Qarabag Media
Haqqımızda Əlaqə

Məzarı olmayan şəhid — FOTOLAR


Tarix:20-01-2020, 11:40 Kateqoriya:Manşet / Cəmiyyət

Məzarı olmayan şəhid — FOTOLAR

O gecə Gülarənin gözünə yuxu getmədi. Aranı dağa çəkdi, dağı arana. Nə mürgülü şəhərin sayrışan işıqları, nə də uyuyan övladlarının mışıltısı onu hələ də baş açmadığı fikrindən uzaqlaşdıra bilmədi. Xəyalı onu çox uzaqlara çəkib apardı, bəzən azdırdı yollarda, bir iz arayıb çıxmağa çalışsa da, bacarmadı. Dolaşıq fikirlərin ağırlığı onun göz qapaqlarını yumanda dan yeri ağarmaqda idi. Gördü ki, fərqli bir məkandadır, hər kəsin barmaqları kəsilib, əllərdən qan şoralanır. Qorxudan elə qışqırdı ki, səsi otaqlarda əks-səda verdi. Ətrafa diqqət yetirəndə yuxu olduğunu anladı.

Amma yenə də ürəyi sakitləşmədi. Aydından xəbər tutmağa çalışdı, bacarmadı, zəng eləmək istədi, alınmadı. Uşaqlar onu ovundurmağa çalışsalar da, qəlbində vurnuxan bəd fikirlərdən uzaqlaşa bilmədi. Aydını itirəcəyindən qorxurdu Gülarə...

Aradan bir ay keçdi... Qəfləti zəng Gülarəni diksindirdi. Aydının əsgərlərindən birinin anası idi dəstəyin o başında. Gülarənin şübhələrinə nöqtə qoymaq üçün edilmişdi bu zəng. Aydın şəhid olmuşdu, Gülarə yuxu görən gecə.

Bəs Aydın Manerov kimdir? O, 1965-ci ildə Xəzərin sahilində doğulub. Körpəlikdən ata qayğısından məhrum olan Aydın yeganə ümid işığı olan anasına sığınıb. Ancaq yenə də tale onun üzünə gülməyib. Yeddinci sinifdə oxuyarkən anasını da itirb. Elə o vaxtdan dəfələrlə büdrəsə də, yıxılsa da təkbaşına ayaq üstə durmağı bacarıb. Heç kimə boyun əyməyib. Yurda, elə, obaya bağlılığı ilə fərqlənib həmişə. Sovet ordusunda xidməti borcunu yerinə yetirəndən sonra isə arzu və ümidlərini doğrultmaq üçün mübarizə meydanına atılıb.

Aydın Manerov baş verən hadisələrə biganə qala bilmədi. Özünümüdafiə dəstələrinin tərkibində Laçın istiqamətində döyüşlərə qatıldı. O zaman Sarı baba dağı ətrafında qızğın döyüşlər gedirdi. Bütün cinahlardan hücuma keçən düşmən yüksəkliyin strateji əhəmiyyətindən xəbərdar olduğu üçün var gücü ilə irəliləməyə çalışırdı. Aydın Manerov öz dəstəsi ilə ardı-arası kəsilməyən düşmənə qarşı keçilməz səngərə çevrilmişdi. Artıq ermənilər də hiss edirdi ki, əagərlərimizin qarşısında duruş gətirə bilməyəcəklər. Ölümsaçan güllələr düşmənin sıralarını seyrəltməkdə idi. Odur ki, aldadıcı manevrlə geri çəkilməyi üstün tutdular. Xeyli yaralı və itki verən düşmən yalnız geri çəkilərkən nə qədər canlı qüvvə itirdiyini anladı. Amansız döyüş sona yetməkdə ikən Manerov sinəsindən ağır yaralandı.

Sinəsindən ağır yara alan Manerov təcili Bakıya – hospitala çatdırıldı. Dalbadal keçirilən ağır əməliyyatlardan necə çıxdığından özünün də xəbəri olmadı. Heç silahdaşlarından da xəbər tuta bilmədi. Artıq yavaş-yavaş əsaya söykənərək ayağa dura bilirdi. Özünə söz vermişdi ki, ayağa qalxan kimi birbaşa döyüşə yollanacaq. Onun qəti qərarı həkimin: “sən ikinci qrup əlilsən, döyüşə getməyin mümkün deyil” fikrini alt-üst edirdi. Amma o, bütün ağrıları içinə çəkib “getməliyəm” dedi. Və üz tutdu Ağdərəyə, evdəkilər isə elə başa düşdü ki, Gəncəyə gedir.
*
Şuşada vəziyyət gərgin idi. Ətraf kəndlər bir-birinin ardınca düşmənin nəzarətinə keçirdi. Aydın Manerov Kərkicahan, Cəmilli və Nəbilər kəndinə edilən hücumların qarşısını almaq üçün əlindən gələni əsirgəmir, gah canlı qüvvə, gah da silah-sursat göndərirdi. Haçaqayada baş toqquşmada Manerovun fədakarlığı komandanlığın gözündən yayınmadı. Hansı ki, heç bir yola, cığıra bələd deyildi.

Laçın, Şuşa, Ağdam, Ağdərə, Goranboy və Füzuli bölgələrində amansız savaşlardan bir çox hallarda qalib ayrılan Manerov üç aylıq hərbi kurs keçdikdən sonra bölük komandirinin müavini vəzifəsinə təyin edildi. Artıq əsgər və zabit kollektivi qarşısında böyük hörmət sahibi idi. Döyüşdən-döyüşə bərkiyən, mətinləşən Manerov düşmənin hədəf nöqtəsinə çevrilmişdi. Düşmən snayperi addım-addım onu izləyirdi. O isə fərqinə varmadan keçilməz yolları qürurla keçməyə çalışırdı. Baxmayaraq ki, üç dəfə ağır yaralanmış, amma yenə də silahdaşlarını tək buraxmamışdı.

Tərtər ərazisi döyüş meydanına çevrilməkdə idi. Düşmən addım-addım şəhərə yaxınlaşırdı. Onların əsas planı Tərtəri işğal etməklə Gəncəyə doğru irəliləmək idi. O zaman Aydıngilin qərargahı Tərtərin Səhləbad kəndində yerləşirdi. Vəziyyətin gərginliyini nəzərə alan komandanlıq şəhər ətrafında keçilməz bir sədd qurdu. Əsgərlərimiz isə düşməni qurduğu plandan əl çəkməyə məcbur etdi.

Aydının atalıq qayğısını hər bir əsgər hiss edirdi. O, hələ süd iyi burnundan getməyən 18 -19 yaşlı gənclərin təlim görmədən döyüşün ağuşuna atılmasına icazə vermirdi. O, doğma balası kimi sevirdi hər bir əsgəri. Hətta Həsənqaya savaşında gülləkeçirməz gödəkçəsini əsgərlərin birinə bağışlamışdı.

Ağdərənin Gödəkburun yüksəkliyini işğal etmək üçün hazırlanan plan kəşfiyyatçılarımızın əlinə keçmişdi. Bu plan həyata keçiriləcəyi təqdirdə Tərtər hədəf nöqtəsi olacaqı. Düşmənin atacağı addımı alt-üst eləmək üçün əsgərlərimiz dörd istiqamətdən hücuma keçdi. Digər cinahlarda irəliləmək mümkün olsa da Manerovun bölüyü mühasirəyə düşdü. Gənc leytenant daha təhlükəsiz yerə çəkilmək üçün əsgərlərə əmr etsə də, heç biri komandiri tək buraxmaq istəmədi. Növbəti dəfə əmr edərək irəli atıldı, təkbaşına düşmənin üzərinə yeridi. Təəssüf ki, gözlənilən kömək hələ də gəlib çıxmamışdı. Qanlı savaş məğrur və əyilməz soydaşımızın gözünü qorxutmadı. Elə bu qorxmazlıq da onu qolları üstünə alıb Tanrı dərgahına ucaltdı. O, göylərə ucaldığı üçün yerlə əlaqəsi kəsildi. O vaxtdan üz sürtmək, dərdini paylaşmaq və göz yaşına bələmək üçün baş daşı da yoxdur ki, övladları üçün təsəlli yeri olsun. Bəlkə də belə məsləhətmiş. Axı uca Haqq seçdiklərini öz dərgahına aparır.

“Azərbaycan bayrağı” ordenli “Qartal” ləqəbli Aydın Manerov bacarıqlı və səriştəli bir zabit, işini yaxşı bilən mütəxəssis, mahir döyüşçü və cəsur kəşfiyyatçı idi. Hər zaman düşmənin arxasına keçərək lazımi məlumatları toplayır, silah-sursat anbarlarının yerini dəqiqləşdirərək şəklini çəkirdi. Məhz bu dəqiq və səhih məlumatlar sayəsində düşmən xeyli canlı qüvvə və ağır texnika itirmişdi. Hətta dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılan Aydın Manerova hələ sağlığında “Azərbaycanın Milli Qəhrəmanı” adını almaq üçün təqdimat verilmişdi.

Aydın ölümü ilə yazdı qəhrəmanlıq tarixini. Aydın ölümü ilə ölməzlik qazandı. Aydın tarixləşdi, dastanlaşdı və adına kitablar bağlandı.

Məzarı olmayan şəhid — FOTOLAR

Məzarı olmayan şəhid — FOTOLAR

Məzarı olmayan şəhid — FOTOLAR

Ötərxan ELTAC
____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”