Qarabag Media
Haqqımızda Əlaqə

Ələsgər Məmmədov -100


Tarix:11-10-2019, 12:57 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Ələsgər Məmmədov -100 MÜƏLLİMLƏRİN MÜƏLLİMİ ƏLƏSGƏR MƏMMƏDOV

Azərbaycanda ərəbşünaslıq məktəbi keçən əsrin ortalarından yaranmışdır. Hazırkı vaxtda yüksək inkişaf dövrünü yaşayan bu əzəmətli məktəb istedadlı nümayəndələrilə respublikanın tərəqqisində özünəməxsus şəkildə irəliləyir. İki minə yaxın böyük mütəxəssis ordusuna malik bu görkəmli məktəb olduqca şərəfli yol keçmişdir. Hər zaman qürurla xatırlanan, məzunları elm, təhsil, diplomatiya və digər sahələrdə misilsiz nailiyyətlər qazanmış, yarım əsrdən çox tarixi olan ərəbşünaslıq məktəbi dedikdə onun yaradıcısı Ələsgər Məmmədovun nurlu siması göz önünə gəlir. Bu il poliqlot, Azərbaycanda ərəbşünaslıq məktəbinin banisi Ələsgər Məmmədovun 100 yaşı tamam olur. Həmin məktəbin nümayəndəsi kimi ustadımızı yad etməyi özümə borc bildim.

Ələsgər Məmmədov 1919-cu il oktyabrın 10-da anadan olmuşdur. 1937-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun alman dili şöbəsində, 1941-1944-cü illərdə Moskva Şərqşünaslıq Universitetinin ərəb dili üzrə hərbi şöbəsində təhsil almışdır. 1945-1947-ci illərdə SSRİ Xarici İşlər Nazirliyində referent kimi çalışmışdır. Alman dilini mükəmməl bildiyi üçün 1945-ci ilin dekabr 1946-cı ilin fevral ayına qədər Nürnberq məhkəmə prosesində tərcüməçi kimi iştirak etmişdir.

Ələsgər Məmmədov Azərbaycan radiosunda ərəbdilli verilişlər redaksiyasını yaratmış və ilk redaktoru olmuşdur.

Ələsgər Məmmədovun xidmətləri çoxşaxəlidir. Onun siyasət, elm, təhsil, jurnalistika sahələrindəki fəaliyyəti keçmiş SSRİ dövründə təkcə respublikamızda deyil, bütün ittifaqda məşhur idi. Onu yaxından tanıyanlara məlumdur ki, o, özü hər zaman ərəbşünaslıq sahəsindəki fəaliyyətilə əlaqəli söhbətlər etməyə üstünlük verərdi.

Ələsgər Məmmədov 1947-ci ildən ömrünün sonlarına qədər taleyini Bakı Dövlət Universitetinə bağlamışdır. Onun burada ilk uğuru 1957-ci ildə ərəb dili və ədəbiyyatı şöbəsinin açılması ilə ərəbşünaslıq məktəbinin əsasını qoymasıdır. Yarandığı dövrdən məzunlarının nailiyyətləri məktəbin möhkəm təmələ əsaslandığından xəbər verirdi. İldən-ilə artan və İttifaq çərçivəsində xüsusi mövqe qazanan ərəbşünas mütəxəssislər zaman ötdükcə müəllimlərinin açdığı cığırı şaxələndirdilər. İstər elm, təhsil, istərsə də diplomatiya və ya tərcüməçilik sahələrində ərəbşünaslıq məktəbinin yüzlərlə məzunu uğurla çalışır.

Ələsgər Məmmədovun Azərbaycan təhsilində digər böyük xidməti dərsliklərlə bağlıdır. Bir məsələni xüsusi qeyd etmək vacibdir ki, orta Asiya respublikalarında ərəbşünaslıq Azərbaycandan çox sonra təşəkkül tapmış və bu günün özündə orada rus şərqşünaslarının dərs vəsaitlərindən istifadə olunur. Halbuki, Azərbaycanda ərəb şöbəsinin açılmasından bir il sonra, yəni 1958-ci ildə ilk ”Ərəb dili” dərsliyi işıq üzü gördü. Ələsgər Məmmədov orta və ali məktəblər ücün “Ərəb dili” dərsliklərinin yeganə müəllifi olmaqla 30-dan artıq dərslik yazmışdır.

Ələsgər Məmmədov ərəb dilinin tədrisini fərqli bir formada qurmuşdur.Onun ərəb dilini öyrətmək metodunu qeyri-adi bacarıq adlandırmaq olar. O, ərəb, fars, alman, ingilis, fransız, rus dillərini mükəmməl bilirdi. Müsahibələrinin birində ərəb dilinin tədris metodikasında alman dilinə bələd olmasının mühüm rolunu və avropa dilçiliyi əsasında sistemləşdirdiyini bildirmişdi. Çətin qrammatik qaydaları yığcam, planlı şəkildə ardıcıl təqdimi onu iki il müddətinə öyrənmək imkanı yaradırdı. Tələbələr oxuduqları dərs vəsaitində siyasi, tarixi, coğrafi və başqa mövzuda mətnlərlə yanaşı, ərəb şairlərinin şeirlərindən nümunələri, hikmətli atalar sözlərini öyrənməklə təkcə söz ehtiyatlarını zənginləşdirmirdilər. Həmin dərsliklər eyni zamanda onlara ərəb mədəniyyəti haqqında ilkin biliklər verirdi.

Bir pedaqoq kimi Ələsgər Məmmədov əvəzsiz müəllim idi. O, dərs prosesində çətin dili öyrədərkən ciddi tələbkarlığı ilə yanaşı, incə yumoru ilə tələbələrində zehni yüngüllük yaradardı. Onun metodu bu gün də müəllim işləyən davamçılarında ənənə şəklini almışdır.

Ələsgər Məmmədov barədə ilk təsəvvürlər məndə atamın – AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun sayəsində formalaşmışdır. Atamdan hər zaman müəlliminin nadir mütəxəssis, əvəzsiz pedaqoq, nəcib insan olması haqqında maraqlı söhbətlər eşidərdim. Bütün təəssüratlar ürəyimdə nə zamansa deyilənlərin birbaşa şahidi olmaq arzusunu yaratmışdı. İstəyimi qismən reallaşdırdım. Bəzən Universitetdə bu əvəzsiz müəllimlə qarşılaşanda özümün də onun tələbəsi olacağıma ümid edirdim. Təəssüflər olsun ki, o, şəxsən özü mənə dərs demədi. Lakin müəllimlərimin hamısı onun tələbəsi olmuşdur. Bütün bildiklərimi Ələsgər Məmmədovun dərsliklərinə və yetirmələrinə borcluyam. Bunları nəzərə alaraq onu öz ustadım sayıram.

Şihabəddin Yəhya Sührəvərdinin fəlsəfi irsinin Azərbaycanda yeganə tədqiqatçısı atam - AMEA-nın müxbir üzvü Zakir Məmmədovdan hər zaman mütəfəkkirin əsərində rast gəldiyi bu bənzətməni eşidərdim. Mütəfəkkir əsərlərinin birində bildirmişdir ki, bağbandan bir salxım üzüm alan insan ona təşəkkür edir. Ancaq heç kəs bütün aləmi şəfəqə qərq edən, torpağa bəhər verən Günəşə təşəkkür etmək barədə fikirləşmir. Atam bağbanı onilliklər boyu hazırlanmış ərəbşünas ordusuna, onların cəmiyyətdə uğurlarını bəhərə, Ələsgər Məmmədovu isə bütün bunların yaranma səbəbkarı Günəşə bənzədərdi. O, hər bir ərəbşünasın cəmiyyət üçün hazırlanmasının əsil səbəbkarı, onların parlaq Günəşidir. Böyük müəllim ömrünün son gününə qədər elmi və pedaqoji fəaliyyətlə məşğul oldu, bundan zövq aldı.

2019-cu il oktyabrın 10-da Azərbaycan ərəbşünaslıq məktəbinin banisi Ələsgər Məmmədovun 100 yaşı tamam olur. 2001-ci ilin ilk ayında biz əvəzsiz müəllimimizi cismən itirdik. Lakin onun sayəsində hazırkı vaxtda ərəbşünaslıq məktəbi durmadan irəliləyir. Xidmətləri onun adını daim yaşadacaqdır. Ələsgər Məmmədov ərəbşünaslığın parlaq Günəşi və nurlu mənbəyidir.


Ülkər Zakirqızı,
Ələsgər Məmmədovun yaratdığı ərəbşünaslıq məktəbinin
nümayəndələrindən biri, filologiya üzrə fəlsəfə doktoru, dosent

_____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO