Qarabag Media
Haqqımızda Əlaqə

“Müəllimə oğlumu “Laçınım, Laçınım mənim!” deyə çağırıb, oğlum sevinib" - MÜSAHİBƏ


Tarix:15-12-2015, 02:49 Kateqoriya:Manşet / Müsahibə

“Müəllimə oğlumu “Laçınım, Laçınım mənim!” deyə çağırıb, oğlum sevinib" - MÜSAHİBƏModern. az saytı Milli Məclisə yeni seçilən deputatlarla müsahibələri davam etdirir. Bu dəfə Milli Məclisin İqtisadiyyat və sənaye komitəsinin üzvü, Laçın rayonunun parlamentdəki təmsilçisi Mahir Abbaszadə ilə olan müsahibəni təqdim edirik

- Mahir müəllim, Milli Məclisin yeni deputatı olaraq öncə sizi tanıyaq.

- İqtisad elmləri üzrə fəlsəfə doktoruyam. Elmlər Akademiyasında doktranturada fəaliyyətimi davam etdirirəm. 10-12 ilə yaxın müddətdə iqtisadiyyatın ayrılmaz sahəsi olan bank sektrunda fəaliyyət göstərmişəm. İstər elmi nəzəriyyələrim, istərsə də onun praktik əhəmiyyətini dərk etmişəm. Düşündüm ki, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərməyim, deputat olmağım xalqım üçün daha faydalı işlərlə məşğul olmağıma səbəb ola bilər.

- Hakim partiya tərəfindən namizədliyiniz irəli sürüləndə deputat seçilə biləcəyinizi ümid edirdinizmi?

- İqtisadiyyat sahəsində çalışdığıma görə insanlarla münasibət qurmağım, ziyalılarla tez-tez təmasda olmağım, gənclərlə yaxşı anlaşmağım, qarşıma çıxan insanlara kömək göstərməyim bir növ bunların müqabilində insanların məni deputat görməsi istəyi sanki sosial sifariş oldu. Ona görə də namizədliyim irəli sürülərkən insanların həm dəstəyini, həm də üzərimə götürdüyüm məsuliyyəti hiss etdim.
Həmçinin, Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyim irəli sürüləndə məmnun oldum. Böyük etimad idi və bu etimadı doğrultmaq birmənalı borcumdur.

- Bir laçınlı kimi seçicilərinizin problemlərinin çox olmasından yəqin ki, xəbəriniz var. Məcburi köçkün həyatı yaşamısınız. Bu barədə danışmağınızı istərdik.

- Nəzərinizə çatdırım ki, Laçın işğal altında olan rayonların içində yeganə rayondur ki, əhalisi ölkənin 58 rayonunda məskunlaşıb. Dediyiniz kimi, mən də məcburi köçkün həyatı yaşamış bir insanam. 1992-ci ildə evimizdən didərgin düşən laçınlılardan biriyəm. Uzun müddət Sumqayıt şəhərində yaşamışam. Həyatımızın 10 ili təxminən yataqxana şəraitində keçib. Ona görə də yataqxana şəraitində yaşayan, məcburi köçkün həyatını yaşamağa məhkum olmuş laçınlı deyəndə ilk olaraq keçirdiyim həyat tərzi gözümün önündə canlanır. İndi 1992-95-ci illər deyil. İndi Azərbaycanın iqtisadi gücü, büdcənin gəlirləri artıb. Doğru, düşünülmüş şəkildə aparılan iqtisadi siyasət nəticəsində bunlara nail olunub. Bir neçə rəqəmi çatdırmağı özümə borc hesab edirəm. Təkcə 2005-2015-ci illər Azərbaycan Respublikasının dövlət büdcəsində məcburi köçkünlərin həyatının yaxşılaşdırılması üçün 5,1 milyard manat vəsait ayrılıb. Bu vəsaitin hesabına Azərbaycanda 90-a yaxın yeni qəsəbə salınıb. 46 min ailə, 230 min məcburi köçkün yeni evlərlərə köçürülüb. Bunların içində laçınlılar da istisna deyil. Millət vəkili olmazdan öncə, mənə bu məsələlərlə bağlı müraciətlər olub. Gücümüz, imkanımız çatacaq dərəcədə insanların yanında olmuşuq, necə deyərlər xeyir-şərlərində iştirak etmişik. Bütün bunlar seçkidə iştirak etməyimiz üçün bizə güc verdi. İnsanların hər zaman yanında olduqlarına görə, içimdə belə hiss var idi ki, deputat seçilsəm, yenə bizlə bir yerdə olacaqlar.

- Deputat kimi səlahiyyətləriniz daha genişdir. Çox güman ki, laçınlıların problemlərini beynəlxalq səviyyədə qaldırmağı düşünürsünüz. Parlamentdə dostluq qruplarının üzvüsünüz. Bu sahədə planlarınız nədir?

- Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə Azərbaycan düzgün xarici siyasət aparır. Beynəlxalq təşkilatlarla münasibətlər ikitərəfli və bərabərhüquqlu münasibətlərdən keçir. Bu, Azərbaycan Prezidentinin, müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin baş xəttidir. Azərbaycan-Amerika, Azərbaycan-Avstraliya, Azərbaycan- Türkiyə, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüyəm. Yəqin ki, dostluq qruplarının üzvü olduğum müddətdə bu ölkələrə xarici səfərlərim olacaq. Çalışacam ki, hər bir laçınlının, hər bir məcburi köçkün həyatına məhkum olunmuş insanların vətəninə, torpağına qayıtmaq istəyini ən yüksək tribunalardan səsləndirim. Buna potensialım çatacaq. Xarici dilləri də mükəmməl bilirəm. Bu da mənə imkan verəcək ki, hər bir laçınlının səsini yüksəklərə qaldırm. Onu da bildirim ki, bizə nə qədər yardımlar olsa da, hər bir laçınlının ən böyük istəyi Laçına, doğma torpaqlara qayıtmaqdır. Əminəm ki, Prezidentimizin rəhbərliyi altında buna nail olacağıq.

- İnsanların sizə olan dəstəyi barədə danışdınız. Bəs ailənizin deputat olaraq sizə güvəni hansı səviyyədə idi?

- Tam səmimi cavab verəcəm. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülərkən atam da, anam da, ailəm də, qohumlar da, dostlar da bunu sanki bayram kimi qəbul etdilər. Üzvlərinin sayı 700 mini keçən hakim partiya tərəfindən namizədliyimin irəli sürülməsi hamımız üçün toy-bayram idi. Düşünəndə ki, bu partiya Cənubi Qafqazın ən böyük partiyasıdır, qurucusu ulu öndər Heydər Əliyevdir, buna görə hamımız böyük qürur hissi keçiririk.

- Bir deputat kimi seçici qarşısında daşıdığınız məsuliyyət nədən ibarətdir?

- Seçki prosesi zamanı və seçkidən sonra bu insanların problemlərinə yaxın durmaq, bu problemlərlə bir yerdə yaşamaq çox böyük məsuliyyət tələb edir. Bir məqam da var. Düşünəndə ki, sən də bu insanlardan birisən, bu insanlarla bir yerdə böyüyüb boya-başa çatmısan, bu insanlarla birgə yataqxana həyatında yaşamısan, bu insanlarla hər il Laçının işğal günü bir yerdəsən, deməli, məsuliyyəti dərk etməlisən.

- Təəssüf hissi ilə bir məqamı qeyd etməliyəm. Deputatlığa namizədlərin bəziləri seçki öncəsi pafoslu çıxışlar etsə də, mandat qazandıqdan sonra seçicinin problemlərinin həll edilməsi istiqamətində yaxalarını sanki kənara çəkir. Maraqlıdır, Mahir Abbaszadə bu barədə nə düşünür?

- Hər şeydən əvvəl bir məqamı xatırlatmaq istərdim. İnsanların düşüncəsində tipik “deputat” sözü var. Onlar belə düşünür ki, deputat yol, işıq su, qaz xətti çəkməlidir. Laçın rayonunun millət vəkiliyəm, Azərbaycan parlamentində təmsil olunuram. Təbii ki, taleyüklü məsələlərdə millət vəkili olaraq hər bir parlament üzvü öz fikrini bildirməlidir. Fikrini diqqətə çatdıranda çalışmalıdır ki, seçicilərinin sifarişi də orda qeyd olunsun. Eyni zamanda, deputatlıq qanunların qəbulu zamanı aktiv iştirak etməkdir. Bilirik ki, həyat normalarını tənzimləyən qanunverici baza var. Bu qanunverici baza da parlamentdə formalaşır. Sən də parlametin üzvü olduğun üçün qanunların qəbul edilməsində aktiv iştirak etməlisən. Deputatın biliyi, bacarığı həmin qanunlarda öz əksini tapmalıdır. Millət vəkilinin insanların arasında olması üçün kifayət qədər vaxtı olur. İnsanların arasında olmaq deputata bir az da əlavə divident verir.

Nələrə gücümüz çatacaqsa, bir yerdə problemlərin üstünə gedib həllinə nail olacağıq. Nələrə gücümüz çatmayacaqsa, o zaman görəcəksiniz ki, həmin problemin həll edilməsi deputatın imkanları daxilində deyil.

- Uzun müddət iqtisadi sahədə fəaliyyət göstərdiyinizi dediniz. Milli Məclisdə İqtisadiyyat və sənaye komitəsinin üzvüsünüz. O zaman iqtisadi sahə üzrə irəli sürəcəyiniz ideyalar mütləq olacaq. Maraqlıdır, dövlətin iqtisadi sahəsinə nə kimi töhfələr verməyi düşünürsünüz?

- Parlamentdə təmsil olunan zaman İqtisadiyyat və sənaye komitəsinə üzv olmağımı yüksək qarşıladım. Komitənin sədri Ziyad Səmədzadə də çox sağ olsun. Akademiyada oxuduğum müddətdə Ziyad Səmədzadənin elmi düşüncələrinə yiyələnmişik. Bu gün Azərbaycan iqtisadi nöqteyi-nəzərdən regionun ən güclü dövlətidir. Artıq dövlətimiz elə bir səviyyəyə çatıb ki, Avropanın iqtisadi-təhlükəsizlik və enerji məsələlərində yaxından iştirak edir. Deputat kimi Azərbaycanda aparılan iqtisadi siyasətdə fəal iştirak edəcəm. Çalışacam ki, qanunverici orqanda fəaliyyət göstərdiyim müddətdə aparılan iqtisadi siyasətin qanunverici bazasının hazırlanmasında bilik və bacarıqlarımdan istifadə edim.

- Laçın rayonundan olan məcburi köçkünsünüz. Maraqlıdır, övladlarınız işğal altında olan torpaqlarımızla bağlı suallar verirlərmi? Eyni zamanda, deputat kimi atalarından gözləntiləri nədir?

- Övladlarım balacadır. Ən böyük övladım olan Zəhra 8-ci sinifdə oxuyur. Oğlum Toğrul 6-cı sinifdə təhsil alır, o biri oğlum bu il birinci sinfə gedəcək. Təbii ki, onlar Laçını görməyiblər. Amma deputat kimi yox, bir ata kimi ən böyük vəzifəm ovladlarımı vətənpərvər ruhda böyütməkdir. Bağçayaşlı oğlum dövlət himnimizi evdə oxuyanda gözlərim yaşarır. Borcum övladlarımı vətəninə, elinə bağlı insan kimi böyütməkdir.

- Ümumiyyətlə, onların anlayacağı dildə Laçınla bağlı nə danışırsınız?

- Kəndimiz, evimiz, Laçından çıxan ziyalılarımız, tanınmış insanlarımız barədə vaxtaşırı məlumat verirəm. Atam, anam, ailəm bir yerə yığışanda əsas mövzumuz Laçın haqqında danışmaq olur. Sizə maraqlı bir hadisə danışmaq istəyirəm: bir gün oğlum saç ustasının yanında saçını düzəltdirdiyi yerdə bərbərin yanına bir taksi sürücüsü gəlir. Soruşur ki, “bu uşaq nə şirin uşaqdır”. Təsəvvür edin. Bu uşaq Bakıda anadan olub. Laçını da görməyib. Sürücü soruşanda ki “sən hardansan?” Oğlum da deyib ki, “Laçın rayonunun Güləbird kəndindən”. Taksi sürücüsü də deyib ki, “ay bala sənin nə yaşın var ki?!”. “Yox, atam mənə deyir ki mən Laçın rayonunun Güləbird kəndindənəm”-deyə oğlum cavab verib.

İki gün bundan qabaq isə bağçaya gedən oğlum gəlib mənə deyir ki, “ata, bu gün bilirsən bağçada nə olub?!” Dedim “nə olub?”. “Müəlliməm məni çağıranda dedi ki, “Laçınım, Laçınım, Laçınım mənim”. Müəllimənin məni elə çağırması çox xoşuma gəldi”.

Ona görə də çalışaq, övladlarımızı belə böyüdək. İnanırıq ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin edəcək.

Namidə BİNGÖL










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”