
Bir neçə gün öncə paytaxta yağan güclü yağışdan sonra Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun yaşadığı Mirzağa Əliyev, bina 170 ünvanındakı qəzalı vəziyyətdə olan mənzili uçub.
Bu haqda Moderator.az-a açıqlamasında Xalq artsiti özü məlumat verib və deyib ki, bina sakinləriylə birlikdə küçədə qalıblar:
“Dünən səhər tezdən saat 6-da evdə uçqunun səsinə oyandıq, elə bildik ki, zəlzələdir. 10-15 beş qonşu hamısı küçədədir, icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşları gəliblər. Mən də axşamdan evə girdim dedim ki, uçursa, qoy uçsun, nə olur-olsun. Ölkə başçısının bu il mənə verdiyi ev təmirsiz olduğu üçün ora köçə bilmirəm. İndiki evimdə isə həm oğlum, həm də qızım ailəsiylə birlikdə yaşayır. Bu binanı alan murdar bir insana “ilişmişik” on ildir ki, tikinti aparmır. Ölkə başçısı bu binadan bizim köçürülməyimizlə bağlı göstəriş verib, amma ev tikənlərin maxinasiyalarının “qurbanı” olmuşuq. Dünən bütün günü Bakı Şəhər İcra Hakimiyyətində olmuşam və dedim ki, heç bir problem yaratmıram, sadəcə olaraq mənim evimi verin ailəmlə ora köçüm.
Başıpozuqluq baş alıb gedir burda. Binanı bir qadına satıb aradan çıxıblar ortada isə biz qalmışıq. Üç gündür küçələrdəyik. Binanın bir tərəfinin divarı uçub. Mən ölkə başçısına müraciət edərək demək istəyirəm ki, reallıq budur. Ölkə başçısının göstərdiyi ərazi on il bundan öncə satılıb, burda heç bir iş görülmür. Binanı alan yerində yenisini tikə bilmir, tikmək istəyənlərə də elə qiymət deyirlər ki, heç kim yaxın gəlmir. Binanın sakinləri isə qorxu və səksəkə içində yaşayırlar. Biz möhtərəm prezidentə müraciət edərək kömək istəyirik”.
Vasif Əlihüseyn____________________________________________________________________________________________________