadan köçənə qədər qarşılıqlı xoş münasibətimiz var idi). Bu üçlük solistlər və xordan ibarət olan bir şagirdlər ansamblı yaratdı. Xora ayrı-ayrı siniflərdən çox şagird cəlb olunmuşdu. Solistlərə isə, Məmmədəli müəllimin oğlu Əli və qızı Sürəyya Abbasovlar, Ənvər Mehdiyev və mən daxil idik. Ansamblın “repertuarı”na vətənpərvərlik ruhunda yazılmış, əməyi və əmək qəhrəmanlarını tərənnüm edən, o dövrdə məşhur olan Səməd Vurğunun sözlərinə yazılmış “Azərbaycan”, “Çoban Qara”, “Sürəyya” və başqa bu kimi mahnılar daxil idi. Hətta ansamblımızın özünə məxsus olan bir mahnısı da vardı. Musiqisi Nəriman Allahverdiyevə, sözləri isə Qəşəm müəllimə aid olan “Yar sənə qurban” adlı mahnını öxünəməxsus məlahətli səslə Əli Abbasov gözəl ifa edirdi.
Əldə sazım var,
Xoş avazım var.
Qışım var, yazım var
Yar sənə qurban...
Rayon mədəniyyət evində keçirilən məktəblərin özfəaliyyət festivalında kollektivimiz alqışlarla qarşılanmışdı. Hətta bir neçə şagird Basarkeçər Rayon Xalq Maarif Şöbəsinin fəxri tərifnaməsilə mükafatlandırılmışdı.
Qəşəm müəllimin təşəbbüsü ilə kolxoz idarəsinin binasında yerləşən kənd klubunda ədəbiyyat dərnəyi yaradılmışdı. Dərnəyə kəndin Cəmil İsmayılov, Nağı Mehdiyev, Aslan Aslanov, Azad Binnətov, Abüzər Qurbanov kimi cavan nəsli, bir neçə məktəbli və başqaları daxil idi. Bu dərnəkdə ayrı-ayrı yazıçıların, şairlərin – Mirzə İbrahimovun “Gələcək gün”, Mehdi Hüseynin “Abşeron”, “Qara daşlar” kimi əsərləri haqda əvvəldən seçilmiş məruzəçinin bu əsər haqda müfəssəl məlumatı dinlənər, ona əsərlə və müəlliflə bağlı cürbəcür suallar verilərdi. Bu vaxt məruzəçi “süzgəcdən” keçirilər, əməlli-başlı tər tökməli olardı. Sonra müzakirələr başlanardı. Qəşəm müəllim müzakirələri apararkən çalışardı ki, iştirakçıların hər birisi mütləq öz fikrini demiş olsun. Bununla o ilk növbədə müzakirə olunan əsərin hamı tərəfindən oxunulmasına və oxuduqları əsər haqda öz fikirlərini ifadə etmək bacarığını aşılamağa nail olmaq istəyirdi. Bu müzakirələrdə o həm məruzəçinin, həm də çıxış edənlərin fikirlərinə münasibət göstərər, onlara düzəlişlər, istiqamət və qiymət verərdi. Müzakirələr zamanı həmişə yanında oturtduğu mənə çıxışlarıyla fərqlənən Nağı Mehdiyevə və Abüzər Qurbanova işarə edib yavaşcadan bir neçə dəfə “Bunların yaxşı gələcəyi var”, “Bunlardan bir şey çıxacaq” ifadələrini işlətmişdi. Müzakirələrdə Qəşəm müəllimin qardaşı Aslan Aslanov da həmişə çox fəal idi.
Bu ədəbi dərnək kəndimizin gənc nəslinə milli ədəbiyyatımızı dərindən öyrənmək, onu təbliğ etmək, bədii əsərləri təhlil etmək bacarığını aşılamaq üçün böyük bir məktəb idi.
Qəşəm müəllimin olduqca göz oxşayan qəşəng xətti var idi. Qaraimanda dərs hissə müdiri və müəllim işləyərkən, sonralar isə ilk illərdə məktəbimizdə dərs deyərkən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi təhsil alırdı. O vaxtlar mənim də xəttim pis deyildi. Biz şagirdlər çalışıb xəttimizi onun xəttinə bənzətmək istəyirdik. Buna ən çox nail olan İsrafil Cabbarov idi. Bir qiyabiçi kimi o müntəzəm olaraq universitetə ayrı-ayrı tədris fənlərindən müxtəlif mövzularda yoxlama işləri göndərərdi. Həmişə də mənə onların üzünü köçürməyi tapşırardı. Onları köçürərkən mən ayrı-ayrı mövzularda sərbəst, yaradıcılıqla yazmağın sirrlərini öyrənər, boş vaxtlarda bu istiqamətdə özlüyümdə məşq edər, bəzi yazılarımı ona göstərib dəyərli məsləhətlər alardım. Sonralar Bakıda orta məktəbdə oxuyarkən ədəbiyyatdan yoxlama yazı mövzularında bir qayda olaraq mən sərbəst mövzunu seçərdim, hətta kiməsə istinadən özümdən iki misra, bir bənd şeir də əlavə edərdim. Bir dəfə ədəbiyyat müəllimi (o eyni zamanda “Azərbaycan müəllimi” qəzetinin redaktoru idi) mövzuları verəndə mənə müraciətlə:
– Ələddin, sən bu gün sərbəst mövzunu yazmırsan.
Çox təəccübləndim. Axı, verilən mövzuların seçimi mənim ixtiyarımda idi. Heç bir söz demədən başqa mövzunu asanlıqla yazıb təhvil verdim. Növbəti dərsdə yazıları təhlil edib qiymətləri oxuyanda mənə bu sözləri çox ciddi və üzündə razılıq hissilə dedi:
– Qiymətin “əladır” (5/5). Sərbəst mövzuları hərtərəfli aça bilirsən. Mənim üçün keçdiyimiz əsərlərin sənin necə təhlil etməyin maraqlı idi. Sevindiricidir ki, bu cür mövzularda da sən əsər haqqında ədəbiyyatda olan fikirləri ümumiləşdirərək öz sözünü də deyə bilirsən. Belə də davam et.
Bu anlarda da mən ilk növbədə sevimli müəllimimin kəndimizdəki ədəbi dərnəkdə ayrı-ayrı əsərlərin müzakirəsi vaxtı hamımıza etdiyi “çalışın öz fikrinizi ifadə edin” tövsiyəsi, universitetə göndərdiyi yoxlama işlərində onun mövzunu məharətlə, yaradıcılıqla açmaq qabiliyyəti, mənim könüllü yazdığım yazılara verdiyi məsləhətləri dərin minnətdarlıq hissi ilə yada salardım.
Yuxarıda qeyd etdiyim kimi Qəşəm müəllim güclü təşkilatçılıq qabiliyyətinə malik idi. O bir neçə il dərs hissə müdiri olmaqla yanaşı gənc komsomolçu-müəllim kimi məktəb komsomol təşkilatının katibi işləyirdi. Onun gəlişiylə komsomol işində canlanma yarandı, təşkilata yeni üzvlər cəlb etdi, məktəbdə gördüyü ictimai işlərlə onun nüfuzunu qaldırdı. Artıq məktəbdə komsomol təşkilatının iştirakı olmadan heç bir tədbir keçirilməzdi. Komsomolçu olmasam da fəallığıma görə o məni müntəzəm olaraq komsomol işinə cəlb, hətta təşkilatın iclaslarına dəvət edərdi. 1958-ci ildə bir gün yanına çağıraraq mənimlə belə bir söhbət etdi.
– Ələddin, istəyirəm sən ərizə yazıb komsomola üzv olasan.
Belə bir söhbətdən diksinmiş kimi:
