Qarabag Media
Haqqımızda Əlaqə

Bura vətəndir - Cəbrayıldan reportaj (FOTOLAR)


Tarix:25-04-2016, 05:55 Kateqoriya:Manşet / Qarabağ / İşğal Əraziləri

Bura vətəndir - Cəbrayıldan reportaj (FOTOLAR)

Orda itlərin hürüşü də doğmadır...

Gecəni səhərəcən çimir eləməmişdim, səhər tezdən yola çıxmalı idim. Bu yol həmişə çıxdığım yollardan deyil, bu yola çıxmaq üçün...


Necə ifadə edim ki, onu, söz acizdir elə bilirəm, desəm 25 il həsrətlə gözləmişəm, için-için qovrulmuşam – kimsə elə bilər gəlişi gözəl sözlər tapıb düzürəm bir-birinin ardınca. Bircə onu deyim ki, həsrətlərin ən nisgillisi yurd həsrətidir – bunu 25 ildir çəkənlər yaxşı bilir, bilməyənlərə Tanrı heç qismət eləməsin.

Səhər durub çıxacağım yol əslində məni doğulub boya-başa çatdığım, hər döngəsi, bərəsi, küçəsi, yovşanı, tozu əziz olan yerə aparmayacaqdı, ora hələ də işğal altındadır, amma ona yaxın gedəcəkdim, yurdumun havasını ciyərlərimə çəkib, aydın səmasını seyr edəcəkdim. Bəlkə hündür yerə çıxsam evimizi də görəcəm deyə - yuxum ərşə çəkilmişdi.

Tezdən Bakının çiskinli küləyində vədələşdiyimiz vaxtdan da tez gəlib gözlədiyim Lökbatan dairəsində mindiyim avtobusda indi sizə dediyim fikirləri qızlardan bir-bir eşitdim. Hamısı, həyəcandan gecəni yatmamışıq, dedilər.

Bir qrup Cəbrayıl ziyalısı, əksəriyyəti cavanlar, bir-neçə nəfər böyüyümüzlə, hardasa 20-25 nəfər yurdumuza tərəf yola çıxdıq.

Saatlı... Sabirabad... İmişli... Biləsuvar... Bəhrəmtəpə... Sonra Füzulinin kiçik, böyük Bəhmənliləri, yavaş-yavaş üst paltarlar çıxır əynimizdən, içimə ilıq yaz günəşinin şüaları elə süzülür ki... zövq alıram, uzun illərdən sonra ilk dəfədir günəşin məlhəm şüalarından ruhumun qidalandığını hiss edirəm. Hə... çoxdan bunu yaşamamışam. Uşaqlıqda, Maralyanda, həyətimizdəki yaşantıdır, indi dadıram təzədən. Özümü qınayıram ki, niyə bu qədər qalın geyinmişəm, insan heç öz torpağında üşüyər, heç soyuqlayar?
Bura vətəndir - Cəbrayıldan reportaj (FOTOLAR)

Horadiz... Və Cocuq Mərcanlı... Bir vaxtlar həsrətlə baxdığımız Güney Azərbaycanın dağları görünür, kəndimizdən o dağlara baxıb o qədər köks ötürərdim ki, o dağlardan obamız daha yaxşı görünər. Kaş, indi də ordan baxaydım, deyirəm. Yalnız divarları qalmış evlər yaşıllığın, baxımsız yaşıllığın içindədir. Çayın şırıltısı qulaqlarıma süzülür, Qarama deyərdik adına, şor, dupduru suyu olur, içində su qıjısı bitir, qazayağı da. Birincisi yeməlidir, ikincisi yox.

Avtobusun qarşısından itlər hürüşə-hürüşə keçir, elə bilirəm burda itlər də fərqli hürür, daha doğma gəlir səsləri, düşüb onları da qucaqlamaq keçir könlümdən. Bəlkə, onlar bizim kənd tərəfdən gəlirlər...
Bura vətəndir - Cəbrayıldan reportaj (FOTOLAR)


Səfurə Çərkəzqızının göz yaşları yanaqları boyu Arazın kəndimizdən keçən kiçik qolu kimi axır. Adam 25 ildən sonra Cocuq Mərcanlıya gəlib, atmağa icazəsi olmadığı ikicə addımı atsa Böyük Mərcanlıya düşəcək - evlərini görəcək: “Evimizin külünü də olsa görmək istəyirəm” - deyir.

Əsgərlərimiz qarşılayırlar bizi, çox olduğumuzdan bir az ehtiyatlanırlar. Mümkün qədər dağılışmadan, cığırlardan çıxmadan hərəkət edin, deyə xahiş edirlər, icazə olmayan yerlərə çıxmayın, irəli getməyin.

Cəbrayıl ziyalısı Razim Əmiraslanov onlara izah edir ki, biz öz torpağımıza gəlmişik, 25 ilin həsrətindən sonra çətin ki, cığırla qane olaq, amma çalışarıq sözünüzdən çıxmayaq. Bu həm də Razim bəyin gənclərə ismarışı oldu.

Elə bilirdim Horadizə Cocuq Mərcanlıya gedəndə uzanıb torpağı bağrıma basacam, amma qəribədir, o qədər təmkinliyəm, özümə həsəd aparıram. İçimdəki fırtınadan çölüm tamam xəbərsizdir.

Elmin Həmzə yasəmən dərib paylayır qızlara, hamı yovşan yığır, kimisi torpaq götürür, əzizlərini qəriblikdəki məzarlarına səpmək üçün. Səfurə götürdüyü torpağa dibçək gülü əkəcək. Mən yovşanı anama, atama yığıram. Qoxusunu duysunlar deyə... O yovşanı yorğan-döşəyin arasına yığıb qoyardı anam, deyərdi yovşan olan yerə güvə gəlməz.

Nüşabə Hüseynli də mənim kimidir, sakit, amma içindəki qovğanın ağuşunda. Bacardıqca hündürlüyə can atırıq, bəlkə, lap yaxınlıqdakı, nə yazıq ki, erməni tapdağı altındakı kəndlərimizi görə bilək.

Bura vətəndir - Cəbrayıldan reportaj (FOTOLAR)


Elnurun, Ruhinin uğrunda şəhid olduqları Lələ təpəyə kənardan baxırıq. Əsgərlərimiz yaxına getməyə icazə vermirlər, qoy, torpaqlarımızı alsınlar qadasını aldıqlarım, amma bizi ora yaxınlaşmağa qoymasınlar, minalardan təmizləsinlər, tam təhlükəsiz versinlər bizə, özləri də salamat olsun.

Əsgərlərlə həzin söhbətlərimizi yazmayacam... Allah qorusun onları! Onları Tanrıya, yurd yerlərimizi onlara əmanət edib qayıdırıq geri. Horadizdə yolayrıcında gözümə “Cəbrayıl 40 km” yazılmış lövhə sataşır. Uşaqlar orda şəkil çəkdirmək istəyirlər, istəmirəm mən, o qədər ağırdır ki...

Amma könüllərini qırmamaq üçün sözlərindən çıxmıram. Eyniylə şəhidlərin məzarları üstündə də şəkil çəkdirməyi qəbul eləyə bilmirəm. Bunu izah da eləmək olmur.

Yolüstü qəsəbəyə dönürük. Cəbrayıllılar Biləsuvar rayonun bir zamanlar Rusiyanın adamları sürgünə göndərdiyi ilan mələyən çöllərində Cəbrayıllı qaçqınlar üçün salınmış 11 qəsəbəni sadə dildə belə adlandırırlar. Hər Cəbrayıllının o qəsəbələrdə kimisə yaşayır. “Qəsəbə” deyəndə hamımız haranın nəzərdə tutulduğunu bilirik artıq. Bələdçimiz də orda yaşayır, danışır ki, burda söyüd əkəndə Biləsuvar sakini deyib ki, əziyyət çəkmə burda söyüd bitmir. Kişi mən əkirəmsə bitəcək-deyə cavab verib və söyüd indi qol-budaq atıb. Qəsəbənin hər tərəfi çinar ağaclarıdır, körpə çinarlar, Cəbrayıl çinarlarının varisləri. Hər tərəf yaşıllıqdır indi o ilan mələyən çöllərdə.

Mayor Elnur Əliyevin əzizlərinə baş çəkdik. Yol kənarında Azərbaycan bayrağı həyətlərində dalğalanan sadə evləri var. Atası, iki balaca oğlu, xanımı qarşılayır bizi. Elnurun anası yoxmuş, qaynanası ordadır. Dedilər, elə indi qarşımızca başqa bir qrupu yola salıblar. Çox duyğulandım, tanımadan yoldan keçənlər dönüb şəhidin ailəsinə başsağlığı verir, onunla qürurlandıqlarını deyirlər. İnsanlara bu ağır itkiyə dözməyə güc verən də bu birlik, həmrəylik, bu ruhdur. Atanın beli bükülüb, amma şux durmağa çalışır. Cənab mayorun şəkli hələ sökülməyən yas mağarında başdan asılıb, ətrafında onunla birgə Lələ təpə yüksəkliyinin azad olunmasında şəhid olan silahdaşlarının şəkilləridir. Elnur Füzulidə doğulub böyüyüb. Ətrafına yığdıqları da Füzuli və Cəbrayıl gəncləri olub. O yüksəkliyi qaytarmaq bizim boynumuzun borcudur, deyib, gedib irəli. Tanrı hamısının yerini rahat eləsin, əzizlərinə peşmanlıq yox, hər zaman qürur yaşatsın. Bilirsiniz, nə düşünürəm. Biz, torpaqları işğal olunan nəsil, övladlarımızı çox vətənpərvər böyütdük, o torpaqlarda doğulmayan, oraları görməyən oğullar indi onun uğrunda gözlərini qırpmadan şəhid olurlar. Həsrət bizə həm də bunu yaşatdı, vətənpərvər oğullar böyütməyi.

Ruhin Qəhrəmanov 1994-cü ildə 1-ci çadır şəhərciyində dünyaya gəlib. Cəbrayılı heç görməyib, atası 1993-cü ildə Lələ təpədə döyüşlərdə yaralanıb, ayaqlarında o vaxtdan qəlpə gəzdirir. Cavan adamdı, saç-saqqal bassa da gözlərindən gənclik ruhu tökülür. Oğul itkisi qamətinə xələl gətirməyib. Deyir, o biri oğlum da yaralanıb, qardaşını da özü gətirib çiyinlərində. Özüm də ölməyə hazıram, təki torpaqlarımızı azad edək. Atanın döyüşdüyü, xilas edə bilmədiyi məkanı oğlu 2016-cı ildə azad edib. Elə bil bir il sonra məhz bu missiya üçün gəlib dünyaya.

Ruhinin anası arıq-sısqa, çox gənc bir qadındır. Beş övladım var, deyir, Ruhin vətənə qurban getdi, çox qürurlanıram. Hərbçi olmaq istəyirmiş, hərbi məktəbə qəbul ola bilməyib, yollanıb ordu sıralarına.

Qəsəbədə insanlardakı ruh yüksəkliyi, inam məni heyrətə saldı. Vətənin, yurd yerlərimizin havası, kəsdiyimiz ətri adamı bihuş edən təndir çörəyinin dadı, bir də insanlarımızın istiliyi uzun zaman ovqatımı beləcə yüksək saxlayacaq bilirəm, elə bil yenidən gəlmişəm dünyaya, ya da həyatımızda nə isə yeni bir dövr başlayır. Çox ümidli və xoşbəxtəm. Maralyana dəyməsə də ayaqlarıma elə bil qüvvə gəlib ki, o yerləri qarış-qarış gəzib məzarlıqdakı üstündə bayraq dalğalandığını gördüyümüz bütün şəhid məzarlarını ziyarət elədik.

Gənc yazar Feyziyyə Soltanmurad gedəndən gələnə qədər ağladı, gözlərinin qarası üzünə yayılmışdı, təzəcə nişanlanmış bu qızın toyunu doğma Cəbrayılda eləmək ən böyük arzumdur. Əlləri əsə-əsə şəhid Ruhinin şəkillərini fotoaparatına köçürürdü.

Şəhidlərin abidəsinə baş əydik. 300-dən artıq Cəbrayıllı şəhid məhz burda əbədiyyətə qovuşub, bəziləri burda dəfn olunmasa da bu yerdə birlikdədirlər. Çinar boylu oğlanlar çinarların kölgəsində uyuyurlar, amma ruhları çox narahatdır, elə bil rəsmlərindən bəlli olur.

Bir çay içib, geri Bakıya qayıdırıq. İndi anlayıram ki, orda Biləsuvarda qəsəbədə çox əziz, yaxın adamlarımız var, hər zaman gözləri yollarda, bizləri gözləyirlər, qəribdirlər, yurd həsrəti ilə qovrulurlar. Çox uzağa getmədən, yurd yerlərinə yaxınlıqda, şəhidlərin yanında məskunlaşıblar ki, torpaqları geri alan kimi evlərinə qayıtsınlar.

Böyüklü-kiçikli, qazimiz də, qızımız da, ingilis dili müəllimi Fərhad Əli ilə bahəm hamımız qəsəbədə qalmaq istədik, o qədər istilik, məhrəmlik gördük el-obada, amma geridə gözləyənlərimiz vardı. İçimizdə bircə arzu ilə geri qayıdırdıq –tezliklə bütün işğaldan azad olunmuş torpaqlara qayıda bilək, Kəlbəcərimizə, Şuşamıza dönək. Laləli təpə işğalda qaldığından mənim Lələ təpədən yazmağıma həsəd aparan Azad Qaradərəli, Cəbrayılın bir qarışına da olsa gedə bildiyin üçün, paxıllıqdan ölürəm deyən Ceyhun Musaoğlu öz Zəngilanlarına qayıtsınlar.

Bizim onlara, şəhidlərə, geri alınmış torpaqlara baş çəkməyimiz insanlara bir az da ruh verdi. Onların o dərdin içində yaşatdıqları ruhu görüb biz də ruhlandıq.

Bu gecə də çimir eləmədim. Təəssüratlar, gerçəkləşmiş və qarşıda gerçəkləşəcəyinə böyük ümidlərim oyanan xəyallar yatmağa qoymadı. O yerlərə bir də, əbədi getmək arzusu ilə...
/kulis.lent.az/

Bura vətəndir - Cəbrayıldan reportaj (FOTOLAR)

Bura vətəndir - Cəbrayıldan reportaj (FOTOLAR)

Ramilə Qurbanlı










SON XƏBƏRLƏR
“Babaları belə, həyatda olmayan senatorların 1915-ci il hadisələrini mühakimə etmələri qəbuledilməzdir”
Mingəçevirdə qardaş qardaşı bıçaqladı
Döyüşçü, hökmdar, məhkum və sürgün qadın
Dekabrın 16-na olan hava proqnozu
900-dən artıq qaçqın Suriyaya döndü
Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu
Yeni metrostansiyanın açılış tarixi bilindi
Azərbaycan və İran arasında viza rejiminin ləğvi gündəlikdədir - İran XİN
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
"Belə çıxır ki, Ermənistan XİN rəhbəri görüşlərə sanki çay içməyə gəlir"
İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
Əlcəzairin yeni prezidenti məlum olub
Gürcü tarixçi İrəvan xanlığı haqda kitab yazdı
Jurnalist Zənurə Talıbova departament rəhbəri oldu
Xudu Məmmədov nəhəngliyi...
Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi
Saxta “Qarabağ veteranı” adı verən, əlillik dərəcəsi düzəldən dələduzlar ifşa olundu
Parlament seçkilərini AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək
Davudoğlu yeni partiyasını elan edib
Prezident “Laçın” tankerinin istismara verilmə mərasimində - FOTOLAR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı