Qarabag Media
Haqqımızda Əlaqə

Qırmızı Toyotalı oğlan


Tarix:31-07-2019, 01:15 Kateqoriya:Manşet / Qəhrəmanlar

Qırmızı Toyotalı oğlan

Vətən, torpaq yolunda şəhid olan hər hansı bir şəxs haqqında, onun keçdiyi həyat yolundan söhbət açmaq, onun ömür yolunu araşdırmaq mənim üçün nə qədər çətin və keşmə-keşli bir yol olsada, bu kövrək, olduqca şərəfli, rəşadətli anlarla zəngin olan, lakin nakam bir qəhrəman ömrünü çözmək bir o qədər önəmli yoldur.

Qeyd edim ki, şəhidlər bu dünyadan getsələrdə zaman-zaman el-obanın dəyərli insanlarının xatirində yaşayarlar. Xoş o insanların halına ki, Vətən uğrunda, el-oba yolunda şəhid olmuşdur. Hər döyüşən qazi olmadığı kimi hər ölən kəs də şəhid sayılmaz demişlər. Torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək öz canlarını Vətən yolunda fəda edənlər isə şəhidliyin ən ali mərtəbəsinə yüksələnlərdir. Şəhidlər bizim and yerimiz, onların getdiyi yol isə ucalığa, ölməzliyə, müqəddəsliyə, əbədiyyətə gedən işıqlı bir yoldur. Erməni təcavüzkarlarının Azərbaycan Respublikasına qarşı torpaq iddiaları ilə başlanan Qarabağ müharibəsində doğma Vətənimiz Azərbaycanın igid oğulları kimi sinəsini Vətən yolunda sipər edərək şəhid olmuş igid oğullarımızdan biri də Qasım olmuşdur.

Alxasov Qasım Ayaz oğlu 1968-ci il 12 yanvar tarixli bir gündə Laçın rayonunun Alxaslı kəndində çox gözəl bir kəndli ailəsində dünyaya göz açıb. Ailədə doqquz övlad olmuşlar — 4 qız, 5 oğul. Qasım ailənin beşinci övladı idi.

1976-cı il sentyabr ayının 1-də Qasımın həyatında yeni bir dövr — orta məktəb illəri başlandı. Oxuduğu dövr ərzində Qasım zahirən digər şagirdlərdən bir o qədər fərqlənməsədə daxilən bir çoxlarından fərqli idi. 1986-cı il 2 iyun tarixli gündə Laçın rayon hərbi komissarlığına təqdim etmək üçün Kürdhacı kənd orta məktəbindən verilmiş xasiyyətnamədən oxuyuruq: "Oxuduğu müddətdə o, məktəbin bütün ictimai işlərində fəal iştirak etmiş, özünü təşkilatçı bir şagird kimi göstərmiş, müəllim və şagird kollektivinin dərin hörmətini qazanmışdır." Bu xüsusiyyətlərlə Qasım həyatının sonrakı pillələrində — həm Rusiyada yaşadığı dövrdə, həm də Qarabağ müharibəsi zamanı döyüş meydanında da döyüş dostları arasında çox böyük hörmət və məhəbbət qazanmışdı.

Atası Ayaz kişi (Alxasov Ayaz Qasım oğlu) Laçın rayonunun Alxaslı kənd "Qızıl Ordu" adına fermada zootexnik vəzifəsində, anası Ziba xala (Alxasov Ziba Qaraş qızı) isə həmin fermanın nəznində Alxaslı kənd xəstəxanasının filialı kimi fəaliyyət göstərən tibb məntəqəsində çalışırdı. Hər iki valideyn fermada çalışanlarla birlikdə bahar gələr-gəlməz üzü yaylağa, payız fəslinin ortalarından isə geriyə qışlağa doğru köç etməsinə baxmayaraq öz övladlarının təlim-tərbiyəsinə laqeyd yanaşmamış, oxuyub orta təhsil almaları üçün əllərindən gələni əsirgəməmişlər. Elə bu səbəbdəndə Qasımda digər bacı-qardaşları kimi məktəb illərinin çox hissəsini Kürdhacı kənd ümumtəhsil orta məktəbində davam etdirmişdi. Ana nənəsi Qızdarbanı (Atakişiyeva Qızdarbanı Kalbalı qızı) nənənin yanında qalıb təhsil alan Qasım məktəbdə yaxşı oxumaqla yanaşı yaxşı davranışı ilə də digər şagirdlərdən seçilirdi.

Qasım hər il yay tətilində valideyinlərinin yanına Çalbayıra, yaylağa gedərdi. Təbiət vurğunu olan Qasım yaylaqda olduğu müddət ərzində təbiəti seyr edər, çöl-çəməndə oynayar, at çapmağı və bulaq başında oturub nahar etməyi çox sevərdi. Hərdən gələcək arzuları haqqında olan fikirləri anası Ziba xala ilə bölüşən Qasım avtomobil almağı daha çox vurğulayardı. Ən böyük uşaqlıq arzusu isə valideynlərinin ahıl vaxtında onların qulluğunda dayanmaq, onların qayğısını çəkmək idi.

Qırmızı Toyotalı oğlan26 iyun 1986-ci ildə Kürdhacı kənd ümumtəhsil orta məktəbinin X sinfini (tam orta təhsili) müvəffəq qiymətlərlə başa vuran Qasım həmin ilin payız fəslində hərbi xidmətə yollandı. Hərbi xidmət illərini Uzaq Şərqdə Rusiya Federasiyasının sərhədləri içərisində, Primorsk diyarının mərkəzi və liman şəhəri olan Vladivostokda yerinə yetirdi. Bu illər Qasımın uşaqlıq arzularından xeyli fərqli olaraq onun taleyini Laçından, doğma el-obası Alxaslıdan, valideynlərindən çox- çox uzaqlara, "dünyanın o başına" bağladı. Hərbi xidmətini başa vurduqdan sonra Uzaq Şərqdə dənizçilik məktəbinə daxil olur və müvəffəqiyyətlə təhsilini başa vuraraq xarici ölkələrə üzən okean gəmilərində işə düzəlmiş, hələ gənc ikən Kubanın, Koreyanın, Yaponiyanın və digər xarici ölkələrin sularında üzmüşdü. Yaponiyaya səfəri zamanı uşaqlıq arzularının birini reallaşdırır — Yaponiya istehsalı olan qırmızı rəngli "Toyota" markalı avtomobil alır.

Vətəndən uzaqda olsa da günləri biri- birindən maraqlı, mənalı, qayğısız keçirdi. Lakin 1988- 1990- cı illərdə doğma vətəni Azərbaycanda baş verən hadisələr Qasımın qayğılarını artırdı. Altı illik ayrılıqdan sonra 1991-ci ilin iyun ayında Qasım aldığı avtomobillə doğma Vətənə — qartal yuvası Laçına dönür. Alxaslıda və digər ətraf kəndlərdə olan qohum-əqraba ilə görüşən Qasım onu tanıyıb-tanımayanlar arasında "Qırmızı Toyotalı oğlan" adı ilə daha çox tanındı. O, hədsiz dərəcədə istiqanlı, təmkinli, ağır təbiətli, öz ağlı ilə hərəkət edən, gözütox, olduqca inadkar olmasına baxmayaraq zarafatı sevən, mehriban, qohum-əqrabaya qarşı yanımcıl, qeyrətli və böyük arzulu bir cavan idi. Özündən böyüklərə və kiçiklərə, yaşından aslı olmayaraq hər kəsə "Can-ciyər" — deyə müraciət edərdi.

1992-ci ilin əvvələrində isə Uzaq Şərqə doğma vətəni Azərbaycandan gələn xəbərləri eşidən Qasımın səbri tam tükəndi. Xəyala daldıqca eli, obası — Laçın, doğma Alxaslı kəndində, Çalbayırda keçən günləri şirin xatirə kimi gözləri önündə canlandı. Qarabağın Laçın elinin yanğılı harayına çatmaq istəyi Vladivostokun Dobrovolskaya küçəsində ki 13 saylı binanın 41- ci mənzilində (şəxsi evindən) yaşayan Qasımın ən böyük arzusuna çevrildi. Vətənsə uzaqda, çox-çox uzaqda, əlçatmaz, ünyetməz bir yer idi.

Artıq xeyli vaxt idi ki, Qasım Qarabağ, Laçın həsrəti, Qarabağa, Laçına qayıtmaq arzusu ilə yaşayırdı. Ata- baba yurdunda düşmənin meydan sulayıb at oynatmasını qeyrətinə sığışdırmırdı. Qəlbi "qisas" eşqilə döyünür, bütün varlığı ilə özünü cəbhəyə od- alov içərisinə atmaq, vətənin müsəlləh əsgəri olmaq istəyirdi. Bu onun ən böyük arzusu idi. Qarabağ yarası dərinə işlədikcə, biri- birindən bəd xəbərlər Odlar Yurdundan Uzaq Şərqə yol aldıqca Qasım özünə yer tapa bilmir, qəlbində düşmənə qarşı qəzəb və hiddət hissləri artır, tez- tez öz eloğullarına deyirdi ki, gəlin Qarabağa gedək, bəsdir bu alçaqlar el-obamızı incitdilər.

Günlər ötdükcə Qarabağa qayıtmaq arzusu Qasımın rahatlığını əlindən alırdı. 1992-ci il iyun ayının axırlarları idi. Qasımın səbri tükənmişdi, heç kimə uyuşmurdu. Nəhayət, Qarabağa qayıtmaq fikrini qətiləşdirib yır-yığış edib pal–paltarını qablaşdırdı. Yoldaşları onun Vətənə, erməni quldurları ilə haqq-hesab çəkmək üçün yola düşdüyünü bildikdə ona işini, iş yerini xatırlatdılar. "Vətəni qorumaqdan vacib nə iş ola bilər!?" — cavabını söyləyən Qasım ertəsi gün Vladivostokun Ussyriysk hava limanıandan vətənə xidmət etməyi özünə bir borc bilərək Azərbaycana yola düşdü.

Uzaq şərqdən Bakıya, Bakıdan isə Döylərə (Ağcəbədi rayonunun ərazisində, Kür çayının kənarında qışlaq), valideynlərinin müvəqqəti məskunlaşdığı qışlağa gəldi. Çoxları, eləcə də ailə üzvləri, qohum-əqrəba elə bilirdilər ki, Qasım valideyinlərinə baş çəkməyə gəlib. Heç kimin ağlına belə gəlmirdi ki, "Qırmızı Toyotalı oğlan" Uzaq Şərqdən, Vladivostokdan gəlib Laçın dağlarında döyüşə gedir.

Hər Vətənə dönəndə ata-anası ona "evlən" desələr də, hələ tezdir söylərdi. Bu səbəbdəndə hələ ailə qurmamışdı.

Alxaslı camaatının çox hissəsinin məskunlaşdığı Ağcabədi rayonunun Döylər qışlağında Laçın elinin igid oğulları alınmaz qala olan Laçın dağlarında döyüşməyə hazırlaşırdılar. Qasımda onlarla birlikdə idi. Onlar iyunun 29-u Döylər qışlağından Bakıya yola düşdülər. Bakıda yaradılmış Laçın hərbi qərargahında Laçın igidlərindən təşkil edilmiş könüllü döyüşçülər dəstələrə bölündülər. Qasımgilin dəstəsi 1992-ci il iyulun 1-ində axşamçağı Bakı şəhərindən Kəlbəcər rayonuna doğru yol aldı.

İyulun 2-si Kəlbəcər rayonunun Qılıçlı kəndinə çatan Qasımgil hərbi qərargahda silah və sursatla təmin edilib Laçın rayonunun Şamkənd kəndinə yola düşdülər. Gecəni Qorçu kəndində xəstəxanada keçirən dəstə üzvləri iyulun 3-ündə Şamkənd kəndinə çatdılar. Hərbi and içdikdən sonra dəstə bir neçə gün hərbi təlim keçib döyüşə hazır vəziyyətə gəldi.

Beləcə, Vətənimizin cəngavər oğullarından olan Qasımın həyatında barıt qoxulu anlar, quduz düşmənlə üz-üzə dayanacaqlı, erməni cəlladlarına qarşı gedən döyüşlərdə rəşadətli günlər başlandı.

Qasım döyüşə Təzəkənd kəndinin qarı düşməndən təmizlənməsi ilə başladı. Bu döyüşdə ölümlə üz-üzə dayanan igid oğullarımız qana-qan deyərək düşmənlərin tutduğu mövqeyə üç istiqamətdən zərbə endirib Təzəkəndi düşmən tapdağından azad etdilər. İlk döyüş müvəffəqiyyətlə və itkisiz sona çatdı. Beləliklə döyüş əməliyyatları uğurla davam etdirildi. Qorxmaz, cəsur, çevik, qayğıkeş, yorulmağın nə olduğunu bilməyən Qasım müharibə şəraitinə uyğunlaşdı. Bu xasiyyətlərinə görə döyüşçü yoldaşları arasında rəğbət qazandı, onlara nümunə oldu.

Qasımgilin dəstəsi daha sonra Pircahan, Qoşasu, Mişni, Alxaslı, Minkənd və bir çox digər kəndlərin düşməndən azad edilməsində iştirak edərək xüsusi fədakarlıq göstərib, düşmənə bir-birindən ağır zərbələr endirdilər. Qasımın ata yurdu Alxaslı kəndi onun öz iştirakı ilə qarı düşmən tapdağından azad olundu. Döyüş yoldaşları ilə kəndə daxil olan Qasım öz gözlərinə inana bilmədi. Kənd erməni faşistləri tərəfindən darma-dağın edilmişdi. 64 ev, kənd məktəbi, xəstəxana və sovxozun idarə binası tamamilə yandırılmış, kənd xaraba-zara çevrilmişdir.

Qasım hələ uşaqlıqdan idmanla məşğul olurdu. Rusiyada yaşadığı vaxtlarda idmana daha çox diqqət artırmış, karete ilə məşğul olmuşdur. Döyüş yoldaşlarına bu idman növünü öyrətməyə çalışmaqla yanaşı döyüş meydanında da bu idman növü onun köməyinə yetirdi. Hətta kəşfiyyat və döyüş zamanı əlbəyaxa döyüşlə düşməni ya məhv edər ya da əsir götürərdi.

Böyük hünər və mətanət sahibi olan Qasım gecələr kəşfiyyatda olar, gündüzlər isə döyüş meydanında at oynadardı.

Hoçaz yüksəkliyi uğrunda döyüşlər başlandı. Bu döyüşlərdə Qasım xüsusi fədakarlıq göstərdi. 1992-ci il iyulun 29-u günü Hoçaz kəndi düşmən tapdağından azad olundu. Qasımgilin dəstəsi kənddə yoxlama aparan zaman döyüşdən canını zorla qurtarıb "QAZ-66 " markalı maşının arxasında gizlənən və maşına yaxınlaşan bir qurup Azərbaycan əsgərini məhv etmək üçün fürsət gözləyən düşmən Qasımın diqqətindən qaçmadı. Güclü hissiyatı və iti baxışları olan Qasım düşmənin üzərinə hücum çəkdi. Düşmən gözlənilməz hücumdan bir anlıq özünü itirsədə ölümünün son anında Qasıma atəş açmağa imkan tapdı. Döyüşçü dostlarını xilas edə bilsədə son anda canından əziz bildiyi Vətən torpağını öz qanı ilə suvararaq Qasım şəhid oldu. Həyatını vətənə, torpağa, xalqa qurban verdi.

Döyüş sona çatdı, ancaq Hoçaz uğrunda gedən döyüşdə qədim Oğuz yurdu olan Laçın eli yeddi qəhrəman vətən oğlunu şəhid verdi. Hoçaz kəndindən Kamil və Asəf Məmiyev qardaşları, Minkənddən Vüqar Babaverdiyev, Vağazin kəndindən Səməd Əmirov, Bozgüney kəndindən Müzəffər Qiyasov, Alxaslı kəndindən Polad Bəylərov və Qasım Alxasov Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldular. Bu döyüşdə xüsusi xidmətləri olan həmin döyüşçülər qələbənin sevincini yaşaya bilmədilər. Həmin gün axşam televiziya və radio vasitəsi ilə bu bəd xəbər həlak olanların ailə və yaxınlarına çatdırıldı.

1992-ci ilin 1 avqust tarixdə Qasımın cənazəsi Bakının Səbail rayonunun ərazisində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Uzaq Şərqdə Sakit okeana çıxan dəmir yol magistralının son nöqtəsi olan Vladivostok şəhərində yaşayıb çalışan, Sakit okeanın sularında tam qayğısız üzən, dünyanı gəzən Qasıma Qarabağ uğrunda gedən ədalətsiz müharibəyə heç bir dəvət göndərilməmişdi. Onu Vətənə millət qeyrəti, yurd həsrəti, milli qürur, düşmən tapdağında inləyən torpaq harayı, el-obanın dərdi qaytardı. Xocalı soyqırımının acıları, Şuşanın işğalı, neçə-neçə Qarabağın azərbaycanlı kəndlərinin od vurularaq yandırılıb viran edilməsi, onu bu müharibəyə, qisasa səslədi. Bir çoxları hərbi xidmətdən yayınmaq üçün min bir bəhanə axtaranda, Vətəni dar gündə qoyub xaricə getmək üçün müxtəlif yollar arayanda, xarici ölkələrə üz tutub qaçanda Qasım Alxasov cibində xarici ölkə pasportu, xaricdə evi, iş yeri olsa da, heç bir qayğısı olmadan Sakit okeanın sularında üzsə də od içində yanan Laçın elindən keçə bilmədi. Yurd yerinin, Vətənin harayına səs verdi, müharibə acılarını daddı, düşmənin qarşısına cəsurluqla çıxdı...

Qasım döyüşlərə atılaraq məqsəd və məramına möhür vurdu, öz ölümü ilə onu təsdiq edərək şəhidliyin ən uca zirvəsinə yol açdı. Öz əməlləri ilə müqəddəs şəhid adını qazanaraq hər zaman el-obanın yaddaşında qaldı. Uzaq Şərqdə yaşasada hər anı, hər dəqiqəsi Vətənlə bağlı olan igid oğul son anda öz canını Vətən torpağına tapşırdı.

Nakam eloğlumuz Qasımın hər kəlməsi, düşüncəsi, arzu-diləyi doğma el-obanı mənfur düşmən tapdağından azad etmək oldu və bu yolda da əbədiyyətə qovuşdu. Bağışla, qəhrəman Vətən oğlu, bağışla ki, həyatın bahasına düşmən tapdağından azad edərək al-qırmızı qanınla suvardığın torpaqlar bu gün yenə də düşmən tapdağındadır. O yerlərdə narahat gəzən ruhun qarşısında günahkarıq. Çünki dədə-baba torpaqlarımızı qoruyub
Qırmızı Toyotalı oğlansaxlaya bilmədik. Bağışla...! Ancaq ümidsizliyə qapanmaq olmaz. Koroğlular, Xətailər, Babəklər dünyaya gətirən azərbaycanlı analar yəqin ki, bir daha Vətənə belə oğullar bəxş edəcək, torpaqlarımız düşməndən azad olunacaq.
Ruhun şad olsun, Vətən övladı!
Sultan HÜMBƏTOV
"Laçın yurdu" jurnalı - №3(6), 2012-cü il, səh.36

_______________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu