Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ) - V YAZI


Tarix:11-02-2020, 11:40 Kateqoriya:Manşet / Cəmiyyət

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ) - V YAZIƏli bəy Hüseynzadə xeyli dərəcədə haqlı idi ki, ortaq türkcədən ayrı Azərbaycan türkcəsinin inkişafında, əlifba islahatı məsələsində əvvəlcə çar Rusiyası, sonralar Sovet Rusiyasının maraqlı və icraçı olmaları təsadüfi olmamışdır. Hər iki halda məqsəd Quzey Azərbaycanı Türk dünyasından, xüsusilə Güney Azərbaycan və Türkiyə türklərindən ayırmaq idi. Ona görə də Hüseynzadənin vaxtında ruslaşdırmaq, qərbliləşdirmək siyasətinə qarşı irəli sürdüyü “türkçülük” ideyasına haqq qazandırmamaq mümkün deyil.

Yusif Akçuraya görə, Ə.Hüseynzadə «Qəzetimizin məsləki» məqaləsində deyil, «Bizə hansı elmlər lazımdır?» mövzusu ətrafında gedən mübahisələr əsasında yazdığı məqaləsində ilk dəfə, tərəqqipərvər islamçılığın və türkçülüyün əsasını təşkil edən «üçlü» (islamlaşma, turkləşmə və avropalaşma) düstura üz tutmuşdur; bu «üçlü» düstur da çox keçmədən Türk aləminin hər tərəfinə yayılmış, xüsusilə Osmanlı Türkiyəsində Z.Gökalp və başqaları tərəfindən dəstəklənmişdir. Bizcə, birincisi bu «üçlü» düstur yuxarıda da qeyd etdiyimiz kimi, Ə.Hüseynzadə tərəfindən daha öncə irəli sürülmüş, yəni «Həyat»ın ilk məqaləsində müəyyənləşdirilmişdir. İkincisi isə, bu «üçlü» düstur sonralar yalnız Türkiyə türkçülüyü deyil, Azərbaycan türkçülüyü ideyasının da yaranmasında mühüm rol oynamışdır. Hər halda Hüseynzadə 1900-1910-cu illərdə bu «üçlü» düsturu irəli sürərkən konkret nə Azərbaycan və Azərbaycan türkçülüyünü, nə də Türkiyə və Türkiyə türkçülüyünü nəzərdə tutmuşdur. Fikrimizcə, o, həmin dövrdə nəzəri-fəlsəfi yönlü «üçlü» düsturunu bütün Türk-İslam dünyası üçün irəli sürmüş, ondan sonralar bütün Türk millətləri, o cümlədən Azərbaycan türkləri (M.Ə.Rəsulzadə və b.) və Türkiyə türkləri (Z.Gökalp və b.) eyni dərəcədə yararlanmışdır.

Deməli, Ə.Hüseynzadə nəzəri-fəlsəfi şəkilə salmağa çalışdığı “üçlü” düsturunun reallaşmasını Türkiyə çərçivəsində məhdudlaşdırmayaraq bütün Türk və müsəlman dünyası bütövlüyündə görmüşdür.

Osmanlı türkçülüyü. Fikrimizcə, Hüseynzadə 1900-1910-cu illərdə milli və müasir ruhlu islamçılıqdan çıxış etsə də, bunun hədəflərinin qeyri-müəyyənliyini dərk etmiş və onunla müqayisədə reallığa daha yaxın olan «osmanlı türkçülüyü» ideyasını irəli sürmüşdü. Görünür, Hüseynzadə bütün müsəlmanların (ərəb, fars, türk və b.) «islam birliyi»nin mümkün olmadığını görərək, siyasi-ideoloji mənada diqqətini «Türk-İslam» birliyinə əsaslanan «Osmanlı türkçülüyü»nə yönəltmişdir. Bu isə, müəyyən qədər bütün türklərin Turan dövlətində (turançılıq-«panturanizm») birləşməsi ideyası ilə səsləşirdi. Bu baxımdan Hüseynzadənin “Osmanlı mərkəzli türkçülüyü-turançılığı” müdafiə etməsində iki əsas faktor: 1) siyasi-ideoloji; 2) mənəvi-mədəni türkçülük mühüm rol oynamışdır. Akçuranın təbrincə desək, İstanbulu islam və türk dünyasının siyasi və ideoloji mərkəzi kimi görən Hüseynzadə siyasətdə olduğu kimi, dil və ədəbiyyatda da, mərkəzi Osmanlı olmaq üzrə türkçülüyə, yəni osmanlı türkçülüyünə, hətta panturançılığa təkan verən ilk ziyalıdır.

Ə.Hüseynzadə siyasi-ideoloji mənada “osmanlı milləti”, “osmanlı millətçiliyi”ni deyil, mərkəzi İstanbul olan “osmanlı türkçülüyü”nü müdafiə etmişdir. Y.Akçura yazır: “Xüsusən “Füyuzat”da nəşr olunan məqalələrinin məzmun və biçimindən Hüseynzadə Əli bəyin türk, türkçü, hətta Osmanlıçı olduğuna dərhal qərar verilir. Bütün türklər arasında Osmanlı türkcəsinin yayılmasını, bütün türklərin ədəbi dilinin Osmanlı türkcəsi olmasını istəyir və özü yazılarını olduqca təmiz Osmanlı ədəbi türkcəsi ilə, o zamanlar İstanbulda mötəbər yeni ədəbiyyat cədidə üslubu ilə yazır. Siyasi cəhətdən Osmanlı dövlətini, Osmanlı türklüyünü müstəqil türklüyün nüvəsi sayır. Bu baxımdan, bütün türkülük məsələsində görüşü, “Üç tərzi-siyasət”in türkçülük fikrinə yaxın deməkdir”.

Onun türkçülüyün siyasi-ideoloji nüvəsi kimi Türkiyəni görməsinə əsas səbəb o idi ki, digər Türk dövləti Qacarlar ingilislərin və rusların yarımvasalı olmaqla yanaşı, xeyli dərəcədə irançılqı adı altında farslaşdırılmış, eyni zamanda Quzey Azərbaycan, Tatarıstan, Başqırdıstan, Krım, Türküstan və başqaları isə Rusiyanın əsarəti altında idi. Bu anlamda Ə.Hüseynzadə haqlı olaraq hesab edirdi ki, hazırda yalnız siyasi və hüquqi cəhətdən müstəqil olan Türk dövləti türkçülüyü inkişaf etdirərək başqa Türk ellərini də öz ətrafında birləşdirə bilərdi. Onun fikrincə, yaxın zamanda isə türk-islam dünyasının oyanışı, inkişafı və yüksəlməsi Osmanlı dövləti, Osmanlı türklüyü ilə bağlı idi. O, inanırdı ki, məhz Türkiyə türkçülüyü bütün türklər üçün siyasi güc və ideoloji mərkəzə çevrilərsə bundan Çarlığın əsarəti altındakı Rusiya türkləri, o cümlədən Azərbaycan türkləri də qazanmış olacaqlar. Bu baxımdan müstəqil və ideoloji baxımdan daha çox təşkilatlanmış Osmanlı mərkəzli türkçülük bütün Türk milliyyətləri üçün mühüm rol oynaya bilər. Xüsusilə də, o, türkçülüyü ötən 60-70 il ərzində Qafqazda çar Rusiyasının ruslaşdırma, xristianlaşıdrma o cümlədən, Qacarlarda son dövrlərdə güclənən farslaşdırmaya qarşı irəli sürmüşdür.

Bu bir daha göstərir ki, İslam-Türk dünyasının qurtuluşu üçün irəli sürülən milli-dini birlik (islamlıq və türklüyün vəhdətinə əsaslanan) ideologiyası baxımından Ə.Ağaoğlu Osmanlı mərkəzli islamçılığa, Y.Akçura və Ə.Hüseynzadə Osmanlı mərkəzli türkçülüyə vermişdir. Bunu təsdiq edən Y.Akçuraya görə, o, hətta Azərbaycan türkləri arasında “mədəni və siyasi türkçülük hərəkatı”nın ilk yayıcısı olmuşdur. Bizcə, Hüseynzadə yeni dövrdə yalnız Aquzey zərbaycanda deyil, bütövlükdə Çarlıq Rusiyası və Osmanlıda da, “mədəni və siyasi türkçülük hərəkatı”nın ilk yayıcısıdır.

Bizcə də, Hüseynzadənin Osmanlı mərkəzli türkçülüyü, turançılığı bütün Türk-İslam dünyasının oyanışı və birliyi kimi görməsinə başlıca amil, başqa Türk xalqlarından fərqli olaraq onların siyasi müstəqilliyə və gücə sahib olmaları ilə bağlı olmuşdur. O hesab etmişdir ki, məhz Osmanlı mərkəzli türkçülük bütün Türk xalqları üçün bir güc və ideoloji mərkəzə çevirildiyi təqdirdə başqa Türk elləri, uğur qazana bilərlər. Bu mənada bəzi müəlliflərin iddia etmələri ki, Ə.Hüseynzadə Osmanlı mərkəzli türkçülüklə digər Türk xalqlarını osmanlıların içərisində əritməyə çalışmışdır fikri ilə razlaşmırıq. Bizcə, Ə.Hüseynzadənin “Osmanlı türkçülüyü”nü bütün türklüyün nüvəsi kimi götürməsi digər Türk xalqlarında, o cümləədn Azərbaycan türklərində mövcud olan türkçülüyünün ziddiyyəti kimi deyil, əksinə uzlaşdırıcı amili kimi baxmaq lazımdır. M.Ə.Rəsulzadə tamamilə doğru yazırdı ki, həmin dövrdə Ə.Hüseynzadə, Ə.Ağaoğlu və onların həmfikirlərinin irəli sürdükləri Osmanlı mərkəzli Türk birliyi ideyası müstəmləkə altına düşmüş ayrı-ayrı Türk milliyyətlərində müstəqillik eşqi yaradaraq onları inqilabiləşdirmişdi: “Ancaq onlar ayrı-ayrılıqda qarşılarındakı yağıların çox böyük güclərinin qorxusundan azadlıqdan, müstəqillikdən söz belə açamazdılar. Bununla belə, onların kiçik ellər yox, ünlü tarixi, eləcə də gələcəyi olan çoxmilyonlu ulusun-millətin üzvləri olmalarını anlamaları, doğal-təbii olaraq ümidlərini artırıb, yüzilin yağısı ilə dönmədən döyüşməyə çağırırdı”.

Bu o deməkdir ki, Ə.Hüseynzadə həmin dövrdə ayrı-ayrı türk dövlətlərinin yaranması ideyasını çox müdafiə etməsə də, birmənalı şəkildə ona qarşı da olmamışdır. Sadəcə, Hüseynzadə dövrün reallıqlarından çıxış edərək yeganə müstəqil Türk dövləti olan Osmanlının timsalında türkçülüyü gücləndirməyə və möhkəmləndirməyə çalışır, bu yolda digər Türk milliyyətlərinin ona dəstək verməsinin vacibliyini vurğulayırdı. Bu baxımdan o hesab edirdi ki, çar Rusiyasının əsarəti altında olan türk-tatar xalqları da, ilk növbədə Türkiyə türkçülüyünü müdafiə etməlidirlər. Fikrimizcə, türkçülük nəzəriyyəsi açısından bu mülahizə həmin dövr üçün, ən real və gerçəkçi baxış idi. Çünki son əsrlərdə qarışdırdıqları islamçılıqla türkçülyü bir-birindən ayırmağa başlayan milli mütəfəkkirlər, o cümlədən Ə.Hüseynzadə üçün türkçülük ruhunun parçalanması, yəni ayrı-ayrı milli-məhəlli türkçülüyə bölünməsi çox yad və uzaq bir hiss idi. Bu məsələləri çox doğru dəyərləndirən milli ideoloq Rəsulzadə yazırdı: “Panislamizmdən qurtulan türk ictimai-siyasi düşüncəsi birdən-birə indi çatdığı gerçək milli ideyaya o anda çata bilməzdi. Bu psixoloji baxımdan aydındır. Müharibə və ümumi təhlükə şəraitində islam birliyi kimi böyük və əhatəli şüardan imtina edən millətçilər onun əvəzinə eyni təsir gücünə malik bir şüar irəli sürməli idilər. Bu, ancaq milli birlik ola bilərdi: “Din birliyi çağı keçdi, indi tarixi uluslar-millətlər irəli aparır. Yaşasın, Dunaydan Altayadək Türk uluslarının birliyi!””.

Türkçülükdən milli-məhəlli türkçülüyə keçid isə yalnız o zaman baş verdi ki, 1911-1913-cü illərdə Türkiyə Balkanlarda məğlub duruma düşdü, daha sonra 1-ci Dünya müharibəsindən məğlub çıxdı, bununla da, türkçülüyün nüvəsi olmaq gücünü xeyli dərəcədə itirmiş oldu. Məhz bu hal türkçülükdə yeni bir dönəmin başlanğıcı oldu və bir çox türkçülər siyasi romantik-özəkçilik türkçülükdən (Türk birliyi-vahid Turan dövləti) xeyli dərəcədə uzaqlaşaraq, real milli-məhəlli türkçülüyə meyil göstərdilər. Doğrudur, Ə.Hüseynzadə bu halda da, daha çox Türkiyə mərkəzli Türk birliyi ideyasına sadiq qalmışdır. Ancaq bu, Hüseynzadənin milli-məhəlli türkçülük kimi Azərbaycan türkçülüyünü, onun nəticəsi olan Azərbaycan Cümhuriyyətini qəbul etməsinə heç də əngəl olmamışdır.

Belə ki, 1918-ci ildə Türkiyə hökuməti tərəfindən Ə.Ağaoğlu ilə birlikdə milli dövlət qurulması məsələsində Cümhuriyyətin ideoloqları ilə fikir mübadiləsi üçün Azərbaycana gələn Hüseynzadə yazırdı: “Hilali-Əhməriyənin bayrağı bizimkinin eyni olan fəqət al rəngli milli bayrağında bəyaz hilal qarşısında beş şualı yerinə səkkiz şüualı bir yıldız bulunan məmləkətdən, Qafqasiya Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu Qafqasiya Türk dövlətindən bir az bəhs etmək istərəm”. O, yazırdı ki, Azərbaycan Türk dövlətini çiyin-çiyinə qoruyan Türkiyə və Azərbaycan türkləri bir-birlərini mükəmməl anlayırlar: “…Çünki Azərbaycan avam xalqı ilə Anadolu köylüsünün dili lap bir-birinin eynidir! Bir-birini anlamayanlarsa rus məktəblərində yetişib lisanları ruslaşmış olan Azərbaycan oxumuşları və İstanbulun seçilmişlər ailəsinə məxsus istilahlar işlədən şəxslərdir”. Azərbaycan və Türkiyə türklərinin bir-birinə qovuşmasını tarixi hadisə, təbii bir cərəyan kimi qəbul edən Hüseynzadənin fikrincə, hər iki türk millətinin bir-birinə qarışması ilə bütün türk milləti müasirləşmiş, güclənmiş və bütövlşəmiş olacaqdır. Belə ki, imperializm, nasiyonalizm və sosializm cərəyanlarının faciəli fəaliyyət mərkəzinə çevrilən Azərbaycan, Azərbaycan türkləri bu müxtəlif cərəyanların altında nə edəcəyini bilmədi, mühakiməsini itirdi. Ancaq Türkiyə türklərinin onların imdadına çatması ilə yalnız Azərbaycan deyil, həm də Türkiyə türkləri də xilas oldu.


AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

________________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”