Qarabag Media
Haqqımızda Əlaqə

"Sənə ünvanlanan pıçıltılarım" — Xuraman Camalqızının şeirləri


Tarix:4-11-2019, 15:35 Kateqoriya:Manşet / Yazarlar

"Sənə ünvanlanan pıçıltılarım" —  Xuraman Camalqızının şeirləriCan Qarabağ

Can Qarabağ ! Dünya boyda adın var,
Sinəmizi yandıracaq odun var,
Əsirlikdə, işğal altda yurdun var,
Yurd yerləri talan oldu, unutma!!

Can Qarabağ ! Laçın da bir yarandı,
Qədim Şuşa yanar oda qalandı,
Qar- qar çayı yuxarıdan bulandı,
Çiçəklərin vaxtsız soldu, unutma!!

Can Qarabağ ana kimi haraylar,
Viran oldu xanimanlar, saraylar,
Qarabağa geri dönsün baharlar,
Yurdumuzda tufan qopdu, unutma!!

Can Qarabağ ! Səni kimlər ağlasın ?
Qoyma düşmən yollarını bağlasın,
Xarı- bülbül etrin kimə saxlasın,
İgidlərin cavan öldü , unutma!!

Can Qarabağ ! Gözəllər su sonası,
Hər gözəlin öz aləmi, dünyası,
İgidlərin qoruduğu anası,
Qız- gəlinlər zülüm gördü , unutma!!

Can Qarabağ ! Qolu bağlı dardasan,
Gözü açıq qazılmamış gordasan,
Gözlərimdə, ürəyimdə, burdasan,
Duyğularım viran oldu, unutma!!

XARI BÜLBÜL

Xarı bülbül , yığıb dəstə bağlayım,
Yoxsa səni qurudummu saxlayım...?!
Həsrətindən əzab çəkim ağlayım,
Əsir dağın çiçəyisen sən axı.

Xarı bülbül ,dağlarında qarın var,
Yaralıyam , mənim ölmüş yarım var.
Vəfalıyam ,düz əhdim ilqarım var,
Cıdır düzün çiçəyisn sən axı.

Xarı bülbül ,dağlarında meh ollam,
Dərd çəkənin sinəsinde ah ollam,
Həyalısan ,yanağında şeh ollam,
Buz bulağın çiçəyisən sən axı.

Qarlı dağın o üzündə bitirsən,
Gül qoxulu rayihəli ətirsən,
Dəyərlisən, şeirimdə sətirsən,
Çiçəklərin göyçəyisən sən axı.

Xarı bülbül, çiçəyini dər göndər, ,
Xuramana təzə göndər, tər göndər
Yaylıq üstə dəstə bağla, sər göndər,
Sevənlərin çiçəyisən sən axı.

Bir gün dağlar üstümüzə gələcək

Hər qayanın , hər daşının xətri var,
Çiçəklərin , çəmənlərin ətri var.
Yazılmamış dastanların sətri var,
Bir gün dağlar üstümüzə gələcək.

Gədikləri, dolayları pusquda,
Dayanmışam , fikirlərim asqıda,
Alnımıza yazılan bu yazıda,
Bir gün dağlar üstümüzə gələcək.

Gözü yolda , dağ təmkini var onda,
Gözləyəcək, torpaq səbri var onda,
İgidlərin şəhid qəbri var onda,
Bir gün dağlar üstümüzə gələcək.

Qədim ellər itiribdi sinəsi,
Nə dərdləri götürübdü sinəsi,
Xarı bülbül bitiribdi sinəsi,
Bir gün dağlar üstümüzə gələcək.

Bulaqları içilmədi , ölərəm !
Meşələri keçilmədi, ölərəm !
Biçənəklər biçilmədi, ölərəm !
Bir gün dağlar üstümüzə gələcək.

Qismət olsun torpaqlarım əkilsin,
Al bayraqlar yüksəklərə çəkilsin,
Bulaq suyu sinəmize tökülsün,
Bir gün dağlar üstümüzə gələcək.

Şad xəbəri gözləyəcək , gülüm hey,
Həsrət qalan , ayım, ilim, günüm hey,
Dağ döşündə ölüm, ölüm, ölüm hey,
Bir gün dağlar üstümüzə gələcək.


Duyğular ölmədi öz əcəliynən

Mənim vətənimdə dağlarım vardı,
Dağlar da sinəmdə , özümdə gəldi.
Çayları, suları, bulaqları da ,
Kövrələn qəlbimdə, gözümdə gəldi.

Mən özüm gəlmişəm, uşaqlığımı ,
Kəndin cığırında , izində qoydum ,
Yuxulu, qayğısız körpə çağımı,
Anamın o rahat dizində qoydum.

Bir gün qarşılaşıb görüşsək əgər,
Suallar gözümdə saralacaqdır.
O körpə, o məsum mələk qızcığaz,
Sual tək boynuma sarılacaqdır.

Xəyalən dönəcəm uşaqlığıma,
Yenə çözəcəyəm yuxularımı.
O sual verəcək neylədin axı,
Mənim bu körpəcə duyğularımı ?!

Duyğular ölmədi öz əcəliynən,
Qəza məhv elədi, qədər öldürdü.
Yaşatmaq istədim kövrək hissləri,
Ayrılıq susdurdu, kədər öldürdü.

Böyüdüm həsrətin ağrılarıyla,
Bələdim kədəri, qəmi könlümə.
Həyatım beləcə əzabla keçdi,
Doğuşdan sınıqdı demə könlümə.

Sevdiyim çiçəklər dağlarda qaldı

Sevdiyim çiçəklər dağlarda qaldı,
Şehli bənövşəni biçib, gətir sən.
Xeyalım uzandı çox uzaqlara,
Məni keçmişlərə geri götür sən.

Gəl otur qarşımda dağlardan danış,
Saralıb- sovrulan bağlardan danış,
Ölənlərə rəhmət , sağlardan danış,
Məni keçmişlərə geri götür sən.

Xatiren sızlasın sınıq qəlbimdə,
Danışsın, ağlasın yanıq qəlbimdə,
Bir insaf yaransın soyuq qəlbində,
Məni keçmişlərə geri götür sən.

Yenə çıxacağam dağların üstə,
Dolanıb gələcəm bağların üstə,
Bənövşə ətirli bulağın üstə,
Məni keçmişlərə geri götür sən.

Xuraman, varlığın keçmişə bağlı,
Yaralı ürəyim əbədi dağlı,
Küsmərəm əzizim , qolları bağlı,
Məni keçmişlərə geri götür sən.

Səndən sonra

Səndən sonra yağışlar,
Daha kövrək yağmadı.
Şimşəklər başım üstə,
Həyacanla çaxmadı.

Çətir küləklə uçdu,
Evimin damı kimi.
Evimə yağdı yağış,
Çarəsiz, hamı kimi.

Öncə saçım islandı,
Ayaqlarım nəm oldu.
Səndən mənə nə qaldı-
Mən biləni qəm oldu.

Yağış belə yağmazdı,
Üşüməzdim heç belə.
Yağışda üşüyürəm ,
Qorunuram güc- bəla.

Bəlkə qısqanıb məni,
Səninlə islananda.
Çırpılardı üzümə,
Men sənə yaslananda.

Yağış haradan bilsin?
Başımın üstündən sən,
Evimdən tavan əksik !

Ya Rəbb, ürəyimi şeir yandırır

Əbədi dünyamı gör necə sarır,
Yaddaşın özündə izini salır,
Hələ deyilməmiş çox sözüm qalır,
Ya rəbb , ürəyimi şeir yandırır.

Vuruldum misranın duyğu selinə,
Bağlandım şeirin incə dilinə,
Közündə alışdım, döndüm külünə,
Ya rəbb , ürəyimi şeir yandırır.

Kökləndim sarı sim dillənən yerə,
Düşüncəyə dalıb, lillənən yerə,
Sinəm alov tutub, küllənən yerə,
Ya rəbb, ürəyimi şeir yandırır.

Menə qanad veren Şah misralardı,
Kövrelen gah mənəm,gah misralardı,
Ruhumdan ayrılan ah misralardı,
Ya rəbb , ürəyimi şeir yandırır.

Qəmli misralarda sesim duyulur,
Bağrımın başı da sözlə oyulur,
Alışan ürəyim yüz qat soyulur,
Ya rəbb, üreyimi şeir yandırır.

Könlümə od vuram, varağa düşəm,
Gözəllik eşqiylə sorağa düşəm,
Yanğını söndürən bulağa düşəm,
Ya rəbb, ürəyimi şeir yandırır.

Şeirdən don gəyəm, rəngi allana,
Dodağımdan süzə sözlər ballana,
Yana bağrım başı , oda qalana ...
Ya rəbb, ürəyimi şeir yandırır.

Üç nöqtə

Ömür dəftərini varaqlayıram,
Yeni səhifədə üç nöqtə sirr var.
Pəncərəmə doğan günəş nur saçır,
Heç bəlli olmaz ki, nə töhfələr var.

Nöqtələrin biri xəyal gücümdü,
Biri alacağım – həyat öcümdü.
Ağır düşüncəli sözdən köçümdü,
İlhamı çağlayan nə lövhələr var.

İnsanı aldadan ünlər bəhanə,
Bir- birinə düşmən dinlər bəhanə,
Xəstəlik ruhdadı, genlər bəhanə,
Hər şey hesablıdı, nə növbələr var.

Üç nöqtə ilahi koddu, bəlkə de,
Sirr kimi tutduğum notdu, bəlkə de ,
Bəlkə çox yaxındı, yaddı, bəlkə də,
İşığın vurğunu nə kölgələr var.

Bu Şeir Yazmaq Deyil

Bu şeir yazmaq deyil,
Bu ... eşqə tutulmaqdı !
Şəlaləyə qoşulub,
Qayadan atılmaqdı !

Bu şeir yazmaq deyil,
Duyğuların özüdü.
Elimdə zəri qalan,
Kəpənəyin izidi.

Bu şeir yazmaq deyil,
Sevə - sevə ölməkdi.
Səssiz axan göz yaşın...
Ellərinlə silməkdi.

Bu şeir yazmaq deyil,
Qorxuları sevməkdi.
Həyacana sarılıb,
Ağlayaraq gülməkdi.

Bu şeir yazmaq deyil,
Göylərə tutunmaqdı,
Eşqlə gələn misradan...
Bir az da utanmaqdı.

Bu şeir yazmaq deyil,
Bu , şeir yazmaq deyil.
Təbəssüm rəngində.

* * *

Səsində dincliyim gözlərin yumur,
Könlüm nəfəsindən bir həyat umur,
Qulaq kəsilmişəm, dinləyirəm mən,
Ruhumu oxşayır, həsrəti yuyur.

Ele bil hardasa yaxlnlardasan,
Gözlərim dörd olur, səsləyirəm mən.
Sesin elə şirin, canayaxındı,
Səsinə sarılmaq istəyirəm mən.

Evin divarları tutub saxlayıb,
Səsin pərdə- pərdə qulağımdadı.
Sənə ünvanlanan pıçıltılarım,
Təbəssüm rəngində dodağımdadı.

Səsin yüksələcək, səsin enəcək,
Yazılıb yaddaşım taxılan yerə,
Səni xatırlasam səsin gələcək,
Sıxacam ürəyim sıxılan yerə.

Dedilər
Yurd həsrətiylə dünyasını dəyişən yurddaşlarıma həsr edirəm.

Həsrəti dərdinin yuvası oldu,
Qədri didərgin davası oldu.
Yurd eşqi dilinin havası oldu,
Laçın həsrətilə köçdü dedilər.

Yuxuda gördükcə doğma elini,
Kədər qabar etdi kövrək dilini,
Köksündə daşıyıb yurd nisgilini,
Laçın həsrətilə köçdü dedilər.

Tənəli dağ imiş töhmət yiyəsi,
Minnete yar imiş möhnət yiyəsi,
Sona yetişmədi möhlət yiyəsi,
Laçın həsrətilə köçdü dedilər.

Her günü derd oldu ömrüne hedef,
Ümidin intizar elədi tələf,
Gözləri dikildi yurduna tərəf,
Laçın həsrətilə köçdü dedilər.

Laçın dağlarında dolan bulud tək,
Şimşəkler saçını yolan bulud tək,
Mehrini torpağa salan bulud tək,
Laçın həsrətilə köçdü dedilər.

Yurdunda yuvasız, Vətəndə qərib,
Qədəri ömrünə sinəsin gərib,
Dərdinin əlindən zinhara gəlib,
Laçın həsrətilə köçdü dedilər.

Pıçıltı

Ruhuma süzülür pıçıltıların,
Nəfəsin dolaşır duyğularımda.
Gözlərimə düşən işıltıların,
Məni rahat qoymur yuxularımda.

Ayaqlarım yerdən kəsilir bir an,
Həyat nə gözəlsən, necə şirinsən.
Eşqin zirvəsinə ucalır insan,
Bu dünya da mənim, sən də mənimsən.

Bir şirinlik qatdın günümə bu gün,
Bir məna həkk etdin ömrümə bu gün,
İlk dəfə dünyaya sığışmadım mən,
Əbədi yazıldın ömrümə bu gün.

* * *

Məni sarı simdə imtahan edib,
İpəyə bürüyüb, xara çəkirsən.
Günahım olmadan hökm eləyib,
Məhşər ayağında dara çəkirsən.

İllər keçib gedir,qarıyıram mən,
Əl açan kimsəyə yarıyıram mən,
Parlaq səhifəmi qoruyuram mən,
Qızılı renglərə qara çəkirsən.

Özüm uydurduğum nağıl oluram,
İçimə qapanıb fağır oluram,
Əzəldən beləyəm, ağır oluram,
Gör sən Xuramanı hara çəkirsən?!

* * *

Bextine yazılan yazısı gizlin,
Ümidi, istəyi, arzusu gizlin,
Yarısı aşkardı, yarısı gizlin,
Həsrətin ahıdır qadın ürəyi.

Güləndə gözləri, qəlbi ağlayar,
Qəm dolu dəryadı, coşar, çağlayar,
Qiymətli daş- qaş tək dərdi saxlayar,
Bahadan bahadır qadın ürəyi.

Vüqar heykəlidir, qürur büstüdür,
İçi göz yaşardan quru tüstüdür,
Bütün könüllərin taxtı, üstüdür,
Fəsillər şahıdır qadın ürəyi.

__________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO