Qarabag Media
Haqqımızda Əlaqə

Son döyüşündə “geriyə yol yoxdur” əmrini vermişdi...


Tarix:11-06-2018, 12:31 Kateqoriya:Manşet / Qəhrəmanlar / Gündəm

Son döyüşündə “geriyə yol yoxdur” əmrini vermişdi...“...6 yanvar 1994-cü il. Horadizdəyik. Rotamızın hamısı bir yerdədir. Səngər qazırıq. Saat 12:20-də başlanan əks-hücum dəf olundu...

07.01.94. Güclü atışmadan sonra düşmən qüvvələri qaçırlar. Horadizdən sonra 4 kənd keçdik. Amma sonra birini geri qayıtdıq...

08.01. 94. Kəşfiyyata getdik. Sığınacaq üçün boş ev tapıb gecələdik. Səhər hissəmiz mövqeyini möhkəmlətdi...”.


Bunlar şəhid Milli Qəhrəmanlarımızdan birinin gündəliyindəki son sətirlərdir. Görünür, şəhid olduğu günə qədərki 5 sutka ərzində ermənilərlə döyüş daha da gərginləşdiyindən, rəhmətlik gündəliyini davam etdirə bilməyib. Həlak olmasından, təxminən, bir ay öncə həmin gündəliyi mən də vərəqləmişdim...

“Uzaqdakı Kirs dağına baxanda gözləri yaşardı...”

Onun xoş sorağını uşaqlıqdan eşidirdim. Qonşu Unannovu kəndindən idi. Amma orta məktəbi bizim kənddə - Laçın rayonunun Ağanus kəndində bitirmişdi. Erkən yaşlarından ata-anasını itirib nənəsinin himayəsində ağır şəraitdə böyüdüyünü, hələ Laçında ikən ermənilərə qarşı savaşlarda igidlik göstərdiyini bilirdim. Həmin gün isə birinci dəfə idi ki, onunla belə yaxından söhbət edirdik. Birinci və təəssüf ki, sonuncu dəfə...

Son döyüşündə “geriyə yol yoxdur” əmrini vermişdi...

1993-cü il 12 dekabr. Erməni hərbi birləşmələri ilə döyüşlərin ən qızğın vaxtı. Füzuli rayonunun Böyük Bəhmənli kəndi. Bakıdan Laçın Polis Şöbəsinin rəisi (hazırda Laçın Rayon İcra Hakimiyyətinin başçısı) Akif Səlimovla birgə gəlmişdim. Polislərimiz kənddəki evlərin birində yerləşmişdilər. Rəis məni döyüşçülərə təqdim etdi. Tanıdıqlarımdan öncə yaxınlaşıb boynumu qucaqlayan İsrafil oldu. Doğma kənddəki günləri xatırladı. Sevimli müəllimləri olmuş ata-anamı soruşdu. Uzaqda Şuşa, Laçın tərəfdə görünən Kirs dağının zirvəsinə baxanda gözləri yaşardı. Axşam kerosin lampası işığında sonradan şəhid olmuş həmkəndlim Mehman Mərdanovla və digər döyüşçülərlə birgə çörək kəsdik.Yenə Laçından, el-obamızdan uzun-uzun danışdıq. İsrafil öz cəbhə gündəliyini göstərdi. Amma bir hissəsini itirdiyindən, təəssüfünü ifadə etdi. Nə qədər təkid etdimsə, müsahibəyə, haqqında məqalə yazmağa razı olmadı. Dedi ki, tanınmaq, şöhrətlənmək üçün döyüşmür, zabit olsa da, özünü buradakı sıravi döyüşçülərdən biri hesab edir. Bu dərəcədə sadə, təvazökar insan idi İsrafil... Halbuki, onun göstərdiyi igidliklər artıq 1988-ci ildən bu yana Laçın, Şuşa, Qubadlı camaatına bəlli idi...

Salatının qisasını alacağına and içdi və...

1989-cu ilin avqustunda Laçının Qayğı qəsəbəsi ərazisindən Şuşanın erməni quldurlarının yuvasına dönmüş Kirov kəndinə keçmək istəyən iki yaraqlının yaxalanması məhz İsrafilin rəşadəti sayəsində baş tutmuşdu. 1991-ci ildə cəsur jurnalist Salatın Əsgərova qətlə yetirildikdən sonra onun qisasını alacağına and içən İsrafil qardaşı Rəsulla birlikdə 12 erməni quldurunu юлдцрмцшдц. Həmin ilin mayında isə Qaladərəsi və Kirov kəndlərinin erməni quldurlarından təmizlənməsində fəal iştirak etmişdi. Bütün bu igidliklərinə görə Laçında ilk dəfə İsrafil Şahverdiyev Sultanbəy mükafatına layiq görülmüşdü. Laçının işğalı günü- mayın 18-də İsrafil təkbaşına rayon mərkəzinə girmiş, düşmən qüvvələri haqqında məlumat toplayaraq geri qayıtmışdı. 1992-ci ilin yay-payız aylarında Kəlbəcər istiqamətində kəndlərimizin geri alınmasında, Hoçaz yüksəkliyinin fəthi və müdafiəsində, yüksək rütbəli erməni zabitlərinin ələ keçirilməsində və s. göstərdiyi şücaətlər saysız-hesabsızdır...

Cəbhə xəttində qəhrəmanla söhbətləşdiyim həmin gecə saat 3-4 radələrində həyəcan siqnalı verildi. Və İsrafil başda olmaqla bir qrup polis ön xəttə göndərildi. Onlarla getməyə cəhd etsəm də, icazə vermədilər. Ertəsi gün qərargah rəisi Çingiz Abbasovla birgə Laçın polislərinin düşmənlə üzbəüz dayandığı səngərlərdə olduq. Ancaq İsrafil və Mehmanla bir daha görüşə bilmədim. Bakıya çatanda məlumat aldım ki, Laçın polisi, o cümlədən İsrafil Şahverdiyevin rotası düşməni ağır itkilərə məruz qoyub. Ancaq polislərimizdən də bir neçəsi şəhid olmuşdu. Respublika prezidenti Heydər Əliyevin fərmanı ilə bir qrup Laçın polisi “Azərbaycan bayrağı” ordeni ilə təltif olundu. Həmin günlər göz yaşları içində qəhrəman polislərimizə, o cümlədən İsrafilə həsr etdiyim “Azərbaycanlılar vuruşmağı bacarır” başlıqlı yazı yazdım. Bir ay keçməmiş yenə də bir neçə polisimizin, o cümlədən Mehmanın, ardınca isə İsrafilin də şəhid olması barədə xəbərlər bizi daha çox sarsıtdı.

Son döyüşündə “geriyə yol yoxdur” əmrini vermişdi...

1994-cü il yanvarında ordumuzun uğurlu məşhur Horadiz əməliyyatından sonra ermənilər əks-hücumlarını genişləndirirdilər. Yanvarın 13-də İsrafilin rotası Horadiz-Cəbrayıl istiqamətində düşmənin növbəti hücumunu dəf edirdi. Cəsur komandir “geriyə yol yoxdur” əmrini vermişdi... Atəş od kimi yağırdı. Birdən İsrafil yaxınlığındakı pulemyotçumuzun yaralandığını gördü. Fədakar zabit əsgərini xilas etmək istəyərkən özü ağır qəlpə yarası aldı və bu etibarsız dünyaya gözlərini yumdu.

Son döyüşündə “geriyə yol yoxdur” əmrini vermişdi...

Qardaşı Rəsul tez-tez o vaxt çalışdığım redaksiyaya gəlirdi. İsrafilə şəksiz-şübhəsiz layiq olduğu Milli Qəhrəman adının verilməsi bəzi rüşvətxor məmurların ucbatından müşkülə dönmüşdü. Rəhmətlik çox yanırdı bu haqsızlığa... Nəhayət, 15 yanvar 1995-ci ildə respublika prezidentinin fərmanıyla İsrafil Şahverdiyevə Milli Qəhrəman adı verildi. Amma qardaşı Rəsulu müharibənin ağrı-acısı, Qarabağ, Laçın həsrəti, bir yandan da qardaş itkisindən sonra bürokrat, rüşvətxor məmurların qapılarında keçirdiyi əsəb sarsıntıları yaşamağa qoymadı. 1995-ci il martın 23-də daha bir Qarabağ qazisi ürək partlamasından həlak oldu. Onu da xatırladım ki, Rəsul da qorxmaz döyüşçülərdən idi. 1992-ci il mayın 17-də kəndimizi müdafiə etməyə cəhd edən 4-5 nəfər arasında Rəsul da bizimlə bərabər idi... Hazırda o da qardaşı İsrafillə bəarabər II Şəhidlər Xiyabanında uyuyur. Allah rəhmət eləsin!

Bir neçə il sonra tale Şahverdiyevlər ailəsinə daha bir zərbə vurdu. İsrafilin qızı Səadət də ali məktəbin sonuncu kursunda buraxılış imtahanından çıxarkən ürək tutmasından vəfat etdi.

Oxuduğu məktəbə onun adı verildi...

1997-ci ildə müvəqqəti olaraq Bərdə şəhərində yerləşən Ağanus kənd orta məktəbinin direktoru Ağayar İsmayılovun təşəbbüsü ilə həmin məktəbə Milli Qəhrəman İsrafil Şahverdiyevin adı verildi.. İsrafil hər cür ada, tərifə layiq idi. Hərdən Qarabağda döyüşmüş bəzi şəxslərin şöhrət, ad-san, gələcəkdə vəzifə qazanmaq üçün çalışdıqlarını söyləyirlər. Ancaq İsrafil haqqında heç kəs cəsarət edib belə fikir söyləyə bilməz. O, əsl qəhrəman idi; sadə, təvazökar, qorxmaz, fədakar, heç kəsin çörəyinə göz dikməyən, əksinə, döyüş yoldaşlarının xatırladığı kimi, cəbhədə ərzağın qıt vaxtlarında çörəyi hamıya bölüb qardaşı Rəsulla özünə saxlamamağı bacaran bir insan idi...

Son döyüşündə “geriyə yol yoxdur” əmrini vermişdi...

Bu gün Milli qəhrəmanın ocağına ömür-gün yoldaşı Hökumə xanımın didərginlik illərinin çətinliklərinə baxmayaraq böyütdüyü iki yadigarı, Şahverdiyevlər nəslinin davamçıları Vüqar və Anar keşik çəkir. Anar Polis Akademiyasını bitirib. Və atasının yolunu davam etdirir. Hazırda Su Nəqliyyatında Polis İdarəsində çalışır. Milli qəhrəmanın oğlu ilə görüşmək üçün vədələşsək də, təəssüf ki, “Günəşli” yatağında həlak olmuş neftçilərin meyitlərinin axtarışı üzrə komissiyanın üzvü kimi gərgin iş qrafikinə görə görüşümüz baş tutmadı...

Müəllimi xatırlayır: “İsrafil 3 gün ac-susuz erməniləri izləyirmiş...”


1961-2011-ci illərdə Laçın rayonu Ağanus kənd orta məktəbinə rəhbərlik etmiş əməkdar müəllim Ağayar İsmayılov belə şagirdləri olduğunu qürur hissi ilə dilə gətirərək İsrafil və Rəsulun uşaqlıq illərini belə xatırlayır:”Körpə yaşlarından hər iki valideynlərini itirmişdilər. Nənələri Sayadın himayəsi altında böyüyürdülər. Uşaqlıq illərindən gördükləri əzab-əziyyət, çətinlik onları iradəli, mətin yetişdirmişdi. Doğulduqları Unannovu kəndi Ağanusdan 7-8 km məsafədə yerləşirdi. Təsəvvür edin ki, adi buğda çörəyinin tapılmadığı o ağır vaxtlarda atasız-anasız, yarıac-yarıtox böyüyən İsrafillə Rəsul hər gün –qışın qar-çovğununda, şaxta-sazağında belə, həmin məsafəni qət edib məktəbə gəlir, üstəlik, yaxşı oxuyurdular. Məktəbimiz o illərdə mümkün qədər onlara geyim, məktəb ləvazimatı ilə yardım göstərirdi. Bütün bu çətinliklərə rəğmən hər iki qardaş böyüyüb həyatda öz yerlərini tapdılar. İsrafil də, Rəsul da hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşı kimi yetişdilər. Və bu da özünü ilk növbədə 1988-ci ildən bəri erməni təcavüzünə qarşı aparılan mübarizədə göstərdi. Sonuncu dəfə İsrafillə təxminən 1989-cu ilin avqustunda erməni kəndindən gələn cığırda rastlaşdıq. Çiynindəki silah, kəmərində 2-3 qumbara var idi. Dedi ki, Kirov və Qaladərəsi kəndlərinə erməni quldurlarının gələcəyi barədə məlumat almışıq, üçüncü gündü ki, kol-kosda gizlənərək həmin əraziləri müşahidə edirəm. Çantasındakı ərzaq da qurtarmışdı. Ac idi, evə dəvət etdim. Çörək kəsdik, ermənilərin ciddi –cəhdlə torpaqlarımızı zəbt etmək planlarından danışdı. Ona bir müəllim, ağsaqqal kimi ehtiyatlı olmağı, özünü qorumağı tövsiyə etdim. Lakin İsrafil bütün təhlükələrə baxmayaraq düşmənə qarşı mübarizədə əlindən gələni edəcəyini söylədi... Bir neçə gün sonra eşitdik ki, İsrafil və Rəsulun fəal iştirakıyla Ağanus və Unannovu kəndləri yaxınlığında ermənilərin yaşadığı qonşu Kirov kəndinə keçmək istəyən iki silahlı erməni qulduru ələ keçirilib. Yaraqlılarla gərgin atışmada güllə onun papağını da deşmişdi...İsrafil sonrakı odlu-alovlu savaşlarda da və nəhayət, şəhidliyi ilə vədinə əməl etdiyini təsdiqlədi...”

“Kaş hamı öz tikəsini başqasına verməyi bacaraydı...”

Yazımızı keçmiş Laçın polis taborunun qərargah rəisi, istefada olan polis mayoru Çingiz Abbasovun tanınmış yazar Mehdi Mehdiyevin Milli Qəhrəman İsrafil Şahverdiyevə həsr etdiyi “Bir ömrün hekayəti” kitabçasında dərc olunmuş xatirəsindən bu günümüz üçün aktual olan bir parça ilə bitiririk. Öncə 1992-ci ilin sentyabrında Laçının Hoçaz yüksəkliyi uğrunda gedən döyüşlərdən bəhs edən Qarabağ qazisi yazır:”...Yaxşı xatırlayıram. Ərzağımız da qurtarmışdı. Aclıq bizi taqətdən salırdı. Rəsul iki çörək kömbəsi gətirdi. Təklif etdim ki, biri İsrafilin, o biri isə Oqtayın rotasına verilsin. Çörək kömbələrini elə iki qardaş özü bölməli oldu. Bu zaman İsrafil elə bildi ki, Rəsul ona, Rəsul da elə bildi ki, İsrafil ona çörək saxlayacaq. Artıq gec idi... Çörək paylanıb qurtarmışdı. Hər iki qardaş bir-birinin üzünə baxdı... Bu mənzərəni görəndə gözlərim yaşardı və ürəyimdən keçirdim ki, kaş, hamı bu qardaşlar kimi olaydı, öz tikəsini başqasına verməyi bacaraydı...”

Sultan LAÇIN










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı