Qarabag Media
Haqqımızda Əlaqə

Aşağı Qarasaqqal — Kəndlərimiz rubrikasından


Tarix:24-02-2020, 13:31 Kateqoriya:Manşet / Qarabağ

Aşağı Qarasaqqal — Kəndlərimiz rubrikasındanYaşadığımız kənd-kəsəyin, mənsub olduğumuz nəsil-kökün keçmiş tarixinin neçə-neçə şanlı və bizlər üçün qaranlıq qalan səhifələri artıq unudulmaqdadır. Ötən illərin imkansızlığı, deyərdim ki, daha çox biganə və laqeydliyi bizlərə bu səhifələri öyrənməyə heç cür imkan verməyib. Lakin ötən əsrin sonlarında baş verən ibratamiz hadisələr bizlərə öyrətdi ki, kim olduğumuzu bilmədən və bildirmədən gələcəyimizi qura bilməyəcəyik. Bu sahəyə çox gecikmiş olmağımıza baxmayaraq keçmişimizi yada salıb arxaya, həm də “ümid sonuncu ölür” inamına tapınıb gələcəyə boylanmağa çalışırıq.

Kəndin tarixi durumu; Xeyli müddətdən bəri cüzi fasilələrlə haqqında müəyyən araşdırmalar apardığım, şöhrətli tarixi keçmişi olan Qasımuşağı obasının ərazisində ki, toponimlər arasında Qarasaqqal toponimi də vardır. 1593-cü ildə Osmanlı dövləti Məğavuz nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya aldığı zaman Qarasaqqal adlı bir kənd olduğu qeyd olunsada, 1748–1805–ci illər arasında müasir Azərbaycan ərazisində, Kür və Araz çayları arasındakı sahədə mövcud olmuş Qarabağ xanlığının bir bölgəsi olan Qasımuşağı obasının ərazisində Qarasaqqal adlı iki kəndin mövcudluğu ortaya çıxır. Hər iki kənd Şəlvə çayının qolu olan Muncuqluçayın sol sahilində, çay yatağından xeyli aralıda sıx meşəliyi olan yamaclarda yerləşir. Bu yaşayış məntəqələrinin sakinləri arasındakı yaxın qohumluq əlaqələrinin olması, eləcə də kəndlərin bir-birinə yaxın məsafədə yerləşməsi səbəbindən onların yaşam tərzində, mədəniyyətində və məşğuliyyətlərində nəzərə çarpacaq bir fərq yoxdur. Sadəcə kəndləri bir-birindən fərqləndirmək üçün ərazinin coğrafi quruluşuna uyğun olaraq Qarasaqqal sözünün önünə aşağı və yuxarı sözləri əlavə edilmişdir. Bütün bunlara baxmayaraq bu kəndlər haqqında ayrı-arılıqda geniş araşdırmaya ehtiyac olduğu duyulur. Buna görə də Yuxarı Qarasaqqal kəndi haqqında gələcək yazılarda daha ətraflı məlumat veriləcəyini nəzərə alıb bu yazıda ancaq Aşağı Qarasaqqal kəndi, onun tarixi keçmişindən söhbət açmağa çalışacam.

İlk öncə çox təəssüflə qeyd etmək istərdim ki, Qarasaqqal toponimi son zamanlar bir çox araşdırmaçılar tərəfindən tez-tez "qəribə kənd adları" siyahısına daxil edilir.
Qrasaqqal toponimi ilə bağlı müxtəlif fikir, əfsanələr söylənilir. Bu cür əfsanələrdən birini, Samux rayonunun ərazisində yerləşən Qarasaqqal toponimi haqqında söylənilən əfsanəni çox qısa şəkildə diqqətinizə çatdırmaq istərdim. Deyilənə görə qədimdə Gəncə çayındakı düzənlik cəzirədə tənha bir oğlan yaşayırmış. Oğlanın uzun, qara saqqalı ölduğundan ətraf kəndlərin sakinləri bu ərazini "Qarasaqqal" kimi tanıtmışlar. Qarasaqqallı oğlan yolları buradan düşən ovçuları yeməyə qonaq edir. Ovçulardan biri bacısını oğlana ərə verir. Bu izdivacdan oğlanın yaşadığı yerdə kənd yaranır. Kəndin adı Qarasaqqal adlanır. Qarasaqqal toponimi ilə bağlı bu xalq etimologiyası isə həqiqətdən çox-çox uzaqdır. Bu toponimin "qəribə kənd adları" siyahısına salınması və haqqında söylənən bu rəvayət toponimin izahını tapa bilməyənlərin "naəlaclığından" ortaya atılmışdır. Bəs bu toponimin əsl tarixi necədir?

Qarasaqqal birmənalı şəkildə etnotoponimdir. XIX əsrdə qeydə alınan Bakı quberniyasının Göyçay qəzasında Qarasakkal, Yelizavetpol quberniyasının Yelizavetpol qəzasında Qarasaqqal, Ter vilayətinin Xasav-Yurt dairəsində Karasakal-Aul kənd adları qədim türk mənşəli qarasaqqal / karasaqqal/karasaklar etnonimi ilə bağlıdır. Qarasaqqal və Qarasaqqalşalı oykonımlərində öz əksini tapmış bu etnonim tarixi İrəvan xanlığının Göyçə mahalında mövcud olmuşdur.

Qarasaqqal etnotoponimi tarixi mənbələrdə tayfa adı kimi özünü qoruyub saxlamışdır. Orta Asiyadan qazax tayfalarının tərkibində gələn qarasaqqal/karasakal/karasaklar tayfaları Qafqazın müxtəlif yerlərində məskən salmış və həmin yaşayış məskənlərinin adında tayfanın adını əbədiləşdirməyə çalışmışlar. Bunun nəticəsində Qafqaz ərazisində bu etnonimlə bağlı bir neçə oykonim yaranmışdır. Müasir dövrümüzdə Azərbaycanın Kürdəmir rayonu ərazisində Qarasaqqal kəndi vardır. Türkiyə ərazisinin Elazığ və Qaziantep ilində Karasakal, İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan Qara Saqqal adlı yaşayış məntəqələri var.

Qazaxların altı-ata qəbiləsi karasakal, kara-kesək, kete, tort-kara, şektı və şomokey tayfalarına bölünmüşdür. Filologiya üzrə fəlsəfə doktoru Əhmədova Elmira Ziyaddin qızı özünün 2007-ci ildə çapdan çıxmış "Azərbaycan etnonimləri" kitabında qeyd edir ki, qarasaqqal tayfası kəbirli tayfasının bir qoludur.

Araşdırmalardan aydın olur ki, etnotoponimin birinci hissəsi olan "qara" sözünü bəzi tədqiqatçılar rəng mənasına uyğun olmasını sübut etməyə çalışır. Buna misal olaraq A. V. Nikonov karasakal etnoniminə əsasən aksakal etnoniminin mövcud olduğunu, belə adların uyğun olaraq təklikdə mövcud olmadığını yazır. Qırğızların munquş tayfasının tərkibində aksakal tayfasının olması qeyd edilir. Fərqanə vadisində Karasakal və Aksakal coğrafı adları indi də mövcuddur. Həmçinin Yelizavetpol quberniyasının Cavanşir qəzasında Qırmızı Saqqallar oykoniminə də rastr gəlinir. Hal-hazırda Türkiyə ərazisinin Adana, Trabzon, Qəhrəmanmaraş və Sivas ilində türk (türkmən) mənşəli Kabasakal adlı toponimlərdə vardır.Onu da nəzərinizə çatdırım ki, Qarasaqqal tayfaları Oğuzların (Türkmənlərin) Qızıq boyuna daxildir.
Digər tədqiqatçılar etnotoponimin birinci hissəsi olan "qara" sözünün rəng mənasına uyğun olmadığını sübut etməyə çalışır. Onlar "qara" sözünün böyük, güclü mənasında olduğunu vurğulayırlar. Bildiyimiz kimi istər əski türk dilində, istər də müasir türk və azərbaycan dilində qara sözü müxtəlif mənalarda işlənir.
Sözün ikinci hissəsi olan "saqqal" sözünün mənasınıda fərqli izah edilir. Bəzi tədqiqtçılar bu sözü müasir azərbaycan dilində olan saqqal kimi qəbul etsə də, digərləri bu sözü "sak" sözünün törəməsi hesab edir. Buna misal olaraq tanınmış filoloq, filologiya üzrə fəlsəfə doktoru Əli Umud oğlu Əliyevin "Laçın rayonuna aid adət-ənənələr, toponimlər və şivə sözləri" kitabında Qarasaqqal etnoniminə aydınlıq gətirərək bu toponimin "Qarasaqqal" deyil, "Qarasaklar" olduğunu düşünür. Müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biri olan sakların Zəngəzurun bir parçası olan indiki Laçın rayonun ərazisidə yaşamaları və bu ərazilərin Sak çarlığına tabe olması bu faktı bir daha təsdiqləyir.

Kəndin mədəniyyəti; Aşağı Qarasaqqal kəndinin nə məktəbi, nə telefon xətti, nə tibb məntəqəsi, nə kitabxanası, nə klubu olmuşdur. Kəndin yolları da istər yayda, istər də qışda həmin dövrə aid bir çox maşınlar üçün çətin keçilən idi. Bütün bunlara baxmayaraq kənd sakinləri arasında ağsaqqala hörmət, ağbirçəyə ehtiram, uşaqlara qayğı və diqqət, bir sözlə böyük-kiçik yeri bilmək kənd sakinləri üçün bir meyar idi.

Kənddə kustar üsulu ilə ip əyirilməsi, xalça toxunulması kənd sakinlərinin dədə-baba sənətlərindən biridir. Qadınlar yun, pambıq iplərdən kənd qadınları xalça, kilim, palaz, fərməş, xurcun, şəddə, yun şal (parşa) və digər məmulatlar toxuyardı. Divar hanasında toxunan xovlu və xovsuz xalçalar, eləcə də xalça məmulatlarının hər biri Qarabağın tarixi xalça çeşniləri əsasında toxunulurdu. Niftalıyev Qərənfil Xanlar qızı və Ağamalıyev Nübar Mehralı qızının toxuduqlqrı xalçalar toxunma xüsusiyyətləri ilə digərlərindən fərqlənirdi.

Qarabağ xalçaçılıq məktəbinin xalça məntəqələrindən biri olan Kürdhacı kənd inzibati ərazi vahidində yerləşən Aşağı Qarasaqqal kəndində də gözəl Qarabağ xalçaları toxunurdu. Əhali arasında "Ağqol gəbə" ("Ağqol xalça"), "Tikmə gəbə" ("Tikmə xalça") adlandırılan "Qasımuşağı xalçaları" Aşağı Qarasaqqal kəndində də toxunurdu. Toxunmuş belə xalçalar bu gün dünyanın müxtəlif muzey və şəxsi kolleksiyaları ilə yanaşı kənd əhalisinin şəxsi kolleksiyasında saxlanmaqdadır. Xalçaçılığın, ümumiyyətlə toxuculuğun inkişaf etməsinin əsas səbəbi ərazinin heyvandarlıq üçün əlverişli olması idi.

Əhali təkcə xırdabuynuzlu heyvanlar deyil, mal-qara, at ilxısı saxlamaqla məşğul olurdu. Bu adət-ənənə sovet dönəmində də davam edir, kənd ərazisində müxtəlif vaxtlar da kolxoza və yaxud da sovxoza məxsus mal-qara saxlanılılır. Bunun üçün kənd ərazisində böyük bir tövlə var idi.

Doğum, ad qoyma, toy, dəfn, milli və dini bayramlar, həmçinin digər adət-ənənələr kənddə nizama salınmış qaydalara uyğun icra edilirdi. Əsrlərlə qorunub saxlanılmış, yaşlı nəslin bu günkü gəncliyə miras qoyduğu maddi, mənəvi irsi qoruyaraq gələcək nəsillərə çatdırması bu günkü gəncliyin qarşısında duran əsas vəzifələrdən biridir. Əgər bunu onlar etməsə, onda olub-bitən tarix itib batar, ona sahib duran tapılmaz.

Kəndin təbiəti; Kiçik Qafqaz sıra dağlarında təbiətin möcüzələrlə dolu əsrarəngiz qoynunda yerləşən Qasımuşağı obasının ərazisində qərar tutan, görünüşcə obanın ərazisində ki, digər kəndləri təkrar etməyən, bənzərsiz təbiət mənzərələri ilə tam zəngin olan kiçicik bir kənd - Aşağı Qarasaqqal kəndinin təbiətinin özünəməxsus xüsusiyyətləri var idi. Qədim kəndlərdən biri olan bu yaşayış məntəqəsinin bərəkətli torpaqları, yayı yam-yaşıl, qışı bom-boz meşələri, zümzüməli bumbuz bulaqları, həzin səsli, hərdən də hay-küylü axar suları, şəfalı havası insan övladını valeh etməyə bilməzdi.

Dəniz səviyyəsindən 1743 metr hündürlükdə yerləşən, zəhərli, çirkli qazlardan, tüstülərdən uzaq olan bu kənd ərazisindən göy üzü çox aydın görünür. Gecələr səmaya baxan hər kəs düşünür ki, əlini atıb ulduzları ovucunda tuta biləcək.

Kənd Murovdağın cənubunda, ortadağlıq yamaclarda, Respublikanın paytaxtı Bakı şəhərindən şose yolla 513 km qərbdə, rayon mərkəzindən şose yolla 63 km şimal-qərbdə, Qarabağ yaylasının cənub-qərb yamacında yerləşir. Xankəndi dəmir yolu stansiyası ilə şose yolla ara məsafəsi 135 km-dir. Şərqdən Yuxarı Qarasaqqal, cənub-şərqdən və cənubdan Ərikli, qərbdən və şimal-qərbdən Muncuqlu, şimaldan Korcabulaq kəndlərinin ərazisi ilə həmsərhəddir.

Əlvan çəmənliklərlə, sıx və zəngin meşələrlə əhatə olunan Aşağı Qarasaqqal kəndi bir təbiət möcüzəsidir. Mənbəsi yüksəkliklərdən başlayan kiçik çay və bulaqların buz kimi şəffaf suyu axıb kənd ərazisindən keçir və Muncuqluçaya qovuşur. Niftalı bulağının timsalında bu ərazilərdə ki, irili-xırdalı bulaqlar təkcə kəndin sakinləri üçün deyil, burada qonaq olan hər kəs üçün əsl möcüzə və istirahət məkanlarıdır. Kəndin ərazisindən keçən dağ çaylarından biri olan Qarasaqqal çayın suyundan təsərrüfat işlərində, əsasən də bağ və bostanların suvarılmasında istifadə olunardı. Çox halda kənd camaatı bu çayı Niftalı çay adlndırırdı. Ərazidən keçən ən iri çay isə Qozlu çaydır. Öz mənbəsini daha yüksək zirvələrdən götürən bu çay bir çox mənbələrdə Muncuqluçay kimi göstərilmişdir.

Kənd ərazisi, dağ yamacları kəklikotu, qantəpər, gicitkən, qırxbuğum, çobanyastığı, zirə, dəvədabanı, qatırquyruğu, baldırğan və yüzlərlə digər dərman bitkiləri ilə zəngindir. Sıx meşələrdə isə vələs, cökə, palıd, ağcaqayın, göyrüş ağacları ilə yanaşı fındıq, qaragilə, alma, armud, alça kimi meyvə ağacları, həmçinin qarağat, moruq, böyürtkən, zirinc, əzgil, dovşanalması, itburnu, gərməşov kolları üstünlük təşkil edir.

İlin hər fəslində, günün hər çağında gözəl, cazibədar görsənən başıqarlı dağ və təpələr, güngörməz dərin dərələr bu yerləri gözəlliklər məskəninə çevirir. Gözəllik yaradan bu yerlərin hər birinin də öz adı, hər adın bir mənası və tarixçəsi var. Niftalının güneyi, Balaca burun, Fındıqlı tələ, Ala palıdlıq, Uçuq, Çöplər, Çiyələklik, Qabıq qayası, Şiləkər, Darı yeri, Balaca biçənək, Şirin almalıq, Bəylərin zağası, Palçığın dərərsi, Qarğa qayası, Qarağatlığın meşəsi. Gavır güneyi, Uçuğun dərəsi, Çəpərəli taya, Pənah qayası, Uzun pəyə, Qumluq, Gərməşovluq, Qoruğun güneyi, Humay qayası, Dərə damı, Əhəng quyuları və adını çəkmədiyimiz digər yer-yurd adları bir çox həqiqətlərin qoruyucusudur. Bu toponimlərdə bir tayfanın, bir yaşayış məntəqəsinin keçmişi, kədər, sevinc dolu yaşantısı, yaşam tərzi duyulur.
Kəndin qəribə təbiəti, əsrarəngiz gözəlliyini tamamlayan çox zəngin heyvanat aləmi var: qonur ayı, vaşaq, canavar, çaqqal, tülkü, porsuq, gəlincik, cüyür (əlik), çöl donuzu, dovşan, kirpi və s. heyvanlara rast gəlmək mümkündür.

Yamyaşıl yarpaqların xışıltısına, şırhaşır axan suların şırıltısına qarışan quşların cəh-cəhinə qulaq kəsilməmək mümkün deyildi. Zığ-zığ, qaratoyuq, bülbül, ağacdələn, cur-cur, şanapipik, bayquş, sərçə, qaranquş, qartal, quzğun, qızılquş, qırğı, çobanaldadan, bildirçin, alacəhrə, qırmızıdöş, alabaxta, arıquşu, alaqarğa, qaraqarğa, çalağan, sar və digər quşlar bu yerlərin daimi sakinləridir.

Mürəkkəb dağlıq relyefi olan bu ərazilərdə sərt iqlim şəraiti öz təsirini hər sahədə göstərir. İqlimin yayda sərin, qışda soyuq olması səbəbindən bu yerlərdə orta illik temperatur 01°C ilə 07°C arasında dəyişir. Düşən yağıntıların illik miqdarı isə 700-800 mm-ə qədərdir.

Camaatın ictimai həyatı; Kənd əhalisi milliyətcə Azərbaycan türklərindən ibarətdir. Sakinlərin milli mənsubiyyətini Oğuz türklərinin salur boyundan təkəli (təkə-türkmən) tayfasının bir qolu olan Hacısamlı elinin Qasımuşağı tayfasının İbrahimuşağı tirəsi təşkil edir. Tirənin (tayfanın) ulu babası İbrahim Qasım oğlunun Novruzalı, Möhbalı, Miralı adlı oğlanları bu kənddə yer-yurd sahibi olub, ömür-gün sürüblər.

XX əsrdən əvvəlki dövrdə adi mədrəsəsi belə olmayan kəndin gənc sakinlərinin çox az bir hissəsi kənddən çox-çox uzaq ərazilərdə təhsil almağa məcbur olurdu. Sovet dönəmində isə hətta ibtidai məktəbi olmayan kəndin kiçik və böyük yaşlı məktəbliləri natamam orta təhsili yaxınlıqda yerləşən Ərikli kəndində, tam orta təhsili isə Kürdhacı kənd tam orta ümumtəhsil məktəbində başa vururdular.

1905-1906-cı illərdə təpədən dırnağa qədər silahlanmış haylar tərəfindən başladılmış erməni-müsəlman davası zamanı aparılan mübarizəyə Aşağı Qarasaqqal kəndinin vətənpərvər sakinləridə qatılır. Niftalı Novruzalı oğlu Paşa bəy Sultanovun silahdaşı olmuşdur. Döyüşlərdə yaxşıca fərqlənən Alı Niftalı oğlu Sultan bəy Sultanov tərəfindən beşaçılan silahla mükafatlandırılır. Həmin beşaçılandan bir çox döyüşlərdə yetərincə istifadə etmişdir. Kənd sakini, öz qoçaqlığı ilə dillərə düşən Məhəmməd Mehralı oğlu Xosrov bəy Sultanovun xüsusi cangüdənlərindən biri olmuşdur.

Sovet İmperiyasının qələbəsindən bir xeyli sonra Azərbaycan xalqının həqiqi faciəsi başlandı. Əhalinin kasıb, xüsusilə bacarıqlı və başbilənlərinin əleyhinə cəza tədbirləri getdikcə daha da amansızlaşdı. Bu amansız cəza Aşağı Qarasaqqal kəndinin sakinlərindən də yan keçmədi. Kənd sakini Niftalı Novruzalı oğlu suçsuz olduğu halda təqsirli bilinir və azadlıqdan 10 il azad edilir. At ilxısı, dəyirmanı, əkin yerləri olması üzündən Mehralıyev Bəylər Niftalı oğlu da bu qanlı-qadalı illərin qurbanı oldu. Uzun illər ötməsinə baxmayaraq sürgün edilən Bəylərdən bu gün də bir xəbər-ətər yoxdur. Doğrudur illər sonra, gec olsa da, hələ sovet dönəmində onlar bəraət alırlar.

İkinci dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan neftinin əhəmiyyəti ilə yanaşı azərbaycanlı övladların böyük qəhrəmanlıqları da yaddaşlara yazılmışdır. Bu döyüşlərdə kənd sakinlərinin də öz payı olmuşdur. Müharibəyə yollanan Miriyev Miralı Qasım oğlu döyüşlərdən geri dönmür, Miriyev Əşrəf Qasım oğlu, Novruzov Alı Niftalı oğlu, Novruzov Sözalı Möhbalı oğlu şanlı döyüş yolu keçmiş, faşist Almaniyası üzərində qələbənin təmin olunması üçün var gücləri ilə çalışmışlar.

2015-ci ilin dekabr ayında aparılan siyahıyaalma zamanı kənd sakinlərinin sayı 49 nəfərdir (10 ailə). Kənd əhalisinin sayının az olması Qasımuşağı obasına xarakterik olmasa da bu prosesə təsir edən amillərin önündə doğumun az olması deyil, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədar gənclərin digər ərazilərə köç etməsi olmuşdur.

Əhalinin məşğuliyyəti; Aşağı Qarasaqqal kəndinin sakinləri heyvandarlıqla yanaşı kənd təsərrüfatının digər sahələri, eləcə də qismən ticarət və sənətkarlıq işləri ilə də məşğul olurdu. Kənd də dövrün ənənəvi məşğuliyyət sahələrindən biri sayılan toxuculuq isə çox gözəl inkişaf etmişdir. Qeyd edim ki, ailənin köçəri həyat sürən hissəsinin əsas məşğuliyyəti maldarlıq olduğu halda oturaq həyat sürən digər hissəsi isə toxuculuq, əkinçiik və bostançılıqla məşğul olurdu.

Qasımuşağı obasında yerləşən xalçaçılıq mərkəzinin hər bir məntəqəsindəolduğu kimi Aşağı Qarasaqqal kəndinin əhalisi də intensiv şəkildə xalça toxuyur, satışa çıxarır. Nəticədə bu sahə heyvandarlıqla məşğul olanların köməkçi təsərrüfat sahəsinə çevrilmiş və başlıca qazanc mənbəyi olmuşdur.

Münbit torpağın və bol suyun yaratdığı həyat şəraiti əhalinin yaşayış tərzinin yaxşılaşmasına olduqca yaxşı təsir edirdi. Buna görə də kənd təsərrüfatının əsas hisəsindən biri sayılan heyvandarlıq əhalinin əsas məşğuliyyət sahələrindən biri olsa da, əhalinin digər məşğuliyyəti əkinçilik, arıçılıq, toxuculuq, ticarət yönümlü işlər və digər işlərlə də məşğul olurdular. Suvarılan sahələrdə tütün, əsasən bostan məhsulları becərilirdi. Suvarma işlərini aparan əhali su mənbəyi olaraq axar sulardan və bulaqlardan istifadə edərdilər.

Kənddə toxuculuq işləri ilə əsasən qadınlar məşğul olurdu. Kiçik yaşlardan etibarən qızlar ipək, yun, bəzən pambıq ipliklərdən müxtəlif növ toxuma və tikmə işləri ilə məşğul olmağı bacarırdılar. Demək olar ki, elə kəndli ailəsi yoxdur ki, orada toxucu dəzgahlar (hana və yer hanası) olmasın.

Azərbaycan xalçaları, əsasən də Qarabağ xalçaları, həmçinin bu günə qədər qorunub saxlanan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı tikmələri" və "Qasımuşağı xalçaları" kənd qadınları tərəfindən xüsusi məharətlə toxunurdu.

Əhalinin məşğuliyyət strukturunda müxtəlif vaxtlarda xeyli dəyişikliklər yaransada toxuculuq hər zaman əl işlərinin önündə yer almışdır. Sakinlər tərəfindən sadə toxuculuq dəzgahında toxunan xovsuz və xovlu xalça məmulatları təkcə maddi tələbatı ödəmir, eyni zamanda mənəvi dəyərlər yaradır, onu inkişaf etdirir, formalaşdırır və həmin dəyərlərin yaşamasını tam təmin edirdi.

Bütün bunlarla yanaşı kənd sakinləri tərəfindən meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər (qida, dərman və texniki) üçün istifadə edilirdi. Həmçinin ərazinin güllü-çiçəkli yaylaqlara yaxın olma səbəbindən arıçılıq, eləcə də ərazidə sıx meşələr olduğundan taxta-şalban istehsalı, kömür və əhəng istehsalı, dərman bitkilərinin toplanıb təhvil verilməsi işləri də əhalinin məşğuliyyət növlərindən olmuşdur. Bir sözlə kənddə hər kəs öz bacardığı işi yerinə yetirməyə çalışardı.

1992-ci ilin may ayının 29-u gününə qədər müdafiə olunan Aşağı Qarasaqqal kəndinin ərazisi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra yerli əhali məcburən Azərbaycan Respublikasının müxtəlif bölgələrində məskunlaşdılar.

Artıq xeyli vaxtdır yurd ağrısını, doğma ocaq həsrətini yaralı qəlblərində yaşadaraq daşıyan, çadırlarda, uçuq-sökük daxmalarda, yataqxana və pansionatlarda min bir əziyyətə qatlaşaraq sabaha ümidlə boylanan məcburi köçkünlər bir çox adət-ənənələri az qala unutmaq ərəfəsindədirlər. Azərbaycan Respublikasının müxtəlif bölgələrində müvəqqəti məskunlaşan bu insanlar əsas halda ancaq toy və yas mərasimlərinində bir-biri ilə görüşür, qohum-əqrəbanın dərd-sərindən halı olurlar.
Çətin və dözülməz məcburi köçkün, yaxud da didərginlik həyatının başladığı ilk günlərdən bu günə qədər digər soydaşlarımız kimi Vətən həsrəti ilə yaşamlarını davam etdirən Aşağı Qarasaqqal kəndinin hər bir sakini inanır ki, tezliklə öz doğma yurdlarına geri dönəcək. Qeyd edim ki, ötən bu uzun müddət ərzində çox böyük bir nəsil yetişməkdədir ki, onlar əslən o yerlərdən olan, lakin heç vaxt o torpaqların üzünü görməyən, havasını udmayan biriləridir. Məcburi köçkün düşmüş ailələrdə, dədə-
Aşağı Qarasaqqal — Kəndlərimiz rubrikasındanbaba yurdundan uzaqda işıqlı dünyaya göz açan, doğma torpaq həsrətini və o yerlərə qayıtmaq istəklərini bütün dünyaya çar çəkərək dədə-baba yurdundan uzaqda yaşayan və sabahın qurucuları olan bu günkü gənclik gələcək uğurlarımızı şərtləndirir. Elə bu səbəbdən də yaşlı və orta yaşlı nəsilin nümayəndələri çalışırlar ki, olduqca gənc olan bu nəsil o torpaqları, babalarının yurd yerlərini unutmasınlar və əsil vətənpərvər kimi yetişsinlər.

Sultan HÜMBƏTOV

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”