Qarabag Media
Haqqımızda Əlaqə

""Cin" ləqəbli Mübariz kimi oğullar variydı ki, Gorusa girib istədikləri “DİLİ” gətirirdilər" - Qarabağın Həcəri şok faktları açdı


Tarix:14-02-2016, 09:33 Kateqoriya:Manşet / Müsahibə

""Cin" ləqəbli Mübariz kimi oğullar variydı ki, Gorusa girib istədikləri “DİLİ” gətirirdilər" - Qarabağın Həcəri şok faktları açdı

Ağdam komandirlərinin çoxu müstəqil əməliyyata üstünlük verirdilər və gələcəkdə bunlardan danışacam.

Karabakhmedia.az Qarabağ müharibəsinin fəal iştirakçılarından olan, Qarabağın Həcəri kimi tanınan Səbirə Mahmudova ilə müsahibənin I hissəsini təqdim edir.

- Səbirə xanım, istərdim sizi və ailənizi daha yaxından tanıyaq.

- Atam Mahmudov Hümbət 23 yaşından sayılan vəzifələrdə işləmişdi. Yetimçilik gördüyündən həmişə kasıbın yanında olub. Deyərdi ki, tələbə vaxtı Bakıda vağzalda çörək puluna görə çemodan daşımağa gedəndə oranın daimi fəhlələri məni möhkəm döymüşdülər. Anamla evlənəndə ütüləri olmadığından yatdıqları döşəyin altına yeganə iş şalvarını qoyarmış ki, sığallı qalsın.

Vaxtilə qaçaq Tanrıverdinin arvadı olmuş bibisinin köməyilə Bakıda oxuyurmuş. Rayonun tikinti işlərinə rəhbərliyi dövründə də meliorasiya sahəsində işləyəndə də yadımdadır ki, imkansız müəllimlərimizə ev tikməkdə köməyini əsirgəməzdi. İmkansiz ölənin qəbrini tikərdi. O vaxtlar yas mağarları taxtadan tikilib üstünə çadır atardılar. Kasıbın qapısından taxtanı qaytartmazdı. Bu tapşırığı pozan ambardarı işdən qovmuşdu. 6 yaşında atasının faciəsini yaşamışdı. Belə ki, dövrün qaçaqlarının da rəğbətini qazanmış Süleyman babamı NKV-də vəzifəsinin böyüdüldüyü gecə kəndə qayıdarkən taxıllığa girən malı çıxarmaq məqsədilə yolunu dəyişdiyindən başqa bir vəzifəli kəndçisini vurmalı olanların gülləsinə tuş gəlibmiş. Qarnından güllə yarası alan babam evinə piyada bağırsaqları ovcunda qayıdıb. Gecə ilə kəndə tökülən hökumət üzvləri sonrakı dövrlər də bu qətlin üstünü açmırlar. Amma atam uzun müddətdən sonra atasını vuranın qaçaqlar tərəfindən öldürüldüyünü və atama vurulan iynədən sonra öldüyünü öyrənir. Ata nənəm Təbriz tərəfdən qaçqın gələnlərdən idi. Poeziyaya vurğunluğum dili bayatılı Bacıxanım nənəmdən keçmədir.

Dövrün məşhur kristal adı almış nazirləri olan mərhum Saleh Haciyevlə və mərhum Nadir Rustəmovla uzun illər işləyib. Sərsəng su kanal idarəsinin direktoru işləyib. 1500 işçisinin az qala yarısı ermənilər idi. Sərsəng 7 rayonun əkin sahələrini su ilə təmin edirdi. Dağlıq ərazilərdəki şluzlərə ermənilər nəzarət edirdilər. Artıq əkin sahələri əkən katiblər atamın işini çətinləşdirirdilər.. Dağlıq Qarabağın Vilayət komitəsinin katibi Geverkov atamla yola getmirdi. Ağdərədə 3-cü sovxozun direktoru Sosialist Əməyi qəhrəmanı Samvel Mamonts atamı ondan müdafiə edirdi. İdarəsinə Azərbaycanın keçici bayrağından tutmuş Lenin ordeninə qədər qazanmışdı. Yadımdadır ki , ordeni özünə yox , 11 uşaq atası fəhləsinə yazdırmaq istəyəndə Geverkov işə qarışmış mükafatı erməni Aydının adına verdirmişdi.

Yadımdakən deyim ki , savxoz müharibə dövrü alınanda bizim döyüşçülər Mamontsun kabinetinin arxa otağından mərhum Heydər Əliyevin portretini çıxarıb xəlvəti gətirib atamın qohumuna vermişdilər. Sonralar indi iqtidarda olan böyük ranqlı məmur vasitəsilə prezidentə çatmışdı. Dediyim odur ki, onların da içərisində çörək itirməyən varmış.

