Qarabag Media
Haqqımızda Əlaqə

`İnstitutda Xalq Cümhuriyyəti şöbəsi fəaliyyət göstərir ` - Yaqub Mahmudov


Tarix:2-04-2016, 08:13 Kateqoriya:Manşet / Müsahibə

`İnstitutda Xalq Cümhuriyyəti şöbəsi fəaliyyət göstərir `  - Yaqub Mahmudov AMEA Tarix İnstitutu ölkənin milli tarixinin öyrənilib xalqa çatdırılması sahəsində zəngin inkişaf yolu keçib.

Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə başlanılıb və indiki A.A.Bakıxanov adına Tarix İnstitutunun özülü qoyulub. Həm də bu elm ocağında mütəmadi olaraq zəruri struktur və addəyişmələri həyata keçirilib.

Qurumda milli kadrlarla yanaşı, İ.İ.Meşşaninov, A.R.Ziffeld, A.A.Klimov, Y.D.Kozin kimi alimlər də direktor olublar. 2004-cü ilin sentyabr ayından isə Tarix İnstitutuna tarix elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli, Milli Məclisin deputatı Yaqub Mahmudov rəhbərlik edir.

Karabakhmedia.az AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun SalamNews-a verdiyi müsahibəni oxuculara təqdim edir.

- Yaqub müəllim, Tarix İnstitutuna rəhbərlik etdiyiniz 12 ildə görülən işlər görüləcək işlərlə müqayisədə necə görünür?

- Tarix İnstitutu ilk dəfə Azərbaycan xalqına öz milli atlasını verib. İlk dəfə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsini geniş əsərlərlə sübut edib və ilk dəfə İrəvan xanlığının tarixini yazıb.

Azərbaycan Prezidentinin çağırışları, tövsiyə və tapşırıqları ilə Tarix İnstitutu son illərdə “Qarabağ: real tarix, faktlar və sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Kürəkçay-200”, “Tarixi adlara qarşı soyqırımı”, “Ermənilərin Azərbaycan torpağında törətdiyi cinayətlərə dair”, dörd kitabdan ibarət üç cildlik “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” sənədlər toplusu, “Şimal-Qərbi Azərbaycan tarixi”, “Azərbaycan xalçaları: İrəvan qrupu”, “Azərbaycan xalçaları: Qarabağ qrupu”, “Azərbaycan xalçaları: Naxçıvan qrupu”, “Qədim Azərbaycan tarixi mixiyazılı mənbələrdə”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Şuşa-Pənahabad”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İlham Əliyev və Azərbaycan tarix elmi” və digər fundamental tədqiqatlardan ibarət 300-dən çox əsər hazırlayıb nəşr etdirib.

Mən Tarix İnstitutunun direktoru olandan sonra 55 mühüm xəritənin daxil edildiyi “Azərbaycanın tarixi atlası”nı çap etdik. Bunun da üstündə nə qədər mübahisələr oldu, notalar verildi?! Bütün bunlara baxmayaraq, “Azərbaycanın tarixi atlası” vətəndaşlıq hüququ qazandı.

Tarix İnstitutunda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin tarixini vərəq-vərəq izləmək və ən başlıcası, dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Tarix İnstitutu “26 Bakı komissarları” adlı cinayətkar qrupun 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi soyqırımının gerçək tərəflərini üzə çıxarıb. Ölkə başçısının göstərişi ilə 2009-cu il yanvarın 24-26-da Azərbaycan xalqının qatili və soyqırımı cəlladı olan Stepan Şaumyanın və onun əlaltılarının məzarları paytaxtımızın mərkəzindən ümumşəhər qəbiristanına köçürülən zaman həmin məzarlıqda 26 deyil, 23 cəsədin qalıqları olduğu aşkara çıxdı və bununla daşnak-bolşevik saxtakarlığının üstü açıldı. Məlum oldu ki, Stepan Şaumyan və Tatevos Əmiryan kimi soyqırımı qatillərinin cəsədləri həmin məzarlıqda yoxdur.

Tarix İnstitutu tərəfindən Türkiyə Cümhuriyyətinin Ankara şəhəri Qızılcahamam qəsəbəsində “Xocalı” memorial muzey kompleksinin və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun “Xocalı soyqqırımı” muzeyinin tərtibatı və tarixi eksponatlarının hazırlanması təmin edilib.

Aprel ayında Şamaxı şəhərində “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda III beynəlxalq elmi konfrans, oktyabrda isə Bakıda “Caspian Forum” təşkil edəcəyik.

- Rəhbərlik etdiyiniz elm müəssisəsi alimlərinin ərsəyə gətirdikləri samballı “Dünyanı bəzəyən Abbasın tarixi” tərcümə əsəri intellektualların diqqətini çəkib. Bu işin davamı olacaqmı?

- Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Azərbaycan Səfəvilər dövlətinin tarixini araşdırmaq üçün son dərəcə qiymətli ilk mənbə olan «Tarixe-aləmaraye-Abbasi»nin doğma dilimizə bütöv halda tərcüməsi Azərbaycan tarix elminə çox mühüm töhfədir. Bəli, hazırda Həsən bəy Rumlunun əsəri üzərində tərcümə işi gedir.

- Siz həm də Heydər Əliyev irsinin ilk fəal araşdırıcısı kimi də tanınırsınız. Bu yöndə indiyə kimi apardığınız tədqiqatların elmi nəticələri maraqlıdır.

- Tarix İnstitutunda elmi-tədqiqat “Əliyevşünaslıq” şöbəsi fəaliyyətə başlayıb, ulu öndərin həyat və fəaliyyətinin tədqiqinə həsr edilmiş iki cildlik “Heydər Əliyev”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “İlham Əliyev və Azərbaycan tarix elmi”, “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri”, “Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası” adlı fundamental monoqrafiyalar, iki cildlik “Heydər Əliyev Azərbaycan elminin keşiyində” sənədlər toplusu nəşr olunub.

- Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə bağlı gördüyünüz işlərdən nə danışa bilərsiniz?

- Ulu öndər Heydər Əliyev Tarix İnstitutuna Azərbaycan Xalq Cümhuriyyəti haqqında bir cildlik ensiklopediya buraxmağı tapşırmışdı. Tarix İnstitutu direktorunun baş redaktorluğu ilə iki cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” çap etdirdi. İnstitutda Xalq Cümhuriyyəti şöbəsi fəaliyyət göstərir.

2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 95 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

Cümhuriyyət xadimlərinin hər biri haqqında dissertasiya müdafiə olunacaq, monoqrafiya çap edəcəyik. Biz cümhuriyyət xadimlərinin hər birinin tərcümeyi-halını işləməyi qarşımıza məqsəd qoymuşuq. Çünki cümhuriyyət xadimləri o zaman Azərbaycanı fəlakətdən qurtarıblar.

- “İtirilmiş torpaqların tarixi” konsepsiyasının başlıca istiqamətlərini necə xarakterizə etmək olar?

- “İtirilmiş torpaqların tarixi” problemi çərçivəsində Tarix İnstitutunda qısa müddət ərzində İrəvanın, Qarabağın, Naxçıvanın, Göyçə və Zəngəzurun, Şimal-Qərbi Azərbaycanın, Borçalının, Dərbəndin tarixi ciddi araşdırılmağa başlanılıb, fundamental tədqiqat əsərləri yazılıb.Onların arasında “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental əsərlər mühüm yer tutur. Bu əsərlərdə əzəli Azərbaycan torpaqlarının tarixi obyektiv, mötəbər mənbələr əsasında araşdırılıb. Azərbaycan tarixi və Azərbaycan tarix elmi üçün böyük elmi və siyasi əhəmiyyəti nəzərə alınaraq hər üç kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2012-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət mükafatı”na layiq görülüb.

- “Azərbaycan tarixini bizə diktə edilmiş şəkildə yox, ilk mənbələrdən öyrənmək lazımdır” deviziniz çox bəyənilir. Tarix İnstitutunda bu deviz necə tətbiq olunur?

- Tarix İnstitutunun 2004-cü ildən bəri başlamış olduğu ciddi araşdırmaların daha bir istiqaməti də mənbələrin, arxiv materiallarının, xüsusilə Azərbaycanda əlçatmaz olan, xarici ölkələrdə toplanmış sənədlərin ölkəmizə gətirilməsi və nəşr olunmasıdır. Bu məqsədlə institut rəhbərliyi Tarix İnstitutunda yeni bir layihə - “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsini ortaya qoydu. Rəhbərlik tarixçilərin bir qrupunu Rusiya, Gürcüstan, Türkiyə, İngiltərə, Almaniya, Fransa və Hindistana ezam edərək həmin materialların Azərbaycana gətirilməsini təmin etdi. Bununla da Azərbaycan tarixinin xüsusi məqsədlərlə təhrif olunmuş və saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və Azərbaycanın müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması institut əməkdaşlarının əsas tədqiqat obyektinə çevrildi. Layihə çərçivəsində vaxtilə üzümüzə qapalı olan bu arxivlərdə nəinki işləmək, hətta bu sənədləri olduğu kimi institutumuza gətirib çap etmək imkanı (böyük çətinliklər bahasına) yarandı. Azərbaycan tarixi ilə bağlı dünyanın müxtəlif arxivlərində saxlanılan bu qiymətli sənədlər artıq Tarix İnstitutuna gətirilib. Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Tiflis, Həştərxan, İstanbul, Ankara, Paris, London, Berlin, Dehli kimi şəhərlərin arxivlərindən əldə olunan bu sənədlər çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilməkdədir. Artıq “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində”, dörd kitabdan ibarət üç cildlik “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”, “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri). 2 cilddə Türkiyə Cumhuriyyəti Başbakanlıq Osmanlı Arxivinin sənədləri”, “Azərbaycan tarixi arxiv sənədlərində (1918-1919), 2 cilddə Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi Siyasi arxivinin sənədləri” və s. kimi mühüm sənəd topluları çap edilib.

Bu layihənin həyata keçirilməsi Azərbaycan tarixinin araşdırılmayan, öyrənilməsinə qadağalar qoyulan gerçək tarixinin hərtərəfli tədqiqinə geniş imkanlar yaratdı. “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinin həyata keçirilməsi sahəsində qısa vaxt içərisində institutda mühüm uğurlar əldə olunub.

- Mümkünsə, Azərbaycan xanlıqlarının və ya bölgələrin tarixi ilə bağlı elmi işlərin nəticəsi barədə məlumat verin.

- Azərbaycan bölgələrinin tarixi ilə bağlı elmi əsərlərin arasında “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental əsərlər mühüm yer tutur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 may tarixli 2238 nömrəli sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı fəxri adı verilib.

Azərbaycanın ayrı-ayrı xanlıqlarının – Şamaxı, Quba, Lənkəran, Qarabağ, Gəncə və s. xanlıqların tarixi ilə bağlı mühüm tədqiqat əsərləri işıq üzü görüb.

Tarix İnstitutu“İlisu sultanlığı” və “Car-Balakən camaatlığı” kitablarını çap edib. Daha sonra mən “İngiloylar” monoqrafiyasını yazdırdım. Bu işləri yazanların hamısı mənim yetirmələrim, o regionların sakinləridir. Biz “İlisu sultanlığı” kitabını hazırlayanda məlum oldu ki, Şimali Azərbaycan Rusiyaya qatılandan sonra İlisu sultanlığının yarısını Dağıstan vilayətinə birləşdiriblər. Car-Balakən camaatlığının 11-ə qədər dağ mahalını birləşdirərək Azərbaycandan ayırıblar və Dağıstan vilayətinə veriblər. Azərbaycan torpaqları hesabına Dağıstan vilayəti yaradıblar.

- Azərbaycanlıların soyqırımı ilə bağlı ölkəmizdə hər il tədbirlər keçirilir. “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda III beynəlxalq elmi konfrans bu baxımdan nə ilə seçiləcək?

-Əvvəl onu qeyd edim ki, beynəlxalq elmi konfrans bu il aprelin 7-10-da Şamaxı şəhərində olacaq. Konfrans “Birinci Dünya müharibəsi illərində Qafqaz regionunda soyqırımlar”, “Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1918-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya və Salmas bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımlar (1914-1920-ci illər)” adlı üç bölmədə fəaliyyət göstərəcək. Tanınmış alim və mütəxəssislərin, rəsmi dəvət olunmuş qonaqların iştirak etdiyi bu konfransda Azər¬baycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan alimlərin maraqlı məruzələri dinləniləcək. Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və dünya elmi ictimaiy¬yətinə müraciətlər qəbul olunacaq.

- İnstitut hazırda hansı prioritet istiqamətlərdə çalışır?

- Tarix İnstitutu ölkə başçısının təşəbbüs, tövsiyə və tapşırıqlarını rəhbər tutaraq qarşıdakı illərdə Azərbaycan tarixinin bir sıra problemləri ilə, xüsusilə İrəvan, Zəngəzur və Qarabağ tarixi, xalqımıza qarşı soyqırımları ilə bağlı tədqiqat işlərini daha da genişləndirəcək, Azərbaycan tarixi həqiqətlərinin dünya miqyasında təbliğində, əsərlərimizin dünya dillərinə tərcümə olunmasında konkret plan əsasında fəaliyyət göstərəcək və Azərbaycan tarixinin yeni üçcildlik nəşrinin yazılması işini başa çatdıracaq.

Cənab prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda müstəqillik dövrünə həsr edilən sanballı elmi əsərin yaradılmasının vacibliyini qeyd edib. Tarix İnstitutunda müstəqillik dövrünə həsr olunmuş “Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə” kitabı üzərində ciddi iş aparılır. Müstəqilliyimizin 25 illiyində, bayramda kitabın təqdimatı keçiriləcək.

Qarabağ, Naxçıvan və İrəvan xanlıqları, Azərbaycanda baş verən soyqırımlarının tədqiqinin təşəbbüskarı birbaşa cənab prezidentdir. Bu istiqamətdə araşdırmaların davam etdirilməsi ilə bağlı cənab prezidentin tapşırıqları Tarix İnstitutunda müntəzəm olaraq yerinə yetirilir.

- Müsahibəyə görə təşəkkür edirik.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
Gürcüstanda deputatlar parlamentə buraxılmır
"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri
İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
Prezident “28 May” metrostansiyasının qarşısında – FOTOLAR
Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor
Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
Bu gün Beynəlxalq Kişilər Günüdür
Ahmet Sağlam AKP-dən istefa verdi
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ
"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında
"Sarı Aşıqdan Aşıq Şəmşirə girov ruhlar işığında" layihəsi çərçivəsində tədbir keçirilib
İran Təhlükəsizlik Şurası internetə məhdudiyyət tətbiq edib