Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə


Tarix:16-07-2019, 23:21 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə XIX əsrin ikinci yarısında Qacarlar dövlətində, ümumilikdə Türk-İslam dünyasında yenilikçi və qeyri-dini fəlsəfənin təşəkkülünün öncüllərindən böyük filosof Cəmaləddin Məhəmməd Seyid Səfdər oğlu Əsədabadi Əfqani (1836/38-1897) Həmədanın Əsədabad kəndində anadan olmuşdur. Ancaq o, təhsilini Kabildə almış doğma türk dili (Azərbaycan) ilə yanaşı ərəb və fars dillərini də mükəmməl öyrənmişdir. Kabil mədrəsələrində təhsil aldıqdan sonra Böyük Britaniyanın müstəmləkəsi olan Hindistana gedən Əfqani burada imperializm siyasətinə qarşı mücadiləyə başlamışdır. Hindistanda bir müddət qaldıqdan sonra Məkkəyə gedib Həcc mərasimini yerinə yetirən Əfqani çox keçmədən Əfqanıstanda vəzir vəzifəsinə qədər yüksəlmişdir. Bu vəzifədə çox qalmayan Əfqani 1870-ci ildə Osmanlının paytaxtı İstanbul şəhərinə gəlmiş, burada Böyük Maarif Məclisinə və Elm Cəmiyyətinə üzv seçilmiş, İstanbul Darülfünunda dərs vermişdir.

Ancaq bir müddət sonra o, Osmanlı şeyxülislamının və digər din xadimlərinin təzyiqləri nəticəsində İstanbulu tərk edib Qahirədə yaşamağa davam etmişdir. Qahirədə Misir müftisi ilə bərabər İslam dünyasında islahatlar aparmaq istəyən Əfqaninin bu mücadiləsi, xüsusilə Müsəlman Qardaşları hərəkatının nüvəsini qoymağa başlaması Böyük Britaniyanı ciddi şəkildə rahatsız etmiş, bunun da nəticəsində 1879-cu ildə o, Hindistana sürgün edilmişdir. Daha sonra ABŞ və Fransaya da səyahət edən Əfqani 1884-cü ildə Qacarlar dövləti, xüsusilə də Nəsirəddin şah Qacar tərəfindən Tehrana dəvət edilmişdir. Ancaq Tehranda şah hökumətlə anlaşa bilməyən Əfqani Qacarları tərk edərək çar Rusiyasına və Avropaya səfər etmişdir. 1889-cu ildə yenidən Tehrana dəvət edilən Əfqani burada iki il dərs vermişdir ki, ancaq 1891-ci ildə Talbot imtiyazına qarşı çıxdığına görə, bu dəfə də Qacarları tərk etməli olmuşdur. 1892-ci ildə Osmanlı sultanı 2-ci Əbdülhəmid xanın dəvəti üzrə İstanbula gələn Əfqani, 1896-cı ildə Nəsrəddin şaha qarşı həyata keçirilən sui-qəsdin təşkilatçılarından biri kimi həbs edilmiş və 1897-ci ildə də zindanda dünyasını dəyişmişdir.

Əfqanin dünyagörüşü çoxaspektli olduğuna görə, biz onu iki istiqamətdə: 1) dini-fəlsəfi görüşləri, 2) siyasi-fəlsəfi görüşləri, qruplaşdırmağı məqsədə uyğun hesab etdik.
Dini-fəlsəfi görüşləri. O, elmi-fəlsəfi yaradıcılığında ilk növbədə İslam dininin mütərəqqi mahiyyətinin ortaya çıxarılması məsələsinə xüsusi önəm vermiş, yeni dövrdə modern islamçılığın təməlini qoymuşdur. İslamçılığın siyasi-fəlsəfi təlim kimi müasir konsepsiyasını yaradan C.Əfqani deyirdi ki, nəhəng bir vücud olan İslam dünyası başını İstanbulda yerə qoyub, qolları isə Quzey Afrika, Krım və Orenburq üzərindən Çinə uzadıb, ayaqları isə bütün Qərbi Asiya boyunca dolaşır. Böyük coğrafi əraziyə yayılan müsəlmanların xilas yolu İslam dinini düzgün mənimsəmək və əməl etməklə yanaşı, mədəniyyətlərinə sahib çıxmaq, həmçinin milli varlıqlarını qoruyub saxlamaqdır. Bu anlamda Əfqani İslam dünyasının inkişafını müsəlmanların şüurlu şəkildə milliyyətlərini tanımalarında və tərəqqidə görmüşdü.

