Qarabag Media
Haqqımızda Əlaqə

“Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti


Tarix:31-10-2019, 11:33 Kateqoriya:Manşet / Qəhrəmanlar

“Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti

Ürfan Vəlizadə 1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. Məktəbi bitirən kimi Türkiyə Hava Hərbi Məktəbinə daxil olan Ürfan Vəlizadə burada beş il təhsil alıb. 2000-ci ildə təhsilini başa vurduqdan sonra 6 ay İstanbulda işləyib, sonra vətənə qayıdır. 2005-ci ilə qədər Kürdəmirdə fəaliyyətini davam etdirərək, ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib, bu sahədə çalışıb. 2016-cı il aprel ayında baş verən döyüşlərdə Mİ-24 helikopterinin vurulması nəticəsində şəhid olub.

Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə (ölümündən sonra) təltif olunub.

Qadın

Binalarla əhatə olunmuş həyətə girəndə ətrafdan ötüb keçən insanlara, parkda dincələn, nəvələrini gəzməyə çıxaran qocalara diqqətlə baxıram. Onlardakı rahatlıq, asudəlik sinəmdə döyünən ürəyin səsinə səs vermir, həyəcanına qoşulmur. Qeyrətli vətən təəssübkeşinin, qəhrəman oğulun qapısına, onun ailəsinin səsini, sözünü dinləməyə gəldiyimi hər kəsin hiss etməsini, duymasını istəyirəm. 2016-cı il aprel döyüşlərinin ilk günlərində adı qürurla, sayqıyla dillərdə dolanan şəhid pilotumuz mayor Ürfan Vəlizadənin qoyub getdiyi bir qadın və iki qız övladının yaşadığı mənzilin qapısına çatıb, dayanıram. Nəfəsimi dərib, hardan necə başlayacağımı götür-qoy edib, qapını döyürəm. Qapını üzümə Ürfan Vəlizadə həyatının, yaşantısının sonuncu şahidi, qadını Könül xanım açır.

Həm də böyük bir məhəbbətin iştirakçısı olub Könül xanım. Bir sinifdə oxusalar da uzun illərdən sonra Ürfanla təsadüfən rastlaşmış, bir-birlərini həqiqi məhəbbətlə sevib ailə qurmuşdular. O, keçmiş günlərini təbəssümlə xatırlayır:

- Məktəb vaxtı bizim aramızda heç bir münasibət olmayıb. O qədər utancaq qız idim ki, üzümə kimsə baxanda az qalırdım partanın altında gizlənəm. Əvvəllər Türkmənistanda yaşayırdıq. Ordan Bakıya köçəndə on beş yaşım vardı. Ürfangilin sinfinə onuncu sinifdən gəldim. Doqquzuncu sinfi bitirib imtahan verəndə dəhlizdə bir oğlanın dayandığını gördüm. Kitabım əlimdən yerə düşdü, həmin oğlan kitabı yerdən qaldırıb, mənə verdi. Ürfan idi. İlk dəfə Ürfanla tanışlığımız orda oldu. Biz ikimiz texniki fənlər üzrə imtahan verib eyni sinfə düşdük. Məktəbin son iki ilini birlikdə oxuduq. Hətta bir dəfə Ürfan imtahan vaxtı riyaziyyat imtahanında cavab vərəqini səssizcə mənim qarşıma qoymuşdu ki, mən də köçürüm. Məktəb vaxtı mənim uzun hörüklərim vardı. Ürfan sonralar mənə deyirdi ki, səni elə o vaxtdan görüb bəyənmişdim, dərs vaxtı güzgüdən sənə baxırdım. Yadıma gəlir, “Son zəng”imizdə Ürfan gəlib mənimlə rəqs etmək istəyəndə onu acıladım, rəqs etmədim. Amma sona qədər mənim yanımda əyləşdi, heç yerə getmədi. Məktəbi bitirəndən sonra ayrı düşdük. Ürfan Türkiyəyə oxumağa getdi, mən də Tibb Universitetinə qəbul ola bilməyib, kəsildim. Sonrakı illərdə isə Pedaqoji universitetə daxil oldum. Aradan üç-dörd il keçsə də Ürfan tez-tez yuxuma girirdi. Onu yuxuda görəndən sonra əsəbiləşirdim. Öz-özümə düşünürdüm ki, axı onunla mən heç vaxt yaxın olmamışam, niyə yuxuma girir? Sonralar Ürfan bunu biləndə mənə dedi ki, o zamanlar mən tez-tez səni düşünürdüm, ona görə yuxuna girirmişəm.

Tale

İki sinif yoldaşı bir neçə il sonra təsadüfən yolda rastlaşırlar. Amma hər ikisi sükutla bir-birinin yanından ötüb keçir. Keçmiş sinif yoldaşının onunla salamlaşmaması Könül xanıma yer edir. Özünə söz verir ki, bir də nə zaman onunla rastlaşsa, ondan bu hərəkətinin acığını bir yolla çıxacaq. Zamanın ömürdən alıb apardığı günlərin birində, qaranlıq gecənin düz ortasında tale bu iki insanı yenidən rastlaşdırır. Bu dəfə isə birləşdirmək üçün.

- Artıq sonuncu kursda idim. Diplom işini yazmağa hazırlaşırdım. Amma bizdə kompüter yox idi. Bir gün axşam vaxtı qardaşım dedi ki, gedək internet klubda. Axşam tərəfi orda heç kim olmur, yazılarını orda yazarsan. Qardaşıma qoşulub, gəldim internet kluba. Ürfanı yenidən orda gördüm. Tanımadı, çağırıb özüm ona tanışlıq verdim. Elə sevinirdi ki... Həmin görüş bizi birləşdirdi. Nişanlandıq, toyumuz oldu. Mən Ürfanı o qədər çox istəyirdim ki, bunu sözlə ifadə edə bilmirəm. Ürfan mənim həyatımda olan yeganə kişi idi. O, başqa insan idi. Mən onsuz üç il həyat sürmüşəm. Bu üç ilin hər birinin içərisində 365 gün var. Bu günləri onsuz necə yaşadığımı bilmirəm. Bəlkə də uşaqlarım olmasaydı, həyatım da yarıda qırılardı, Ürfanla birgə sona çatardı. Biz bir-birimizi nə qədər çox sevsək də aramızda həmişə pərdə vardı. Ürfan böyük-kiçik yeri bilən, çox abırlı insan idi. Heç vaxt məni yanımda siqaret çəkməzdi. Məni o qədər çox istəyirdi ki, inanın, bəlkə də özündən də qoruyurdu. Bəzən bir neçə günlük anamgilə gedəndə gəlib görürdüm ki, Ürfan mənim şəkillərimə baxır. Həmişə deyirdi ki, Könül, mən sənsiz yaşaya bilmərəm. Amma artıq üç ildir ki, mən onsuz yaşayıram.

Ay parçası

Söhbətimizin bu yerində Ürfan bəyun sağlığında “ay parçası” adlandırdığı kiçik qızı Betül uzun hörüklərini çiyinlərinə ataraq, ağlaya-ağlaya anasının yanına gəlir. Böyük bacısı onun ardınca düşüb otaqdan çıxarmaq istəsə də Könül xanım mane olur. Betül anasının qucağında əyləşəndən sonra sakitləşir. Gah atasının masaya qoyulmuş şəklinə, gah da anasının doluxsunmuş gözlərinə baxıb, uşaq sadəlövhlüyü ilə deyir: “Ata, işə gedib. Gələcək...” Könül xanım təəssüf və yanğı ilə kövrəlir, kövrəldikcə də yaş yanağı boyu süzülür.

İtki

Nişanlı olduqları dövrdə Ürfan bəyin anası qəfil xəstələnib, dünyasını dəyişir. Bu itki ona ağır təsir edir. İllər keçsə belə həmişə həmin itkini xatırlayıb təəssüflənir, anasını müalicə etdirə bilmədiyi üçün əzab çəkir. Evlənmələrinə iki ay qalmış isə Könül xanım şəkər xəstəsi olduğunu öyrənir. O, Ürfan bəyə ayrılmalarını təklif edir.

- Ürfana dedim ki, xəstəliyimə görə məsuliyyət hiss edirəm. Bəlkə yollarımızı ayıraq? O, mənim bu sözlərimdən çox pis oldu. Dedi, ya mən səninlə ailə quracam, ya da heç vaxt evlənməyəcəm. 2006-cı ildə toyumuz oldu. Amma o, heç kimə mənim şəkər xəstəsi olmağımı bildirmədi. Ailə qurandan sonra bir neçə dəfə universitetdən mənə işləmək təklifi gəlsə də, Ürfan razı olmadı. Bir dəfə isə qəti şəkildə dedi ki, Könül, hələ mən ölməmişəm. Mən öləndən sonra işləyərsən. Ondan sonra mən işləmək söhbətindən vaz keçdim.

Qoxu

Ürfan bəyin işi rayonda olduğundan həyat yoldaşı da onunla birlikdə rayona gedib, orda yaşamaq istəyir. Amma gənc pilot buna da razı olmur. O, ailəsinə görə iş yerini dəyişir və nisbətən yaxın yerdə işləməyə başlayır. Onların iki qız övladı doğulur.

- Qızlarını çox sevirdi. Həmişə deyirdi mənim üçüncü övladım da qız olsa, özümü xoşbəxt hiss edərəm. Qızların hər ikisi mart ayında anadan olmuşdular. Ürfan sanki nəsə hiss etmişdi. Aprel döyüşlərindən əvvəl təklif etdi ki, onların ad günlərini eyni gündə qeyd edək. Ad günü şənliyində ona söz veriləndə dedi ki, mənim iki yox, üç qızım var. Üçüncü qızım da Könüldür. Həmin gün şənlikdən qayıdıb evə gələndə, qapımızın yanında Ürfan mənim üzümə baxıb, soruşdu: “Könül, mənə düzünü de, sən mənimlə xoşbəxtsənmi?” Elə bil hiss edirdi ki, tezliklə həmişəlik gedəcək, əmin olmaq istəyirdi ki, mən onunla xoşbəxtəm, ya yox. Həm də müəyyən maddi çətinliklər, kirayədə yaşamağımız mənə pis təsir edər deyə ehtiyat edirdi. Amma inanın, o pis günlərimizə, çətin şəraitimizə baxmayaraq, mən o qədər xoşbəxt qadın idim ki. İndi istəyirəm ki, həmin çətin günlərim yenidən qayıtsın, amma Ürfan da o günlərlə birgə gəlsin. Çünki Ürfanın iyini heç yerdən ala bilmirəm. Onun papağı indi də mənim yataq otağımdadır. Qoxusu həmin papaqdan çəkilməyib, olduğu kimi də qalıb.

Çamadan

Yataq otağına keçib ordan mayorun papağını gətirir. Toxunmağa ürək etmirəm. Daha doğrusu, haqqım çatırmı, çatmırmı deyə özümü sorğuya çəkirəm. Sonra masanın üzərinə Ürfan bəyin müxtəlif illərdə çəkdirdiyi fotolar, həyat yoldaşına yazdığı məktublar, açıqcalar düzülür. Bütün şəkillərdə mehribanlıqla gülümsəyən, qara gözlü, təmiz baxışlı, sevgi dolu insan boylanır. Bu baxışlar kədərli sanki gələcəkdən bir az da naümiddir. Amma hər şəkildə güclü sevginin, xəfif həsrətin, yarımçıq səadətin işartıları hiss olunur. Bir zamanlar tək özü, ailəsi, əzizləri üçün yox, bütöv vətən uğrunda yaşayan, düşünən insanın, hərbçinin rəsmlərə, kağızlara hopan səngimiş, sona çatmış ürək çırpıntıları, yoxa çıxmış həyat eşqi şəkillərdən bizə də sirayət edir. Könül xanım hardansa evinin ən gizlin guşəsindən qara bir çamadan gətirir:

- Burdakıları heç kimə göstərməmişəm, amma sizə göstərərəm. Hamısı onun gəncliyinə aiddir və mənim üçün böyük xəzinədir.

Çamadanda şəhidimizin məktəb illərində tutduğu gündəliklər, müxtəlif tərifnamələr, tələbəlik şəkilləri, Könül xanım üçün yazdığı sevgi dolu sözlər, şeirlər və daha nələr, nələr. Hər kəsdən, xüsusən də körpə qızlarından oğurluq ağlamağa öyrəşmiş Könül xanım, danışdqıca onlardan oğurlana bilmir, kövrəlir. Zəhranın başını sığallayır, arabir onun ipək zərif saçlarından öpür. Bəlkə də axtardığı qoxunu orda tapıb sakitləşir, söhbətinə davam edir.

- O, hər dəfə evdən gedəndə, çantasını hazırlayanda mən dəli olurdum. Mənə xərclik pulu verəndə qorxu canımı bürüyürdü. Öz-özümə düşünürdüm ki, yenə də gedir. Pulu götürmürdüm. Deyirdim, qoy qalsın, gələndə verərsən.

Müəllim

Könül xanım deyir ki, müharibə bölgəsinə uçuş təşkil olunan zaman Ürfanın illərlə yetişdirdiyi, dərs keçdiyi tələbələr irəli can atıb, uçuşa qalxmağa hazırlaşıblar. O isə qəti şəkildə bildirib ki, - nə qədər ki, mən burdayam, bir gənc pilot havaya qalxmayacaq.

- Onda Təbriz Musazadə də deyib ki, mən də Ürfan abi ilə birgə uçacam. Təbriz Ürfanı çox istəyirdi. Həmişə bizə gələndə deyirdi ki, Ürfan Vəlizadə kimi pilotla birlikdə şəhid olmaq mənim üçün şərəfdir. Elə Təbrizin dediyi, arzuladığı kimi də oldu. Arada Ürfana deyirdim ki, bax, özünü təhlükəyə atma, məni və qızlarını düşün. Bir dəfə də mən belə deyəndə çox əsəbiləşdi. Dedi, bir də mənə belə sözlər demə. “Mən getməyim, o birisi getməsin, bəs kim getsin bu torpağı qorumağa? Biz Qarabağ məsələsini indiki uşaqların gəncliyinə qədər saxlaya bilmərik. Qorxma, mənə heç nə olmayacaq”.

Mələk

O, elə kişi deyildi ki, hər şeydən ötrü oturub ağlasın. Amma kiminsə şəhid olduğunu eşidəndə görürdüm ki, gözləri yaşarır. Televizorda musiqi veriləndə söndürürdü. Ürfanın dayısı uşaqları da birinci Qarabağ müharibəsində şəhid olmuşdular, əmisi ikinci dünya müharibəsindən qayıtmamışdı. Bəlkə də buna görə onun içində dərin bir yanğı vardı. Amma bu yanğı ilə yanaşı Ürfan həm də həqiqi vətənpərvər və yaxşı müəllim idi. Tələbələri onu o qədər çox sevirdilər ki, mən bəzən məəttəl qalırdım. Evdə bizimlə deyən-gülən, şənlənən adam müəllim kimi başqa insan idi. Evdən hər dəfə gedəndə mütləq tələbələrinə şirniyyat alıb aparırdı. Xüsusən valideynləri uzaqda yaşayan, kimsəsi olmayan tələbələrinə diqqət göstərərdi. İşdə Ürfanın ləqəbi “Mələk” idi. Tələbələri onu belə adlandırırmışlar. Bunları mənə qardaşım deyirdi, Ürfan məni işinə, hərb həyatına heç vaxt yaxın buraxmazdı. O, həm rus, həm də türk dilində təhsil alsa da, təpədən-dırnağa azərbaycanlıydı. Həftənin altı günü işləyirdi, ancaq bazar günləri istirahət edirdi. Bazar günü səhər tezdən oyanıb Barış Mançonun, Tacir Şahmalıoğlunun mahnılarına qulaq asırdı. Tacirin “Bayatı-Şiraz” mahnısına qulaq asanda onun dodaqları əsirdi. Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”, Səməd Vurğunun “Azərbaycan” şeirlərini dinləməkdən doymurdu.

Tez-tez kirayə yaşadığı evinə gəlib yenidən iş yerinə qayıdan pilot aprel döyüşlərindən bir müddət əvvəl evə gəldiyi vaxtlarda çox dalğın və kefsiz görsənir. Könül xanım qadın marağı və intuisiyası ilə bu kefsizliyi xəbər alanda pilot söhbəti dəyişir, şən görsənməyə çalışır.

- Ürfan çox nadir hallarda bikef olardı. Həmişə evə gələndə bizimlə deyib-gülər, əylənərdi. Amma Novruz bayramında evə gələndə gördüm ki, qanı çox qaradı. Dedim, Ürfan, mənə düzünü de, axı sənə nə olub? Heç nə demirdi. Bir gün isə dedi ki, gedək, satışda olan evlərə baxaq, ipoteka ilə bir ev götürək. Onda bir az şübhələndim. Çünki bizim elə çox imkanımız yox idi, onun qazancı da ancaq dərmanlarıma və dolanışığımıza çatırdı.

Könül xanım Ürfan bəyin sağlığında həyat yoldaşına aldığı dərman qutularını gətirib göstərir. Hər birinin üzərində səliqə ilə dərmanların istifadə saatları və “bir tanesin”, “çok güzelsin”, “aşkımsın” kimi sözlər yazılıb. Könül xanım deyir ki, dərmanları çox bahalı olduğundan istəmirdim onları alsın. Ürfan da mən hirslənməyim deyə elə xoş sözlər yazırdı.

Son gediş

Ürfan Vəlizadə evinə sonuncu dəfə martın 30-da gəlir. Qızlarını bağrına basır, həyat yoldaşı ilə görüşür. Gərgin və həyəcanlı olan pilot gələcəklə, ailəsi ilə bağlı bütün arzularını, ümidlərini də özü ilə götürüb, evindən çıxır. Həmişə qayıtmaq ümidi ilə işə yollanan mayor, bu dəfə isə ailəsinə heç nə bildirmədən döyüşə yollanır.

- Martın 30-da Ürfan gözlənilmədən zəng vurub, evə gələcəyini xəbər verdi. Mən də tez kartof qızartdım. Həm də kartof qızartmasını çox sevirdi. Amma evə çatan kimi dedi tez çantamı yığ, gedirəm. Həmin çanta ilə işə gedəndə Ürfan bir həftə, on gün evə gəlməzdi. Ona görə də həyəcanlandım. Özü-özümə düşündüm ki, yenə də gedir, mən necə gözləyəcəm bu bir həftəni. Mənim xətrimə dəyməmək üçün yeməyini tez yedi, qızlarını dizinin üstündə əyləşdirib, öpdü, qucaqladı, qoxuladı. Sonra hardasa iki, üç dəqiqə donub qaldı, gözləri yol çəkdi. Onun bu hərəkətindən ürəyim əsdi, qorxuya düşdüm. Dedim, Ürfan niyə belə edirsən, nəsə olub? Gülümsədi, dedi, qorxma, ay dəli. Mənimlə də görüşüb qapıdan çıxanda dedim, Ürfan unutma ki, hara getsən, biz üçümüz hər zaman səninləyik. Bizi unutma. Dedi, narahat olma Könül, qayıdacam. Amma gördüm ki gözləri doldu, qəhərlənib üzünü çevirib getdi. Onun ardınca su atanda su qabı əlimdən yerə düşdü. Xoflandım...

Könül xanım həyat yoldaşı ilə sonuncu dəfə aprelin 2-də səhər vaxtı danışır. Mayor onu arxayın səslə sakitləşdirir, qorxulu heç nə olmadığını, dərslərdə və təlimlərdə iştirak etdiyini deyib, həmin günü qayıdacağını da bildirir. Amma səksəkəli qadın ürəyi sakitləşmək bilmir. Bir yandan da televizorda, radioda döyüşlərlə bağlı verilən xəbərlər onu qorxuya salır.

- Həmin gün anamın ad günü idi. Mən də gözləyirdim ki, Ürfan gələcək. Amma sanki qəfəsdə idim. Ora bura qaçırdım, içimdə dəhşətli həyəcan vardı. Anamın ad gününü birtəhər ötüşdürdüm. Ürfan gəlmədi, nə qədər zəng vurdum, telefonuna zəng çatmadı. Axşam evə qayıdanda yolda telefonuma zəng gəldi. Qızımla oxuyan uşaqlardan birinin valideyni “Ürfan” deyib qışqırdı. Evə gəldim, televizoru açmaq istəyəndə qardaşım dedi ki, qorxma, insulini vur, sonra aç. Onların Ürfandan xəbəri varmış, məndən gizlədirmişlər.

Son ümid

Amma televizoru açmağa macal olmur. Könül xanım iynəsini vurandan sonra qonşuları onlara gəlir, sonra telefon zəng çalır və qohumları ona həyat yoldaşının şəhid olmasını xəbər verirlər.

- Eltim mənə bu xəbəri verəndən sonra heç nə xatırlamıram. Ayılanda özümü öldürmək istəyirdim. Qışqırırdım ki, mən inanmıram Ürfana nəsə olub. Onun üçün qurulan mağara gedəndə Ürfanın paltarlarını, krossovkalarını geyinib getdim. Hamı elə bilirdi ki, mən ağlımı itirmişəm. Amma mən özüm onun paltarlarını geyinmişdim ki, Ürfan sağdırsa, məni hiss edib qayıtsın.

İnanırsınız, mən onun ölümünü bu üç ildə heç vaxt özümə yaxın buraxmamışam. Onu sağ adam kimi cürbəcür xəyallara, arzulara büküb, ürəyimin içərisində hamıdan gizlətmişəm. Divardan asılan şəklinə baxıb nə qədər onunla danışmışam, ağlamışam. Ondan sonra heç nə ilə təsəlli tapa bilmirəm.

Yuxuma tez-tez girirdi. Deyirdi ki, ağlama, mən gələcəm. Bir dəfə yuxuda gördüm ki, evimizdəki saatın arxasında məktub var. Məktubu ordan götürüb oxumaq istəyəndə Ürfan mənə dedi ki, o, məktubu oxuma, qoy yerinə. Nə zaman mənə olan ümidini itirsən, onda oxuyarsan.

Diktofonu söndürəndən sonra bütün şəhid uşaqları kimi səssiz, danışmaqdan boyun qaçıran, kədərli baxışlarını yayındıran şəhidimizin böyük qızı Zəhra mənə yaxınlaşır. Atasının şəkillərini çəkməkdə bir xeyli köməkli edir. Atasının çamadanından çıxan, anası üçün yazılan məktublara ötəri nəzər salır. Hiss edirəm ki, o da - azyaşlı olsa belə - kimin, necə bir qəhrəmanın, atanın qızı olmasının fərqindədir. Qapıdan çıxanda Zəhra yavaşcadan mənə pıçıldayır: “Mən özüm də atam üçün çox darıxıram, onun haqqında danışmaq istəyirəm. Amma anama, bacıma görə susuram. Onların ağlamağını istəmirəm”.

Bu son pıçıltı məni sakitləşdirir.

Şəhidimizin evində qalan son yadigarları, əmanətləri ilə böyük qəhrəmana, mərd kişiyə olan dərin ehtiram və minnətdarlıq borcu ilə onlarla sağollaşıram./lent.az/

“Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti

“Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti

“Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti

“Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti

“Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti

“Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti

Samirə Əşrəf
_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO