Qarabag Media
Haqqımızda Əlaqə

Ağ dəvə düzdə qaldı


Tarix:8-08-2019, 23:23 Kateqoriya:Manşet / Yazarlar

Ağ dəvə düzdə qaldı Qanlı gölün sahilinə çatanda Məhəmməd əmi QAZ-51-i bir kənara çəkib saxladı. Gün bir ağac boyu yuxarıda dayanmışdı. Həm gecəni yatmadığımdan, həm də üç saata qədər yol gəlib yorulduğum üçün maşından düşəndə bir müddət ətrafı tam dərk edə bilmədim. Gecəni ona görə yatmamışdım ki, bilirdim, səhər uzaq və mənim üçün qeyri-adi bir səfərə çıxacağam. İlk dəfə idi ki, anamdan və evimizdən uzun müddətə ayrılırdım.

Onun həyəcanı bütün gecəni məni yatmağa qoymamışdı. Atam və Məhəmməd əmi də maşından düşüb kuzaya yüklədikləri bağlamaları yerə qoymağa başladılar. Bunlar üzüm, pomidor, sütül qarğıdalı , qarpız-yemiş, meyvələr—yəni bağ-bostan məhsulları, düyü, çay, qənd, müxtəlif konfetlər idi. Anam bunları Süsən nənəyə--nənəmin bibisi qızına göndərmişdi. Çünki mən və məndən beş yaş böyük bacım yaylaqda onun yanında qalacaqdıq. Bir də ki Əhəd əminin Məhəmməd əmiyə sifarişlə aldırdığı şeylərlə bərabər , bacımın və mənim pal-paltarlarımız vardı bağlamalarda. Gölün sahilində xıxlanmış dəvələri az sonra –qəfil gördüm və birinci dəfə idi ki dəvə görürdüm Üç bir-birindən azca fərqli dəvə yerə yatıb gövşəyirdi. Sarı Əhəd onların yanından ayrılıb yanımıza gəldi, atamla, Məhəmməd əmi ilə görüşdü, hal- əhvaldan sonra :
--Bunları yükləmək lazımdı.Tez tərpənək. Deyəsən, yağış yağacaq, uşaqlar islanmasın,--dedi.
Atamgil cəld bağlamaları dəvələrin yanına daşıdılar. Sarı Əhəd dəvələrin hürgücləri arasından sicimləri ustalıqla çal-keçird edib bağlamaları onlara yüklədi. Sonra mənim qolumdan tutub dəvənin birinin belinə qoyaraq hürgücün üstündəki pırpız toyuq kəkilinə bənzər yunu göstərib :
--Bax bu yundan bərk yapış, elə tut ki , yıxılmayasan,--dedi.
Mən hürgücdəki qalın yuna barmaqlarımı ilişdirib möhkəm yapışdım. Və elə bu anda Sarı Əhəd dəvənin ovsarından tutub :
--Töööö-töh-töh, tööh,- deyərək çubuqla dəvənin sinəsindən astaca vurub onu ayağa qaldırmağa cəhd etdi. . Dəvə əvvəlcə dal ayaqlarını yerə dirəyib ləngərlənə-ləngərlənə qalxmağa çalışdı. Təpəsiyenişə dayandığımdan elə bildim, ordan gəlib yerə dəyəcəm. Ancaq barmaqlarımı yuna elə ilişdirmişdim ki, əgər bir qüdrətli əl məni göyə çəkə bilsəydi, dəvəni də özümlə qaldıra bilərdim, yəni əlimi yundan qoparmaq elə müşkül iş idi. Dəvə tam ayağa qalxanda isə sanki göyün üzünə çıxdım. Yer mənə elə uzaq göründü ki, qorxudan ürəyim ağzıma gəldi. Axı cəmi yeddi yaşım vardı hələ. Lakin qorxumu büruzə vermək ağlımın ucundan da keçmədi. Çünki yaylağa gedirdik. Bu cür səfəri qorxuyamı dəyişmək olar? Səsimi udub cınqırımı da çıxarmadım. Əhəd əmi bacımı da o biri dəvənin belinə qoyub onu da ayağa qaldırdı, özü isə daha çox yüklənmiş dəvənin ovsarından çəkə-çəkə yaylağa qalxan daşlı yolun tuşuna gətirdi. Atam bizi bərk-bərk tapşırıb maşına mindi , onlar geri—şəhərə doğru, biz isə yaylağa yol aldıq. Əhəd əmi dəvəsi ilə qabaqda, biz onun ardınca astaca gedirdik. Mən artıq qorxmurdum. Qorxum keçən kimi də dörd gözlə ətrafa baxmağa, müşahidə aparmağa başladım. Hələ ki nənəmin, Süsən nənənin danışdıqları , təsvir etdikləri yaylaq mənzərəsindən əsər-əlamət görünmürdü. Hər tərəf boz təpəliklər, adda-budda kolluqlardı. Sağ əldəki dərənin dibi ilə gün işığında gümüş kimi parıldayan nazik irmaq axır və yəqin ki, gölə tökülürdü. Üzüyuxarı daşlı cığırla ləngərlənə-ləngərlənə gedir, Sarı Əhədin zümzüməsini dinləyirdik:
Ağ dəvə düzdə qaldııı,
Neylim yar, neylim hey, neyliiim..
Yükü Təbrizdə qaldııı,
Ləli yaar, ləli yar, neylim, qız, neyliiim..
Oğlanı dərd apardııı,
Hey, heey, canım yar, ləli yar, neylim.
Dərmanı qızda qaldııı..
Hoy-yye hey, canım yar, öldüm yar, neyliiim..
Onun xırıltılı səsi hərdən dəvələrin ayağı altında qalan daşların çaqqıltısına qarışır, dağın əbədi və əzəmətli sükutunu pozurdu. Arxadan Əhəd əminin yanlarını basa-basa yeriməsinə baxır, onu multfilmlərdə gördüyüm ayılara bənzədirdim. Gözləri gömgöydü, sifətinin rəngi misə çalırdı. Almacıq sümükləri qabarıq, uzun və ucu xəncər kimi iti bığları iri ağzının yanlarından çənəsinə doğru uzanırdı. Qaragül dərisindən tikilmiş papağının tükləri bir neçə yerdən didilib tökülmüş, ordan-burdan bozumtul-qaramtıl tüksüz dəri görünürdü. Papağını gözünün üstünə basmış, iri alnını onun altında gizlətmişdi. Gen şalvarının balağını corabın içinə salmış, iri qaloş geyinmişdi. Bu görkəmi ilə o, Don kazaklarını xatırladırdı .
Sarı Əhəd Süsən nənənin ikinci əri idi. Onun birinci əri Hüseyn Hitlerin müharibəsindən gələndə ağır eşidirmiş—kontuziya alıbmış, sağ əli isə biləkdən yox imiş. Onun haqqında hamı deyirdi:
--Rəhmətlik qızıl kimi adam idi. Həlim, xoşxasiyyət. Hamının qayğısını çəkəndi. Heyif ki, züryəti olmadı, həm də dünyadan tez köçdü.
Söhbət düşəndə Süsən nənə:
--Andıra qalmış müharibə elədi, kişini o günə qoydu. Təzəcə evlənmişdik, dava düşdü. Getdi. Gələndə də yarımcan,--deyirdi.
Müharibədən gələndən dörd il sonra sonra əsirlik həyatından başı pozulmuş, gecələri yatmayan Hüseyn əmi qəfildən vəfat edir. Sarı Əhədlə onun salam-əleykümü varmış. Uzaq qonşu imişlər. Sarı Əhədin birinci arvadı Gülcamal Əhəd əmi ilə heç vaxt dağa qalxmaz, bütün yayı evdə uşaqları ilə qalarmış . O, asta yerişli, sifəti çopur, pinti, əlindən iş gılməyən, süfrəsiz bir qadınmış. Dindirməsən, günlərlə ağzını açıb bir kəlmə danışmazmış. Adını eşidən elə bilərmiş , hansı diyarın gözəlidi. Ancaq onda gözəllikdən əsər-əlamət yox imiş. Uşaqlarının üst-başından kir-pasaq tökülərmiş. Süsən nənə isə tamam başqa idi. Sünbülündən su daman, çox təmizkar, dadlı yeməkləri adla deyilən biri idi. Çox gözəl olmasa da, suyuşirin qadın idi. Əhəd əminin arvadı Gülcamal sonbeşik qızı Səməngülü doğanda uşaq üstə ölür. Süsən nənənin əri öləndən iki il sonra camaat bir də baxır ki, Sarı Əhəd onunla evlənib və ikinci dəfə evlənmək Əhəd əmiyə düşür. Süsən nənə onun uşaqlarına baxır, yeməklərini bişirir, Gülcamalın böyük qızları ilə bırabər ev-eşiyin səliqə -sahmanına əl gəzdirir. Uşaqlar və Əhəd kişi ailəliklə süfrə başında oturub dadlı yeməklər yeməyi bundan sonra görürlər. Süsən nənənin Sarı Əhəddən bir uşağı da olur. Ancaq tez –üç-dörd gün sonra ölür. Sonra onun heç övladı olmur. Səməngül gözünü açandan Süsən nənəni ana kimi görür və ona “nənə” deyirdi. O da hər il Süsən nənə və atası Əhəd kişi ilə yaylağa gedərdi. Əhəd əminin böyük qızları ailə qurmuşdular, o yaylağa gedəndə oğlanlarına onun qarımış bacısı Səbahət baxardı. Böyük bacım evdə biləndə ki, Səməngül də yaylaqdadır, çox sevindi. Çünki aralarında yeddi-səkkiz yaş fərq olsa da, onlar bir-biri ilə dost, rəfiqə kimi idilər…
Biz Sarı Əhədin zümzümələrini dinləyə-dinləyə yoxuşu qalxıb burunu döndük. Mən geriyə qanrılıb Qanlı gölə sarı baxdım, lakin o artıq görünmürdü. Gölün adı əvvəllər Sarısu gölü imiş. Sonra erməni-müsəlman davası vaxtı onun sahilində ermənilər bizim millətdən çoxlu adam öldürürlər. Yaylaqda dava xəbərini eşidən camaat tələm-tələsik geriyə--evinə dönmək üçün olan-qalanını qabqarıb dağdan üzüyenişə tökülüşür və elə gölün sahilində ermənilər onları haqlayır. O qədər insan qırıb tökürlər ki gölə, suyun rəngi qıpqırmızı olur. O vaxtdan gölün adına Qanlı göl deməyə başlayıblar.
Burunu dönəndən sonra qarşımızda tam fərqli mənzərələr açıldı. Lap uzaqda əzəmətlə ucalan və zirvəsi qarlı Keçəl dağ, onun sağ və sol əlində bir-birinə söykənib bizə boylanan, bir-birindən boyca fərqli dağlar görünürdü. Yuxarı qalxdıqca hava sərinləyir, üzüm və əllərim azca üşüyürdü. Dağarası dərələrdə, döşlərdə o qədər cürbəcür çiçəklər bitmişdi ki, baxdıqca doymaq olmurdu. Çoxu da lalələr idi. Birinci dəfə dağ laləsini--açıq -yasəmən və qırmızı rəngin qarışığına bənzəyən rəngli iri laləni onda gördüm. Sevincimdən ürəyim çırpınır, bərk döyünürdü. Tez çatmaq, bu çiçəkli çəmənlikdə doyunca qaçıb oynamaq, əylənmək istəyirdim. Ancaq: “Bağban tələsər, armud vaxtında yetişər”,--məsəli burda elə yerinə düşürdü ki. Yol bitmək bilmir, dəvələr də yerişlərinə haram qatmırdılar. Əhəd əmi hərdən ovsarını özü çəkdiyi mayanın belinə atılıb aşağı sallanan torbadan əldən bir az böyük və qılçıqlı qara undan bişirilmiş çörək çıxarır, hər dəvənin ağzına birini qoyurdu. Hövsələm bir qırıq olurdu. Çünki bu zaman vaxt uzanır, yaylağa çatmağımız gecikirdi. Həm də dəvələr dovşan ağzına bənzər dodaqları ilə çörəyi alıb elə şirin-şirin gəvələyirdilər ki, az qalırdım deyəm , bir tikə də mənə verin.
Artıq ikinci dağı aşıb Keçəl dağa qalxan cığıra düşmüşdük. Hava o qədər təmiz və gözəl idi ki, sanki səmadan mavi xrustal asılmışdı. Bir dənə də ağac yox idi. Ara-sıra kolluqlar nəzərə çarpır, hər tərəf üç-dörd qarış uzunluğunda otu sıx bitmiş və çiçəklərlə süslənmiş çəmənliklərdi. Əhəd əmi hərdən başını qaldırıb səmaya baxır və öz-özünə:
--Şükür, deyəsən, bizdən ötdü. Səhər elə bildim, leysannıyajax,--deyirdi.
Bir azdan binələr görünməyə başladı. Qara keçədən qurulan alaçıqlarla bərabər, hərbçilər üçün nəzərdə tutulan brezent materialdan iri çadırlar dikdirlərdə topa-topa görünürdü. Dağətəyi yastana çatanda sol tərəfdə göz önündə süfrə kimi açılan, maili, üzüyenişə sallanan və ətəyə endikcə genişlənən düzənlikdə bir-birindən aralı salınmış binələri görmək o qədər heyranedici və möhtəşəmdi ki. Bu cür zirvədən durub üzüyenişə uzanan geniş düzənliyi sonralar Sarıbaba dağından aşağı baxanda gördüm. Dörd gözlə hər tərəfi seyr edir, gördüklərimi yaddaşıma köçürürdüm. Mən ilk dəfə idi ki, hündürlükdən—zirvədən aşağı baxırdım və o anda özümü bütün o dağların yiyəsi kimi hiss edirdim.
Biz yaylağa çatanda Süsən nənə sacda yuxa bişirirdi. Kərmə tüstüsünün qoxusunu o dəqiqə aldım. Buralarda meşə olmadığı üçün ancaq kərmə və təzək yandırırdılar. O bizi görəndə yuxanı sacın üstündən götürüb qıraqdakıların üstünə qoydu və Əhəd əmi ilə birlikdə dəvələri xıxlatmağa başladı. Bacımı və məni yerə qoyub üzümüzdən öpdü, sonra yükləri alaçığa daşımağa başladılar. Yorulmuşdum və həyəcandan ölürdüm. Qarşıda məni nə gözləyirdi? Burda günüm necə keçəcəkdi? Həm də elə bil içimdə bir qədər qorxu da vardı: burda qala bilməmək, qəribsəmək qorxusu.
Süsən nənə dərhal yemək tədarükünə başladı. Alaçığın ortasına saldığı süfrəyə şor, pendir və nehrə yağı, təzə yuxa, çolpa çığırtması qoydu. Bərk acmışdıq. Ancaq əlimizi yeməyə uzatmağa çəkinirdik. Əhəd əmi:
--A bala, yeməyinizi yeyin. Dədənizin göndərdiyini bir ay yesək, qurtarmarıq. Utanmayın, burda utanmaq olmaz,--deyib bizi ürəkləndirdi.
Yeməkdən sonra Süsən nənə yerə döşəkçələr atıb:
--Yol gəlmisiniz, bir az yatıb dincəlin,--deyərək üstümüzə salmaq üçün yükdən bir böyük yorğan çıxardı. Yatmaq istəməsəm də, həm yorğun olduğum üçün, həm də dağın sərin havası vurduğu üçün başımı yerə qoyan anda bal kimi şirin yuxuya getdim. Ayılanda artıq gün dönməyə, kölgələr uzanmağa başlamışdı. Cəld yerimdən qalxıb bayıra qaçdım. Kiçik səndəllərimi ayağıma keçirib maili düzənliklə üzüyenişə götürüldüm. Arxadan Süsən nənənin səsini eşitdim:
--Booy, Allah sən saxla , bu uşağa nooldu? A bala, yaz buzovu deyilsən ki, yavaş, yıxılıb ölərsən.
Onun sözləri ağzında qaldı. Qabaqdakı kiçik qayalıqları hərlənib sola dolaylanaraq düzənliyi ayaqlarıma doladım. O tərəf-bu tərəfə o qədər qaçdım ki, nəfəsdən kəsildim. Və qaçdıqca hiss edirdim ki, ayaqlarım yerə dəymir. Həqiqətən, dəymirdi. Həmin anda Tanrının yaratdıqlarına baxıb fərəhlə gülümsədiyini hiss edirdim. Arxası üstə uzanıb səmaya tamaşa etməyə başladım, bir az dincimi alıb nəfəsimi dərdikdən sonra ayağa qalxaraq bütün çiçəkləri qoxlamağa, bir-bir oxşamağa, nəzərdən keçirməyə başladım. Çəmənlik ilahi bir əl vasitəsilə əlvan rənglərlə toxunmuş böyük, gözəl xalıya bənzəyirdi. Göz işlədikcə uzanan genişlikdə bol-bol açmış lalələr, qantəpərlər, soğangülü və dağ qərənfilləri, salxım-salxım, buta-buta, püsküllü və adını bilmədiyim qırmızı, sarı, bənövşəyi, müxtəlif rəngli çiçəklər göz oxşayırdı. Başım üzərində buludlar sıxlaşmağa başladı və üşüdüyümü hiss etdim. Qəfildən içimi bir qorxu bürüdü, alaçıqlara tərəf yüyürdüm. Öz alaçığımıza yaxın üç-dörd ədəd iri sal daş vardı, sakit təbiətli, xasiyyətcə mötədil bacım və Səməngül quramadan səliqə ilə tikilmiş əlvan rəngli döşəkçələr üzərində oturaraq söhbət edirdilər. Gördüklərim mənə nağıl kimi gəlirdi. Xatirələrinin astanasına yenicə qədəm qoyduğum yaylaq həyatı nə qədər əyləncəli və gözəl olsa da, axşam düşməyə başlayanda qəribsəməyə, evimizdən, anamdan ötrü darıxmağa başladım.
Gecə yarısı dəhşətli gurultuya yuxudan ayıldım. Qorxudan az qala bacımın qarnına girəcəkdim. Göy elə guruldayırdı ki, sanki dağlar uçulub töküləcəkdi. Alaçığı döyəcləyən yağış damlalarının səsi gəlirdi. Yan-yörəmizdən axan suyun şırıltısını aydınca eşidirdim. Tez-tez ildırım çaxır, alaçığın qapısının yarıqlarndan işığı gözümə düşürdü. Mən ağlamağa başladm. Səməngül məni qucaqlayıb:
--Qorxma, burda nə var ki, bizim alaçıq qara keçədəndi, ona görə də ildırımı keçirmir. Dağda əsas qorxu bundandı- ildırım vurmasından. Yan-yörəmizə də dədəm dərin arx qazıb, gələn su ordan axıb gedir,--dedi.
Onun arxayın danışığından bir az ürəkləndim. Bacımın qolunu qucaqlayıb ona qısıldım. Qaranlığın içindən Sarı Əhədin səsi gəlirdi:
--Andıra qalma səni. Elə bilirdim, ötüb keçib. Demə, hərrənib bir də qayıdıb. Heyvana ziyannığ olmasa, yaxşıdı.
Səhər oyanan kimi cəld bayıra qaçdım. Düz-dünya par-par yanırdı. Yarpaqların üzərinə gün düşdükcə çiçəklərin rəngi yağış damlalarında əks olunur, almas kimi parıldayan müxtəlif rənglər ətrafa möhtəşəm və insanı bayıldacaq qədər ecazkar bir gözəllik bəxş edirdi. Böcəklər yaşam sevinclərini və şükranlıqlarını vızıltılı himni xorla oxuyaraq Tanrıya bildirir, dal ayaqları ilə qanadlarına və bədənlərinə, qabaq ayaqları ilə baş-gözlərinə həvəslə sığal çəkərək təmizlənib yuyunur, əks cinsi cəlb etmək üçün sevgi rəqsləri ifa edirdilər. Çiçəklər gülümsər ağızlarını geniş açaraq şəfəqi içir, kəpənəklər rəngbərəng qanadları ilə havanı zərifcə yelpikləyib daha gözəl eniş meydançası arayır, ruh kimi çiçəklərə enir, qovuşurdular. Bütün ətraf günəşin şəfəqlərindən zərli libas geyinib gözəllik yarışmasına çıxmışdı. Bu safllq və təmizlik zaman keçdikcə ətirli çiçəklərdən yemiş qoyunların südü ilə canıma, ilahi gözəllik baxdıqca ruhuma elə hopdu, məndə özünə elə yer elədi ki, sonralar tozlu, səs-küylü böyük şəhərlərdə yaşamağa məhkum olsam da, o saf, təmiz, coşqun ruhlu arıqca qız hər kəsdən və hər şeydən güclü çıxdı. O, məni heç tərk etmədi və yerini heç nəyə, heç kimə güzəştə getmədi. Tanrı onu özünə elə həmdəm etdi, elə himayə etdi ki, onun nəzərinin haləsini heç kəs yarıb o qızın müqəddəs tənhalığını sındıra, əlindən ala bilmədi…
Süsən nənə sağına getmişdi. Səməngül bacımla çay tədarükü görürdü. Onların danışığından başa düşdüm ki, bu gün qızlarla Südlü bulaq tərəfə gəzməyə gedəcəklər. Səbrsizliklə yola düşəcəyimiz saatı gözləyirdim. Səməngül bir neçə yumurta qaynadıb çantaya qoydu. Sonra yuxa dürməklərinin arasına bal yaxıb üst-üstə yığaraq onları da götürdü. Bir azdan qızlar bizi çağırdılar , yola düşdük. Böyük çəmənliyi keçib qarşıda görünən qayalıqlardan sola burularaq bizdən çox aralı iki təpənin arası ilə dərəyə endik. Qızlar yol uzunu tikanlı toppuzlardan yığır, tikanlarını təmizləyib içindəki fındıq boyda yaşıl kürəciyi ağızlarına atırdılar. Mən də onlara qoşuldum. Onlar həm də rast gəldikcə daşların arasından tapdıqları və çoxu qaramtıl rəngdə olan dəvəgözü-obsidianı ciblərinə yığırdılar. Bir azdan bulağa çatdıq. Adını eşidəndə elə bilmişdim ki, bulağın suyu südlə qarışıb axır. Lakin su göz yaşı kimi dumduru idi, ancaq hərdən üzündə ağ ləkələr görünürdü. Deyirdilər ki, suyun axıb gəldiyi yataqda, yəqin, ağ süxurlar var, ondan ola bilər. Qızlar ətrafa dağılışıb quzuqulağı, qırxbuğum, xıncılovuz yığmağa başladılar. Mən ancaq tikanlı toppuz yığır, təmizləyib yeyirdim. Bir azdan çantaları dolan qızlar bulağın başına yığışdılar, bal yaxılmış dürməkləri çıxarıb yarpağı tökülmüş və kasası qurumuş iri dağ lalələrini tapır, ağzınacan dolu baş barmaq boyda toxum kasasının qapağını qopararaq qurumuş tünd-qəhvəyi rəngli xaş-xaş toxumlarını yuxanın içərisinə toküb bala yapışdırır, dürməkləyib yeyirdilər. O qədər ləzzətli bir şeydi ki. Birinci dəfə idi ki, ballı-xaşxaşlı dürmək yeyirdim. Evə qayıdanda düz-dünya başıma hərlənirdi. Qızlar da mənim kimi. Onlar, deyəsən, vərdiş etmişdilər. Zarafatlaşıb gülüşür, bir-birini qovurdular. Hamıdan kiçik olduğum üçün yediyim mənə daha çox əsər etmiş, başım hamıdan çox hərlənirdi.
Günortadan sonra, ordakıların dili ilə desək, “oba”nı gəzməyə başladım. Yan-yörəmizdə olan alaçıqları ötüb əks tərəfə gedəndə qəflətən yerimdə donub qaldım : obanı düz ortasından uzununa yarı bölən enli bir bataqlıq zolağı uzanıb gedirdi. Eni on beş-iyirmi metr olan bataqlıqdan keçmək üçün sanki əllə düzülmüş kimi təbii şəkildə özülü yerin təkinə dirənən iri sal daşlar vardı. Bataqlığın o tərəfinə Aşağı oba, bu tərəfinə isə Yuxarı oba deyirdiıər. Sonralar o bataqlıq haqqında çoxlu rəvayətlər eşitdim : kiminsə ulağı yüklü-zadlı batıb, təkcə qulaqları görünürmüş, Səməndərin bir qəşəng köşəyi batıb orda, Əlişin qardaşı gecə keçmək istəyib, büdrəyib yıxılıb, camaat hayına gələnəcən gec olub və s. Cin dəmirdın qorxan kimi o bataqlıqdan qorxdum. Heç yaxınına da getmədim. Obanın yaxınlığındakı geniş sahələrdə isə bərk, qranit daşlardan səliqə iıə yonulub düzəldilmiş və ora-bura səpələnmiş iri qoyun fiqurları vardı. Onları bu hündür dağlarda kim və nə vaxt düzəltmişdi, nə üçün bir belə çoxdu?—deyə düşünür, hərəsinin ağzı bir səmtə baxan, bəzisi ayaqüstə, bəzisi yıxılı heykəllərin üzərində oturub at kimi “çapırdım”. Onların tarixinin min illərə gedib çıxdığını deyirdilər.
Həmin günü qızlar məni daş xınası ilə tanış etdilər. Geniş açılmış əl kimi düzənlikdə qabara bənzəyən tala-tala alçaq qayalıqlarda mamıra bənzər yaşıl, qaramtıl, bozumtul rəngli daş xınası əmələ gəlmişdi. Onların üzərinə azacıq su töküb isladır, kiçik daşla sürtüb həll edirdim. Orda qaldığım müddətdə bir gün olmadı ki, kiçik, arıq barmaqlarıma daş xınası yaxmayım. O xınanın iyi, ətri indi də burnumda tütür. Bəzən xına qoyub alaçığa qayıdanda yemək vaxtına düşür, qızlar və Süsən nənə nə qədər təkid etsələr də, əlimin xınasını yumur, qurumasını gözləyirdim. Bu vaxt ən çox Süsən nənənin qanı qaralır:
--Bu qız gedənəcən ətinə bir damcı su səyirtmədi, ayaqüstə ikilik taxta kimi gəzir,--deyirdi
Əhəd əmi isə:
--Balama qurban, eybi yox, xınan quruyar, sonra yeməyini yeyərsən, --deyir və arvadına, qızlara müraciətlə,-- bu uşağın payını saxlıyın, sonra verin, yesin,--deyərək mənə haqq qazandırır, hər nazımla oynayırdı.
O çəmənliklərdə böcəklərlə oynadığım, kəpənəklərlə uçuşduğum anlarda barmaqları daş xınası ilə qıpqırmızı boyanmış, hər gün başında çiçəklərdən hörülmüş çələnglə dolaşanda özümü təbiətin, o dağların bir parçası kimi hiss edir, ruhumu doyururdum, qarnımı doyurmaq ağlıma da gəlmirdi.
Maraqlı hadisələr gecələr başladı. Aşağı obanın cavanları yığışıb Yuxarı obanın cavanları ilə karnaval sayağı oyun təşkil edir, əylənirdilər. Cavan oğlanlar qız paltarı, qızlar isə oğlan paltarı geyinib əllərində kərmədən düzəldilmiş uzun məşəllər obanın kənarındakı meydançada çalınan qarmon və zurnanın səsinə rəqs edir, min cür oyunlardan çıxırdılar. Burda tamaşaçılar da çoxdu. Səməngül də atasının gen şalvarını və boz pencəyini geymiş, uzun, xurmayı saçlarını qaragül dərisindən papağın içində gizlətmişdi. Onu papağından hamı tanıya bilərdi. Oynayanlar içərisində Səməngül hamıdan gözəl və qaydasında rəqs edirdi. Kişi rəqsini o qədər məharətlə və incə hərəkətlərlə edirdi ki, hamı halay vurub əl çalmağa başladı. Bu zaman Aşağı obadan olan və qadın paltarı geyinmiş biri ortalığa düşüb onunla rəqs eləyəndə digərləri də onlara qoşuldu. Mən dörd gözlə tamaşa edir, bacımın əlini isə buraxmırdım. Bacım həvəslənib oynayanlara qoşuldu və əlindəki məşəli mənə verdi. Birdən qadın paltarı geyərək Səməngüllə rəqs edən oğlanın onun əlindən tutub kənara- qaranlığa çəkib apardığını gördüm. Cəld əlimdə məşəl camaatı yarıb o səmtə qaçdım. Xatadan olan kimi məşəl əlimdə sondü. Ancaq onların getdiyi səmti gözdən qoymurdum. Adam boyundan bir az hündür olan topa qayalıqlara çatanda həmin oğlanın Səməngülün əlindən tutaraq:
--Ölürəm səndən ötəri. Razılığını ver, dədəmgili elçi göndərim. Onsuz da sən mənimsən. Başqa birinə razılığını versən, ikinizi də öldürərəm,--dediyini eşitdim.
Yerimdə donub qaldım. Ha səmtə gedəcəyimi kəsdirə bilmədim. Səməngül oğlanın əlindən qurtarıb oynayanlara tərəf qaçanda mən də onun ardınca götürüldüm. Səməngül mənim onları gördüyümü bilməd. Bir azdan oynayanlar yorulub dağılışdılar.
Səhəri günü Süsən nənə səhər yeməyindən sonra :
--A qızlar, bu gün xalçaları yumağa gedəcəyik, --dedi.
-- Nənə, yundan da götürək,-deyə Səməngül dilləndi.—Buranın suyu yaxşıdı, yunu təmiz eliyir. Evə arxayın gedərik.
-- Bu gün xalçaları ancaq çatdırarıq,--deyə Süsən nənə etiraz etdi.
Biz xalçaları qoltuğumuza vurub Aşağı obaya tərəf gedəndə qorxudan zəhrim yarıldı. Bataqlığı keçib o tərəfə --dərəyə enməli idik. Ağlayıb özümü öldürdüm ki, qorxuram, batacam, palçıq ağzıma dolacaq. Süsən nənə və Səməngül daşların üstü ilə o tərəf-bu tərəfə neçə dəfə keçib məni arxayın saldılar . Axır ki, əsə-əsə bataqlığı keçdim. Ayağımın altındakı daşlar çox möhkəm idi. Xeyli ürəkləndim. Dərəyə enəndə gözlərimə inanmadım. Dərənin dibi ilə gur sulu dumduru çay axırdı. Çayın yatağı və kənarları dümdüz, iri sal daşlardan ibarətdi. Sanki əl ilə yonulub düzəldilmişdu. Buna görə də su elə lal, dinməz axırdı ki, səsi çıxmırdı. İki nəfər qadın həvəslə islanmış yunu daşın üzərində taxta toxancla döyür, biri də su daşıyıb tökürdü. Süsən nənə və Səməngül xalçaları suda isladıb daşların üzərinə sərdilər. Sabunlayıb su tökərək köpükləndirir, dəmir qapaqla, yovşan süpürgəsi ilə sürtürdülər. Bacım da həvəslə onlara kömək edirdi. Səməngül donunun ətəyini belinə bağladığı kəmərə taxmış, ağ, qəşəng ayaqları, baldırları tamam çöldə qalmışdı. Onlar işlərini bitirdilər və Səməngül ətrafı nəzərdən keçirib heç kim olmadığına əmin olduqdan sonra birdən bütün paltarlarını soyunub suyun dərin yerinə cumdu. Süsən nənə həyəcanla:
--A batmamış, soyuqluyub öləssən, qızmısanmı?—desə də, Səməngül suyu həvəslə şappıldadıb çiyinlərini, yanlarını, budlarını yuyur, hərdən suya uzanıb gözlərini yumurdu. Bu anda onun gözüyumulu və gülümsəyən sifəti, döşləri sudan çöldə qalır, görünüşü hind bütlərini xatırladırdı. Mən utandığımdan orda qalmadım, dərənin qaşına çıxıb lap uzaqlara baxmağa, ətrafı nəzərdən keçirməyə başladım. Birdən bir oğlanın daşların arasına sinib Səməngülə baxdığını gördüm. Oğlan məni görəndə əlik kimi yerindən sıçrayıb obaya sarı qaçdı. Günah iş tutmuş kimi pis olmuşdum. Onun Səməngülə baxmasında murdar, iyrənc və natəmiz bir şey hiss etdim. Yenə də bunu heç kimə demədim.
Xalçaların suyu çəkiləndən sonra gətirib alaçığın yanındakı daşların üzərinə sərdilər. Gecə yenə dəhşətli göy gurultusuna yuxudan oyandım. Süsən nənə deyinə-deyinə:
--İnsafı kəsilməmiş qoymadı ki, xalçalar quruya,--deyib bayıra çıxdı. Bacım da onun arxasıınca çıxanda mən də qorxumdan onunla bərabər getdim. Yağış hələ başlamamışdı. Süsən nənə və bacım hərəsi bir xalçanı bürmələyib götürərək içəri girdilər, onların ardınca qayıtmaq istəyəndə çaxan şimşəyin işığında alaçıqdan bir az kənarda Səməngülü qucaqlamış həmin oğlanı gördüm. Səməngülün açılmış ağappaq sinəsi görünürdü. Saçları dağınıq halda kürəyinə tökülmüşdü. Şimşəyin işığında o, cazibəli və çox qəşəng görünürdüi. Tez içəri qaçıb yerimə girdim. Əhəd əmi alaçıqda yox idi. Qarovul çəkmək növbəsi ona çatdığı üçün yapıncısını götürüb dəvələri ilə bərabər ağılların yanına getmişdi. Süsən nənə və bacım növbəti dəfə qoltuqlarında nəm xalı içəri Səməngüllə birlikdə girdilər. Onun çöldə evin adamına necə qoşulduğu elə həmin gecə kimi mənə qaranlıq qaldı.
Səhər Sarı Əhədin səsinə oyandım:
--Maadiyə heeey, xııxxx, xıx. Bəyzoy, Bəyzoooy, xıxx, hoyya, xıxx..
Əhəd əmi dəvələrini gətirmişdi. Süsən nənəyə:
--A Süsəngül (o, Səməngülün adına uyğunlaşdırıb arvadına bəzən: “Süsəngül”,- deyə müraciət edirdi), günortadan sonra uşaxlar getsin, aşağıdan- Qıvreyin obasınnan alacağımızı gətirsinnər,-dedi.
Mənim zəhrim yarıldı. Demək, “uşaqlar” deyəndə, məni də nəzərdə tutur. Yenə dəvəyə minəcəyimi düşünəndə qanım qaraldı. Ancaq hələ günörtaya çox vardı. Dəvələr alaçığa yaxın bir yerdə yatmışdılar. Asta-asta gövşəyirdilər. Əhəd əminin əzizlədiyi nərin- Bəyzoy adlı dəvənin ağzının yanları tüpürcəklə dolu idi. Səməngül Süsən nənə ilə birgə nəm xalıları yenə daşların üzərinə sərirdi. Bəyzoy daşlara yaxın yatdığı üçün o, deyinməyə başladı və əlindəki çubuqla dəvəni vurub sürünə-sürünə o tərəfə çəkilməsini istədi. Gözünə döndüyüm Bəyzoy üzünü Səməngülə tərəf çevirib ağzındakı bütün tüpürcəyi onun üzünə tüpürdü. Mən əvvəlcə qorxdum, sonra sifəti tüpürcəkdə görünməz olan Səməngülə baxanda uğunub getdim. Təlxək kimi o tərəf-bu tərəfə qaçır, gülür, qışqırır, içimdə elə sevinirdim ki :
--Oooxx, oox, yaxşı oldu, əcəb oldu, lap yerində oldu. Sən gecələr çıxıb o oğlanla görüşməyəydin, dədənin dəvəsi də səni o günə qoymayaydı,- deyə düşünür, qisas almış kimi şadlığımdan tullanıb düşürdüm.
Süsən nənə evə qaçıb səhəngi gətirdi . Səməngül üzünü yuyandan sonra ağacı götürüb dəvəni vurmaq istədi. Əhəd əmi və Süsən nənə qoymadılar:
--A bala, dəvəynən zarafat olmaz. Bə yadına gəlmirmi, bax bu Bəyzoyun üstündə Madiyə gecə tərəkəmənin bir yekə kişisini öldürürdü. Əlinnən güjnən aldıx.
Maraq məni bürüdü:
-- Əhəd əmi, kimi öldürürdü, niyə öldürürdü? Bəyzoya neyləmişdilər ki? – deyə dalbadal sualları yağdırmağa başladım.
-- Tərəkəmədə tanışlarım-dostlarım çoxdu,-- deyə Əhəd əmi sözə başlayanda papağını təpəsinə tərəf itələdi. Alnı ağ, sifəti qıpqırmızı idi və elə qəribə görkəm aldı ki, tanımadığım bir adamdı sanki, -- Bir dəfə Muşoy oğlu Cəbreyil mən şəhərə gedəndə tapşırdı ki, ona bir kisə kişmiş alım. On dörd uşağı vardı. Kişmişi alıb gətirdim. O bilirdi ki, həmin günü gələjəm, malının dalınca gəlmişdi. Çoxlu qonağım vardı, söhbətləşdik, gejə düşdü. Alaçıxda yer olmadığı üçün Cəbreyil yapıncısını götürüb alaçığın yanında yatmağa getdi. Bir döşək verdik, altına salıb yapıncıya bürünərək yatdı. Yükünü də yanına qoymuşdu. Madiyəni xıxladıb dizini bağlamışdım. Bəyzoy balaca idi. Gejə kişmişin iyini alıb, gəlib kisəni dağıtmış, kişmişdən yemişdi. Cəbreyil də eləmə tənbəllik, dəyənəyini qapıb Bəyzoya bir-ikisini möhkəm çəkmişdi. Səsinə çıxdıx, kişini sakitləşdirdik, kişmişin qalanını yığışdırıb alaçığa gətirdik. Səhərə yaxın Cəbreyilın bağırtısı obanı başına götürdü. Bax həmin bu Madiyə dizin-dizin sürünüb Cəbreyilın sinəsinə çökmüşdü. Balasını gözü qabağında döydüyü üçün qisasını almağ istəmişdi. Qarnının altına girib dəvəni qaldırdım, kişini sürüyüb çıxartdılar. Qabırğaları qırılmış, ağ ciyəri zədələnmişdi. Ağzınnan qan gəlirdi. Qiyamat başıma qopdu elə bil. Dedim, öləcək, dam dolusu uşaxları yetim qalacaxlar. Bir yaxşı arvanam vardı (birhürgüclü və ikihürgüclü dəvədən törəyən), onu qurban dedim. İncəvara, kişi sağaldı, arvananı kəsməyə qoymadı. Dedi, ver özümə. Verdim, getdi. Bir yekə qannan qurtardım.
Məni ən çox təəccübləndirən Əhəd əminin o boyda dəvəni qaldıra bilməsi idi. Birinci dəfə görürmüş kimi altdan yuxarı ona diqqətlə baxdım. İri əlləri , yoğun barmaqları bərkiyib kütür-kütür olmuşdu, tünd-yaşıl rəngli atlaz parçadan ikiqat tikilmiş qurşaq belinə kip sarınmışdı, enli çiyinləri, tökmə bədəni ilə bu adam mənə yenilməz cəngavər kimi görünürdü.
-- Əhəd əmi, bəs Madiyəyə bir şey eləmədiz? Cəzalandırmadız?
-- Yox, a bala, nə cəza? Madiyə mənim ocağımın bini-bərəkətidi. Bu ətrafda onun kimi maya yoxdu. Eşitməmisənmi, deyirlər, övladda nəvə, dövlətdə dəvə. Dəvə kimi xeyirli, faydalı heyvan yoxdu. Yunu göz qaytarır, ən yaxşı mitil, iplik ondan olur. Südü şiş xəstəliyinin, şəkərin dərmanıdı. Əti də ki bərəkətli. Bir dəvəni kəsib satsan, neçə inəyin, qoyunun puluna bərabər gəlir verir. Adamdan xərc-xəsarat istəməz. Səhrada, düzənliklərdə quraxlıx zamanı dəvə içdiyi suyu mədəsinin bir tərəfinə yığıb saxlıyır. Hətta sidik ifrazını da xeyli azalda bilr. Dəvə yeganə heyvandı ki, susuzluğunu dəf etmək üçün dəniz suyunu da içə bilir. Onu Allah bir möcüzə yaradıb. Düzənlik yerlərdə dəvətikanı otlayıb il uzunu dolanır.
Bunu eşidəndə lap təəccübləndim:
--Əhəd əmi, tikanı necə yeyir yazıq heyvan? Ağzına batmır o tikanlar? Tikana yəqin buna görə dəvənin adını veriblər hə?—deyə soruşdum.
Əhəd əmi:
--Hə, a qızım. O bitki çox faydalıdı. Dəvənin ən çox yediyi odu. Dəvətikanı mədə-bağırsağın dərmanıdı. Dəvələr yeganə heyvandı ki, bağırsax xəstəliyinə tutulmullar. Həə, bilrsənmi ki, insannar da dəvətikanı yesələr, bağırsax xəstəliyinə tutulmazlar?--deyəndə lap təəccübləndim
--Əhəd əmi, insanlar o cür cod, bərk şeyi necə yeyə bilər?—deyə soruşanda Əhəd əmi dedi;
--Tikan həmişə cod olmur ki. Yazda çox kövrək, turşməzə tamı olan, sulu, bir az da ağız büzən yaşıl , cavan dəvətikanı bitkisini düzənliklərdə, hər yerdə görə bilərsən. Bax onu yığıb yemək, çiçəkləyəndə isə qurudub çayını içmək insanı bağırsax xəstəliyinnən qurtarır. Dəvətikanı bağırsaxları çox gücləndirir.
Eşitdiklərimi Tanrının mənə hədiyyə kimi verdiyi iti yaddaşıma yazır, mövzuya aid yeni suallar verirdim:
--Sən niyə çoxlu dəvə saxlamırsan, Əhəd əmi? Mən də yekələndə dəvə saxlayan olacam, çoxlu dəvəm olacaq,--deyib ona baxdım.
Onun gözləri doldu. Mütəəssir olmuşdu. Məni qucağına alıb dizinin üstündə oturtdu. Saçımdan öpüb başımı tumarlayaraq:
--Kaş o üç oğlumdan heç olmasa biri sənə oxşuyaydı, heç dərdim olmazdı,--deyib köksünü ötürdü, sonra sözünə davam edərək:
--Bunları güclə saxlıyıram. Madiyə yenə doğub törəyəcək. Balaları da özü kimi xas olur. Bax bu Bəyzoy köşək vaxtı bir az sısqa idi. Deyirdilər ki, yəqin, cinsi qarışıb. Ancaq mən bilirdim ki, onnan qəşəng bir bığır olacaq,--dedi.
-- Bığır nədi, Əhəd əmi?—sual dolu nəzərlərimi yenə ona dikdim.
Mənim hər şeylə maraqlanmağım Əhəd əminin xoşuna gəlirdi. Suallarıma həvəslə cavab verird:
--Bığır, a keçi qız, ikihürgüclü dəvənin erkəyinə deyilir,--dedi.
Əhəd əminin dəvələrə ad qoyması da mənə təəccüblü gəlirdi. Sonra öyrəndim ki, bu ətrafda dəvəsinə ad qoyan elə təkcə Əhəd əmidi. O biri dəvəsinin adı Xanzoy idi. Bunu eşidəndə gülməkdən öldüm və :
--Əhəd əmi, Madiyənin adını gərək Madiyə yox, Şahzoy qoyaydız ,--deyib uğundum. Bacım mənə baxıb gözünü ağardır, göz-qaş edir, susmağıma işarə edirdi. Mən isə :
--Bəyzoy, Xanzoy, Şahzoy,--deyə-deyə atılıb düşürdüm.
Əhəd əmi bığaltı gülümsünüb:
--A keçi qız, sən, deyəsən, pişik başı bəzəyənsən axı,--dedi,--gəl sənə bir şey də danışım. Dəvəmə ad qoymasaydım, indi heç Bəyzoy yox idi.
Yeni bir hekayə dinləmək marağı şitliyimi unutdurdu. Daşın üstünə çıxaraq ayaqlarımı aşağı sallayıb yelləmıyə başladım. Əhəd əminin səsinin ahəngindən maraqlı bir şey danışacağına əmindim.
--Bir dəfə aşağı obalara--tərəkəmələrə heyvannar üçün daş duz gətirməyə getmişdim. Bizim obadan yuxarı yastanlarda görmüşdün haa, iri, sal duzlar, heyvanların yalaması üçün duzlağa qoyduxlarımız, bax onnan. Gejəyə düşdüyüm üçün orda qalası oldum. Madiyəni xıxladıb dizini bağladım, Bəyzoy da yanında idi. Tərəkəmə uşaxlarının Bəyzoya gözü düşür. Araya alıb aparır, obadan kənar ağıla salırlar. Tezdən durdum, gördüm, Bəyzoy yoxdu. Nə illah elədim, boynuna alan olmadı: “Burda yoxdu, bizlik deyil,”-- deyib durdular. Hündür bir daşın üstünə çıxıb əlimi qulağımın dibinə verdim , var güjümnən dörd tərəfə: “Bəyzoooy, Bəyzoooy, heeey, Bəyzoooy”,-- deyib çağırdım. Burunun o tərəfinnən, tərəkəmənin ağılınnan bir anqırmağ elədi ki, gəl görəsən. Astaca gedib ağılı açdım, Bəyzoyu çıxarıb gətirdim. Onnan sonra taa onnarnan “salaməleyküm” eləmədim. Etibarları sınıx çıxdı. Ancax başqa obalarda yaxşı, etibarrı tərəkəmə dostlarım var. Bel bağlamaq olur.
Bundan sonra mən bir daha Əhəd əminin dəvələrinin adına lağ eləmədim.
Günortadan sonra Əhəd əmi Bəyzoyu götürüb :
--Mən yuxarılara—kürd Əhmədin obasına gedəjəm. Vacib işim var. Uşaxlar getsin, Qıvreyin obasınnan dediklərimi gətirsin,--deyib getdi.
Bu vaxt bacımın üzünə baxdım.Sifəti qıpqırmızı idi, alışıb yanırdı. Süsən nənə əlini onun alnına qoyanda:
--Bay, evin tikilsin, sənin qızdırman var, bala. Allah, sən kömək ol, amanat uşaxdı,-deyib əl-ayağa düşdü. Bacıma yer saldı. Çay dəmləyib cürbəcür mürəbbə, otlar gətirdi. Mənim qanım bərk qaralmışdı. Həm bacımın xəstələnməyinə görə, həm də elə düşünmüşdüm ki, Səməngüllə bacım gedər, mən qalaram. Uzaq yolu dəvə ilə getməkdən canım qurtarar. Ancaq indi artıq çıxış yolum qalmamışdı.
Səməngül və mən yola Madiyə ilə çıxdıq. O qabaqda, mən isə arxasında tərkləşib üzüaşağı- bataqlığın yanı ilə uzanan çığırla Əhəd əmi dediyi obaya sallandıq. Bataqlığı o tərəfə keçmədiyimiz üçün sevindim. Həmin oba o qədər də uzaq deyilmiş. Çünki burunu dönən kimi uzaqdan qaralan alaçıqları göstərən Səməngül:
--Bax ora gedəsiyik. Qıvreyin obası odu,--dedi
Obaya -üzüyenişə gedən yol aşağılarda enlənirdi, yəni ordan fayton və ya araba ilə, yük maşını ilə də getmək olardı və mənzil başına bir az qalmış yolun üstündə iri bir qoz ağacı görünürdü. Mənim ağzım ətrafa əyildiyindən ağaca necə yaxınlaşdığımızı bilmədim. Səməngül onun altından keçəndə əyildi və məni xəbərdar etməyi unutdu. O əyilən kimi düz boğazıma dirənən dolayı dayanmış qoz ağacının budağını görən anda əlimi Səməngülün belindən boşlayıb budaqdan yapışdım. Dəvə və Səməngül altımdan çıxıb getdilər, budaqdan sallaşa qaldım. Elə cikkə çəkdim ki, qışqırtıma obanın yaxınlığında quzu otaran cavan uşaqlar dönüb baxdılar. Bir–ikisi bizə sarı qaçmağa başladı. Elə bu vaxt sanki yerin dibindən çıxan bir atlı güllə kimi mənə tərəf cumub ayaqlarımdan yapışdı:
--Əlini burax , səni tutmuşam, qorxma, yıxılmağa qoymaram,--deyib məni astaca silkələyr, əlimi budaqdan qoparmağa çalışırdı. Ancaq əllərim kəlbətin kimi bir-birinə keçmiş, budaqdan elə yapışmışdım ki, yıxılmaq qorxusundan açmaq istəmirdim. Həmin adam əlimi birtəhər budaqdan qoparıb məni qucağına götürərək birbaşa Madiyəyə sarı getdi və Səməngülün tərkinə qoydu. Madiyə dayanıb gözləyirdi, heç qımıldanmırdı da. Bu vaxt o adamın Səməngül çayda çimərkən ona baxan oğlan olduğunu tanıdım. O, göydəmir bir ata minmişdi. At sanki nağıllardakı kimi elə qəşəng , oynaq və yaraşıqlı idi ki. Mənim gözümdən düşən həmin oğlan atın üstündə çox fərqli -gözəl görünürdü. Dümdüz, qapqara saçları gözünün üstünə tökülmüşdü. Bu dağlarda gün keçirənlərə xas olaraq yanaqları qıpqırmızı idi. Madiyənin ikiqat düzülmüş kirpikləri kimi sımsıx kirpiklərin əhatə etdiyi gözləri qəşəng və işıqlı idi. Əyninə boz köynək və dəridən qolsuz gödəkçə geymiş, kəmərindən asılan qından qəməsinin bəzəkli dəstəyi görünürdü. Gülümsər gözlərini Səməngülə dikmiş, Səməngül də ona baxıb gülümsəyirdi. Onlar beləcə bir an baxışdıqdan sonra Səməngül:
-- Sağ ol, Mərdan,--dedi.
Hər şey tərsinə dönmüşdü. Xoşum gəlməyən, içimdə haqqında ikrahla düşündüyüm adam indi məni xilas edən qəhrəmana dönmüşdü.
Biz Qıvreyin obasından tez qayıtdıq. Alaçığına getdiyimiz adam—Qıvreyin arvadı Münəvvər nə qədər təkid elədisə, Səməngül çay-çörəyə qalmadı. Mən hiss etdim ki, o Mərdana görə orda ləngimədi. Alacağımızı-üst-üstə yığılıb kip bağlanmış beş ədəd hazır motal dərisini götürüb tez geri qayıtdıq. Həmin qoz ağacını keçib obaya qalxan döşə çatanda Mərdanın atı çəmənliyə buraxıb böyrü üstə uzandığını gördüm. Bizi görən kimi cəld qalxıb yəhərə atıldı, atı muşqurub yanımızda o tərəf-bu tərəfə səyirtməyə başladı. Səməngül Mərdana baxıb için-için gülür, alnına, gözünün üstünə tökülmüş şabalıdı, qıvırcıq saçlarını barmaqları ilə yana daraqlayır, telləri yenə tərs, şıltaq uşaq kimi gözünün üstündə oynaşmağa başlayırdı. O dəmdə hiss etdiklərim o qədər həyəcanlı və ecazkar idi ki. Bu göydəmir atlı oğlanın Səməngülün lüt bədəninə baxmağını tamam unutmuşdum. Bütün ətrafımızı sevgi, məhəbbət haləsi bürümüşdü.
Biz Aşağı obanın qənşərinə çatanda Mərdan bir anda atını oynadıb yox oldu. Evə gələn kimi bacımın yanına qaçdım. Bərk yuxuya getmişdi.
--Oyatma, kəklikotu, qantəpər içirdim, tərriyib. Qoy yatsın, oyananda əvvəlkinnən də yaxşı olacax,--deyə Süsən nənə məni xəbərdar etdi.
Səhər oyananda yorğanın altında üşüdüyümü hiss etdim. İçəri də yarımqaranlıq idi. Alaçıqdan bayıra çıxanda sıx dumanın hər yeri bürüdüyünü gördüm. Göz gözü görmürdü. Sanki bütün dünya qaldığımız bu alaçıqdan ibarətdi. İçimə bir sıxıntı çökdü. Alaçıqdan bir az o yana Səməngül və Süsən nənənin səsi gəlirdi. Əhəd əmi yenə yox idi. Onlar içəri mübahisə edə-edə girdilər:
--Nənə, vallah, əsl ayının fürsət aradığı havadı. Elə qabağına kim çıxsa, qapazlıyıb aparacax,- deyə Səməngül yarızarafat-yarıciddi dedi.
-- Yox əşi, daha o vaxtlar keçdi. Hamının tüfəngi var. Oba da doludu itnən. Kimə neyliyəjək ayı?--deyə Süsən nənə cavab verdi.
Səməngül birdən qaqqanaq çəkib:
--Nənə, birdən bir şorgözü gəldi, səni qoltuğuna vurub apardı, özünə arvad elədi, əlin hara çatacaq?-deyə bic-bic Süsən nənəyə baxdı.

(ardı var)
HƏCƏR

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Arzu edirəm ki, bayraq yürüşlərini işğal altında olan ərazilərimizdə keçirmək səadətini yaşayaq"
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
Sabahın hava proqnozu
İcbari tibbi sığorta ilə bağlı YENİ XƏBƏR - RƏSMİ
Sən ey istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı!!!
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür - VİDEO
Ağstafada Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
"Ermənistan başa düşməlidir ki, bu həll yolunun alternativi yoxdur" - BƏYANAT
Rusiyanın ATƏT-dəki səfiri: Saxlanılan şəxslərin dəyişdirilməsi Qarabağ münaqişəsi tərəfləri arasında etimada gətirib çıxara bilər
Azərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyət göstərəcək
Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb
Yağış yağır, rəqs eyləyir gur damlalar...
Azərbaycan hərbi sahəyə Ermənistandan 6 dəfə çox pul xərcləyir
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Prezident Musa Yaquba EV VERDİ
İcra hakimiyyəti əsgərin şəhid olduğunu təsdiqlədi
Quzanlıda Dövlət Bayrağı Günü münasibətilə yürüş - FOTOLENT
Ərdoğan: “Bağdadinin arvadı bir ildən çoxdur, əlimizdədir”
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub - FOTOLAR
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
“APOEL-in "Qarabağ"a qalib gəlməməsi intihar olar”
Ermənilər Qarabağ pulu hazırlayırlar
Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”
Səhiyyə Nazirliyindən uşaq qidaları ilə bağlı XƏBƏRDARLIQ
“Qarabağ”a görə qovulan baş məşqi Ermənistan yığmasına rəhbərlik edə bilər
Tiqran Abramyan: "Azərbaycanın hərbi xərclərini kəskin artırması Qarabağ üçün ciddi risklər doğurur"
Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı - FOTOLAR
Azər Qasımlı istefasının səbəbini AÇIQLADI
Türkiyəli həkim Gülalıyevin son durumu barədə danışdı - VİDEO