Qarabag Media
Haqqımızda Əlaqə

Nəvələrin qaxıncı


Tarix:10-07-2019, 15:59 Kateqoriya:Manşet / Yazarlar

Nəvələrin qaxıncı

Azər Qaraçənli

Bu gün şər törədən adamların törəmələri – övladları, nəvələri, nəslinin davamçıları sabah buna görə (ata-babalarının hərəkətinə görə) xəcalət çəkə bilərlər. Şər törədən adamların yerinə onların törəmələri xəcalət çəkə bilər. Yaxşı əməl sahibinin törəməsi bundan qürur duyduğu kimi pis əməl sahibinin törəməsi də bundan utana bilər. Yaxşı əməlin sahibi öz törəmələrinə onunla öyünmək imkanı verdiyi kimi pis əməlin sahibi də öz törəmələrinə üz qaralığı qoyub gedir.

Şər atanlar, üzə duranlar, adamları günahsız yerə həbsxanaya salanlar, adamlara işgəncə verənlər – nəslinizin vicdanlı adamlarına ağır yük qoyub gedirsiz! Övladlar valideynlərin günahına görə cavabdeh deyillər, amma övladlar valideynlərinin günahından utana bilərlər. Bu, hüquqi cavabdehlik deyil, bu, mənəvi, psixoloji bir vəziyyətdi ki, insanlar onu ata-babalarına görə cavabdeh olmaya-olmaya da duya bilərlər.

Elə bilməyin dünya elə belə qalacaq. Baxın görün ata-babalarımız hansı dövrdə yaşayıb, biz hansı dövrdə yaşayırıq. Mənim atamın yaşadığı dövrlə mənim yaşadığım dövr arasında yerlə göy qədər fərq var. Mənim atam anadan olanda İkinci Dünya müharibəsi başlanmışdı. SSRİ vardı, Stalin hakimiyyətdəydi. Atamın gəncliyi dövründə Xruşşov hakimiyyətdəydi. Sonra Brejnev dövrü oldu. Bir müddət başqaları da hakimiyyətdə oldular, sonra Qorbaçov hakimiyyəti başladı, SSRİ dağıldı, Azərbaycan dövlət müstəqilliyini bərpa elədi. İndi təsəvvür eləyin Brejnev dövrüdü, kimsə mənim atama deyir əməllərinə fikir ver, dünya belə qalmayacaq, dünya dəyişəcək, elə elə ki, övladların sənin bugünkü əməllərindən xəcalət çəkməsinlər. Görün indidən baxanda Brejnev dövrü bizə nə qədər uzaq görünür. Görün bir atayla bir övladın arasında dünya nə qədər dəyişib. Bax, sizinlə övladlarınız, nəvələriniz arasında da dünya bu qədər dəyişəcək. Bundan qat-qat çox dəyişəcək.

Mənim atamın babası SSRİ-dən qabağı da görüb, SSRİ-nin qurulduğu dövrdə də yaşayıb. SSRİ dağılandasa mənim atam yaşayırdı. Görün bir babayla nəvə arasında nələr baş verib – SSRİ boyda dəhşətli imperiya yaranıb da, dağılıb da. Elə bilirsiz sizinlə nəvələriniz arasındakı tarix bundan çox balaca olacaq? Yox, sizinlə nəvələriniz arasında da olduqca mühüm tarixi hadisələr baş verəcək, dünya dəyişəcək.

Düşünürsüzmü ki, sabah kimsə sizin övladlarınıza, nəvələrinizə deyəcək ki, sənin atan, yaxud baban mənim atamı, yaxud babamı şərləyib tutdurub? Yaxud onun haqqında filan böhtanı yazıb. Fikirləşirsizmi ki, sabah sizin övladlarınız, nəvələriniz parlayanda bu gün zülm elədiyiniz adamların övladları, nəvələri sizin əməllərinizi onlara baş qaxıncı eləyəcək? Yoxsa fikirləşirsiz ki, nəvə-nəticələriniz deyəcək biz babamıza görə cavabdeh ola bilmərik? Bunumu fikirləşirsiz? Düz fikirləşirsiz, onlar belə deyəcək. Amma daha siz nə babasız ki, nəvələriniz sizdən imtina eləməklə xoşbəxt ola bilsin!

İnsanın öz ata-babasıyla öyünə bilməsi balaca xoşbəxtlik deyil, bu, böyük xoşbəxtlikdi. Öz qismətinizə belə xoşbəxtlik düşməyibsə, heç olmasa övladlarınıza belə bir xoşbəxtliyi qismət eləyin.

Bəyəm övladları xoşbəxt eləmək ataların əsas borclarından biri deyilmi? Qoy hamı barmaqla göstərib desin: bu, filankəsin oğlu, filankəsin nəvəsidi. Barmaqla göstərməyin, əlbəttə, iki mənası var. İkinci mənada da barmaqla göstərə bilərlər…

Açırsan televiziyanı, radionu, qəzetləri, saytları, görürsən kimsə kiminsə haqqında çox pis böhtan danışır, yazır. Bunu danışan, yazan adamların çoxu valideyndi, valideyn olmayanların da çoxu valideyn olacaq. Bəs bu adamlar düşünmürmü ki, böhtan atdıqları adamlar o danışıqları, yazıları saxlaya bilərlər. Sabah həmin adamların nəvələri o süjetləri, yazıları onların nəvələrinə qaxınc eləyə bilərlər. Bunu düşünmürmü böhtan atanlar?!

Necə ki siz ata-babanıza atılan böhtanı o böhtanı atanların nəvə-nəticəsinə qaxınc eləyə bilərsiz (bəlkə eləmisiz də!), o cür də sizin atdığınız böhtan nəvə-nəticənizin başına qaxınc ola bilər.

Özü də yaddan çıxarmayın ki, bir nəslin çoxlu törəməsi olur. Söhbət tək ondan getmir ki, sabah kimsə deyə bilər sənin atan, baban mənim atama, babama böhtan atıb. Kimsə də deyə bilər sənin baban mənim anamın əmisinə böhtan atıb. Yaxud atamın dayısına böhtan atıb. Babamın qardaşına böhtan atıb. Yəni nəsil geniş anlayışdı və bugünkü böhtana sabah o nəsildən onlarla, bəlkə də yüzlərlə adamdan reaksiya ola bilər. Hərdən jurnalist bir tarixi şəxsiyyət haqqında araşdırma hazırlayanda görürsən ki, onun bacısı nəvəsini, yaxud qardaşı qızının dayısı oğlunu danışdırır. Çünki bunların hamısı nəsildi. Ona görə bugünkü böhtanlara da sabah kiminsə bacısı nəvəsindən, qardaşı qızının dayısı oğlundan reaksiya gələ bilər.

1937-ci ilin repressiyalarında şərlənib güllələnən adamların nəsliylə onları şərləyib tutduran adamların nəsli arasında sonradan qohum olanlar, qız alıb-qız verənlər də olub. Belə qohumlardan mən də tanıyıram. Eşitmişəm onlardan birinin qapısında gəlinlərdən birinə “qanlı qızı” deyirlər. Eşitdiyimə görə, bunu həmişə zarafatla, gülə-gülə deyirlər, yəni olan olub, keçən keçib. Amma deyirlər, yəqin ona görə ki, deməyə bilmirlər. Hətta öz evlərinə gəlin gətirdikləri adama da deməyə bilmirlər…

Stalin repressiyası çoxdan geridə qalıb, SSRİ o gəlinin bəlkə yaşından da qabaq dağılıb. Amma qanlılıq qalıb – hətta zarafatda da olsa qalıb.

Heyf, Azərbaycan min bir qan bahasına müstəqil dövlətini bərpa elədi, ancaq bu müstəqillik dövrünün də qanlıları ortaya çıxdı. Hələ yenə də çıxır. Özü də daha çox. Çünki il ildən pis gəlir, şər-böhtanın sayı aybaay, az qala günbəgün artır. Bir yaralı ölkədə nə qədər şər-böhtançı, nə qədər zülmkar olarmış… Arzu eləyirəm onların da nəslinin davamçıları arasında qohum olanları olsa, bunu zarafata salsınlar. Bəs qohum olmasalar necə?.. Allah göstərməsin!

23 sentyabr 2014-cü il

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”