– Qəşəm müəllim, mənim axı cəmi 11 yaşım var. Komsomola isə 14 yaşından qəbul edirlər.
– Bilirəm, amma sən onsuz da məktəbin komsomol həyatında fəal iştirak edirsən. Mən artıq kommunist partiyasının üzvüyəm. Sənə etibar edirəm, ola bilsin, məni başqa işə keçirsinlər. İstərdim, məndən sonra məktəbdə komsomol təşkilatına sən başçılıq edəsən. Get hərtərəfli hazırlaş, nizamnaməni yaxşı-yaxşı öyrən. Qalan şeyləri mən boynuma götürürəm. Narahat olma, sonra təvəllüdünü də düzəldərik.
Lazımi hazırlıqdan, Qəşəm müəllimin xüsusi sorğu-sualından sonra (nizamnaməni əzbər bilirdim, beynəlxalq vəziyyətlə isə hər gün yaxından maraqlanırdım) 1-2 ay keçməmiş 14 və yuxarı yaşlılarla Qəşəm müəllimlə bərabər rayon komsomol komitəsinə getdik. Komitənin büro iclasına komsomola üzv olmaq istəyənləri bir-bir dəvət edirdilər. İçəridən çıxanların əksəriyyəti həyəcandan, verilən sualların təsirindən qızarmış, pörtmüş halda qayıdırdılar. Növbəm çatanda içəri girdim. Mənim boyumu görən büro üzvləri müəmmayla bir-birinin üzünə baxdılar. Anketim oxunub qurtaranda Rayon Komitəsinin 1-ci katibi Mayis Əhmədov dedi:
– Ay Qəşəm müəllim, bu uşağın axı 14 yaşı olmaz.
– Boyuna baxmayın, yaşı çatır. Siz suallar verin, yoxlayın, görün hazırlığı necədi, sonra qərar verin, komsomola layiqdi, ya yox.
Büro üzvləri bir-bir cürbəcür suallar verməyə başladılar. Verdikləri suallara qənaətbəxş cavab aldıqda razılıq hissiylə gülümsəyir, eynləri açılırdı. Hətta büro üzvlərinin biri əlavə etdi:
– Bu oğlan başqalarının cavab vermədiyi suallara da cavab verdi. Onu da götürməsək, daha gərək komsomola heç kəsi qəbul etməyək.
Yekdilliklə səs verib məni komsomola qəbul etməklə təbrik etdilər.
Bu anlarda mənim əsas fikrim Qəşəm müəllimdə idi. Onun xeyirxah, təbəssümlü simasında razılıq, şagirdinin inamını doğrultmağından qürur hissi oxunurdu. Mən də sevimli müəllimimlə qurduğumuz 11 yaşda komsomola keçmək “planının” uğurla nəticələnməsinə, cavablarımla müəllimimin etimadını doğrultduğum üçün sevinc və daxili rahatlıq hissi keçirirdim. Bürodan çıxan kimi o katibə otağından rayon qəzetinin redaksiyasına, ədəbi şöbənin müdiri Oruc Qarayevə zəng vurub dedi:
- Şair dostun Ələddini bu dəqiqə komsomola qəbul etdilər, gəl raykoma təbrik elə.
Redaksiya ilə rayon komsomol komitəsi bir binada yerləşdiyindən heç 5 dəqiqə keçməmiş Oruc Qarayev bizimlə idi. Məni qucaqlayıb təbrik etdi, çiyninə mindirib redaksiyaya apardı. Orada komsomola keçməklə bağlı “Mən arzuma çatdım” başlıqlı məqalə yazdıq və 1-2 gün sonra məqalə rayon qəzetində dərc olundu.
1959-cu ildə, tədris ilinin əvvəllərində Qəşəm müəllimi Basarkeçər Rayon Komsomol Komitəsinin l katibi təyin etdilər. Həmin vaxt, 7-ci sinifdə oxuyarkən, onun tövsiyəsiylə yoldaşlarım məni məktəb komsomol təşkilatına katib seçdilər. Təxminən 1-1,5 il sonra komsomola qəbul üçün rayon komsomol komitəsinə bir neçə oğlanla bərabər üç qız da – səhv etmirəmsə, Cabbarova Fatma Adil qızını (Allah rəhmət eləsin! Gözəl qəlbli insan idi!), Ələkbərova Gülarə Əli qızını və İsmayılova Gülbəsti Ələsgər qızını gətirmişdim. Qəbul vaxtı l katib kimi büro üzvlərinə müraciət edərək Qəşəm müəllim bu sözləri bedi:
– Bu gün sizinlə birlikdə əlamətdar bir iş gördük. Mənim doğma kəndim Kəsəmənin ilk üç qızını komsomola qəbul etdik. Təbrik edirəm!
O vaxta qədər doğrudan da kəndimizdə komsomolçu qız yox idi. Hələ kənddə ikən o qızları komsomola keçirməyə nail olmamışdı. Qızlar söz versələr də qəbul günü ya məktəbə gəlmirdilər, ya da son anda maşından düşüb evlərinə qaçırdılar. Bürodan sonra Qəşəm müəllim məni kabinetinə çağırdı. Qucaqlayıb dedi:
– Sən mənim kəndimizdə görə bilmədiyim bir işi gördün. Çox sağ ol!
Hər ikimiz qarşılıqlı sevinc hissi keçirirdik. O şagirdinin onun başladığı işi uğurla davam etdirdiyinə görə, mən isə şəxsiyyətinə böyük hörmət etdiyim sevimli müəllimimin etimadını doğruldub, doğma kəndimin həyatında yeni bir iş gördüyümə görə. Sonra o mənə komsomol biletimdə təvəllüdümün səhv getməyi ilə bağlı biletimi dəyişmək barədə ərizə yazdırıb həmin gün mənə yeni komsomol bileti verdi, bununla o vaxt mənə dediyi – “Narahat olma, sonra təvəllüdünü də düzəldərik” sözlərinə əməl etdi. Mənə M.V.Lomonosov adına MDU-da 1970-ci ildə daimi bağışlanmış komsomol biletində də doğum tarixi 1947, qəbul ili isə 1958 yazılıb.
Mən sonralar da Bakıda, Moskvada oxuyub işlədiyim dövrlərdə də əziz müəllimimin tövsiyələrinə sadiq qalaraq ictimai həyatda həmişə fəal olmağa, təhsilim və gördüyüm işlərlə mənsub olduğum Azərbaycan xalqımın başını uca tutmağa, gündəlik əməli fəaliyyətimlə ətrafımda olan başqa millətlərin müqabilində nümunə olmağa çalışmışam. Onun Bakıdan Moskvaya tələbə olarkən mənə ünvanladığı məktubların birində (02.04.1969) yazdığı sözlər Azərbaycandan kənarda yaşadığım bütün dövrlərdə də mənim həyat devizim olmuşdur.
“Qarşındakı kim olur olsun, bunun fərqi yoxdur. Nənələrimizin Məhsətilər, Natəvanlar, Həcərlər, babalarımızın Nizamilər, Tusilər, Vaqiflər, Nərimanlar olduğunu deməklə kifayətlənməməli, sübut etməliyik, göstərməliyik. Həmkarımız bizdə Babək fədakarlığı, Zərdabi qeyrəti, Üzeyir məharəti, Bülbül məlahəti görməli, hiss etməli, duymalıdır. Biz öz hərəkətimiz, sözümüz, söhbətimiz və münasibətimizlə baş ucaltmalıyıq. Hərəkətdə çevik, münasibətdə həssas, zövqdə incə, baxışda itigözlü, dözümdə yenilməz olmalıyıq. Bax bunlardır bizim nəslin tarixi borclarının bir qismi. Güman etmə ki, bunlar ancaq sənə aiddir və sən ancaq özünə cavabdehsən! Xeyr! Sən elin avanqardı olmaq etibarilə onun cavabdehi rolunu da öz üzərinə götürməlisən. Sən Həsənə, Hüseynə görə də cavab verməlisən, əks təqdirdə Sən Ələddin deyilsən!”
“Bütün millətlərə qarşı xeyirxah olun. Ailədə o uşaq sevilir ki, qonaqların da məhəbbətini qazanır, narazılığa səbəb olmur. Siz xalqımızın həm evdə, həm də çöldə sevilən övladları, bəşəri oğulları olmalısınız. Sizə bu yolda uğur olsun deyən, müvəffəqiyyətlər diləyən müəllimin Qəşəm.”
Mənim Qəşəm müəllimlə ünsiyyətdə olduğum ən xoş, mənə maraqlı olan vaxt onunla rayon mərkəzindən Bala Məzrəyə qədər avtobusla ya da yolüstü yük maşınlarıyla (o vaxt kəndə avtobus işləmirdi, sonra raykom katibi olarkən avtobus marşrutu salan da, yola asfalt tökdürən də o oldu) gəlib, sonra kəndə piyada qalxdığımız saatlar olardı. Rayonda işimiz qurtarandan sonra mağazadan o, 1 kq şəkər çörəyi (pryanik) alar, Məzrədən yuxarı onu yeyə-yeyə olduqca səmimi hər mövzuda iki yoldaş kimi təkbətək söhbət edərdik. Moskvaya göndərdiyi məktublarının birində yazdığı sözləri,
“Nə üçün çoxları vətəni və milləti sevmir. Çünki vətəni, onun gözəlliklərini görüb dərk etmir, milləti və onun fədailərini tanımır. Vətəni tanımadan onun əsgəri, onun könüllü əsgəri olmaq mümkün deyildir. Millətin keçmişini və bugününü bilmədən, sabahını təsəvvür etmədən ondan necə ağızdolusu danışmaq olar? “Millətimiz yaxşıdır” demək azdır, gərək onun yaxşılığını göstərə biləsən. Bunun üçün isə özümüzlə yanaşı başqalarını da bilməli müqayisə etməyi bacarmalıyıq. Bizə “xalq sayla deyil, böyük başlarla böyükdür” fikrini əsaslandırmalıyıq. Bütün millətlərə qayğı və ehtiramla yanaşmalı, kimdə nə varsa ədalətlə araşdırmalı, yaxşını götürməliyik. Özgəsindən öyrənməyi bacarmasaq, öyrətmək səviyyəsinə qalxa bilmərik.”
bu və ya başqa şəkildə “Məzrə-Kəsəmən” yolunda mənə aşılayardı. Ən səmimi, ən ətraflı söhbətlərimizdən biri Moskvada, axşam saat 8-dən səhər saat 5-ə qədər “Rossiya” mehmanxanasında çəkdi. Mən həmişə bu cür dəyərli, olduqca maraqlı söhbətlərin məğzini sonradan “süzgəcdən” keçirib beynimdə həkk edərdim.
Orta məktəbdə oxuduğum illərdə aramızda təkbətək səmimi söhbətlərin, böyük-kiçik dostluğunun olmağına baxmayaraq, mən hec vaxt müəllim-şagird “pərdəsini” açmağa, məsafəsini keçməyə can atmamışdım.
Qəşəm müəllimin mənə olan xoş, xeyirxah münasibətini həmişə hiss edirdim və bu məndə məsuliyyət, etimadı doğrultmaq hisslərini daima gücləndirərdi. İki epizod danışım. Bakıda oxuduğum illərdə adətən bütün yay tətillərimi doğma kəndimizdə, Moskvada oxuduğum illərdə isə bir hissəsini Bakıda keçirərdim. Göyçənin, kəndimizin füsunkar təbiəti, ailəmizlə, həmkəndlilərimlə bu günlərdə etdiyim söhbətlər, olan ünsiyyət mənə əlavə güc, qüvvə, enerji verərdi. Yay günlərinin birində mənə çatdırdılar ki, (səhv etmirəmsə İmdad Kərimov) Qəşəm müəllim tapşırdı ki, şair Xəlil Rza qonağımızdır, axşam bizdə olsun. Hər ehtimala qarşı yaradıcılığına böyük hörmət etdiyim Xəlil Rzanın iki şeirini təkrar edib yadıma saldım. Başqa kəndlərdən, öz kəndimizdən ziyalılar və tələbələr iştirak edən qonaqlıqda, güman etdiyim kimi Qəşəm müəllim mənə də söz verdi. Bakıda, universitetdə ədəbi gecələrdən birində şahid olduğum Xəlil Rzanın pencəyini çıxarıb ataraq alovlu bir çıxışını xatırlayıb, duyğu və şeirə uyğun hisslərlə:
Azadlığı istəmirəm,
zərrə-zərrə, qram-qram.
Qolumdakı zəncirləri qıram gərək,
Qıram! Qıram!
Azadlığı istəmirəm
bir həb kimi, dərman kimi.
İstəyirəm səma kimi,
Günəş kimi! Cahan kimi!
Çəkil! Çəkil, ey qəsbkar,
Mən bu əsrin gur səsiyəm.
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm.
– şeirini və başqa bir şeiri əzbərdən söylədim. Şeirlərinin bu torpaqda da tanınmasından və sevilməsindən Xəlil Rza məmnunluq, bunu göstərənlərin məhz onun şagirdlərinin olmasından Qəşəm müəllim xüsusi zövq duyur, qürur hissi keçirirdi. Qonaqlığın şən və rəngarəng keçməsinə İmdadın məlahətli səslə ifa etdiyi mahnılar xeyli müsbət təsir etdi. Qonaqlıqda gülməli bir epizod baş verdi. Xəlil Rzanı məclisə təqdim edəndə Qəşəm müəllim dilimizdən kənar sözlər işlətməməyi tövsiyə etdi. Söhbət əsnasında kimsə bir rus sözü işlədəndə, Xəlil Rza dərhal əlini o adama uzadıb, Bakı ləhcəsində “sizdən 5 köpük” dedi. Bu an mən cəsarət edib ona müraciətlə
– Xəlil müəllim, sizdən də 5 qəpik, – söylədim.
– Məndən niyə?
– Dilimizdə “köpük” sözü başqa məna daşıyır, – deyəndə hamı və Xəlil Rza da ürəkdən güldülər,
– Bu gənclərlə ehtiyatlı olmaq lazımdır – deyərək, Xəlil Rza gülə-gülə çıxarıb 5 qəpiyi qarşıma qoydu. Bu səhnə, nədənsə hamıdan çox Qəşəm müəllimə ləzzət vermişdi.
Qəşəm müəllimdə cox maraqlı, özünəməxsus yumor hissi vardı. İki epizod. “Saymazovun salamı” kitabı təzə çapdan çıxanda Qəşəm müəllim şən, səmimilik əhval-ruhiyyəsi şəraitində bir nüsxəsinin iç üzünü yazıb mənə bağışlayanda diqqətlə yazını oxuyub ona təşəkkürümü və xoş arzularımı bildirdim. Sonra kitabı vərəqləyib üz səhifəyə çatıb üstündəki Saymazovun karikatura şəklinə diqqətlə baxanda onun erməniyə bənzədiyini gördüm. Gülə-gülə Qəşəm müəllimə dedim:
– Qəşəm müəllim, bizim bu Saymazov lap erməniyə oxşayır.
O kitabın üstündəki səkilə diqqətlə baxıb cavab verdi:
– Düz deyirsən, doğrudan da erməniyə bənzər obrazdı.
Heç 5-10 saniyə keçməmiş əlavə etdi:
– Çox gözəl, qoy bu kitabı əlinə alan hər bir oxucu görsün ki, millətimizin mənfi tipli saymazovlarının hamısı elə erməniyə bənzəyir. Bəlkə ondan sonra saymazovlarımızın sayı azala!
Onun bu hazırcavab birmənalı yumoru hər ikimizə ləzzət verdi və buna ürəkdən xeyli güldük.
İkinci epizod. Bir gün evimizdə qonaqlıq vardı. Qonaqlıqda Qəşəm müəllim, Məmmədhəsən müəllim, Mikayıl Bayramov (Şişqayada kolxoz sədri), Səfiyar Musayev (“Sovet Ermənistanı” qəzetində xüsusi müxbir işləyirdi), Nəriman Allahverdiyev (Allah hər birinə rəhmət eləsin! Gözəl insanlar idilər. Sonralar hər biriylə xoş, səmimi münasibətlərimiz vardı) və başqaları iştirak edirdi. Belə məclislərdə şagird olarkən mən heç vaxt masa arxasında oturmazdım. Amma mənə masadan kənarda bir küncdə əyləşib məclisdə gedən söhbətlərə qulaq asmağa icazə verilərdi. Radioda çox şirin ərəb musiqisi səslənirdi. Doğrudan da musiqini çox sevən Nəriman müəllim atama müraciətlə:
– Allahverdiyev, (rayon camaatı atama Allahverdiyev, ya da yoldaş Allahverdiyev deyə müraciət edərdilər) bu ərəb müsiqisi mənə çox ləzzət verir, – dedi.
Bu sözlərin müqabilində Nəriman müəllimlə həmişə zarafatı olan Qəşəm müəllim özünəməxsus şəkildə əlavə etdi:
– Sənə ərəb musiqisinin sədaları altında Məsmə bacınin (kəndimizdə camaatın bir hissəsi anama Məsmə bacı, bir hissəsi Bakılı qızı kimi müraciət edərdilər) bişirdiyi xörəkləri içəri öiürmək ləzzət verir.
Bu şirin yumora hamı, o cümlədən Nəriman müəllim də ürəkdən güldü, məclis yeni, şən bir məcra aldı.
Səhv etmirəmsə 1983-cü ilin sentyabr günlərinin birində Bakıda məzuniyyətdə olarkən Aslan Aslanov məni Qəşəm müəllimin adından oğlu Qeyrətin toyuna dəvət etdi. Qeyrətin evlənmək xəbəri məni çox sevindirdi. Ona mənim olduqca xoş, isti münasibətim vardı. Qeyrət Moskva Dövlət Dağ Mədəni İnstitutunda oxuyarkən onunla həftədə 2-3 dəfə görüşərdik. Onun çox gözəl xüsusiyyətləri vardı. Səmimi, saf qəlbə, maraqlı yumor hissinə malik idi. Onu həmişə gülərüz görərdim. Gözəl insan idi. Allah ona rəhmət eləsin! O dünyası nurla dolsun!
Toy məclisi mikrorayonlardan birində idi. Onları səhv saldığımdan məclisə bir qədər gecikmişdim. İçəri daxil olanda məclis zalı demək olar tam dolu idi. Uzun bir banket masasının başında masabəyi stulunda əyləşmiş Qəşəm müəllim adam göndərib məni yanına dəvət etdi. Əlavə stul qoydurub məni yanında əyləşdirdi. Özündən solda əyləşmiş Yunis Rzayevə və Talıb Musayevə məni təqdim edib dedi:
– Gördünüz, Yunis Qəhrəmanoviç, Moskvadan da qonağımız gəldi.
– Tanıyırıq, eşitmişik, xoş gəlib deyərək, Yunis Qəhrəmanoviç üzümə baxıb gülümsədi.
Qəşəm müəllim bir az keçmiş sakitcə qulağıma pıçıldadı:
– Hazırlaş, bir tostdan sonra sənə söz verəcəm. Çalış elə bir tost de ki, məclisi canlandıra biləsən.
Çıxışımda ilk növbədə Qeyrəti təbrik edib Qəşəm müəllimə gözaydınlığı verdim. Sonra ölkənin paytaxtı Moskvada respublikaya Heydər Əliyevin rəhbər təyin olunmağıyla burada görülən böyük quruculuq işlərinin güclü rezonans salmasını, ildən ilə ölkənin ən nüfuzlu ali məktəblərində azərbaycanlı gənclərin sayının artmasını, paytaxt Moskvada yaşayan soydaşlarımıza münasibətin müsbət istiqamətdə xeyli dəyişməsini və s. qeyd edib, artıq Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü olan Heydər Əliyevin, onun respublikada çalışan “silahdaşları” Yunis Rzayevin, Talıb Musayevin, Qəşəm Aslanovun və başqalarının sağlığına badə qaldırdım. Bütün məclis ayağa qalxıb razılıq və sevinc nidaları ilə sağlığa qoşuldular. Əyləşəndə səmimiyyətlə əlimi sıxıb yavaşcadan dedi:
– Gözəl çıxış etdin, çox sağ ol!
Əziz dostlar, Kəsəmənlilər! Bu epizodları, bu sətirləri yazmaqda yeganə məqsədim özümü gözünüz qarşısında yüksəltmək yox, Qəşəm müəllimin ayrı-ayrı inandığı, etibar etdiyi insanlara, bu xüsusi halda mənə olan səmimi, xeyirxah, isti, xoş münasibətinin təzahürü olduğunu, onun ruhuna minnətdarlıq hissi ilə nəzərinizə çatdırmaqdır.
Bir gün Bakıdan mənə Moskvaya zəng gəldi. Qardaşım Mədəd idi.
– Ələddin, Qəşəm müəllim avtomobil qəzasında rəhmətə getdi...
Sanki başıma bir qazan qaynar su tökdülər... Özümə gəlib təcili aeroporta getdim. Səhər tezdən Bakıda idim. Onu sevən insanlarla, el-obamızla birlikdə üçünü və yeddisini verib qayıtdım Moskvaya.
Həyatımda iki dəfə də Moskvadan təcili Vətənə, matəmə uçmuşam. Mənə ən doğma olan insanlar – Atam və böyük qardaşım Mədəd rəhmətə gedəndə...
Əziz Göyçəlilər, Kəsəmənlilər, doğma həmvətənlər! Qəşəm müəllim haqda mən saatlarla, günlərlə danışa, yaza bilərəm. Onun həyat fəlsəfəsini, Vətən, xalq, əmək və bir çox bəşəri məfhumların onun dünyagörüşündə öz ifadələriylə necə səslənməsini duymaq, hiss etmək, anlamaq üçün onun mənə yazdığı məktublardan yalnız üçünü latın qrafikasında və öz kiril əlyazmasıyla nəzərinizə çatdırıram. Bununla, onun məktublarının birində mənə verdiyi – “Xarakterik məktubları saxla” – tövsiyəsini həyata keçirirəm. Zənnimcə başa düşürsünüz, əmin olmaq istərdim ki, Qəşəm müəllim haqqında xatirələrimdə onun məktublarına istinadən gətirdiyim parçalarda və tam üç məktubundakı tövsiyələrin tək mənə yox, hamımıza – hər bir Azərbaycanlıya, xüsusilə gənclərimizə, o cümlədən, Kəsəməndən, Göyçədən kənarda doğulub boy atmış soydaşlarımıza aid olması başa düşülsün. Mən də öz növbəmdə Qəşəm müəllimin qiymətli ifadələrini, hikmətli kəlamlarını bu və ya digər şəkildə, öz həyatımın təcrübəsindən doğan fikirlərimlə bərabər hər gün ətrafımdakı soydaşlarımıza, gənclərimizə tövsiyə edirəm.

Əziz, doğma, unudulmaz QƏŞƏM MÜƏLLİM! Sənin parlaq xatirələrin daima mənim qəlbimdədir, nurlu siman həmişə gözüm önündədir! Ruhun rahat və şad olsun, sənin həyatda gördüyün xeyirxah işlərini qoyub getdiyin ləyaqətli övladların, nəvələrin, minnətdar şagirdlərin uğurla davam etdirirlər!

Keçmək üçün fəsadından tufanların, tilsimlərin,
Mənə həyat yollarında dayaq oldun, yoldaş oldun.
Hələ kiçik yaşlarımdan sezamların, simsimlərin,
Açarıyla elmin sirli qapısında sirdaş oldun.
Qəlbimdə nur, dilimdə şeir, şüurumda yaddaş oldun!
El-obanın hər oğluna gərək oldun, soydaş oldun!
Mənə həm Dost, həm Müəllim, Qardaş oldun!

ALLAH RƏHMƏT ELƏSİN! RUHU ŞAD OLSUN!


MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR


Ələddin Allahverdiyev,
Professor, Moskva.































QƏŞƏM MÜƏLLİMİN MƏKTUBLARI


1-Cİ MƏKTUB

Əziz Ələddin, salam!
Ürək açan, hissə, duyğuya qol-qanad verən, sevinc dolu məktubunu aldım. Zəruriyyət olmasa da, deməliyəm ki, qripdən 5-6 gün idi ki, yatırdım. Elə bu gün durub evdə gəzişir, özümü “bərpa” etməyə çalışırdım. Dostlardan da bir neçəsi bizdə idi. Elin gələcəyindən söhbət getdiyi bir məqamda qəzet və məcmuələrlə yanaşı sənin məktubunu da gətirdilər. Məzmunu mənə təxminən aydın olduğundan açıb hündürdən oxudum. Məktubu axıra qədər həyəcanla dinlədilər. Ürəkdən sevindilər. Son vaxtlar ruh düşkünlüyünə qapılan qələm dostum (X.Rza nəzərdə tutulur. – Ə.A.) da canlandı:
– Mən həqiqətən səhv edirəm, – dedi. – Bu məktub elimizin qədim şöhrətini qaytaracağına mənim inamımı xeyli artırdı. Yeni mühit, yeni hava gənclərimizi irəli itələyir.
– Mühiti, şəraiti inkar etmirəm, – dedim. – Lakin yüksəlişimiz öz qidasını ani, ötəri yad təsirlərdən deyil, ilk növbədə kökündən alır. Amandır bizi – Tusisi, Bəhmənyarı, Yusifi, Nizamisi, Füzulisi, Ələsgəri, Üzeyiri, Bülbülü, Habili, Ədaləti, Bəhruzu, Mikayılı, Tahiri olan bir milləti yedəyə qoşmaqdan əl çəkin!
Amal şairi H.Cavid yazırdı:

Bəxtiyarsan əgər çəkdiyin əmək,
Cahan sərgisinə versə bir çiçək.

Gör bir bizim çiçəklər nə qədərdir!
Yaratdığı qol boyda sazı bir orkestri əvəz edən bir eli yamaq etməzlər. Bilavasitə başqalarının adı ilə bağlı olan üsyanı, inqilabı belə bizə “ekspot” etmək nadanlıqdır. Təkcə Babək bir təbəddülatdır. Mərhum A.Ruhulla aşıqların II qurultayında deyirdi:

“İnqilab azəri xalqının qanından doğur.”

Keçən ilin sonlarında Azərbaycan balet truppasının qastrolu ilə əlaqədar olaraq Fransanın “Mond” qəzeti yazmışdır:

“Azərbaycanda daşa belə toxunsan od, qığılcım çıxır”.

Lakin neyləyək ki, şair H.Hüseynzadə deməli:

Gah sağdan, gah soldan çapdılar bizi,
Yadlar çox ev yıxıb, çox quyu qazıb.
Əfsuslar olsun ki, tariximizi
Özgələr yazanda başqa cür yazıb.
(H.Hüseynzadə. “Seçilmiş əsərləri”, 1969. Səhifə 206)

Xülasə, məktubun həm də söhbətimizin mənalanmasına səbəb oldu. “Dahi və istedad problemi ilə əlaqədar olaraq BƏR-nin “Yeniyetmələr” adlı filmindən (keçən il gedirdi) bir kəlam yadıma düşdü:
“Dahilik – 2 faiz əql və istedad, 98 faiz zəhmət və alın təri deməkdir.”
XVI əsr alman şairi Peter Gile isə tər haqqında deyir:
“Tər əməyin göz yaşıdır.”
Gələcəkdə hansı problem üzərində işləmək öz işinizdir. Lakin hər mövzu, hər fikirlə əlaqədar ilk halda öz tariximizə, öz həyatımıza müraciət etməliyik. Yaxşımız nə varsa tapıb aşkar etməli, dərdlərimizə məlhəm aramalıyıq.
Fəlsəfədən, elmi kommunizmdən, xəyali sosializmdən söhbət gedirsə, ilk növbədə hələ XII əsrdə bunları çox gözəl əsaslandırmış Nizamiyə istinad edilməlidir. Heç şübhəsiz, bəşəri Nizami fəlsəfəsi birdən ortaya çıxmamışdır. O, onlarla “Avestanın” zəmnində yaranmışdır. Fəqət, kaltaxçyanlar “utopiyanı” Nizamilərdən deyil, ondan 7-8 əsr sonrakı dövrdən başlamağı daha məqsədəuyğun bilirlər.
Borcumuz bu “filosofçuların” səhvini düzəltmək, fəlsəfə elminin kağız geyimini yağışa verməkdən ibarətdir.
Dəqiq elmlərdən söhbət gedərkən onun ilk beşiyi Şərq unudulmursa, və ya elə belə...
Bu o deməkdir ki, əhalisi, ərazisi ittifaq büdcəsinə verdiyi xeyri daha çox olan bir respublikaya nisbətən ondan hərtərəfli xırda olan qonşular paytaxtda daha yaxşı təmsil olunurlar. Sən özündən asılı olmayaraq, Böyük, Kiçik Gürcüstan, Gürcüstan aşırımı, Paliaşvili, Orconikidze, Rustaveli küçə və xiyabanlarından ötüb Rustavelinin abidəsi önündə baş əyir, “Araqvi” və “Rustaveli” restoran, kababxanasının qoxusunu duyur, “Gürcüstan” maqazininə boylanır, “Tbilisi” kinoteatrına tamaşa edir...
O biri qonşunun şöhrətini əbədiləşdirən 20-yə yaxın belə yerlərin seyrçisi olur, sonra da yeganə və məhzun “Bakının” qənşərində dayanıb ürəyini yeyirsən.
Biz heç nəyimizi də təqdim edə bilmirik. Qonşular ayranını süd, şorunu yağ yerinə satdığı halda, biz qaymaq və yağımızı şor və ayran yerinə bəxş etməyi də bacarmırıq. Siz bunu Nizami ilə Rustaveliyə, Cabbarlı ilə Çarentsə verilən qiymətdə müqayisə edin. Biz son 50 ildə bir nəyimizi paytaxtda əbədiləşdirə bilmirik. Vaqif elə-belə yad edilir, Tumanyana abidə qoyulur. Bu, ilk növbədə qonşu xalqların bizdən gözüaçıqlığı, mətinliyi hesabına olur.
Onlar bir-birinə söykək durub irəliləyir, biz qalxanı vurub yıxırıq... Onlar yuxarıda nümayəndələrin sayını artırır, biz tək-tük ortaya çıxanlarımızı geri qaytarırıq.
Bizimkilərin əksəriyyəti paytaxta gedərkən əyyaşlıqla məşğul olur, onlar yüksəlişə xidmət edən məsələləri həll edirlər. Onlar əlinə arxa axtarır, biz xeyirxah insanları aldatmaqla özümüzə qarşı nifrət qazanırıq.
Əsrlər boyu tariximiz belə olub, qardaş. Çəkişmə didişmə, boğuşma. Bir hissəmiz əlimizdə olanı verib o birinin başına iş açmağa cəhd etmiş, digər qismimiz olanımızı töküb özümüzü qorumağa çalışmışıq. Bizim ancaq ərazimiz deyil, mənəviyyatımız da parçalanmışdır. Sərvətlərimizi aparmaq üçün bizi iki öküz kimi bir-birimizə salışdırmışlar.
Biz bu gün bunları düzgün dərk etməli, hələ tam sağalmamış dərdlərin çarəsini düşünməliyik. Zamanın yaratdığı geniş imkanlardan istifadə etməliyik.
Əsrlər boyu millətimiz başqalarına pis, naqis kimi tanıtdırılmışdır. Biz hay-haray, çığır-bağır salmaq deyil, şəxsi nümunə, fədakarlıq, müdriklik, mərdliklə üzərimizə atılan bu qara ləkələri silməliyik. Bunlar azdır. Biz itən tarixi şöhrətimizi geri qaytarmalıyıq. Adımızın bizdən xırda olanlardan sonra çəkilməsi və ya heç çəkilməməsi bizim milli qürurumuza toxunmalıdır. Biz paxıl deyilik, lakin başqalarından geri qalmağı da özümüzə ar bilməliyik. Biz vətənə sədaqətdə rus xalqından, özününkülərin qədrini bilməkdə gürcülərdən, əzmkarlıqda ermənilərdən öyrənməliyik.
Lakin alçala-alçala, sarmaşa-sarmaşa yüksəlmək bizə yad olmalıdır. Fərəhli günümüzdə də, kədərli anlarımızda da mətanətli, dəyanətli, mərdanə olmalıyıq. Babalarımızdan qalan xeyirxahlıq və fədakarlıq bizim şəxsimizdə gələcək nəsillərə ötürülməlidir. Böyük Nizami öyrədir:

Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana. (Leyli və Məcnun)

və ya

Öylə bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə. “Ş”

Nadanlarla yersiz mübahisə bizə şərəf gətirmir. Biz ancaq vaxt itirir, ağız yorur, əsəb korlayırıq. Belələrinin kim olmasının əhəmiyyəti yoxdur.

Ciddiyyət gözləmək yüngül adamdan
Gövhər istəməkdir arpa satandan...

Heç oturub-durma pis şəxslə, çəkin,
Şəninə əskiklik gətirər sənin...

Yaxşı ad qazanmış gözəl dost ara,
Onda yetişərsən ağ günə, vara. (Nizami)

Əlbəttə böyük mütəfəkkir burada mənəvi zənginliyi ön plana çəkir. Yenidən əməyə, onun qüdrətinə qayıdıram. Tolstoy deyir:
“Adam əməksiz öz insan ləyaqətini qoruya bilməz. Buna görə də veyil adamlar xaricən böyük görünməyin qeydinə qalırlar.”
M.Qorki isə “Любите труд, – говорил он. – Никакая иная сила не делает человека великим и мудрым, как ето делает сила труда – коллективного, дружного, свободного труда”
– bu məlum həqiqətləri bir daha yada salmalı, ətrafdakılara xatırlatmalıyıq. Biz ancaq özümüzə görə cavabdeh deyilik. Çox düşünənin cavabdehliyi də çox olmalıdır...
Bakıda sağlıq-salamatlıqdır. Havalar getdikcə durulur. Bolluq və firavanlıq artır. Hamı öz işi ilə məşğuldur. Kəsəmənlilərin sayı getdikcə burada artır. Oxumaqlarından isə, ümumiyyətlə mən razı deyiləm.
Sərdar öz səyində qalır. Ümidvericidir. Qeyrət yaxşı haldadır, əla yox. Nəcabət rus dilindən irəliləyə bilmir. Çox çətinliklə mənimsəyə bilir.
İmdad orada yüngülcə qəzaya uğramaqla əlaqədar vaxt alıb gəlib, sentyabra qədər burada qalacaqdır.
Məmmədhəsən müəllim iki gün əvvəl bizdə idi. Özləri də, işləri də əladır. Yanvarın 2-də birlikdə Mədədgildə olduq. Sonra da görüşmüşük. Hamısı yaxşıdır.
Aslan burada, Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq idarəsində işləyir. İşindən razıdır.
Şərifə, bütün şərəflilərə salam yetirməyi unutma.
Bütün məsələlər üçün məktub yaz, zəng et.
Hörmətlə: Qəşəm.
Bakı – 16/II – 70.

2 - Cİ MƏKTUB

Əzizim Ələddin,
salam!
Uzun müddət rayonlarda olduğumdan məktubuna vaxtında cavab yaza bilməmişəm. Üzürlü hesab et.
Məktubundakı dərin fikir, nəcib hisslər qəlbimi açdı. Müvəffəqiyyətlər özümüzündür. Çatışmamazlıqlar barədə.
Elimiz-obamız irəliyə doğru can atmaqdadır. Vətən övladlarının böyük əksəriyyəti yüksək bir ideal uğrunda yürüşü inadla davam etdirmək əhval-ruhiyyəsindədir. Xalq xalqın mənliyini qorumaq üçün səfərbər vəziyyətdədir. Milli dirçəlişimiz heç bir zamanda olmadığından sürətlidir. Minlərlə oğlan və qız geriliklərimizin səbəbini araşdırır, üfunətləri məhv etmək, dərdləri sağaltmaq üçün fədakarlıq göstərir.
Belə bir şəraitdə iki-üç nadanın, üzü dönüyün, məsləksizin səndərrəməsi heç kəsi, o cümlədən tariximizi bilən, bugünümüzü dərk eləyən, sabahımızı aydın görən Səni ruhdan salmamalıdır. Atalar demişkən: “Meşə çaqqalsız olmaz”. Şair yaxşı deyibdir:
Zil heç duyulmazdı bəm olmasaydı,
Bütöv seçilməzdi kəm olmasaydı.
Nəşənin qədrini bilməzdi insan
Qüssə olmasaydı, qəm olmasaydı.

Borcumuz – qayıtması mümkün olmayan dönükzadələrə nifrət etməklə bitməməli, dönməkdə olanları özümüzə qaytarmalıyıq. Biz gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Nə üçün çoxları vətəni və milləti sevmir. Çünki vətəni, onun gözəlliklərini görüb dərk etmir, milləti və onun fədailərini tanımır. Vətəni tanımadan onun əsgəri, onun könüllü əsgəri olmaq mümkün deyildir. Millətin keçmişini və bugününü bilmədən, sabahını təsəvvür etmədən ondan necə ağızdolusu danışmaq olar? “Millətimiz yaxşıdır” demək azdır, gərək onun yaxşılığını göstərə biləsən. Bunun üçün isə özümüzlə yanaşı başqalarını da bilməli müqayisə etməyi bacarmalıyıq. Bizə “xalq sayla deyil, böyük başlarla böyükdür” fikrini əsaslandırmalıyıq. Bütün millətlərə qayğı və ehtiramla yanaşmalı, kimdə nə varsa ədalətlə araşdırmalı, yaxşını götürməliyik. Özgəsindən öyrənməyi bacarmasaq, öyrətmək səviyyəsinə qalxa bilmərik.
Qartal qanadlı yazıçımız (X.Rza nəzərdə tutulur. – Ə.A.) Xosrov Ruzbehin adından deyir ki, içərisində yüksək əməllər naminə ölümə hazır olan oğulları və qızları olmayan millətə ar olsun! Mən istərəm ki, nəfəsim gəldiyi qədər millətin, xalqın mənə tapşırdığı səngərdə möhkəm dayanam.
Məsləhət görərdim ki, Leninin “О национальнoй гордocти великороссов” məqaləsini diqqətlə oxuyasan. Lenin orada ibrətamiz bir misal gətirir: “Жалкая нация, нация рабов, cверху донизу – все рабы” (роман “Пролог”)
İkinci bir misal: “Не может быть свободен народ, который угнетает чужие народы”. (Маркс)
Lenin bu qənaətə gəlir və deyir: “Мы любим свой язык и свою родину…” Biz milləti sevməkdə Lenin nümunəsi göstərməli, Lenindən öyrənməliyik. O deyir: “Вся история капитала есть история насилий и грабежа, крови и грязи”
Nə qədər gözəl qənaətdir. Bax hər şeyin mənbəyini belə axtarıb tapmaq lazımdır!
Məktubu yazmaqda ikən səndən ikinci məktubu aldım. Diqqətə görə məmnun qaldım. Səninlə burada başladığım söhbəti davam etdirmək istəyirəm.
Rus qadınları müdrik, səxavətli, qayğıkeşdirlər. Onların ürəkaçıqlığı bəzən sadəlövhlüyə çatdırır. Odur ki, bundan sui-istifadə etmək nadanlıq olardı. Sən dostlarına bunu anlatmalısan. Doğrudur: “Arvad – pişik kimi bir şeydir, kim sığallasa ona yalmanar” (Şoloxov). Lakin biz, səviyyədə dayanmalıyıq. Marksın bir fikrini bir an belə unutmamalıyıq: “İnsanın ümumi mədəni səviyyəsini onun qadına münasibəti ilə müəyyən etmək olar.”
Ona nail olmalıyıq ki, bizimlə bir saatlığa belə yoldaşlıq edən adam bizi adam kimi tanımış olsun. Qarşındakı kim olur olsun, bunun fərqi yoxdur. Nənələrimizin Məhsətilər, Natəvanlar, Həcərlər, babalarımızın Nizamilər, Tusilər, Vaqiflər, Nərimanlar olduğunu deməklə kifayətlənməməli, sübut etməliyik, göstərməliyik.
Həmkarımız bizdə Babək fədakarlığı, Zərdabi qeyrəti, Üzeyir məharəti, Bülbül məlahəti görməli, hiss etməli, duymalıdır. Biz öz hərəkətimiz, sözümüz, söhbətimiz və münasibətimizlə baş ucaltmalıyıq. Hərəkətdə çevik, münasibətdə həssas, zövqdə incə, baxışda itigözlü, dözümdə yenilməz olmalıyıq. Bax bunlardır bizim nəslin tarixi borclarının bir qismi. Güman etmə ki, bunlar ancaq sənə aiddir və sən ancaq özünə cavabdehsən! Xeyr! Sən elin avanqardı olmaq etibarilə onun cavabdehi rolunu da öz üzərinə götürməlisən. Sən Həsənə, Hüseynə görə də cavab verməlisən, əks təqdirdə Sən Ələddin deyilsən!
Havalar bu il görünməmiş dərəcədə soyuq keçir. Lakin adamların əhval-ruhiyyəsi yüksəkdir.
Bizdə sağlıq-salamatlıqdır.
Sərdar hələ 4 qiymət almayıb. Qeyrət də son iki ayda ancaq 5 alır. Nəcabət rus dilindən əlaya qalxa bilməyib. Səyləri sevindiricidir.
Gələn məktublarımda qalan məsələlər barədə yazacağam.
Dostlarına salam yetir!
Nə lazım olsa, çəkinmədən yaz.
Bütün millətlərə qarşı xeyirxah olun. Ailədə o uşaq sevinir ki, qonaqların da məhəbbətini qazanır, narazılığa səbəb olmur. Siz xalqımızın həm evdə, həm də çöldə sevilən övladları, bəşəri oğulları olmalısınız. Sizə bu yolda uğur olsun deyərək müvəffəqiyyətlər diləyən müəllimin Qəşəm.
Bakı – 2/IV – 69


3 - MƏKTUB

Əzizim Ələddin,
salam!
İşdən sonra evə gəlib qəzetləri nəzərdən keçirirdim. Abunəçisi olduğum “Sovet Ermənistanı”nı götürdükdə mənə tanış şeir başlıqlarını oxudum. Sənin şeirlərin idi. Aslan, İsrafil Cabbar və b. bizdə idilər. Birlikdə oxuduq. Hamı şad oldu. Səni təbrik edirik!
Bir neçə gün əvvəl “Sovet Ermənistanı”nın redaktor müavini Məhərrəm Bayramov bizdə idi. Sənin haqqında danışdım. Şeirlərini bundan sonra birbaşa ona göndər. Söz verdiki yazılarını “Ədəbi Ermənistan” məcmuəsinə də daxil etsin. Odur ki, nəyin varsa səliqə ilə yaz ona çatdır. İndi məcmuənin 9-cu nömrəsini tərtib edirlər. Ünvanı (evi) belədir:
Ереван – 19
Ул. Д. Демиряна, 17. Кв. 23
Байрамову Магарраму.
İlk məktubunda da mənim tanışlığımla yazdığını qeyd et. Mən özümdə olan yazılarını ona təqdim etmişəm.
Bakıda havalar tədricən xoş keçməyə başlayır. Baharın gəlişi ayın 15-dən sonra hiss edilir. Ona qədər isə qış – özü də Göyçə qışı keçib.
Heç şübhəsiz təbiətin bu şıltaqlığı adamların əhval-ruhiyyəsinə çox az təsir edə bilib. Hamı özünü indiyə qədər olduğundan yaxşı hiss edir.
Aprelin 17-də İbrahim müəllim (Axundov) ADU-da dissertasiya müdafiə etdi. Çox müvəffəqiyyətlə keçdi. Demək olar ki, Bakıda, Gəncədə olan bütün göyçəlilər həm müdafiədə, həm də banketdə iştirak edirdilər. Kəsəməndən də gəlmişdilər. Belə bir günü sənə də arzulayıram.
Bundan qabaq yazdığım məktub daha geniş olduğundan bunu yekunlaşdırıram.
Məndən dostlarına, həmyerlilərə salam yetir.
Qəşəm.
Bakı – 20/IV-69
Gündəlik yazmağı unutma.
Xarakterik məktubları saxla.


MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR

MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR

MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR

MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR

MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR


MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR

MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR

MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR

MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR


MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR

MÜƏLLİMLƏRİM HAQDA XATİRƏLƏR










SON XƏBƏRLƏR
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı
Şahmatçılarımızdan Avropa çempionatında növbəti qələbə
Milli Məclisin ən çox maaş alan deputatları - Kim nə qədər alır? - SİYAHI
“The New York Times”: ABŞ kəşfiyyatı Qaşıqçı cinayətində şahzadə Salmanın əli olduğuna əmindir
“İQLA” kompleksindən döyüş atışları icra edildi - VİDEO
Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov
“Qanuni oğru” adından imtina edən Qarabağ şəhidi – FOTO
Yeni brendimiz təqdim olunub
Oqtay Şirəliyev "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə” əmr imzalayıb
Əməkdar artist Ehtiram Hüseynovun doğum günüdür
ABŞ qırıcıları yanlış olaraq Suriyada kürdləri bombaladı
Xarici casus həbs edildi – DTX-dən əməliyyat (FOTO)
Krım terrorunun qurbanlarının sayı artır
Paşinyan Kremlə dirsək göstərir, situasiya Azərbaycanın lehinə dəyişir
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Bakıda BakuBus-un 3 avtobusu toqquşdu
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi  
Ağcabədidə Təhsil Mərkəzi fəaliyyətə başladı
Qurban Qurbanov: "Bu, bizim üçün çox vacib qələbə idi"
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş iclas keçirilib
Millimizdən ilk qələbə
ABŞ və Türkiyə razılığa gəldi — Keşiş Branson azad ediləcək
Laçında tapşırın torpağa məni...
Bu bədxahlar “kəşflərimizi” görməzdən gəlirlər
Yenə leysan xəbərdarlığı edildi
İlham Əliyev şimal bölgəsinə səfər edib