Azərbaycan Türk mütəfəkkirlərindən Əhməd Ağaoğlu yazırdı ki, İslamın və Quranın özündə «İttihadi-islam»ın inkişafı üçün əlverişli zəmin olmasına baxmayaraq, o yalnız Cəmaləddin Əfqaninin ideyaları sayəsində meydana çıxmışdı. Çünki Əfqani müsəlman xalqlarını ilkin İslama qayıtmağa, ləyaqətsiz hökmdarlara qarşı açıq mübarizəyə qoşulmağa çağırmışdı. Eyni zamanda o, ikiüzlü ruhaniləri amansızcasına tənqid edir, onların «boş dialektika və sxolastikasını» məsxərəyə qoyur, riyakarlıq¬lar¬ına və həyasızlıqlarına gülürdü. O, öz mühakimə və mülahizələrini Qurandan gətirilən iqtibaslarla, müsəlman tarixinə aid misallarla əsaslandırırdı. Onun bütün gücü də məhz belə «uyğunlaşmaq» bacarığında idi. Əfqaninin bu ideyalarını müsbət dəyərləndirən Ə.Ağaoğlu yazırdı ki, Şərqdə nümunəvi ictimai xadim olan bu şəxs, eyni zamanda özünün gələcək davamçılarının fəaliyyəti üçün proqram tərtib etmiş və bu davamçıların inkişaf etdirməli olduqları ideyaları göstərmişdir.

Doğrudan da, Əfqani yeni dövrdə İslam dininin mahiyyətinin yenidən təfsirində və aydınlaşdırlmasında əvəzsiz xidmətlər göstərmişdir. Orta əsrlərin ilk çağlarında ərəblərin, farsların, türklərin və başqalarının həyatına daxil olan İslam dininin bu millətlərin taleyində mühüm rol oynadığını irəli sürən Əfqani yazırdı ki, bu din heç vaxt onu qəbul etmiş millətlərin tərəqqisinə əngəl olmamışdır. Sadəcə olaraq, zaman-zaman despotizm islamı dinini dünyəvi elmlərə qarşı qoymuş və İslamla dünyəvi ideyalar arasında ziddiyyət yaratmışdır. İslam dininə olunmuş əlavələrin müsəlman xalqlarının probleminə çevrildiyini görən Əfqanin fikrincə, bundan çıxış yolu həm İslam dinində islahatlar aparmaq, həm də milli dəyərləri inkişaf etdirməkdir. «Dini hərəkatda məqsədimiz İslam dinini islah etmək olduğu məlumdur. Dini islahın mənası Rəsulallah gətirməyən bir şeyi dinə artırmaq, yainki islam qaydalarını batırmaq deyil, bəlkə Rəsulallah gətirmiş dinə sonradan və sonrakı adamlar tərəfindən əlavə olunan şeyləri götürüb də dini əsri-səadətdəki rövşənə salmaq deməkdir. Bunu isə çətin yollar ilə deyil, bəlkə vəz, nəsihət, mətbuat ilə ümumi müsəlmanlara anladıb islam əmrlərini də mənasız şeylərdə deyil, bəlkə din və dünya üçün lazım olacaq və istiqballarında fayda görüləcək şeylərlə etmək gərəkdir».

C.Əfqani “Dəhriyyuna rəddiyə (Naturalizmin tənqidi)” əsərində də açıq şəkildə göstərirdi ki, insanlığın çıxış yolu maddiçilikdə-materializmdə deyil, mənəviyyatda-idealizmdədir. Bu anlamda bütün səmavi dinlər insanlar üçün yeganə xoşbəxtlik vasitəsidir, müsəlmanlara görə də bu İslam dinidir. Onun fikrincə, din insanın ağlına üç inanc, yəni birincisi, insanın, özunü yer üzünuü sultanı və yaradılmışların ən dəyərlisi, ləyaqətlisi olmasını təsdiqləməsi; ikincisi, bir dinə inanan toplumun özünü ən xeyirli ümmət hesab etməsi və imansızlardan, xususən də doğru yoldan uzaqlaşanlardan üstun olmasına inanması; ücüncüsu – insanın bu dunyada ancaq mükəmməllik səviyyəsinə yetmək üçün yaradıldığını bilməsi, eyni zamanda ruhuna da üç məziyyət, yəni həya duyğusu, əmanət və doğruluq vermişdir ki, bütün bunlar birlikdə xoşbəxtliyin altı inanc və əxlaq prinsipləridir.

Əfqaniyə görə, özünü Yer üzündə yaradılmış canlılar arasında ən dəyərlisi hesab edən insan bu inanc sayəsində xeyli dərəcədə heyvanlara və digər canlılara bənzəməkdən xilas olmuşdur: “İnanc sistemi bu keyfiyyətilə düşüncəni inkişafetdirici, ağlı fəallaşdırıcı, nəfsi təmizləyici, cirkin movqe və davranışlardan qoruyucu bir rol oynar”. Digər tərəfdən, müəyyən bir dinə tapınaraq onu ən doğru din hesab edən insanın sonunda da bu dünyada mükəmməllik səviyyəsinə çatmaq üçün yaradıldığını, kamilliyə çatması əvəzində də daha ali bir aləmə göç edəcəyini düşünməsi, onu digər pisliklərdən, yəni oğruluqdan, haramdan, zinadan, rüşvətdən və sairədən uzaq tutmağa kökləmişdir. Üstəlik, bu üç inanc prinsipləri ilə yanaşı, insanın məziyyətinə aid olan həya duyğusu, əmanət və doğruluq da, dinin ona aşıladığı mühüm keyfiyyətlərdir. Belə ki, utanma ya da həya duyğusu insanda həyasızlığın qarşısını aldığı kimi, əmanət də insanlar arasında qarşılıqlı etibarın, inamın əsasıdır və doğruluq isə, insanı yalandan uzaqlaşdırır cəmiyyətdə, ailədə həmrəyliyin güclənməsinə səbəb olur.

Əfqaniyə görə, bu altı inanc və əxlaq prinsipi səmavi dinlərin əsas mahiyyətini təşkil edir ki, hər hansı toplum bunlara əməl etməyəndə mənəviyyatsızlığa düçar olur. Onun fikrincə, bütün bu müsbət keyfiyyətlərin hamısı İslam dinində vardır, sadəcə yenidən bu keyfiyyətləri müsəlmanlara aşılamaq lazımdır. Çünki İslam birliyinin varlığı və ortaya çıxması məhz bunlarla bağlıdır. Ona görə, İslamın əsas kitabı Quran da tamamilə azadlıq, bərabərlik və ədalət prinsipinə əsaslanır, bütün müsəlmanları tərəqqiyə çağırır. Bu anlamda Quranın mahiyyətini düzgün başa düşmək və ona əməl etmək İslam dünyasının nicat yoludur.

O xüsusilə də, “Təfsirçinin təfsiri” məqaləsində İslamın əsil mahiyyətinin hansı anlamda təfsir edilməsinin prinsiplərini ətraflı olaraq şərh etməyə çalışmışdır. Əfqaniyə görə, müsəlman xalqları ilk növbədə, təhsil məsələsinə ciddi yanaşmalıdır, çünki hər hansı toplumun dini nə dərəcədə başa düşmələrinin başlanğıcı elm və təhsildir. Onun fikrincə, heç bir bəşər övladı, hətta ən vəhşi insan belə, təhsildən tamamilə təcrid olunmadığı halda, hazırda müsəlmanların çoxunun təhsilsiz olması onların əsas problemidir. Əfqani yazırdı: “Dünyaya göz açdığı vaxt¬dan insanın mövcudluğu təhsil olmadan mümkün deyil. Əgər insanın təhsilsiz mövcud ola biləcəyini qəbul etsək belə, bu halda onun həyatı heyvanların həyatından daha iyrənc və rəzil olar. Təhsil, istər bitkilər, hey¬van¬lar, istərsə də insanlarla əlaqədar olsun, təbiətlə mübarizəyə və onu ram etməyə xidmət edir. Təhsil əgər yaxşıdırsa, naqisliyi kamilliyə, nanəcibliyi nəcibliyə çe¬vi¬rir. Təhsil yaxşı olmadıqda isə təbiətin ümumi durumuna təsir edir, tənəzzül və düşkünlüyə səbəb olur. Bunu kənd təsərrüfatı və heyvandarlıq mü¬tə¬xə¬s¬sislərinin, müəllimlərin, mülki idarəçilərin və dini rəhbərlərin nümunəsində ay¬dın müşahidə edə bilərik. Ümumiyyətlə, yaxşı təhsil xəlq olunmuş bu üç aləm [insanlar, heyvanlar və bitkilər] üçün bütün kamillik və gözəlliklərin əsas səbəbidir. Pis təhsil isə bütün qüsur və bədbəxtliklərin mənbəyidir”.

1) Əfqaniyə görə dərk etmək lazımdır ki, əgər bir toplumun bütün təbəqə və sinifləri münasibətlərin təbii qanunları ilə uzlaşan gözəl təhsilə yiyələnərsə, bu toplum çiçəklənəcək və tərəqqi edəcəkdir. Deməli, müsəlman xalqlarının təhsilin vacibliyini dərk etmələri, eyni zamanda onların mövhumat, xurafat və avamlıqdan uzaq durmaları deməkdir. Çünki bir toplum təhsillidirsə, o zaman həmin xalqın dini, milli və dünyəvi dəyərlərə münasibəti də harmoniya içindədir. O yazır: “Belə toplumda hər bir sinif və qrup dərəcə və təbəqəsinə müvafiq olaraq özünə uy¬ğun kamilliklərə yiyələnməyə can atacaq və buna nail olacaqdır. Bu top¬lum¬dakı siniflər təbəqələrinə uyğun olaraq daim bir-birləri ilə harmoniyada və təmkinli münasibətdə olacaqlar. Bu isə o deməkdir ki, belə toplumda mü¬kəm¬məl təhsili sayəsində böyük rəhbərlər formalaşdığı kimi, çox gözəl filo¬sof¬lar, erudisiyalı alimlər, təcrübəli sənətkarlar, bacarıqlı kənd təsərrüfatçıları, varlı tacirlər və digər sənət sahibləri meydana gələcəklər. Əgər yaxşı təh¬sil sayəsində bu toplumun rəhbərləri digərlərinin rəhbərlərindən öz üs¬tünlükləri ilə seçilirlərsə, əminliklə demək olar ki, burada bütün təbəqələr di¬gər ölkələrin müvafiq təbəqələrindən üstündürlər. Belə ki, hər hansı bir təbəqənin tam, hərtərəfli tərəqqisi digər təbəqələrin tərəqqisinə bağlıdır. Bu, ümumi qayda, təbiətin qanunu və ilahi iradədir”.

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU),
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"