Qarabag Media
Haqqımızda Əlaqə

Daşlardan silinsə də...


Tarix:5-10-2015, 10:30 Kateqoriya:Manşet / Tarix

Daşlardan silinsə də... Monumental incəsənət nümunələri və İslam abidələri ermənilər tərəfindən niyə dağıdılır

Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizminin qarşısını almaq üçün beynəlxalq təşkilatlar abidələrin mühafizəsinə nəzarət işlərini həyata keçirməlidirlər. Çünki Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Onların əsas məqsədi işğal altında saxladıqları ərazilərdə Azərbaycan tarixini silməklə özlərini bu torpaqların qədim sahibləri kimi təqdim etməkdir.

Ermənistanın siyasi dairələri artıq bu əraziləri tarixi və mədəni baxımdan da erməniləşdirmək üçün illərdir ki, ardıcıl və davamlı fəaliyyət planı həyata keçirir. Toponimlərin, inzibati yaşayış mərkəzlərinin adlarının dəyişdirilməsı, tarixi şəxsiyyətlərin, o cümlədən dövlət və hərbi xadimlərin, Sovet İttifaqı qəhrəmanlarının, Milli qəhrəmanların, görkəmli elm və incəsənət adamlarının həyatı ilə bağlı qurmalar və mənzillər üzərindən azərbaycanlıların adlarının ləğv edilərək milliyyətcə ermənilərin adları ilə əvəzlənməsi, monumental abidələrin və xatirə nişanlarının, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı olan məşhurların həyatlarını əks etdirən lövhələrin, heykəltəraşlıq əsərlərinin sökülərək erməni mədəniyyət nümunələri və heykəlləri ilə dəyişdirilməsi, İslam dini abidələrinin, o cümlədən qəbiristanlıqların, qəbirüstü abidələrin, qəbir daşlarının tamamilə dağıdılaraq yerlə yeksan edilməsi, memarlıq abidələri üzərindən türk simvollarının və digər bədii daş nümunələrinin məhv edilməsi və ya götürülərək ərazidən çıxarılması işləri və s. onların fəaliyyət planına daxildir.

Ermənilərin bu vandallıq siyasəti nəticəsində Azərbaycanın çox böyük sayda monumental incəsənət, tarixi və İslam dövrü abidələri tamamilə sıradan çıxarılmışdır. Ərazidə baş alıb gedən bu cür özbaşınalıqları və vandallıq hərəkətlərini, hətta bəzi erməni ekspertləri, analitikləri və jurnalistləri də dolayısı ilə etiraf edirlər.
Nəzarətsiz qalmış ərazilərdə tarix və mədəniyyət abidələrinin korlanmasına və ya tamamilə dağılmasına ermənilərin vandallıq hərəkətlərindən başqa, digər təbiət hadisələri də səbəb ola bilər. Problem ondadır ki, təbiət hadisələri zamanı uçan abidələrin tikinti quruluşlarına, ornamental və bədii işləmələrinə, divar yazılarına o qədər də zərər dəymir və abidələrin bərpası zamanı ona aid ornamental nümunələr və s. tələb olunmur. İşğal zamanı abidələrə qarşı məqsədli şəkildə tətbiq edilən vandalizm aktları nəticəsində isə abidənin forması tamamilə dəyişdirilir və mövcudluğu şübhə altına alınır. Buna misal olaraq Ağdam şəhərinin bağ və parklarında olan heykəltəraşlıq nümunələrini, xatirə abidələrini, Şuşa şəhərindəki böyük tarixi əhəmiyyətə malik bina və qurğuları, Molla Pənah Vaqifin xatirə kompleksini, Laçın rayonunun Güləbird kəndindəki Azərbaycanın bayatı janrının ustadı Sarı Aşığın və Laçın şəhərinin mərkəzində tikilmiş Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidələrini göstərmək olar. Bütün bunların əvəzində isə ermənilər Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Xocavənd, Qubadlı ərazilərində, I Qarabağ döyüşlərində "fərqlənən" erməni terrorçuların xatirələrini əbədiləşdirmək üçün xatirə abidələri tikir, kriminal aləmdə tanınmış ermənilərin heykəllərini qoyurlar.

İşğal altındakı inzibati yaşayış mərkəzlərində azərbaycanlılara məxsus heykəllərin dağıdılması xüsusi üsulla həyata keçirilir. Monumental xatirə abidələrini isə əksər hallarda sökmür, onların üzərindən lövhələri və barelyefləri çıxararaq erməni dilində yazı lövhələri və barelyeflərlə əvəz edirlər.
Dağlıq Qarabağ və yeddi ətraf rayonu etnik təmizlənməyə məruz qoyan Ermənistan hökuməti bir daha bu ərazilərdə azərbaycanlıların yaşamayacaqlarına özlərini inandırmağa çalışır, kənd və şəhərlərin xarabalıqlarında və turizm üçün əlverişli yerlərdə erməni xaçları ilə bəzədilmiş monumental incəsənət abidələrinin tikintilərini ilbəil genişləndirirlər. Məqsəd gələcək nəsillərə bu ərazilərin tarixi erməni torpaqları olması görüntüsünü yaratmaqdır.

Təcavüz nəticəsində işğala məruz qalan ərazilərdə əsrlər boyu mövcud olan mədəni dəyərlərin qorunması və eləcə də memarlıq, incəsənət, tarixi abidələrin mühafizəsi və onlara dəymiş zərərlərin qiymətləndirilməsi bu gün Azərbaycan xalqının qarşısında təxirəsalınmaz bir vəzifə kimi durur. 2012-ci ildə Parisdə keçirilən UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul edilən sənəd imkan verir ki, ölkəmiz törətdiyi cinayətlərə görə Ermənistana qarşı beynəlxalq təşkilatlar vasitəsilə sanksyaların tətbiq edilməsini tələb etsin.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitə tərəfindən müzakirə olunmasına 2012-ci ildə Azərbaycan təşəbbüs göstərib. Qərara əsasən, katiblik işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına aid müvafiq sənədin hazırlanmasını tələb edib. Sənəddə "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası, onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, onların həyata keçirilməsi mexanizmləri və digər aspektlər yer alıb.

Təhlükəli məqamlardan biri son zamanlar ermənilər tərəfindən Azərbaycanın milli-mədəni dəyərlərinin mənimsənilməsi prosesinin daha da gücləndirilməsidir. Artıq dünyanın bir çox aparıcı dövlətlərinin sərgi pavilyonlarında Azərbaycan mətbəxinin bəzi nümunələri erməni məhsulları kimi nümayiş etdirilir. Bir çox ölkələrdə isə Azərbaycan xalqına məxsus rəsm əsərləri, bəzək əşyaları, bədii toxuculuq, təsviri sənət nümunələri, mozaikalar, əlyazmalar, vitrajlar (rənglı şüşələrdən düzəldilmiş şəkil və ya naxışlar), musiqi əsərləri, abidələr ermənilərin milli-mədəni dəyərləri kimi təqdim edilir. Bütün bunların vaxtında qarşısı alınmasa, getdikcə daha təhlükəli bir prosesə çevriləcəkdir.

Bütün bunlar erməni vandalizminin geniş vüsət aldığı indiki şəraitdə işğal altında olan ərazilərdəki tarixi mədəni irsin tədqiqini zərurətə çevirir. Qarabağ abidələrinin Azərbaycan mədəniyyətinin inkişafında böyük rolu var. Erməni əsirliyində olan milli-mədəni dəyərlərimizin müasir dövrdə Azərbaycanın tarixi mədəni irs potensialının əsasını təşkil etdiyini gənc nəslin daim diqqətinə çatdırmaq vacib məsələlərdən biridir.

İşğal altında qalan tarix və mədəniyyət abidələrinə dəyən zərərlərin qiymətləndirilməsi də əsas problemlərdəndir. Onların qorunması və istifadəsi təcrübəsi, demək olar ki, bir sıra ciddi nöqsanlarla üzləşir. Bu gün həm də sübuta ehtiyac yoxdur ki, memarlıq irsindən istifadə onun saxlanılmasının ən yaxşı üsullarından biridir.

Memarlıq abidələri dedikdə, əsasən öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları başa düşülür. Bu qrupa qalalar, siklon tipli memarlıq abidələri, körpülər, karvansaralar, malikanələr, saraylar, məscidlər, türbələr, su dəyirmanları, kahalar, qara damlar və ev damları; sovmələr, bazilikalar, kilsələr və monastırlar; xüsusi quruluşa malik fərdi evlər, hərbi istehkamlar, mədəniyyət sarayları, ictimai binalar, ticarət mərkəzləri; elm, təhsil və nəqliyyat müəssisələrinin binaları, o cümlədən heykəllər, qəbirüstü abidələr, bədii incəsənət nümunələri və s. daxildir.

Memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləridir. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınmışdır. Beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olmuşdur. Ermənilər hətta Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı əbədi nifrətlərini nümayiş etdirirlər. Onlar qəbiristanlıqların mərmər daşlarını söküb formalarını dəyişərək onlardan kənd və qəsəbələrdə inşa etdikləri bağ və parklarda bəzək daşları kimi istifadə edirlər.

Məhz bu səbəbdən işğal altında qalan bu abidələrə dəyən zərərlərin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır və bu qiymətləndirmədən sonra xalqın mənəviyyatına vurulan zərərin həcmini müəyyən etmək mümkün olacaq. Abidələrə dəymiş zərərlər beynəlxalq qiymətləndirmələrə uyğun aparılmalıdır. Təbii ki, işğal faktoru bu zaman oradakı abidələrə baxış keçirilməsinə mane olur. Çünki qiymətləndiricilər bu proses zamanı müxtəlif arxivlərdən abidənin daxili və ya xarici interyerində bədii obraz keyfiyyətinin mürəkkəbliyini müəyyənləşdirmək üçün məlumatlar əldə etməlidirlər. Həmin məlumatlar abidənin memarlıq xüsusiyyətləri və tikinti üslubu üzərində təhlillər aparmağa şərait yaradır. Bundan başqa, xarici ölkə arxivləri və digər informasiya mənbələri araşdırılacaq, eləcə də kosmosdan müşahidələr aparmaqla nəzərdə tutulan dəlilləri əldə etmək mümkün olacaqdır.

Bütün bunlar həm də Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərin ödənilməsi zərurətini yaradır. Belə ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir.

Faiq İSMAYILOV,
Nazirlər Kabineti yanında İtki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun üzvü










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı