Qarabag Media
Haqqımızda Əlaqə

"O çörək istəyən qaçqınlar var ha, dövlət onların hərəsinə gündə iki dənə pulsuz çörək verir" - DEPUTAT


Tarix:16-01-2016, 21:45 Kateqoriya:Manşet / Müsahibə

"O çörək istəyən qaçqınlar var ha, dövlət onların hərəsinə gündə iki dənə pulsuz çörək verir" - DEPUTATAğcabədidə iş və ucuzluq istəyən əhalinin etirazlarına cavab olaraq yanvarın 15-də icra hakimiyyətində görüş keçirilib. Görüşdə yazıçı, həmin bölgədən deputat seçilən Aqil Abbas da iştirak edib.

Karabakhmedia.az Aqil bəyin Azadlıq Radiosuna verdiyi müsahibəni təqdim edir:

- Aqil bəy, Ağcabədidə işsizliyə, bahalığa etiraz əlaməti olaraq intihara cəhd də olub. Narazı insanlarla görüşmüsünüzmü, maraqlanmısızmı nə baş verir deyə?

- Mən yarım saat bundan qabaq həmin o qaçqınlarla görüşmüşəm (dünən - red.). Üç saat çəkib görüş. Görüşdə həm də Xocavəndin, Ağdamın, Ağcabədinin icra başçıları iştirak edirdilər. Həm də dövlətin sosial problemləri ilə məşğul olan orqanlarının rəhbərləri. Ora 200-ə qədər insan dəvət edilmişdi. Qapı açıq idi, kim istəsəydi gələ bilərdi. Orda problemlər qaldırıldı, müəyyəni haqlıydı, müəyyəni haqsız idi. İnsanlara izah olundu ki, bu budu, bu da bu. Ağcabədidə 3 nəfərin damın üstünə çıxıb etirazını bildirməsi söhbəti-filan vardı. İndi o söhbətlər bitdi getdi. İndi orda əmin-amanlıqdır. İnsanlar öz sözlərini dedilər, dövlər adamları o sözləri eşitdilər və görəcəkləri tədbirlərlə bağlı danışdılar. Artıq una görə ƏDV ləğv edilidi. Mən sizə səmimi deyirəm, burda bir az təxribat da var. Yəni müəyyən adamlar insanların hissləri ilə oynayıblar. Hətta özləri də etiraf etdilər. İndi bütün dünyada böhran var, eləcə də Azərbaycanda. Amma bunu bu gün... əldə bayraq eləmək olmaz.

- Təxribata kim çəkib həmin insanları?

- Qoy bunu hüquq-mühafizə orqanları axtarsınlar.

- İndi necədir vəziyyət rayonda?

- O çörək istəyən qaçqınlar var ha, dövlət onların hərəsinə gündə iki dənə pulsuz çörək verir. Kartları var, çörəyin pulu ora oturdulur. İkincisi, siz məcburi köçkün deyilsiniz. Ayda nə qədər işıq pulu, qaz pulu verirsiniz?

- 20-30 manat. Qışda bir az çox.

- Siz yəqin birotaqlı evdə qalırsınız. Qaz pulu, işıq pulu, su pulu ayda 170-180 manat edir. Bəlkə də bir az çox. Bir qaçqın ailəyə zəng vurun öyrənin. Bu dövlət bunları qaz, işıq, su pulundan azad edib. Üçüncüsü, məcburi köçkünlər evlə təmin olunublar. İndi... Təbii ki, işsizlik problemi var. Bu problemin həlli yolunda da fikirləşirlər. Burda süd kombinatı tikirlər, emal kombinatı-filan tikirlər. İmkan daxilində çalışırlar insanları işlə təmin etsinlər. Mən sizə bir söz deyim. Ağcabədidə 167 tibb işçisi – həkim və tibb bacısı çatışmır. Gedib Bakıda oxuyub, elə orda da qalıblar. İşsizliyin müəyyən səbəbləri var. Bunu dövlət planlaşdırmalıdır ki, bir belə müəllimə diplom verilməməlidir. Nə qədər müəllim olar? Amma bunları qoyuram qırağa. Bu camaatın dediklərini, Allah qoysa, parlamentin iclasında çatdıracam dövlətin nəzərinə.

- Bu adamların başlıca problemi işsizlikdir. Bu problemin həlli haqqında konkret nə deyildi?

- İş yeri tikirlər, sahibkarlar da yer açır ki, camaatı işlə təmin etsinlər. Amma hamını işlə təmin etmək... Amerikada hamı işlə təmin edilib? Ya İngiltərədə, ya Fransada, ya qardaşımız Türkiyədə? Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ək, ailəni saxla. Məsəl üçün deyirəm ha bunu. Məndə istəyərəm hamı işlə təmin olunsun. İşsizlik problemi ölkədə var, bunu kimsə danarsa, axmaq adam olar. Sadəcə, bütün dünyada gedən iqtisadi böhran var, problemlər var. Hətta Obama da problemlərdən danışdı, Amerika kimi dövlətin başçısı. Amma bunu şişirtmək olmaz. Orta məktəbdə 20 müəllim işləməlidirsə, 21-ciyə ehtiyac yoxdur axı...

İntihar etmək istəyən Ramil Allahverdiyevə iş verilidimi?

- Mən o adamlarla görüşdüm. Özünü atmaq istəyən olmayıb orda. Sadəcə, etirazlarını bu şəkildə nümayiş etdiriblər. Özünü hara atırdı? Niyə atırdı? Biri aclıqla etirazını çatdırır, biri deyir özümü öldürəcəm, biri deyir Ermənistan vətəndaşı olacam. O da etirazını çatdırdı. Atmadı axı özünü. Onun anasıyla görüşdüm. Şəxsən görüşmədim amma. Anası da tədbirdəydi, sözünü dedi. Sənin 38 var, cavan oğlansan... Ağcabədidə bilirsiz nə qədər sənətkar lazımdır? Bənna, rəngsaz, maşındüzəldən, ev tikən, dərzi. Hamı ev tikir, amma usta tapmır. Hamı deyir ki, direktor olum.

- Ramil deyirdi ki, tikintidə işləyib vaxtilə, indi tikinti sahəsində iş yoxdur. Özü də o direktor yox, süpürgəçi olmağa belə hazır olduğunu söyləyirdi.

- Mənə müraciət etsin, mən ona Ağcabədidə iş tapım... Problemsiz ölkə yoxdur. Bunun həllinə də ölkə çalışır. Mənim fikrimcə, orta sahibkarlıq inkişaf etsə, işsizlik problemi də həll olunar.

- Orta sahibkarlığın inkişafı üçün şərait varmı? Buna imkan verilirmi?

- Buna imkan... Sonuncu müşavirədə də prezident danışdı, sahibkarlığın inkişafı üçün imkanlar artırılacaq. Bəzi rayonlarda buna imkan yaradılıb, bəzilərində yox, şəxsi maraqlar öz işini görür. Mən deyə bilmərəm rüşvət yoxdur. O şəxsi maraqlarla bağlı möhtərəm prezident hamını silkələdi, yəqin daha ciddi tədbirlər görüləcək bundan sonra.

- Sizcə, bu addımlar bir qədər əvvəl, neft ucuzlaşmadan öncə atılsaydı, islahatlar aparılsaydı yaxşı olmazdımı? Indi nə insanlar etiraz edərdi, nə dövlət narahat olardı...

- Neft söhbəti nağıl söhbətdir. Amerikanın və Avropanın Rusiyaya qarşı hücum planıdır, neft də ucuzlaşır. Rusiyanı çökdürmək istəyirlər, Rusiyanın zibilini Azərbaycan da çəkir. Rusiyanı çökdürsələr, düzələcək, çökdürə bilsələr əgər, məncə çökdürə bilməyəcəklər amma. Sözüm onda yox. 1970-80-ci illər Azərbaycanın ən inkişaf etmiş vaxtı idi, bu millət kənd təsərrüfatının hesabına milyoner olub.

- Həmin dövrdə Azərbaycan vətəndaşları mağazada yağ tapmırdılar, Ermənistandan, Gürcüstandan alırdılar. Sonra da ət-yağ talonla oldu.


- Bircə dəqiqə, SSRİ-də də yağı talonla alırdılar, pulsuz verirdilər? Gürcüstanda çölə tökmüşdülər elə gələn aparırdı? Ya Ermənistan guya kef edirdi? Azərbaycan həmişə ermənilərdən də, gürcülərdən də yaxşı yaşayıb. Bircə ət-yağ talonla olub. Bu da Sovet İttifaqının hər yerində olub. SSRİ-nin yağ problemi idi. Bütün dünyada iqtisadi böhrandırsa, Azərbaycan ondan çıxa bilər? İndi gedin baxın...Bəli, Gürcüstanda qiymətlər Azərbaycandan aşağıdır, çünki pul da yoxdur Gürcüstanda.

- Amma orda orta aylıq əməkhaqqı Azərbaycandan çoxdur. Gürcüstanda 387 dollardır, Azərbaycanda isə 296 dollar.

- O faktı göndərin mənə, doğru olsa sizdən üzr istəyəcəm. Nə təhər artıqdır, hə? Gürcüstana gedirəm də, Azərbaycanda orta səviyyəli adam orda milyoner kimi yaşayır. Gürcüstanda qiymət aşağıdır, hə, çünki orda pul da yoxdur. Rüşvət vermirlər. Pul yoxdur çünki. Pul var ki rüşvət versinlər?..

- Qayıdaq Azərbaycana, onun bölgələrinə. Həmin camaata son sözünüz nə oldu?

- Camaat da sözünü dedi, biz də. Camaat da həmin o 3 gənci qınadı. Qınadılar ki, sözlərini rəsmi qurumlara deyə bilərdilər. Bu, təxribat idi. Orda məndən 4 dəfə qəşəng geyinmiş (sağlığına qismət), sifətinə çırtma vursan qan daman (amma mənə çırtma vursan, qan dammaz) adam deyir ki, Aqil Abbas kefdədir. Mənim beş bacım, qardaşım qaçqındır, bütün nəslim, ana tərəfim qaçqındır, çöllərdədir. Mənə deyir ki, kefdədir. Mən kefdəyəm, ... Üzünü həm də mənə tutub deyir k, hələ həqiqi söz danışmayıb bunlar. (əsəbiləşir - red.) Mən ömrümdə səhv söz danışmamışam, ürəyimdən gəlməyən sözü deməmişəm. Elə sözlər demişəm ki, heç hökumət də bir batman balla yeyə bilməz. Sən bunu kimə deyirsən?.. Yəqin o söhbət də çəkilib, Youtube-a qoyulacaq.

Karabakhmedia.az










Elbeyi 17 Ocak 2016 01:51
       
Çox hörmət etdiyimiz Aqil müəllimin müsahibəsini oğodum.Mənə bəzi məqamlar aydın olmadı.
Laçın rayonunun sakinləri Ağcabedi qış yataqlarında məskunlaşıb. Taxta-Körpü qəsəbəsinin obalarında hansı qaçqına ev tikilib, Görəsən bu suala necə cavab verə bilər
Roma 18 Ocak 2016 07:11
       
Aqil bəy müsahibəsində deyir ki,işıq pulu,su pulu və qaz pulu ayda 170-180 manat eləyir.Mən bununla razılaşıram.Amma Aqil bəydən soruşuram:Ayda 200 manat maaş alan və özünün dediyi kimi,aldığı maaşın 170-180 manatını işığa,qaza və suya ödəyən müəllim yeməyi və geyməyi,ailəsini dolandırmağı necə və hansı yolla təmin etməlidi.Görəsən Aqil bəy özü və deputat həmkarları bu maaşşla, indiki qiymətlərlə yaşaya bilərlərmi?
SON XƏBƏRLƏR
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil
Əkrəm İmamoğlunun qələbəsi tanındı – SON DƏQİQƏ
Türk deputat İrəvanda erməniləri susdurdu: "Qarabağ Azərbaycanındır"
Mahir Abbaszadə seçiciləri ilə görüşdü - FOTOLAR
Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - ŞİKAYƏT
AKP rəsmən İstanbulda təkrar seçki tələb edir
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşmasından DANIŞDI
"Belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü?"