Qarabag Media
Haqqımızda Əlaqə

Tağı Əhmədov: `Metroya təsadüfən gəlmişdim...`


Tarix:4-02-2016, 01:37 Kateqoriya:Manşet / Müsahibə

Tağı Əhmədov: `Metroya təsadüfən gəlmişdim...`..Metroya gəlişim öz seçimim olmayıb, təsadüf olub. Əsgərliyə gedənə qədər kənd təsərrüfatı işçisi olmuşam. Xalam oğlu “Metrotikinti”də işləyirdi. Əsgərlikdən qayıdandan sonra mən də ora işə düzəldim. “Metrotikinti”dən sonra isə, gündüz oxuduğuma görə, metropolitenə gecə növbəsinə keçdim və demək olar ki, düz 44 il sərasər, ancaq və ancaq metropolitendə çalışdım.

...Artıq il yarımdır ictimai işlərlə məşğulam, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədriyəm. Memarlıq və İnşaat universitetində əvvəllər saathesabı dərs deyirdim. İndi həmin ali təhsil ocağının ştatlı müəllimiyəm.

...İki institut, bir texnikum məzunuyam. 1981-ci ildə ikiillik ingilis dili kursunu da bitirmişəm. Namizədlik dissertasiyası müdafiə etmək üçün 1997-ci ildə aspiranturaya girmişdim. 1998-ci ildə metropolitenə rəis təyin olunanda, gərək, ölkə prezidenti icazə verəydi ki, sən müdafiə edə biləsən. Mən isə, aydın məsələdir ki, Ulu Öndərə heç cür deyə bilməzdim ki, dissertasiyam hazırdır. Ona görə də Ümumittifaq Dəmiryolu İnstitutuna daxil oldum ki, namizədlik dissertasiyamı Moskvada müdafiə edim, müvafiq sənədləri də götürüm gəlim bura. Sonra elə bir vəziyyət yarandı ki, hörmətli prezidentimiz İlham Əliyevlə görüşəndə şəxsi xahişimi də ona bildirdim. Dedim ki, uzun müddətdir namizədlik dissertasiyam müdafiəyə hazırdır, lakin Sizin xeyir-duanız lazımdır. Ölkə prezidenti “Bilirəm” dedi. “Çoxdan işləyirsən, mövzun nəyə aiddir?” Dedim: “ Metroya aid”. “Onda icazə verirəm, get müdafiə elə”.

...Metroda gecə işləmək mənə ancaq gündüz oxumağa imkan verdi. Başqa heç nə... Gecə işinin də mahiyyəti odur ki, gecə saat 12-dən səhər saat 6 -ya qədər işləyirsən. Səhər saat 6-da gəlib, gündüz 12-yə qədər yatırsan, sonra dərsə də gedə bilərsən, dərsə hazırlaşa da bilərsən və cəmiyyətdə hansı bir sərfəli iş varsa, onu görə də bilərsən...

...Gecə işi bir növ bioloji halı dəyişməkdir. Yəni gecəni gündüzə qatmaq hər adamın işi deyil. Özüm gecə işlədiyim üçün bu gün də gecə işləyənlərin hamısına yazığım gəlir, bu, düz deyil. Gecə onun üçündür ki, yuxu yatasan. Amma inandırıram Sizi ki, metroda çalışdığım 44 ilin düz 18 ilini ancaq gecə işləmişəm, o biri 26 ilində də, vəzifəmlə əlaqədar, yenə gecələr yuxudan durub işə nəzarət eləmişəm...

...18 il gecə növbəsində işlədiyim dövrdə mən iki institut qurtarmışdım. Amma heç cür risk edib deyə bilmirdim ki, mənə vəzifə verin. Fikirləşirdim, yəqin, vəzifə məsələsi belədir ki, hamı səni görür və vaxtı gələndə özləri deyəcəklər.

Fikrət İbrahimoğlu var idi, Kəngərli, Allah ona qəni-qəni rəhmət eləsin, o metropolitenə rəis gəlmişdi. Deməli, ona demişdilər ki, Tağı iki institut qurtarıb. O da çağırdı məni, dedi, niyə işləmək istəmirsən? Dedim, mənə iş təklif edən olmayıb. İşi verdilər, gördülər ki, öhdəsindən gəlirəm. Əvvəl baş usta oldum, sonra stansiya rəisi.

