Qarabag Media
Haqqımızda Əlaqə

Ağ dəvə düzdə qaldı - II HİSSƏ


Tarix:14-08-2019, 13:12 Kateqoriya:Manşet / Yazarlar

Ağ dəvə düzdə qaldı - II HİSSƏ Əvvəli burada

-- A xatakar, mənim qorxum yoxdu, ələyim ələnib, xəlbirim göydə oynuyur. Həm də kişim qan eliyər. Sən özünnən qorx. Cavan, qəşəng qızsan. Səndən kim keçər? Handa qala , ayı ola, - deyib ona sataşdı.
Söhbətin məğzini sonra anladım. Dağdakıların arasında gəzən rəvayətlərə görə guya ayılar qəşəng qadınları sevirlər və oğurlayıb mağaralarına aparırlar. Və onların danışmaqalrından öyrəndim ki, ayı çox vaxt dumanlı havada ova çıxır. Külək ona tərəf əsəndə itlər ayının qoxusunu ala bilmir. Dumandan qəfil çıxıb heyvanları qoltuğuna vurub aparır. Elə öddəkdim ki, ayının adamları aparmasını eşidəndə bət-bənizim qaçdı:
--Süsən nənə, uşaqları da aparır ayı?—deyə qorxudan iri açılmış gözlərimi ona dikdim.
Arvad birdən əlini əlinə vurub:
--Ayı səni neyliyəjək? Dişə dəyəsi bir şey var səndə? Ələngə gəldin, ələngə də gedəcəksən evinizə. Gör bacın necə əməlləşib. Yanağına qırmızılıx gəlib. Sən dayça kimi ora-bura qaçmaxdan başqa bir şey bilmirsən. Yediyin də üzünə çıxmır,-- deyə mənə sataşaraq güldü. Həm də məni qorxudan çıxarmaq istədi. Ürəyim sıxıldı, süfrənin qırağında oturmuşduq, tez ayağımın birini kənara uzadıb isti şalvarımı yuxarı çəkərək ayağıma baxdım, sonra qolumu çırmadm. İkisi də çöp kimi arıq idi. Onların üçü də bir-birinə qoşulub uğunub getdilər. Ayının məni bəyənib aparmayacağını düşünüb bir az toxdadım. Ancaq həm də pərt olmuşdum. Özümə söz verdim ki, çox yeyib kökələcəm, mənə ələngə deməsinlər.
Üç gün evdən bayıra çıxa bilmədik. Duman çəkilmək bilmirdi. Əhəd əmi:
-- Tufan olmağındansa, duman olmağı yaxşıdır. Nə qədər davam etsə də, çəkilib gedəjək,--deyirdi.
Eşitdim ki, burda elə güclü tufanlar olub, alaçıqları götürüb aparıb. Hətta inəkləri də apararaq uzaqlara atıb. O üç günü təzək peçinin yanında oturub Süsən nənə və Əhəd əminin maraqlı söhbətlərinə qulaq asdım. Əhəd əmi tufanla bağlı bir əhvalatı danışdı:
--Bir dəfə Əhmədgilnən birlikdə yaylağa gəlirdik. Kürd Əhmədin oğlu Şərif Səməngüldən iki yaş böykdür, bunnar lap uşağ idilər. Qannı gölün yanında ikisini də götürüb hərəsini dəvənin belində mitil yığdığımız məfrəşin bir gözünə-mitillərin üstünə qoydux. Tufan bizi yolda haxladı, özümü daldaya verib qayaların arasında güclə bənd aldım. İndiyəcən o cür güjdü tufan görməmişəm. Dəvənin ovsarını əlimdə möhkəm saxlasam da, birdən əlimnən çıxdı. Tufannan gözümü açıb bir yerə baxa bilmir, daldalandığım yerdən çıxa bilmirdim. Əlim yerdən-göydən üzüldü. Bircə Madiyənin hünərinə güvənir, etibar edirdim. Onda gözüm seçdi ki, Madiyə özü çöküb yerə, dizin-dizin qayaların arasına sürünür ki, külək uşaxları məfrəşdən götürüb aparmasın. Birtəhər məfrəşdərin ağzını büzüb bağladım, tufan yavaşıyannan sonra sağ-salamat gəlib çıxdıx.
--Əhəd əmi, bəs külək toz-torpağı Madiyənin gözünə doldurmurdu? Necə görmüşdü səni?—deyə soruşanda Əhəd əmi:
--A şeytan qızım, adamda iki göz qapağı olmağına baxma, dəvələrdə üçüncü göz qapağı olur.Özü də şəffaf. Bərk külək, tufan olanda üçüncü göz qapağı ilə gözünü örtüb baxır, hər yeri görür, gözünə də toz-torpaq dolmur.
Əhəd əmi dəvələr haqqında bu qədər məlumatları ilə məni hər an heyrətə salırdı.
Oba cavanları Əhəd əminin növbəsini özləri çəkdi, dumanda onu qoyun hərləməyə, ağıllara baş çəkməyə qoymadılar neçə gün. Onda hiss etdim ki, Əhəd əminin bu obada nüfuzu, hörməti böyükdü. Alaçıqda dustaq qaldığımız bu üç gündə mənim diqqətimi çəkən bir şey də vardı: Əhəd əminin Süsən nənəyə münasibəti. O arvadına ən çox : “A xatun”-deyə müraciət edirdi. O qədər qayğıkeşliklə, o qədər sevgi və hörmətlə yanaşırdı ki, Süsən nənəyə. Bunu əvvəlcə heç hiss etməmişdim. Samovarı özü qaynadır, çayı da özü dəmləyib süzürdi. Axşam döşəkləri yükdən özü daşıyıb gətirir, səhər yenə yükə qaldırırdı. Süsən nənə də ərinə nazlanır:
--A Sarı, qoy özüm eliyəjəm. Sən otur, ancağ əlinə fürsət keçib, bir dincəl,- deyib onu əzizlərdi. İlk evliliklərindən yarımayan bu iki adam bir-birini o qədər gözəl tamamlayır, sözsüz anlayır və sevirdilər ki. Sonralar məhəbbətdən söz düşəndə o dağlarda müdrik sevginin , əsl insan məhəbbətinin tamını ömrünün yarısından sonra dadan bu iki adam yadıma düşərdi. Onlar bir-birinə məhkum deyildilər, onlar bir-birini anlayır, dəyərləndirir, bir-birini qoruyur, bir- birinin arxasında dayanırdıar. Bu , sözün həqiqi mənasında əsl sevgi üzərində qurulmuş sarsılmaz ittifaq idi.
Dumanlı gündə mənim üçün ən dəhşətli problem zəruri ehtiyac üçün alaçıqdan bayıra çxmaq olmuşdu. Bacıma və Səməngülə dirənib ikisinin də mənimlə getməsini istəyirdim. Onlar bəzən əsəbləşir, mənimlə getmək istəmirdilər. Ayının qorxusu canıma elə çökmüşdü ki, bir an yadımdam çıxmırdı. Və bir dəfə alaçığa qayıdanda məndən bir az aralı sıx dumanın içindən gələn camış manqırtsına bənzər boğuq səs eşitdim. Özümü güllə kimi alaçığa salaraq:
--Süsən nənə, ayı var, ayı!! Düz alaçığın yanına gəlib! Az qalırdı məni aparsın! Özüm gördüm, səsini eşitdim!--deyə qışqırmağa başladım. Bir haray-həşir salmışdım ki, gəl görəsən. Ancaq onların heç vecinə də olmadı.
Süsən nənə:
--Sən elə bilirsən, səs alaçığa gəlmir? O səsi biz də eşitdik. Əhəd babayın dəvəsinin səsidi, a bala. Ayının qorxusu səni birtəhər eliyəjək. Duman çəkilib getsəydi, bu uşağın aynası açılardı,--dedi.
Qızlar yenə :
--Nənə demədi ki, ayılar iskeletləri aparmır? Sən qorxma, səni aparmaz. Dişini-başını qırmıyacax ki səndən ötrü,-deyib məni cırnatmağa başladılar.
Bir azdan Əhəd əmi içəri girib ləyən istədi. Gətirdiyi səliqə ilə doğranmış, iri sümükləri çıxarılmış quzu ətini ləyənə boşaldıb:
--A xatun, nə deyirsən, uşaxlara bir dəri bozartması bişirəkmi?—dedi.
--Vallah, yaman yaxşı olar, dişimizi dəyişərik,-- deyən Süsən nənə cəld tədarük görməyə başladı. Xeyli soğan gətirib soymaq üçün bacımla Səməngülə verdi. Özü çoxlu əvəlik, ələyiz, nanə qurusu, kəklikotu , duz-istiot, doğranmış lavaşa çıxarıb ətin üzərinə tökdü və soğanı əlavə edib qarışdırdı. Əhəd əmi:
--Mən gedim, təndiri qalıyım,-deyib çölə çıxdı.
