Qarabag Media
Haqqımızda Əlaqə

Şuşanın tarixi, siyasi və hərbi-strateji əhəmiyyəti

Tarix:15-06-2016, 11:36 Baxış Sayı:581 Kateqoriya:Manşet, İşğal Əraziləri

Şuşanın tarixi, siyasi və hərbi-strateji əhəmiyyəti XVIII əsrin əvvəllərində Azərbaycan dörd bəylərbəylikdən ibarət idi: Təbriz, Şirvan, Çuxursəd və Qarabağ. Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyi Araz və Kür çayları arasındakı geniş ərazini əhatə edirdi.

XVIII yüzillikdə Qarabağın ərazisində mürəkkəb tarixi hadisələr baş verdi. Səfəvilər dövlətinin inzibati bölgülərindən birini təşkil edən Qarabağ bəylərbəyliyi 1724-cü ildən etibarən Osmanlı Türkiyəsi tərəfindən zəbt edildi. Bəylərbəyliyin mərkəzi olan Gəncə şəhəri türk qoşunlarının əlinə keçdi.

XVIII əsrin 30-cu illərində Nadir şah Əfşarın hərbi yürüşləri İranda və Qafqazda vəziyyəti müvəqqəti olaraq dəyişdi. Nadirin başçılığı ilə yenidən dirçələn İran dövləti Azərbaycan torpaqlarını, o cümlədən, Gəncəni Osmanlılardan geri almağa (1735) müvəffəq oldu. Nadir şah iki əsrdən artıq mövcud olmuş Qarabağ bəylərbəyliyinə də divan tutdu. Buna səbəb 1736-cı ildə Muğanda keçirilən tacqoyma mərasimi zamanı Qarabağ bəylərbəyliyinin Nadirin şah elan olunmasına etirazını bildirməsi idi.

1747-ci ildə Nadir şahın ölümündən sonra onun dövləti əsl mənada dağıldı. XVIII əsrin ortalarında uzun sürən İran hökmdarlığı ləğv edildikdən sonra Azərbaycan ərazisində müstəqil və yarımmüstəqil feodal dövlətləri-xanlıqlar meydana gəldi.

Qarabağ xanlığı XVIII əsrin ortalarında Azərbaycan torpağında yaranmış on səkkiz xanlıqdan biri oldu. Qarabağ xanlığının banisi Pənah Əli xan Cavanşir nəslindən idi. Pənah Əli xan Otuzikilər tayfasının başçısı, Cavanşir və Qazaxın 20 min həyətinin əmri idi. O, özünü xan elan edərək, Qarabağ xanlığını düşmən basqınlarından müdafiə etmək üçün 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını tikdirdi.

Pənah Əli xanın hakimiyyəti dövründə ilk müharibə 1748-ci ilin sonunda Bayat qalasında baş verdi. Bu müharibə şəkili Hacı Çələbi xanın hücumu ilə əlaqədar idi. Pənah Əli xanın Şəki və Şirvan xanlığına qalib gəlməsi onun şöhrətini xeyli artırdı. O, Bayat qalasının strateji cəhətdən zəif olduğunu, orada qoşun saxlamağın çətinliyini nəzərə alıb yeni müdafiə qalası tikdirməyi qərara aldı və Ağdam yaxınlığında Şahbulağı adı ilə məşhur olan Tərnəküt qalasını tikdirdi.

Bu dövrdə Qarabağda Pənah Əli xanın şöhrəti günü-gündən artırdı.O, Gəncə, İrəvan, Naxçıvan xanlıqlarını zorla və nigah diplomatiyası yolu ilə öz təsiri altına saldı. XVIII əsrin 50-ci illərində Xəmsə məlikləri də Qarabağ xanlığına tabe edildilər. Az sonra Pənah Əli xan xanlığın mərkəzini əlçatmaz yerə köçürdü və orada qala tikdirdi. Bu, Şuşa qalası idi.

Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Qarabağ tarixçilərinin verdikləri məlumata görə, 1750-ci ildəki Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Pənah Əli xan Şuşanı özünə paytaxt edib, oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırılmışdır.

Pənah Əli xanın düşmənlərini ən əvvəl narahat edən ərazidə tayı-bərabəri olmayan Şuşa qalasının tikilməsi idi. 1751-ci ildən sonrakı siyasi hadisələrdə həmişə Şuşa şəhərinin adı çəkilir. Şuşa qalası əsası qoyulduğu gündən bir çox hücumlara sinə gərmiş, qanlı döyüşlərin şahidi olmuşdur.

XVIII əsrin 50-ci illərində Pənah Əli xan Şuşa qalasının möhkəmləndirilməsi ilə məşğul olarkən 1751-ci ildə İran şahı Məhəmməd Həsən xan Qacarın qoşunu Qarabağa hücum etdi. Qacar qoşunları Şuşadan bir qədər aralı düşərgə salıb, bir aya qədər orada qaldı. Lakin şəhərin möhkəm istehkamları İran şahını mühasirədən əl çəkib geri qayıtmağa məcbur etmişdi. Bir neçə il sonra -1758-ci ildə Urmiya hakimi Fətəli xan Əfşar böyük ordu ilə Qarabağ xanlığı üzərinə hücuma keçdi. Fətəli xan 6 ay Şuşa qalasını mühasirədə saxlamış, ancaq ala bilməmişdi.

Pənah Əli xanın ölümündən sonra İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə Qarabağ xanlığı daha da gücləndi. Xanlığın ərazisində Əskəran, Ağoğlan qalaları, Şuşa qalasının hasarı və s. diqqətəlayiq, strateji əhəmiyyətli qalalar tikildi.

XVIII əsrin 80-ci illərinin ortalarında İranda hakimiyyət Qacar sülaləsinin banisi Ağa Məhəmməd xanın əlinə keçdi. O, Səfəvilər dövlətinin əvvəlki qüdrətini bərpa etmək məqsədilə yeni torpaqlar tutmağa can atırdı. 1791-ci ildə Ağa Məhəmməd xan Qacar on ildən artıq mübarizə nəticəsində, İranın və Cənubi Azərbaycanın bütün əyalətlərini öz hakimiyyətinə tabe etdikdən sonra, Azərbaycanın şimal hissəsini də əsarət altına almağa hazırlaşdı.

1794-cü ildə Ağa Məhəmməd xan Qacar İbrahimxəlil xandan itaət etməyi, bu məqsədlə oğlunu girov göndərməyi tələb etdi, ancaq rədd cavabı aldı. Ağa Məhəmməd xan Qarabağa 8 minlik qoşun göndərdi. Lakin Əskəran qalası yanında Ağa Məhəmməd xanın qoşunları məğlub olub geri çəkildilər. Elə həmin ildə Ağa Məhəmməd xan Qacar qoşun və silahının sayını on qat artırmağa məcbur oldu.

1795-ci ilin yayında Arazı keçib Qarabağ istiqamətində bütün ərazidə hərəkət edən İran qoşunlarının sayı 85 min nəfərdən artıq idi. Qacarın son məqsədi Azərbaycanı və Gürcüstanı tamamilə əsarət altına almaq idi. 1795-ci il yay yürüşünün əsl səbəbi yeni torpaqlar əldə etmək və dövlət xəzinəsini qarət hesabına doldurmaq olmuşdu. Bu məqsədi həyata keçirməkdə Ağa Məhəmməd xanın qarşısında əsas maneə Şuşa qalası idi.

Şuşa qalasına çatmaq üçün düşmən qoşunları mütləq Araz çayını keçməli idilər. Bunu dərk edən İbrahimxəlil xan bu çayın üzərində hələ xeyli qədimdən inşa edilmiş Xudafərin adını daşıyan körpünün uçurulmasını əmr etdi. İbrahixəlil xan Şuşa qalasının müdafiəsi üçün böyük hazırlıq görərək, qala toplarını döyüş vəziyyətinə gətirilmiş, qoşun hissələri isə Qarabağın dağlarında və Şuşada yerləşdirmişdi.

Qarabağa hücum edən düşmən qoşunlarına qarşı xanlığın bütün əhalisi mübarizəyə qalxmışdı. Şuşa qalasında 15 minlik xalq qoşunu yaradılmışdı. Şuşanın müdafiəsində nəinki, kişilər, hətta qadınlar da iştirak edirdilər. İran qoşunları Şuşanı almaq üçün xarici qüvvələrdən və dövrün ən güclü silahlarından istifadə edirdilər. Fransız zabitlərinin komandanlıq etdiyi düşmən topları Şuşanı üç gün atəşə tutdular. Lakin mərmilər şəhərin istehkamlarını dağıda bilmədi.

Qalanın mühasirəsi nəticə vermədiyindən, Ağa Məhəmməd xan ətraf kəndləri yandırır, mal-qaranı sürüb aparır, əhalini əsir alırdı. Düşmən qəti hücumla Şuşanı tutmağa bir neçə dəfə cəhd etmiş, lakin onun bütün hücumları böyük təlafata səbəb olmuş və dəf edilmişdi. Düşmən hücumları dəf edilərkən şəhər əhalisi qala divarları üstündən qalanı mühasirə edənlər üzərinə daş və od yağdırırdılar. Qarabağ tarixçiləri Şuşa qalasının İran ordusu tərəfindən mühasirəsinin ətraflı surətdə təsvirindən sonra, Ağa Məhəmməd xanın məğlubiyyət səbəblərini izah edirlər. Qarabağ qoşunlarının İran qoşunlarına qalib gəlməsinin səbəblərindən biri qarabağlıların apardığı partizan müharibəsi olmuşdur.Əhali atlı və piyada olaraq, meşələrdə Araz sahillərindən tutmuş Şuşa qalasına qədər uzanan yollar boyu düşmənə qarşı çıxmış, İran ordusuna gələn ərzaq mallarını zəbt edib aparmışlar. Bununla da, düşməni azuqəsiz qoyaraq, ona daha ağır zərbə endirmiş olurdular.

Şuşanın mühasirəsi 33 gün davam etdi. Bu müddət ərzində Ağa Məhəmməd xanın ordusu olduqca seyrəldi. Onun demək olar ki, bütün topları sıradan çıxdı. Belə olduqda, Ağa Məhəmməd xan Şuşanın mühasirəsindən əl çəkərək Gürcüstana tərəf hərəkət etdi.

1795-ci ilin sentyabrında Ağa Məhəmməd xanın qoşunları şiddətli vuruşmadan sonra Tiflisə soxuldular. Qacar Tğiflisi yandırıb qarət edərək 1795-ci ilin payızında Muğana qayıtdı. Onun məqsədi burada qışlamaq, yazın başlanğıcında isə Şuşa qalasına yenidən hücum edərək onu təslim etmək idi. Lakin 1796-cı ilin yazında İranda baş verən hadisələr Ağa Məhəmməd xanın bu planını pozdu.

1796-cı ilin aprelində yerli hakimlərin Rusiyaya müraciəti ilə rus qoşunları general V. Zubovun komandanlığı altında Azərbaycana doğru yürüş etdilər. Lakin bu dəfə də Rusiya Azərbaycanda möhkəmlənə bilmədi. 1796-cı ilin noyabrında II Yekatrinanın vəfatından sonra, taxta çıxan I Pavel 1797-ci ilin yazında rus qoşunlarını geri çağırdı.

Rus qoşunları Azərbaycandan çəkilən kimi 1796-cı ilin payızında özünü şah elan edən Ağa Məhəmməd şah Qacar Qarabağı və onun sarsılmaz paytaxtı Şuşa şəhərini işğal etmək planını hazırladı. 1797-ci ilin yazında Ağa Məhəmməd şah daha güclü qoşunla Araz çayını keçərək Şuşa qalasına doğru hərəkət etdi.

Ağa Məhəmməd şahın hələ, 1794-1795-ci illərdə Qarabağı, o cümlədən, Şuşanı ələ keçirə bilməməsi onu çox narahat edirdi. Şuşanın Ağa Məhəmməd şaha sinə gərməsi xalqın vətənpərvərliyini və mübarizə əzmini daha da artırsa da, Qarabağ xanlığı hiss edirdi ki, İran istilasına qarşı mübarizədə daha güclü müttəfiqlər lazımdır. Şəhər əhalisi isə, hələ 1795-ci ilin qarət və talanlarından sonra özünü düzəldə bilməmişidi. Eyni zamanda, Qarabağda quraqlıq aclıqla nəticələnmişdi.

Belə bir vəziyyətdə, Şuşa qalasının müdafiəsini 1795-ci ildəki kimi təşkil etmək mümkün deyildi. Buna baxmayaraq, İbrahim xan müqavimət gösmtərmək əzmində idi. Fransız tarixçisi Jan Khurenn yazdığına görə, 1795-ci ildə də, əvvəl olduğu kimi İbrahim xan Xudafərin körpülərini yenidən uçurtmuş və Şuşa qalasının müdafiə olunmasını təmin etmişdir. Qalaya yaxınlaşan Ağa Məhəmməd şah şəhəri asanlıqla ala bilməyəcəyindən , topxanasına əmr edir ki, atəşi yalnız qala divarlarının bir hissəsinə vursunlar ki, divarda deşik açılsın, bəlkə qoşunları Şuşaya girə bilsinlər. Belə şəraitdə İbrahim xan yayılım atəşindən qorxmadan 200 süvari dəstəsi ilə İran topxanasını məhv etmək üçün hücuma keçdi. O, məqsədinə nail oldusa da, geri dönərkən qala qapısını bağlı gördü. Odur ki, belə bir şəraitdə İbrahim xan Car-Balakən istiqamətində hərəkət eiməyə məcbur oldu.

Ağa Məhəmməd şah şuşalılara məktub göndərərək tabe olmalarını təklif etdi. Şah bildirdi ki, onun gəlişi münasibətilə şuşalılar 500 000 əşrəfi təzminat toplamalıdırlar. Beləliklə, Ağa Məhəmməd şah nisbətən asanlıqla və döyüşsüz Şuşa qalasına girdi.

Ağa Məhəmməd şah şəhərə daxil oduqdan sonra, İran qoşunu əhaliyə divan tutur və qarətçiliklə məşğul olurdu. Şəhər əhalisindən yüzlərlə adam zindana atılmışdı. Lakin çox keçmədən, Ağa Məhəmməd şah 1797-ci il iyulun 4-də öz yaxın adamlarının sui-qəsdi nəticəsində öldürüldü. Şahın qətlindən sonra İran qoşunu dağınıq halda Şuşanı və Qarabağı tərk etdi.

XVIII əsrin II yarısında mürəkkəb daxili və beynəlxalq şəraitdə Qarabağ xanlığı öz suverenliyini saxlaya bilən Azərbaycan feodal dövləti idi. Onun paytaxtı Şuşa şəhəri yarım əsrdən çox Azərbaycanın xarici istilalardan mühafizəsində əsas dayaq mərkəzi olmuşdur. Şuşanın qəhrəmancasına müdafiəsi, qala müdafiəçilərinin düşmən üzərinə hücumu, şəhərin alınmaz bir qalaya çevrilməsi, xanlığın yaradıcısı olan Pənah Əli xanın sələfi İbrahimxəlil xanın bacarıqlı dövlət xadimi olmaqla bərabər, həmçinin, böyük sərkərdə olmasına sübut idi.

