Qarabag Media
Haqqımızda Əlaqə

"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri


Tarix:14-10-2019, 17:07 Kateqoriya:Manşet / Yazarlar

"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri Gilə Əli qızı Rzayeva - 1976-cı il martın 3-də Laçın rayonunun Alxaslı kəndində anadan olub. Hələ kiçik yaşlarından şeir yazmağa baş­layıb, istedadı ilə yaşıdlarından seçilib.

Şeirləri ilk dəfə "Ziya", "Təhsil" və "Şərqin səsi" qəzetlərində işıqüzü görüb.

Daha sonra isə bir sıra müxtəlif qəzetlərdə, "Zirvə" poeziya antologiyasında çap olunub.

«Sevgi nəğ­mələri» adlı ilk şeirlər kitabı 2001-ci ildə - 25 yaşında işıqüzü görüb.

2002-ci ildə «Bir payız günün­də…» adlı ikinci, 2004-cü ildə «Yollarıma yağan yağış» adlı üçün­cü şeirlər və hekayələr kitabı «Borçalı» nəşriyyatı tərə­findən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına ve­rilib.

Müəllifin oxucularla dördüncü gö­rüşü olan «Xatırla məni» adlı kitabı isə 2008-ci ildə işıq üzü görüb.

Şeirləri geniş oxucu kütləsi tərəfin­dən böyük maraq­la və xüsusi rəğbətlə qarşılanan Gilə Əli­qızı 2005-ci ildə Azər­baycan Respublikası «Təhsil» Mərkəzi və «Şərqin səsi» qə­ze­tinin birgə keçirdiyi sorğu və müsa­biqənin nəticələrinə əsasən «ABDULLA ŞAİQ» mükafatı ilə təltif olunub, bir az sonra isə «Qızıl Qələm» Media mü­kafatı laureatı adına layiq görülüb.

Qara bəxtinə ağlayır,
Taleyim Qarabağ kimi.
Fələk bol kisədən verib
Dərdi sinəmə dağ kimi.

Yanmışam, qalıbdır külüm,
Yaşamaq olubdur zülüm.
Mənim viranə, boş könlüm
Qalıb bağbansız bağ kimi.

Ömrüm solmuş yarpaq olub,
Bağım tikan,tırpaq olub.
Canım coxdan torpaq olub
Gəzirəm hələ sağ kimi.

* * *

Könlümün yarısı səndə qalıbdır,
Əllərim uzanıb yoluna Laçın.
Girib aramıza neçə dağ-dərə,
Qayıda bilmirəm yanına Laçın.

Qaldım uzağında illərdi sənin,
Tutdu gözlərimi dumanın, çənin.
Zalıma yurd oldu hər qarış yerin,
Mənsə həsrət qaldım qoynuna Laçın.

Sən bizə, biz sənə intizar qaldıq,
Laçın deyə-deyə ömür yaşadıq.
Düşmür torpağına izimiz artıq,
Sığınıb qalmışıq adına Laçın.

* * *
Xəstə yatağında səndən uzaqda,
Bir günüm uzanıb bir ilə dönüb.
Sənin həsrətindən alışan könlüm
Nə yanıb bir yolluq, nə külə dönübdür.

İtmişəm özüm də mən ilim-ilim,
Tapmıram izini yanına gəlim.
Səninlə gül açan ilk bahar könlüm
Sənsiz xarabalıq boş çölə dönüb.

Mənə təsəllisən yuxularım da,
Səbəbsən, ümidsən xəyallarım da.
İndi şəhərimdə, doğmalarımda
Sənsiz özgələşib, yad elə dönüb…

* * *

Sənin gedəcəyin başqa yer yoxmu,
Elə hey ağlıma gəlirsən mənim.
Gündüzlər dolaşıb fikirlərimdə
Gecələr yuxumu bölürsən mənim.

Yüz qayğımın,yüz dərdimin içində,
Özünü yadıma salırsan mənim.
Xəyalın dayanır gözüm önündə
Özümü-özümüdən alırsan mənim.

Səssiz danışaram xəyallarınla,
Səni şeirimə söz eyləyərəm.
Eşqini könlümdə odu sönməyən
Ocaq eyləyərəm, köz eyləyərəm.

Səni ürəyimdən yerə qoymaram.
Güllü yaz olaram qışına sənin.
Ömürlük kənizin, qulun olaram
Dönüb pərvanə tək başına sənin.

* * *
Mənsiz gətirmisən il üstünə il,
Saçlarına düşən dən deyiləm mən.
Keçmişdim özümdən səndim bir zaman
Artıq mən olmuşam, sən deyiləm mən.

Gedib uzaq etdin özünü mənə,
Yamanlıq eylədin səni sevənə.
Bir vaxt duman idim uca zirvənə,
Daha dağlarında çən deyiləm mən.

Bu qədər il sonra geri gəlirsən,
Bir vaxt səni sevən məni gəzirsən.
Amma o qız daha yoxdur bilmirsən
Daha o əvvəl ki, mən deyiləm mən…

* * *

Bir quşam, qanadım sənsən,
Darıxıram sənin üçün.
Tək arzum, inadım sənsən
Darıxıram sənin üçün.

Ay mənim gecəm,gündüzüm,
Dilimdə ki, şirin sözüm.
Ən sevdiyim,iki gözüm
Darıxıram, sənin üçün.

Ocaq mənəm,közüm sənsən,
Son mənzilim,izim sənsən.
Varlığım sən,özüm sənsən
Darıxıram,sənin üçün.

Eşqindən kürəm,dəliyəm,
Həsrətin odu,külüyəm.
Bilki,mən sənsiz ölüyəm
Darıxıram,sənin üçün.

Dağlarda duman,çənimsən,
Bağlarda barım,dənimsən.
Harda olsan, sən mənimsən
Darıxıram,sənin üçün.

Qışım sənlə bahar olub,
Sevdan müjdə,nübar olub.
Sənsiz könlüm qubar olub
Darıxıram, sənin üçün.

Sevdasıyla ovunduğum,
Ocağından od aldığım.
Ay könlünə sığındığım
Darıxıram,sənin üçün.

* * *

Kaş uca dağlar başında,
Sürünən duman olaydım
Kaş ümidsiz könüllərə
Süzülən güman olaydım.

Yar yolunda cəfa olub,
Eşqə zinət vəfa olub.
Kaş möcüzə şəfa olub
Dərdlərə dərman olaydım.

Dünya dönür öz dəmində,
Ömür keçir sitəmində.
Kaş fələyin qələmində
Yazılan fərman olaydım.

* * *
Günlər keçir, aya çatır,
Gedirəm ilimə sarı.
Qürbətdən Vətən olmayır
Gedirəm elimə sarı.

Mən tərki-diyar olmuşam.
Hüznə ixtiyar olmuşam,
Mən səyyahi-yar olmuşam
Gedirəm çölümə sarı.

Dağlarda çəni cağırır,
Saçlarda dəni cağırır.
Torpaqda məni cağırır
Gedirəm ölümə sarı.

* * *

Göylər qədər təmiz olan,
Baxışına aldanmışam.
Mən baharın vaxtsız yağan
Yağışına aldanmışam.

Tapıb Nuhun gəmisini,
Dünya qurub yenisini.
Düşünməyib enişini
Yoxuşuna aldanmışam.

Yer üzü cilvəli,cəngli,
Gah şeytan,gah hüri dəngli.
Bu dünyanın əlvan rəngli
Naxışına aldanmışam...

* * *

Mənim gözlərimdə bir payız fəsli,
Sənin gözlərində güllü bahar var.
Mən eşqin yüz illik qulu, köləsi
Səndə sevda adlı təzə nübar var.

Dünya bir şeytandır, şərdir cilvəsi,
Tələdir, tuzaqdır nazı, işvəsi.
Sənin ürəyində eşqin həvəsi
Mənim ürəyimdə dərd var, qubar var.

Göy üzü qarışar,buludlar ağlar,
Dumanlı, çənlidir zirvəli dağlar.
Sənin torpağında bəhrəli bağlar
Mənim torpağımda neçə cadar var...

* * *

Ömrü başa yetirdim,
Ayrılığın izində.
Dərdlərimi bişirdim
Ürəyimin közündə.

Çəməndən gül dərmədim
Dərib çələng hörmədim,
Mən mərhəmət görmədim
Bu dünyanın gözündə.

Kim dəyişər cahanı,
Bəxdini seçən hanı.
Tanıdım bu dünyanı
Aqillərin sözündə...

* * *

Gözü qara, dili laldır,
Səssiz, soraqsız gecənin.
Yoxdur, ayı, ulduzu da
Nursuz, çıraqsız gecənin.

Yaddaşıma izi tutub,
Həsrətimi sözü tutub.
Ürəyimi buzu tutub
Odsuz, ocaqsız gecənin.

Ulduzu dəymir, gözümə,
İşığı düşmür, izimə.
Sübhü açılmır, üzümə
Ucsuz-bucaqsız gecənin...

* * *

Mən öz içimdə dustağam,
Göy üzün görə bilmirəm.
Eşqin çiçəkli bağından
Bir çələng hörə bilmirəm.

Nədir sevgi,nədir loğman,
Tək sevgidir dərdə dərman.
Mən sevgidən güclü fərman
Bir qanun,törə bilmirəm.

Dərd şeir olub dilimdə,
Ötüb keçir illərim də.
Öz yurdumda,öz elimdə
Ömrümü sürə bilmirəm...

* * *

Mən sənə dağ oldum ucadan uca,
Zirvəmə ələnən qar, olmadın ki.
Xalı tək önünə sərdim könlümü
Sən mənə eşq adlı var, olmadın ki.

Döndü əzbərimə dilimdə adın,
Duymadim sözünü doğmanın,yadın.
Gedib buz eylədin bu eşqin odun
Sönən ocağıma qor, olmadın ki.

Sussuz boz çöl idin mən caya döndüm,
Sən zülmət gecəydin, mən aya döndüm.
Mən sənin eşqindən Leylaya döndüm
Sən mənə Məcnun tək yar, olmadın ki...

* * *

Bitibdir düz yollarım,
Qalan yoxuşlarımdır.
Dərdə ürək göynəyir
Dolan baxışlarımdır.

Dərdə kəniz, qulam mən
Bir dumanlı yolam mən
Bulud kimi dolan mən
Yağan göz yaşlarımdır.

Könlü sək-səkəliyəm,
Şübhəliyəm,şəkliyəm
Eşqin həsrət şəkliyəm
Şeir naxışlarımdır...

* * *

Geyinmişəm, qəmdən libas
Üstümə həsrət biçmişəm..
Fələyin acı şərbətin
Qaldırıb çoxdan içmişəm. .

Elə dərd süzür dilimdən,
Laçınım gedib əlimdən.
Nə qalıb, yanmış külümdən,
Mən elə hey, dərd çəkimişəm.

Bu ocağı kim söndürüb,
Söndürüb, külə döndərib.
Ağrıları kim göndərib,
Mən də, bəxtimə seçmişəm...

* * *

Mən sevdanın xoş üzünü,
Bilmədim ki, səndən sonra.
Doya-doya yaşamadım
Gülmədim ki, səndən sonra.

Daşa saldın izlərimi,
Şeir etdin sözlərimi.
Ağlar qalan gözlərimi
Silmədim ki, səndən sonra.

Qarışdım yalan, düzümə,
Yandım, alışdım közümə.
Sən getdin, mənsə özümə
Gəlmədim ki, səndən sonra.

Bir yanıqlı bəstə oldum,
Şur oldum, şikəstə oldum.
Həsrətindən xəstə oldum
Ölmədim ki, səndən sonra...

* * *

Kəsib bütün yolumu,
Fələk durub qəsdimə.
Qoyun məni məzara,
Torpaq atın üstümə.

Bükülübdür varağım,
Kəsilibdir sorağım.
Elə yanıb ocağım
Kor olmuşam tüstümə.

Bağrım oyuq-oyuqdur,
Bir yelkənsiz qayıqdır.
Bu bahar nə soyuqdur
Üşüyürəm istimə...

* * *


Güllü bahar idim, çiçəkli yazdım
Mən səni sevəndən qışa dönmüşəm.
Susubdur şeirim, susubdur sözüm
Bir dilsiz, ağızsız daşa dönmüşəm.

Sancılıb könlümə, sevdan ox olub,
Ay zalım, zülümün yaman çox olub.
Hər gecə həsrətdən, qəmdən yox olub
Hər səhər təzədən başa dönmüşəm.

Nə yurdum,nə yuvam, diyarım qalıb,
Bölünüb ürəyim tək, yarım qalıb.
Sənsiz nə dəyərim, nə varım qalıb
Üzüyün itirən qaşa dönmüşəm.

* * *

Kim sevər mənim tək, kim sevər səni,
Uca dağlarına duman eyləyər.
Bütün ümidini sənə bağlayıb
Ömrünə, gününə güman eyləyər.
Kim səni nəfəsi, havası sanar,
Dərdinin əlacı, davası sanar.
Kim səni məskəni, yuvası sanar
Sözünü pozulmaz fərman eyləyər.
Kim səni ünvanı, adı eyləyib,
Kim səni ağzının dadı eyləyib.
Kim səni ocağı, odu eyləyib
Sevdanı dərdinə dərman eyləyər.

* * *

Xəstə yatağında səndən uzaqda,
Bir günüm uzanıb bir ilə dönüb.
Sənin həsrətindən alışan könlüm
Nə yanıb biryolluq, nə külə dönüb.
İtmişəm özüm də mən ilim-ilim,
Tapmıram izini yanına gəlim.
Səninlə gül açan ilk bahar könlüm
Sənsiz xarabalıq boş çölə dönüb.
Mənə təsəllisən yuxularımda,
Səbəbsən, ümidsən xəyallarımda.
İndi şəhərim də, doğmalarım da
Sənsiz özgələşib, yad elə dönüb...

Karabakhmedia.az

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”