Qarabag Media
Haqqımızda Əlaqə

"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR


Tarix:20-08-2019, 14:42 Kateqoriya:Manşet / Araşdırma

"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR

1999-cu ildə Türkiyənin “Kastaş” nəşriyyatında Kənan Kocatürk adlı zabitin xatirələri kitab şəklində çap olunur. “Bir zabitin anıları. 1909-1999” adlı kitabda bizim üçün önəmli olan Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə haqqında xatirənin, məktubun və fotoşəkillərin olmasıdır.

Kənan Kocatürk Rəsulzadə ilə Rumıniyada səfirlikdə çalışarkən tanış olub. Rəsulzadə həmin illərdə Türkiyədən çıxarıldığı üçün Rumıniyada səfir Həmdullah Sübhi bəyin himayəsində yaşayırdı.

Karabakhmedia.az Kənan Kocatürkün xatirələrini, məktubunu və kitabdakı fotoşəkilləri təqdim edir:

***

Rumıniyada tanıdığım məşhur şəxsiyyətlərdən biri də Azərbaycanın sabiq prezidenti Məhəmmədəmin Rəsulzadə bəy idi. 1917-ci il bolşevik ixtilalı ilə Çar Rusiyası dağıldığı zaman müstəqilliyinə qovuşan Azərbaycanda cümhuriyyət elan edilmiş və Müsavat firqəsinin sədri hörmətli Məhəmmədəmin Rəsulzadə prezidentliyə seçilmişdi. Ancaq qardaş Azərbaycanın bu istiqlal və hürriyyət xoşbəxtliyi iki il davam etmiş, kommunistlər hər tərəfdə təkrar Çar Rusiyasının torpaqlarına sahib çıxmış, azəri millətini bölərək və öz-özlərinə qırdıraraq kommunistləşdirmişdi...

Kommunistlərin mövcud vəziyyətə hakim olmaları üzərinə qaçıb Türkiyəyə sığınan Rəsulzadə daha sonra da Sovet hökumətinin Türkiyəyə etdiyi ağır siyasi təzyiqlər nəticəsində buradan ayrılmaq məcburiyyətində qalmışdı. Bəzi Qərb ölkələrində dolaşdıqdan sonra, nəhayət, Polşaya yerləşmiş və bir polyak xanımla (Leyla xanım əfəndi) evlənmişdi. Uzun müddət Polşada qalmışdı. Fəqət siyasi qədəri ondan əl çəkmir, onu hər yerdə izləyirdi. İkinci Dünya müharibəsindən əvvəl Rusiya ilə Almaniya arasındakı o saxta dostluq başlayınca hər iki tərəf Polşanı paylaşmadan əvvəl Rəsulzadə buradan da qaçıb Rumıniyaya sığındı. Burada günlərini həmişə bizlə bərabər səfirliyimizdə keçirirdi. Hamımızla, xüsusilə, səfirimiz Həmdullah Sübhi Tanrıövərlə səmimi dost və yoldaş olmuşdu. Səbəbini bilmirəm, ən çox mənim otağımda oturardı. Bəlkə də, daha geniş və uyğun olduğu üçün otağımda rahat olurdu. Ədəbiyyat onun ikinci məsləyi, sənəti idi. O günlərdə böyük azəri şairi Nizaminin həyatını yazırdı. Rusiya, Orta Şərq və dünya siyasəti haqqında mənə çox dəyərli bilgilər və öyüdlər verirdi. Bu mövzularda məqalələr yazır, Zəki Küneralp bunları alman dilinə çevirir, alman mətbuatına göndərirdik. Bir nüsxəsini də mən alıb saxlayırdım.

Rəsulzadə daha əvvəl Polşada ikən o zamankı Polşa xarici işlər naziri məşhur Albay Bek ilə tanış olub dostlaşmışdı. Albay Bek hücuma məruz qalmazdan əvvəl yurdunu tərk edib Fransaya qaçarkən çox özəl, kiçik və zərif tapançasını bir xatirə olaraq Rəsulzadəyə hədiyyə etmişdi. Rumıniyada Horya Sima üsyanından sonra hökumət xalqı hər növ silahlarını dövlətə təslim etməyə çağırmış və rumın polisi evlərdə silah axtarışı aparmışdı. Əmin bəy də başını dərd almasın deyə bu tapançayı gətirib mənə təslim etmişdi. Sədəf qəbzəli, çox zərif, heç kimin görməyəcəyi şəkildə cibdə saxlanıla bilən, kiçik bir tapança idi. Onu hərbi attaşeliyin kassasında saxlayırdım. Onu iki il sonra bir dəfə istifadə etmişdim. Həyatımı xilas etmişdi. Vacib bir vəzifəyə görə Ankaraya çağırılmışdım, Bolqarıstandan keçərkən Sofiya vağzalında hücuma məruz qalmışdım və bu tapança cibimdə idi. Məni xilas etdi.

Buxarestdəki vəzifəmin sonunda yurda dönərkən Məhəmmədəmin Rəsulzadə bəyi Buxarestdə buraxmışdım. Çox keçmədən almanlar Stalinqrad müharibəsində məğlub olmuş, rus orduları sürətlə Rumıniyaya doğru irəliləməyə başlamışdı. Buna görə də Rəsulzadə yeni bir köçə məcbur olmuş və bəzi almanlarla birgə qaçaraq Almaniyada Mittenvald adlı mühacirlərin düşərgəsində əzab çəkməyə davam etmişdi. Təxminən iki il sonra oradan yazıb bir dostumuz vasitəsilə Türkiyəyə, mənə göndərdiyi məktub onun həyatının qəribə bir dönəmini əks etdirdiyi üçün kitabımızda dərc etmişik.

Bu məktub üzərinə çoxdan yurda dönən Həmdullah Sübhi Tanrıövərin hökumətimiz nəzdindəki təşəbbüsləri və ötən dövrlərdəki kimi onun əmri və mənim də əlaqələrim nəticəsində çox çətinliklə qarşılaşmadan qısa zamanda Rəsulzadə ilə xanımının Türkiyəyə gətirilməsini təşkil etmişdik. Ankaraya yerləşmişdi. Təəssüf ki, bir çox idealist vətənpərvər böyük şəxsiyyətlər kimi o da xəyalındakı siyasi hədəfinə çatmadan ağrılarla dolu kədərli həyatının səbəb olduğu o mənhus xəstəliyə məğlub olaraq Ankarada vəfat etdi. Cəbəcidəki məzarlıqda dəfn olundu. Tanrı rəhmət eləsin! Çox sevdiyim bir türk böyüyü olaraq qəlbimdə yaşayır!

***

M.Rəsulzadənin Kənan Kocatürkə məktubu
Mittenvald
5.VIII.1946

Əzizim Kənan bəy!

İhsan bəyin əzizliyindən istifadə edərək bu məktubu göndərirəm. Sizdən ayrılalı xeyli zaman oldu, həm də necə bir zaman. Başımızdan keçənlərin hekayətini qısa məktuba sığışdırmaq qabil deyildir. Görüşərkən, inşaallah, danışaram.

Vaxtilə yüksək məqama verdiyim yazıda, bilirsiniz, açıqda necə təhlükədə qalacaq on minlərcə türkün müqəddəratına nəzəri-diqqəti cəlb etməyə səy etmişdim. Bu minlərdən bir çoxu qorxduğumuz aqibətə uğradı; orada qalanların bir qismi indi Mittenvalda toplaşaraq, bir an əvvəl Türkiyəyə getmək həsrətindədirlər. İhsan bəyin budəfəki dönüşü sonunda bu həsrətlərin tezliklə sona yetəcəyinə ümid edirlər. Bunların arasında biz də varıq. Yaxınlarda dostlarla görüşəcəyimizə ümid edirik.

Doğrusu, bu qışı da əmniyyətsizlik, işsizlik, mühitsizlik və evsizlik hissinin əzici basqısı altında keçirmək təsəvvürü qarşısında qorxu duyuruq. Nəhayət, öz mühitimizdə, öz işimiz və əməyimizlə yaşamaq və çalışmaq imkanı əldə edə bilməyəcəyikmi?!..

Əzizim Kənan bəy! Leyla ilə daima sizi xatırlayırıq. Sizinlə görüşmək, Suzan xanımın əlini, kiçik Temuçinlə Minenin gözlərini öpmək bizim üçün çox zövqlü bir iş olacaqdır. Fəlakət görmüş bütün türklərin hərəkatı məsələsi, fərzi-mahal olaraq alovlanarsa, o zaman xüsusi təşəbbüslə hərəkat üçün səy edəcəyəm və bu xüsusda dostların vasitəçilik və yardımlarına ümid edəcəyəm.

H.Sübhi bəy əfəndiyə, Səadət xanım əfəndiyə və bütün dostlara bizdən salamlar.
Candan sevgilərlə,

Məhəmməd Əmin Rəsulzadə

"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR

"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR

Müəllif: Dilqəm Əhməd,
Teleqraf.com










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB