Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağa dair “Lavrov planı”nın detalları üzə çıxdı


Tarix:21-12-2019, 15:35 Kateqoriya:Manşet / Qarabağ

Qarabağa dair “Lavrov planı”nın detalları üzə çıxdı

Xəbər verildiyi kimi Brüsseldə mənzillənmiş və nüfuzlu beyin mərkəzi hesab edilən Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair növbəti hesabat yayıb.

Uzunmüddətli araşdırmaların nəticəsi olaraq hazırlanan hesabatda deyilir ki, Yerevanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar barədə əvvəlcə yaranan optimizm özünü doğrultmasa da tərəflər bəzi məqamlarla bağlı irəliləyişlər əldə edə bilərlər. Bunun üçün tərəflər “sakit, amma sürətli” danışıqlar aparmalıdır.

Hesabatın bölümlərindən biri də münaqişə bölgəsində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi barədədir. Təşkilatın analitikləri hesabatın “Rusiyanın rolu” bölməsində bu mövzunu təhlil edirlər.

Qeyd olunur ki, Azərbaycan və Ermənistanın Rusiya qüvvələrinin hər hansı sülhməramlı missiyada dominatlığından ehtiyat etməsi regionda sülhməramlıların yerləşdirilməsinə əsas maneədir.

“Rusiya Dağlıq Qarabağ münaqişəsinə dair vasitəçilik missiyasında on illərdir aparıcı rola malikdir. O, yeganə regional dövlətdir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlıların yerləşdirilməsinə hazır olduğunu publik şəkildə ifadə edib. Ən azından iki dəfə-bir dəfə 1994-cü ildə Bişkekdə atəşkəs razılaşmasının imzalanmasından sonra, bir dəfə isə yaxın keçmişdə, 2015-ci ildə Qarabağda sülhməramlı qüvvələr yerləşdirməyə hazır olduğunu tərəflərə çatdırıb. İndiki və keçmiş Rusiya rəsmi şəxsləri deyirlər ki, Rusiyanın rəhbərliyi ilə sülhməramlı qüvvələrin yerləşdirilməsi hətta əhatəli sülh razılaşması imzalanmadan da sonrakı hərbi əməliyyatların qarşısını ala bilər”,-hesabatda deyilir.

İCG qeyd edir ki, bununla belə Dağlıq Qarabağda Rusiya qoşunlarının yerləşdirilməsi Ermənistan və Azərbaycan tərəfdən ayrı-ayrılıqda, yaxud hər ikisi tərəfindən eyni vaxtda rədd edilib. Hər iki tərəf ehtiyat edir ki, Rusiyanın rəhbərlik etdiyi sülhməramlı missiya münaqişəni həll etməyəcək, əksinə, yeni təhlükələr meydana çıxaracaq.

“Skeptiklər iddia edirlər ki, sülhməramlılar Rusiyanın regionda hərbi iştirakını təmin etmək və pərdələmək üçün istifadə ediləcək. Yerevan və Bakı habelə ehtiyat edirlər ki, Rusiya hərbi missiyası onların suverenliyini zədələyə, Moskvadan asılılığını artıra bilər. Hər iki ölkə Rusiya ilə yaxşı münasibətlərə malikdir, Kreml hər iki tərəfə silah satır və daha geniş regionda (o cümlədən Türkiyə, İran və Gürcüstanda) öz təsir imkanlarını gücləndirmək üzərində işləyir. Və tərəflərdən heç biri Moskvanın sülhməramlılar barədə motivlərinə tam etibar etmir”,-hesabatda vurğulanır.

İCG daha sonra hesabatında göstərir ki, Rusiya sülhməramlılarının regionda yerləşdirilməsinə dair sonuncu təklif “Lavrov planı” adlanan sənəddə əksini tapıb. Həmin plan ilk dəfə 2015-ci ildə Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən müzakirəyə təqdim edilib və 2016-cı ildə təsdiqlənib. Amma 2016-cı ildə Qarabağda hərbi əməliyyatların alovlanmasından sonra planın mövcudluğu heç vaxt Kreml tərəfindən rəsmən etiraf edilməyib.

“Plan Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafında yerləşdirilməsini və erməni qoşunlarının ətraf rayonlardan tədricən çıxarılmasını, regiona qeyri-müəyyən müddətə “müvəqqəti status” verilməsini nəzərdə tuturdu. Lakin plan Dağlıq Qarabağın yekun statusuna dair referendumun necə baş tutacağına və yekun hüquqi statusun necə olacağına aydınlıq gətirmirdi”,-hesabatda deyilir.

Təşkilat hesabatında göstərir ki, Azərbaycan liderləri Rusiyanın regionda hərbi iştirakına qarşı olan ənənəvi mövqeyindən geri çəkilərək əvvəlcə bu konsepsiyanı dəstəkləyib, ümid edib ki, plan ətraf rayonların qaytarılmasının və münaqişə regionundakı erməni qüvvələrinin sayının azalmasının əsasını qoyacaq.“Bakının Rusiya təklifini nəzərdən keçirməyə hazır olması, Moskvanın roluna və silahlı sülhməramlılara dair qeydlərinə, tərəddüdlərinə baxmayaraq, həm də onu əks etdirir ki, Qərbin regiondakı maraqları hansısa xarici qüvvənin cəlb edilməyəcəyi mənasını vermir. Zamanla Azərbaycan hakim elitası getdikcə belə qənaətə gəlməyə başladı ki, Rusiya münaqişənin istənilən nizamlanmasının tərkib hissəsi olacaq. Doğrudan da 2016-cı ildə Azərbaycan hökuməti Rusiyanın rəhbərliyi ilə Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə açıq idi, ümid edirdi ki, bu qüvvələr erməni işğalçı qüvvələrini əvəz edəcək və Azərbaycanın nəzarətinə qaytarılan ərazilərə köçürülən əhalinin təhlükəsizliyini təmin etməyə imkan verəcək. Lakin Yerevan bu təklifi rədd etdi”,-sənəddə bildirilir.

Hesabata əsasən Yerevan üçün əsas problem bundan ibarət olub ki, Dağlıq Qarabağın yekun statusunun necə olacağı aydınlaşdırılmırdı. Habelə erməni liderləri ehtiyat edirdi ki, regionda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi Dağlıq Qarabağın “gələcək müstəqilliyi perspektivlərinin” üstündən xətt çəkə bilər.

“Xəbərlərə görə, Ermənistanın bəzi rəsmi şəxsləri təklifin Azərbaycanın maraqlarına uyğun olduğunu bildirməklə hətta bəyan ediblər ki, sənəd Bakıda tərtib edilə bilərdi”,-hesabat müəllifləri vurğulayır.

İCG qeyd edir ki, “Lavrov planı” hazırda müzakirə mövzusu deyil. Ermənistan nəinki bu planı rədd etməkdə davam edir, eyni zamanda Azərbaycan da sülhməramlılar barədə əvvəlki mövqeyinə geri qayıdıb. Rəsmi Bakı regionda tərkibində təkcə Rusiyanın yox, bir neçə ölkənin hərbi kontingentləri olan “balanslaşdırılmış sülhməramlı qüvvələrin” yerləşdirilməli olduğunu bildirir.

“Hətta Bakıda bir çoxları köhnə formula geri qayıdıblar, bildirirlər ki, əgər həmsədr-ölkələr sülhməramlı qüvvələrə töhfə verəcəksə onların hər birinin fərdi töhfəsi personalın 10 faizindən çox olmamalıdır. Üstəlik sülhməramlılar silahsız olmalıdır. Ermənistana gəldikdə isə o, əvvəlki kimi danışıqların gedişində (yəni razılaşmanın əldə olunmasından sonra deyil) Rusiyanın iştirakı ilə çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsini dəstəkləməyə hazırdır, ancaq o şərtlə ki, missiya silahsız olsun, ancaq müşahidə aparmaq mandatı verilsin və erməni qoşunlarının regiondan dərhal çıxarılmasını tələb etməsin.

Ona görə də hesabat müəllifləri belə qənaətə gəlirlər ki, ATƏT-in planlaşdırma missiyası gələcəkdə sülhməramlı qüvvələr barədə planlaşdırma aparanda Ermənistanın və Azərbaycanın iri Rusiya kontingenti barədə qayğılarını nəzərə almalıdır. “Lakin Bakının və Yerevanın etirazları heç də Rusiyanın mühüm rolunu istisna etmir. Azərbaycanın “Lavrov planı”ına dair əvvəlki mövqeyi ən azından onu göstərir ki, Bakı müvafiq şərtlərlə Rusiyanın rəhbərlik etdiyi missiyaya razılıq verə bilərdi. Bununla belə Beynəlxalq Planlaşdırma Qrupu tərəflərin Rusiyanın ifrat təsiri ilə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün sülhməramlı missiyanın tərkibində hansısa dövlətin üstünlük təşkil etməməsini əsas götürməli, qarışıq beynəlxalq qüvvələr barədə forumulu əsas götürməlidir”,-İCG belə qənaətə gəlir.

Qeyd edək ki, Qarabağa dair “Lavrov planı”nın mövcudluğu barədə bir neçə ildir danışılırdı. Rusiya tərəfi belə planın mövcudluğunu rəsmən təsdiq etməyib, erməni tərəfi də “Lavrov planı” adlı sənəd görmədiyini dəfələrlə bildirib. Amma Bakıdan belə sənədin olduğunu bir neçə dəfə deyiblər. Həmin sənədin “Madrid prinsipləri”inə əsaslandığı bildirilirdi və indi məlum olur ki, əsas müddəası regionda Rusiya kontingentinin yerləşdirilməsi barədə olub. Və erməni tərəfi bu planı rədd edib...

Belə planının mövcudluğu barədə ötən il Belarus prezidenti Aleksandr Lukaşenko da danışmışdı. Demişdi ki, Yerevanda KTMT sammiti zamanı Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sərkisyana Dağlıq Qarabağ ətrafındakı rayonların bəzilərinin qaytarılmasını təklif etmişdi. Sərkisyan isə bununla razılaşmayıb demişdi ki, guya Azərbaycan qoşunları qaytarılan ərazilərdə möhkəmlənib sonradan Xankəndi üzərinə hücuma keçər. Bu zaman Putin ona Rusiya ordusunun hadisələrin bu cür inkişafına imkan verməyəcəyini desə də Sərkisyan yenə razılaşmamışdı./virtualaz.org/

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə Prezidenti Elazığa səfər edib
Mahir Abbaszadə Qobu park yaşayış kompleksində laçınlı seçicilərlə görüşüb - FOTOLAR
Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü
Əfqanıstanda hərbi helikopter raketlə vurulub
Özbəkistanın yeni hökuməti təsdiqləndi
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
Qırx mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Azərbaycanda peşəkar yazıçı yoxdur
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var
Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir
Azərbaycan əsgərinə yeməyə nə verilir? – Rəsmi açıqlama
AZƏRBAYCANDA 9 GÜN DƏRS OLMAYACAQ
Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq”
İcma: İşğal altındakı abidələrimiz “bərpa” adı altında erməniləşdirilir
Türkiyədə zəlzələ qurbanlarının sayı artır
Rusiya XİN-də Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib
ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda kişi özünə iynə vurarkən öldü
Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"
Türkiyədə iki DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ordu hazır vəziyyətə gətirildi – VİDEO
Deputatlığa namizəd Mehdi Mehdiyev şəhid Əliyoldaş Əmirəhmədovun və Gülverdi Hüseynovun anım mərasimində iştirak edib - FOTO
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Xalqımızı birliyə səsləyən mahnı - VİDEO
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?