Qarabag Media
Haqqımızda Əlaqə

Naxçıvanda intensiv hərbi təlimlərin keçirilməsi nəyə hesablanıb? - HƏRBİ EKSPERT


Tarix:4-10-2019, 12:44 Kateqoriya:Manşet / Gündəm

Naxçıvanda intensiv hərbi təlimlərin keçirilməsi nəyə hesablanıb? - HƏRBİ EKSPERT

Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordusunun (ƏÜO) yaradılması Naxçıvan Muxtar Respublikasının strateji əhəmiyyətə malik olması, blokada şəraitində yerləşməsi, ölkənin digər hissələri ilə quru yolla əlaqəsinin olmaması, yalnız hava yolunun açıq olması faktorları da nəzərə alınmaqla, əsasən Muxtar Respublikanın müdafiəsinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması və vahid mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır. Əlahiddə Ümumqoşun Ordusunun əsas vəzifəsi Naxçıvan Muxtar Respublikasında yarana biləcək təhlükələrin müstəqil olaraq tam aradan qaldırması və uzunmüddətli aktiv döyüş əməliyyatlarını həyata keçirilməsindən ibarətdir.

Naxçıvanda hərbi təlimlərlə bağlı xəbərlərə daha tez-tez rast gəlinməsi, Əlahiddə Ümumqoşun Ordunun digər birliklərlə müqayisədə daha geniş stat strukturuna və spesifik vəzifələri müstəqil həll etmək funksiyasına malik olması ilə birbaşa əlaqədardır. Bu isə ƏÜO-da mövcud olan hissələrin tərkibi və sayının daha geniş olmasını şərtləndirir. Bütün bunlara görə, Əlahiddə Ordunun daha mürəkkəb və çevik taktiki təlimlərə cəlb edilməsi normal qarşılanmalıdır. Bu təlimlərdə aviasiya vasitələri də daxil olmaqla, tabeçilikdə olan bütün qoşun növlərinin və digər güc strukturlarının qarşılıqlı əlaqədə fəaliyyətləri uzlaşdırılır. Bu qurumlar tərəfindən əldə olunan yeni silah sistemləri təlimlərdə və döyüş atışlarında tətbiq edilərək sınaqlardan keçirilir.

ƏÜO-da bu il ərzində keçirilən təlimləri təhlil etmək üçün əvvəlcə onların xronologiyasına və məqsədlərinə diqqət yetirməliyik.

Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin ilk komanda-qərargah təliminə fevralın 26-da start verildi. Bu təlimdə Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının birgə fəaliyyətinə aid tapşırıqlar icra edildi.

Dövlət sərhədində real və potensial təhdidlərin dəf edilməsi, terrorçuların və qeyri-leqal miqrantların qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması, sərhədboyu zonada əhalinin və mülkiyyətin qorunması məqsədilə birgə fəaliyyətlər, axtarış əməliyyat tədbirlərinin daha effektli həyata keçirilməsi, əməliyyat rayonunda yaradılan birgə qərargahda toplanan məlumatların təhlili və mübadiləsi kimi məsələlərə diqqət yetirildi. Təlimlərə Əlahiddə Ümumqoşun Ordu, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, yerli hüquq-mühafizə və icra orqanları cəlb edildi.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-dən 11-dək Naxçıvanda iki ölkənin silahlı qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri keçirildi. Bu təlimlərə bir qədər sonra daha geniş şərh verəcəyik.

Avqustun 19-dan avqustun 24-dək Əlahiddə Ümumqoşun Ordusunun növbəti komanda-qərargah təlimi keçirilib. Ərazidə əməliyyatların qərargahlar tərəfindən planlaşdırılmasından sonra qəbul edilən qərarlar Simulyasiya mərkəzində kompüterlər üzərində icra edildi. Təlimlərdə komandir heyətinin və qəragahların qərar qəbul etmə bacarıqları təkmilləşdirildi.

Avqustun 25-dən Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən komanda-qərargah təlimi plana əsasən mərhələlərlə icra edilib. Təlim çərçivəsində “Həyəcan” siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların ən müasir vasitələrlə idarə olunması praktiki həyata keçirildi. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatları planlaşdırıldı. Praktiki fəaliyyətlərə cəlb edilən bölmələr döyüş atışlarını icra etdilər. Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində qoşunların fəaliyyəti kompüterlər üzərində məşq etdirilərək komandirlərin döyüşü idarəetmə bacarıqları təkmilləşdirildi.

Sentyabrın 9-dan 14-dək isə Naxçıvan Qarnizonu qoşunlarında ikitərəfli üçpilləli komanda-qərargah təlimi keçirildi. Təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırlıq dərəcələrinə gətirilməsi üçün praktiki fəaliyyətlərə cəlb edilən birləşmə və hissələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarıldı.

Ayın 23-də “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv və tank əleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimləri keçirildi. Döyüş şəraitinə maksimum yaxın şəraitdə keçirilən təlimlərdə əsas məqsəd zabitlərin ixtisas biliklərinin təkmilləşdirilməsindən və batareyaların daim döyüşə hazır vəziyyətdə saxlanılmasından ibarət idi. Təlimlərdə planlı və plandankənar hədəflərin yüksək dəqiqliklə məhv edilməsinə nail olundu.

Sentyabrın 30-da “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi başladı. Oktyabrın 5-dək davam edəcək təlimdə birləşmə və hissələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətlərə nail olunmasına, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin yerinə yetirilməsinə diqqət yetirilir.

İyun ayında Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə də, bir qədər geniş nəzər salmaqla fayda verəcəyimizi düşünürəm. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilib. Təlimlərdə iştirak edən komandir heyəti və qərargahlar səhra şəraitində açılan komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə döyüşün təşkili və aparılması zamanı yaranan müxtəlif şəraitlərdə qoşunların fasiləsiz idarə olunmasını praktiki həyata keçirdilər. Bu təlim hər iki tərəfin qərargahlarının müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiya edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Təlimlərin birgə döyüş atışlı mərhələsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar tərəfindən izlənilib və yüksək qiymətləndirilib.

Təlimlərdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taboru, Naxçıvan Qarnizonu Qoşunlarının Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı qrupları, tank, “Xrizantema-S”, TOS-1A və ZU-23-2 silah sistemlərinə malik bölük taktiki qrupları xüsusilə fərqləndilər. Əlahiddə Ümumqoşun Ordunun aviasiya, raket-artilleriya, tank, kəşfiyyat, mühəndis, rabitə, təmir bərpa hissə və bölmələri həm müdafiədə, həm də əks hücumda bacarıqlarını nümayiş etdirdilər. Təlimlərdə “Su-25” hücum təyyarələrindən, Mi-35 helikopterlərindən, T-90S tanklarından, TOS-1A odsaçanlarından, “Xrizantema-S” tank əleyhinə idarə olunan raket kompleksindən, OSA-1T, “İqla-S” və ZU-23-2 hava hücumundan müdafiə vasitələrindən, PDM-2 və BRT-82 döyüş maşınlarından, minaatanlardan, toplardan, AQS-30 qumbaratanlarından, snayper və digər atıcı silahlardan istifadə edilərək əvvəlcə hücum edən, sonra isə geri çəkilən düşmənin zirehli texnikası, atəş vasitələri və canlı qüvvəsi məhv edildi.


Hücumun inkişaf etdirilməsi və cinahlara doğru genişləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun ehtiyatları döyüşə yeridildi, düşmən ehtiyatlarının irəliləməsinin qarşısının alınması məqsədi ilə taktiki və hava desantları əraziyə endirildi.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin təlimə cəlb olunan heyəti ilə Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti arasında bölmələrin birgə idarə edilməsində qarşılıqlı əlaqənin yaradılmasına və vahid prosedurların tətbiqinə nail olundu, döyüş atışı mərhələsində hədəflərin 85, maketlərin isə 90 faizindən çoxu məhv edildi.

Yeri gəlmişkən bir ay əvvəl, mayın 1-dən 3-nə qədər Türkiyə və Azərbaycan silahlı qüvvələri Azərbaycanda "Mustafa Kamal Atatürk- 2019" adlı birgə hərbi təlimlər də keçirdilər.


Daha öncə, fevralın 21 və 22-si tarixlərində isə Türkiyənin Ermənistanla sərhədində yerləşən Qars vilayətində “Qış-2019” hərbi təlimlərinə 15 ölkənin, Bosniya və Herseqovina, Qətər, Böyük Britaniya, Almaniya və İtaliya və s. hərbçiləri ilə bərabər Azərbaycanın da qatılması artıq Ordumuzun keyfiyyət baxımından fərqli bir səviyyəyə yüksəldiyini göstərirdi.

Bütün bu təlimlər demək olar ki, il ərzində bir neçə dəfə, fərqli ssenarilər və mövzular üzrə müxtəlif ərazi və iqlim şərtlərində mütəmadi olaraq keçirilir. Bizim üçün miqyasına və təyinatına görə mühüm əhəmiyyətə malik “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimlərində hər iki ölkənin Silahlı Qüvvələrinin müxtəlif güc strukturlarının şəxsi heyəti verilən döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirməklə, eyni zamanda iki qardaş ölkənin hərbçiləri arasında əməkdaşlığın, koordinasiyanın yüksək səviyyədə olduğunu nümayiş etdirdilər. Təlimdə qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi də diqqətçəkən məqamlardandır. Təlim hədəflərinin əsas məqsədinin sadəcə təlimlərdə iştirak etmək və kimin nəyə qadir olduğunu nümayiş etdirilməsindən ibarət olması barədə səsləndirilən fikirlərdən tam uzağam. Təlimlər hərbçilər üçün döyüş hazırlığının zirvəsi olaraq qalır, lakin bu proseslərin mövcud mürəkkəb şəraitdə bir də siyasi aspekti mövcuddur.

Ermənistanın reaksiyası

Azərbacan Ordusunun, o cümlədən Naxçıvan Muxtar Respublikasında dislokasiya edilən Əlahiddə Ümumqoşun Ordunun son illər ərzində müasir silah-sursat və texnika ilə təchiz edilməsi nəticəsində döyüş imkanlarının ciddi miqyasda artırılması, birgə döyüş atışlı təlimlərə cəlb olunması, bu təlimlərdə bütün qoşun növlərinin və xidmətlərin şəxsi heyət, texnika və vasitələrinin sinxron tətbiqi ilə real vəziyətə uyğun ssenarilərin məşq edilməsi, Ermənistan siyasi dairələrində, xüsusilə də hərbi qurumlarında daim xüsusi narahatlıqla qarşılanır.

Ermənistan tərəfi Azərbaycanın Türkiyə ilə birgə təlimlərini, xüsusilə də Naxçıvan ərazisində keçirilən təlimləri daim ciddi narahatlıqla qarşılayır. Bu narahatlıqların bir neçə subektiv səbəbləri mövcuddur.

Ermənistan hakimiyyəti Gorus-Laçın avtomobil yoluna 1.5-3 km məsafədən nəzarət edən və davamlı olaraq gücləndirilən Əlahiddə Ümumqoşun Ordunu həm Qarabağ üçün, həm də reaktiv artılleriyanın 42 km-lik atəş məsafəsində olan İrəvan üçün real təhlükə mənbəyi kimi qəbul edir. Əsas güc strukturlarının idarəetmə orqanlarının əksəriyyətinin bir neçə kvadrat kimometr perimetrdə yerləşməsi Ermənistan hakimiyyətini bir qədər düşünməyə vadar edir.


Bir çox erməni hərbi ekspertlər və politoloqlar da Naxçıvanda keçirilən təlimlərlə bağlı, xüsusilə Əlahiddə Ümumqoşun Ordunun Günnüt istiqamətindəki yüksəklikləri ələ keçirməsi faktını vurğulamaqla bədbin açıqlamaları daim səsləndirirlər. Bütün bunlar Ermənistanın Naxçıvan istiqamətində, həmçinin sərhədin digər istiqamətləri üzrə baş verə biləcək proseslərə KTMT adı altında Rusiyanı cəlb etmək üçün müəyyən təxribatlar törətmək niyyətinin ola biləcəyindən xəbər verir. Bunu, oktyabrın 1-də, Qazax istiqamətində düşmən tərəfindən diversiya qrupundan uğursuz istifadə nəticəsində erməni əsgərinin yaralanması, oktyabrın 2-də Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorun sürücüsü mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alması nəticəsində həlak olması da təsdiqləyir. Lakin hələ ki, İrəvan Rusiyanı bu prosesə cəlb edə bilmir, çünki Rusiya-Azərbaycan münasibətləri kifayət qədər normaldır, həm də Moskva-Ankara əməkdaşlığı özünün ən yüksək səviyyəsindədir.

Və bu mənada Azərbaycan, sözsüz ki, hipotetik əməliyyatlara qədər, münaqişənin nizamlanma mexanizmini əlində saxlamağa çalışan qüvvələrin münasibətlərini dəyişməyə istiqamətlənib.


Buna isə ilk növbədə Türkiyənin iştirakı və yaxından dəstəyi ilə nail olmaq mümkündür. Türkiyə onunla həmsərhəd olan ölkələrdə terror yuvalarını məhv etməkdə qərarlıdır, bunu Ankaranın fasiləsiz olaraq hərbi və antiterror əməliyyatları istiqamətindəki güzəştsiz aktiv siyasəti də təsdiqləyir.
Ermənistan siyasilərinin daim birgə təlimlərdən sonra Türkiyə qoşunlarının bir hissəsinin Naxçıvanda qala biləcəyi barədə həyəcan dolu bəyanatları da bu addımların işğalçı ölkə üçün nə qədər arzuolunmaz olduğundan xəbər verir.

Naxçıvan ərazisində yerləşən Əlahiddə Ümumqoşun Ordu ilə bərabər digər güc strukturları həm özünün yüksək döyüş qabiliyyəti, nizam-intizamı, həm də silah-sursat təchizatı ilə NATO üzvü Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirdiyi hərbi təlimlərdə öz döyüş imkanlarını istənilən ərazidə gecə və gündüz nümayiş etdirə bilirsə, deməli Azərbaycan Silahlı Qüvvələri artıq düşmənə sarsıdıcı zərbə endirməyə və erməni işğalındakı ərazilərimizi azad edərək Dağlıq Qarabağda tarixi ədalətin bərqərar olmasına tam hazırdır./ordu.az/

Hərbi ekspert Ədalət Verdiyev

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı