Qarabag Media
Haqqımızda Əlaqə

ABŞ-ın “Kürdüstan” planının yerini “erməni kartı” aldı - Türkiyə və ABŞ-dan kəskin reaksiyalar


Tarix:5-11-2019, 00:04 Kateqoriya:Manşet / Siyasət

ABŞ-ın “Kürdüstan” planının yerini “erməni kartı” aldı - Türkiyə və ABŞ-dan kəskin reaksiyalarPolitoloq deyir ki, Amerika strateji yerdə bərqərar olmuş Türkiyədən heç vaxt vaz keçməyəcək; sabiq səfir Hulusi Kılıç: “Belə bir qərarın verilməsi ABŞ-ın maraqlarına və imicinə böyük zərbədir”

“ABŞ Xarici İşlər Nazirliyinin 2018-ci ilə dair terrorizm hesabatında əks olunub ki, “Əcnəbi terror təşkilatı” olaraq siyahıya alınan PKK 2015-2018-ci illərdə Türkiyədə 1200-dən çox vətəndaş, polis və əsgərin qətlə yetirilməsinə məsuliyyət daşıyır”.

Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ABŞ Xarici İşlər Nazirliyinin 2018-ci ilə dair terrorizm hesabatı haqqında sorğuya cavab verərkən bu barədə bildirib. Hami Aksoy deyib ki, sözügedən hesabatda Türkiyənin həm İŞİD, həm PKK tərəfindən terrora məruz qaldığı və bu terror təşkilatlarına qarşı mübarizə apardığı, başda İŞİD ilə Mücadilə Beynəlxalq Koalisiyası olmaqla, Türkiyənin beynəlxalq planlardakı fəaliyyətlərdə aktiv iştirakçı olduğu qeyd edilib.

APA-nın xəbərinə görə, diplomat deyib ki, hesabatda YPG-nin adının çəkilməməsi və bunun yerinə “PKK-nın Suriyadakı qolu” ifadəsinin işlədilməsi bu terror təşkilatı ilə ABŞ-ın əməkdaşlıq etmədiyi anlamına gəlməməlidir: “Digər tərəfdən, hesabatda Türkiyəni hədəfə götürən terror təşkilatı FETO-nun “sürgündə bir din adamı” olaraq təqdim edilməsi, 15 iyul xain dövlət çevrilişinə cəhdi görməməzlik anlamına gəlir. Eyni zamanda bununla ABŞ səlahiyyətliləri FETO terror təşkilatı başçısına ABŞ ərazisində təhlükəsiz sığınacaq verilməsi məsuliyyətindən qaçmış olurlar. 251 günahsız vətəndaşımızın şəhid edildiyi və minlərlə insanımızın yaralandığı bu xain 15 iyul terroru unudlmamalıdır, terrora qarşı beynəlxalq mübarizədə böyük önəm daşıdığı bilinməlidir”.

Maraqlıdır ki, NATO baş katibi Yens Stoltenberq Türkiyənin alyansdan təcrid edilməsinə təklifinə etirazını bildirib. Turkustan.info xəbər verir ki, o, Türkiyəni alyansın əsas müttəfiqlərindən biri adlandırıb. Bildirib ki, Türkiyə öz maraqlarını qorumaq hüququna malikdir. “Bild” yazır ki, Türkiyə İŞİD-in tamamilə məhv edilməsinə öz töhfəsini verib və bütün bunları diqqətə almaq lazımdır: “Bundan başqa heç bir alyans ölkəsi Türkiyə qədər suriyalı qaçqın qəbul etməyib- 3,6 milyon nəfər. Başqa heç bir ölkə də terrordan Türkiyə qədər əziyyət çəkməyib”. Beləliklə, NATO Türkiyənin alyansdan çıxarılması ilə bağlı səslənən fikirlərə mövqeyini bildirib.

Qeyd edək ki, son günlər Türkiyənin NATO-dan uzaqlaşdırılmasına zəmin hazırlığı müşahidə olunur. Türk düşməni olan çevrələr xüsusilə də ABŞ Nümayəndələr Palatasında qardaş ölkədə qarşı saxta “erməni soyqırımı” ilə bağlı qətnamələrin qəbulundan sonra aktivləşiblər. Lakin rəsmi Ankara birmənalı şəkildə iddiaları rədd edib, bu kimi qərarların müttəfiqlik münasibətlərinə zidd olduğunu bildirib.

Fakt budur ki, ABŞ bölgədəki kürd terrorçularına Türkiyənin sarsıdıcı zərbə vurmasını sinirə bilmədiyini aydın şəkildə nümayiş etdirir. Düzdür, prezident Donald Tramp Türkiyənin müəyyən ərazilərdə antiterror əməliyyatı aparmasının ardınca hər şeyin yaxşı olduğunu, ABŞ-ın Suriyadakı neftlə zənin ərazilərə nəzarət etdiyini məmnunluqla vurğuladı. Üstəlik, ABŞ prezidenti bir daha İŞİD terror təşkilatını sabiq prezident Barak Obamanın qurduğunu vurğulayıb. Belə ki, Donald Tramp tərəfdarlarına xitabən etdiyi çıxışında amerikalı əsgərlərin təşkil etdikləri əməliyyatla İŞİD lideri Əbu Bəkir Bağdadini öldürdüklərini bir daha iddia edib. Ağ Ev sahibi həmçinin İŞİD-i Barak Obamanın qurduğunu açıqlayıb. İŞİD terror təşkilatının Obamaya hörmət bəslədiyini qeyd edən Tramp sabiq prezidentin bu təşkilatı qurduğunu və maliyyə yardımı göstərdiyini vurğulayıb. Həmçinin seçkilərdə rəqibi olacaq Hillari Klintonun da saxtakarlığını, məhz onun da Obama ilə birlikdə İŞİD-in yaradılmasında iştirakını söyləyib.

Ancaq “Kürdüstan” ideyası iflasa uğrayan ABŞ-ın indi də yenidən “erməni soyqırımı” məsələsinə qayıtması və tarixdə olmayan hadisələrlə əlaqədar NATO-dakı müttəfiqi Türkiyəyə savaş açmağa başlaması ondan xəbər verir ki, Vaşinqton kürd terrorçuları ilə bir yerdə olan erməni terrorçuları ilə bağlı planı yenidən işə salıb. Hər halda yaxın tariximizdə erməni və kürd “kartı”ndan istifadə olunmasını dəfələrlə müşahidə etmişik. Belə bir münasibət isə Türkiyə ilə yanaşı, Azərbaycanda da dərin hiddət və etiraz doğurub.

Baş nazir vəzifəsindən istefa verdikdən sonra siyasi kluarlarda görünməyən Novruz Məmmədov “ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnaməyə münasibətini açıqlayıb. Sabir baş nazir Unikal.org-a açıqlamasında “ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qətnaməni qərəzli və ədalətsiz adlandırıb. Keçmiş baş nazir Novruz Məmmədov bildirib: “Son vaxtlar ABŞ-dan Türkiyəyə qarşı xüsusi bir mövqe formalaşıb və onu müəyyən formada konqresdə nümayiş etdirdilər. Əlbəttə, bu ədalətsiz qərardır və düzgün mövqe deyil. Bu mövqe illərdir ki, gündəlikdə var idi. Müəyyən o qərəzləri və mənfi münasibəti göstərmək üçün konqresdə yığışıb belə münasibət bildirdilər. Türkiyənin özü də bu ədalətsiz qərara öz reaksiyasını açıq şəkildə söyləyib”.

Münasibətlərin indiki mərhələsində Ankaranın NATO-ya, yaxud ABŞ-a qarşı hansısa cavab addımlarının olub-olmayacağı da müzakirə mövzusudur. Məsələn, Türkiyənin İncirlikdəki NATO hərbi bazası ilə bağlı kəskin addım ata bilməsi də gözləntilər sırasındadır.

“Amerikanın “Böyük Orta Doğu” layihəsi baş tutmadı və yaxud uzun illərin arxasına atıldı, deyə bilərik. ABŞ-ı qıcıqlandıran da budur ki, Türkiyə bu bölgədə İsrailə dayaq olacaq bir dövlətin ortaya çıxmasına imkan vermədi”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Ekspert bildirdi ki, Amerika strateji yerdə bərqərar olmuş Türkiyədən heç vaxt vaz keçməyəcək: “NATO da Türkiyə ilə Amerikanın ortaq nöqtələrini tapmağa çalışacaq. Qondarma “erməni soyqırımı” qərar layihəsini Nümayəndələr Palatasından keçirər - keçirməz elə həmin Nümayəndələr Palatasının bir heyəti Ankara gəlib, hökumətlə görüşür, bu “səhv”in aradan qaldırılması ilə məşğul olmaqdadırlar. İncirlik və digər bazalarla bağlı heç bir gəlişmə ola bilməz. Həm də NATO Amerika deyil. Suriyanın şimalına əməliyyat zamanı NATO-nun mövqeyi heç də ABŞ mövqeyi ilə üst- üstə düşməmişdi”.

Bu arada 2019-cu il ərzində ABŞ hökumətinin Ermənistana maliyyə yardımı artmaqda davam edib. Muxalifet.az xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyinin “Armenpress”-ə verdiyi məlumata görə, bu il yardım 60 milyon dollar təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə 40% çoxdur.

“Son 27 ildə ABŞ Ermənistanın demokratik proseslərinin və təsisatlarının inkişafına öz töhfəsini verdi və biz bunu, xüsusən də Ermənistanda demokratiyanın hər zaman daha güclü olduğu bir zamanda dəyişdirmək niyyətində deyilik. Bu səbəbdən, qürur hissi ilə bildiririk ki, bu il maliyyə yardımı 60 milyon ABŞ dollarından çox olmuşdur ”, deyə ABŞ-ın Ermənistandakı səfiri Lin Tracy bildirib.

1992-ci ildən bəri xalqın dolanışıq səviyyəsini yaxşılaşdırmaq və demokratik, iqtisadi və sosial idarəetmənin gücləndirilməsi səylərini asanlaşdırmaq üçün ABŞ Ermənistana 2 milyard dollardan çox maliyyə yardımı edib.

“Nümayəndələr Palatasında qəbul edilən bu qanun layihəsinin NATO-nun ən güclü üzvlərindən olan ABŞ-ın müttəfiqi Türkiyəyə qarşı hazırlanaraq qəbul edilməsi doğru deyil”. Bunu isə Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç “Yeni Müsavat”a söylədi. Diplomatın sözlərinə görə, bu addım Palatanın nüfuzuna mənfi təsir etməklə yanaşı, imicinə zərbədir: “Həmçinin bir müddət öncə Türkiyə ilə ABŞ arasında imzalanan anlaşmaya görə, “Barış çeşməsi” hərəkatı səbəbindən Vaşinqtonun Ankaraya sanksiya tətbiq etməsi mümkün deyil”. H.Kılıç qeyd etdi ki, bəzi lobbi fəaliyyətinin nəticəsi olaraq qəbul edilən qərarlar anlamsız və haqsızdır. Belə bir qərarın verilməsi ABŞ-ın maraqlarına və imicinə böyük zərər vuracaq: “Senatdakı müzakirələrdə ədalətin, ağlın, sağlam düşüncənin, dürüstlüyün və dostluğun qalib gələcəyinə inanıram”.

E.PAŞASOY,
“Yeni Müsavat”

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO