Milli Məclisin növbəti plenar iclası öz işini davam etdirir. Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş) deputatları məlumatlandırdı. Səsvermə ilə qanun layihəsi qəbul olundu.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş) məlumat verdi və layihə qəbul edildi.
“Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” (üçüncü oxunuş) da Z.Səmədzadə məlumat verdi. O dedi ki, 2020-ci il üçün nəzərdə tutulan yaşayış minimumu məqbul səviyyədədir. 103 lehinə, 2 əleyhinə olmaqla sənəd təsdiqləndi.
Beləliklə, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən edilib. 2019-cu il üçün isə yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdi.
Komitə sədri H.Rəcəbli isə Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş) iştirakçıları məlumatlandırdı.
H.Rəcəbli qeyd etdi ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən olunub. 2019-cu ildə isə bu rəqəm 143 manat məbləğində idi.
Komitə sədri onu da dedi ki, layihəyə əsasən, 13 min adam ünvanlı yardıma cəlb olunacaq. Gələn il 90 min ailə ünvanlı sosial yardım alacaq. 101 lehinə, 2 əleyhinə olmaqla qanun layihəsi qəbul edildi./musavat.com/
E.Paşasoy
__________________________________________________________________________________________________