Qarabag Media
Haqqımızda Əlaqə

Milli-mənəvi dəyərə çevrilən qəhrəmanlıq salnaməsi


Tarix:24-02-2020, 14:27 Kateqoriya:Manşet / Cəmiyyət

Milli-mənəvi dəyərə çevrilən qəhrəmanlıq salnaməsiElə görkəmli şəxsiyyətlər var ki, onların adları qoca tarixin özünə çıraq tutur, əsrlərin uzun yollarını işıqlandırır, hardasa unudulmuş, təhrifə uğramış, ən incə təfərrüatla, yaxası polemikanın əlinə verilmiş, çək-çevirə düşmüş bu işıqda özünü tapır.

Elə görkəmli şəxsiyyətlər var ki, onların adlarına bir xalqın, bütöv bəşərin tarixi güvənir. Elə şəxsiyyətlər var ki, biz onları babalarımızın, atalarımızın, övladlarımızın mənəvi yaşıdı kimi tanıyır, sevirik. Şəxsiyyətlər də var ki, biz onların adları qarşısında sehrlənir, həqiqi qəhrəmanlarımızın, azadlıq çırağı yandıranların ünvanı kimi bu adları ehtiramla çəkirik.

Açıq danışaq əfsanələşmək ayrı işdi, əfsanəvi olmaq tamam ayrı iş. Xalq öz qəhrəmanına əfsanələşmiş sifətlər verə bilər, əfsanəliyi isə qəhrəmanın özü qazanır. Əfsanəvi sözünü adların qabağında işlətməkdə isə bəşər çox “xəsisdir”. Bizi də oxucuların görüşünə gəlməyə məhz belə bir əfsanəvi şəxsiyyətin adının siqləti, əzəməti, əməllərinin işığı gətirmişdir. Elə bir şəxsiyyətin ki, hələ neçə-neçə nəsillər onun adına bağlı qoşmalardan su içib bahadır olacaq. Elə bir şəxsiyyətin ki, hələ əsrin ikinci on illiyində qaraxaçlı aşıq Cəmilin üzünü dağlara tutub onun barəsində oxuduğu nəğməni Vedi dağları indi də yaddaşında saxlayır:

Vedinin dağları batıbdı yasa,
Düşmənlər istəyir oranı basa.
Bir namə yazmışam o xan Abbasa.
Durmayıban gəlsin bizə imdada.


Neçə-neçə belə nəğmə dillərdə, dodaqlarda üz tutub Azərbaycan obalarına. Bəs onları ta İrəvan yaylaqlarınacan, Gürcüstan ətəklərinəcən kim aparıb çıxarıb? Elin, obanın əfsanəvi igidinə Abbasqulu bəy Şadlinskiyə məhəbbəti, ölümsüz qəhrəmana Xeyirin, İşığın, Səadətin bələdçisi kimi baxmaq meyli.

Abbasqulu bəyin yaşadığı tarix bizdən bir o qədərdə uzaqda deyil; – ancaq bu adın əzəmət və siqlətinə baxın ki, bizdən çox da uzaq olmayan bu tarixə də gözlərimizdə əfsanəvi don geyindirib – onun barəsində xalqın arzularından, sabahlara inamından doğan bu arzuları, sabahları bərqərar edən qəhrəmanlar kimi düşünürük. Bəlkə elə buna görə də Abbasqulu bəy haqqında ilk olaraq şifahi xalq ədəbiyyatı nümunələrinin – qoşmalarda, bayatılarda, nəğmələrdə danışılır?

Zaman-zaman böyüyərək geniş dairədə yayılmış Şadlin tayfasının taleyi heç bir yazıya-pozuya gətirilməmişdən tarixin özünün ərməğanı olan bir dastanı idi.Hələ ötən əsrdə Şadlin tayfası özünü müstəqil elan edir – İran hakimiyyətini tanımır, Osmanlı Türkiyəsi ilə sazişə gəlmir. Tayfanın başçısı Aslan Sultan Qarabağ hakimi Mehdiqulu xanla əlaqəyə girir, Çar Rusiyasının Qafqazdakı canişini general Yermolovla şərfəli saziş bağlamağa çalışırlar...

Aslan Sultanın Bəşir bəy, Xanbaba bəy, Bala Sultan adlı üç oğlu olub. Abbasqulu bəy Sultan Aslanın nəvəsidir. Bəli, bu tayfanın şanlı tarixi, yazılmamış qanunlar, öz ədəb-ərkanları idi. Abbasqulu bəyi qısa bir ömürdə əfsanəvi bir həyat yaşamağa hazırlayan.

İllər keçəcəkdi – arxiv materiallarına belə bir qeyd düşəcəkdi:
“Xalq mübarizəyə qalxıb, üsyan qaldırır. Vedibasarda Abbasqulu bəy Şadlinski üsyanın rəhbəri kimi tanınır”.

İllər keçəcək, Naxçıvandan Abbasqulu bəy Şadlinski haqqında Naxçıvan Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində el-obası üçün çalışan tarixçi alim, deputat Əli Əliyevin uzun illərin sükutundan sonra qələmindən çıxmış ilk tarixi məlumatları Dərələyəzi, Vedibasarı, Zəngəzuru, Şəruru, Naxçıvanı yenidən qəhrəmanlıq mübarizəsinə qovuşduracaq, insanları ayıq olmağa, tarixdən ibrət götürməyə çalışacaq: “Dro, Aram paşa, Dəli Kazonun başçılığı altında Bek Primovun nizamlı polku Vediyə basqın edir. Abbasqulu bəyin şəxsi cəsarəti kəndin döyüşcülərini qəhrəmanlıq mübarizəsinə ruhlandırır. Gecəykən onlar döyüşə atılırlar. Təzyiq davam gətirməyən daşnaq mauzerçilər qaçırlar”.

Hələ qarşıda keşməkeşlərlə, məhrumiyyət və qələbələrlə, əzab və sevinclərlə, bəxtinə təkcə tarixi günlərdə yaşamaq yox, həm də o tarixi yazmaqla zəngin bir ömür dururdu. Elə bir ömür ki, xalq ona nəğmələr həsr etdiyi kimi, hər hansı bir yazıçı Fərman Kərimzadənin (ruhu şad olsun) istedadı ilə bədii ədəbiyyata, sonralar kinoya gətirildi. Deyilənlər, göstərilənlər yalnız onun həyatının bir anı idi. Qəhrəmanlıqla tayı-bərabəri olmayan, bir zərbə ilə ayını məhv edən Qəmlo bütün varlığı ilə sevdiyi bir xalq qəhrəmanın “qatili” kimi tanındı. Abbasqulu bəyin 1918-1920-ci illərdəki apardığı şərəfli mübarizə yalnız Əli Əliyevin, Əvəz Ələkbərzadənin yazdıqları kitab səhifələrində döyüşçülərində, eləcə də xüsusi dəvətlə Naxçıvana gəlib Naxçıvan, Şərur, Dərələyəz istiqamətində apardığı mübarizə kitablarda yaşadı, özü də natamam şəkildə. Bu torpaqların hər qarışında Abbasqulu bəyin, onun “Qırmızı tabor”unun izi var. Bu tarixi hadisələr gələcək nəsillərə ötən günlərdən ən qiymətli ərməğandır. Qoy yazıçılarımız, kino xadimlərimiz bu gileydən inciməsinlər. Vaxlarını uzun-uzadı televiziya mübarizələri ilə keçirməklə kifayətlənməsinlər. Məgər Qarabağlı Xosrov bəyin həyati-mübarizəsi dastanın özü deyilmi? Axı bu olmuş hadisələrin yazıçı əziyyətinə heç bir “minnəti” yoxdur. Sadəcə yazıçılıq borcu ilə işə girişmək qalır.
Elə isə birlikdə gəlin məlum hadisələrə birgə nəzər salaq.

Daşnak hökumətinin başçısı Ov.Kaçaznuni 1917-ci il fevral inqlabından sonra yaranmış vəziyyətlə bağlı yazırdı: “1917-ci ilin fevralında rus inqilabı baş verdi. Tamamilə gözlənilmədən qarşımızda yeni perspektivlər açıldı”. Daşnakların bütün cəhdləri Osmanlı Türkiyəsində boşa çıxdıqdan sonra bütün diqqətlərini Cənubi Qafqaza yönəldirlər. Erməni silahlı dəstələrinin bu ərazidə göstərdikləri vəhşiliklər, öz başnalıqları görünməmiş miqyas alır. Bunula əlaqədar olaraq Vedibasarda, Şərurda, Naxçıvanda, Ordubadda və digər bölgələrdə silahlı dəstələr yaradılır.

... Millidərə döyüşü Vedibasarlıların qələbəsi ilə başa çatdı. Daşnakların bütün hücumları məğlubiyyətlə başa çatır. (1919 iyun-dekabr). Naxçıvan igidlərinin də bu döyüşlərdə iştirakı qiymətləndirilməlidi. Bütün bu ağır məğlubiyyətlər erməni daşnak hökumətinin süqutunu yaxınlaşdırırdı və bunu bu hökumətin başçısı Kaçaznuni dəfələrlə etiraf etmişdir: “Vedibasar, Şərur, Naxçıvan kimi vacib məntəqələrdə isə hakimiyyətimizi silah gücünə belə qura bilmədik, məğlub olduq və geri çəkildik”.
... 1920-ci ilin ilk ayları. Vəziyyət gərginləşir. Vedibasar təcrid vəziyyətə düşür. Nizami daşnak qoşunları Naxçıvana dağıdıcı hücumlar təşkil edirlər. Böyük qüvvə qarşısında duruş ağır itgilər deməkdir.

Gavurqala işğal olunduqdan sonra Abbasqulu bəy əmr verir ki Böyük Vedidə qalan əhali və yaralılar keçərkən kəndi tərk edib Sədərək kəndinə tərəf irəliləsinlər, özü isə onların tələfatına yol verməmək üçün igidləri ilə son döyüşə atılır və daşnak generallarının mühasirəsini yarıb döyüşə-döyüşə Sədərək kəndinə daxil olur. Bir qədər sonra isə Maku sərdarının torpağı olan Ərəblər kəndinə doğru hərəkət edir və bu ərazidə Şərur, Vedibasar camaatından olan böyük qaçqın ordusu ilə rastlaşır.
... 1920–ci ilin oktyabrında Naxçıvan İnqilab komitəsinin qərarı ilə Qırmızı tabor yaradılır və İrandan dəvət edilmiş Abbasqulu bəy Şadlinski həmin tabora komandir təyin edilir. Tabora Əznməbürd-Qarabalar istiqamətində hücum edən Qırmızı dəstələrlə (Naxçıvan polku –N.Ə.) birləşmək tapşırığı verilir. Şərur, Vedibasar, Dərələyəz, erməni daşnaklarından təmizlənir. Qırx beş günün daşnak qiyamına son qoyulur.

1922-ci ilin sonuna qədər Abbasqulu bəy Naxçıvan sərhəd mühafizə dəstəsinin rəisi vəzifəsində taborçuları ilə birlikdə bölgənin siyasi sabitliyini və sərhədlərinin təhlükəsizliyini qorumuşdur.

Qırx dörd il ömür sürmüş Abbasqulu bəy Sovet hakimiyyətinin yaratdığı bir çox mətləblərdən hali olsa da ona olan münasibəti bu gün də şübhələr doğurur. Bizə belə gəlir ki, el ağsaqqallarına çevrilmiş 44 yaşlı Abbasqulu bəyin Kərbəlayi İsmayılın görüşünə getməsi heç də ona edilən təsirlərdən irəli gəlməmişdir. Abbasqulu bəy bütün Azərbaycan kəndlilərinin erməni müstəntiqləri qarşısında ifadə vermələrindən və bunların nəticələrindən narahat idi. Axı bu kəndlilərin bir hissəsi ona olduqca doğma insanlar idi. Onlar Abbasqulu bəyin nəzərində xalqını, vətənini, torpağını sevən, erməni işğalçıları ilə döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmiş istiqlal fədailəri idilər.

... Azərbaycanda Sovet hakimiyyəti qurulduğu ilk günlərdən burada bolşevik totalitar rejimin əsasları qoyulur. Həlledici rolda çıxış edən Ş.M.Kirov, S.Orconikidze (arvadı erməni idi), A.Mikoyan, Mirzoyan qardaşları, Kasparov Azərbaycanda yeni faciələrin yaranması və həyata keçirilməsinə zəmin yaratdılar və bundan istifadə edən düşmən mövqe tutmuş və ermənilər bu əlverişli vəziyyətdən əməlli-başlı yarandılar. Bakı ilk gündən talandı. Pulsuz-parasız onun nefti Rusiyaya daşındı, günahsız insanlar Azərbaycan Ali İnqilab Şurası Məhkəməsi tərəfindən güllələndi, müxtəlif cəzalara məhkum edildi; Azərbaycan Xalq Cümhuriyyətinin xadimlərinə qarşı ittiham sürüldü. “İttihad” partiyasının liderləri Q.Qarabəyov, Həsən Həsənov və Əlibəy Aşurbəyov Azərbaycandan uzaqlaşdırıldılar. Bakıda keçirilən türkoloji qurultayının keçirilməsi, Türkiyədən dəvət olunmuş Fuad Köprülüzadənin, Əlibəy Hüseynzadənin həmin qurultaydakı iştirakı və çıxışları 1926 ildə Azərbaycan Fövqaladə komissiyasının sədri M.C.Bağırovun Zaqafqaziya Diyar Partiya Komitəsinin katibi S.Orconokidzeyə göndərdiyi məlumatda xüsusi narahatlıq doğurduğunu bildirir və vurğulayır ki, bu tədbirlər Azərbaycanda panturkizm və Türkiyəyə meyli xüsusilə qüvvətləndirir. Həmin ildə qərara alınır ki, iki həftə ərzində bütün keçmiş mülkədarlar, xan-bəylər ailələri ilə Azərbaycandan kənara sürgün edilsinlər, əmlakları isə müsadirə olunsun.

“Qan yaddaşı sənədli publisistik əsərini oxudum (Ehtiyatda olan milis polkovniki Sadıx Sadıxova bu araşdırmalar üçün xüsusi el minnətdarlığımı bildirirəm- A.Ə) və bu təsirdən tarixçi alim Əli Əliyevin kəndli hərəkatına dair monoqrafiyasına və müxtəlif illərdə “Şərq Qapısı” qəzetində çap etdirdiyi kəndlilərin torpaq uğrundakı mübarizəsindən bəhs edən məqalələrini yenidən nəzərdən keçirdim.

Keçək mətləbə.
...Naxçıvan qəza rəisi İrəvan qubernatoruna yazırdı: “Bütün Tivi kəndi” (Ordubad rayonunda) əhalisi arvad-uşağı da götürüb iyunun 12-də səhər tezdən “And-top” sahəsinə getmişdir. İstintaqda müəyyən edildiyinə görə, onlar İran silahı və rus berdankası ilə silahlanmışdılar.

Müqavimətin ciddiliyini görən uryadnik Şaliko kənd starşinası və uryadnik Tokarevin hərbiçiləri ilə birgə mübarizəyə girişirlər. Kişilərlə yanaşı Ölkə Hüseyn qızı, Şərəbani Tağı qızı, Xanımcan Budaqova qəhrəmancasına vuruşurlar. Kənd ağsaqqalı şirin Qulaməli başda olmaqla 22 nəfər həbs edilir. Kəndliləri yaylaqdan çıxarmaq olmur...

... 1930 ilin fevralında Culfanın Milax kəndində yerli əhali və əsgərlər arasında baş vermiş atışmada iki rus əsgəri ölür, 5-i isə yaralanır. Ölənlər arasında kənd sovetinin sədri Usuf Qəhrəmanov, Məmmədli Tağı oğlu və Qasım Məmməd oğlu da var idi. İstintaqın aparılması erməni müstəntiqi A.Orbelyana tapşırılır və o böyük həvəslə bu işə qoşulur. Onun tərtib etdiyi ittihamnamədə göstərilir ki, 1929-cu il dekabrın ortalarında Milax kəndindən olan Kərbəlayi Yəhya Məmməd Nağı oğlu milis idarəsinə çağrılır. O, Naxçıvan şəhərinə gəlsə də həbsdən ehtiyatlanaraq kəndinə qayıdır. 20 gündən sonra Zəngəzur qəzasının (indiki Ermənistanın) Əlili kəndinə gedir və orada naməlum bir ermənidən 2 fransız silahı, 200 patron alır, birini qardaşına, ikincisi isə kənd sovetinin sədri Usuf Qəhrəman oğluna verir. Guya o həbs olunmaq ehtimalı olsa Kərbalayı Yəhyanın silahlı dəstəsinə qoğulmağa söz vermişdi (belə bir dəstə yox idi). Müəllifin sözü ilə desək, istintaq başdan ayağa uydurulan faktların toplusuna çevrilmişdi. Eyni sözlər, suallar digər istintaq işlərində təkrarlanır, özü də olduğu kimi, yalnız soyadları dəyişdirilir. Daha dəqiq desək, istintaqı A.Orbelyan nağıla çevirir, fantaziyasına meydan verərək yazır ki, guya Kərbəlayi Yəhya qonşu Teyvaz kəndinə gedib Qasım Teymur oğlunun evində qolçomaqların yığıncağını keçirir və orada silahlı tərəfdaşlarına sovet hökumətinin aqrar siyasətindən məlumatlar verib. (Halbuki belə yığıncaq olmamışdır – bu istintaqda təsdiqini tapıb.) Kərbəlayi Yəhya A.Orbelyanın uydurmasına görə, yığıncaqdakı iştirakçılara belə bir məlumat da verir ki, bizim silahlı dəstəmizdən başqa bir dəstə də var, onun başçısı Abbasqulubəy Şadlinski Naxçıvanda bəzi məsələləri həll etdikdən və narahatlıq yaratdıqdan sonra köməyimizə gələcək. İstintaqa yüzlərlə 1918-1920-ci illərdə erməni işğalçıları ilə mübarizədə fəallıq göstərən kəndlilərin istintaqa müəllifin marağına səbəb olmuş və uzun illər Azərbaycan ictimaiyyətindən gizlədilmiş həqiqətləri üzə çıxarmışdır. Bax erməni qisaçılığı bu illərin hər anında özünü göstərmiş, davamına isə indiki nəsil şahidi olmuşdur.
Erməni müstəntiqi nağılçılığını davam etdirir.

... Fevralın 7-də Kərbəlayi Yəhya qonşu Milax kəndində sovet hökumətini qəbul etməyənlərin müşavirəsini keçirir, burada da Ərəfsə kənd əhlinə müraciət qəbul edilir. A.Orbelyanın qara siyahısına yeniləri əlavə edilir. (istintaqda erməni faşistinin bu uydurması da nəticə vermir və belə bir yığıncaq onun növbəti uydurması idi).
... Fevralın 8-də Dairə şöbənin rəisi Yaqubov (Gələcək daxili işlər komissarı, Azərbaycan SSR Nazirlər Sovetinin sədri, KP MK-nın I katibi) Şahbuz rayonunun Keçili kəndinə gəlir, banda başçısı Kərbəlayi Yəhya haqqında tədbir görülməsini tapşırır. Təxribat xarakterli oyunlar növbəti mərhələyə qaldırılır. Atışma başlayır, Yəhyanın evi mühasirəyə alınır. Hər iki tərəf itkilər verir. İstintaqa A.Orbelyan yeni səhifələr əlavə edir. İstintaq materialları səlis rus dilində yazılıb, soyadı qeyd olunsa da qarşısında imza yoxdur. Erməni soyadlı faşistin imzası ilə yalnız Keçili kəndindən 34 ailə Qazaxıstana sürgün edildi, 19 nəfər isə 1930 – cu ilin martında Orbelyanın “istintaqından” yayınmaq üçün İrana mühacirət etməyə məcbur olurlar.

Göy paqonlu erməni daşnakçılar vəzifələrindən sui-istifadə edərək (onların sayı yüzlərlə idi, bir nəfər ermənin yaşamadığı Yardımlı rayonunda siyasi idarənin rəisi Sevonyan idi) sovet şəraitində belə genosid siyasətini həyata keçirirdilər.

Xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin qətlində erməni izinin olması açıq-aşkar idi.

Bütün bu ittihamlar tarixin əyani ibrət dərsidi və yaddaşımızda əbədi yaşamalıdır. Bunları gələcək nəsillərə çatdırmaq isə gündəlik təkrarı tələb edir.

Arif ƏLİYEV, ADBTİA-nın kafedra
müdiri,əməkdar müəllim

__________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”