O gedəndən sonra Süsən nənə ədviyyatla qarışdırdığı əti quzunun bütöv çıxarılmış dərisinin quyruq tərəfdən içərisinə yığmağa başladı. Onun dörd tərəfinə hərlənir, maraqla baxırdım. Ət dərinin ortasında bir qırıq qaldı. O, dərinin artq qalan hissəsini metal məftillə möhkəm bağlayıb əti dərinin içində kipləşdirdi. Əl və ayaq yerlərini də dibdən bağlayıb artıq dəriləri kəsib atdı. Uzunsov, yunlu və başı, qol-qıçı olmayan quzuya bənzər qəribə bir şey əmələ gəldi. Düzəltdiyini götürüb çölə çıxdıq və alaçığın yaxınlığında Süsən nənənin neçə il əvvəl öz əli ilə qoyduğu, ağzını həmişə kip bağladıqları kiçik təndirin yanına apardıq. Közün düşməyinə az qalmışdı. Əhəd əmi təndiri qarışdırır, közləri qızışdırırdı. Nəhayət, köz düşdükdən sonra ət yığılmış dərini közün içinə basdırdılar. Təndirin ağzını yanoy örtüb alaçığa qayıtdıq. Azca keçmiş yanmış yunun iyi ətrafı bürüdü. Ödüm ağzıma gəlirdi.
--Mən ondan bir tikə də yemiyəcəm,-deyə düşünürdüm.
Tezliklə yanmış yunun iyini çox dadlı, tamlı bir yemək qoxusu əvəz elədi. Əhəd əmi hərdən gedib baxır:
--Az qalıb, siz süfrəni hazırlayın,--deyirdi.
Sonuncu dəfə getdikdən sonra iri mis məcməyinin içində közdə bişmiş nəhəng kartofa bənzər, qızarmış bir şeylə içəri girdi. Yun tamam yanmış, dəri qıpqrmızı qızarmış, yığışıb kömbələnmişdi. Süsən nənə onun üstünü tərtəmiz sildi, bıçaqla qaşıyıb təmizlədi. Ortalığa gətirəndə iri, parıldayan bıçağı ərinə verib:
--A Sarı , yar, görək nejə çıxıb?—dedi.
Əhəd əmi bıçağı ehtiyatla dəriyə çəkəndə zəif bir paqqıltı səsi çıxdı. İlik kimi bişmiş, ədviyyatlı quzu tikələri buğlana-buğlana yarıqdan bayıra çıxdı. Həmin günü həyatımda ən dadlı yeməyi yedim.
Axşama duman çəkildi. Tərtəmiz səmada əlimiz çatacaqmış kimi yaxın görünən, bol-bol sayrışan ulduzlar göründü. Mənim qorxularım o dumanla çıxıb getdi. Ancaq onunla bərabər həmin günlərdə eşidib gördüklərim xatirimdə elə dərin kök saldı ki, dağla bağlı xatirələrimin ən gözəl və maraqlı səhifələrinə çevrildi.
Sabahdan yenə oba cavanlarının əyləncələri, axşamlar çalıb-oynamaqları başlandı. Gündüzlər at yarışlarına çıxır, it boğuşdurur, xoruz döyüşdürürdülər. Əhəd əminin çox bəzzad itləri vardı. Oba cavanları hey onları boğuşdurmaq üçün istəsələr də, Əhəd əmi heç vaxt razılıq vermədi. Ancaq onun
“Qırxpipik” dediyi iri bir xoruzu vardı. Yeməklərin qalığını çox vaxt ona verər, hərdən çiy ət də atardılar. Bir dəfə Səməngül ətdən artıq qalmış piy və quyruq qırıqlarını ona vermək istəyəndə Əhəd əmi qoymadı:
--Vermə, qızım, xoruza quyrux verdin haa, taa onnan döyüşçü çıxmaz, qol-qıçını yağ basajax,--dedi.
O, hərdən xoruzu götürüb obanın kənarındakı düzənliyə gedir, Aşağı obanınkılarla döyüşdürürdü. Öz obasından olan xoruzlarla ona görə döyüşdürmürdü ki, deyirdi, bir-birinə ləj düşəcəklər, xoruzun günü döyüşməkdə keçəcək, gücü azalacaq. Xoruz döyüşünə ancaq kişilər və oğlanlar baxırdı. Qadınların və qızların ora getməsi qadağan idi. Oğlansayağı paltar geyindiyim və balaca olduğum üçün ora getməyimin heç kəs fərqinə varmırdı. Meydana atdıqları xoruzları qızışdırır, döyüşə təhrik edirdilər. Əhəd əmi:
--Dik-dik, dik-dik, dik-dik, a qızılbaş haa, a səni ölmüyəsən, caynaxla haa, halaldı haa, hoyye-heyy, --deyə xoruzunu qızışdırır və bu döyüşlərdə, demək olar ki, həmişə “Qırxpipik” qalib gəlirdi. Gələndə xoruzu hinə atar, qabağına dən-su qoyub qapını bağlardı. O yekəlikdə adam bir xoruzun qələbəsinə görə elə sevinər, elə qürrələnərdi ki, heç elə bil o böyüklükdə dəvələri ram eliyən adam bu deyildi.
Mən hərdən Səməngülün gözdən oğurlanıb sevdiyi oğlanla görüşə getdiyini hiss edirdim. Elə bu arada Əhəd əminin dostu kürd Əhməd oğlu Şərif üçün Səməngülə elçi gəldi. Axşam lampa işığında oturub söhbət elədilər. Kürd Əhməd :
--Sən irazılıx ver, payızda toylarını eliyək,-dedi.
Əhəd əmi isə:
-- Qoy bir cavannarın ağzını arıyax, nə tələsiklikdi?--deyib məsələni yubatmaq istədi.
Kürd Əhməd:
--Şərif özü deyib qıza, bilir. Niyə yubadax, Əhəd? Xeyir işi yubatmazlar,--deyə cavab verdi.
Hamı bir-birinə baxdı. Süsən nənə Səməngülü bir kənara çəkib:
--Səmən, sənə deyib Şərif? Razısan?- deyə soruşdu.
O dəmdə Süsən nənənin səsində elə qəribə hüzn və kədər, həm də narahatlıq vardı ki, sanki qızının razılıq verməsi anasının ölüm hökmü olacaqdı.
--Bir dəfə deyib. Axşam qız paltarı geyib oynamağa gəlmişdi şenliyə, bizim obuya. Mən razılıx verməmişəm. Onu istəmirəm,--deyə Səməngül cavab verəndə mən məsələni anladım. Deməli, axşam şənliyində Səməngülə ürəyini açan Mərdan yox, Şərif imiş.
Kürd Əhməd və onunla gələnlər məsələni hələlik yarımçıq qoyub getdilər.
Heç iki gün keçməmiş axşamüstü bizim obadan olan iki dağlı qadın başılovlu özlərini alaçığa saldı:
--A Süsən, xavardan xavarın varmı? Qıvreyin obasınnan Hasanqulu oğlu Mərdan sizə elçi göndərən Şərifi qəməliyif. Deyillər, vəziyyəti ağırdı, dədəsi hələlik hökümətə xavar eləmiyif. Aşağıdan həkim gətiriflər, yarasını tikiflər.
Səməngülün gözləri alacalandı. Sifətinin rəngi qaçdı, ayaqüstə dayana bilməyib yerə çökdü. Özünü ələ almağa çalışsa da, doluxsunmuş gözlərini gizlədə bilmədi:
--A dəli, sən niyə elə eliyirsən? Səninki nəlikdi? –deyə nənəsi soruşanda:.
-- Heş nə, nənə, heş nə olmuyub,-- desə də, birdən əlləri ilə üzünü qapayıb hönkürən Səməngülü görəndə qonşular şübhəli-şübhəli baxışdılar.
Onlar gedəndən bir az sonra Əhəd əmi gəldi. Bütün əhvalatı ondan öyrəndik:
--Hasanqulunun oğlu Mərdan Şərifin elçi göndərməyini eşidib, Aşağı obada qabağını kəsib, deyib ki, o qızı mən istiyirəm. Qız da məni istiyir. Yolumnan çəkil. O da ağızdan pərtovun biridi axı, bilirsən, xatun. Ağzına gələni deyib, tutaxlaşıblar. Mərdan da qəməsini çıxarıb, soxub bunun qarnına.
Bu sözləri Əhəd əmi çox aramla, sıxıla-sıxıla, bir az da pərt olmuş kimi deyirdi.
--İndi uşax nejədi, görən? Bə Mərdan hardadı, tutmuyublar ki?—deyə arvadı soruşanda o:
--Uşax pis döyül, yarası yaxşıdı. Ancax qohum-qardaşı, dədəsi qan eliyir: “Hayıfımızı çıxajıyıx,-deyillər,-- ya tutdurajıyıx, ya da əvəzinə qan alajıyıx”,-- cavabını verdi.
Birdən Səməngül iki əli ilə üzünü tutub yukun dibinə qısılaraq ağlaya-ağlaya:
--Dədə, noolar, qoyma, onu tutsunlar. Sözün hər yerdə keçir. Saa qurban olum, noolar, dədə, qoyma tutsunlar. Barışıq elə. Əhməd əmi səni eşidər,--dedi.
Əhəd əmi qapqara qaraldı. Süsən nənəyə baxıb başı ilə işarə elədi ki, yəni, çölə çıx. Hər ikisi alaçıqdan bayıra çıxdılar. Çöldən onların gudur-gudur danışıqları gəlirdi. Bu cür gərgin anlarda həmişə gözə görünməməyə, kənarda qalmağa, bəlkə də, qorxduğum üçün bu cür etməyə çalışan mən Səməngülün böyrünə qısılıb durmuşdum. Hərdən :
--Ağalama, Səmən, ağlama daa, noolar?--deyə onun əlini sığallayırdım. O, əini üzündən çəkib məni qucaqladı və bir əli ilə böyrünə sıxıb eləcə qaldı.
Bir azdan Süsən nənə içəri girdi. Sifəti avazımışdı. Gəib yerdən Səməngülün yanında oturdu. Onun əlini əlinə alıb:
--Səmən, bu iş düzələsi işə oxşamır. O uşağın Şərifi qəmələməsi heç yaxşı əlamət döyül. Bəlkə, sözü çəp gəlsə, səni də elə vuracaq? Həm də görək, bu Şərfgilin adamları onu neyliyəjək, rahat qoyajaxlarmı?-dedi.
Səməngül heç nə demədi. Qüssəli baxışlarını aşağı dikib dayanmışdı. Ona baxıb mən də sıxılırdım.
Uşaqlar mələk kimidirlər. Onlar görünməyən şeyləri də görür, insanın baxışından, duruşundan, gözünün ifadəsindən, aurasından qarşı tərəfin bütün fikirlərini oxuya bilirlər. Lap adlandıra bilməsələr də, bu barədə danışa bilməsələr də, uşaqlar böyüklərdən yaxşı görürlər. O vaxt hiss etdiklərimi sonralar tam aydınlığı ilə dərk edirdim. Hiss edirdim ki, Süsən nənə Səməngülü gözündən irağa qoymaq istəmir. Uzun illər övlad həsrəti ilə yaşayan qadın doğma övladı olmasa da, Səməngülü doğma balası kimi sevirdi. Bu sevgidə övlada olan sevgidən başqa, nəsə tamam başqa bir şey - Səməngülə bir tutuqluluq da vardı. Sanki onun ailə qurub ocağı tərk eləməsi ilə Süsən nənə uzun illər əzabını çəkdiyi övladsızlıq ağrılarını, tənhalığın acılarını yenidən yaşamağa başlayacaqdı. Həm də ev və təsərrüfat işlərində nənəsinin ən yaxın köməkçisi olan Səməngülü əldən qoymaq istəmirdi qadın. Əhəd əmi isə Səməngülün Şərifi sevməməsinə görə rahat nəfəs aldı. Çünki o, Şərifi heç xoşlamırdı.

Səhəri gün Əhəd əminin xəbər uçurduğu adamların hamısı alaçığa yığışdı. Mərdanın atas Hasanqulu kişi də gəlmişdi. Məlum oldu ki, Hasanqulu ilə Əhəd əmi bundan əvvəl hardasa görüşüblər və bu tədbiri birlikdə töküblər. Görən kimi onu tanıdım, çünki oğlu eyzən atasına bənzəyirdi. Çox yaraşıqlı, ucaboy, gözündən gülən biri idi. Onu görəndə ürəyimdə fikirləşdim ki, Mərdan da yaşlananda atası kimi belə yaraşıqlı kişi olacaq və o anda xəyalımda Səməngülə Mərdan üçün gələn elçilərə artıq “hə” cavabını vermişdim.

Onlar çox gec-- gecədən keçmiş qayıdıb gəldilər. Obadan olanlar öz alaçıqlarına getmiş, uzaqdan gələn iki nəfər isə Əhəd əmi ilə bizim alaçığa gəldilər. Yorğun olsalar da, üzlərində bir razılıq və arxayınçılıq vardı . Süsən nənə çay süzdü, süfrə arxasında oturub danışmağa başladılar. Bacım yatmışdı, Səməngüllə mən isə alaçığın bir tərəfinə çəkilmiş və bizim yataq yerimizi digərlərindən ayıran cecimin arxasından onların söhbətinə qulaq asırdıq.

--Əhəd, başıma gəlsən, səni rədd etmənəm. Sən ki mənim bu günümdə irəli durdun, məni, balamı bu xatadan sovuşdurdun, ölənəcən qulunam,- deyə Mərdanın atası sözə başladı. Səməngülə də elə bu lazım idi. Barmaqlarını çataqlayıb çənəsinin altında tutaraq diziüstə oturmuş halda yavaşca, pıçıltıyla, bəlkə, yüz dəfə: “Allah, çox şükür, şükürlər olsun, ya Rəbbim, çox şükür, şükür”,- dedi və meymun balası kimi döşəyin bir tərəfində çöməlmiş məni cəld qapıb bağrına basaraq yorğana büründü. Sonra ikimiz də Hasanqulunun:
--Bu iş xeyirliklə bitsin, elçilərimi göndərəjəm, Əhəd ,--dediyini eşitdik. Səməngül titrəyə-titrəyə, bərk-bərk mənə sarıldı. Heç vaxt duxi görməyən və çiçək ətri verən bədənin rayihəsi məni vurdu. Çöp kimi arıqca qollarımla onu qucaqladım. Səməngülün məni belə qucaqlaması, öpməsi, mehri məni elə kövrəldib, özünə elə bağlamışdı ki, sanki ən doğma adamımdı. Qaşqabaqlı və daim iş-güclə məşğul olan anam bir dəfə də olsun məni belə qucaqlayıb üzümdən öpməmişdi. Və sonralar da həyatım boyu bu cür ana mehrinin korluğunu çəkdim. Bizə canını qurban verməyə hazır olan anam mehrini verməyi bacarmadı.
İki gün sonra Nasanqulunun adamları Əhəd əmini və özləri ilə gətirdikləri ata yüklənmiş çoxlu malları, iki böyük, cins dişi dana və on qoyunu götürüb kürd Əhmədin obasına yola düşdülər. Səməngülün çiçəyi çırtlamışdı. Sevindiyindən ayağı yerə dəymir, quş kimi uçurdu. Hamımızn aynası açılmışdı, bircə Süsən nənə nədənsə qayğılı görünürdü. Səməngül onun o tərəf-bu tərfinə keçir, güldürməyə, ağırlıqdan çıxarmağa çalışrdı:
--Nənə, baxarsan, hər şey yaxşı olacaq, vallah, hər şey yaxşı olacaq,-deyirdi.
-- Sənin nə vədəndi axı? İndidən eşqin vurub topuğuna. On səkkizi təzə tamam eləmisən, niyə belə tələsirsən, qızım?-deyə Süsən nənə dediyində durmuşdu.
--Nənə, axı qalıb neyliyəcəm ki? Sənədlərimi instituta verməyə, oxumağa qoymadınız ki, qız uşağısan, uzaq şəhərdə tək-tənha nə işin var? İndi də belə.
-- Hə, nooldu indi? İndi də böyürdən bu biri “inistut“ çıxdı hııı?
--Nənə, bu “inistut” əzəl-axır olmalıdı, niyə elə deyirsən? Vallah, Mərdan yaxşı oğlandı, baxarsan, sənə yaxşı yeznəlik eliyəcək. Onun nəyi xoşuna gəlmir axı?-deyə Səməngül gah zarafatla, gah da ciddi nənəsinin könlünü almaq istəyəndə Süsən nənə:
--Daha səndə abır da qalmıyıb axı, deyəsən,-- deyərək çölə çıxa-çıxa biz eşitməyək deyə öz-özünə, --qaraçı qız “filan”ını tərifləyən kimi, sən də Hasanqulunun gədəsini təriflə görək, görəjiyik sonrasını,--dedi.
Səməngül də, biz də bu sözləri eşitdik. Mən “filan”ı eşidəndə qulaqlarımacan qızardım, Səməngül isə qaçıb arxadan nənəsini qucaqladı, şaqqanaq çəkib gülərək:
--Baxarsan, nənə, bunu Mərdana deyəcəm, vallah, deyəcəm. Görək sonra onun üzünə necə çıxacaqsan?-deyib Süsən nənənin ora-burasını qıdıqlamağa, çimdikləməyə başladı. Arvad onun əlindən güclə qurtarıb qaçaraq:
-- Bu qız qızıb, vallah, qızıb,-dedi.
Barışıq üçün gedənlər qayıdıb gələndə Əhmədin evində olanları müzakirə edərkən öyrəndik ki, Əhməd mərd adammış. Qızın onun oğlunu istəmədiyini biləndə oğluna təpinib ki, daha bu işin varağasını bük. Ancaq Şərif heç ipə-sapa yatan deyilmiş. Hasanqulunun gətirdiyi malları götürdüyü üçün az qala dədəsinin üzünə ağ olacaqmış. Kürd Əhməd isə:
--Mənim bu mallara ehtiyacım yoxdu. Onları ona görə götürəcəm ki, sənin qıcıq dişin sınsın, camaatı rahat qoyasan. Düz-dünya doludu qıznan, kimi desən, alacam sənə, zornan sevda olmaz,- deyib. Şərif də elə içindən kəsilə-kəsilə qalıb.
Aradan bir həftə keçmiş Mərdanın adamları Səməngül üçün elçi gəldilər. Razılıq üçün “hə”-sini alandan sonra şirin çaylarını içib toyu evə qayıdanda –payızda edəcəklərini danışaraq çıxıb getdilər.
Səhər oyanan kimi gözüm Səməngülü gəzdi. Alaçığın arxasından onun sevinc, bəxtəvərlik, şənlik notları ilə dolu səsi gəlirdi. Geyinib yanına qaçdım və ilk sözüm bu oldu:
--Səmən, sənin toyuna neçə gün qalıb?
Bu sualı gözləmirdi. Duruxdu, sonra gülümsəyib:
-- Bah, şah məni aldı, öpməsi qaldı. Hələ qoy bir evə qayıdaq, onnan sonrasına baxacıyx, --dedi.
Bizim evə qayıtmaq vaxtımıza lap az qalmışdı. Evimizdən, valideynlərimdən ötrü darıxırdım. Ancaq burda gördüklərim həyatımın ən gözəl xatirələri oldu. “Kaş hamımız bir yerdə bura gələ biləydik”,- deyə xəyalımdan keçirirdim. Süsən nənə bizim üçün, anam və nənəm üçün çoxlu pay tutdu. Bir böyük pendir motalı, nehrə yağı, qurud, süzmə qatıq, bal, kök bir quzu cəmdəyi yüklənmiş Madiyəyə mənimlə bacım, Mərdan da Bəyzoya mindi və hamı ilə görüşərək üzüyenişə-- Qanlı gölün sahilinə yollandıq. Atamgil bizi orda gözlüyürdü.

Evimizə az qala uça-uça gedirdim. Bol-bol xatirələrimi, gördüklərimi evdəkilərlə, rəfiqələrimlə bölüşmək, evimizi, ilin bu vədəsi bardan aşıb-daşan bağ-bağçamızı görmək istəyirdim. Evə çatan kimi dil boğaza qoymadan elə hey cırcırama sayağı cırıldayır, camaatın baş- beynini aparırdım. Səməngülün ərə verilməsi xəbəri də lap başda gəlirdi. Anamgil çox sevinib:
--Allah mübarək eləsin, xoşbaxt olmalı qızdır,--dedilər.
Mən çox intizarla Səməngülün toy gününü gözləyir, onların yaylaqdan nə vaxt gələcəklərini hesablayırdım. Bizim gəlməyimizdən on gün keçmiş günorta nənəm başılovlu girdi içəri:
--Süsənin evi yıxılıb, Allah ona züryət versəydi, elə özünə verərdi. Bu qızı iki yaşından götürüb saxladı, iyini atmışdı ona. Bunu da Əzrayıl dili yanmış qoymadı, əlindən aldı, -deyib ağladı.
Hamımış quruyub qalmışdıq. Atam:
--Nənə, noolub?-deyə soruşdu.
-- Səməngülü yaylaqda sel aparıb. Nişanlısı ilə birlikdə. Bunu sel aparanda nişanlısı görür, özünü vurur suya ki, qızı qurtarsın, ancaq sel ikisini də aparır. Meyitlərini Qanlı göldən tapıblar.

Mən bəd xəbərin zərbəsini ilk dəfə onda gördüm, onun zəhər kimi acısını daddım. Ürəyim sıxılır, onlar: Mərdanla Səməngül gözümün önündən getmirdilər. Bu xəbər mənə ona görə daha çox əsər etdi ki, mən həsrətlə onların toyunu gözləyirdim. Mən o toyda rəqs edənlərə əl çalmaq, yallı gedənlərin axırıncı adamı olaraq onların əlindən yapışıb yamsılamaq, məni zorla arxalarınca sürükləmələrini istəyirdim. Onların xınayaxdısında balaca barmaqlarıma xına yaxmaq, haxışta deyən qadınlara qoşulmaq, onların toyunda mağarın arxa tərəfinə keçib xoşum gəlməyən məhlə uşaqlarını arxadan vurub qaçmaq, onların dərsini vermək istəyirdim. Səməngülü gündə neçə dəfə gəlinlik paltarında təsəvvür eliyir, gördüyüm gəlinlərin ən gözəli onu hesab eliyirdim. Lakin mənim bütün ümidlərim suya düşmüş, xəyallarım sınmış termometrin civəsi kimi darmadağın olmuşdu. Arxa otağa qaçıb çarpayının böyrünə qısıldım, yenə vərdiş etdiyim meymun çöməltməsi oturub için-için ağladım. Anamgil tələsik haya getdilər, məni eşidən olmadı, oturduğum yerdə ürəyimi boşaltdım.

Axşam anamgil gələndə hər şeyi ətraflı danışdılar və dəhşətli bu idi ki, sel Şərifi də aparmışdı. Onlar üçlükdə suların qurbanı olmuşdular. Özünə cehizlik mitil hazırlatmaq istəyən Səməngül nənəsinə demədən evdəki yunu götürüb yumaq üçün dərəyə enir. Hava qaralır və birdən-birə güclü yağış başlayır. Yuxarılara neçə saat əvvəl yağmağa başlayıbmış. Qız onu dərədə qəfil yaxalayan seldən qurtarmaq istəsə də, bacarmır. Bu vaxt nişanlısını qıraqda gözləyən Mərdan suya atılıb sevgilisini selin ağzından almaq istəyir. Səməngülü kölgə kimi izləyən Şərif uzaqdan baxırmış və Səməngülün boğulmaq üzrə olduğunu görəndə o da suya atılır ki, qızı qurtarsın. Bəlkə də, o, Səməngülü xilas etməklə onun sevgisini qazanmağa ümid edirmiş, kim bilir. Lakin onların heç biri seldən xilas ola bilmir.

Həmin gecəni heç yata bilmədim. Yaylaqda sevgilərinin şahidi olduğum cavanların bəxtəvər günləri, onların gənclik eşqi, sevgi ilə dolu baxışları, həyəcanları, bir-birini görəndə çaxan şimşək kimi işığı çoxalan, öpüşən nəzərləri gözüm önündən getmədi. Xəyalımda o dağlara getdiyim gün canlanır, Sarı Əhədin oxuduğu nəğmə qulaqlarımda səslənirdi:

Ağ dəvə düzdə qaldı.
Yükü Təbrizdə qaldı.
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı.

H Ə C Ə R
14 may 2019.










SON XƏBƏRLƏR
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi
Hərbi attaşelər Müdafiə Nazirliyində toplandı
Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı
Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Xəstənin öd kisəsindən 4 minə yaxın daş çıxarıldı - HEYRƏTAMİZ ƏMƏLİYYAT
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib
Fərid Şəfiyev Brüsseldə görüşlər keçirib
Millət vəkili Yevda Abramov vəfat etdi
Belə millət vəkillərimiz də olub!
Yerə yıxılan köməksiz yaşlı qadına lağ edib gülürdülər...
10 hakimimiz FİFA statusunu itirdi
Kağızın keçdiyi tarixi yol
Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
Baş redaktor azadlığa buraxıldı
İmzalar içində Hadi - Elnarə AKİMOVA YAZIR
Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı
Lavrovun səfəri və regiondakı həssas balans – TƏHLİL
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib - FOTOLAR
İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi
Hafiz Hacıyev: "Partiyadan 50-60 nəfərin namizədliyini verməyi düşünürük"
Stalinin ən qəddar cəlladı – 30 min adama ölüm hökmü kəsən Ulrix
Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib
Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi
Bir gündə 650 min ağac: Şamaxıdan start verildi
İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar
“Fənərbağça” komandasının fanatlarından “Traxtur”a dəstək - VİDEO
Brüsseldə Azərbaycanla bağlı dəyirmi masa
Erməni polkovnikdən ŞOK AÇIQLAMA: "Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik"
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov