
Bu gün Türkiyənin şimal-qərbindəki Ədirnə vilayətində Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulması münasibəti ilə təntənəli mərasim keçiriləcək.
Karabakhmedia.az xəbər verir ki, mərasim, Ədirnənin İpsala bölgəsindəki Sarıcalı kəndi ərazisindəki "MS4" ölçmə stansiyasında baş tutacaq. Tədbirdə Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev, həmçinin beynəlxalq enerji layihəsində iştirak edən ölkələrin enerji nazirləri iştirak edəcək.
"Bu, Azərbaycan, Türkiyə və Avropa üçün çox əlamətdar bir hadisədir. Biz həmişə demişik ki, Azərbaycan TANAP və ümumiyyətlə Cənub Qaz Dəhlizi sayəsində Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəkdir. İndi bu bir reallıqdır", Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral bildirib.
TANAP layihəsinin dəyəri təxminən yeddi milyard dollar təşkil edir.
TANAP layihəsinin həyata keçirilməsi istiqamətində ilk addım 24 dekabr 2011-ci ildə Türkiyə ilə Azərbaycan arasında anlaşma memorandumunun imzalanması ilə atılıb.
Memorandum çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) qaz kəmərinin layihələndirilməsi, tikintisi və istismara verilməsinə görə cavabdeh olan TANAP konsorsiumunu yaradıb.____________________________________________________________________________________________________