1805-ci il mayın 14-də Rusiya ilə İran arasında bağlanmış Kürəkçay müqaviləsinə görə ("Andlı öhdəlik") Şuşa qalasında rus qoşun dəstələri yerləşdirildi. 1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinə görə Azərbaycan iki yerə parçalandı. Şimali Azərbaycan Rusiya qoşunları tərəfindən işğal edildi. 10 aprel (1840-cı il) qanununa kimi keçmiş Qarabağ xanlığının ərazisi rəsmən "Qarabağ əyaləti" adlandırıldı. 1840-cı il islahatı ilə "Qarabağ əyaləti" yerində yaradılmış "Şuşa qəzası" 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verilmişdir. Bu vəziyyət 1920-ci il Azərbaycan sovetləşənə qədər davam etmişdir. 1917-ci ildə Şuşa qəzası Müvəqqəti hökumət vaxtında Xüsusi Zaqafqaziya komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil olmuşdu.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanla Ermənistan arasında sərhədlərin dəyişdirilməsi Moskvanın səlahiyyətinə daxil oldu. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi ki, bu da məhz Sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə həyata keçirildi. Azərbaycan tərkibində DQMV-nin yaradılması heç şübhəsiz, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından və düşmənçiliyindən istifadə edən Sovet Rusiyasının uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsi idi ki, bu da ermənilərin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu.

DQMV yaradılırkən Azərbaycanın inzibati ərazi bölgüsü kobudcasına pozulmuşdu. Çünki DQMV yaradılana qədər Azərbaycanda Stepanakert, Martuni, Mardakert, Hadrut adında nə şəhər, nə də rayon olmuşdur. 1923-cü ildə qəbul edilən bir qərarla Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb DQMV yaradıldı, Xankəndi və Əskəran rayonu bütünlüklə Şuşa qəzasından alındı. 1923-cü ildə Şuşanın Xankəndi, Xocalı, Kərkicahan, Ulubab, Pircamal, Cəmilli, Aranzəmi, Ballıca, Dəmirçilər, Sığnaq, Qarabulaq, Muxtarkənd, Dağdağan, Şuşakənd, Daşbaşı kimi onlarla kəndi alınıb Xankəndinə verilmiş, sonralar isə həmin torpaqlar hesabına Əskəran rayonu yaradılmışdır.

DQMV yaradılan gündən Azərbaycanın iqtisadi potensialı Xankəndinin inkişafına yönəldildi. 10-15 evdən ibarət Xankəndi tarixi şəhər olan Şuşanı geridə qoyub böyük iqtisadi gücə malik qurumun mərkəzi olan "Stepanakert"ə çevrildi. Vilayətin tərkibinə daxil olan Şuşa şəhəri bir çox məsələlərdə Xankəndindən asılı vəziyyətə salındı: Şuşanı respublikanın digər rayonları ilə birləşdirən rabitə xətləri Xankəndi qovşağından idarə olunurdu; Yevlax-Laçın qaz kəməri buradan keçirdi; Ağdam-Şuşa magistral avtomobil yolu Əskəran və Xankəndindəki erməni evlərinin əhatəsinə salınmışdı. Bütün bunların, planlı şəkildə edilməsi və sonralar nə ilə nəticələnəcəyi 1988-ci ildən sonra bizə bəlli oldu.

Beləliklə, on illərlə bundan qabaq, 1988-ci ilin fevralına hazırlıq görülür, separatçılıq hərəkatının bünövrəsi qoyulurdu. Artıq, 1987-ci ilin sonunda Qarabağda ermənilərin siyasi və ideoloji fəallığının artması müşahidə olunurdu. Həmin il noyabrın axırlarında A.Ağanbekyan Parisdə çıxış edərək yaxın gələcəkdə Qarabağın Ermənistana veriləcəyinə əmin olduğunu bildirdi. Bu çıxış, 1988-ci ilin əvvəllərində Xankəndində başlanan mitinqlər üçün siqnal rolunu oynadı.

1988-ci ilin fevral ayında Xankəndində DQMV-nin Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşməsi tələbi ilə mitinq və tətillər başlandı. Yerevanda da, eyni tələblərlə çıxışlar oldu. Həmin il, sentyabrın 18-də ermənilər Xankəndində yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxararaq, onları Şuşa və ətraf rayonlara köçməyə məcbur etdilər.

1989-cu ilin yanvarın 12-də SSRİ rəhbərliyi tərəfindən guya vəziyyəti sabitləşdirmək üçün A. Volski başda olmaqla DQMV-da xüsusi idarə komitəsi yaradıldı. Bu komitə millətlərarası münasibətlərin kəskinləşməsinin qarşısını almaq və regionda vəziyyəti sabitləşdirmək adı altında yaradılsa da, fərmanda göstərilənlərin əksinə olaraq xüsusi idarə komitəsinin fəaliyyət göstərdiyi müddətdə DQMV-də vəziyyət daha da kəskinləşdi. Komitənin sədri A.İ.Volski vəziyyəti sabitləşdirmək deyil, əksinə gərginləşdirmək siyasəti yürütdü. Onun fəal “səyləri“ nəticəsində az müddət ərzində vilayətin idarə və müəssisələrinin demək olar ki, hamısı Azərbaycan tabeliyindən mərkəzin tabeliyinə keçirildi. Bütün sənədlərdə DQMV-i Azərbaycanın tərkibindən çıxarılmışdı.

Xüsusi idarə komitəsinin fəaliyyət göstərdiyi dövrdə Xankəndindən qovulmuş azərbaycanlıların öz doğma ev-eşiklərinə qayıtmasına nəinki təminat yaradılmadı, əksinə vilayətin azərbaycanlılar yaşayan bir sıra kəndləri də komitənin “köməkliyi“ ilə məqsədəuyğun şəkildə boşaldıldı. Vilayətin yaşayış məntəqələrindən qovulmuş azərbaycanlıların bir qismi Şuşaya pənah gətirirdilər. Ümumiyyətlə, A.İ.Volskinin “ciddi qayğısı“ sayəsində vilayət demək olar ki, Azərbaycan hökumətinin nəzarətindən çıxmışdı.

1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Artıq ictimai-siyasi vəziyyət böyük fəlakətin yaxılaşdığından xəbər verirdi. 1991-ci ilin oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki yaşayış məntəqələri, o cümlədən Tuğ, Xocavənd, Qaradağlı, İmarət-Qərvənd və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandılrıldı, dağıdıldı və talan edildi.

Şuşanın Xankəndindən keçən telefon-rabitə xətləri noyabrın 24-dən kəsilmiş, şəhər və digər azərbaycanlılar yaşayan kəndlər tamamilə ətraf aləmdən təcrid olunmuşdu. Nəticədə, Xocalı və Şuşa mühasirədə qalmışdı. Dekabrın 2-nə keçən gecə əsasən rus hərbçilərinin idərə etdiyi zirehli texnika növləri, o cümlədən döyüş maşınları ilə təmin olunmuş Ermənistan ordusu Xankəndi tərəfdən Kərkicahan qəsəbəsinə hücum edərək, oranı işğal etdi. Şuşadan isə, əlavə kömək göndərmək qeyüri-mümkün idi. Çünki, rus hərbiçiləri Şuşadan Kərkicahana gedən yolu bağlamışdılar. Eyni zamanda, Şuşa şəhərinin özü də, hər gün erməni mövqelərindən intensiv top və raket atəşinə tutulurdu.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonunucu yaşayış məntəqələrini də işğal etdilər. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi və iştirakı ilə Xocalı şəhərinə hücum edərək min nəfərə qədər dinc sakini qətlə yetirdilər.

Xocalı erməni-rus birləşmiş qüvvələri tərəfindən ələ keçirildikdən sonra aydın idi ki, növbəti həmlə Şuşaya olacaq. Ermənilər bunu gizlətmir, şəhərin hücumla alınmasına və dəhliz açmaq üçün Laçının tutulmasına açıq-aşkar hazırlıq görürdülər. Şuşanın strateji mövqeyi, Azərbaycanın bu qədim şəhərinin qısa müddətdə asanlıqla ələ keçirilməsi ehtimalını heçə endirirdi. Lakin Şuşanı ələ keçirmək üçün ermənilər ən qatı cinayətlərə əl ataraq torpaqlarımızı kənd-kənd işğal edir, Şuşaya doğru irəliləyirdilər. Şuşanın itirilməsi Azərbaycan üçün nə demək idi? Tarixə nəzər salsaq Şuşanın nə qədər siyasi və hərbi strateji əhəmiyyətə malik olmasının bir daha şahidi oluruq.

Mart ayı da Şuşa ətrafında gedən ağır döyüşlərələ müşahidə olundu. Aprelin ortalarından başlayaraq, Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanırdı. Aprelin 24-də ermənilərin Şuşaya hücumu gözlənilirdi. Belə ki, ermənilər aprelin 29-da Şuşa ətrafında Hacı talası və Daşaşıran adlanan ərazilərə güclü hücuma keçdilər. Bütün bu hücumlar ermənilərin artıq mühasirə vəziyyətində olan Şuşaya doğru irəliləməsindən xəbər verirdi. May ayının 7-dən 8-ə keçən gecə Şuşa dörd tərəfdən "qrad", "kristal" tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot və avtomatlarla güclü atəşə tutuldu. Atəş səhərə qədər davam etdi. Səhər tezdən ermənilər Xankəndi, Şuşikənd və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçdilər. Şəhər ayın 8-i axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirdilər.

Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə Azərbaycan Respublikasının ərazisində növbəti cinayət törədərək, yuxarı Qarabağda azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal etdilər. Vaxtilə 33 gün mühasirədə qalan, lakin təslim olmayan Şuşanın belə qısa müddətdə süqut etməsinin əsas səbəbi şəhərin müdafiə qabiliyyətinin zəif olması idi. Şuşadakı mövcud qüvvələr və onların hərbi hazırlığı ermənilərlə müqayisədə çox zəif idi. Doğrudur, Şuşada müəyyən qədər hərbi texnika və canlı qüvvə var idi. Şuşaya hücum ərəfəsində şəhərdə 2 ədəd tank, 3 ədəd PDM, 4 ədəd ZDM, 1 ədəd qard raket qurğusu, 3 tabor və 700 döyüşçü olsa da, lakin onlardan 400 nəfəri ezamiyyətə buraxılmışdı. Ermənilərin öz məlumatlarına görə isə Şuşaya hücumda 100 qədər zirehli maşın və tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi.

1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirildi. Sonralar aydın oldu ki, görüş zamanı Azərbaycan-Ermənistan sərhədi boyu və Qarabağın dağlıq hissəsində atəşin dayandırılmasından erməni tərəfi əslində başqa məqsəd güdürmüş. Məhz bu görüş Ermənistana beynəlxalq ictimaiyyətdən öz niyyətlərini gizlətmək üçün lazım idi. Heç şübhəsiz ki, Ermənistan rəhbərliyi hazırlanmış hücum əməliyyatından əvvəlcədən xəbərdar olmuşdur. Çünki, Şuşanın işğalı Ermənistan rəhbərliyinin Tehranda danışıqlar apardığı, atəşi dayandırmağı tələb etdiyi vaxtla üst-üstə düşür və bağlanan sülh müqaviləsi mürəkkəbin quruduğu ana qədər qüvvədə qalmışdır. Bununla yanaşı, ermənilər həmişə olduğu kimi, hücum ərəfəsində bütün dünyaya Şuşadan Xankəndinə güclü hücumlar edilməsi barədə dezinformasiya yaymışdılar.

Bu hadisə, mütəmadi şəkildə BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə pozaraq Qarabağın dağlıq hissəsinin zorla Ermənistana ilhaq etməyə çalışan Ermənistan hökumətinin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan və təcavüzkar siyasətinə sadiq qaldığını bir daha təsdiq etdi. Şuşanı ələ keçirməklə Ermənistan bu problemi yalnız hərbi-taktiki baxımdan həll etmiş oldu. Problemin siyasi həlli isə getdikcə dərinləşərək çətin məcraya salındı.

Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi Şuşa şəhərinin işğalından sonra, erməni hərbi qüvvələri Şuşa-Laçın yolunu bağlayaraq birbaşa Ermənistan Respublikası ərazisindən Laçın şəhərini güclü top atəşinə tutdular. Erməni hərbi qüvvələrinin məqsədi işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün onların arasında dəhliz açmaq idi. Bu yolda iki respublikanın arasında yerləşən Azərbaycan şəhəri-Laçın əsas maneə idi. Şuşa işğal edildikdən az sonra, qısa müddət ərzində, yəni mayın 18-də Laçın şəhəri də Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirildi. Laçının işğalı müharibənin keçmiş muxtar vilayət sərhədlərindən çıxdığını və Ermənistanın işğalçılıq niyyətinin böyük olduğunu göstərdi.

Torpaqlarına təcavüz olduqdan sonra da, Azərbaycan Respublikası bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin BMT və ATƏT prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nümayiş etdirdi. 1992-ci ilin mayında Romada ATƏT-in Minsk qrupunun danışıqları seriyasından ilkin mərhələ başlandı. Romada 11 ölkənin-ABŞ, Türkiyə, Rusiya, Fransa, İtaliya, İsveç, Çexiya, Slovakiya, Belorus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilən görüş bir növ Dağlıq Qarabağa dair Minsk konfransına hazırlıq məqsədi daşıyırdı. Lakin, Ermənistan ordusunun Şuşa və Laçını işğal etməsi sülh missiyasını öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda maneəyə çevrildi.

Artıq 13 ildir ki, Pənah Əli xan, İbrahimxəlil xan, Molla Pənah Vaqif, Nəcəf bəy Vəzirov, Əbdülrəhim bəy Haqverdiyev, Xan qızı Xurşudbanu Natavan, Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağayev, Yusif Vəzir Çəmənzəminli, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov və onlarca görkəmli xadimlərin nigaran ruhu vətən övladlarını haraya səsləyir. "Şuşa kimdədirsə, Qarabağ da ondadır" həqiqəti indi hamıya gün kimi aydındır. Məhz Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı...

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası
"Beynəlxalq münasibətlər və xarici siyasət"
kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

SON XƏBƏRLƏR
"BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!"
"MQSİPHK" İctimai Birliyi Ağcabədi rayonunda tədbir keçirəcək
Tramp Səudiyyə Ərəbistanına yola düşüb
Yasəmən - ayrılığın adı
Boksçularımız İslamiadanı 7 medalla başa vurdu
ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına dair bəyanat yayıblar
Mirşahinin qardaşı həbs edildi
Avropa Parlamentinin deputatları Azərbaycana səfər edəcək
"Surət Hüseynov demişdi ki, Laçını alsaq Elçibəyi devirə bilməyəcəm" - Sabiq qərargah rəisindən şok açıqlamalar
Azərbaycanın futbol üzrə milli komandası finala yüksəlib
25 ildir Laçını yuxularda görürük...
Azərbaycanın milli avtomobil brendinin dizaynı hazırlandı – FOTO
Laçının işğalından 25 il ötür
Ölümün ən gözəli də sənin oldu - Şəhid Milli Qəhrəmanımız yubiley yaşında...
Üzeyir bəyi sintezator çalmağa məcbur edənlər
And içdik ki, komandiri güllələyək
Ötərxan Eltac: TƏCİLİ ŞUŞANI QAYTAR, YOXSA...
Azərbaycan əhalisinin sayı açıqlanıb
Ərdoğan: “Türkiyə PYD/YPG-nin maraqlarını heç vaxt nəzərə almayacaq”
Prezident İlham Əliyev AXC-nin 100 illiyi ilə bağlı sərəncam imzaladı
Ölüm sevinməsin - Kimlər keçdi bu dünyadan
Azərbaycanı xaricdə necə tanıtmalı?
Bahar Muradova Zahid Oruca səsləndi: Bəlkə imkan verəsən danışaq?!
"Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki təkbaşına vasitəcilyindən də imtina etməliyik" – Politoloq
Şəhid Məzahir Bayramovun doğum günüdür
İdmançımız dördüncü qızıl medalını qazandı
Laçın - Qaragöl dövlət təbiət qoruğu - FOTO
Avropada Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlıq güclənir
Laçının işğalı ilə bağlı həqiqətlər - Laçın alayının sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ)
Yetimliyimizin 25 ili tamam olur!