Qarabag Media
Haqqımızda Əlaqə

Bəzz qalasında namaz qılıb Quran oxuyan xürrəmilərin rəhbəri Babək


Tarix:20-06-2016, 05:11 Kateqoriya:Manşet / Tarix

Bəzz qalasında namaz qılıb Quran oxuyan xürrəmilərin rəhbəri BabəkCəmiyyətdə və tarixşünaslıqda Babəkə fərqli münasibət mövcuddur, bu fərqlilik onun şəxsiyyəti ilə bağlı bir-biri ilə daban-dabana zidd fikirlərin meydana çıxması ilə nəticələnib. Proqramda Babəklə bağlı iddialara elmi mənbələr əsasında aydınlıq gətirməyə çalışmışıq. Sizləri proqramın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədlinin Babək və Xürrəmilər hərəkatına dair fikirləri ilə tanış olmağa dəvət edirik.

Tarixi mif: Babəkin milliyətcə türk olmayıb

Təəssüf ki, Babəkin mənşəyi ilə bağlı yekdil fikir yoxdur. O dövrə aid mənbələrin əksəriyyəti ərəb mənbələridir. Qəribədir ki, məhz Vaqid ibn-Əmr Təmiminin yazdığı “Babəkin tarixi” adlı əsər dövrümüzə qədər gəlib çıxmayıb. Onun ayrı-ayrı hissələrini ərəb tarixçiləri, o cümlədən Əbu Cəfər ibn Cərir ət Təbəri "Tarix-ür-rüsüli vəl-müluk", yəni “Peyğəmbərlərin və hökmdarların tarixi” əsərində verir. Bundan başqa, Əbülhəsən Əli ibn Hüseyn ibn Əli əl-Məsudi və digərlərinin əsərlərində rast gəlinən informasiyalar da bəzən reallığı əks etdirmir. Mənbələri çeşidləsək, böyük bir qismində Babəkin anası və atasının adı dəqiq bəlli olur – anası Bərumənd, atası yağ ticarəti ilə məşğul olan Abdulladır. Babəkin doğulduğu məkana gəldikdə isə, indiki Ərdəbil mahalının Bilalabad kəndində dünyaya gəlib.

Ərəb xronikalarında çox zaman Babəki aşağılamaq məqsədilə anası Bəruməndin taygöz olduğunu, guya Ər Rəvad əl Əzdinin kəbinsiz həyat yoldaşı olduğunu vurğulayırlar. Bunlar kökündən yanlış fikirlərdir. Əgər Babək qeyri-qanuni doğulmuş uşaq idisə, necə ola bilərdi ki, qardaşları Abdulla və Müaviyə onunla birgə vuruşmuşdular? Məsələyə qismən obyektiv yanaşan tarixçilərin əsərlərinə inansaq, Babək ana bətnində olarkən atası Abdulla Dərbəndə ticarətə gedərkən yolda vəfat etmişdi.

Onun etnik mənşəyinə gəlincə, Ziya Bünyadovun bir cümləsini dilə gətirmək istərdim: “Erkən orta əsrlərdə Azərbaycan ərazisində türk etnik plastının üstünlük təşkil etdiyini qəbul etməyən tarixçiləri ciddi tarixçi adlandırmaq mümkün deyil”.

Xürrəmilərdə ailə sistemi olubmu?

Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatı ilə bağlı tarix elmində yekdil fikir yoxdur. Ərəb tarixçiləri xürrəmiləri iki qismə ayırırlar: məzdəkilik dövründə və babəkilik dövründə olan xürrəmilik. Bəzən babəkiliyə məzyərilik deyə bir cərəyanı da qoşurlar. Əgər kökünə varsaq, mahiyyətləri başqa ola bilər. Çünki məsələnin sosial və mənəvi tərəfləri var. Bu iki amil uzlaşmayanda istənilən hərəkat haqqında qeyri-adi fikirlər yarana bilər. Məsələn, belə bir fikir var ki, guya xürrəmilərə heç bir qadağa qoyulmurdu. Xüsusilə, ailə, nikah münasibətlərini vurğulayaraq deyirdilər ki, ailə sistemi yox idi. Aydın məsələdir ki, bunlar hərəkat üzvlərini gözdən salmaq məqsədilə uydurulmuş dedi-qodular idi.

Xürrəmilik adını belə müxtəlif cür yozurlar. Bəziləri hesab edir ki, bu, Məzdəkin həyat yoldaşı Xürrəmin adı ilə bağlıdır. Bəziləri Xürrəm adlı yaşayış məskəninin olması ilə əlaqələndirirlər. Bəzi tarixçilər isə Xürrəm sözündəki xvar, xor kəlmələrinin günəş mənasını verdiyini qeyd edirlər ki, bu söz qədim pəhləvi, aramey dillərində günəş, od mənasında işlənir. Hətta bunu geyimlə əlaqələndirirlər ki, qırmızı rəng günəş rəmzidir. Qırmızı təkcə, İran xalqlarında deyil, həm də türk xalqlarında mühüm atributlardan biridir.

Babəkin Cavidanın dul xanımı ilə evlənməsi və Xürrəmilər hərəkatına rəhbərlik

Babəkə qədər xürrəmilik qismən loyal xarakter daşıyırdı. Silahlı mübarizə, üsyan bu hərəkatın doktrinası rolunu oynamırdı. Xürrəmilərin ilk çıxışları 778-ci ildə, ikinci çıxışları 808-ci ildə olub. Hər iki çıxış da qan içində boğulmuşdu. Babəkin Cavidanla tanışlığına gəlincə, ərəb xronikalarında açıq-aydın yazılıb ki, Cavidan Bəzz qalasına gedərkən hava qarlı olduğu üçün məcburən Bilalabad qəsəbəsində qalmalı olur. Babəklə burada tanış olur. Babəkin çevikliyi, hazırcavablığı onun həddən artıq xoşuna gəlir. Və bəlli pul müqabilində Babəki anasından istəyir. Bu elə bir dövr idi ki, xürrəmilərin daxilində Əbu İmran və Cavidan arasında toqquşma var idi. Babək Bəzz qalasına gəldikdən 2-3 il sonra Əbu İmranla Cavidan qarşı-qarşıya döyüşərkən Əbu İmran döyüş meydanında öldürülür. 2-3 gün sonra Cavidan dünyasını dəyişir. Babəkin xürrəmilərin başçısı seçilməsi “Babək” filmində tarixi xronikada olduğu kimi real şəkildə öz əksini tapır. Əvvəlcə, Cavidanın dul qalmış həyat yoldaşı inək kəsdirir, dərisinin üstündə çörək olur. Bəziləri piyalədə şərab, bəziləri isə su olduğunu yazırlar. İnsanlar çörəyi piyalədəki mayeyə batırıb yeyir və deyirlər ki, “biz hamımız qəbul edirik ki, Cavidanın ruhu Babəkə keçib”. Bundan sonra onların toy mərasimi həyata keçirilir. Qədim Azərbaycan adətinə görə, qadın ərə getdiyi kişiyə reyhan budağı verərdi. Məhz reyhan budağının verilməsindən sonra Babək xürrəmilik hərəkatına başçılıq etməyə başlayır.

Babəkə tarixdə fərqli münasibət

Abbasqulu ağa Bakıxanovun əsərlərində Babək müsbət şəkildə təqdim olunur. O, Azərbaycan sözünü Azər babəkan, yəni Babəkin odu mənasında işlədir. Ayrı-ayrı müəlliflər də Babəkə tam fərqli münasibət bildirilir. Məsələn, Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, Babək Azərbaycan cəmiyyətində müsbət qarşılanmır. XX əsrdə isə Babəkə tamam başqa mövqedən yanaşılmağa başladı. Onu hətta kommunist elan edənlər, qırmızı bayraq qaldırdığını dönə-dönə vurğulayanlar oldu. SSRİ-nin bayrağı da qırmızı rəngdə olduğu üçün Babəki kommunist adlandıranlar oldu. Ərəb mənbələrində Babəkin dinsiz adlandırılması da sovet ideologiya maşını üçün mühüm “tapıntı” idi. Dedilər ki, Babək islam dininə qarşı döyüşürdü. Bəzən Babəki ali şiə ruhanisi mərtəbəsinə qaldıran da var, Şah, Sultan kimi qəbul edən də. Nəyə görə hökmdar sözünü işlətmədim? Babək hökmdar ola bilərdi, çünki hökmlər verirdi. Bununla yanaşı, o üsyan başçısı idi. Üsyan başçısı hökmdar kimi qəbul edilə bilər. Babəkdən sonrakı dövrdə, Çində Taypinlər, Xuan Çao üsyanları zamanı üsyan başçısı hökmdar funksiyasını daşıyırdı. Babəkə bu cür münasibətin olmamasının əsas səbəbi mənbəşünaslıq bazasında olan boşluqlardan irəli gəlir. Bu da ərəb xronikaları ilə bağlıdır.

Bəzz qalasında məscid, namaz qılan, Quran oxuyan xürrəmilər

Bəzən isə ərəb xronikalarında bu cür məqamlara da rast gəlmək olur. Məsələn, Əl-Bağdadi xürrəmilik haqqında yazanda qeyd edir ki, onların Bəzz qalasında məscidləri var idi. Azan verilirdi. Xürrəmilər də namaza gedirdi, Quran oxuyurdu, ancaq “Qurani-Kərim” i xürrəmcəsinə izah edirdilər. Bu isə onu göstərir ki, Babək hərəkatının ideologiyası mənbəyini sosial ədalət, sosial bərabərlik prinsipi təşkil edirdi, hərəkat bu prinsipi mənəvi cəhətdən Azərbaycanda yaranmış başqa ideologiyalara ötürə bildi. Babək hərəkatı yatırılandan sonra belə bir fikir yarandı ki, şiəlikdəki batinilər, sufilər mənbəyini xürrəmilikdən götürüblər. İdeologiya ilə belə ardıcıllaşdı: xürrəmilik, sufilik, hürufilik və qızılbaşlıq.

Xilafət ordusunun Azərbaycana daxil olması: gec gələn qonaq niyə öz kisəsindən yeyir?

Xilafət tarixi 3 qismə ayrılır: Xəlifeyi-Raşidun, Əməvilər və Abbasilər dönəmi. Xəlifeyi-Raşidun dönəmi 4 xəlifənin hakimiyyəti dövrüdür: Əbu Bəkr Siddiq (632-634), Ömər ibn əl Xəttab (634-644), Osman bin Əffan (644-656) və Əli ibn Əbu Talıb dönəmi (656-661). Fəthlər nəticəsində böyüyən ərazilərə Xilafət sözün əsl mənasında haqq-ədalət gətirirdi. Məsələn, 644-cü il məhz elə Babəkin doğulduğu Ərdəbildə bağlanan müqavilənin şərtlərinə baxsaq, görərik ki, buna qədər belə ədalətli müqavilə tapmaq çətindir. Çünki mətndə birbaşa deyilirdi ki, bu hökmlər Azərbaycanın dağlarında, düzlərində, meşələrində yaşayan bütün əhaliyə şamil edilir. Bu torpaqlarda qalmaq və dinlərini saxlamaq istəyirlərsə, cizyə (can vergisi) ödəməlidirlər. Onu da qeyd edək ki, cizyə o qədər də böyük rəqəm deyil. Təəssüf ki, sovet hakimiyyəti illərində bu rəqəmi şişirdirdilər. Getmək istəyənlərin malı, mülkü dəyərləndirilir, əvəzində ona pul ödənirdi və onlar təhlükəsiz hesab etdikləri əraziyə köçərdilər. İslamın ilk illərində “Allah qonağı” anlayışı yaranmışdı. Bizansla Sasanilərin müharibələrindən çıxan Azərbaycan ərazisinə birdən-birə Xilafət ordusu yeridi. “Gec gələn qonaq öz kisəsindən yeyər” anlayışı bu dövrdə yaranıb. Ərəblər hansı evdə qonaq olurdularsa, ev sahiblərini yedirdirdilər. İfadə də buradan yaranıb.

Babək İslama deyil, türkləri əksik tutan ərəb millətçiliyinə qarşı çıxıb

Azərbaycan əhalisinin vergiyə görə islamı qəbul etməsi fikri kökündən yanlışdır. Çünki İslam dinində sosial ədalət prinsipi elə qurulmuşdu ki, heç kəs üsyan qaldıra bilməzdi. Söhbət Xəlifeyi-Raşidun dönəmindən gedir. İslamda hümmətçilik prinsipi var idi, millətçilik prinsipi isə yox idi. Yəni, müsəlman ərəblə müsəlman türk arasında fərq qoyulmurdu. Yanlışlıqlar Əməvilər dövründə meydana gəldi. Bu dövrdə İslamı qəbul etmiş, lakin ərəb olmayana mövla, yəni qul deməyə başladılar. Bu isə Əbu Müslüm üsyanına gətirib çıxardı. Nəticədə Əməvilər devrildi və Abbasilər dönəmində “milli” məsələyə yumşaq yanaşdılar. Yəni ərəb, fars və türk müsəlman arasında elə də fərq qoyulmurdu. Lakin Harun ər-Rəşiddən başlayaraq, bu məsələdə əyintilik görünür. Babək hərəkatı məhz İslam dinində ərəb millətinə üstünlük verildiyinə görə qalxmış üsyanlardan biri idi. Ərəblər də bizim ərazimizə köçürülürdü. Nəticədə yerli əhali nəinki, torpaqdan məhrum olurdu, üstəlik, ərəblərdən asılı vəziyyətə düşürdü. Yəni, bir tərəfdən ərəbin türkdən üstün tutulmasına görə qarşıdurma yaranırdı, digər tərəfdən isə eyni hüquqlara malik olmaq baxımından toqquşmalar yaranırdı. Bunları nəzərə alaraq, Babəkin İslam dininə qarşı döyüşdüyünü demək yanlışdır.

Azərbaycan əhalisi islamı zorla deyil, sevərək qəbul edib

816-cı ildə xürrəmilərə başçılıq etməyə başlayandan sonra Babək hazırlığa başlayır, xalq könüllülərini orduya cəlb edir. Hazırlıq dönəmi 3 il çəkib. İlk dəfə nizami ərəb ordusu ilə toqquşması isə 819-u ilə təsadüf edir. 837-ci ilə qədər olan dövr Babəkin mübarizə apardığı dövrdür. Mənbələr yazır ki, Babək özünün dini inancını təlqin edirdi, yəni “Qurani-Kərim”in xürrəmicəsinə izah edilmiş formasını. Əgər Azərbaycanda İslama qarşı güclü müxalifət olmuş olsa idi, 644-cü ildə Ərdəbil müqaviləsi imzalanmazdı. Ondan sonrakı dönəmlərdə Beyləqan, Tiflis, Dərbənd, Şirvan əhalisi ilə belə müqavilələr imzalanmazdı. O çıxışlar da ərəblərin yerləşmə dövrünə təsadüf edərdi. Bu elə bir dövr idi ki, hətta xəzərlər belə bu bölgəyə nəzarət edirdi. Azərbaycan xalqı İslamın müsbət dəyərlərinə hörmət etməsəydi, ən azı Hülakülər dövründə İslamdan üz döndərərdilər. Çünki o dövrdə İslama çox güclü basqı vardı. Əksinə, biz görürük ki, istər Əhməd Təkudarın, istərsə də Qazan xanın dövründə Hülakülər İslamı qəbul etdilər.

Babəkin ordu sisteminə gəldikdə isə, bu nə muzdlu ordu idi, nə də pul verilən ordu. Daha çox xalq könüllülərindən ibarət idi. Bu isə daha çox türklərə xas xüsusiyyət idi. Tarixçilərin əksəriyyəti qeyd edir ki, hər bir türk xalqında ordu sistemi var. Çünki ailə, oba, el, ulus prinsipi türklərdə var, hər ailə bir nəfər də olsa, döyüşçü verə bilir. Babəkin ideologiyası o qədər müsbət qarşılandı ki, böyük bir ərazidə - Aran, Şirvan, indiki Güney Azərbaycan, hətta Təbəristan və qonşu ölkələrə yayılan böyük bir cərəyan oldu.

Bəzi feodallar da bu hərəkata qoşuldu. Bu isə onu göstərir ki, məsələ təkcə, sosial ədalətlə bağlı deyildi, məsələyə milli çalar verilir. Çünki Babəkə qoşulanların əksəriyyəti müsəlman olsa da, ərəb millətçiliyinə qarşı olan hərəkat olduğu üçün ona dəstək verirdilər. Məsələnin sosial mahiyyəti meydana çıxdıqda İbn Bəyis, Yesayabu Musa, həmçinin, Səhl ibn Sumbat ona qarşı çıxdılar.

Xilafət ordusuna türk komandan təyinatı və Babəkin məğlubiyyəti

Xürrəmilik hərəkatının pik nöqtəsi Həmədanın alınması idi. Çünki Həmədan Azərbaycanın açar şəhəri sayılır. Ərəb mənbələri də Dərbənddən Həmədana qədər olan vilayətin adını Əl Azərbaycan deyə qeyd edirlər. Həmədanın itirilməsi xilafət üçün ümumiyyətlə, şimalla əlaqənin kəsilməsi demək idi. Məhz buna görə də xəlifə Əl-Məmunun ölərkən qardaşına əsas vəsiyyəti bu oldu ki, “nəyin varsa, xürrəmilərə qarşı yönəlt. Hər şeyini itirsən belə, özün onlara qarşı get”. 833-cü ildə xürrməilər ilk dəfə məğlubiyyətə uğradılar. Həmədanda İshaq ibn İbrahimin qoşunları xürrəmiləri geri oturdur. Xürrəmilər müəyyən üstünlüyü əldə saxlamışdılar. Lakin Məmundan sonra hakimiyyətə gələn Möhtəsimin taktikası tamamilə dəyişir. O orduya komandan olaraq əsilzadə türk nəslinə mənsub olan, Heydər ibn Kavus əl Afşin, yaxud Xıdır ibn Kavus deyə adlı şəxsi seçir. Afşinin taktikası əvvəlki xilafət sərkərdələrindən xeyli fərqlənirdi. O yolları, şəhərləri bərpa edirdi. Afşin o dövr üçün çox təkmil olan rabitə sistemi yarada bildi. Azərbaycanda gedən döyüşlər barədə 4 gün sonra xilafətə xəbər çatırdı. O dövrdə 4 günə Həmədandan Bağdada xəbər çatdırılması az qala quş sürəti sayılırdı. Onu da qeyd edim ki, ilk dəfə Babək üsyanı yatırdarkən poçt vasitəsi kimi göyərçinlərdən istifadə olunması məhz bu dövrdə dəbə düşdü. Xəlifə bu üsyanın yatırılmasına o qədər önəm verirdi ki, Afşin döyüşən gün ona 10 min dirhəm verilərdi, döyüşmədiyi gün isə 5 min. Afşin eyni zamanda Babəkin ətrafını ondan uzaqlaşdırmağı bacarır. Bunu bir qismini pulla, digər qismini isə öldürməklə edir. Məsələn, Babəkin sağ qolu sayılan Tərxanın öldürülməsi xürrəmilər üçün böyük faciə oldu. Çünki bundan sonra onlar demək olar ki, müdafiəsiz qaldılar. Tərxan adından da göründüyü kimi türk idi. Onun taktikası ümumi meydan savaşından fərqlənirdi. Mühasirə halqası daralan zaman, 836- cı ildə xürrəmilər sonuncu, Həştadzər qələbəsini qazandılar. Mühasirədə saxlanan Bəzz qalasında ərəb ordusunun içərisində aclıq başlanır. Çünki onlara təkcə quru çörək vermişdilər. Afşin çox qəribə bir taktika ilə davranır - Babəklə və Təbəristandakı xürrəmilərin başçısı olan Məziyənlə danışıqlara başlayır. Babək Afşinə səbətlərdə yemək göndərir. Bu, düşmənə göstərilən orijinal üsul idi. Babəkin adamları geri dönərkən Afşin “qardaşım Babəkə salam çatdırın” deyir. Dil məsələsinə aydınlıq gətirmək lazımdır. Aydın məsələdir ki, ərəb ordusunda ərəbcə danışırdılar. Lakin nədənsə Afşinin söylədiyi bu sözləri onun türk mənşəli sərkərdəsi Xəyyat sonradan xəlifəyə demişdi. Görünür, Afşin o sözləri türkcə söyləmişdi.

Səhl ibn Sumbat vaqiəsi: “Məni yəhudilərə çox ucuz qiymətə satdın”

837-ci ilin sentyabrında Bəzz qalasının mühasirəsi zamanı Babək xilas olur və Arana qaçır. Ərəb ordusu Bəzz qalasına daxil olmaq üçün orijinal üsul seçmişdi, qalanın daşlarını sökmüşdü. Babəkin Arana getməsinin səbəbkarı həyat yoldaşı Sünük, yəni Zəngəzur knyazı Vasakın qızı İbnət idi. O məsləhət gördü ki, Bizans sərhədinə yaxın olan yerə getsinlər ki, sonradan Bizansa keçə bilsinlər. Babək indiki Zəngəzur ərazisindəki Şəki yaşayış məntəqəsinə getdi. Əvvəllər müttəfiqi olmuş Səhl ibn Sumbatın evinə düşür. Səhl ibn Sumbat isə 1 milyon dirhəmə Babəki ərəblərə satır. Babək ov edərkən mühasirəyə alınır, üzünü Səhl ibn Sumbata tutaraq qəribə bir söz işlədir. Bu söz Təbəri "Tarix-ür-rüsüli vəl-müluk” əsərində qeyd olunub: “Sən məni yəhudilərə çox ucuz satdın”. Burada bir məqam var, əgər Babək islama qarşı döyüşmüş olsaydı, müsəlmanlara qarşı deyərdi.

Babəkin edamı

Afşin çox çalışdı ki, Babək edam edilməsin. Çünki Afşin Babəkə potensial müttəfiq kimi baxırdı. Çünki Afşinin yurdu ərəb orduları tərəfindən dağıdılmışdı. Minlərlə türk qətlə yetirilmişdi. Afşin düşünürdü ki, Babəklə əlbir hərəkət etsə, xilafəti çökdürə bilərlər. O, hətta xəlifə Möhtəsimin qızıl möhürü ilə möhürlənmiş aman kağızını Babəkə göndərmişdi, lakin Babək bunu qəbul etməmişdi. Babəki fil belində Samirə şəhərinə gətirirlər. O mart ayında edam edilir. Edam səhnəsini müxtəlif şəkildə təsvir edirlər. İstənilən halda, bu, işgəncəli ölüm olub. Hətta qolunu kəsəndə Babək üzünü qırmızı rəngə boyayır, səbəbini soruşanda deyir ki, “rəngim sarala bilər, istəmirəm düşmən məni saralmış görsün”.

Tarixşünaslıqda Babək və Azərbaycan arasında qoyulmuş bərabərlik

Dövrünün tarixçiləri Babəki böyük şəxsiyyətlərlə, o cümlədən Romanı lərzəyə salmış Karfagen sərkərdəsi Hanniballa müqayisə edirlər. Əslində, Babək hərəkatı məğlub olmadı. Məhz bu hərəkat nəticəsində xilafətin Azərbaycandakı dayaqları, ərəbçilik siyasəti iflasa uğradı. Hətta xəlifə Azərbaycana ərəb mənşəli şəxsləri canişin təyin etməyə çəkindi. Görünür, buna görə də dayaqları sarsılmış Xilafət türk ölkəsi olan Azərbaycana 879-cu ildə məhz türk əsilli, Sacilər nəslindən olan canişinləri göndərməyə məcbur oldu.

Dünya tarixşünaslığında, İranda əmələ gələn müxtəlif əsərlər istisna olmaqla, Bəbək deyəndə Azərbaycanı düşünürlər. Gürcüstan, Rusiyada yazılan tarix kitablarında istisnasız olaraq, Babək və Azərbaycan arasında bərabərlik işarəsi qoyulur. Ərəb mənbələrində də yazılır ki, Babəkin işi Azərbaycanda meydana çıxdı və bundan sonra yayıldı. Sonrakı mərhələlərdə Babək obrazı təkcə, bizim yaddaşımızda yox, bugünkü Anadolu türklərində də Battal Qazi formasında mifologiyaya bürünərək yaşamaqda davam edir. Həqiqətən, Babək və Azərbaycan arasında bərabərlik işarəsi qoyulmalıdır. Hətta filmdə də gözəl təsvir edilir ki, Azərbaycandan uzaq düşsə də, Babək ölüm qabağı “ruhum hər zaman səninlədir, Azərbaycan” deyir. O ruh bu gün də yaşamaqda davam edir. Xüsusilə, güneydə. Soydaşlarımız hər il Bəzz qalasını ziyarət edir. Babək azadlıq carçısı kimi təkcə, Azərbaycan üçün deyil, dünya tarixşünaslığında qəbul olunmuş şəxsiyyətdir./APA TV/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB
Diaspor Komitəsi İstanbuldakı Mübariz İbrahimov adına məktəbin problemlərini nəzarətə götürdü
Nuri Paşanın 1920-ci ildə Böyük Britaniya mətbuatına verdiyi MÜSAHİBƏ
Prezdent Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında