Qarabag Media
Haqqımızda Əlaqə

Cəsur komandir — Milli Qəhrəman Şikar Şikarovun doğum günüdür - VİDEO


Tarix:3-12-2019, 15:32 Kateqoriya:Manşet / Qəhrəmanlar

Cəsur komandir — Milli Qəhrəman Şikar Şikarovun doğum günüdür - VİDEOUzaq Şərqdən - Ussuriysk şəhərinin Poqraniçnı qəsəbəsindən məktublar gələrdi. Əli qoynunda ana bu məktubları aldıqca onları sığallayar, elə hey düşünərdi. Məktubu oxuyub, sonra ehmalca qatlayıb, bağlamasına yığardı. Ana öz balasını əzizləyib, oxşadığı kimi, məktublarını da sığallayardı. Elə bil yad əllərdən, yad nəfəsdən qoruyurdu, onları. Ana oğlundan aldığı məktublara sevinir, ürəyində xısın-xısın bayatı söyləyirdi.

Mərd anadan mərd oğul,
Namərdə bəy, mərdə qul,
Qorxaq töhmət artırar,
Baş ucaldar mərd oğul.


Aylar ötür, illər bir-birini əvəzləyirdi. Şikar Şikarovun hörməti qulluq etdiyi qarnizonda günü-gündən artırdı. Sıravi əsgərlərdən ali rütbəli zabitlərədək hamı onunla hesablaşırdı. İndi ana oğlunun məktublarından daha çox komandanlığın təşəkkür məktublarını alırdı. Təbii ki, belə anlarda valideynləri daha çox sevinirdi. Ana məktubları aldıqca oğluyla fəxr edir, qürur hissi duyardı.

Şikar Şikarovun yüksək biliyə, savada malik olması komandanlığın nəzərindən yayınmırdı. Onu Moskvada Frunze adına Hərbi Akademiyaya göndərirlər. 1989-cu ildə akademiyanı müvəffəqiyyətlə bitirərək polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrin birinə qərargah rəisi təyin edilir.

Keçmiş sovet dönəmində gənc yaşlarında belə yüksək rütbəyə çatmağa çox nadir hallarda rast gəlinirdi, sensasiya kimi qəbul olunurdu. Gənc polkovnik-leytenanta böyük ümidlər bəsləyən komandanlıq onu təkmilləşmə kursu keçmək üçün Almaniyaya göndərir. Bu kursu da uğurla başa çatdıraraq qərargah rəisi işlədiyi hərbi hissəyə dönür. İşə başlamazdan öncə Bakıya gəlib, çoxdan görmədiyi valideynlərinə baş çəkməyi qərara alır. Ailədə böyük sevinc vardı. Ana nə vaxtdır üzünü görmədiyi oğluna baxır, yenə nəsə düşünürdü. Şikar anasının nə haqda fikirləşdiyini qabaqcadan duymuşdu.

- Yenə nə fikirləşirsən deyə o, anasının üzünə baxdı. Ana oğluna yaxınlaşdı, saçını sığallayaraq dedi.

- Ay oğul, bəlkə işini Bakıya dəyişəsən. Biz də fikir çəkmərik, nəvəmiz üçün də darıxmarıq. Lakin ailədəki sevinc uzun sürmədi. Sovet qoşunları Bakıya daxil olmuşdu. Onlar dinc əhaliyə atəş açır, qırğınlar törədirdilər.

Ş.Şikarov 1990-cı il 20 Yanvar hadisələrindən sonra Azərbaycana qayıtmağa qərar verir. O, yubanmadan işlədiyi hərbi hissəyə dönür. Bakıda baş verən faciəli hadisələr barədə rəhbərliyi məlumatlandırır və Vətənə göndərilməsini istəyir. Beləliklə, o, Azərbaycana qayıdır.

Gözəl insan, qayğıkeş zabit Şikar Şükür oğlu Şikarov 1953-cü ilin payızında, Bakıda zəhmətkeş bir ailədə dünyaya göz açıb. 1961-ci ildə 164 saylı orta məktəbə gedib, 1971-ci ildə 46 saylı orta məktəbi bitirmişdi. Atası onu hüquqşünas kimi görmək istəyirdi. Lakin Şikar hərbiyə olan marağını gizlətmədi. Elə həmin il Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olundu. 1975-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirərək təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başladı.

O, bir müddət Azərbaycanda Mülki Müdafiə Qərargahında əməliyyat şöbəsinin rəisi vəzifəsində çalışdı. Bu o dövrlər idi ki, erməni silahlı birləşmələri torpaqlarımıza hücumlar təşkil edirdi. Təbii ki, mükəmməl ordunun olmaması təcavüzkarlarla mübarizə aparmağa imkan vermirdi. Milli Ordunun yaradılmasına böyük zərurət var idi. Kadr çatışmazlığı isə bu işi daha da çətinləşdirirdi. Belə ağır şəraitdə Şikar Şikarov öz təkliflərini verdi. Zəngin bilik və təcrübəsini nəzərə alaraq onu 1992-ci ilin fevral ayında Respublika Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini təyin edirlər. Xidməti vəzifəsi ilə əlaqəlar olaraq tez-tez sərhəd bölgələrində olurdu. Xocalı soyqırımı Şikarın ön cəbhəyə getmək arzusunu bir az da gücləndirdi. 1992-ci ilin mart ayının əvvəllərində Goranboy rayonuna gələrək, işğal olunmuş ərazilərin erməni yaraqlılarından azad olunması əməliyyatını hazırladı və həmin əməliyyata rəhbərliyi öz üzərinə götürdü. Bu əməliyyatdan sonra rayonun bir sıra kəndləri düşmən tapdağından azad olundu. Növbəti dəfə Ağdərədə uğurlu əməliyyat həyata keçirdi. Həmin vaxt düşmənin xeyli texnikası, canlı qüvvəsi məhv edildi, ən başlıcası isə Tərtər rayonunun top və raket atəşinə tutulmasına son qoyuldu.

Qarşıda onu çətin sınaqlar gözləyirdi. Polkovnik-leytenant Şikar Şikarov istər ordu quruculuğunda, istərsə də döyüş bölgələrində əməliyyatların hazırlanmasında yaxından iştirak edirdi.

1992-ci il iyunun 13-ü… Həmin gün Ağdərədə vəziyyət yenidən pisləşmişdi. Ermənilər böyük qüvvə ilə hücuma keçmişdi. Qızğın döyüş gedirdi. Belə çətin anlarda kiçicik bir səhv, bütün görülən işləri heçə endirə bilərdi. Şikar əməliyyat planı hazırladı. Batalyonu ayağa qaldırıb, hücum əmri verdi. Düşmən təslim olmaq istəmirdi. Əməliyyata birbaşa o özü başçılıq edirdi. Bir qədər sonra ermənilər tutduqları mövqelərdən geri çəkilməyə başladı. Əsgərlər bu qələbə münasibəti ilə təbrik etmək üçün cəsur komandiri çox axtardılar. Lakin o, Vətən yolunda şəhid olmuşdu. Uğurlu döyüş əməliyyatlarındakı parlaq uğurları nəzərə alınaraq ona polkovnik rütbəsi verilmişdi.

Ölümündən sonra briqada komandanlığı polkovnik Şikar Şikarova Milli Qəhrəman fəxri adı verilməsi ilə bağlı təqdimat yazdı. Və prezidentin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.

Polkovnik Şikar Şükür oğlu Şikarov Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Adına orta məktəb var.

Cəsur komandir — Milli Qəhrəman Şikar Şikarovun doğum günüdür - VİDEO


Vüqar ƏSGƏROV,
AMEA-nın Respublika
Xatirə Kitabı Redaksiyasının
redaktoru

________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”