Qarabag Media
Haqqımızda Əlaqə

Albert Aqarunov: `Mən müsahibə verə bilmirəm…`- FOTO-VİDEO


Tarix:26-04-2016, 10:35 Kateqoriya:Manşet / Qəhrəmanlar

Albert Aqarunov: `Mən müsahibə verə bilmirəm…`-  FOTO-VİDEO
– Adın nədir?

– Albert.

– Hansı millətdənsən?

– Yəhudi.

– Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?

– Mən bu torpaqda yaşayıram, doğulmuşam burda, yaşayıram burda, daha heç nə məcbur eləmir.

– Bir vətəndaş kimi borcunu nədə görürsən?

– Gəlib torpağı qorumaqda.

– Nə qədər vuruşmağı düşünürsən?

– Müharibənin axırına kimi…


Bu dialoq yəqin gözünüzdə həmin videonu da canlandırdı. Tank üstündə, gülərüz, nikbin ovqat yaradan ruh halı ilə Albert Aqarunov. Mirşahin Ağayev və mərhum Çingiz Mustafayevin hazırladığı bu müsahibəni də, sonrasını da – “əsgərlərdən biri Albert bundan sonra nə vuruşacaq, nə sevəcək, nə də ki…” cümləsilə başlayan reportajını ilk izləyişim məktəbli dövrümə təsadüf edir. O görüntülərin məndə hansı hisslərin yaşatdığını xatırlayıram deyib, fikrimi həssas, emosional bədii cümlələrlə düzsəm, əvvəlcə özümü, sonra da oxucunu aldatmış olaram. Dəqiqliklə tək xatırladığım qəzəb idi. Milliyətindən, dinindən asılı olmayaraq daha bir Azərbaycan əsgərinin şəhidliyindən, növbəti məğlubiyyətimizdən doğan qəzəb. Ünvanı da ki, bəlli… Albert Aqarunov yaşasaydı, müsahibə verərdimi, bilmirəm. Bəlkə də videoda olduğu kimi “mən müsahibə verə bilmirəm” deyərdi. Bəlkə münasibəti fərqli olardı, onu da bilmirəm. Yenə də ömrümüzü “yeyən” “bəlkə”lər dolanbacı. Albert haqqında bildiklərimiz vurtual dünyanın bizə qazandırdığı imkanlar çərçivəsindədir. Nədir bunlar? Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu il Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin 8-ci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılan Albert, xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Qarabağ müharibəsi başlayarkən, 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə gedir. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edir.

Dostlarının, əsgər yoldaşlarının xatirələrinə istinad edəndə bir sıra maraqlı faktlardan agah oluruq. Məsələn, Albert Qarabağ müharibəsində əfsanəyə çevirilməsindən, ölümündən sonra əsgər yoldaşlarının idarə etdiyi tankın adını “Albert” qoymasından… Albertin döyüşdüyü “Səbayıl” tank taborunun komandiri Hacı Əzimovun xatirələrindən: “T-72 tankları mürəkkəb idi. Albert öz əsgər yoldaşlarına da bu tankdan istifadə üsullarını öyrədirdi. Onun tank döyüşündə bir metodu vardı ki, yoldaşları ona həmişə “yəhudi buterbrodu” deyirdilər. Erməni zirehli texnikası bir-birinə yaxınlaşandan sonra bir top mərmisi ilə iki texnikanı məhv etməsinə belə bir bənzətmə vermişdilər. Şuşaya hücum edilən vaxt, 9 tank, 7 BMP və bir çox texnikanı məhv etdi. Ermənilər onun başına pul mükafatı qoymuşdular. Albertin sonuncu döyüşü 8 may 1992-cu ildə Şuşa uğrunda oldu. O gün Azərbaycan tərəfi çox sayda yaralı və şəhid verir. Albert mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir”.

“Ən nifrət etdiyi şey – aqressiya və özündən zəiflərə qarşı təhqiredici münasibət idi”

Albert Aqarunovun ailəsi hazırda İsraildə yaşayır. Milli qəhrəmanın qardaşı Rantik Aqarunovla söhbətimiz yenə də virtual dünyanın imkanları ilə mümkün oldu. Həmsöhbətim qardaşının uşaqlıq və gənclik illərini belə xatırlayır: “Albert ailəmizin sonbeşiyi idi. Çox sakit, mehriban uşaq olub. Böyüklərə yardım etməyi sevərdi. Hamı ilə nəzakətli davranışına görə qonşularımız onu xüsusilə sevərdilər. Qəlbi uşaq kimi kövrək idi. Bəlkə də elə bu səbəbdən bir qədər böyük yaşda bacı-qardaşlarının uşaqlarının nazı ilə oynamaqdan, onlara maraqlı hekayələr danışmaqdan zövq alardı. Çox erkən yaşlarından musiqilə maraqlanırdı. Hətta musiqi məktəbində nəfəs aləti – truba sinfini bitirmişdi. Lakin gələcək karyerasını, həyatını musiqiyə bağlamaq fikri yox idi. Yeniyetmə yaşlarından zəhmətkeş olub. Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edirdi. Amma bu, onun dostlarına da zaman ayırmasına, onlarla əylənməsinə mane olmurdu. Çünki, Albert kifayət qədər açıq, ünsiyyətçil, eyni zamanda olduqca sadə biri idi, arzuları kimi. Həyatdan tək istəyi adi insan xoşbəxtliyi, uğurlu işi və doğulub-böyüdüyü ailəsi kimi ailəyə sahib olmaqdı. Onun yeganə sevmədiyi, hətta deyərdim ən nifrət etdiyi şey – aqressiya və özündən zəiflərə qarşı təhqiredici münasibət idi. Və daxili ədaləti imkan verirdi ki, haqsızlıq gördüyü an düşünmədən haqlının müdafiəsinə qalxsın. Onu çox hiddətləndirən Qarabağ hadisələri, öz vətənini qoruma instinkti də istisna deyildi…”.

“Onu müharibəyə getmək fikrindən çəkindirməyə çalışdıq, amma…”

“Bir gün Albertin evə gəlib cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirməsi hər birimizdə ani çaşqınlıq yaratdı. Ailə üzvləri bu xəbəri birmənalı qarşılamadı. Bir tərəfdən onun Vətənini müdafiə etmək çabaları qürurverici idi, bu istəyi dəstəklənirdi, digər tərəfdən də bütün ailə üzvlərinə qorxu hissi hakim kəsilmişdi. Erkən yaşda həyatını riskə atmasını istəmirdik və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışdıq. Amma nafilə…”.

Ailəsi Albertin döyüş yolu, qəhrəmanlığı haqda xatirələrdə hərbçi yoldaşlarına istinad edir. Yoxluğunun acısını yazılanlardan, deyilənlərdən çxarmağa çalışır. “Cəbhə xatirələrini Albertin öz dilindən eşitmək, qələbəylə nəticələnən döyüşlərini onun paylaşmasını istərdik təbii ki. Lakin Tanrı onun qismətinə şəhidliyi yazdı. Xalq Cəhhəsinin nümayəndəsi qardaşımın ölüm xəbərini gətirdiyi o qara gün hələ də gözümün önündən getmir. Ailəmizin bütün üzvlərinə çox ağır zərbə oldu… Yeganə təsəlimiz Albertin xatirəsinin Azərbaycan xalqı, dövləti tərəfindən yüksək dəyərləndirilməsidir. Biz bunu hər an hiss edirik. Oxuduğu və hazırda da adını daşıdığı məktəbdə tez-tez Albertin anımına həsr olunmuş xatirə tədbirləri keçirilir. Həmin tədbirlərdən mütəmadi xəbərdar olur, fotolar alırıq. Ümumiyyətlə, bu illər ərzində mətbuatda yazılan məqalələr, onun xatirəsinə duyulan maraq, ailəsilə mütəmadi saxlanılan sıx əlaqələr, verilən layiqli dəyər göstərir ki, Albertin əməlləri unudulmayıb. Bu da bizi təbii ki, çox qürurlandırır. Xüsusilə deyim ki, qardaşımın xatirəsi təkcə Azərbaycanda yox, İsraildə də yad edilir, əziz tutulur. Xüsusilə də Azərbaycanda doğulub, böyüyən, hazırda isə İsraildə yaşayan miqrantlar tərəfindən. Biz də ailəsi olaraq Albert haqda əlimizdəki bütün materialları – xatirələr, video və fotoları gələcək nəsil və tarix üçün qoruyuruq”.

“Dini zəmində yaşanan fanatik nifrətin gələcəyi yoxdur”

Bu, Rantik Aqarunovun cavab reaksiyası idi. Yəni, bir müddət öncə sosial şəbəkələrdə milli qəhrəmanın milliyyətindən dolayı bir yəhudinin şəhid adlandırılmasına dair yazılan, deyilən təhqiramiz ifadələrə cavabı. Təkcə ailəsi deyil, sıravi vətəndaşların da kəskin etirazı qarşılıqsız qalmamalı idi. Qalmadı da. “Albertin xatirəsini ləkələmə cəhdlərini öyrənəndə kədər və qəzəbi eyni anda yaşadıq. Biz çox gözəl anlayırıq ki, hər şeyin arxasında dini zəmində yaşanan fanatik nifrətin ifadəsi dayanır və bu anormal hərəkətin gələcəyi yoxdur. Bu fikri yayanlar özləri də anlamadan düşmən dəyirmanına su tökmüş oldular. Erməni mətbuatı bu neqativliyi Azərbaycana qarşı istifadə etmişdi. Albertin ünvanına təhqiramiz ifadələr yayanların məsuliyyətə cəlb olunması üçün Azərbaycan rəhbərliyinə, Milli Təhlükəsizlik Nazrliyinə, eləcə də baş verənlərin aydınlaşdırılması üçün STMEQİ dağ yəhudilərinin mədəniyyəti və ənənələrinin qorunması beynəlxalq xeyriyyə fonduna müraciət etmişdik”.

“Səbayıl” tank taborunun komandiri Hacı Əzimov isə olanlarla bağlı hiddətini belə ifadə etmişdi: “Şəhidlik, Suriyaya gedib vuruşması, kimə və nəyə görə ölməsi bəlli olmayan zirvə deyil. Şəhidliyə, Vətəni və ailəsi uğrunda döyüşdə həlak olmaqla yüksəlmək mümkündür. Albert Aqarunov da Vətəni uğrunda döyüşərək şəhid olub. Bilməyənləri agah edim ki, Albert torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyurdu. Təhqir müəllifləri də belə cəsarətlidirlərsə, bizimlə – Albertin döyüş yoldaşları ilə görüşüb öz iddialarını üzümüzə desinlər”.

Albert Aqarunoviç Aqarunov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qarabağ şəhidi, Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib./1905.az/

Albert Aqarunov: `Mən müsahibə verə bilmirəm…`-  FOTO-VİDEO

Albert Aqarunov: `Mən müsahibə verə bilmirəm…`-  FOTO-VİDEO

Albert Aqarunov: `Mən müsahibə verə bilmirəm…`-  FOTO-VİDEO

Albert Aqarunov: `Mən müsahibə verə bilmirəm…`-  FOTO-VİDEO




Sevda Babayeva-Birer










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb