Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda sosial-fəlsəfi biliklərin təbliğində Əddin Şakirzadənin rolu - IV YAZI


Tarix:24-02-2020, 13:20 Kateqoriya:Manşet / Cəmiyyət

Azərbaycanda sosial-fəlsəfi biliklərin təbliğində  Əddin Şakirzadənin rolu - IV YAZI Professor Əddin Şakirzadə yazır ki, sosializmdən kommunizmə keçilməsi xalq təsərrüfatının bütün sahələrini daha da inkişaf etdirmək, məhsuldar qüvvələri artırmaq, adamların elm və mədəni görüş dairələrini genişləndirmək əsasında mümkündür. Sosializmdən kommunizmə keçmək- bir keyfiyyət halından başqa bir keyfiyyət halına böyük sıçrayışdır. Beləliklə, sosializmdəm kommunizmə keçməyin tədriciliyi sosializm cəmiyyətinin inkişaf sürətinin daha da artması deməkdir.

Kommunizmin maddi-texniki bazasının yaradılması ölkənin tamamilə elektrikləşdirilməsi və bu əsas üzərində sənaye və kənd təsərrüfatında texnikanın, ictimai istehsalın təşkili və texnologiyasının təkmilləşdirilməsi, istehsal proseslərinin kompleksli mexanikləşdirilməsi, avtomatlaşdırılması nəticəsində sosialist ictimai münasibətləri tədriclə kommunist ictimai münasibətlərinə çevriləcək, sənayenin və kənd təsərrüfatının cəmiyyətin bütün vətəndaşlarının tələbatını ödəməyə qadir olan yüksək inkişaf səviyyəsi təmin ediləcəkdir.
Sosializmdən tədriclə kommunizmə keçilməsi prosesində də məhsuldar qüvvələrin sürətli inkişafı məhsuldar qüvvələrlə istehsal münasibətləri arasında ziddiyyətin olması labüddür. Sosializm şəraitində də istehsalın çevik ünsürü olan məhsuldar qüvvələr öz inkişafında istehsal münasibətlərindən irəlidə getdiyi və bu münasibətləri ötüb keçdiyi üçün istehsal münasibətlərinin məhsuldar qüvvələrin inkişafı və artmasından müəyyən dərəcədə geri qalması da labüddür.
Bu o deməkdir ki, məhsuldar qüvvələrlə istehsal vasitələri arasında sosializm şəraitində də ziddiyyət var və kommunizmdə də belə ziddiyyət olacaqdır.
Lakin bu ziddiyyət antaqonist xarakter daşımır. Sosializmdə istahsal vasitələri üzərində ümumi, ictimai mülkiyyətin olması, istismarçı siniflərin çoxdan ləğv olunması və cəmiyyətin rəhbər orqanlarının düzgün siyasəti nəticəsində bu ziddiyyət məhsuldar qüvvələrlə istaehsal münasibətləri arasında münaqişə dərəcəsinə gəlib çatmır.
Kommunizm quruculuğu adamların hərtərəfli fiziki və mənəvi inkişafını, yeni sovet adamının formalaşmasını nəzərdə tutur. Kommunizm cəmiyyəti adamların yüksək dərəcədə şüurlu olması ilə, mədəni cəhətdən tərəqqisi və elmi dünyagörüşünün genişliyi ilə səciyyələnir.
Kommunizm qurucusu olan yeni insanda yüksək mədəniyyət, , mənəvi saflıq, fiziki kamillik vəhdət təşkil etməlidir. Kommunist tərbiyəsinin başlıca məqsədi bütün zəhmətkeşləri, o cümlədən gənc nəsli yüksək mədəni, təhsilli, gümrah, çətinlikdən qorxmayan, dəyanətli, mərd, mübariz, vətənpərvər və beynəlmiləlçilik ruhunda böyütməkdir.
Hazırda mədəni inkişaf sahəsində başlıca vəzifə elmlərin əsasını yaxşı bilən, geniş dünyagörüşə malik bilikli adamlar hazırlamaqdan ibarətdir. İnqilabdan əvvəl Azəebaycan geridə qalmış patriarxal feodal münasibətləri ölkəsi idi. Xalqın 90%-dən çoxu, kəndlilərin isə hamısı savadsız idi. İndi respublikamızda onlarla texnikum, ali ixtisas məktəbləri, universitet, Elmlər Akademiyası vardır
Elmin inkişafı sahəsində Azərbaycan xalqı görkəmli nailiyyət əldə etmişdir. 1959-cu ildə 107 elmi-tədqiqat müəssisəsi var idi Burada 6400 nəfər elmi işçi çalışırdı. Hazırda Azərbaycanda 7746 nəfər elmi işçi çalışır. Onlardan 2306 nəfər elmlər doktorur və namizəddir.
Zəhmətkeşlərin mənzil şəraitinin yaxşılaşmasına da diqqət yetirilir. 1961-ci ildə respublikada 948 min kvadrat metr mənzil sahəsi istifadəyə verilmişdir. Sovet dövlətinin qayğısı və yardımı sayəsində respublikamızın kəndləri, şəhərləri gündən-günə abadlaşır, genişlənir, tikilir. Partiyanın nəcib və humanitar ideyası budur: “Hər şey insan naminə, insanın rifahı naminə!”
Sovet sosialist dövləti kommunizm cəmiyyəti qurmağın başlıca alətidir. Sovet dövləti dünyada ən demokratik dövlətdir, onun gücü xalq kütləıləri ilə daha sıx əlaqə saxlamasında, bu əlaqəni hər vıch ilə möhkəmləndirməsindədir. Bunun üçün dövlət idarələrində bürokratizmə, süründürməçiliyə, formalizmə qarşı kəskin mübarizə aparmaq lazımdır.
Sovet ittifaqının ərazisindəki sərvətlər tükənməzdir.Bu sərvətlərdən daha çox və geniş miqyasda, həm də bacarıqla istifadə edilməsi ölkəmizin iqtisadiyyatını, xalq təsərrüfatının bütün sahələrini coşğun surətdə inkişaf etdirməyə imkan verir. Təbii sərvətlərimiz kommunizmə keçmək üçün zəruri olan maddi nemətlər bolluğu yaradılmasının mənbəyidir. Sovet adamlarının nəcib əməllərinə bütün mütərəqqi bəşəriyyət rəğbət bəsləyir.
Əddin Şakirzadənin “Sovet həyat tərzi” monoqrafiyası 1979-cu ildə nəşr olunub, 213 səhifədən ibarətdir. Burada göstərilir ki, marksizm-leninizm fəlsəfəsinin və sosializmin mühüm kateqoriyalarından biri olan “həyat tərzi” anlayışı ictimai münasibətlər sistemini, o cümlədən istehsal-əmək prosesini, məişət şəraitini, asudə vaxtı düzgün və hərtərəfli dərk etmək, insanların tutduğu mövqeyi və oynadığı rolu ətraflı başa düşmək, onların sosial fəallıq dərəcəsini və səviyyəsini öyrənmək işinə xidmət edir.
Son zamanlarda “sosialist həyat tərzi”, “sovet həyat tərzi” anlauyışları ictimai-siyasi, elmi ədəbiyyatda, mətbuatda geniş miqyasda işlədilməyə başlanmışdır. Bu, cəmiyyət quruluşumuzun təbiətindən, kommunizmə doğru inkişafımızın mahiyyətindən əmələ gələn ictimai hadisənin qanunauyğun inikasıdır.
Hər bir cəmiyyətin özünəməxsus həyat tərzi vardır. Sosializmin, sovet cəmiyyətinin də öz həyat tərzinin olması tamamilə təbiidir. SSRİ-də inkişaf etmiş, yetkin sosializm cəmiyyəti qurulmuşdur. Bu cəmiyyət tədricən kommunizm cəmiyyətinə keçir. Bu ictimai tərəqqi zəminində sovet həyat tərzi də yetkinləşmiş, daha da təkmilləşərək tədricən kommunist həyat tərzinə çevrilir.
Müəllif sovet həyat tərzinin araşdırılmasının əhmiyyətindən bəhs edərək göstərir ki, bu işin böyük elmi-nəzəri və əməli-siyasi əhəmiyyəti vardır. Təbliğat, təşviqat sahəsində çalışan işçilərimizin vəzifəsi sosialist cəmiyyəti, sovet həyat tərzi haqqında, kommunizm quruculuğu haqqında həqiqəti yüz milyonlarla adama çatdırmaqdan ibarətdir.
İnsanların həyat tərzinin strukturu nəzərdən keçirilərsə, burada, hər şeydən əvvəl, əmək və onun sosial təşkili formaları, məişətin təşkili, asudə vaxtdan istifadə olunması, maddi, mənəvi və mədəni tələbatın ödənilməsi formaları, cəmiyyət üzvlərinin ictimai fəaliyyəti daxildir.
Buradan görünür ki, Əddin müəllim sovet həyat tərzi haqqında oxuculara və dinləyicilərə geniş məlumat vermək məqsədini güdür. Bu, o dövrdə sovet ideologiyasının təbliğində əhəmiyyətli yer tuturdu. Bu əsər o dövrdə yaşamayan və baş verən ictimai-siyasi və mədəni hadisələr haqqında məlumatı az olan insanlar üçün indi də faydalıdır.
Əddin müəllim sovet həyat tərzi haqqında danışığına davam edərək yazır ki, insanlrın həyat tərzini onların yaşadıqları ictimai-iqtisadi formasiya təyin edir və həmin formasiyanın səciyyəvi xüsusiyyətləri öz inikasını cəmiyyət üzvlərinin həyat tərzində tapır. Həyat tərzi ictimai anlayış, fəlsəfi və sosioloji kateqoriya olub, insanların həyat və fəaliyyətinin tipik üsulları, metod və formalarını, əmək və məişət şəraitini əhatə edir. Həyat tərzinə həmin insanların yaşayıb çalışdıqları şərait, həm də onların ictimai, şəxsi həyat və fəaliyyətinin məzmunu, eləcə də müxtəlif və rəngarəng təzahür formaları daxildir.
Həyat tərzinin formalaşmasında cəmiyyətin maddi istehsal münasibətləri həlledici rol oynayır. Lakin hər bir cəmiyyətin ictimai-siyasi və iqtisadi quruluşu onun həyat tərzinə həlledici təsir göstərir. Zənnimizcə, həyat tərzi iki yerə ayrılmalıdır: xüsusi mülkiyyətin hökmran olduğu antaqonist tipli həyat tərzinə və ictimai mülkiyyətin qərarlaşdığı qeyri-antaqonist tipli həyat tərzinə.
İctimai həyat və mənafe birliyi, məqsəd ümumiliyi heç də əmək və məişət şəraitinin, gündəlik yaşayışın təkrarlanması, hamı üçün eyni olması demək deyildir. Bizim sosialist quruluşumuzda da, əlbəttə, bütün siniflərin, ictimai təbəqə və qrupların həyat tərzləri eyni ola bilməz.
Ümumiyyətlə, hər hansı bir cəmiyyətin, sinfin, ictimai təbəqənin, qrupun, kollektivin, şəxsin həyat tərzini yaşadığı mühit, şərait, maddi gerçəklik təyin edir. İctimai-iqtisadi formasiyaların dəyişilməsi, yeniləşməsi həyat şəraitini də dəyişdirir, yeni xarakterli adamların meydana çıxmasına və formalaşmasına səbəb olur.

Heç bir ictimai-iqtisadi formasiyada hamı üçün eyni həyat tərzi, eyni yaşayış şəraiti ola bilməz və mümkün də deyildir. Sosializmdə də insanların həyat tərzləri , həyat şəraiti arasında bərabər və eynilik işarəsi qoymaq olmaz. Həyat tərzi iqtisadiyyata, mədəniyyətə, siyasətə və məfkurə aləminə bu və ya başqa şəkildə nüfuz edir, insanların əmək fəaliyyətində, məişətində, gündəlik yaşayışında öz varlığını bildirir.
Adətən, həyat tərzi dedikdə, gündəlik yaşayış və məişət göz önünə gəlir. Lakin həyat tərzi yalnız məişətdən ibarət deyildir. O, daha geniş mənalı anlayışdır. Əmək və məişətlə bərabər, asudə vaxt, ondan istifadə edilməsinin formaları, üsulları da həyat tərzi anlayışına daxildir. Cəmiyyət üzvlərinin həyat tərzi nəinki maddi istehsal və maddi mədəniyyətlə, həmçinin, mənəvi istehsal və mənəvi mədəniyyətlə, onların inkişaf səviyyəsi ilə də bağlıdır.
Həyat tərzi, göründüyü kimi, çox mürəkkləb və əhatəli ictimai hadisədir. Sosialist həyat tərzi üçün işgüzarlıq, kollektivşilik, insanpərvərlik, qarşılıqlı yardım, əməkdaşlıq, dostluq, nikbinlik kimi mənəvi keyfiyyətlər səciyyəvidir. Burjua həyat tərzi üçün isə fərdiyyətçilik, xudpəsəndlik, mənəmlik,rəqabət, milli düşmənçilik, ayrı-seçkilik, etinasızlıq, çəkişmə xasdır.
Çoxmillətli sovet dövlətinin hər yerində sosialist həyat tərzi kök salmış və hazırda kommunistcəsinə dəyişib inkişaf etməkdədir. Sovet xalqının yaşayış səviyyəsi durmadan yüksəlir, həyat tərzi getdikcə yaxşılaşır, əmək və istirahət hüququ, pulsuz təhsil və tibbi xidmət, sağlamlığın mühafizəsi hüququ, mənzil və maddi təminat hüququ və bir sıra başqa hüquq və azadlıqlar sovet həyat tərzinin ayrılmaz cəhətləridir.
Əddin müəllim gördüyü bütün müsbət şeyləri sovet həyat tərzinə aid edir. Lakin hər bir ictimai-iqtisadi formasiyada müsbət cəhətlərlə yanaşı,mənfi cəhətlər də mövcuddur.Elə bir cəmiyyət forması ola bilməz ki, orada hər şey yaxşıdır, xalq kütlələrinin mənafeyinə uyğundur, mövcud rejimdən, siyasi quruluşdan hamı razıdır. Bu, mümkün də deyildir.
Sosializmin özündə də istənilən qədər çatışmazlıqlar, ziddiyyətlər, qanun pozğunluğu, ədalətsizlik, bürokratizm, süründürməçilik və s. mənfi hallar mövcud idi. Bu, hər bir dövlət üçün aksiomadır. Bunu hakimiyyətin başında duranlar da yaxşı bilirlər, amma bütün xoşagəlməz, mənfi cəhətləri aradan götürmək, ideal bir siyasi quruluş , dövlət yaratmaq mümkün deyildir.
Əddin Şakirzadə də yaşadığı sosializm cəmiyyətində, sovetlər ittifaqında istənilən qədər mənfiliklərin, çatışmazlıqların, qanuna zidd olan halların mövcud olduğunu görürdü, bilirdi, ancaq bütün bunlara göz yumub, özünü görməməzliyə qoymağa məcbur idi. Bunu zaman, şərait, mövcud siyasi rejim, tutduğu yol, üzvlüyünə daxil olduğu kommunist partiyası tələb edirdi. Ona görə də bu yolu tutmuş alimləri, şairləri, yazıçıları məzəmmət etmək, qınamaq düzgün deyil.
Əddin Şakirzadə də bir alim, filosof kimi bir şey yazmalı, hazırlamalı və meydana çıxarmalı idi. Sosialist dövlətini, sovet hakimiyyətini, onun leninçi siyasətini, sosializm cəmiyyətini müdafiə və təbliğ etməli idi və etdi də. Sovet həyat tərzinin üstünlüklərini göstərmək üçün bütün bədii təsvir vasitələrindən istifadə edir.
Müəllif yazır ki, elmi biliklərə, ədəbiyyata və incəsənətə, bədii və elmi-texniki yaradıcılığa can atmaq, onlara yiyələnmək, mədəni quruculuqda fəal iştirak etmək də sovet həyat tərzinin mühüm cəhətlərindəndir.Vicdanla çalışmaq, öz işinin, peşəsinin, sənətinin mahir ustası olmaq və bu nəcib məqsəd uğrunda mübarizə aparmaq indi sovet həyat tərezinin ayrılmaz xüsusiyyəti, fərqləndirici əlaməti olmuşdur. Bununla hər bir namuslu və vicdanlı əməkçi fəxr edir, ona şərəf işi kimi baxır.
Əddin müəllim qeyd etməyi lazım bilir ki, insanların yaşayış səviyyəsi biri digərindən asılı və bir-birinə bağlı olan anlayışlar, kateqoriyalar olduğuna görə, eyniləşdirmək, qarışdırmaq olmaz. Bundan başqa, yaşayış səviyyəsi dedikdə, buraya əhalinin müxtəlif təbəqə və qruplarının əldə etdikləri gəlirin miqdarı da daxildir. Həyat tərzi anlayışı insanların sosial hüquqları, azadlıqları, idealları kimi keyfiyyət göstəricilərini də əhatə edir.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu, Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Qabaqcıl Maarif Xadimi

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”