Qarabag Media
Haqqımızda Əlaqə

Müharibədə silah tutan əllərini indi süpürgə cadar-cadar edib: "Tankın üstündən uçub su arxına düşmüşdüm"


Tarix:19-02-2016, 07:57 Kateqoriya:Manşet / Müsahibə

Müharibədə silah tutan əllərini indi süpürgə cadar-cadar edib: "Tankın üstündən uçub su arxına düşmüşdüm""Səhhətim o qədər də yaxşı deyil, yoxsa səngərdən çıxmaram qələbəyədək..."

Əsl adı Bəxtigüldür. Amma hər kəs onu Qaragilə kimi tanıyır. Elə mən də onunla həmsöhbət olana qədər onu Qaragilə kimi tanıyırdım. Qaragilə adını ona bir döyüş əməliyyatı zamanı şəhid olmuş silahdaşı verib. Ömrünün 52-ci qışını yaşayır. Necə deyərlər, çovğunla, boranla, şaxtayla dolu ömrünün tam 52-ci qışını... Hazırda Ağdam rayonunda küçələri süpürməklə dolandırır ailəsini. Bir zamanlar soyuq səngərlərdə müharibənin od-alovunun içində silah tutan əllərini indi süpürgə cadar-cadar edib. Vaxtilə canı bahasına qoruduğu torpaqları süpürmək üçün vuruşub Bəxtigül... Mahmudova Bəxtigül Məmməd qızı 1964-cü ildə Ağdamın Seyidli kəndində dünyaya göz açıb. 1971-ci ildə həmin kəndin orta məktəbinin birinci sinifinə gedib. 1985-ci ildə ata evindən ər evinə gəlin köçüb. Müharibə dövründə qardaşını və həyat yoldaşını itirib. Taleyi ilə adı heç də üst-üstə düşməyən Bəxtigül xanım biri oğlan, ikisi qız olmaqla üç övlad anasıdır. Qarabağ müharibəsi veteranıdır. Hazırda Ağdam rayon Kommunal Təssərüfat İdarəsində xadimə işləyir. Bəxtigül Haqverdiyeva "Cümhuriyət"ə elə iş başında müsahibə verib...

-Müharibə başlayanda 28 yaşınız olub... Gənc xanımı müharibəyə, səngərə getməyə vadar edən səbəb nə idi?

-Atamgilə getmişdim. Içəri girər-girməz gözüm masanın üstündəki “paveska”ya sataşdı. Qardaşıma gəlmişdi... O, üç bacının bir qardaşı idi. Həmişə Allaha yalvarırdım ki, ya rəbbim ona gələcək dərd bəla bacılarına gəlsin, amma ona heç nə olmasın. 1992-ci illər idi, rəhmətlik Şirin Mirzəyev könüllülərdən ibarət özünümüdafiə batalionu yaratmışdı. Qardaşımın çağırış vərəqəsini götürüb Şahbulağa, 5-ci batalyonun qərargahına yollandım. Qərargahda məni qarşılayan hərbiçilərə Ş.Mirzəyevlə görüşmək isdəyimi dedim. Onlar mənə komandirin orda olmadığını, gec gələcəyini desələr də, mən israrla "gözləyərəm" dedim. Bir neçə saat gözlədikdən sonra rəhmətlik gəlib çıxdı. Onun qəbuluna düşdüm vəziyyəti ona danışıb məni xidmətə götürməyini xahiş elədim. Əvvəlcə o məni orduya götürmək istəmirdi. Amma əl çəkməyəcəyimi görüb məni elə həmin beşinci batalyona götürdü. Tapşırıq verdi ki, mənə sarğı sarımağı və iynə vurmağı öyrətsinlər. Düz üç ay həmin hissədə təlimlərdə oldum. Həm yara sarımağı, həm iynə vurmağı, həm də silah-sursatla davranış qaydalarını öyrəndim. Ondan sonra məni ordu sıralarında tam qeydiyyata götürmələri üçün Ağdam Rayon Hərbi Komissarlığına ərizəylə müraciət etməyimi bildirdilər. Mən də dərhal şəhərə yollanıb o vaxtkı komissar Usubovun qəbuluna düşdüm. Bu mənim görüşdüyüm ikinci böyük rütbəli zabit idi. Hansı ki, həmin insanlardan məni müharibəyə yazmaqlarını istəyirdim. Usubov da rəhmətlik Mirzəyev kimi tərəddüd elədi. Amma sonunda məni “siyahı”ya saldı... Təlim vaxtları silah-sursata o qədər maraq yaranmışdı ki, nəinki qardaşımı, hətta anamın yanında qoyub gəldiyim altı aylıq körpəmi belə unutmuşdum. Amma sonra öyrəndim ki, artıq qardaşım da döyüşdədir. Biz onunla başqa batalyonlarda idik. Bax belə olub mənim orduya gəlməyim.

-Bəs iştirak etdiyiniz ilk döyüş əməliyyatını necə xatırlayırsınız?..

-İlk dəfə Ağdərə rayonunun Kasabet kəndi uğrunda gedən döyüşlərə qatılmışam. Həmin döyüşdə mənə silah vermək istəmirdilər. Tibbi ləvazimatları daşımalı idim. Vəzifəm atəş nöqtəsində yaralanan əsgərlərə ilkin tibbi yardım göstərib qospitala göndərməkdən ibarət idi. Ancaq yenə israrla mənə də silah vermələrini istədim. Uzun müsibətdən sonra komandirimiz mənə silah verilməsini əmr etdi. ilk dəfə düşmənə elə həmin döyüşdə güllə atdım. Deyim ki, sərrast atəş açırdım. Yox... yalan demiş olaram. Amma tam üç dəfə yaralanan döyüş yoldaşımın atəş altından çıxarılması üçün düşmən mövqelərinə dayanmadan atəş açdım. Ikisində düşməni susdurmağa və yaralını oradan götürməyə müvəffəq ola bilsəm də, amma birində bacarmadım. Çünki həmin ərazini ermənilərin döyüş maşını nəzarətdə saxlayırdı. Bilirsiz, hər döyüş əməliyyatı mənim üçün bir ilk idi. Hər dəfə bir dəhşət, bir amansızlıq görürdüm. Ona görə də, bütün öyüşlərimi ilk döyüşüm hesab edirəm.

-Müharibə adamlarının dediklərinə görə, hər döyüşdən sonra insan bir az daha vəhşiləşir, amansızlaşır. Belə bir hiss Sizdə də baş verirdimi? Döyüşçünü amansız edən nə olur?

-Bəli, doğrudur... Müharibə insanı vəhşiləşdirir. Məndə də belə hal baş verib. Bir dəfə Ağdamın Gülablı kəndi istiqamətində idim. Post növbəmi başa vurmuşdum. Batalyonun aşbazı evə getməli idi. İstəyirdim onunla gedib uşaqlarıma baş çəkim. Birdən bir neçə “qrad” mərmisinin partlama səsini eşitdik. Bizdən bir az yuxarıda Mingəçevir uşaqları olan ərazidə toz dumana qarışmışdı. Həmin aşbaz, mən, bir də əslən Mingəçevirdən olan iki nəfərlə həmin əraziyə yollandıq. Hər tərəf od-alov içində idi. Hələ ki, nə baş verdiyini bilmirdik. Ora çatana qədər tüstüdən göz-gözü görmürdü. O ərazidə əslən Mingəçevirdən olan əsgərlər xidmət aparırdı. Bir tikili var idi, postda olan postda olurdu, olmayanda həmin tikilinin içərisində dincəlirdi. Tikiliyə yaxınlaşanda aşbaz qəflətən əllərini başına tutub “Ay ALLAH!” deyə qışqırdı. Başımı qaldırıb baxdım ki, divarda parça-parça olmuş əsgər meyiti sallanır. Baş hissəsi tamam dağıldığından sifəti bilinmirdi. Bağırsaqları da tamam tökülmüşdü. Həmin meyiti ayaqlarından tutub aşağı dartdım. Içalatını bədəninə yığıb paltarı ilə üstünü örtdüm. Bir az qabağa getdik. Sən demə, həyatımın ən dəhşətli mənzərəsi məni qarşıda gözləyirmiş. Əlində tapançası yanmaqda olan komandir meyiti, əlinin içində karandaş və yanında yarısı yanmış məktubun yanında qanın icərisində çırpınaraq can verən gənc əsgər, ətrafa səpələnmiş pullar və daha nələr... orta hesabla 12 meyit var idi. Bəziləri yanırdı, mingəçevirli oğlana mənə kömək etməsini dedim. O, nə deyirdim onu da edirdi, amma sanki robort kimi davranırdı. Dinib-danışmırdı elə titrəyə-titrəyə işləyirdi. Yanan meyitləri söndürüb, bədən üzvləri qopanların qol-qılçını tapıb bir yerə yığdıq. Həmin məktub yazan gənc də keçindi... Sonra ətrafa dağılmış pulları, həmin məktubu, meyitin birinin barmağında nişan üzüyü var idi, həmin üzüyü də götürüb bir sumkaya qoyub o biri mingəçevirliyə verdim. Meyitləri isə əraziyə gələn “sanitarka”ya yığıb Qaradağlıya gətirdik. Mənə kömək edən oğlanla mən meyitlərin yanında, aşbazla digəri isə qabaqda oturacaqda oturmuşdular. Dinib-danışmayan əsgər qəfildən əlin-əlinə vurub gülməyə başladı. Meyitlərin üzün sığalladı, bəzilərinin əlindən tutdu sonra ağladı. Vəziyyətin nə yerdə olduğunu görüb onu qabaqdaki oturacaqda oturtmaq isdədik amma o meyidləri qucaqlayıb yerindən tərpənmədi. Bax eləcə, həmin oğlan dəli oldu... indi ay oğul bu mənzərələri görən insan niyə vəhşiləşməsin ki?! (Bu mənzərəni danışmaq bir bacı, bir qadın üçün çox çətindir. Amma Bəxtigül xanım nədənsə bu mənzərəni danışanda heç kövrəlmədi... sanki dünən baş vermiş adi bir əhvalatı danışırdı)

-Bayaq uşaqlarınızı görməkdən söz edirdiniz. Balaca övladınız altı aylıq olduğunu dediniz, bəs balalarınız üçün darıxmırdınız?

-Üçünün də şəklini döş cibimdə gəzdirirdim. Onların şəkillərin qucaqlayıb yatırdım. Döyüşdə ölüm təhlükəsinin çox olduğunu görəndə şəkilləri çıxarıb öpür, onlarla vidalaşırdım. Bir dəfə Suma Güllücə kəndləri istiqamətində tankla posta gedirdik. Bir neçə əsgərlə tankın üstündə oturmuşduq. Bizə tapşırılan əraziya çatdıq. Tank ekipajı özünə uyğun ərazi seçmək istəyirdi. Biraz qabağa getdik və qarşıda iki tank görundü. Birinin topu biz tərəfə, korpusu yönü o yana, biri isə üzü biz tərəfə, lüləsi isə yana tuşlanıb dayanmışdılar. Ekipaj tankı saxlayırdı ki, o tankların kim olduğunu öyrənək birdən topu biz tərəfə olan tankdan atəş açıldı. Sanki hər şey bir anda oldu, yadımda təkçə bizim tankın tıl-tıllarının şakkıltısı qalıb. Tankın üstündən bir neçə metr kənəra uçub su arxına düşmüşdüm. Qulağım heç nə eşitmirdi. Öz qışqırtımı belə... Sonra kimsə məni yaxamdan tutub sürütlədiyini hiss elədim. Bir vaxt gözümü açdım ki, qospitaldayam. Balalarımın şəklini də əlimdə bərk-bərk sıxmışam... sonra döyüş yoldaşlarım dedi ki, məni oradan əslən Ağdamın Əliağalı kəndindən olan Vüqargil götürüb. Sən demə, biz getdiyimiz postu ermənilər tutubmuş. Tankın üstündə olan digər döyüş yoldaşlarımın şəhid olmasını özümə gələndən sonra bildim.

-Bəs, uşaqlarınız üçün bu qədər çox darıxırdınızsa, niyə xidməti dayandırıb onların yanına getmirdiniz?

-Gedə bilməzdim... ( Gözləri dolur, hönkürtü ilə ağlamağa başlayır. Mane olmağa onu sakitləşdirməyə çalışsam da, nə edəcəyimi, necə edəcəyimi bilmirəm.) 93-cü ildə döyüşdən qayıdırdım, dedilər ki, qardaşın şəhid olub. Elə bil dünya başıma uçdu. Ağdam məscidinə getdim, meyitlərin arasında dəli kimi onu axtarırdım. Oradakı mollalar kimi axtardığımı soruşdular. Qardaşımı axtarıram dedim - Haqverdiyev Nizamini! (Qardaşı Nizami Məmməd oğlu Haqverdiyev 1993-cü ildə Ağdam rayonunda gedən döyüşlərin birində şəhid olub) Mollanın biri əlini çiynimə qoyub, "Bacı, Nizaminin meyiti iki gün naməlum meyid kimi burada qalmışdı. Bu gün səhər aparıb dəfn elədilər, amma əynindən çıxardığımız paltarı burdadır", dedi (qadın göz yaşlarına hakim ola bilmir. Amma söhbəti də kəsmək niyyətində də deyil...) Gedib onun paltarını götürüb bağrıma basdım, doya-doya qoxladım. Hələ də qardaşımın qoxusu gəlirdi. Qanın içində idi paltar... Elə həmin gündən öz formamı soyunub qardaşımın formasını geyindim. And içdim ki, ölsəm də, qalsam da, müharibə bitməyənə qədər bu formanı əynimdən çıxarmayacam. Bundan sonra hər erməni leşi görəndə ürəyim bir az sakitləşirdi. Bax buna görə qayıtmırdım. 1994-cü ildə atəşkəsdən sonra hərbi hissə Seyfəlliyə köçdü. Mən də oradan tərxis olundum.

-Hesab edirsinizmi onun qisasını almısınız?

-Xeyr. (bir qədər sakitləşir. Gözünün yaşını yaylığı ilə silir və bir az sakit tonda danışmağa başlayır.) Onun qisasını o zaman alacağam ki, onun məzarını ziyarət edə biləm. Bir dəfə raket mərmisinin düşüb oyuğ açdığı yerdə bizimkilər hərbi maşın saxlayıb oranı komandir qərargahı eləmişdi. Komandir xəritədə işləyirdi, yuxarıda patrullar gəzirdi. Elə bil ürəyimi dammışdı ki, bura hücüm edə bilərlər. Durub yuxarı tərəfə çıxdım. Aralıdan gələn danışıq, ayaq səsləri eşitdim. Tez kolun arasında gizlənib gələnin kim olduğunu izlədim. Gördüm ki, aralıdan hardasa iki metrdən hündür, enlikürək, uzun çal saqqalı bir nəfər gəlir. Saqqalını və saçını qara lentlə bağlamışdı. Həmçinin qolunda ağ parçadan uzərində qara xaç çəkilmiş band var idi. O, haradasa, məndən 40 metr aralıda idi. Əlində qundağıqatlanan avtomat, çiyində qumbaratan və belində bir neçə qumbaratan mərmisi düz qərargaha tərəf gəlirdi. Ondan təxminən, 15-20 metr arxada 9 nəfər erməni var idi. it oğlu elə vahiməli görünürdü ki, bir anlıq sanki bütün azərbaycanlıları onun öldürdüyünü düşündüm. Tək onlara heç nə edə bilməyəcəyimi görüb, kəsə yolla qərargaha tərəf hərəkət gəldim. Çatar-çatmaz komandirə ermənilərin gəldiyini dedim. Komandir rəhmətlik Füzuliyə "dur, gör nə məsələdir", -dedi. Füzulinin də əlində qumbaraatan var idi. Bir az yuxarı çıxdıq ki, artıq çatmaq üzrədirlər. Özü də arxalarındakı ermənilər də buna çatıb. Füzuli qumbaratanını çiyininə qoyub qəflətən kolun arxasından çıxıb -Heeeey..! Vazgen!! Deyə qışqırdı və dərhal atəş açdı. Heç vaxt unutmayacam. Sanki həmin erməni bir şar idi partladı, o biriləri də öldü. Həmin vaxt elə bildim ki, qardaşımın qatilini öldürdük.

-Bu günə qədər şəxsən mən də Sizi Qaragilə xanım kimi tanıyırdım. Amma söhbət əsnasında bildim ki, adınız Bəxtigüldür. Bu adı sizə kim verib?

-(Gülümsəyir...) Rəhmətlik Füzuli verib bu adı mənə. Sırxavənd tərəfdə bir meşədə irəliləyirdik. Dümənin mövqelərini müşahidə etməli, qeydlər aparmalıydıq. Qış vaxtı idi, birdən rəhmətlik ağacda quruyub qalmış bir qaragiləni əlində mənə uzadıb dedi ki, buna bax, sənin kimi bu da qaradır. Ikiniz də qarasınız, özü də sənə oxşayır, deyib əlini çiynimə qoydu. Ondan sonra məni hamı Qaragilə çağırdı. Həmin Füzuli bir dənə oğlan idi. Heç vaxt heç nədən qorxmazdı. Onun dəfn mərasimində yaylım atəşi açanlardan biri də mən idim.

-Müharibədə iştirak etmiş qadınsınız. O dövrdə elə kişilər olub ki, müharibədən yayınmaq üçün xarici ölkələrə gedib. Bir xanım müharibə veteranının küçələri süpürməsi nə qədər doğrudur?

-İş insanın cövhəridir. Nə etməliyəm ki? Işləmək yox, işləməyib kimdənsə nəsə istəmək ayıbdır. Burada qəbahətli bir şey yoxdur. Yəqin ki, oxumuş bir insan olsaydım, hansısa idarədə işləyib evimə bir qismət çörək qazanardım. Əsas odur ki, çoxlarının yanında alnım açıq, dilim uzundur.

- Əgər yenidən müharibə olarsa...

-Səhəttim o qədər də yaxşı deyil. Amma qardaşımın məzarına qədər vuruşmağa hazıram. Sağ olun ki, bizim kimi insanları axtarıb arayırsınız. Inanın, bu mənim üçün böyük təsəllidir. Çox sağ olun, var olun! Allah sizləri qorusun./Cebhe.info/

Elgün Gəncimsoy

P.S: Qəhramanımız müsahibədən dərhal sonra süpürgəsini götürərək yenidən iş başına yollandı...











SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı