Qarabag Media
Haqqımızda Əlaqə

"Qürbətdə dolaşan qərib ruh" - Zəka VİLAYƏTOĞLU


Tarix:27-01-2016, 11:08 Kateqoriya:Manşet / Qəhrəmanlar

"Qürbətdə dolaşan qərib ruh" - Zəka VİLAYƏTOĞLUYolum yenə Gürcüstanadır. Bu dəfə Gürcüstanın kurort şəhəri Borjomiyə gedirəm. Paytaxt Tiflisdən çıxıb Borjomiyə aparan beton yola düzəlincə sadiq “dostum” olan maşınım da, mən də rahatlanırıq. Yol çox hamar, qüsursuzdur. Bir anlıq xəcalət hissi bürüyür məni, təəssüf hissiylə düşünürəm: necə olur ki, ilk dəfə, bir il öncə keçdiyim bu yolların tək bir parçası da dağılmayıb, uçulmayıb. Yəni bu yerlərə bu bir il ərzində yağışlar yağmadımı, sellər, sular axmadımı? Bu yoldan ağır TİRlər, yük maşınları keçmədimi?.. Və bizim Bakı - Quba beton yollarımız gəlir gözlərim önünə, bax, təəssüfüm də bununla bağlıdır.

Çox da böyük olmayan Bakı-Quba beton yolunda mən və maşınım dəfələrlə hansı çətinliklərlə, rahatsızlıqlarla üzləşmişik, Allah bilir. Böyük “bəh-bəh”lə çəkilmiş bu yol indi necə də bərbad vəziyyətdədir və bizim beton yolumuz Gürcüstanın beton yoluyla heç müqayisəyə gəlməz... Nə isə bu, başqa söhbətin mövzusudur.

Borjomiyə çox az qalıb. Günəş Borjomi dağlarının, meşələrinin arxasında batmağa tələsir, mən isə Borjomiyə yetməyə. Qarşıda maşın karvanı ağır-ağır irəliləyir. Səbrim lap tükənib. Bir az uzaq yolun yorğunluğu, bir az da gözəl Borjomiyə tezliklə yetişmək həvəsi yol hərəkəti qaydasını pozmağıma səbəb olur və düz xətti tapdayaraq, qarşıdakı yük maşınını keçmək istəyirəm. Bu dəm qarşıda avtomobil müfəttişi görünür. Onun işarəsiylə maşını saxlayıram. Yaxınlaşıb özünü təqdim edir. Gülərüz, mehriban, ortayaşlı bir polisdir. Deyir, qayda pozuntusuna görə əlli lari cərimə olunuram. “Canın sağ olsun” deyirəm, gülümsəyərək. Sənədlərimi alır və nəsə yazır. Sonra sənədlərimi qaytararaq “ Simvolik olaraq on lari cərimə yazdım. Bu cəriməni üç gün ərzində ödəyin, əks halda bu məbləğ yüz səksən lari olacaq... Güman edirəm, məndən incimədiniz” – bir daha gülümsəyərək deyir. Böyük razılıq hissiylə vidalaşıb ayrılırıq.

Borjomiyə daxil olunca, Borjomi məni yamyaşıl təbəssümlə qarşılayır. Hər yan sıx meşələrlə əhatə olunub. Yolun sol tərəfindəki dərə boyunca böyük çay axır. Təbiətin gözəlliyi heyran edir məni. Meşələr necə gözəldir, necə qoruyub saxlayıblar ağacları. Yenə ağrı bürüyür qəlbimi; bəs bizim meşələr... meşələrimiz tamam keçəlləşməkdədir... Nə isə, bu da bir başqa söhbətin mövzusudur...

Gürcüstana bu dəfəki səfərimdə əsas məqsədlərimdən biri və birincisi Gürcüstan torpağında qəhrəmanlıqla həlak olmuş bir soydaşımızın abidəsini ziyarət etməkdir. Hər gəlişimdə buna cəhd etsəm də, bu, baş tutmayıb. Əvvəla bu abidənin harada olmasıyla ilgili səhih məlumata sahib deyildim. İnternet vasitəsilə arayıb öyrənmək də, nədənsə ağlıma gəlməmişdi.

"Qürbətdə dolaşan qərib ruh" - Zəka VİLAYƏTOĞLU1987-ci ildə Gürcüstanda baş verən təbii fəlakət zamanı qəhrəmanlıqla həlak olan Rahib Məmmədovdan o zaman bütün ölkə mətbuatı yazır, radio, televiziya xəbərlər yayırdı. Bu vaxtlar mən orta məktəbdə oxuyurdum.
Qeyd edim ki, Rahib Məmmədov 1967-ci ildə Azərbaycanın Ağdam rayonunun Mahrızlı kəndində doğulub.

1987-ci ildə keçmiş sovet əsgəri kimi Gürcüstanda hərbi xidmətdə olarkən, Kür çayının bir qolu hesab edilən nəhəng Rioni çayı daşır və Rahib Məmmədov böyük fədakarlıqla, qəhrəmanlıqla BTR-in köməyilə altımış nəfərdən çox adamı azğın sulardan xilas edir. Hadisə Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində baş verir. Bu fəlakət zamanı Rahib Məmmədov həyatını itirir. Və həmin gün kənddə doğulmuş körpə oğlan uşağına, Rahib Məmmədovun şərəfinə Rahib adı verirlər.

Bu gün, təəssüf hissiylə demək istəyirəm, Azərbaycan gənclərinin böyük əksəriyyəti Rahib Məmmədovun kimliyindən xəbərsizdir. Nəinki Rahib Məmmədovun, eləcə də əksər qəhrəmanlarımızın. Rahib Məmmədov haqqında bir çox gənclərimizə danışarkən, hətta “o kimdir?” sualını dəfələrlə eşitdim.

İki gün Borjominin təmiz havasında nəfəs alıb, doyunca borjomi suyundan içdikdən sonra Poti istiqamətində yola düzəlirəm. İki yüz əlli kilometrlik bir məsafə.

Poti, Gürcüstanın Qara dəniz sahilində yerləşən qədim bir liman şəhəridir. Gürcüstanın digər şəhəri Batumi ilə aralarında, təxminən iyirmi beş kilometrlik məsafə var. Xobi rayonu da Poti yaxınlığındadır və Çaladidi kəndi bu rayona aiddir.

Qəhrəmanlar həmişə maraq dairəmdə olub. Necə olur ki, insan qəhrəman olur və əsasən hansı insanlar qəhrəman olurlar? Və ya insanlar anadan doğularkən onlarla birgəmi doğulur bu qəhrəmanlıq? Bu da istedaddırmı, bacarıqmı, qabiliyyətmidir, nədir?

Qəhrəmanlara sevgim, sayğım sonsuz, tükənməz olub daima və bu, belədir, belə də olacaq.

Məni həmişə düşündürən suallara qismən cavab da tapıram. Düşünürəm ki, bir insan böyük, dahi yazıçı, şair, bəstəkar, müğənni olar, amma böyük insan olmaya bilər. Yəni əxlaqsız, riyakar, hiyləgər, yaltaq, qorxaq, satqın olan çox sənət adamları görmüşük, amma böyük sənətinə önəm vermişik. Qəhrəmanlıq isə, tamamilə fərqlidir. Qənaətim belədir; mənəviyyatı çürük, yaltaq, ikiüzlü, qorxaq, satqın adam heç cür qəhrəman ola bilməz. Bax, sirr də elə bundadır, qəhrəmanlığın sirri...

Yol gedirəm. Sağ və sol tərəfdə yenə meşə zolağı uzanıb gedir. Ətraf aləm o qədər gözəldir, düşünürəm, ilahi, illərlə bu yollarda maşın sürsəm yorulmaram. İçimdə böyük sevgi, qəhrəmanlığa, insanlığa, qəhrəmanımızın ruhuna olan sevgim bu dəm təbiətin bu füsnkar yaşıllığına bələnib. Fərəhimdən uçuram. Qəhrəmanımızın ruhuyla görüşə gedirəm. İnanıram və ümid edirəm, bu ziyarətim, Rahib Məmmədovun bu qərib diyarda dolaşan qərib ruhunu olduqca şad edəcək. Çünki bu ziyarət istəyimin mayasında bir yurddaş, bir soydaş, bir vətəndaş sevgisindən, saf istəyindən başqa bir şey yoxdur.

Hələ Potiyə çox var. Yolda dayanmış iki hərbi geyimli gəncin yanında maşını saxlayıb, Xobi rayonuna aparan yolu soruşuram. İstiqaməti göstərirlər və onları da qarşıdakı rayonlardan birinəcən maşına götürməyimi xahiş edirlər. Etiraz etmirəm. Onlardan biri yanımda, digəri arxada əyləşərək mənə təşəkkür edirlər. Diqqətlə qara Günəş eynəyimin arxasından onların geyimlərinə baxıram. Yox, hərbi geyim deyil. Görünür, başqa sahədə çalışan adamlar idilər. Sadəcə geyimlərini hərbçi geyiminə oxşatmışdım.

Susqunluqla xeyli yol gedirik. Sükutu pozmaq üçün maqnitofonu işə salıram. Azərbaycan musiqiləri səslənir. Yolumuz uzanır, onlar isə hələ maşını tərk edənə oxşamırlar. Bir anlıq düşünürəm: “Qərib yerdə və uzaq, kimsəsiz yolda tanımadığın adamları maşına götürmək yaxşı deyil. Nə bilmək olar, bəlkə bunlar qərəzli adamlardır. Bəlkə ermənilərdir. Azmı olmuş belə şeylər, yolda təsadüfi adamlar sürücünü öldürmüş, maşınını qaçırmışlar. Lənət olsun şeytana, bu fikir ağlıma hardan gəldi? Yoxsa qorxur, ehtiyatmı edirəm? Hanı bəs o qəhrəmalıqla bağlı hisslər, düşüncələr? Vaaay, bir qəhrəmanın ruhuyla görüşə, onun abidəsini ziyarətə getdiyini nə tez unudursan? Özümü qınayır, bu suallarla ittiham edirəm. Və qəfildən öz düşüncələrimə acı-acı gülür və həmişə olduğu kimi tam rahatlıqla düşünürəm: “Olmalı bir şeyin olması labüddür və qaçılmazdır. Buna görə can üzməyə, sıxılmağa, qorxmağa dəyməz. Bir bədbəxt hadisə üçün əmr, göstəriş səni yaradan qüvvə tərəfindən gəlirsə, qaçış, xilas mümkünsüzdür!” Bundan sonra, yalnız Rahib Məmmədov haqqında düşünməyə başlayıram. Xəyalən Çaladidiyə daxil oluram. Abidəni çox gözəl bir məkanda təsəvvür edirəm. Sanki Rahib Məmmədovun özüylə görüşürəm. Əlini sıxır, onu bağrıma basıram. O, indi məndən çox gəncdir. İyirmi yaşında qalıb. Mən isə... Hə, o zaman onun iyirmi yaşı vardı, mənimsə, on beş. İndi yenə də onun iyirmi yaşı var, mənimsə daha çox... Bu düşüncələrdəykən maşındakılar “qabaqda, sağ tərəfdə saxlayın, zəhmət olmasa” deyincə düşüncələrimdən ayrılıram...

Çaladidi kəndinə az qalıb. Yoldakı bir dairəni sola dönüb Poti istiqamətində irəliləməliyəm. İşıqforda dayanınca yaxınlıqda dayanmış bir maşında, sürücünün yanında əyləşmiş bığlı bir gürcü başını yelləyir, əlini qaldırıb mehribanlıqla məni köhnə tanışı kimi salamlayır. Hiss edirəm ki, maşından düşüb mənimlə görüşmək istəyir. Maşını yolun kənarına sürüb saxlayıram. Onun maşından endiyini görüncə, mən də öz maşınımdan enirəm və yaxınlaşaraq ondan Çaladidiyə azmı, çoxmu qaldığını soruşmaq istəyirəm. O mənə cavab vermədən sürücüyə sevinclə rus dilində deyir: “Gördüüün, odur, mənim dostumdur. Sənə dedim axı!”

Gürcü kişi mənə yaxınlaşıb qollarını açır, boynuma dolayır, üzümdən öpür: “Oooo, bico, xoş gəlmisən! Gör, nə vaxtdır görüşmürük!.. Necəsən, nə var-nəyox?.. Gəl, sür arxamızca, gedək yaxşı bir yerdə yeyib-içək!” – deyir.

-Yox, bico, vaxtım azdır, başqa vaxt. İndi mənə təcili Çaladidiyə getmək lazımdır, - deyirəm və özümü o yerə qoymuram, guya həqiqətən biz köhnənin tanışlarıyıq.

-Çaladidiyə burdan on dörd kilometr ancaq olar. Amma ora gedən yol indi xarabdır. Ona görə də bir az uzaq gedəcəksən, heç olmasa otuz kilometr... Ancaq, bico, biz yenidən görüşüb, yeyib-içməliyik. Yaxşı şərabım da var. Get, amma işlərini görüb qurtaran kimi mənə zəng et, görüşək,.. mənim telefon nömrəm səndə var dəəəə?!

-Var, əlbəttə, mən sənə mütləq zəng edərəm, - deyirəm və biz yenidən qucaqlaşıb, köhnə dostyana öpüşərək ayrılırıq. Amma ayrılanacan gülməkdən özümü zorla saxlayıram.

Çaladidiyə aparan yol o qədər də rahat, hamar deyil. Məsafənin azlığı mənə bir az təskinlik verir. Amma necə olsa, mən o kəndə gedib çıxmalıyam və gedib çıxıram da.

Rioni çayının üstündəki nəhəng körpüdən keçib bir qədər sonra sağa buruluram və yaxınlıqdakı dükanın qarşısındakı gürcülərdən Çaladidini soruşuram. Deyirlər, bura Çaladididir.

Rahib Məmmədovun abidəsinin harada olduğunu bilmək istəyincə, “odur, o yük maşınının arxasında” deyirlər. Həyəcanla deyilən istiqamətdə gedirəm və yük maşının arxasında, tozlu, nahamvar yolun düz qırağındakı abidəni görüncə həm sevinir, sanki doğma bir insanı görürəmmiş kimi fərəhlənir, həm də kədərlənirəm. Abidə baxımsız qalıb və ürəkaçan bir yerdə də deyil. Xülasə, mənə lazım olanı tapmışam. Kövrək duyğular hakim olur ürəyimə. Bu dəm mənə elə gəlir, Rahib Məmmədovun ruhu, bax elə burda, başım üstündədir.

Kənardan bir gürcü baxır mənə. Altımışa yaxın yaşı olar. Üzünü tük basıb, qayğılı bir görkəmi var. Mənə yaxınlaşmaq istəyir, ancaq elə bil cürət etmir. Diqqətlə baxır. Mən də ona diqqətlə baxıram və nəhayət o, mənə yaxınlaşır. Mən bir söz demədən o; “Rahib igid adam idi. O, qardaşdır. Heyif ondan. O, gürcü xalqının qardaşı, xilaskarıdır. Biz onu çox sevirik” – rus dilində deyir. Bağışla, bico, rus dilini yadırğamışam, ona görə çətinlik çəkirəm. Onun haqqında biz çox şey bilirik. Amma ən yaxşısını bilən bir qoca var. Onda Rahiblə anasının şəkli də var. Hətta o qoca, Rahib Məmmədova şeir də həsr edib. Əgər istəsəniz mən sizi onun yanına apara bilərəm. O, çox şey bilir. Mən də bilirəm. Bax, Rion çayı o illərdə çox azğınlaşdı. Elə daşmışdı ki, on iki kilometrlik bir ərazini ağzına almışdı. Çox dəhşətli idi. Gördüyünüz bu ərazi bütünlüklə su altında qalmışdı.

Rahib Məmmədov, altımışdan çox adamı xilas etdi.

Vaxtınız varsa gedək Elqucanın yanına, o, sizə çox şeylər danışar.

Bu istiqanlı, sadə gürcünün adı Emzardır, Emzar Kurtanidze. O, məni Elquca Qiqaşvili adlı qoca gürcünün yanına aparır. Elquca Quqaşvilinin evinəcən burdan cəmi bir kilometrdir.

Elquca kişi bağdakı üzüm çardağının altında oturub dincəlirdi. Nimdaş geyimdə qarşımıza çıxıb əlimi sıxarkən utandığını hiss edirəm. Üzr istəyərək evə gedir və geyimini dəyişib yenidən bizə yaxınlaşır. O da Emzar kimi rus dilini yadırğadığını, iyirmi ildir, bu dildə danışmadığını deyir və bununçün üzr istəyir. Sonra bir bükülünü açıb Rahib Məmmədovla anasının fotosunu, ona həsr etdiyi şeirini, hadisənin qısa təfərrüatlarını yazdığı bir parça kağızı çıxarıb stolun üstə yanaşı düzür. Səsi qocalığın təsirindən titrəyə-titrəyə deyir:

-Oğlum, indiyəcən mənim yanıma çox adamlar gəlib. Rahib Məmmədov haqqında çox soruşublar. İnanın, çoxunu qəbul etmək istəməmişəm. Bilirsiz, xəstəyəm, çox üzgünəm, danışamağa heyim belə qalmayıb. Amma sizin qəlbinizə dəymək istəmədim. Uzaq yol gəlmisiz, həm də, doğrusu, ürəyimə yatdınız... İllərdir tənha yaşayıram. Heç kəsim yoxdur. Emzar, sağ olsun, yaxşı adamdır, hərdən mənə baş çəkir, hal-əhval tutur... Dayanın, bir az səbr edin, mən indi gəlirəm, - qoca nə fikirləşirsə, söhbətini saxlayıb bizi tərk edərək evə sarı gedir. Az sonra əlində iki çirkli stəkan və bir litrlik butlkada sarı maye qayıdır. Emzar gülümsəyərək mənə deyir: “Bico, bu feyxoa şərabıdır. Bunu Elquca özü hazırlayır, can dərmanıdır”.

Elquca kişi Rahib Məmmədovdan danışmağa başlayır, Emzarın fikri isə şərabdadır, tez-tələsik stəkanlara şərab süzür və stəkanın birini mənə uzadıb “əvvəl bunu için, sonra söhbət edərsiniz” deyir. Hörmət xatirinə stəkanı alıb yenidən stola qoyuram və maraqla Elquca kişini dinləməyə başlayıram. Emzarsa şərab dolu stəkanı yuxarı qaldırıb fərəhlə deyir: “Mən bu şərabı gürcü xalqının ən yaxın dostu, qardaşı olan Azərbaycan xalqının şərəfinə içirəm!”

Elquca kişi hər ikimizə baxıb gülümsəyir, həvəslə, həyəcanla danışmağa başlayır. Sanki Rioni indicə daşıb ətrafı ağzına götürüb. Danışdıqca qocanın gözləri yaşarır.

- O, altımışdan çox gürcünü seldən xilas etdi. Sonuncu dəfə suya girərkən boğuldu.

-Bəlkə də boğulmaz, ölməzdi Rahib. Adamları siyahıya alan erməni onu aldatmışdı ki, suda yenə adam qalıb, gir, xilas et və o da suya yenidən girərkən boğuldu, - Emzar söhbətə müdaxilə etdi.

- Mən, düz üç gün üzüstə yıxılıb ağladım. Onun ölümünə bütün Gürcüstan ağladı, çariçamız Tamaranın ruhu ağladı. O, bizim xilaskarımız idi. Rahib Məmmədov təkcə Azərbaycanın deyil, Gürcüstanın da əziz övladı, oğludur” – Elquca yanğıyla, həm də fəxarətlə danışır, Rahib Məmmədova həsr etdiyi şeirini oxuyur. Mən sonda bir daha maraqla soruşuram: “Sel fəlakətindən neçə nəfəri xilas etdi Rahib Məmmədov?”

-Çox, lap çox.

-İyirmi səkkiz göstərilir, bütün yazılarda, xəbərlərdə, - deyirəm.

-Xeyr, - etiraz edir. Çox idi, altımışdan çox idi. Bu, yanlışdır.

- Xilas edilənləri siyahıya alan erməni olub, görünür, o, bilərəkdən az yazıb, adamların sayını, - Emzar söhbətə qarışır və erməniləri lənətləyir.

Cəmisi bir saatlıq maraqlı görüşdən sonra təzə dostlarımdan ayrılıram. Buraların istisinə dayanmaq mümkün deyil, yenidən sərin Borjomiyə qayıtmaq qərarına gəlirəm. Ayrılarkən Elquca kişi Emzarın əlinə bir səbət verir ki, bağdakı meyvələrdən mənimçün dərsin. Etiraz edirəm, amma o, əl çəkmir. Hətta özü də mənimçün alça, gavalı, fındıq dərməyə başlayır.

Bağın bir tərəfində uzun bir arx var, bəlkə də arx deyil, mən arxa bənzədirəm, amma Emzar deyir, bu, Elqucanın balıq vətəgəsidir. Burda qəşəng, dadlı sazanlar var. Əgər bir neçə saat da ləngiyə bilsəm, məni balığa da qonaq edəcəklər. Balıq həvəskarı olsam da onlara əziyyət vermək istəmirəm və yola düzəlirəm. Ayrılarkən hər iki gürcü dostum boynuma sarılır. Elquca kişinin gözləri yaşarır, arxamca uzun-uzadı əlini yelləyir.

"Qürbətdə dolaşan qərib ruh" - Zəka VİLAYƏTOĞLUÇaladididən çıxhaçıxda bir daha Rahib Məmmədovun abidəsi önündə dayanır, abidənin hissiz, duyğusuz, soyuq gözlərinə baxıram və elə bil, qəfil bu gözlər işıqlanır, hərəkətə gəlir, qəriblikdə ürəyi sıxılmış, darıxmış bir qəribin gözlərini xatırladır. Bu gözlərə baxa-baxa ürəyimdə, beynimdə kədərli bir şeirin misraları qanadlanır. İllər öncə oxumuşdum bu şeiri və hətta musiqi də yazmış, nəğməyə çevirmişdim. Nakam Azərbaycan şairi Əhməd Cavadın bu şeiri elə nəğmə kimi də səslənir ürəyimdə, ruhumda:

Əgər sizin eldə varsa bir qərib
Baxın, gözlərində nə var, axşamlar
Qəribin halını vətəndən əsən
Tanrının yelləri sorar axşamlar!


Zəka VİLAYƏTOĞLU










SON XƏBƏRLƏR
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil
Əkrəm İmamoğlunun qələbəsi tanındı – SON DƏQİQƏ
Türk deputat İrəvanda erməniləri susdurdu: "Qarabağ Azərbaycanındır"
Mahir Abbaszadə seçiciləri ilə görüşdü - FOTOLAR
Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - ŞİKAYƏT
AKP rəsmən İstanbulda təkrar seçki tələb edir
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşmasından DANIŞDI
"Belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü?"