Sonralar uzun müddət rayonun suartezian idarəsinə başçılıq elədi. 77 yaşında gözlərini oğul dərdindən itirdikdən sonra öz xahişilə işdən azad oldu. 5 il yaşadı işsiz. Amma uzun illər birgə çalışdığı naziri Əhmədzadə həmişə onun qayğısını çəkib, hətta başdaşını qoydurdu.

- Uşaqlıq illərinizdən danışaq. Uşaqlığınız harada, necə keçib?

- Uşaqlığım doğulduğum Tərtər rayonunda keçib. Kiçik yaşlarımdan oğlansayaq olmuşam. Nadinc olduğumdan dəfələrlə əl-ayağım sınardı. Yoldaşlarımsa ancaq oğlanlar olardı ki,dava- dalaşda da məni seçməzdilər. Məktəbdə oxuyanda da bu xasiyyətim özümlə böyüdüyündən mənə heç vaxt sevgi məktubu yazılmadı. Məktəb illərində pambıq yığımına gedirdik.

Mən xəstələnəndə atam belə deyərdi ki, çörəyini yediyiniz fəhlənin balasından çox getməlisiniz. 1971- ci ildə şəhər 1 saylı orta məktəbi bitirdim . Dillər institunun ingilis dili fakultəsinə daxil olub 1976-cı ildə bitirmişəm. Rektorum professor Zemfira Verdiyeva olub. 1977-ci ildə ailə qurub Bərdəyə köçdüm . 1992- ci ilədək şəhər 3 saylı məktəbdə müəllim və direktor müavini işlədim. Müharibə qızışanadək məktəbdən maaş aldım və bölgələrdə olduğum müddətdə müəllim yoldaşlarım işi aparırdılar. Daha sonra müharibə başlayanda məktəblə əlaqəm tamamilə kəsildi və o dövrdən işsiz qaldım....

1985 – ci ildə partiya sıralarına aktivliyimə görə keçirilmişəm. Üç övladım olduğundan partiya məktəbinə oxumağa göndərilməyimdən imtina etmişdim. 1988-ci il Ermənistan köçkünləri Bərdəyə axışandan ayaqüstəyəm. İnsanların maddi və mənəvi ehtiyaclarına mən də biganə qalmamışam. 1988- ci ildə Milli Hərəkatın fəllarından olan AXC idarə heyətinin üzvü EA-nın Ədəbiyyat institutunun alimi, şərqşünas xanım mərhum Dilarə Əliyeva ilə sıx əlaqəm olub və bölgədə Qadın Hüququnu Müdafiə Cəmiyyətini yaratmışdım. Müstəqilliyimiz yolunda töhvələrini vermiş Dilarə xanım əslən Gürcüstandan olsa da, Qarabağı çox sevərdi. Onun həyat yoldaşı Naxçıvandakı Kəngərlilərdən idi. 1991-ci ilin aprelin ortalarında Qax rayonuna səfərləri zamanı Aydın Məmmədovla birgə müəmmalı olduğu söylənən qəzada həyatlarını itirdilər. O vaxt həm də Bərdədə əsgərlərimizin öz vətənlərində qulluq etmək çağrışı yönümündə iş aparırdım.

- Qarabağda vəziyyətin gərginləşdiyi dövrü xatırlayaq. Həmin vaxtlarda nə baş verirdi?

- Dağlıq Qarabağın qara günləri başlayırdı. Tez-tez eşidirdik ki, Ədliyyə naziri Əlisaab Orucov Vilayət komitəsində kimlərləsə toqquşur. Onu da deyim ki, nazir olmasına baxmayaraq Volski hakimiyyətini divara dirəyib demişdi ki, bura mənim vətənimdir və hökmü də mən verəcəm. Sonralar yuxarı instansiyalardan olan təzyiqlərə birmənalı cavab vermişdi ki, nazirlikdən çıxarasanız belə gedib əsgər kimi döyüşəcəm. Baxın, Moskvaya necə meydan oxuyub. O həmin vaxtlar Topxanadan erməniləri qovmuşdu. Bu adam Xankəndinə tək, mühafizəsiz gedirdi. Həmin vaxt Respublika Qadın Şurasının sədri Zemfira Verdiyeva bir qrup ziyali yaşlı qadınlarla Dağlıq Qarabağa gəlirdi . Təbii, onu tək buraxmırdıq.

Kondisioner və Soyuducu zavodundan məişət cihazlarını gətirib kənd evlərinə pay edirdi. Növbəti gəlişlərinin birində qərara aldı ki, erməni qadınlarının keçirdiyi mitinqə gedib sözünü desin. Polyaniçkonun etirazına baxmayaraq hərbi kiteli geyinib, əlinə qoşalüləni götürüb UAZ-da qabaq oturacaqda oturanda Polyaniçko dediki, “Vot eto jenşina.”

5000-lik qadın ordusunun qabağına çıxıb vətənin bizim olduğunu söyləyəndə mitinqçilərə eləbil od qoydular. Əsgərlər gəlməsəydi, nələr yaşanardı orda...

Dağlıq Qarabağ əhalisini orda saxlamaqdan ötrü ətraf rayonlardan səyyar tikinti dəstələri kəndlərdə iş görürdülər. Nazirlər kabinetinin müavini həm də meliorasiya naziri Matvey Radayev Bərdədə yığıncaq keçirib Xocalıda mahud fabrikinin açıldiğını bildirdi. Bütün ziyalıların orda tez-tez əhaliyə mənəvi dəstək olmağa çağırdığı gün mənim mütləq o bölgədə fəaliyyətimi istədi. Artıq sonrakı dövrlər Ağdamı poliqona çevirdi. Dağlıq Qarabağ kəndlərindən sapı özümüzdən olanların əliylə silahların yığılması camaatı çıxılmaz vəziyyətə salmışdı. Ermənilər kəndləri atəşə tutur, avtobusları gülləboran edib əhalini çıxmağa vadar edirdilər. Əhalinin tələbilə Ağdama gələn dövlət yetgililərinin Qarakənd səmasında vurulması bütün Qarabağın əlini dövlətdən üzdü. Yavaş - yavaş köç başladı. Həmin dövr artıq Ağdamda idim və Meşəli Cəmilli kəndlərinin sakinlərinin Bərdədə 105 saylı peşə məktəbində məskunlaşmalarını təşkil etdim. Bu qədər insanı geyimlə ərzaqla təminatı məni rayonun aparat işçiləri ilə üzüzə qoyurdu. Onları da qınamırdım. Çünki, bir yandan yaranan yerli özünü müdafiə batalyonlarının təchizatı bir yandan Xocalıya, Şuşaya yardım, bir yandan da Başgüney pəyə kəndinə köməyə getmiş Bərdə dəstəsinin təminatı rayon üçün ağır idi. Ağdamda Müdafiə komitələri fəaliyyət göstərirdi. Mütəmadi olaraq Ağdamda olurdum. Həmin vaxtlar Goranboy döyüşlərindən sonra Bərdənin Zümrüxan kədində yaranan alayın həyətində təmirdən çıxmış texnikalar mərhum polkovnik Arif Salahovun komandanlığı altında Ağdama gətirildi. Ağdam cəbhəsinə general Dadaş Rzayev komandan təyin edildi. Artıq Ağdamda prezidentin səlahiyyətli nümayəndəliyi yarandı və Kənd Təsərrüfatı naziri Musa Salam oğlu Məmmədov Ağdama Ayaz Mütəllibovun səlahiyyətli nümayəndəsi kimi göndərildi. Bakıdan bütün nazirlik nümayəndələrinin və idərə rəhbərliyinin Ağdama qısa müddətli ezamları başladı. 3 günlük bu qısa müddətdə yerli vəziyətlə tanış olmaq imkanı tapmayan dövlət məmurları başlarını girələyirdilər. Əsasən bir neçə nəfərdən başqa. Bu dediyim bir neçə nəfərsə aylarla Ağdamı tərk etməyənlər idi. Yevlaxın keçmiş paykom katibi şuşalı mərhum Elman Tağıyev kimi kişilər.

- Həmin vaxt hakimiyyətdə olanlar bu proseslərdə necə hərəkət edirdi?

- Yeni yaranmaqda olan MN-nin əməliyyat idarəsinin məsul işçisi Şahin Cahangirov bütün vaxt xəritə qabağında otursa da heç nə edə bilmirdi. Rzayevin tabeçiliyində olan texnika Ağdamın idman kompleksinin həyətində dustaq edilmişdi. Əsgəran yolu açılmalı idi. Amma, vahid komandanlğın olmaması ucbatından bu əməliyyatlar baş tutmurdu. 3000 əli silahlı qüvvəni yönəldən yox idi. Yadımdadır, Baş Güney Pəyə kəndinə köməyə getmiş Bərdə döyüşçülərinə ərzaq aparanda kənd sakinlərinin kəndi qorumaq üçün heç olmasa kəndə qalxan yoxuşu minalamaq istəyi. Kəndin ağsaqqalı Balay kişi xəstə olduğundan biz onun yanına məsləhətə getdik. Qəti şəkildə bildirdi ki, kəndlərini son qanlarınadək qoruyacaqlar hökumət silah-sursat sarıdan kömək verməlidir. Kənd nümayəndəsi Qənimət də sovet sədri kimi mənimlə gəldi Dadaş Rayevin yanına. Onlar da quru vədlə başdan edildilər. Həmin gün Ayaz Mütəllibovun elçisi kimi universitetin rektoru Mirabbas Qədirov Ağdama camaatla görüşə gəlmişsə də polis idarəsində oturmuş və ordan geri qayıtmışdı. Sonralar ermənilər 366-nın spesqruppasıyla Baş Güney Pəyəyə hücum edərkən böyuk müqavimətlə qarşılaşmış 36 nəfər rus əsgəri və 200-dən yuxarı erməni öldürülmüşdür. Manik Xatınbəyli Orta Güney Pəyə cavanları Xaqani Rzaquliyev və bir neçə silahdaşının başçılığı ilə bu kəndlərin cavanları birləşib ermənini məğlubiyyətə uğratmışdılarsa da sonralar silah sursat baxımından ağır texnikanin qarşısında duruş gətirə bilməyib camaatı az itgiylə çıxarmışdılar. Kəndi tərk etməyən Balay kişini isə qızları tək qoymayıb kəndə girib mağazanın qabağında qələbəni bayram edən ermənilərə avtomat silahla xeyli itgi verib, özləri də atışmada həlak olublar. Elə onların meyitləri də danışıqlardan eşitmişdim ki, peyinlikdə basdırılıb.

Sonrakı ərəfədə Dağlıq Qarabağın Malıbəyli və Quşçular kəndləri də məcburiyyət qarşılığında erməni hücumuna tab gətirməyib az itgiylə çıxarıldılar. 3000 - dən yuxarı insanları Azay Kərimov və silahdaşları çətinliklə xilas etmişdilər.

- Cəmiyyətdə belə fikir gəzirdi ki, həmin dövrdə yalnız kasıb təbəqənin övladları vuruşub. İmkanlı ailələrin övladlarından müharibəyə gələn olurdumu?

- Müharibə tək kasıb balaları üçün deyilki... Əsasən kasıb balalarıyla bahəm orta təbəqənin də övladları vuruşurdular. İmkanlı uşaqları da az da olsa müharibəyə gəlib. Baxın, Milli Qəhrəmanların siyahısına. Atası Nazirlər Sovetinin müavini özü isə Təhlükəsizlik polkovniki Riad Əhmədov. Bakı şəhər tramvay-trolleybus parklarının direktoru , sonralar MN-nin müavini olmuş Baba Nəzərlinin oğlu Hikmət Nəzərli. O nəsildə yeganə oğul idi və Xocalıda şəhid olub. Xocalı hadisəsindən öncə atası Ağdam qərərgahından nə qədər yalvardı Hikmətə ki, axı anan iflicdi, qayıt! Cavabı indiyə kimi qulağımdadır ki, “mən döyüş qardaşlarımı tərk edə bilmərəm”- dedi. Ulu Türkün oğlu Təbriz Xəlilbəyli 1992- ci ilin yanvarın 3-i Əsgəran əməliyyatında Samuraylarla birgə şəhid oldu. Milli Qəhrəmandır. Tərtərdən Milli Qəhrəman Aslan Kərimov döyüş komandiri idi. Uzun müddət atası rayon sovetinin sədri işləmiş, qardaşı Bakıda məsul işdə idi. Tərtərdən Milli Qəhrəman Elman Hüseynov Qarağacı kəndinin kolxoz sədriydi batalyon yaratdı və sonra minaya düşdü. Bərdədən Azərbaycan Bayrağı ordenli qəhrəman ləzgi balası Səhrab kolxoz sədri idi və sonra qərərgah rəisi oldu. O Zümrüxan alayında Kasapetdə yanımda mərmi yarasından qanaxmadan şəhid oldu. Rasim Əkbərov Goranboydan imkanlı ailədən idi. Döyüşdə dəfələrlə yaralanıb, sağ qalan Milli Qəhrəmanlardandır.

Qurtuluş batalyonunun komandiri Milli Qəhrəman Şahin Tağıyev işini atıb gəlmişdi Tərtərə. Onunla birgə Bakıdan gələn yerli bakılılar da çox idi. Qərərgah rəisi Fuad Rzayev xeyli kubinka cavanlarını Tərtərdə döyüşə gətirmişdi. Sərdar Həmidov həmin dövrdə icra başçısı idi. Tərtərdə batalyon komandiri olub və ermənidən torpaq alıb,Tərtərin saxlanmasını təmin edib. Rusiyada rahat dolanışıqlarını cəbhəyə dəyişən Tərtər batalyonunun komandiri kimi döyüşdə şəhid olan Milli Qəhrəman Vəzir Orucov kimi oğullar çox olub. Haqqlarını yemək günahdır. Kasıb balaları əsasən belə oğulların başına cəm olurdu.

İstəsək də Qarabağın savaş tarixindən siləmmərik Yevlax Yun zavodunun direktoru və Mm üzvü olmuş Surət Hüseynovun rəhbərliyi ilə alınan kəndlərimizi. Ağdamın döyüş komandirlərinin hamısı imkanlı ad qazanmış igidlər idi. Milli Qəhrəman Bağırov qardaşları , Fred ləqəbli Asif Məhərrəmov və digər komandirlər. Həm sözləri keçərli həm də imkanlı. Əksərən öz imkanları və əlaqələri daxilində batalyonları yaradırdılar .

Laçında Arif Paşanın komandası altında alay yaradıldı. Alay döyüşçüləri içərisində Vaqif kimi, “Cin” ləqəbli Mübariz kimi oğullar variydı ki, Gorusa girib istədikləri “DİLİ” gətirirdilər. Bərdədə alay yaradan son vaxtlar müalicəyə ehtiyacdan dünyasını dəyişən polkovnik Elçin Əliyev Dəniz Piyada Qoşunları zabiti kimi döyüşə qatılmış ilk OMON-çulardan olub və 11 nəfərlə Xocavənd əməliyyatını hazırlamışdı. Bir də xatırladım ki,müharibədə kasıb təbəqənin övladları sayca çox üstünlük təşkil edib. Bu günsə artıq ancaq kasıb zümrə erməni ilə üz-üzədir.

- Həmin dövrdə rayonlarımızın müdafiəsi necə təşkil edilirdi? Batalyonları kim, necə yaradırdı?

- Batalyonar Rayon rəhbərliklərinin idarələrində formalaşırdı . Gilizin biri 3 manat olduğu dövrdə avtomatı rus hərbi hissələrindən 250 minə alırdılar. Yadımdadı ki, 123 saylı hərbi hissənin zabitləri Zazali anbarlarını necə qarət etdikləri... Zaqafqaziya dairəsinin hərbi vertalyotları da girov idi. Həmin vaxt ruslar danışığa getməyə məcbur oldular. O əməliyyatda Bərdə və Mingəçevir igidləri də iştirak edirdilər. Bu gün sizin kolleqanız olan “Terefinfo”nun redaktoru olan Nurəddin Xoca ilk ölumcül yaralarını Nasosnıdaki hərbi hissəyə silah üçün basqında almışdı.

- Müharibəyə getdiyiniz ilk günü necə xatırlayırsınız?

Müharibəyə getdiyim ilk gün deyəndə ki, zatən 1988-ci ildən bəri ayaqüstdəydim. Bütün bu olayların içində bişmişdim və günüm səngərlərdə keçirdi. 1992- ci ilin yazında Ağdamdan Tərtərə ilk keçiriləcək Marquşevan əməliyyatında iştirak etmyə gəldim. Çünki, Tərtərin mərhum icra başçısı Məzahir Rəfiyev bir dəfə məni çağırdı Zumurxan alayına ki, dədənin evi erməni kəndiynən bitişikdir. Əlinə keçən qüvvəni tök Tərtərə. Kəndbəkənd gəzirdim, oğulları Qarabağı qorumağa çağırırdım. Bərdənin Əyricə kəndindən olan Fəxrəndə xanım yeganə oğlu Elçini Zumurxan alayında mənə tapşırdı. Amma o, gənc müharibədə yox Bərdədə dəstələr arasındakı atışmada həyatını itirdi. Qoruya bilmədik ki...( Red- Bir müddət xəyala dalır)

10 aprel günü əməliyyat başlamazdan Tərtərin girəcəyində üst tərəfdə qoyulan qradın üç düyməsindən birini Bərdənin axundu Hacı Ramazan, digərini el ağsaqqallarından sayılan şair Əli müəllim, üçüncünü isə mən basdım düyməyə. Marquşevanda tüstü duman ərşə qalxdı.

Batalyonlarımız hücuma keçdilər və ermənilər çıxarıldılar. Bu ilk qələbə idi və Xocalının qisasını almağa köklənmişdi.

Marquşevan əməliyyatıdan sonra Ağdama qayıtdım. Həmin vaxt milli münaqişə zəminində 120 nəfər Car-Balakən döyüşçüləri silahlı şəkildə geri dönmüşdülər. Bu olay Elxan Orucovun briqada komandiri Altay Mehdiyevin qərərgah rəisi işləyən dönəmində baş vermişdi . Onları geri qaytarmağa gedən olmadığından özüm getməli oldum. Balakən hərbi komissarlığında işləyən Fərhad adlı şəxsin köməyilə adlı-sanlı uşaqlarla görüşdüm. Atamın əmioğlusu 70-ci illərdə Balakəndə raykom katibi işləmişdi. Özu də dövrün nüfuzlu katiblərindən sayılırdı. Rayon aqsaqqalları onun xatirinə hələ 120 nəfərdən də artıq heyəti silahlı şəkildə geri qaytardılar. Şelli kəndində məskunlaşdılar. Sonralar da oraları kəndbəkənd gəzib şəhid ailələrinin yanacaqlarını və qıtlıq çəkdikləri un və odunlarını tədarük etdirərdim. Çətinlik çəkəndə bu yönümdə müraciət edərdim mərhum deputat Əli Ansuxskiyə. O şəhid ailələrini ehtiyacdan qoruyardı. Dəfələrlə Koralada desantçı şəhidimiz Şibliyev Nərimanın evində qalmışam.

- Siz müharibədə olan müddətdə ailənizdə vəziyyət necə idi. Uşaqlarınızın və yoldaşınızın qayğısına kim qalırdı?

- Mən müharibədəydimsə təbii ki, uşaqlarımın atası da ehtiyatda olan zabit kimi Daxili Qoşunlara girdi və döyüşlərdə də seçilirdi. Tatyana Çeladzenin yazdığı kitabda ondan da bəhs edilib. İndi DQ-nin komandanı olan Şahin Məmmədovun müavini kimi Canyataqda ağır kontuziya alıb, hospitaldan sonrasa Zaqatala alayına göndərilib. Ağdam alınan ərəfədə vaxtilə işlədiyim Bərdədəki məktəbə qaçqınlar yığışdığından övladlarım da 1 il Zaqatalada atalarının kirayə tutduqu evdə yaşayıb. İllərlə övladlarım mənim ucbatımdan qohuməqrəba himayəsində yaşamalı oldular . Vaxtında onlara göstərə bilmədiyim nəvazişi onların balalarına göstərməyə çalışıram. Oğlum 10 il öncə ad günündə dedi ki,ana, səndən bizə heç nə qalmadı ki... Mən də onun cavabını mətbuatda vermişdim ki, “Oğul, düzdür sizə heç nə qalmayacaq,amma, Azərbaycanda heç bir qadına şamil edilməyəcək ad qalacaq – Qarabağın Həcəri...”

Oğlumla bağlı bir epizod da danışım. Tərtərin Seysulan kəndini azad etdiyimiz gün Bərdənin “Azadlıq” batalyonundan bir nəfəri 9 yaşlı oğlumu o kəndə gətirməyə göndərdim. İstəyirdim ki, azad etdiyimiz kəndə ilk oğlan uşağı kimi mənim oğlum girsin. Gətirdilər də avtomatı ayağa çəkib, əlinə verib, atəş açdılar. Bu günsə o səhnə mənə dəhşətli gəlir ki, kənddə müqavimət göstərən ermənilər qumbaradan istifadə edirdilər... (Red - gözləri dolur)

- Qarabağın Həcəri adının tarixçəsindən istərdim ki, danışaq. Bu adı sizə kim verdi?

Məni ilk dəfə bu adla çağıran Yevlaxın keçmiş paykom katibi olan şuşalı mərhum Elman Tağıyev olub. Elman müəllim məni axtaranda adımı unudanda telefonçu qızlara Həcərimizi – Qarabağın Həcərini axtarın deyərdi. Və bu ad yayıldı. Baxmayaraq ki, öz adımın tarixdə qalmasını istəmişdim. Onu da deyim ki, Yunis Oğuzun “Olaylar” qəzetində istəyimi yazmışdım. Ağdama qıraq yerdən döyüşməyə çox gələnlər olub.Mənim adımsa bir çox adamların boğazında daş armuda dönub. Bir dəfə Laçına girərkən postdakı əsgərlər mənimlə görüşəndə dedilər ki, keçən gecə rayonun qonaq evində hərbi formada olan bir qız özünü Həcər kimi qələmə verəndə təhqir edilib, qovulubmuş.Deyiblər ki, biz bir Həcər tanıyırıq -Qarabağın Həcəri. Etiraz edirdim bu münasibətlərə ki, onlar da bu adı yaşatmaq istəyənlərdi. Bu adın üzərimə qoyduğu missiyanı gərək ki, şərəflə yaşatmışam. Olduğum döyüş yerindən geri çəkilən oğul görmədim ki. Mən harda varıydımsa bilirdilər ki, kömək gələcək. Bu həmişə belə oldu. Bu ad heç bir partiyaya da sığmadı və heç bir təşkilat yaratmağa lüzum qalmadı. Ordudan tutmuş dövlət adamlarınadək bu ada ehtiram göstəriblər. İstisnaları isə dəf eləyib bunu həzm elətdirmişəm. Həcər nənəmiz haqqında yayılan şaiələrə erməni yosunların böhtanlarına etiraz səsimi ucaltmışam.

- Heç olubmu ki, həyatlarını xilas etdiyiniz insanlarla rastlaşasınız?

- Əlbəttə, belə hallar olub. Döyüş yerindən çıxartdırıb cərrah stolunda yanında durduğum oğullardan biri ilə 2002- də Respublika xəstəxanasında qarşılaşdıq. Həkimlərlə söhbət edərkən yaxınlaşıb o hadisəni danışan adam mənim tanımadığım Bərdənin Nazirli kəndinin Bələdiyyə səri Elburus adlı şəxs idi... Bir dəfə 3-cü Sovkozun uğrunda gedən döyüşdə ağır yaralını çıxartdırıb Tərtər hospitalında əməliyyat etdirdiyim yaralı Malıbəyli qəhrəmanı Azay Kərimovun qardaşı imiş... Tankda yaralanmış iki rus zabitini də Turbaza tərəfdən çıxardıb,üstü çadırlı Uazın üstünə qoyub aparırdıq. Bu zaman perevalda qəflətən maşının qabağına çıxıb lüləsiylə maşını aşırıb dərəyə yuvarladan BRDM başlarından ağır yaralanan insanları ikinci zədəni verdi. Özüm möhkəm əzilsəm də yaralının ortadan cırılmış başını sıxıb hospitala çatdırmışdım...

Bir dəfə də Vəzirə qoşduğum xalaoğlum Mübarizin 1 saatlıq icazə alıb əməliyyat öncəsi kənddən atamgilə gəlmiş anasıynan görüşməyə getdiyini eşidib dalınca gedib geri qaytarmışdım. Elə həmin saatlarda çox ağır yaralandığından həkimlər Bakıya götürülməsini istədilər. Ağır yaralı çox olduğundan Rəhim bəydən vertalyot xahiş etmişdim. Onları Bakıya götürüb xilas etmişlərsə də mən xalamın qorxusundan dallarınca gedə bilmədim.

Bir dəfə də Marquşavanda maşında gedərkən gördüm ki, bizim döyüşçülər iki nəfər mülki adamı qabaqlarına salıb aparırlar ki, qarətə gəliblər bunları güllələyəcəyik. Bir təhər aldım əllərindən. Bunlar da döyüşçü ailəsindən olan adamlardır. Sən demə atılıb qalan traktor hissələrindən öz traktorlarına istifadə üçün yarayan hissəni aparmağa gəliblərmiş. Üstündən iki ya üç il keçəndən sonra bir gün Bərdədə şəhərin mərkəzi yolunda maşını saxlayıb, üstümə yüyürüb əllərimi öpməyə başladılar. Camaat toplaşdı başımıza. Bunlar danışdılar ki, biz bu qadını tanıdıq. Bizi ölümdən qurtarıb. Belə hadisələr çox olub.

Marquşavanda qarət olmuşdu. Təəssüf ki, o qarətçilərin içərisində hələ də orada müqavimət göstərən ermənilərin gülləsinə tuş gələnlər olmuşdu ki, onlar da şəhid statusuna yiyələndilər. Həmin gün tanıdığınız Qərvənd Camalla mən o insanların qarşısını ala bilmədiyimizdən məcbur olub bir iki evə od vurası olmuşduq.

Bölgədə nüfuzu olan Ağdamın kamendatı Camalla birgə 1992- ci ilin əvvəlində Tərtərin vəziyyəti lap gərginləşəndə gəlib silahlıları qaldırmışıq köməyə və birbiriylə silahlı qarşıdurma anlarında durmuşuq aralarında ki, bizi atın , amma postu boş qoymayın...

- Bu qədər çətin məqamlarda sizə təzyiq edənlər olurdumu?

- Heç təzyiqsiz günüm olmadi ki... Ağdam qərərgahından səlahiyyətli nümayəndədən başqa Dadaşdan tutmuş Tahir Əliyevədək gəlirdilər. Bərdənin icra başçısından xahiş edirdilər ki, o qadını geri çağırın. Məni kim qaytara bilərdi ki.? Döyüş yerlərində də mən sərf eləmirdim axi... İtgin adıyla gizlədilən ölümlər... Göndərilən yardımların ünvanına çatmaması... Müəmmalı komandir ölümlərinin araşdırılması baxımından... Ağdərənin talanından... Quba- Qusar yoluyla yüklü gedən 40 Yevlax avtobaza maşınları... Allah qorudu məni olunan sui-qəsdlərdən.

""Cin" ləqəbli Mübariz kimi oğullar variydı ki, Gorusa girib istədikləri “DİLİ” gətirirdilər" - Qarabağın Həcəri şok faktları açdıTalış kəndində saçlarımı kəsib ağaca batan bışçaqdan ... Qulağımı yalıyıb keçən güllədən. Bərdədə yol qırağında olan evimə atılan qumbaranın səhvən üzbəüz evə atılmasından... Avqustun ortasında mən Tovuza getmişəm Kərbalayi Zöhrabın dəvətilə . Guya bir qadın Ağdərə bölgəsində erməniyə kordinat verir. Kəlbəcər və Laçına mənim rəhbərliyimlə yun zavodundan göndərilən yanacaq maşınlarını bilərəkdən hələ də təhlükəli olan Drambom yolundan aparmışam və həmin gün Ağdərə Kəlbəcər yolunda yanacaq maşını və Qaz- 24 maşını vurulur. Mən Kəlbəcərə girəndə öyrəndim ki, artıq Əvəz Şükürov da daxil olmaqla rayon rəhbərliyi Bərdə polisinə xəbər veriblərmiş ki, biz məhv edilmişik. Bu idi mükafatlarim. Geriyə yol yox idi, oğul.. İrəlidə məni ölüm, geridəsə satqın damğası gözləyirdi...

Camaatın qınağı və Surət faktoru çox şeyin qarşısını alırdı.

- Daşaltı əməliyyatından danışaq. Əməliyyat niyə baş tutmadı?

- Daşaltı əməliyyatında mən olmamışam. Amma yanvarın 23- də Dadaş Rzayev komandirləri toplayıb dedi ki, Biz Əsgəranı götürüb yolu açaq Oradan da Şuşadan Daşaltıya girən dəstələrlə 26-da birləşməliyik. Tacəddin bu əməliyyatını MN-dəki müavinlərindən də gizləmişdi. Guya ki... Dadaş Rzayev başdansovdu bir iclas keçirdi və Tahir Əliyevə mən dedim ki, bu heç bir əməliyyat keçirməyəcək. Çünki, eşitmişdim ki, Tacəddini istəmir və onun uğuruyla da barışmayacağını tarix göstərdi. Ağdam komandirlərinin çoxu müstəqil əməliyyata üstünlük verirdilər və gələcəkdə bunlardan danışacam.

Daşaltı facəsindən sonra Yanvarın 28 -də Ağdam - Şuşa sərnişin helikopteri vurulmuşdu. Guya cədvəldəki səhvə görə öz vaxtında qalxmamışdı. Əslində isə Bakıdan Şuşaya sursat aparan helikopter Ağdama yanacaq üçün enir və sərnişin helikopteri qalxır. Ermənilərə sursat helikopteri haqqında məlumat çatdığından onlar sursatı vurmalı olduğu halda insanları qırmışdılar. Zabrat aerodomunda cildini dəyişmiş erməni qadınların işləməsinin nəticəsi idi bu faciə.

Dəfələrlə uçuşlar etmiş Milli Qəhrəmanımız Yavər Əliyev də Xocalıya kömək günü texniki nasazlıq ucbatından həlak olmuşdu.

Ekipajdan əlavə 47 mülki vətəndaş da həlak oldu. Vertalyotda ayaqüstə duranlar da varmış. Bərdədə 105 saylı peşə məktəbində məskunlaşan Meşəli və Cəmilli qaçqınlarının Şuşa polis batalyonunda xidmət edən həmin gün Kosalar kəndinə posta əvəzə gedən 4 döyüşçü də orda həlak oldular. Həmin döyüşçüləri dəfn üçün Bərdəyə gətirən gecəsi kişilərin başlarını yerə döydüklərini gördüm. Dövlət iflic olmuşdu sanki. Səhər saat 7-dən sonra dayandım Ağdam- Bərdə yolunun ortasında .Bütün maşınlar dəfnə... Rayonu qaldırdıq. Bu insanlara Bərdə camaatı mənəvi və maddi dəstək oldu. 3 nəfəri Bərdədə təzə saldığımız qəbristanlıqda dəfn etdik . Bir nəfəri isə atasının istəyilə Laçına yola saldıq. Yanvarın 31- i günü yenə də yarımçıq əməliyyat və 31 şəhidlə döndülər. Xəlil Rzanın oğlu Təbriz də həmin gün şəhid oldu. Həmin günlər bir qrupla da mərhum general Zaur Rzayev köməyə gəlsə də geri qaytardılar. Mühasirədə qalmış Qaradağlı haray çəkib kömək istəyirdi...
/Femida.az/

Ardı var.

Miri Məcidli










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı