Qarabag Media
Haqqımızda Əlaqə

Vəfa borcu


Tarix:28-02-2016, 00:19 Kateqoriya:Manşet / Yazarlar

Vəfa borcu

Mustafa Çəmənli

Bəlkə də həyatda kiminsə haqqında ondan xəbərsiz, ondan yana düşünməkdən gözəl heç nə yoxdu.

Dünyasını dəyişənləri yad etmək isə insan olanın vəfa borcudur. Vəfasızlıq, unutqanlıq insana yaraşan sifət deyildir. Dünyasını dəyişmiş elə əməl sahibləri də var ki, hər an rəhmətlə yad etmək bizim mənəvi borcumuzdur. Mən istedadlı jurnalist, mahir tərcüməçi mərhum Tehran Vəliyevi yad edilməyə layiq dəyərli şəxslərdən biri kimi xatırlayıram. Tehran Vəliyev mənim tələbə yoldaşım olub. Onunla beş il bir yerdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin əyani şöbəsində oxumuşuq. Tehran lap gənclik illərindən az danışan, sakit, həlim təbiətli bir oğlan idi. O, tələbə yoldaşlarından daha çox daim qoltuğunda gəzdirdiyi kitablarla baş-başa olardı. Bu kitablar da əsasən ingilis dilində idi. Tehran sərbəst halda ingilis dilini öyrənməyə qərar vermişdi. Yorulub usanmadan bu işlə məşğul idi. Biz o zaman dərsləri indiki İstiqlal küçəsində, Əlyazmalar İnstitutunun Qala divarına söykənən sağ qanadında keçirdik. Belə bir fikir də auditoriyamıza ayaq açmışdı ki, dərs keçdiyimiz geniş otaqda vaxtilə böyük dramaturqumuz Hüseyn Cavid yaşamışdır.

Elə ki tənəffüs olardı, Tehran damağına siqaret alıb pəncərə önünə çəkilər, qoltuğundakı kitabı açaraq acgözlüklə mütaliə edərdi. Oxuduğu kitaba o dərəcədə aludəliklə qapılardı ki, sanki, dəhlizdəki səs-küyü, gülüş səslərini eşitmirdi. Dünya ədəbiyyatının ən seçmə nümunələrini oxuması Tehranın dünyagörüşünün formalaşmasında çox mühüm rol oynamışdı. O zaman universitetin humanitar fakültələrində oxuyan tələbələrin davranışında, fikir və düşüncəsində milli şüurun oyanmasını açıq-aydın sezmək olardı.

Beşinci kursda sevimli müəllimimiz Nəriman Zeynalov Tehrana diplom işi olaraq məşhur jurnalist-naşir Haşım bəy Vəzirovun jurnalistik fəaliyyətini araşdırmağı məsləhət bilmişdi. O zamana qədər Haşım bəy Vəzirovun ədəbi irsi toplanıb nəşr olunmamışdı. Haşım bəy Vəzirovun jurnalistik fəaliyyətindən yazmaq üçün gərək XX əsrin əvvəllərində nəşr olunmuş “Həyat”, “İrşad”, “Tazə həyat”, “İttifaq”, “Səda”, “Sədayi-həqq” və s. qəzetləri gözdən keçirib faktlar toplayaydın. Tehran ərəb əlifbasını bildiyi üçün bu qəzetləri Respublika Milli Kitabxasında oxumaq onun üçün problem deyildi. Amma elə ki, Tehran Haşım bəyin jurnalistikası ilə ilk dəfə tanış oldu başqa problem üzə çıxdı. Məlum oldu ki, Sovet jurnalistikasının burjua mühərriri kimi damğaladığı Haşım bəy Vəzirovun məqalə və felyetonları dəyərli əsərlərdi. Haşım bəy Vəzirov hansısa milyonçuya yox, xalqına xidmət edib. Buna görə də Tehran diplom işində Haşım bəyi burjua mühərriri kimi qamçılamaqdan vaz keçdi və fikrini də diplom rəhbərinə bildirdi.

Bu gün çox adi görünən bu fakt əslində vaxtilə tələbə Tehran Vəliyevin əqidə saflığından, milli ruhun daşıyıcısı olmağından xəbər verirdi. O, keçmiş sələfinə atəş açmağı, üstünə çamur çiləməyi özünə rəva bilməmişdi.

Tehran Vəliyev universiteti bitirdikdən sonra çox yerdə işləmişdir. O, “Texniki tərəqqi uğrunda” jurnalında ədəbi işçi, “Azərbaycan təbiəti” jurnalında tərcüməçi, Azərbaycan Dövlət Nəşriyyat Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsində, daha sonra “Gənclik” nəşriyyatında böyük redaktor, Tərcümə Mərkəzində Qərbi Avropa ədəbiyyatı şöbəsinin müdiri, “Maarif” nəşriyyatının baş redaktoru, “Azərbaycan” qəzetində baş redaktorun müavini və nəhayət ömrünün axırına qədər Mədəniyyət və Turizm Nazirliyində çalışmışdır. Tehran Vəliyev işinin peşəkarı idi. O, işlədiyi bütün təşkilatlarda işinə məsuliyyətlə yanaşmış və kollektivin hörmətini qazanmışdı.

Bütün bunlarla yanaşı Tehran Vəliyev həmkarlarının, oxucuların yadında, əsasən, mahir tərcüməçi kimi qalmışdır. Etiraf edək ki, dünya ədəbiyyatının bir çox dəyərli nümunələri doğma türkcəmizə rus dilindən çevrilmişdir. Təəssüf ki, orijinaldan tərcümə sahəsində yetərincə tərcüməçi kadrlarımız yoxdur. Bu baxımdan Tehran Vəliyevin xidmətləri danılmazdır. Biz C.Selencerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını, İ. Folklerin, F.Fisceraldın hekayələrini Tehran Vəliyevin orijinaldan etdiyi tərcümələrlə oxuyub tanış olmuşuq. Tehranın E.Heminquedən, S.Hilldən etdiyi tərcümələri də eyni məhəbbətlə oxumuşuq. Onun tərcümələri “Azərbaycan”, “Xəzər” kimi mötəbər ədəbi jurnallarda, “Yol” qəzetində dərc olunurdu və özünə geniş oxucu auditoriyası qazanırdı. Təsadüfi deyildir ki, sonralar adlarını çəkdiyimiz bu böyük yazıçıların “Seçilmiş əsərləri” məhz Tehran Vəliyevin tərcümələri əsasında latın qrafikası ilə kütləvi tirajla nəşr olunmuşdur.

Tehran Vəliyev rusdilli yazıçılarımızdan Maqsud İbrahimbəyovun “Hava məbədi”, “Bütün yaxşılıqlara ölüm” povestlərini də ana dilimizə yüksək peşəkarlıqla çevirmişdir.

Tərcüməçilik çox şərəfli və məsuliyyətli bir sənətdir. Tərcüməçi hər iki dili - həm doğma ana dilini, həm də tərcümə üçün müraciət etdiyi əcnəbi dilini incəliklərinə qədər bilməlidir. Bu mənada, Tehran Vəliyev həm ingilis, həm də doğma ana dilini gözəl bilirdi. Buna görə də onun tərcümələrini oxuyanda dil kələ-kötürlüyünə, üslub qüsuruna, fikir-düşüncə yanlışlıqlarına rast gəlmirsən.

Həyat bizim başımızı yaşamağa, ailəmizi yaşatmağa - bunun üçün gecə-gündüz çalışmaq lazımdı - qarışdığından, sən deyən də tez-tez görüşmürdük. Hərdən zəngləşib bir-birimizdən hal-əhval tuturduq, Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif tədbirlərində görüşərdik. Yolum nazirliyə düşəndə hökmən ona baş çəkərdim. Fürsət düşəndə ikilikdə badə yoldaşlığı da edərdik. Tehranın emosiyadan, pafosdan uzaq söhbətlərini, hər hansı həyat hadisəsi haqqında fikirlərini eşitmək çox xoşdu.

Vəfa borcuTehran son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi. Nazirlikdə görüşəndə çox vaxt dəhlizin qurtaracağında, pilləkənlərin baş tərəfinə gəlib dərdləşərdik. Tehran əlini ağappaq ağarmış sıx saçlarında gəzdirib siqaret çəkməyə başlardı. Belə anlarda nədənsə o mənə Amerika yazıçısı Folkneri xatırladardı. Ömründə üzünü görmədiyim, xarakterini bilmədiyim, amma Tehranın tərcüməsində hekayələrini oxuduğum Folknerə.

Təəssüflər olsun ki, Tehran Vəliyev bizi çox erkən tərk etdi. O, hələ çox işlər görməyə qadir idi. Onun arxivində başa çatdırmadığı tərcümələri də çoxdur. Arzum budur bu tərcümələr, yarımçıq da olsa, ədəbi nümunə kimi mətbuat səhifələrinə yol tapsın. Əziz dostumuzun, peşəkar tərcüməçimizin ruhu bundan şad olar.
/525.az/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"