...Mən bir az, həm də, üsyankar olmuşam. Ən yaxın dostum və məndən qabaq metropolitenin rəisi olmuş Cəfər Yusifov məni “Şaumyan” metro stansiyasının rəisi təyin edəndə dedim ki, “Şaumyan” adlı stansiyaya getmirəm və orada işləmək istəmirəm. Başqa yerə verirsən, gedirəm, vermirsənsə, yox. Gec-tez həqiqət yerini tapdı və mənim təşəbbüsümlə “Şaumyan” stansiyasının adının dəyişdirilməsini Bakı şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Rauf Gülməmmədovdan xahiş etdik. Bu ardıcıllıqla “Avrora” stansiyasının adını “Qara Qarayev”, “Şaumyan” stansiyasının adını “Xətai”, “26 Bakı Komissarı” stansiyasının adını “Sahil” qoyduq. Və beləliklə, 5 stansiyanın adı yeniləndi.

...Sonradan xidmət rəisi oldum. Həmin vaxt 30 illik iş təcrübəm vardı, eyni zamanda Yeni Azərbaycan Partiyasının Bakı metropoliteni üzrə sədri idim. 1998-ci il iyulun 27-də məni Prezident Aparatına çağırdılar. Ulu Öndər mənə çoxlu tövsiyələr verdi, 45 dəqiqəlik söhbət mənim üçün, inanın ki, bir həyat dərsi oldu. Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə mən metropolitenə rəis təyin edildim.

...O vaxt dünyada metropolitenlərin heç birində metroda mobil telefondan istifadə etməyə icazə vermirdilər. Adını da qoymuşdular ki, gələn dalğalar insanlara, guya, pis təsir edir. Biz təcrübələr apardıq və məndən sonra Moskva metropoliteni, sonra London metropoliteni bu təcrübəni yaydı. Birinci olaraq, mobil telefondan Bakı metropolitenində istifadə edilib. 1999-cu ildə birinci dəfə metropolitendə videonəzarət kameralarını mən qoydurdum. Zarafat deyil, indi metroda 4000-ə yaxın kamera var. Əgər metropolitendə iynə atsan, iynəni də tapmaq olar.

...Mənim işinin peşəkarı olan jurnalistlərlə heç bir problemim olmayıb. Çünki özüm bu sahəyə yaxşı bələdəm. 13 yaşında texnikumda oxuduğum vaxt “Şərq qapısı”na hər gün məqalə yazırdım. Məqaləni kefdən yazmırdım, qonorar almaq üçün yazırdım. O vaxt, çox sağ olsunlar, yaxşı qonorar verirdilər və bəzən elə olurdu ki, “Şərq qapısı”nda məqaləm çıxan kimi, durub gedirdim redaksiyaya, deyirdim ki, mənim pulumu verin. Bir gün mühasib dedi ki, ay oğul, hələ pul hesablanmayıb. Dedim, mənə dəxili yoxdur, hesablanıb-hesablanmayıb, mən özüm hesablamışam, pulumu verin, pulum yoxdur. Hüseyn İbrahimova Allah rəhmət eləsin, Hüseyn müəllim bir gün bunu gördü, soruşdu ki, bu uşaq nə istəyir? Dedilər ki, Hüseyn müəllim, pul hələ hesablanmayıb, o da qonorarını istəyir. Dedi, bu uşaq gələndə, mütləq, oldu-olmadı, pulunu verin. Yəni mən jurnalistliyə çoxdan bələdəm, amma təəssüflər olsun ki, bu gün aramızda olan jurnalistlərin xeyli hissəsi tam püxtələşmiş jurnalistlər deyil.

...Məsələn, mən metroda işləyəndə, yəqin ki, yadınızdadır, tramvay xətləri sökülmüşdü. Biri sual verdi ki, Tağı müəllim, düzdür ki, deyirlər rels çatışmır, tramvay xəttini söküb metroya rels qoyurlar? Soruşdum ki, qızım, hansı ixtisası qurtarmısan? Dedi, filologiyanı. Dedim, bundan əvvəl Sovetin dövründə hər bir sahənin özünün jurnalisti olurdu, o da həmin sahəni bilirdi. Axı sən bilmirsən ki, R-24 hara, R-50 hara?... Ümumiyyətlə, heç cür mümkün deyil ki, tramvay relsini aparıb metroya qoyasan. Və yaxud, qəzetlərin birində xəbər çıxdı ki, metropolitenin rəisi Tağı Əhmədov öldü, həm də birinci səhifədə. İkinci səhifədə isə nekroloq verilib. Gəldim, o “Slujebnıy roman” filmində olduğu kimi, gördüm, hamı baxıb təəccüb edir... Sevinənlər də oldu, bəlkə də... Bəlkə də çoxları zəng vurub xəbəri dəqiqləşdirməyə cəsarət eləmədi. Götürdüm zəng elədim, “Mühakimə” qəzetinin redaktoru Rəşada. Ancaq bu, Şəmsi Vəfadarın qəzeti idi. O vaxt 3 qəzet buraxırdı. Kimi də nə cür istəyirdi, şantaj eləyirdi. Eşitsin, buradan deyirəm , bir dəfə də üzünə demişəm. Götürdüm zəng elədim: “Salam, Rəşad, xeyir ola, belə bir şey yazmısınız?” Qayıtdı ki, Tağı müəllim, Sizsiniz? Dedim, başa düşmədim, sənin o biri dünya ilə rabitən var? Səsim gəlirsə, deməli mənəm də. Qayıdıb nə desə yaxşıdır: “Mənə dedilər ki, ölmüsünüz”. Dedim, adamın vicdanı olar. Onsuz da, qəzetiniz oxunan qəzet deyil, amma bəlkə, mənim yaxın bir qohumumun, məni istəyən bir adamın əlinə keçərdi?... Bax, ona görə də belə jurnalistlər tənqid yox, təhqir olunmağa layiq jurnalistlərdir. Amma indi Tağı bunları deyəndə, jurnalistlərin hamısı yığılırdılar ki, yox, biz buna qarşı cihad elan edək. Bu, düz deyil.

...Məmurluq mənə hansı dərsləri verdi...Birinci növbədə, arzum budur ki, heç kim skamya arxasından gəlib məmur olmasın. Ondan məmur olmaz. İkinci, məmur olmağımda ən böyük dərsi mənə məndən qabaq işləyən metropoliten rəisləri verdi. Mən, fəhlə olaraq, onların qəbuluna gedəndə fikirləşirdim ki, hansı sözü mənə desələr, mənə xoş olar. Məmur olaraq, indi prezidentimizin dediyi bircə tövsiyəni şüar eləmək lazımdır ki, sən xalq üçün işləməlisən. Xalq sənin üçün işləməməlidir. Metropolitendə işlədiyim dövrdə ancaq və ancaq işçilərin hər birinin qayğısına qalmışam, onların hər biri üçün işləmişəm. Hər birinin xeyrində də, şərində də, yaxşı işində də, ağır vəziyyətində də yanlarında olmuşam və bunu özümə borc bilmişəm. Bir də, yeganə məmur idim ki, mənim rəsmi qəbul günüm yox idi. Depoda olurdum, küçədə olurdum, stansiyada olurdum, harada olurdumsa, metropoliten işçisi orada sualını verirdi, orada da söhbətimiz olurdu. Dostcasına, mehribancasına. Yəni bu gün də o mehribançılıq bizimlə onların arasında var. Odur ki, məmurlar öz işçiləri üçün can yandırmalı, onlar üçün işləməlidirlər, onda onlar yüksələcəklər.

...Hüseyn Cavid haqqında kim yeni bir söz desə, mən onun yazılarının çapına kömək etməyə hazıram və bunu özümə borc bilirəm. Hüseyn Cavidin yoldaşı Müşkünaz xanım atamın bibisi idi, bizim kənddən olub, hamımız ona bibi deyirdik. O, 1976-cı ildə rəhmətə getdi, qəbri nurla dolsun. Və Müşkünaz xanım da Naxçıvandakı məqbərədə dəfn olundu. Müşkünaz xanım Bakıda rəhmətə getmişdi və Bakıda da dəfn oluna bilərdi. Ulu öndər Heydər Əliyev sərəncam verdi ki, Müşkünaz xanımın nəşini birbaşa aparıb Naxçıvanda dəfn etsinlər.

...Niyə Cavidin məqbərəsi Naxçıvanda ucaldıldı? Burada bir incəlik var. Hüseyn Cavidə, guya, Fəxri Xiyabanda yer yox idi? Var idi. Amma bu, Heydər Əliyevin uzaqgörənliyi idi ki, Cavidin məqbərəsini Naxçıvanda inşa etdirdi. Çünki Cavid bütün Turan idi, Cavid bütün Şərq idi, Naxçıvan da Şərqin qapısıdır. Ümummilli liderimiz belə bir qərar qəbul elədi ki, hər Naxçıvandan keçən, mütləq Cavidləri ziyarət etsin.

...Mənim şerlərim çoxdur. Amma kitabım yoxdur, olmayacaq da. Cavidşünas bir nəvəm var. Cavidi o məndən gözəl bilir. İndi universitetdə 2-ci kursda oxuyur. Amma 5-ci sinifdə oxuyandan, hər il oktyabrın 24-ü, Cavidin anadan olan günü, Yasamaldakı Cavid bağında keçirilən tədbirdə iştirak edir. Uzun illərdir, o bağın düzəldilməsində də, işıqların çəkilməsində də böyük təşəbbüsüm olub. Nəvəm həmişə orada şeir deyib. Əlyazmalarım hamısı durur. Yazılarım, şerlərim çoxdur, həddindən artıq çox. Bəlkə 2 kitab da olar, 3 kitab da. Amma ən böyük arzum odur ki, bunların hamısını bir yerə yığıb nəvəm çap elətdirsin. Bu gün ona imkanım da var. Əvvəl metropoliten rəisi idim deyə, düşünürdüm, deyəcəklər ki, Tağı həm də şairlik edir. Amma şairliyə o vaxtdan başlamamışam. 1965-ci ildən bu qələm əlimdədir və yazıram. İlk şerim 1966-cı ildə “Qabaqcıl” qəzetində çıxıb. Paytaxtda isə 1971-ci ildə “Bakı” qəzetində çap olunub. Ondan sonra heç yerə çapa verməmişəm, vermək də istəmirəm. Amma Bakı metrosunun 30, 35, 40, 45 illiklərinə kitablar çıxarılanda orada, mənim şeirlərim də çap edilib.

...Xoşbəxtliyin çox şərtləri var. Birinci növbədə, əgər binanı tikəndə bünövrəni düz götürdünsə, o, axıracan düz gedəcək. Əgər haradasa bir əyinti elədinsə, mütləq, əyiləcək və o bina yerlə-yeksan olacaq. Ona görə, ailədə də, ilkin olaraq, bünövrəni düz götürmək lazımdır. Ailəmizdə bir az uyuşma, həm də onunla bağlıdır ki, həyat yoldaşım Salatın xanım da filoloqdur. Mən filoloq deyiləm, mühəndisəm, amma filologiyaya bəlkə, ondan qabaq başlamışam. Salatın xanım filologiyanı çox gözəl bilir, filologiya üzrə fəlsəfə doktorudur. Tezliklə doktorluq dissertasiyasını da müdafiə edəcək. Mövzusu “Heydər Əliyev və Azərbaycan dili”dir.

... Hansı kişi “mənəm-mənəm” deyib döşünə döysə ki, tərbiyə ilə mən məşğul olmuşam, səhv deyir. Tərbiyə ilə, birinci növbədə, ana məşğul olur və atanın nəzarəti də olmalıdır. Mən, məsələn, kənardan nəzarət eləmişəm, bir dəfə də olsun, heç bir vaxt uşağa qarşı çıxmamışam ki, bunu eləmə. Mən fikirləşmişəm ki, “bunu eləmə” deyəndə, yəqin, fikirləşəcək ki, bu nədir ki, mən eləməyim. Qoy özü dərk eləsin.

...Mən niyə ingilis dili kursuna getmişəm?.. Ona görə ki, uşaq Azərbaycan dilindən, riyaziyyatdan, hansı fəndən desən, mənimlə mübahisə edə bilməz, amma birdən ingilis dilində gələr bir sözü deyəndə mən bilmərəm. Elə fikirləşər ki, ata bilmirsə, deməli, bunu bilməmək də olar. Ona görə ingilis dilini öyrənmişəm. Və böyük töhfəm də o olub ki, oğlum indi ingilis dilini çox gözəl bilir, Xarici İşlər Nazirliyində işləyir. Bir sözlə, ancaq xanımlara minnətdar olmaq lazımdır ailənin tərbiyəsində...
...Şer deməyimi istəyirsiniz? Deyərəm:

Heçdən əsəbiləşmək həyata qəsddir,
Acı dil, qəlb qırmaq, məncə, əbəsdir,
Yüz il qəm-kədərlə yaşamaqdansa,
Əlli il gülüşlə yaşamaq bəsdir.

Dəliyə dedilər ey xərabi-sər,
Bizə ən dəhşətli bir dəli göstər,
O, insan göstərdi, əqli-zəkası,
Zehni-düşüncəsi min alim qədər.
Yaş yüzə çatanda zəka işləmir.
Yaranır beyində təlaş, səs-səmir,
İnsanın qaməti əyilir sanki...


...Mən, metropolitençi olaraq qalıram. Balığı sudan çıxaranda nəfəsi kəsilən kimi, mən metropolitendən bir anlıq aralananda da elə bilirəm ki, nəfəsim gedib-gəlmir. Axı 44 il bir yerdə işləmisənsə, aydın məsələdir ki, ora sənin üçün doğma evdən də doğmadır, ailə kimi bir şeydir. Metropolitendə işləyənlərin hamısına arzum budur ki, metropoliteni qorusunlar, xalqımız üçün qorusunlar, camaatımızın sərbəst gediş-gəlişi üçün qorusunlar. Bu gün Bakını, bir an belə olsun, metropolitensiz təsəvvür eləmək olmaz.

APA.TV










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb