Qarabag Media
Haqqımızda Əlaqə

ARABO Terror Dəstəsi- Soyqırım cinayətkarlarının adları (II Hissə)


Tarix:29-02-2016, 06:13 Kateqoriya:Manşet / Araşdırma

ARABO Terror Dəstəsi- Soyqırım cinayətkarlarının adları (II Hissə)Aparılan araşdırmalar nəticəsində, Xocalı və Qaradağlı soyqırımları zamanı xüsusi qəddarlığı ilə seçilən Manvel Yeğiazaryan və Arabo dəstəsini ifşa etmək üçün elə düşmənin mənbələrinə baxmaq kifayətdir. “Mənim qardaşımın yolu” adlı kitaba, o cümlədən Qaradağlı soyqırımı haqqında erməni mənbələrinə əsasən araşdırdığım “Qaradağlı Soyqırımının Dəhşəti” adlı araşdırma yazısına baxmaq kifayətdir.

Əvvəli BURADA

Doğrudur, erməni tərəfi Monte Melkonyanın qardaşı Markar Melkonyanın yazdığı bu kitabı, hətta türklərin növbəti uydurması kimi qəbul edib. Amma həqiqəti heç kim və heç nə dəyişə bilməz. Təbii ki, onun soyqırımlara görə, beynəlxalq ASALA terrorçusu Monte Melkonyana bəraət qazandırmağa çalışması yalnız bizi deyil, amerika jurnalisti Tomas Qoltsu da dəhşətə gətirib. Bu haqda Tomas Qolst bildirir: “Mən bu kitabı erməni internet saytından sifariş etdim. Onu alandan sonra, düz bir ay ona toxuna bilmədım. Lakin mən onu oxudum. Amerikan ermənisinin kitabı olan “Mənim qardaşımın yolu” məni çox qüssələndirdi. Onun müəllifi, öz qardaşı Montenin “qəhrəmanlığından” danışırdı, baxmayaraq ki, məhz o, qardaşını Xocalı qırğını ilə əlaqələndirirdi. Böyük sayda günahsız insanları qətlə yetirən və həmçinin ASALA üzvü kimi türk diplomatlarına qarşı terror aktlarında iştirak edən bir kəs, həmin bu kitabda qəhrəman statusuna qaldırılmışdı, qardaşı isə onunla fəxr edirdi”.

“Monte öz şəxsi əşyalarını yeni kazarmada bir yerə qoyub, binoklunu bağazından asaraq qapıdan çıxdı ki, ərazi ilə yerində tanış olsun. Stepanakertdəki Müdafiə Komitəsi, əhalisinin sayı 1200 nəfərə bərabər olan, buğda əkməklə məşğul olan və bu səbəbdən varlı kənd olan Qaradağlıda “təmizləmə” işləri aparmaq istəyirdi. Kənd, Stepanakertdən Martuniyə aparan yeganə asfalt yolun üzərində yerləşirdi... Qaradağlı əhalisi, onlara qarşı həddən artıq düşmən münasibətində olan ermənilər tərəfindən mühasirəyə alındı. Nəticədə helikopterlər qadın və uşaqları təxliyyə etmək üçün uçub gəldi. Rəhbərlik Monteyə, kəndə ediləcək hücum planının hazırlanmasını xahiş etdiyi məqama isə kənddə qalanlar (hamısı deyil) yaxşı silahlanmış müdafiəçilərdən ibarət idi...

...Fevralın ortalarında Monte və onun Vətənpərvər dəstəsi Mehdişendə düşərgə saldı. Stepanakertin şimalında yerləşən həmin kəndin, rayon mərkəzi Martunidən kifayət qədər aralı yerləşməsinə baxmayaraq, oradan qonşuluqdakı Xocalı şəhərinə planlaşdırılan hücum üçün lazımi kəşfiyyat məlumaları toplamaq asan idi. Altı min nəfər əhalisi olan Xocalı, böyüklüyünə görə, Dağlıq Qarabağın alınmaz qalası olan Şuşadan sonra ikinci azərbaycanlı əhalisi olan şəhər idi. Azərbaycanlılar, Dağlıq Qarabağın Xocalı şəhərində yerləşən təyyarələrin yeganə uçuş-enmə zolağına nəzarət edirdi və onların atıcıları, vilayətdən keçən iki baş yolu kəsərək, bir-birindən ayırırdı: biri şərqə, digəri isə şimala aparan yolları. Lakin, buna baxmayaraq, Xocalıdakı hərbi iştirak daha çox müdafiə xarakteri daşıyırdı. Müdafiəçilərin sayı təxminən 40 XTMD (ОМОН) döyüşçüsündən, üstə gəl 60-dan 200-ə qədər “özünümüdafiə qrupu”nun, əsasən təcrübəsiz çağırışçılardan ibarət idi.16 fevralda Montenin hücum əməliyyatı dayandı, çünki o, Stepanakertdəki rəhbərləri tərəfindən təcili çağırış aldı...” – Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabından.
Yuxarıdakı məlumatdan aydın olur ki, düşmən ilkin olaraq Qaradağlıya deyil, daha böyük “tikə” olan Xocalıda soyqırım planlaşdırıb. Lakin Arabo, Aramo və Masis dəstələrinin özbaşına olaraq Qaradağlıya daxil olması bu əməliyyatın dayandırılmasına səbəb olub.

Daha sonra Markar Melkonyan bildirir: “...O, öz binoklunu yerə qoyub Stepanakertin keçmiş vağzalında, Azadlıq naminə mübarizə edənlərin bulvarında yerləşən Silahlı Qüvvələr qərargahına tələsdi. O, eynəkli Dağlıq Qarabağ “prezidenti” Artur Mkrtıçyanın fısıltılı səslə dediklərindən belə başa düşdü ki, Aramo və Arabonun dəstələri icazəsiz və heç bir əmr olmadan öz təşəbbüsləri ilə Qaradağlı kəndinə hücum ediblər və kəndin azərbaycanlı müdafiəçiləri bu həmləni dəf edərək, hətta atışma zamanı hücum edənlərin birini də öldürüblər. Mkrtıçyan bilirdi ki, Montedə, Qaradağlıya dair müvafiq kəşfiyyat məlumatları var və bu səbəbdən xəyanətkarlar tərəfindən pozulan həmin əməliyyatı, onun özünün başa çatdırmasını xahiş etdi. Monte, Mehdişendə yerləşən Vətənpərvər Dəstənin mövqelərinə qayıdaraq elan etdi: “Tez olun, əşyalarınızı yığın. Biz gedirik”. Günortaya yaxın onlar, Qaradağlıya aparan yolda Aramo və Arabonun dəstələri ilə rastlaşdı. Həmin vaxta qədər döyüş başa çatmışdı. Qara qara çalmalı döyüşçülər (Arabo– Ş.Q) dedilər ki, kənd alınıb və hal-hazırda hücum edənlər geri çəkilir. Bunu eşidən Vətənpərvər Dəstənin döyüşçüləri geriyə dönərək, Dor Atseldəki kazarmalarına qayıtdı. Monte isə irəli, Qaradağlıya tərəf getdi ki, hər şeyi öz gözləri ilə görüb əmin olsun. Bir az keçəndən sonra o, Dor Atseldəki kazarmalara girərək, qışqırdı: “Hazır olun!” Məlumat səhv idi. Qaradağlı azərbaycanlı müdafiəçilərin əlində qalırdı. Ertəsi gün səhər saat 6-dan Vətənpərvər Dəstənin üzvləri mixəyi rəngli otun və qarın üzərində pusquda duraraq, Qaradağlının cənub-qərb hissəsində yerləşən azərbaycanlıların müdafiə blok-postunu müşahidəyə götürdülər. Martuni qərargahından olan yerli döyüşçülər Montenin hər iki tərəfində yerləşirdi, Aramo və Arabonun dəstələri isə bu vaxt kəndin ətrafındakı digər mövqeləri tutmaqla məşğul idi...Güllə atəşi altında azərbaycanlı müdafiəçilər ratsiya ilə şimal istiqamətində kənddən bir neçə kilometr aralı yerləşən, Ağdam düzənliyindəki komandanlarına müraciət edərək, yardım istədilər və bu həmlələrə tab gətirə bilməyəcəklərini bildirdilər. Monte, müşahidə məntəqəsində olarkən, müdafiəçilər olan binada güllə səslərini eşitdi. Bu zaman ona elə gəldi ki, müdafiəçilər gələcək hərəkətləri barədə razılığa gəlmədikləri üçün bir-birinə atəş açırlar. Müdafiəçilər tərəfindən cavab atəşi dayandırıldıqdan sonra Monte öz B-7-sini aşağı endirdi və hücum edən dəstələrin hər tərəfdən Qaradağlıya axışmasına nəzarət etməyə başladı. Gündüz saat 5-də dəstələr öz vəzifələrini yerinə yetirdi. Ermənilər tərəfindən bir döyüşçü, düşmən tərəfdən isə ikisi nəfər öldürüldü. Qırx səkkiz azərbaycanlı əsir yük maşınına tərəf addımlayırdı. Əsirləri Stepanakertə göndərirdilər ki, orada onları istənilən qədər saxlayaraq, azərbaycanlıların əlində olan erməni əmanətlərinə dəyişmək mümkün olsun...

Arabo və Aramonun döyüşçüləri 38 əsiri itələyərək, kəndin kənarındakı xəndəyə saldı. Onların arasında mülki əhali və qadınlar var idi. Bir əsir, tənziflə bağlanmiş əlində gizlətdiyi qumbaranı çıxararaq Vətənpərvər dəstədən olan, keşikçi Levonun ayaqları altına atdı. Partlayış zamanı onun ayağının bir hissəsi yerindən üzüldü. Aramo və Arabonun əsgərləri qızğın bir surətdə, dünən ölmüş yoldaşlarının qisasını almaq məqsədilə xəndəkdə olan əsirləri, istisnasız olaraq güllələməyə başladılar və diri qalanları bıçaqla qətlə yetirdilər. Aştarak Vətənpərvər dəstəsinin beş nəfər üzvündən biri olan “Çapıq” Edo, bir neçə yaralı əsgərin üstünə benzin tökərək, yanan kibrit çöpünü atdı. Monte xəndəyə yaxınlaşdığı vaxt, orada ancaq meyit qalıqları topası qalmışdı... Soyğunçuluq edəndən sonra onlar kəndi odladılar. Nəticədə, Qaradağlıda və onun ətrafında iki gün ərzində öldürülən azərbaycanlıların sayı əlli üçə çatdı. Eyni zamanda ermənilər tərəfindən də üç nəfər öldürülmüşdü ki, onlardan biri də Xaqortidə, naqafil gülləyə tuş gələn altmış yaşlı kənd sakini idi. Qaradağlıda keçirilən təmizləmə əməliyyatı barədə yenilik yayıldıqdan sonra, cənuba tərəf on beş kilometr məsafədə yerləşən Qırmızı Bazar kəndinə çatan kimi bizi bu kənddən olan bir neçə nümayəndə üzvü qarşıladı... Nümayəndənin üzvləri bizdən nəzakətlə xahiş etdi ki, əsir düşmış azərbaycanlılardan dörd nəfərini “mədah” – qanlı qurban gətirmək üçün onlara verək. Axı belə bir yazı var idi: əvəz əvəzə (око за око)... Qaradağlıda əlli nəfərdən çox azərbancanlı əsir öldürüldü”. – Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabı.

12 mart 2014 cu il tarixində düşmən Qaradağlının işğal edilməsinin 22 illiyini qeyd edib. Bu münasibətilə seperatçı Bako Sahakyan Arabo terror dəstəsinin bir qrup cinayətkar döyüşçülərini Qaradğlıdakı tədbirə dəvət edərək onları mükafatlarla təltif edib. Hazırda aşağıda göstərilən soyqırım cinayətkarları rahat bir şəkildə Ermənistanda yaşayır və Ermənistan Respublikası tərəfindən himəyə edilir.

Döyüş xidməti medalı ilə
Serob Arşakyan
Mher Yeğoyan
Suren Yepremyan
Martin Xanyan
Karo Karapetyan
Sasunik Hovhannisyan
Ara Mxitaryan
Aramayis Niqaryan
Arkadi Sardaryan
Arayik Soğomonyan.
Artur Gevorkyan (zərərsizləşdirildikdən sonra)
Sergey Qriqoryan (zərərsizləşdirildikdən sonra)
İgidliyə görə medalı ilə
Eduard Melkonyan (zərərsizləşdirildikdən sonra)


Araşdırmalara görə, Qaradağlının işğalından sonra mülki əhaliyə qarşı amansız mövqeyinə görə, Manvelin dəstəsi Xocalı istiqamətində xüsusi məxfi ələmiyyata cəlb edilib. Onun burada aparacağı missiya digər yerlərdən fərqli olaraq daha genişmiqyaslı olmalı idi.

Belə ki, Xocalıya hücum əməliyyatı əsasən– Xocalı aeroportu və Xocalı şəhəri istiqamətində aparılmalı idi. Hər iki istiqamətdə aparılan əməliyyatlar daxilində Arabo dəstəsi xüsusilə fərqlənib. Dəstənin bir qrupu bölgə üçün mühüm strateji əhəmiyyət daşıyan Xocalı aeroportu istiqamətində aparılacaq çətin əməliyyatda, digər hissəsi isə Xocalıdan Ağdam istiqamətinə hərəkət edəcək mülki sakinlərin pusquya salınaraq məhv edilməsi üzrə təlimatlandırılıb. Hücum hazırlığı fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlayıb. Saat 23:00 radələrində toplardan açılan atəşlə ilk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılıb. Şəhərə hücum isə toplardan, tanklardan, "Alazan" tipli zenit toplarından 2 saatlıq atəşdən sonra başlanıb. Piyada hissələr şəhərə saat 13:00 və 16:00 arası daxil olublar. Şəhərin sonuncu müdafiə nöqtəsi isə saat 18:00 radələrində ələ keçirilib.

Düşmənin güclü hücum qarşısında əhali əsasən iki istiqamətdə Əsgəran-Naxçevanik və Ağdama doğru qaçmağa başlayıb. Belə ki, Xocalı şəhərinin özünə üç istiqamətdən hücum aparıldığından əhali ilkin olaraq Əsgəran istiqamətində qaçmağa başlayıb. Tezliklə aydın olur ki, bu hazırlanmış tələdir. Naxçəvanlı kəndi yaxınlığında əhalinin qarşısı əsasən Vitali Balasanyanın Əsgəran alayı tərəfindən kəsilərək gülləborana tutulub. Qarlı aşırımlarda və meşələrdə zəifləyən, taqətdən düşən insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilib. İndiyə qədər, azərbaycanlılar şəhid edilən və xüsusi qəddarlıqla öldürülən mülki Xocalı sakinlərinin cinayətkarı kimi, Əsgəran istiqamətində başda Vitali Balasanyanın komandanlığı altında olan dəstələrin iştirak etdiyini bilir. Təbii ki, erməni tərəfi də bu faktı dana bilməz. Ən azından bunu Vitalinin özünündə iştirak etdiyi video materiallar sübut edir.
Bəs Ağdam istiqamətində həlak olan azərbaycanlılar? Onları kim pusquya salıb?

Bildirim ki, ermənilər hər zaman Ağdam istiqamətində mülki sakinlərin pusquya salınaraq öldürülməsini çək çevir edir, hətta xüsusi həyassızlıqla Azərbaycan tərəfinin üzərinə atmağa çalışır. Lakin, bu məsələni də bizim üçün Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabında dəqiqləşdirib.

“Fevralın 26-da Monte Melkonyan Xocalıda yerləşən, üç həftə bundan əvvəl özünün ilk kəşfiyyat əməliyyatını keçirdiyi həmin dağın yamacında duraraq, qurumuş ot və qar üzərində qalan qan izlərinə baxırdı.

Xocalıya gələn kimi o, burada baş vermiş döyüş barədə məlumat almaqla, burada, bəlkə də bir neçə saat bundan əvvəl keçirilmiş şiddətli kütləvi qırğının mənzərəsini zərrə-zərrə cəmləşdirməyə başladı.

Gecə saat 11-ə yaxın, təxminən 2 min erməni döyüşçüsü, keçən ildən qalan sıx otun arasından keçərək üç tərəfdən Xocalıya yaxınlaşdı və sakinləri, şərq tərəfdə azad saxladıqları əraziyə tərəf qovmağa başladılar.

Fevralın 26-da səhərə yaxın qaçqınlar Dağlıq Qarabağın şərq zirvəsinə çataraq, dağ yamacı ilə enməyə başladılar. Onlar buradan 6 mil aralı olan Azərbaycanın Ağdam şəhərində özlərinə qurtuluş tapmaq istəyirdilər. Orada, təhlükəsizlikləri guman edilən hüdudlarda, təpələrin arasında Dağlıq Qarabağ əskərləri onları haqladı.
“Onlar ancaq atırdılar, atırdılar və atırdılar”, - deyən qaçqın Raisa Atakişiyeva, təhqiqat aparan Human Rights Watch təşkilatı nümayəndələrinə məlumat verirdi. Sonra, Arabonun döyüşçüləri bıçaqlarını qınından çıxararaq zərbə endirməyə başladılar...

İndi burada ancaq külək quru otun arasında fışıldayırdı və bu o külək idi ki, təzə əsməyə başlayırdı, hələ də meyidlərin qoxusunu sovurub apara bilməmişdi.
Montenin Martuniyə cəmi 22 gün bundan əvvəl gəldiyinə baxmayaraq, o, artıq əsirlərin və silahsız dinc kəndlilərin qanına boyanmış iki olüm meydanından keçmişdi. Monte, yerə tökülmüş quru çır-çırpının üstünə atılıb qalan qadın və qız uşaqlarının kuklaya bənzər meyitlərinin arasında xışıltılı addımlarla yeriyirdi. “Heç bir intizam yoxdur” deyərək o deyinirdi. O bu tarixin əhəmiyyətini bilirdi: Sumqayıt şəhərində ermənilərə qarşı keçirilmiş qırğının dördüncü ildönümü idi. Xocalı həm strateji hədəf, həmdə qisas aktı idi.”

Kitabda azərbaycanlılara qarşı nə qədər qərəzli və təhrif olunmuş fikirlər yer alsa da, düşmən Qaradağlı və Xocalıda törədilən soyqırım aktlarını öz dili ilə etiraf edib. Bu baxımdan mənbə başda cinayətkar Manvel Yeğiazaryanın başçılıq etdiyi Arabo və Aram Toqromyanın başçılıq etdiyi Aramo terror dəstələrinin apardığı fəaliyyətləri bizə çatdırdığına görə həqiqətən dəyərli hesab olunmalıdır.

Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, istər 1992-ci il 17 fevral Qaradağlı, istərsə də 25-26 fevral Xocalı şəhərində (həmçinin aeroportuna) aparılan soyqırım aktlarında iştirak edən Arabo terror dəstəsi mülki azərbaycanlı əhalisinin məhv edilməsi üçün xüsusilə təlimatlandırılıb. Manvel Yeğiazaryan, o cümlədən Arabo dəstəsinin üzvləri Xocalıda soyqırımın həyata keçirilməsi, insanların eybəcər halına salınmasına görə, Beynəlxalq Hüquq və Azərbaycan xalqı qarşısında cavab verməlidir.

Şahin QOCAYEV










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”