Qarabag Media
Haqqımızda Əlaqə

Sevda yolu hər bir yoldan uzundu - Vaqif Aslanın şeirləri


Tarix:6-08-2019, 15:11 Kateqoriya:Manşet / Yazarlar

Sevda yolu hər bir yoldan uzundu - Vaqif Aslanın şeirləri

Karabakhmedia.az AYB-nin Şəki bölməsinin sədri, tanınmış şair Vaqif Aslanın şeirlərini təqdim edir:

KİŞİLƏR

Arazdan keçmirik – suyu sərindir.
Kürdən adlamırıq – dibi dərindir.
Araz aşığından,Kür topuğundan
olan kişilər!
Nə qədər ucaymış boyunuz sizin,
Əsliniz, kökünüz, soyunuz sizin,
Axib qanımıza dolan kişilər!

Sizin yanınızda dilimiz – qısa,
Ətəyimiz – uzun, əlimiz – qısa.
Qaya parçasından, daş qopuğundan
Nağara düzəldib çalan kişilər!
Döyüb başımıza çalınırıq biz,
Kos kimi ortaya salınırıq biz,
Olmuşuq oyuncaq, yalan, kişilər.

Hanı bəs Kür ilə Araz arası?
Bizi eyləyiblər palaz arası.
Ox kimi şığıyıb yazı düzündən
Atlını atından salan kişilər!
Qulağımız “haydı,hoy!” sözünə həsrət,
Ayağımız üzəngi üzünə həsrət,
Bizlər –kor eşşəyə palan, kişilər.

Sizi aldatmasın saxamız bizim,
Əllərdə qalıbdır yaxamız bizim.
Göydəki quşu da vurub gözündən,
Çalıb çalağantək alan kişilər!
Siz hara?.. Biz hara?.. Nə deyək sizə?
İnciyən ruhunuz hay vermir bizə,
Hələ də sükuta dalan kişikər!

Aşır başımızdan Kür də,Araz da,
Çəkir burulğanlar bizi bir az da.
Bir vədə dayanıb başımız üstə
Bizə xeyir-dua qılan kişilər!
Kənd-kənd, şəhər-şəhər axırıq daha,
Axana qıraqdan baxırıq daha,
Bu da qalın bəylər, kalan kişilər!

Getdi özünüzlə zorunuz sizin,
Dolur gözümüzə qorunuz sizin.
Çatdam-çatdam olsun gorunuz sizin,
Daşımız qalmadı daşımız üstə,
Ay yurdu-yuvası talan kişilər!
Olunca dünyada olmasa yeymiş,
Qalınca dünyada qalmasa yeymiş
Sizin yerinizdə qalan kişilər!
İndiki kişilər – yalan kişilər!..

ŞƏHİD KÖYNƏYİ

Dəstə-dəstə, qoma-qoma,
Tanrıya göz yuma-yuma,
bazarlara cuma-cuma
mal axtaran arxadaşlar, mal qurtarıb
Özgə verən tuman-köynək, şal qurtarıb
Ət qaxacı, şəkər tozu, yad verən adyal qurtarıb.
Bircə şəhid köynəyi var,
verəmmərəm onu sizə.
Geysəniz də, dar gələcək
əyninizə.

Didərginin tikəsini
yeyənlərim.
Millətimi soyundurub,
Köynəyini geyənlərim!
Bazarlara yol axtaran
Bağrıdaşlar,
a soydaşlar,
a yoldaşlar
yol qurtarıb!
Yaşamaga yarpaq, budaq,
Kol qurtarıb.
Bircə şəhid köynəyi var,
Necə qıyım onu sizə?
Eybinizi örtmək üçün
Çəkəsiniz əyninizə?!

Kəfən deyil –
Qandan baha, candan baha
köynəkdi bu!
Şivən deyil –
göz dağıdı,lal fəryadlı
göynəkdi bu!
Əlvan deyil,
bir üzlüdü,
bir ipdəndi,
bir rəngdi bu!
Mənsəb gəzən,taxt axtaran
taxtabaşlar,
Gəzdiyiniz hal qurtarıb.
Şirin nağıl,yalan vədə
Heç dəyməyib,kal qurtarıb.
Doğru sözə,düz ilqara
qismət olan
buxov,noxta,
nal qurtarıb.
Satılmayan namus,həya,
satlıq qoyun,mal qurtarıb.
Şor quruyub,yağ tükənib,
bal qutarıb.
Bircə şəhid köynəyi var,
O da mənim.
Qalan nə var...sizin olsun.
A qandaşlar,
qarındaşlar!
Təkcə isti qan çilənən
köynəkdəki
O qan mənim,
qada mənim!

SƏRHƏD POZUNTUSU

Atamın beli idi
bir zamanlar sərhəddim.
Anamın da boynuna
düşməyə yoxdu həddim.
Məqam yetişdi axır,
Və sair,və ilaxır...

Anamın bətni kəsdi
qabağımı sədd kimi.
Qadağan işarəsi
qoyulmuş sərhəd kimi.
Durub yarımbükülü,
məqam gözlədim yenə.
Süründüm,keçdim ondan
ömrün genişliyinə.
Nəfəs dərdim doyunca,
İməklədim,yeridim
uşaqlığım boyunca.
Gəncliyimlə üzbəüz
durub dayandım bir az.
Onun da sərhəddini
gördüm pozmasam olmaz.
Onu da pozdum axır.
Və sair,və ilaxır...

Qocalığım indidən
qabağımda sanki dağ...
İslanmışın yağışdan
nə qorxusu olacaq?
Sərhəddə çevriləndə
olumumun sonu da
Dağıdıb keçəcəyəm
and olsun ki,onu da.
Ölüm də olsa sərhəd,
dayanmadan onda mən
Şığıyıb işıq kimi
keçəcəyəm ölümdən.
Keçməsəm,öləm gərək.
Ömrün də sərhədləri
dünyanın sərhədditək
Canımıza muzudur.
Yaşamaq deyilən şey
sərhəd pozuntusudur.

DAŞ

Yuxuda daş gördüm...
Kiminsə əlindəydi,
Atdı,kiməsə dəydi.
Qana bulaşdı daş,
Daşdan səda qopdu,
Nida qopdu:
– Kaş dilim olaydı,kaş!

Yuxuda daş gördüm...
Sürüyüb saldılar yola.
Birisi gəlirdi,
Uçurdu az qala.
Çatıb ilişdi daşa,
Az qaldı ki,qapaşa.
Söydü,tüpürdü,dedi:
– Lənətə gələsən,daş!
Daşdan səda qopdu,
nida qopdu:
– Kaş dilim olaydı,kaş!

Yuxuda daş gördüm...
Tərəzinin gözündəydi.
Bu nəydi?
Hər gələn çəpəki
Baxırdı daşa.
Satıcı coşa-coşa
Deyirdi: – Bu daş haqqı!..
Daşdan səda qopdu,
nida qopdu:
– Boynuma yıxırlar
haqqı,nahaqqı.
Yuxuda daş gördüm,
Daşın da gözündə
yaş gördüm.

YAŞAMARAM

İllər mənsiz ötüşəcək,
Nə mənası?Yoxam,varam.
Gələn bir şey götürməli,
Gedən bir şey verməlidir.
Yadigarsız yaşamaram.
Nəyə gərək hər söhbəti
Açıq deyəm,üzə vuram?
Başaşağı yaşayan çox,
Mən vüqarsız yaşamaram.

Kimə bəlli deyil görən
Bu torpağın səxavəti?
Qətrə-qətrə içmişəm mən
Bulaqlardan məhəbbəti.

Anaya da ananızdan
Əziz olan bir ana var.
O – Vətəndir!
Vətən qızı,mənim üçün
Səndən gözəl bir sona var.
O – Vətəndir!

Eşitdinmi,a sevgilim,
Deyən sənsiz yaşamaram?
Mən sənsiz də yaşayaram,
Mən Vətənsiz yaşamaram!

ONDA BİR YARALI MƏHƏBBƏTİM VAR

Bala,o ağaca balta vurma sən!
Onda gəncliyim var,hərarətim var.
Bala,o ağaca balta vurma sən!
Onda bir yaralı məhəbbətim var.

Mən də cavan idim,mən də sevirdim,..
Sevgimin şahidi o oldu ancaq.
İlk görüş yerimdir,bala,ilk görüş
Onun kölgəsinin düşdüyü torpaq.
Toyumuz çalındı bu ağac altda,
Qovduq uzaqlara qəmi,kədəri.
Biz xoşbəxt adlandıq bütün elatda,
O günlər qayıtmaz,qayıtmaz geri.

Bir gün bu dünyaya göz açdın,bala,
Asıldı beşiyin bax,bu ağacdan.
Bir gün xəstə anan getdi zavala,
Əbədi ayrıldı ax,bu ağacdan.
Ananın ətrini,bala,ay bala,
Bir səndən alıram,bir də ki,ondan.
Dilbilməz baltanı bir yana tulla,
Əl çək birdəfəlik,gəl bu oyundan.

Getməyib sinəmin sızıltıları,
Dinlə dilə gələn bu göz yaşımı.
Sən onu kəsincə,bala,ay bala,
Gəl kəs birdəfəlik mənim başımı.

Bala,o ağaca balta vurma sən,
Onda gəncliyim var,hərarətim var.
Bala,o ağaca balta vurma sən,
Onda bir yaralı məhəbbətim var.

QİYMƏT

(İmtahandan kəsilmiş bir qız divara sıxılıb ağlayırdı)

Günah işləyibdir səni kəsən kəs...
O, qiymət yazmağı haradan bilir?
Sənin qiymətini hər kəsə bilməz,
Sənin qiymətini Yaradan bilir.

Divara sıxılıb, ay qız ağlama!
Ağlama, sən Allah, yalqız ağlama!

Dədəmiz Qorquddan ta üzü bəri
Öyülən, sevilən sarı donlu qız!
Beləmi kiçilib Oğuz bəyləri
Yanır gözlərində yaş ulduz-ulduz?

Sən Selcan xatunsan – sonamsan, axı.
Sən Burla xatunsan – anamsan, axı.

Ağlama,Tanıqlı Beyrəyin yarı!
Sən ki üç öpülüb,bir dişlənərdin.
Yandıra-yandıra Yalıncıqları
Açılıb gül kimi gümüşlənərdin.

Sən – Banu Çiçəksən,ağlama daha,
Hamıdan göyçəksən, ağlama daha.
Ağlaya-ağlaya sındırma məni,
Sənə beş yazmağa, axı, nə vardı?
Füzuli imtahan etsəydi səni,
“Heyrət, ey Büt!” – deyə, on beş yazardı.

O kimdir? – Heçdir o, heçdən aşağı,
Sənə qiymət yazıb üçdən aşağı.
Neynim ki, bir ağır daşım var mənim,
Daşa döyüləsi başım var mənim.

Sən – başlar baxtısan, evlər taxtısan,
Əziz halalısan Dəli Domrulun.
Qiymət ucbatından qaş-qabaqlısan,
Qiymətdən ucadır şərəfin, yolun.

Sənin qiymətini bilməyən kişi,
Əsil nakişidir, əsil nakişi!

İLK MƏHƏBBƏTİM

Bulaqsan,.. gözümdən axırsan mənim,
Tüstüsən,.. təpəmdəm çıxırsan mənim.
Dustaqsan,.. könlümdən baxırsan mənim,
Ay ilk məhəbbətim,ilk məhəbbətim.

Sən – ciyər yanğısı,sən – sinəmdə dağ,
Yaxşısan,yamansan,.. mənimsən ancaq.
Üzümə çırpılan şillə,şapalaq,
Ay ilk məhəbbətim,ilk məhəbbətim.

Sən gah sevinc oldun,gah fəryad,gah ün,..
Kaş ki,dağılaydı mən doğulan gün.
Sən – cavan ömrümə vurulan düyün,
Ay ilk məhəbbətim,ilk məhəbbətim.

İlk dəfə heyrətdən çatılan qaşım,
Oşalanan qolum,əyilən başım.
Sən – vaxtsız yıxılıb qalan başdaşım,
Ay ilk məhəbbətim,ilk məhəbbətim.

SEVDALI QIZ

Söyləsənə gül üzdəki qəm nədir,
Niyə gülmək çətin gəlir sənə, qız?
Bilməyincə gözündəki nəm nədir,
Göyüm-göyüm göynəyəcək sinə, qız.

Elə baxma, yanıqlıyam, yanaram,
Elə gülmə, gülüşündən sınaram
Susub durma, sükutundan donaram,
Qıyarsanmı bir cavana, denə, qız?

Zirvədə çən, sevən başda dən olar,
Sevən ürək qəlbi olar, gen olar,
Dərdin, qəmin dərd-qəmimə tən olar,
Dərdin alım, de dərdini mənə, qız.

Mən kövrəyəm, sənin qəlbin həzindi,
Yana-yana dərd ovudaq biz indi.
Sevda yolu hər bir yoldan uzundu,
Şair könlüm dilə gəldi yenə,qız.

SON GÖRÜŞ

Son görüş özü də vüsaldır,düzü,
Duyuram şirindir,.. doya bilmirəm.
Əlimdən nə gəlir? – Yaxşı yol sözü,
Qəlbimdən nə keçir? – deyə bilmirəm.

Başımda fikirlər pərən-pərəndir,
Gözümdə dağların yatır dumanı.
Sənin də ürəyin lap kövrələndir,
Mənim də qəlbimin yoxdur amanı.

Nə var ayrılırıq... Böyük işdi bu?
Nə var,söz vermisən bir özgəsinə.
Axı,nə olsun ki,son görüşdü bu?
Elə son görüş də bəs edər mənə.

Nə olsun?.. Deyirəm,incimirəm mən...
Bu,qəlbin kini yox,nisgilləridir.
Gələcək var olsun,Nəbi demişkən:
– İllər ömürlərin sahilləridir

SƏNİ VAR OLASAN, XOŞBƏXT OLASAN

Eşqimə, sevgimə bais olan qız,
Səni var olasan, xoşbəxt olasan!
Mən sənə dualar qılıram yalnız,
Səni var olasan, xoşbəxt olasan.

Ruhumu bədəndə oynadan gözəl,
Qanımı damarda qaynadan gözəl.
Məni göyüm-göyüm göynədən gözəl,
Səni var olasan, xoşbəxt olasan.

Bəlkə də,saçına dən düşüb daha,
Övladdan nəvən var,dövlətdən dəvən.
Səni and verirəm o bir Allaha,
Çıxdımı qarşına mənimtək sevən?
Mənimtək döşünə döyən oldumu?
Eşqimə,sevgimə bais olan qız,
Səni mənim təki öyən oldumu?
Qaşına aypara,gözünə ulduz,
Saçına sünbülüm deyən oldumu?

Könlümdən, gözümdən boylanan gözəl,
Şeirimdən, sözümdən boylanan gözəl.
Ay keçir,il keçir...necə biləydim?
Mən yaşa doluram, sən qocalırsan,
Qanadım olaydı, uça biləydim,
Görəydim,sən necə layla çalırsan.
Necə buyurursan gəlini, qızı?
Xəyala gedirsən, fikrə dalırsan.
Ey mənim bəxtimin uzaq ulduzu,
Yenə də mənimçün işıq salırsan.
Yenə də tellərin üzündə çin-çin...
Durub əl edirsən, ey ağ göyərçin.
Yeldən qanad taxıb uçuram yenə,
Səni çatan kimi qucuram yenə.
Atıram, tuturam şamama kimi,
Yaylığın sürüşüb düşür başından.
Əyilib ta yerdən alana kimi
Xəbərim olmayır heç qardaşından.

Yenə təntiyirəm,yenə çaşıram,
Tanış eyləyirsən sən bizi yenə.
“Salamat qal” deyə uzaqlaşıram,
Getdikcə çevrilib baxıram sənə.

Eşqimə,sevgimə bais olan qız,
Məni mən elədin, mən,axı, nəydim?
Bir daş parçasıydım hissiz, duyğusuz...
Şair deyildim ki, yaza biləydim.

Bircə baxışınla dağıldı sehrim,
Dəli bir gizilti keçdi canımdan.
Dilim tutulsa da, doğuldu şeirim
O ilk titrəyişli həyəcanımdan.

Yandıra-yandıra kül etdi məni,
Göyərdib külümü gül etdin məni.
Bir həzin,bir ağlar dil etdin məni,
Səni var olasan, xoşbəxt olasan!

Ay mənim zərifim, ay mənim incəm,
Hamıdan sonuncum, hamıdan öncəm.
Sən həmin gözəlsən, mən həmin gəncəm,
Səni var olasan, xoşbəxt olasan!

Eşqimə, sevgimə bais olan qız,
Sevda yollarında sərvaxt olasan.
Dualar qılıram mən sənə yalnız,
Olasan, olasan, hər vaxt olasan!

SƏN NİYƏ BU QƏDƏR
GÖZƏLSƏN AXI?!


Sevdalı könlümün ilham pərisi,
Sən niyə bu qədər gözəlsən axı?!
Ey canım hərisi,qanım hərisi,
Sən niyə bu qədər gözəlsən axı?!

Hayıma verilən haymısan,nəsən?
Allahım göndərən paymısan,nəsən?
Günəşmi,ulduzmu,Aymısan,nəsən?
Sən niyə bu qədər gözəlsən axı?!

Bir eşqin qəmiylə onsuz da məstdim...
Məni hardan tapdın,üstümə əsdin?
Var imiş dünyaya gəlməkdə qəsdin,
Sən niyə bu qədər gözəlsən axı?!

Qızılı tellərin çin oldu üzdə...
Sanki qovurdular canımı közdə.
Axdı,yağ qalmadı ürəyimizdə,
Sən niyə bu qədər gözəlsən axı?!

Nə qədər sinəmdə çarpır bu ürək,
Eşqinlə bülbültək oxuyam gərək.
Altunsaç ilahə,sarışın mələk,
Sən niyə bu qədər gözəlsən axı?!

Gözündən nur dolu bir badə içdim,
Özün görmədinmi nə hala düşdüm?
Mən hələ bu qədər əyilməmişdim,
Sən niyə bu qədər gözəlsən axı?!

Od bilib əynimə geyimmi səni?
Yanıb-yaxıldıqca öyümmü səni?
Oxşaya-oxşaya yeyimmi səni?
Sən niyə bu qədər gözəlsən axı?!

Ay mənim dövlətim,ay mənim varım,
Başqa bir qübardır mənim qübarım .
Ayağın altında ölüm,qurtarım,
Sən niyə bu qədər gözəlsən axı?!

Durub seyr edirdim çölü,çəməni...
Çiçəklər içində qəhr etdin məni.
Mən niyə bu qədər sevirəm səni?
Sən niyə bu qədər gözəlsən axı?!


DEDİM, DEDİ

Dedim: – Gözəl, nədən kürsən belə sən?
Dedi: – Mənə laylay çalıb ana Kür.
Dedim: – Onda nə bilirsən,elə sən.
Dedi: – Bəyəm,necə olur,ayrı cür?!

Dedim: – Nədən qara geydin ağ üstən?
Dedi: – Tutur rəngin ağı, qarası.
Dedim: – Mənə dağ qoyursan dağ üstən.
Dedi: – Hələ harasıdır, harası?

Dedim: – Yenə alov-alov yanırsan.
Dedi: – Şair,gözün qorxdu, deyəsən.
Dedim: – Məni qurbanlıqmı sanırsan?
Dedi: – Bərkdə əlin yoxdur, deyəsən.

Dedim: – Danış,quzu kəsim dilinə.
Dedi: – Kəs,kəs... qurban vermək anıdır.
Dedim: – Xına qoymusanmı əlinə?
Dedi: – Yox,yox,.. Vaqif Aslan qanıdır.

SƏNƏ

Sallana-sallana gedən Salatın,
Gəl belə sallanma,söz dəyər sənə.
(Aşıq Qurbani)

Sallana-sallana süz qabağımda,
Xəyal eyləmə ki, söz dəyər sənə.
Fırlanıb da dayan düz qabağımda,
Mən sənə baxmasam, göz dəyər sənə.

Al da gey, şal da gey, yaşıl da hələ.
Çünki mən eləyəm, çünki sən belə.
Bənd olma səhərlər əsən hər yelə,
Yelin nə həddi var, tez dəyər sənə.

Sən mənim özümün halal yarımsan,
Bəxtəvər mənəm ki, vəfadarımsan.
Ürək açıqlığım, könül varımsan,
Bir gündə verərəm yüz dəyər sənə.

Dağıt zülflərini, tök şəlalətək.
Yolun da, izin də bağrına dağ çək!
Nə qədər mən sağam, biləsən gərək,
Yollar nə karədir, toz dəyər sənə.

Səni mən bilərəm necə öyərəm,
Dünyanı almaram vecə, öyərəm.
Gündüz oxşayaram, gecə öyərəm,
Verər Vaqif Aslan düz dəyər sənə?


AĞLAMA

Ağlama, ceyran balası, ağlama!
Ağlama, gözüm qarası, ağlama!
( xalq mahnısından )

Üsyan edib taleyəmi ağladın?!
Ağlama,canım parası,ağlama!
Dağ-dağ idim,məni bir də dağladın.
Göynədi köksüm yarası,ağlama!

Göz yaşların göyərtdikcə közümü,
Gözlərinə qurban dedim özümü.
Yaxşı saxla gözlərində gözümü,
Ay mənim gözüm qarası,ağlama!

Ürəyimi əllərinə al,kiri!
Çırpındıqca oxşat,oynat,çal,kiri!
Baş-başa ver,onnan birgə qal,kiri!
Yerin – ürəyim arası,ağlama.

Görmüşdüm ki,bulud ağlar,hey ağlar.
Görməmişdim,gün gülümsər,göy ağlar.
Duz dadmazmı bu şipşirin dodaqlar?
Olum dərdinin çarası,ağlama.

Olmaz idi Sara kimi gəlindən...
Sellər aldı Xançobanın əlindən.
Ölləm bir tük əksik gəlsə telindən,
Vaqif Aslanın Sarası,ağlama!

VAR

Sənə demədimmi tərpətmə məni?
Közərib-közərib od tutmağım var.
Gözümdə-könlümdə göyərdib səni,
Özümü biryolluq unutmağım var.

Neynim ki,içimdə tufan çağlayıb?
Bir gözüm gülsə də,biri ağlayıb.
Könlümü hamıdan gizli saxlayıb,
Xəlvəti oxşayıb ovutmağım var.

Qabaqda görməli günlər var hələ,
Nədən doluxsunur gözlərin elə?
Sən nəyin dərdini çəkirsən belə?
Gözümün yaşını qurutmağım var.

Sənə vurulmuşam sən birsən deyə,
Cadusan,tilsimsən,sehirsən deyə.
Məni məndən artıq sevirsən deyə
Bu dəli sevdanı doğrultmağım var.

Çəkdikcə sınağa Vaqif Aslanı,
Bir az da damarda qaynayır qanı.
Sənə nur bəxş edib ulduzlar sanı
Tutqun səmaları durultmağım var.

OYNAYIR

Ey yanğıdan, göynərtidəndən xəbərsiz,
Gündüz yanan yatmır, gecə oynayır.
Buna görə danışırsan təhərsiz,
Deyirsən ki, almır vecə, oynayır.

Od içinə düşməmisən bircə yol,
Görməmisən ağrını bol, dərdi bol.
Yar yanında sınıb yana düşən qol
Nə biləsən qalxıb necə oynayır.

Deyildirsə can yanğılı, ruh oyaq,
Axı, nə var oynamağa o sayaq?
Haçandır ki, boşa çıxır əl-ayaq,
Oynayanlar çox heç-heçə oynayır.

Hardan bilsin hər havaya süzənlər
Ərzurumdan hündür olub düzənlər.
Kərəm budur, ey yağ içrə üzənlər,
Qaça-qaça, köçə-köçə oynayır.

Bilir məni mən tək oynaq olanlar,
Min yol sınıb, min yol qaynaq olanlar.
Bağrı başı dərddən göynək olanlar
Şəhər-şəhər, küçə-küçə oynayır.

Uca olmaz eşqi uca bilməyən,
Öz dərdini özü quca bilməyən.
Vaqif Aslan Kərəm aça bilməyən
Düymələri aça-aça oynayır.

NƏYİNƏ GƏRƏKDİR?

Bir vədə olanlar yalan deyildi,
Səni nəzərindən salan deyildi,
O Vaqif Aslandan olan deyildi,
Nəyinə gərəkdir bu Vaqif Aslan?

Vəsfini edəsi sözü yox isə,
Səni isidəsi közü yox isə,
Qısası,səninçün özü yox isə,
Nəyinə gərəkdir bu Vaqif Aslan?

Üstünə xətt düşüb qaralanıbsa,
Soyuq baxışlardan yaralanıbsa,
Sınıb,oşalanıb,paralanıbsa,
Nəyinə gərəkdir bu Vaqif Aslan?

Qanadı qırılan quş kimidirsə,
Bahar da gözündə qış kimidirsə.
Yanaqda quruyan yaş kimidirsə,
Bir ayrı ünvana tuş kimidirsə,
Nəyinə gərəkdir bu Vaqif Aslan?

Telinə çəkəsi əli itibsə,
Bəmi yoxa çıxıb,zili itibsə,
Günü hayıf olub,ili itibsə,
Nəyinə gərəkdir bu Vaqif Aslan?

Getdiyin yollara baxmırsa daha,
Dolan bulud kimi yağmırsa daha,
Dəli şimşək kimi çaxmırsa daha,
Nəyinə gərəkdir bu Vaqif Aslan?

Əyib əyim-əyim atandan sonra,
Ələyib kəpəyə qatandan sonra,
O Vaqif Aslanı satandan sonra,
Nəyinə gərəkdir bu Vaqif Aslan?

Salam artıq isə, “xoş gördük” baha,
Kimdir qiymət qoyan fəryada,aha.
Daş tayı olmuşun biridir daha,
Nəyinə gərəkdir bu Vaqif Aslan?

ANAM KİŞƏ

Gözəl Vətən!
Xoşbəxtəm ki,qucağında
doğuldum mən.
Bilən bilir,dünya – geniş,
Ömrün yolu yoxuş,eniş.
Hər qartala – öz yuvası,
Hər körpəyə – öz anası,
Mənim yuvam,anamsan, Kiş!

Göylər gördüm uca-uca,
Qanadlanıb uçar oldum.
Dağlar gördüm qoca-qoca,
Sevincimdən qucar oldum.
Çaylar gördüm dəliqanlı,
Könlüm kimi həyəcanlı.

Düzlər gördüm – laləsi al.
Sənə doğru uçdu xəyal.
Arzularım açdı çiçək,
Ayağına səpəm gərək.
Çılğın-çılğın,kövrək-kövrək,
Çatdım,səni öpəm gərək.

ŞƏKİ

Şəki – qədim Şəki,əzəl Şəkidir.
Mehriban Şəkidir,gözəl Şəkidir.

Arxası dağlardır – başları qarlı.
Qarşısı bağlardır – nübarlı,barlı.
Yaylağı,qışlağı öz içindədir.
Təpələr üstündə,düz içindədir.

Yolları yükdolu karvanlar görüb,
Karvanlar başında sarvanlar görüb.

Örpəyi,çitməsi,kələğayısı,
Yaylığı,dəsmalı dillərdə dastan.
Xanlar məkanıdır,bəylər yurdudur,
Qızıyla,oğluyla ellərdə dastan.

Burda gözəllərin tülü ipəkdən,
Tülünün üstündə gülü ipəkdən.
Şəkinin donunu təbiət biçib,
Çəməni atlasdan,çölü ipəkdən.

Şəki – qədim Şəki,əzəl Şəkidir.
Mehriban Şəkidir,gözəl Şəkidir.

DÜNYAM

Ey səhəri işıqlı, axşamı nurlu dünyam,
Mənim yar-yaraşıqlı, mənim qürurlu dünyam,
Qədəmləri mübarək, yolu uğurlu dünyam,
Sənin də gözün aydın! Mənim də gözüm aydın.
Mən şair olmaz idim, axı sən olmasaydın.

Ey ata göy, ana yer! Yanınızda üzüm ağ!
Ey geniş çöl, uca dağ! Nolar çevril mənə bax!
Ey yağış, yağdıqca yağ! Ey şimşək, çaxdıqca çax!
Parla sön, sön parla ki, görünüm özüm aydın.
Mən şair olmaz idim, axı sən olmasaydın.

Ey açan gül, açan gül! Açıb ətir saçan gül,
Sevilmək həvəsiylə soyuqluqdan qaçan gül,
Demərəm soruşmasan, xoşbəxt olur haçan gül,
Bu yerdə fikrim qəti, bu yerdə sözüm aydın,
Mən şair olmaz idim, axı sən olmasaydın.

ALDATDI MƏNİ

Mən bu kənddə qalmaz idim,
Yazıyla aldatdı məni.
Boynuma yük almaz idim,
Nazıyla aldatdı məni.

İşım-işım işıltısı,
Xışım-xışım xışıltısı,
Pıçıl-pıçıl pıçıltısı,
Sözüylə aldatdı məni.

Ey gedəri,ey gələri,
Sayım sənə mən nələri?
Qayım-qayım çeşmələri
Gözüylə aldatdı məni.

Qalasının daşı ilə,
Qayasının qaşı ilə.
Böyüklüyü,yaşı ilə
Özüylə aldatdı məni.

Bax,yenə də yaşıl dondu,
Məndən ötrü daha sondu.
Zirvəsinə quşum qondu,
Düzüylə aldatdı məni.

Dilə tutdu axşam-səhər,
O – füsunkar,mən birtəhər.
Gördü məni çəkir şəhər,
Qızıyla aldatdı məni.

ALIN YAZISI

Fərq etmir,kim razı,kim narazıdır,
Necə var elədir alın yazısı.
Ən incə yazıdan incə yazıdır
Taleyin,iqbalın qalın yazısı.

Gah ağdır,gah qara,gah da sarıdır...
Qismət güzgüsüdür,bəxt açarıdır.
Nə olsun toplayan,yığan arıdır?
Çiçəklə yazılıb balın yazısı.

Çaşanda günah yox,tale çaşdırır.
Təpədən qorxana dağlar aşdırır.
Qapqara olsa da,göz qamaşdırır
Al yanaq üstündə xalın yazısı.

Ol-öl arasında çırpınır adam,
Göysüzsə,yersizsə,o da deyil tam.
Saniyə-saniyə yazılır,atam,
Əhvalın yazısı,halın yazısı.

Uyma,Vaqif Aslan,məqama,yaşa.
Toxuma özünü qayaya,daşa.
Ayaqlara deyil.yazılıb başa
Papağın,örpəyin,şalın yazısı.

NƏVƏM TUNCƏRƏ

(Qan bankında nəvəm Tuncərdən analiz üçün qan almalıydılar.
Həkim hələ gəlməmişdi.Birdən uşağı yuxu tutdu.Elə şirin-şirin yatırdı ki..)

Dünya bizdən qabaq da əcəb yuxuyudu,nəvəm
Hamı varıydı,ancaq heç kim yoxuydu,nəvəm
Var olanlar var idi,amma yox üzərində
Çoxlar az üzərində,azlar çox üzərində
Dünya barmaq ucunda,dünya ox üzərində
Dönürdü,fırlanırdı
Hər şey dolub-daşırdı,hər şey sıfırlanırdı

Yat,başın dizim üstə
Oyan,gəz üzüm üstə
İzin qoy izim üstə

Var olanlar yuxunda yox kimi görünməsin
İynələr damarında ox kimi görünməsin
Bir azdan həkim gəlib dərdin azalacaqdır
Sənə qan vurmaq üçün səndən qan alacaqdır
Yuxunun da ömürtək şirini,acısı var
Uşağın uşqunmağı,böyüyün “çıs-çısı” var
Var olan baban sənə dur deyir Tuncər balam
Ömür-gün savaşında ol mənə səngər balam
Həmişə üzülübdür canımız can ucundan
Canlar öləziyibdir bir damcı qan ucundan
Dünya bizdən qabaq da əcəb yuxuyudu,nəvəm
Hamı varıydı,ancaq heç kim yoxuydu,nəvəm
Dünya bizdən sonra da əcəb yuxu olacaq
Sənin öz nəvənin də varı,yoxu olacaq
Olacaq yuxu kimi..
Dağılsın gözlərindən yuxular qorxu kimi

KİM OLSA ,AND OLSUN,ALDANACAQDIR

Mən yalan satanam,sən yalan alan
Ay mənim dərdimə,sərimə qalan
Dünyada yalandır,sevgi də yalan
Mən özüm yalandan vuruldum yaman
Bu yalan dünyaya,yalan sevgiyə

Necə de,necə də vurulmayaydım
Məni bu dünyaya salan sevgiyə
Sonra da qaytarıb alan sevgiyə
Məni də,səni də alandan sonra
Bu qalan dünyaya,qalan sevgiyə

Sevgi də insana daldanacaqdır
Dünya da insana daldanacaqdır
Kim olsa,and olsun,aldanacaqdır
Bu yalan dünyaya,yalan sevgiyə
Bu yalan dünyaya,yalan sevgiyə

ÜRƏYİNİ

Səbəbsiz-filansız qaralsa qanın
Ağ-ağ vərəqlərə yaz ürəyini
Sabah olmayacaq bugünkü canın
Deyirəm ki,incit az ürəyini

O sənə lazımdır,sən ona lazım
Yeri var birlikdə çəkilən nazın
Hər sözü söz edib,mənim sözbazım
Gəl,nasaz eləmə saz ürəyini

Çoxu ürəyini gizlədir,danır
Sanır ki,ürəkdir-ətdir nə qanır
Görmürsən,soyumur,yanır,hey yanır
Yanar ürəyimə bas ürəyini

Mən ayrı,sən ayrı deyib çox zaman
Özün öz qəlbini sındırma aman
Səndə yer yoxdursa,ey qansız insan
Gəl,mənim sinəmdən as ürəyini

ŞİRMƏMMƏD

(Çağdaş jurnalistikamızın şirinə - Şirməmməd Hüseynova ithaf
edirəm)

Məmməd var-Mirməmməddir.
Məmməd var-Pirməmməddir.
Məmməd var- çör-çöp kimi ...
Məmməd var-tir Məmməddir.
Məmməd var-dibdənçıxma ...
Məmməd var-cır Məmməddir.
Məmməd var-saqqız sayaq ...
Məmməd var-qır Məmməddir.
Hər Məmməd bir Məmməddir.
Bu Məmmədlər içində
Daha bir Məmməd də var.
O-bizim Şirməmməddir.

ÜRƏYİM

Mənlik olan şeylər mənlik olmadı.
Dəli ürəyim!
Sənlik olan şeylər sənlik olmadı.
Bəli,ürəyim!

Özün başa düşüb biləsən gərək,
Qədərdən-qismətdən qaça bilmədim.
Çox yerdə mən səni istədiyimtək
Göstərə bilmədim,aça bilmədim.
Dəli ürəyim,
Bəli,ürəyim!

Gizlətdim,gizlətdim səni o qədər
Sinəmdən sıyrılıb çıxmaq istədin.
Sızlatdım,sızlatdım səni o qədər
Məni acığından yıxmaq istədin.
Dəli ürəyim,
Bəli,ürəyim!

Çaxdı şimşəklərin,yağdın da belə,
Dönüb göz yaşıma axdın da belə.

Olanlar Haqdandır,sınma,qırılma.
Hər dərdi dərindən duyma,nə olar?
Sənə qurban olum,bir də vurulma,
Bir də bu sevgiyə uyma,nə olar?

Nə mən keçə bildim üzündən sənin,
Nə də sən əl çəkdin öz bildiyindən.
Sən mənim canıma kəsildin qənim
Xəbərin olunca sevildiyindən
Ağlını başına yığmadın əsla,
Dininə,donuna sığmadın əsla,
Dəli ürəyim,
Bəli,ürəyim!

Bilmirəm gözünə çəkimmi millər,
Bilmirəm ağzına daşlar basımmı?
Ay Allah,nə imiş səndəki dillər,
Durum yenə sənə qulaq asımmı?
Özümü bəlaya salımmı yenə,
Ağrıyıb ağrını alımmı yenə?

Nə məndə o güc var,nə səndə o zor,
Az məni tıncıxdır,az özünü yor.
Yanında günahım varsa,bağışla.
Sinəm səndən ötrü darsa,bağışla.
Məni də özüntək dəli bil,dəli,
Dəli ürəyim!
Bizim qismətimiz belədir,bəli,
Bəli,ürəyim!

ÖZÜM HAQQINDA ARAYIŞ

Mən özümdən hallıyam,
içkidən məst deyiləm.
Daşa da inanıram
və bütpərəst deyiləm.
Bir qurtum şampan üçün
fransızı qucmuram.
Rus arağından ötrü
Moskvaya uçmuram.
London adı gələndə
süyəlib yayılmıram.
Nyu-York həvəsiylə
qəşş edib bayılmıram.
Romada xaç çevirib,
Məkkədə ayılmıram.
Harda olursam – olum,
özüm oluram deyə
özgəsi sayılmıram.

Mən özümdən hallıyam,
içkidən məst deyiləm,
Çünki şikəst deyiləm.
Öz oynum,öz havam var,
Öz beynim,öz qafam var.
Sənə də baş əyirəm,
ey Allahın bəndəsi,
Sən nurdan yaranmısan,
olsana nur kündəsi.

ƏMANƏTİ

Məhəbbətdən artıq dövlət,var olmaz,
Dövlət əmanəti,var əmanəti.
Sevməyən adamda etibar olmaz,
Yar bilər ki,nədir yar əmanəti.

Sənə qurban olum,ay şəlaləsaç,
Yaxanı düymələ,ürəyini aç.
Hava xoş keçəndə bar tutar ağac,
Elə ki bar tutdu,bar əmanəti.

Günbəgün gedirik sabaha sarı,
Salma qəribliyə sözümü barı.
Açıqda saxlama gülöyşə narı,
Əlimə çatınca nar əmanəti.

Gül üstə şeh olar,gül üzlərdə tər,
Az məni ağ yuyub,sonra qara sər.
Ardan qurşaq olmaz,namusdan kəmər,
Namus,abır-həya,ar əmanəti.

Məni,Vaqif Aslan,yaram yandırır,
Halala qatılan haram yandırır.
Bu dağlar oğlunu aran yandırır,
Ay mənim dağlarım,qar əmanəti.

ATA

Ana candırsa əgər,canda olan candır ata.
Nə qədər varsa nəsil,dövr eləyən qandır ata.

Ana gündürsə,inan,Aydır ata övlad üçün.
Ana torpaqdır əgər,göydür,asimandır ata.

Yoğurub yapdı bizi südlə sümükdən Yaradan.
Ana taxt,onda durub hökm eləyən xandır ata.

Südü qoymaz ananın övladına dərd yetişə,
Atılan ox,çalınan qılınca qalxandır ata.

Vaqif Aslan,ananın ruhu başın üstə gəzir,
Doğmadır daim ana,daim mehribandır ata.

GƏLİM

Əl qatanda sənə məşşatə,
tamaşaya gəlim...
(Şəhriyar)

Hayıma hay verənim,hay elə ki,haya gəlim.
Ölsəm,çağır,dirilim,bir də bu dünyaya gəlim.

Qoy gəlinlik donunu qalxım,öz əlimlə alım,
Bəzəsinlər səni hey,mən də tamaşaya gəlim.

Geyinim bəy libası,əl uzadım əllərinə,
Salınan gərdəyinə eşqi tutum qayə gəlim.

“Üz görüm,çək”əvəzi canımı qiymət eləyim,
Üstünə salmaq üçün bir əbədi sayə gəlim.

Təyin et vaxtı özün,seç saatı,saniyəni,
Üz tutum mən o günə,xoşladığın aya gəlim.

Bir nişan ver ki mənə,yerdə hara xoşdu sənə,
Yerdə yoxdursa yerin,yüksəlim səmaya gəlim.

Dilimiz bir,dinimiz bir,nə şikayət,nə giley?
Yaraşarmı mənə heç əhvə,təmənnaya gəlim?

Şirsə də Şəhriyarın şeiri əlində şəmşir,
İstəyirsən,belə bir şir ilə davaya gəlim.

Vaqif Aslana olub qəsdi səni xəlq edənin,
Hökm edibdir Yaradan eşq ilə mənaya gəlim.

SƏNDƏ ŞAİR OLMAMAQ DA GÜNAHDIR

Qanqalını gözüm üstə qoyaram,
Zərrən üçün gözlərimi oyaram.
Nəfəsini yüz illikdən duyaram,
Eşqin ilə arzum budaq-budaqdır.
Səndə şair olmamaq da günahdır.

Xoş yazına, sərt qışına vuruldum,
Çiskininə, yağışına vuruldum,
Çınqılına,sal daşına vuruldum
Adın mənim yollarıma çıraqdır,
Səndə şair olmamaqda günahdır.

Bu dünyada qərənfil çox,lalə çox,
Amma sənin lalən kimi lalə yox.
Bulağının naləsi tək nalə yox,
Bulaqların nə nəğməkar bulaqdır,
Səndə şair olmamaq da günahdır.

Uşaqlığım belə döydü,ey yuvam,
Sevda məni yaman əydi,ey yuvam.
Cana gəldim,ətrin dəydi,ey yuvam,
Torpaq ki, var övladına dayaqdır,
Səndə şair olmamaqda günahdır

Şair sənsən,şeir deyən dilin – mən,
Sərkərdəsən, qılınc vuran əlin – mən.
Gözəl sənsən, sevgilin – mən, dəlin – mən,
Bilmirsənmi oğlun Kərəmsayaqdır?
Səndə şair olmamaq da günahdır.

Dərdlərimin dərmanıdır yaylağın,
Kolun-kosun, daşın-qumun, çaylağın.
Mən ölmərəm, sinəm üstə torpağın
Gül açacaq zaman-zaman,bu – haqqdır,
Səndə şair olmamaq da günahdır.

OĞUZ BƏYLƏRİ VƏ XATUNLARINA
VAQİF ASLAN SALAMI


Salam,ağ ban evləri qızılı tağlı bəylər!
Qızıl dirəkli bəylər,qızıl otaqlı bəylər!
Toyu ortaqlı bəylər,yası ortaqlı bəylər!
Çoxu ortaqlı bəylər,azı ortaqlı bəylər!
Qışı ortaqlı bəylər,yazı ortaqlı bəylər!
Keçərək neçə qışdan,keçərək neçə yazdan
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Salam,Burla xatunlar,salam,analar,salam!
Nağılları şipşirin noğul nənələr,salam!
Əl çatmayan qadınlar,ürkək sonalar,salam!
Salam,xınalı əllər,bəyaz cunalar,salam!
Ey gəlin otaqları,xoşbəxt binalar,salam!
Ürəyincə kam alıb bu sevgidən,bu nazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Qavaldaşı qavaltək gumbur-gumbur çalanlar,
Çal qaraquşdan betər ovu göydə alanlar,
Sür qara nizəsiylə yadı atdan salanlar,
Nər kimi döyüşənlər,ər kimi ucalanlar,
Bir yerdə ömür sürüb,qarıyıb qocalanlar,
Qara poladüz qılınc təmizləndikcə pasdan
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Salam,Dəli Domrula canından can verən qız!
Bizlərə nəsil-nəsil qanından qan verən qız!
Qanturalıya qüvvət,Beyrəyə yan verən qız!
Buğanı,nər dəvəni,şiri nişan verən qız!
Bəy doğub,xan yetirib,ulu xaqan verən qız!
Qızımıza pay düşüb saçındakı qotazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Ağca tozlu bərk yayı olan ərlər,ərənlər,
Oxu sancılan yerə gəlib salam verənlər,
Qırmızı qaftan geyib ulu bəylik görənlər,
Apalaca otaqda şirin ömür sürənlər,
Sevincə qucaq açıb,dərdə sinə gərənlər,
Üzünə su çırparaq ana Kürdən,Arazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Ağ üzdə lalə rəngi qar üstə qan yeridir,
Səhər-səhər gün düşüb qızaran dan yeridir.
Üç öpüb bir dişləmək yardan nişan yeridir,
Yanıqlı qalanların lap alışan yeridir.
Qıyımsızlıq olmasın,quzu qurban yeridir,
Gərildikcə sim kimi titrəyib bu avazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Bir içim su içincə sulara baş əyənlər,
Çəmənləri oxşayıb,qayaları öyənlər,
Daşına daş dəyəndə ürəyi göynəyənlər,
Başını qurban deyib,dəmirdən don geyənlər,
Qurdla salamlaşanlar,şir ürəyi yeyənlər,
Lap elə bu səbəbdən,lap elə bu əsasdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Təpəgözün bürcünü haqq özü burdu,axı!
Yalancığın yalanı gözünə durdu,axı!
Çaxdı bir ağ ildırım,başından vurdu,axı!
O vaxtdan kor qalanlar hələ də kordu,axı!
Bəy qarğışı keçəndi,alqışı zordu,axı!
Üstündə xeyir-dua,qorunub natarazdan
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Qaba ağacımızı kəsilməyə qoymadıq,
Axar sularımızı əskilməyə qoymadıq.
Yağılar sərt danışdı,hədəsinə uymadıq.
Yurddan gözəl yer olmaz,doymadıq ki,doymadıq.
Doğrandıq qıyma-qıyma,tikəsini qıymadıq,
Sizə müjdələr verib alınacaq qisasdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Köksü gözəl dağımız ucalıb,yıxılmayıb,
Bar veribdir bağımız,vədəsiz yığılmayıb.
Qazlıq at,ağ-boz ayğır buxovda sıxılmayıb.
Ağ dəvə,qızıl dəvə hesabdan çıxılmayıb,
Kafirin ülgücüylə başımız qırxılmayıb.
Sağ-salamat çıxmışıq çox şaxta,çox ayazdan,
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Salam,böyük bayraqlı öndərlər,bəylər,xanlar!
Damarında imisti oğuz qanı axanlar.
Salam,Salur Qazanlar – Tanrıya düz baxanlar!
Elalmış,Tərsuzamış – şimşək kimi çaxanlar.
Dağlara çən gələndə yerindən dik qalxanlar.
Söz açıb Qaragünə,Düyər,Dəli Dondazdan
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan.

Bəxt açılan saatda,ruhun gülən günündə
Adı görklü ərlərin toyunda,düyünündə,
Dədəm Qorqud nidası,Dədəm Qorqud ünündə
Məhəmməd Mustafanın üzü suyu yönündə
Amin!Səcdəyə gəldim ağ alnınız önündə!
Göy-qara bağlayanlar çıxsınlar daha yasdan, –
Ruhunuz qarşısında baş əyir Vaqif Aslan!

OXUCUMA

Oxucum,təşəkkür sənə bu başdan!
Bir sən,bir mən olaq,bir də o Allah.
Halal çörək kimi çıxmasa daşdan
Söz də ləzzət verməz adama,vallah.

Olsun ki,çıxmışıq qabaq-qabağa,
Haçansa baş əyib salamlaşmışıq.
Yoxdur ehtiyac da taxta-tabağa,
Elə bəsimizdir bu nur,bu işıq.

Sən də mənim kimi ömrün uzunu
Kim bilir nə qədər yazı oxudun.
Seyr edib göydəki bəxt ulduzunu,
Yerdəki ədanı,nazı oxudun.
Gördün gedərgidir dövlət də,var da,
Çoxun çoxluq etdi,azı oxudun.
Bəzən də qol açdın toyda,mağarda,
Toyun qurtarmamış yası oxudun.

Mən özüm ərk edib salıram yada,
Yoxdur oxunmayan bir şey dünyada.
Günəş də,ulduz da,Ay da oxunur,
Yarpaq da,torpaq da,çay da oxunur.
Oxunur,pərişan tellər oxunur,
Çiyinlər oxşanır,bellər oxunur,
Sinələr,sinədə güllər oxunur.
Oxunur,oxunur,nə var oxunur,
Etibar oxunur,ilqar oxunur.

Adam var,.. sözünü üzüylə deyir,
Bilmirəm neçə cür üz oxumusan.
Adam var,.. qaşıyla,gözüylə deyir,
Neçə qaş anlayıb,göz oxumusan.
Adam var,.. sözünü sözüylə deyir,
Hər sözdən nə qədər söz oxumusan.
Əyri oxumusan,düz oxumusan,
Öz qismətindir.
Yeriş oxumusan,iz oxumusan.
Əhsən!.. Oxumaq da yaman çətindir!

Gör nələr çəkibmiş əl oxuyanlar,
Bir süzgün baxışdan “gəl” oxuyanlar.
Ömür vərəqləyib,il oxuyanlar.
Dillərin içində dil oxuyanlar,
Qamış qələm ilə gil oxuyanlar.

Oxusan,qaya da,daş da oxunur,
Quru da oxunur,yaş da oxunur.
Qaçmaq mümkünmüdür oxuculardan?
Ürək də oxunur,baş da oxunur.

Demirəm boş yerə zorla özünü,
Oxu kitabımı sən sətir-sətir.
Ay gözünə dönüm,gözlə gözünü,
Çoxdur oxunası nağıl,əsatir.

Amma ki,amma ki insan kitabı
Bütün kitablardan qalın kitabdır.
Yoxdur vərəqinin sayı-hesabı,
Sinə dəftərdirsə,alın kitabdır.

Təpədən dırnağa yazıdır insan,
Odur möcüzəsi bu təbiətin.
Özgəni oxumaq asandan-asan,
Özünü oxumaq çətindən-çətin.

Sənin öz qədərin,öz qismətin var,
Layiq olduğuna layiq olasan.
Qismətlər içində söz qismətin var,
O söz deyiləndə ayıq olasan.

Biz ki tanımırıq bir-birimizi,
Amma and içirəm yer-göy qarışıq.
Elə yaradıb ki,Yaradan bizi,
Birimiz güzgüyük,birimiz işıq.

Əlhəzər xətirçün xəstə düşəndən,
O üzəgörədir,ondan kar aşmaz.
Mən ki gizlətmirəm özümü səndən,
Məndən də gizlənmək sənə yaraşmaz.

Neynim,zaman-zaman dolduqca daşdım,
Özüm də bilmədən özümü aşdım.
Qolumdan tutası kəsim olmadı.
Hər gün axşam oldu,sabaha qaçdım,

Ay gördüm təntidim,gün gördüm çaşdım,
İmdad diləyəsi səsim olmadı.
Göydə ulduz-ulduz gəzib dolaşdım,
Yerdə çiçəklərə könlümü açdım,
Bəsim olmadı.

Oxucum,yenə də etmə etibar
Aydın zamanıma,sakit anıma.
Burula-burula gedən yerim var,
Bilməzsən,düşərsən burulağanıma.

Sözüm sığal çəkər bəzən meh kimi,
Bəzən ildırımtək səni qamçılar.
Görərsən gül üstə düşən şeh kimi
Sözə qızıl qanım necə damcılar.

Hər damlam bir böyük dalğaya dönər,
Səni yavaş-yavaş udar,əzizim.
Boğulmaq sənə də şirin görünər,
Şirinlik canını tutar,əzizim.

Yanğılar,ağrılar yoxsa canında,
Sənə yalvarıram,oxuma məni.
Onun qabağında,bunun yanında,
Köhnə həsir kimi toxuma məni.

İndi bu mən,bu sən,məqamdır,gərək
Toqquşaq toqquşan ulduzlar sayaq.
Qaynayıb köpürək qoşa bulaqtək,
Arzumuz çin olsun,bəxtimiz oyaq.

Qəlbimiz ilahi həvəslə dolsun,
Səsimiz bilinsin səslər içində.
Kaş Allah eləsin,bir kəs də olsun,
Sənə yaxın olan kəslər içində.

Təqdim etdi: Tural Adışirin

_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”